Vasitə məqsədi doğrultmayanda
- 25 Oktyabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Fridrix Şillerin “Qaçaqlar” dramı haqqında
Fəxri Uğurlu
Klassik alman ədəbiyyatının iki zirvəsindən biri sayılan Şiller yaradıcılığa erkən başlamışdı. Qırx altı ildən də az çəkən ömründə onun qələmindən ondan çox dram əsəri, çoxlu şeir, məqalə, məktub çıxmışdı. Şillerin “Sevinc odası”na Bethovenin bəstələdiyi musiqi (“Qəhrəmanlıq simfoniyası” adıyla tanınan məşhur doqquzuncu simfoniyanın bir parçası) bu gün Avropa Birliyinin himnidir. Bu fakt Şiller yaradıcılığının həm Avropa xalqları, həm də bütövlükdə bəşəriyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərən əlamətlərdən yalnız biridir.
Hələ Ştutqart hərbi akademiyasının tibb fakültəsində oxuduğu vaxt gənc şair ömrünü ədəbiyyata, teatra həsr eləmək qərarına gəlmişdi. Ona böyük ad-san qazandıran “Qaçaqlar” əsərini də elə tələbəlik illərində yazmağa başlamışdı. Akademiyanı bitirəndən bir il sonra – 1781-ci ildə iyirmi iki yaşlı dramaturq ona çox da uzaq olmayan gələcəkdə dünya şöhrəti gətirəsi pyesi üzərində işini tamamladı. Tezliklə məlum oldu ki, yerli naşirlər mərd, xeyirxah qaçaqdan bəhs eləyən, dövrün reallıqlarına uyğun (həmin dövrdə üç yüzdən çox xırda dövlətin ərazilərinə dağılmış Almaniya torpaqları həqiqətən də feodal əsarətindən, aclıqdan, yoxsulluqdan qaçıb çöllərə düşən qaçaq-quldur dəstələriylə doluydu) əsəri işıq üzünə çıxarmağa hazır deyillər. Bu səbəbdən müəllif “Qaçaqlar”ı öz hesabına çap elətməyə məcbur oldu.
1782-ci ilin 13 yanvarında pyes Manheym şəhərində ilk dəfə səhnəyə çıxarıldı. İctimaiyyət tamaşanı böyük rəğbətlə, heyranlıqla qarşıladı, teatr aləminə yeni bir Şekspirin gəldiyi sənət xiridarlarına əyan oldu. İndi, üstündən iki əsr yarımlıq bir zaman keçəndən sonra cəsarətlə deyə bilərik ki, Fridrix Şiller klassik Avropanın Şekspirdən sonra ən böyük, həm də ən məşhur dramaturqudur.
Dahilərin ömür yolu heç vaxt hamar olmayıb. “Qaçaqlar”ın tamaşasına baxmaqdan ötrü qulluq elədiyi hərbi hissədən özbaşına ayrılan gənc dramaturq əsgəri nizamnaməni pozduğuna görə on dörd gün zindanda yatmışdı. Zalım hersoqun əmriylə ona tibbi əsərlərdən başqa nəsə yazmaq qadağan olunmuşdu. Bundan sonra Şiller musiqiçi dostuyla birgə qonşu hersoqluğun ərazisinə qaçmışdı. Bu qaçış əslində onu zorla boynuna qoyulmuş məsləkdən uzaqlaşdıran, onu gerçək təyinatına doğru aparan bir ziyarət, özgələrdən özünə qaçış, eşikdən evə qayıdış idi.
***
“Qaçaqlar” dramı beş pərdədən ibarətdir. Hər pərdə də özlüyündə səhnələrə bölünür.
Birinci pərdə qraf fon Moorun qəsrində açılır. Qoca qraf kiçik oğlu Fransla böyük oğlu Karldan danışır. Leypsiqdən bir vəkilin göndərdiyi məktubda deyilir ki, tələbə Karl universitetin başını buraxıb avaraçılığa qurşanıb, qumarda böyük məbləğdə pul uduzub, bir bankir qızının namusuna toxunub, qızın nişanlısını öldürüb, sonra da dostlarıyla birgə harasa qaçmaqla ədalət məhkəməsindən yayınıb. Artıq onun başına pul qoyulub.
Ağır xəbər qoca atanın belini qırır. Frans təkidlə tələb eləyir ki, atası Karlı oğulluqdan çıxarsın. Dövrün qanunlarına görə, atanın bütün mülkü böyük oğluna çatır, qalan övladlarına mirasdan heç nə düşmür. Məhz bu səbəbdən Frans Karlı vərəsəlikdən məhrum eləməyə, ata mülkünə yiyələnməyə çalışır. Di gəl, qoca qraf böyük oğluna çox bağlıdır, Karla sərt cəza verməyə ürəyi gəlmir. Bununla belə ona hədə dolu məktub yazmağa razılıq verir: əgər Karl doğru yola qayıtmasa, qraf ondan üz döndərəcək. Frans atasını inandırır ki, bu məzmunda məktub yazmaq ona çətin olacaq, əgər atası rüsxət versə, qardaşına məktubu Frans özü yazar. Qoca qraf gedəndən sonra kiçik qardaş “Leypsiqdən gələn” məktubu cırıb atır ki, xəttini tanıyan olmasın. Buradan məktubun saxta olduğu üzə çıxır.
Frans Moorun bu səhnədəki monoloqu onu çox dəqiq xarakterizə eləyir:
“Mənim təbiətdən narazı olmağa ixtiyarım var. Namusuma and olsun, mən bu ixtiyardan sona qədər istifadə eləyəcəyəm. Axı niyə ana bətnindən işıqlı dünyaya birinci mən çıxmadım? Axı niyə mən tək oğul olmadım? Niyə təbiət məni bunca eybəcər yaratdı? Elə bil mən təbiətin müflis vaxtına düşmüşəm. Bu lapland burnu, bu zənci dodaqları, bu qottentoq gözləri niyə elə mənə qismət olub? Elə bil təbiət bütün irqlərdən artıq qalmış iyrənc tikə-parçaları bir yerə yığıb qarışdırıb, məni belə xəmirdən yoğurub. Lənət, min lənət! Nə haqla yaramaz təbiət bütün nemətlərini ona verib, məni isə hər şeydən məhrum eləyib? İnsan hələ doğulmamışdan təbiətdə özünə rəğbət oyada bilərmi? Ya dünyaya gəlməmişdən təbiəti incitmək mümkündürmü? Yox, yox, mən öz şikayətimdə ədalətsizəm. Təbiət bizi miskin, çılpaq halda sonsuz həyat dənizinin sahilinə atanda bizə ağıl verib. Üzə bilən üzsün, kim acizsə, boğulsun! Həyat dənizinə atılandan mən təbiətdən bir kömək görməmişəm, nə qazancım olacaqsa, öz qolumun gücünə qazanacağam. Aza da, çoxa da hamının haqqı bərabərdir. Bu dünyada tələb tələblə, arzu arzuyla, qüdrət qüdrətlə toqquşub vuruşur. Haqq qələbə çalanındır, qanunsa bizdən ötrü qüvvələrimizin hüdudundan başqa bir şey deyil.
Doğrudur, dünyanın nəbzini işlətmək üçün insanların uydurduğu, guya hamının qəbul elədiyi anlayışlar var. Məsələn, təmiz ad. Bu, elə qiymətli bir sikkədir ki, yaxşı alver eləyənə böyük qazanc gətirə bilər. Vicdan dedikləri sərçələri gilənar ağacından qovmaq üçün bir uyuq, yaxud müflisləri bəladan qurtarmaq üçün ustalıqla düzəldilmiş vekseldən başqa bir şey deyil.
Söz yox, bunlar tərifə layiq məfhumlardır. Özü də ancaq axmaqları aldatmaq, qara təpik altında saxlamaq, ağıllıların isə əl-qolunu açmaq üçün lazımdır. Onlar mənə bizim kəndlinin öz bostanına çəkdiyi çəpəri xatırladır. Kəndli bostanı çəpərləyir ki, Allah eləməmiş, birdən içəri dovşan keçər. Bu yandan da ağa atını mahmızlaya-mahmızlaya düz əkinin ortasından ötüb keçir. Yazıq dovşan! Bu dünyada dovşan olmaq miskin taleyin yiyəsi olmaq deməkdir. Fəqət dünyada dovşan da lazımdır. Ağaya lazımdır…”
Çox uzaq olmayan gələcəkdə Balzakın iblisanə qəhrəmanları, insan talelərini ayaqlarının altına sərən amansız fövqəlinsanları da eynən belə danışacaqlar. Ardını dinləyək:
“Xülasə, bütün çəpərlərin üstündən cəsarətlə tullanmaq gərəkdir! Heç nədən qorxmayan adam – hamının qorxduğu adamdan az güclü deyil. İndi toqqalı şalvar geymək dəbdədir. İstədiyin vaxt toqqanı boşalda da bilərsən, bərkidə də. Biz vicdanı da dəbə görə təzə çeşnidə tikdiririk ki, kefimiz istəyəndə onu daraldıb-genəldə bilək… Bu qan bağı, doğmalıq istəyi haqqında da mən o qədər yalan-palan eşitmişəm ki, onları namuslu axmaqlardan biri eşitsəydi, başı pozulardı. Deyirlər ki, bax bu, sənin qardaşındır. Yəni o da sən çıxan sobadan çıxıb, buna görə də sənin üçün müqəddəs olmalıdır. Bu müqayisəyə, bu mülahizəyə fikir verin. Bədənlərin qonşuluğundan, ruhların ahəngindən, bətnin birliyindən guya ümumi duyğular, eyni süddən guya eyni meyillər yaranırmış. Ya da deyirlər ki, bax bu, sənin atandır, səni bu dünyaya o gətirib. Sən onun belindən gəlmisən, buna görə də o sənin üçün müqəddəs olmalıdır. Bu da çox qəribə mülahizədir. Soruşuram, o məni nədən ötrü bu dünyaya gətirib? Bunu ki məni çox istədiyindən eləməyib, axı mən onda hələ yox idim. Məgər o məni əkib-becərməmişdənmi tanıyırdı? Ya məni indi olduğum kimi düzəltmək istəyirdi? Olmaya mənim necə olacağımı bildiyi üçün məhz məni yaratmaq istəyirmiş?..”
Üstündən bir əsr ötməmiş Dostoyevskinin qatilləri də öz müdhiş əməllərinə bəraət qazandırmaq üçün buna bənzər metafizik tutalğalardan yapışacaqlar. Göründüyü kimi, Frans Moorun arqumentləri İsa Məsihin buyruqlarına, xristianlığın ehkamlarına daban-dabana ziddir. O, tezliklə qanlı cinayət piramidasını göylərə qaldırmaq üçün özünə ideoloji bünövrə hazırlayır, inanmadığı Allahı, inandığı təbiəti ədalətsiz davranmaqda suçlayır, ondan payını, qismətini əsirgəmiş taleyini qarğıyır, yerə də, göyə də meydan oxuyur, hədə-qorxu, təpməcə gəlir. Bu fikirlərlə yaşayan kəs əlinə fürsət düşən kimi qanlı tirana, amansız müstəbidə çevrilməlidir.
***
İndi görək böyük qardaş nə düşünür.
Birinci pərdənin ikinci səhnəsi Saksoniya sərhədindəki bir meyxanada vaqe olur. Leypsiq universitetinin dərsdən yayınan tələbələri adətən bu məkana toplaşırlar. Karl Moor kitab oxuyur, sonra kitabı büküb sözə başlayır:
“Antik qəhrəmanlar haqqında Plutarxın yazdıqlarını oxuyanda mən bu istedadsız cızmaqaraçılar əsrinə nifrət eləyirəm… Prometeyin göylərdən gətirdiyi parlaq qığılcım sönüb. Onun əvəzinə indi plaun tozundan, teatrlarda işlənən bu oddan istifadə eləyirlər, halbuki bu yalançı odla bir çubuq belə yandırmaq mümkün deyil. Adamlar başını itirib, siçanlar Herkulesin çomağında qaçışan kimi onlar da o yan-bu yana qaçıb vurnuxur, bu pəhləvanın hansı toxumdan yarandığını, hansı şirəylə bəsləndiyini öyrənmək üçün baş sındırırlar. Axmaq fransız keşişi deyir ki, böyük İsgəndər aciz bir qorxaq imiş. Kəlməbaşı naşatır iyləyən vərəmli professor qüvvət, qüdrət haqqında mühazirə oxuyur. Uşaq-muşaq Hannibalın taktikasını tənqidə qalxır…
Döyüş meydanında tər tökən ərlər! İndi sizə gimnaziyalar məskən olub, tənbəl məktəblilər sizin ölməz əməllərinizi bir yük kimi çantalarında gəzdirirlər. Budur sizin mükafatınız! Nürnberq alverçiləri sizə qoğal büküb satırlar, bəxtiniz gətirəndə isə fransız dramaturqları sizi səhnəyə çıxarıb kukla kimi oynadırlar. Budur axıtdığınız qanların, aldığınız yaraların mükafatı!
Bu aciz xadimlər əsrini görüm lənətə gəlsin! O, keçmiş dövrlərin rəşadətini çeynəməkdən, qədim qəhrəmanlar haqqında naqqallıq eləməkdən, tragediyalar quraşdırmaqdan başqa heç nəyə qadir deyil. Onun beli gücdən düşüb, toxumu kəsilib. İndiki adamları pivə mayasıyla mayalayırlar…
Onlar çirkin qayda-qanunlar uydurur, min bir şərtə boyun əyməklə öz təbiətlərini zorlayırlar. Bir qədəh şərabı əsə-əsə içirlər: görəsən bu sağlığa içsəm, necə olar, xatası çıxmaz ki? İşləri düşəndə lakeyə belə yaltaqlanırlar – yeri gələndə saqqal tərpədə bilər, ancaq fağırları, yoxsulları ayaqlayıb keçirlər, çünki onlardan qorxmur, bir xeyir gözləmirlər. Ləzzətli bir nahar verəndə bir-birinin tərifini göylərə qaldırırlar, di gəl, bir həsir üstündə bir-birinə qənim kəsilirlər. Kilsəyə az gedənləri kafir adlandırırlar, özləri isə mehrab önündə sələmlərini hesablayırlar. Diz çökəndə ibadətə yox, paltarlarının yaraşığına, oxunan dualara yox, dua oxuyanın parikindəki qıvrımlara fikir verirlər. Qaz başı kəsiləndə özlərindən gedirlər, rəqibləri birjada müflis olanda isə əl çalıb sevinirlər…
Mənmi öz bədənimi məngənəyə salmalı, iradəmi qanunlarla zəncirləməliyəm? Qanun qartal qanadıyla uça bilənləri belə ilbiz kimi sürünməyə məcbur eləyir. Qanun bir nəfər də olsun böyük insan yetirməyib, böyük ehtiraslar, nəhəng təbiətlər yalnız azadlıqdan doğur. Müstəbidin qarnına girəndən sonra onlar onun mədəsinin şıltaqlarını yerinə yetirir, onun yelində boğulurlar. Ah, əgər Hermanın böyük ruhu külə dönmüş xarabalıqlar içindən qalxıb alovlana bilsəydi!.. Mənə özüm kimi qoçaqlardan ibarət bir ordu verin, Almaniyadan elə bir respublika yaradım ki, Roma da, Sparta da onun yanında qadın monastırına bənzəsin”.
Göründüyü kimi, Karl Moor antik dövrün ideallarıyla yaşayır, ancaq qədim filosofların, alimlərin yox, antik sərkərdələrin idealları, qədim hökmdarların cəngavərlik arzuları, imperatorların cahangirlik xülyalarıyla. Onun Almaniyada qurmaq istədiyi respublika da maarifçi mütəfəkkirlərin, xalq hakimiyyəti ideyası müəlliflərinin arzuladığı cümhuriyyət yox, bir zaman Kromvelin İngiltərədə qurduğu sayaq respublika maskalı diktatura, bir az da uzağa gedə bilsə, işğalçı imperiya ola bilər.
***
Meyxanada olduğu vaxt qardaşının qoca qrafın adından göndərdiyi namə Karla yetişir. Bundan əvvəl Karl atasına yazdığı məktubda səhvlərini səmimi şəkildə boynuna almış, indən belə özünü ləyaqətlə aparacağına söz vermişdi. İndisə Frans yazır ki, ataları Karlı lənətləyib, əgər qardaşı qəsrə qayıtsa, qollarına zəncir vurulub zirzəmiyə atılacaq. Karl bu xəbərdən bərk sarsılır; o gözləyirdi ki, atası sevimli oğluna tələfxərcliyini, ərköyünlüyünü bağışlayıb ona yenidən xərclik göndərəcək, nəticə isə gözlədiyinin tam tərsinə olur. Bəs indi neyləməli?
Dostlardan biri təklif eləyir ki, Bohemiya meşələrinə çəkilib qaçaqlığa başlasınlar, zadəganları, tacirləri, varlı yolçuları soyub-talamaqla özlərinə gün ağlasınlar. Hamı bu təklifə həvəslə razılaşır, ancaq onlara bir rəhbər, bir başbilən gərəkdir. Dostlar Karl Mooru yekdilliklə qaçaq-quldur dəstəsinin atamanı seçirlər. Karl öz vəzifəsinə sadiq qalacağına, dostlarını heç vaxt bada verməyəcəyinə and içir. Öz növbələrində dəstə üzvləri də ona sədaqət andı içirlər.
***
Frans Moor qardaşını atasının gözündən salmaqla kifayətlənmir, adaxlısı Amaliyanı da ondan soyutmağa, iyrəndirməyə çalışır. Məqsədi bu yolla qızı ələ keçirməkdir. Frans deyir ki, Karl Amaliyanın ona yadigar verdiyi almaz qaşlı üzüyü xidməthaqqı yerinə bir fahişəyə bağışlayıb. Ancaq qızın saf qəlbi xain qardaşın hiyləsini duyur, Amaliya Fransı sərt bir tövrlə rədd eləyir.
Fəqət Frans məkrli əməllərindən bir addım belə geri çəkilmir. Təkcə qardaşı yox, atası da tikanlı kol kimi onun sərvətə, hakimiyyətə gedən yolunun üstündə bitib. Qardaşını sıradan çıxarandan sonra onun başlıca məqsədi qoca atasını yolundan qıraq eləməkdir. İblisdən dərs almış Frans niyyətinə çatmaq üçün taxt-tac uğrunda atasının, qardaşının, hətta övladının qanına əl bulayan sultanlar, krallar qədər amansız, onlar qədər qətiyyətlidir. Qoca qrafın qətlində barmaq izi qoymasın deyə müxənnət oğul Herman adlı qeyri-qanuni mülkədar balasını prosesə qoşur, atasının yaralı qəlbini yüksək dozalı dərdlə partlatmağı qərara alır. Hermanın da Amaliyada gözü var, Frans yalandan boyun olur ki, özü qraf olandan sonra Amaliyanı ona verəcək, Herman da bu ümidlə sui-qəsddə iştiraka razılaşır.
Qiyafəsini dəyişən bic mülkədar oğlu qoca qrafın hüzurunda özünü Karlı tanıyan adam kimi qələmə verir. Fransın öyrətməsiylə qraf fon Moora böyük oğlunun Praqa civarındakı döyüşdə həlak olduğunu xəbərləyir. Qoca qraf Karlın ölümündə özünü günahkar bilir, ancaq Fransın üzündəki sevinc sayrışmalarını görəndə fəlakət qasırğasının hayandan əsdiyini anlamağa başlayır. Qraf dərdin ağırlığına dözməyib Amaliyanın qolları üstündə huşunu itirir, Frans atasını öldü bilib dəfninə hazırlıq görür.
***
Bu əsnada qaçaq-quldur dəstəsinin başçısı Karl fon Moor Bohemiya meşələrində at oynadır, varlıların sərvətini talayıb yoxsullara paylayır. Allahsız dünyadan, ədalətsiz quruluşdan, harınlamış dövlətlilərdən öc almağı qarşısına məqsəd qoyan bəyzadə öz ailəsinə, silkinə, dininə, dövlətinə qarşı çıxan anarxist kimi davranır, ard-arda vurduğu ağır zərbələrlə köhnə dünyanın dayaqlarını sarsıdır. Qisas onun əsas hərəkətverici qüvvəsi, başlıca prinsipidir. Əslində, Karlın mübarizəsi konkret bir şəxsdən, quruluşdan, dindən, dövlətdən də çox bütün bəla qaynaqlarının ümumiləşdirilmiş adı-ünvanı olan fələyin çarxına, zamanın gərdişinə qarşıdır.
Fəqət dəstə üzvləri ataman kimi ədalətli, səxavətli deyillər. Varlılar, mülkədarlar bir yana qalsın, onlar hətta qadın monastırını talamaqla, rahibələri zorlamaqla öyünürlər. Ələ keçmiş bir qaçağı dara çəkilməkdən qurtarmaq üçün Karl Moor dəstəsiylə şəhərə hücum çəkir, əvvəlcədən söz verdiyi kimi, evlərə, küçələrə od vurur. Nəticədə dəstə üzvü dardan qurtulsa da, əksəri qadın, uşaq, xəstə, qoca olan səksən nəfəri qisas alovu diri-diri yandırır. Hətta qaçaqlardan biri üşüyən uşağı isinsin deyə oda atdığını yoldaşlarına gülə-gülə söyləyir. Ataman qəzəblənib onu yanından qovur.
Qaçaq yoldaşını ölümdən qurtarmağın ona çox baha başa gəldiyini anlayan Karl vicdan əzabı çəkir. Eynən Bohemiya qoşunu onları meşədə mühasirəyə alanda da qaçaqlar vur-tut bir itki verməklə üç yüz əsgəri qətlə yetirirlər. Bəlli olur ki, Karl Moorun öz məqsədinə çatmaq üçün alət kimi yararlanmağa çalışdığı qaçaqlar artıq çoxdan əldə qəfil açılan təhlükəli silaha, ramolunmaz başıpozuq dəstəyə çevriliblər. Artıq ataman onları yox, onlar atamanı idarə eləyirlər. Karlın idealları onlara yad-yabançıdır, onları var-dövlət hərisliyi, bundan da betəri – öldürmək ehtirası hərəkətə gətirir.
***
Karl ölümlə çilik-ağac oynamaqdaykən qardaşı Frans ata mülkünə yiyələnib. Di gəl, müxənnət qardaş nə xoşbəxtlik, nə rahatlıq, nə dinclik tapıb. Amaliyanı da heç cür ələ keçirə bilmir, atasının çörəyilə böyümüş yetim qızı zorla özünə arvad, bu da alınmazsa kəniz eləməyə cəhd göstərir (Amaliya gözü qızmış Fransa cehiz qismində yağlı bir şillə çəkir), heç biri baş tutmayanda qızı monastıra göndərməklə hədələyir. Amaliya isə buna şaddır – həm eybəcər məxluqun arvadı olmaq işgəncəsindən qurtulacaq, həm də monastırda dinclik tapıb Karlın xatirəsiylə baş-başa qalacaq.
Fransın ona kələk gəldiyini anlayan Herman Amaliya ilə söhbətdə dəhşətli sirrin üstünü açır: qoca qraf da, Karl da sağdır. Bu etiraf Amaliyanın qəsrdən qaçmaq planını pozur. Karl Moor başqa ad altında ata yurduna qayıdır. Amaliya ilə söhbətdən sonra Karl qızın öz andına sadiq qaldığını, “ölmüş” sevgilisinin xatirəsini hələ də əziz tutduğunu görür. Doğma evində ailənin böyük oğlunu heç kəs tanımasa da, şəkkak Frans daim oyaq şübhəsinin casusluğu sayəsində onun kimliyindən duyuq düşüb, qoca nökər Danielə qonağın başını əkməyi tapşırır. Nökər əlindəki çapıqdan Karlı tanıyır. Karl özünü dana bilmir, ancaq artıq qəsri biryolluq tərk eləməlidir. Bundan əvvəl o, Amaliyaya bir də baş çəkir.
Qəsrdən çıxan Karl Moor qaranlıqda qüllədən səs eşidir. Sən demə, qoca qraf Hermanın gətirdiyi yalan xəbərdən ölməyibmiş, sadəcə bayılıb, sonradan tabutda ayılıbmış. Bunu bilən Frans onu qülləyə atdırıb aclıqdan, soyuqdan ölməyə məhkum eləyir. Bu müddətdə sağ qalmağının səbəbi də Hermanın gizli-gizli qocaya yemək aparmasıymış. Atasının başına açılan oyundan xəbər tutanda Karl artıq dözə bilmir, öz əlaltılarına qəsrə soxulub qardaşını onun hüzuruna gətirməyi əmr eləyir.
***
Qoca nökər Daniel gecə vaxtı şələ-küləsini yığıb, bütün şüurlu ömrünü keçirdiyi qəsrdən həmişəlik ayrılmağa hazırlaşır. Bu vaxt Frans hövlnak özünü yetirib onu keşiş dalınca göndərir. Gənc qraf yuxusunu qarışdırıb, yuxuda ona məhşər əzabı əyan olub. Bu zamanacan Allaha, dinə istehzayla yanaşan Fransın indi Tanrı müdaxiləsinə, keşiş yardımına ehtiyacı yaranıb. Pastor ona ata, qardaş qətlinin ən ağır günahlar olduğunu deyəndə Frans başa düşür ki, ruhu cəhənnəmlikdir. Karlın qaçaqları qəsrə od vursalar da, Fransı sağ ələ keçirə bilmirlər – o özünü nazik qatmayla boğur.
Qaçaqlara qoşulub meşəyə gedən Amaliya adaxlısı Karla sarılanda qraf fon Moor sevimli oğlunun quldur dəstəsinin başçısı olduğunu anlayır. Qoca qraf buna dözməyib canını tapşırır. Amaliya isə sevgilisinin yedəyində hər yola getməyə hazırdır, fəqət Karlın qaçaqlarla əhd-peymanı var, cinayət aləminin qanunlarına görə, o, andını poza bilməz. Amaliya xoşbəxtliyinin baş tutmayacağını anlayanda Karldan ölüm istəyir. Karl xəncəri sevgilisinin köksünə saplayır, bununla da öz ölümünə cığır açmış olur.
Qaçaqlar onu yola davam eləməyə səsləsələr də, Karl Moor nifrət bəslədiyi başıpozuq kütlədən ayrılmaq qərarına gəlir. Yoldaşları onu sərsəmlikdə, şan-şöhrət divanəsi olmaqda suçlayırlar. O isə bağışlanmaz günahlarını ömrü çatdığı qədər suya çəkmək fikrindədir. İntihar çıxış yolu, həm də məqbul yol deyil – günahı günahla yumazlar. Onun başına böyük məbləğdə pul qoyulub, həmin pul onun yerini deyənə, onu təhvil verənə çatacaq. Daxmasında on bir tifil bəsləyən yoxsul muzdura bu, çox böyük kömək olacaq…
***
Karl Moor ədalət sorağına çıxan anarxist, həyata yeni nırx qoymağa çalışan qəhrəmanlıq təşnəsi, şücaət xəstəsidir. Onun faciəsi bundadır ki, qəlbinin saf diləklərini qol gücünə gerçəkləşdirmək istəyir, ona görə də yaxşı məqsədlə tutduğu əməllər cinayətə çevrilir, xoş niyyətlə atdığı addımlar qana bulaşır. Başqa sözlə, Karl Moorun seçdiyi vasitə onun ülvi arzularını, ali məqsədlərini doğrultmur, onlara uyğun gəlmir. Nəticədə sosial təhlükəyə, ictimai bəlaya müqavimət göstərən xilaskar güc özü ən böyük təhlükəyə çevrilir, bir günahkarı qurtarmaq üçün səksən günahsız insanı bada verirsən. Mənəviyyatın pozulmaz qızıl qanunlarından biri bu zaman bir daha təsdiqini tapır: qanı qanla yumaq, şəri şərlə sağaltmaq mümkün deyil. Ədalətə cinayət yoluyla çatılmaz, həqiqətə yalan dəlillərlə yetişilməz:
“Eşidin məni, mənim yırtıcı niyyətlərimin xəbis icraçıları! Bu andan etibarən mən sizə ataman deyiləm. Həya, qorxu içində mən bu qanlı tacı başımdan atıram. Bu günəcən mənim hökmümə boyun əyib cinayət toxumu səpmisiniz, şər əməllər törətməklə xaliqin evini viran qoymusunuz, üstəlik, bu işlərdə özünüzü haqlı bilmisiniz…
Mən axmaq dünyanı cinayətlə islah eləmək, qanunsuzluqla qanun yaratmaq xülyasında olmuşam. Elə bilmişəm qisas bayrağı, ədalət qılıncı qaldırıram. Əslində isə Tanrı iradəsinə qarşı çıxmışam… Rəhm elə, xudaya, sənin divanından əvvəl divan qurmaq istəyən bu tifilə rəhmin gəlsin! Divan da sənindir, qisas da! Sən insan gücünə möhtac deyilsən”.
Karl əgər antik çağın despotlarını, tiranlarını, cəlladlarını yox, müdriklərini, filosoflarını örnək götürmüş olsaydı, ondan yaxşı bir epikürçü, ya da stoik çıxardı. Onda onun anarxizmi bəhrə vermiş olardı, çün zahirən epikürçülərlə stoiklər bir-birinə düşmən olsalar da, hər ikisi asketizm məktəbi, hər iki tərəf tənhalığıyla kütləyə meydan oxuyan, səsini götürüb xordan çıxan anarxistlər ordusudur.
Axır-axırda Karl Moor qədim stoiklərin toplaşdığı məşhur limana yan almış kimi görünür, hərçənd xristian ehkamlarının içində böyümüş biritək stoisizmin zəruri halda məqbul saydığı intihardan vaz keçir. Ancaq onun özünü yoxsul muzdurun əliylə ədalət divanına təhvil verməsinin özü də bir intihardır. Onu edam eləyəcəklər; yox, əgər könüllü təslim olduğuna, ləyaqət nümunəsi göstərdiyinə görə aman, möhlət versələr, zindana atmaqla kifayətlənsələr, həbsdən çıxandan sonra Karl mütləq monastıra çəkiləcək, güclə, silahla, qoşunla çata bilmədiyi diləyinə orada əliyalın yetişəcək. Zatən tənhalıq cəngavəri rahib özü də dünyanın oturuşmuş nizamını pozan bir anarxistdir.
O ki qaldı Frans Moora, onun öz taleyi yoxdur; o zavallı bu həyata qardaşının kölgəsi kimi, həm də ondan azacıq sonra gəlib. Ona artıq adam da demək olar. Onun gözü özgəsinin qabında, özgə çəpərinin o üzündədir. Frans əgər özüylə əlləşib öz baxtının sorağına çıxsaydı, qardaşının qabından oğurlamağa çalışdığı təamlardan qat-qat ləziz nemətlər də tapa bilərdi. Ancaq müəllif ona heç bir şans, qismət verməyib, təpədən-dırnağa şeytana mübtəla olmuş bu fiqurun ruhu yoxdur, sadəcə, quru, yalın, köksüz-köməcsiz ağlı, soyuq, qansız məntiqi var. Bu ağıldan gələcəkdə Dostoyevskinin əxlaqi ehkamları, mənəvi qanunları şübhə altına alan rasional qəhrəmanlarına da pay düşəcək.
Həm də təkcə Dostoyevskinin yox. Çağdaş dünyanın mənzərəsinə diqqətlə göz yetirsək, görərik ki, Şillerin yaratdığı tiplər bu gün də aktualdır.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər