Tanrının qoşduğu Yusif dastanı
- 04 Sentyabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Tomas Mannın “İosiflə qardaşları” roman-tetralogiyası haqqında
Fəxri Uğurlu
Bu mövzuda böyük bir əsər yazmağı hələ on doqquzuncu əsrin əvvəllərində dahi alman şairi, Tomas Mannın kumiri İohan Volfqanq Höte arzulayırdı. Memuarlarında dediyinə görə, belə parlaq dini rəvayətə Əhdi-Ətiqdə çox yığcam yer verilməsi özü də din içində din bəsləmiş Höteni məyus eləyər, onda Yusif peyğəmbər qissəsinin görünməyən tərəflərini qələmə almaq istəyi yaradarmış. Ancaq nədənsə tarixin ən böyük üç almanından birinə bu arzu müyəssər olmayıb. Gözəl İosif öz tərcümeyi-halının bütün təfərrüatıyla yazılmasını daha yüz il gözləyəsi olub.
Romanın ideyası müəllifin ağlına 1926-cı ildə Münhendə gəlmişdi. Tövratın “Varlıq” adlı ilk bölümündə yer almış dastanı bir daha gözdən keçirən Tomas Mann qəlbində həmin dastanda nağıl olunan əhvalatları daha geniş, daha yerli-yataqlı danışmaq arzusunun baş qaldırdığını hiss eləmişdi. Əsərin ilk iki hissəsi elə orada qələmə alınmışdı. 1933-cü ildə faşistlər hakimiyyətə yiyələnəndən sonra ölkədən çıxmağa məcbur qalan yazıçı romanın əlyazmasını özüylə apara bilməmişdi, bu işin öhdəsindən canını riskə atmaq hesabına onun böyük qızı gəlmişdi. Üçüncü kitab İsveçrədə, dördüncü kitabsa Amerikada yazılmışdı. Bu minvalla yazıçı romanı yalnız 1943-cü ildə, yazmağa başladığından azı on yeddi il sonra tamamlamışdı.
Tomas Mannın Qərb modernizminin bayraqdarlarından olduğunu bilən nabələd oxucu bu romanda modern Avropa nəsrinə xas dekadentizm, demonizm, postmodern ironiya, dekonstruksiya, nihilizm, pessimizm, nə bilim, daha nələr, nələr… axtara bilər. Zəhmət çəkib axtarmasın, tapmayacaq. Müəllif bu əsərdə vur-tut qədim dini rəvayəti, mistik dastanı çağdaş ədəbi alətlərin köməyilə, modernist üslubda yenidən yazıb, yəni Bibliya mətninin ruhunu müasir metodla təzədən vücuda gətirib. Adama elə gəlir, bu kitabı üç min beş yüz il bundan qabaq yaşamış salnaməçi, kahin, yaxud peyğəmbər qələmə alıb, o dövrün ictimai, iqtisadi, məişət gerçəkliklərini olduğu kimi yazıya köçürüb, sonradan bu kitab ölü dildən diri dilə çevrilib. Nəticədə qədim əcdadların həyatını dəqiq təsvir eləyən modern üslublu realist əsər alınıb.
Beləcə, təxminən iyirmi-otuz səhifəlik Tövrat rəvayəti həcmi iki min səhifəyə yaxın nəhəng romana qədər böyüyüb genişlənib. Bir proloq, dörd bölümdən ibarət bu romanı janr baxımından roman-tetralogiya (dördlük) da adlandıranlar var, roman-epopeya da. Elə bunu demək yetər ki, əsərin təkcə proloqunun həcmi əlli səhifədən çoxdur.
***
Nobel mükafatını iyirmi beş yaşında tamamladığı “Buddenbroklar” romanına görə alsa da, bu əsər onun yaradıcılığının erkən (özünün dediyi kimi, həm də keçilmiş – “sosial-kritik”) mərhələsi sayılır. Yetkin Tomas Mann ən çox fəlsəfi romanlarıyla tanınır. Bəzi mütəxəssislər 1924-cü ildə yazdığı “Sehirli dağ” romanını, bəziləri də 1947-ci ildə (yenə Hötedən bəhrələnməklə) qələmə aldığı “Doktor Faustus” romanını onun şah əsəri hesab eləyir. Yazıçı özü isə “İosiflə qardaşları” tetralogiyasını özünün ən yaxşı əsəri sayırdı. Romanın intellektual bünövrəsi, müəllifin dini-konfessional, mifik-fəlsəfi, tarixi-etnoqrafik bazasının dərinliyi, genişliyi insanda heyrət doğurur. Bəllidir ki, Tomas Mann Yaxın Şərqin, Misirin qədim tarixiylə lap uşaqlığından maraqlanıb, əsəri yazmaq ərəfəsində yəhudi həyat yoldaşıyla birgə qəhrəmanlarının bir zamanlar gəzdiyi torpaqları ziyarətə gedib.
Xristianların İosif, müsəlmanların Yusif adlandırdığı yəhudi peyğəmbərinin qissəsi yüz illər boyu həm Qərbdə, həm də Şərqdə dillər əzbəri olub. Dastanın müsəlman versiyası yəhudi-xristian variantından azacıq fərqlənsə də, mahiyyətcə çox seçilmir. Hər iki sivilizasiyada İosif gözəllik, düzgünlük, sədaqət rəmzi sayılıb. Müsəlman dünyasında bu peyğəmbər haqqında rəvayətin nə qədər populyar olduğunu vurğulamaq üçün Quranın “Yusif” surəsini, Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poemasını, İran kinematoqrafçılarının çəkdiyi “Yusif” serialını yada salmaq kifayətdir. Göründüyü kimi, Tomas Mannın girişdiyi mövzu yüz illərin də yox, min illərin sınağından keçib. Müsəlman ləhcəsiylə desək, Yaqubun oğlu, İshaqın nəvəsi, İbrahimin nəticəsi olan yəhudi peyğəmbərinin doğum-ölüm tarixləri dəqiq bilinməsə də, pravoslav-xristian ənənəsinə görə, onun miladdan təxminən on səkkiz əsr öncə yaşadığı güman olunur. Bu hesabla Yusifi bizdən az qala dörd min illik bir zaman uçurumu ayırır.
“İosiflə qardaşları” romanına müəllifinin yaşadığı dövrə, nəfəs aldığı mühitə tamam yad-yabançı olan qatı humanizm, sarsılmaz bir optimizm xasdır. Avropada, Uzaq Şərqdə faşizmin tüğyan elədiyi, sivilizasiyanın göbəyində repressiyaların, savaşların insanı qarışqa yerinə qoymadığı zamanda tarixə, gələcəyə bunca nikbin baxmaq üçün yazıçının heç bir şərin kirlədə bilməyəcəyi saf əqidəsi, haqqa, ədalətə, ilahi qanunların təntənəsinə şübhədən arınmış sabit inamı, öz tanrısına, həqiqətinə sözsüz-sovsuz tapınan dəmir iradəsi olmalıdır. Tomas Mann bu dəyərlərin daşıyıcısı olduğunu təkcə bədii yaradıcılığıyla yox, İkinci Dünya müharibəsinin şıdırğı vaxtlarında soydaşlarına ünvanladığı çıxışları, ictimai fəaliyyətiylə də sübuta yetirmişdi. Bu, həmin dövr idi ki, şərə qarşı vuruşub-vuruşmadığından asılı olmayaraq Avropa şairlərinin, yazıçılarının, filosoflarının mütləq əksəriyyətinin ürəyindən də, qələmindən də qara qanlar axırdı, beş-on fikir adamını çıxmaq şərtiylə heç kimsənin Allaha, insana, gələcəyə ümidi qalmamışdı.
***
Romanın qəhrəmanı İosifin həyatı əvvəlcə Misir fironu III Amenxotepin, sonra da onun oğlu, tarixdə Exnaton adıyla tanınmış IV Amenxotepin hakimiyyətdə olduğu illərə – təqribən miladdan öncə on dördüncü yüzilliyə düşür. Göründüyü kimi, müəllif personajlarının yaşını pravoslav kilsəsinin güman (həm də qəbul) elədiyi dövrdən dörd əsr bəri çəkməklə onları dörd yüz il cavanlaşdırıb.
Əsər “Cəhənnəmə eniş” adlı on fəsillik proloqla başlayır. Bu giriş ayrılıqda dini-fəlsəfi-tarixi traktat da sayıla bilər. Proloqda müəllif həyatın, insanın, dünyanın mənşəyi haqqında mülahizələr irəli sürür, keçmiş, gələcək, əbədiyyətlə bağlı düşüncələrə dalır, insan ruhunun Tanrıyla münasibətini araşdırır. Xatırlayırsınızsa, belə dini-fəlsəfi ricətlərə Hüqonun, Tolstoyun, Dostoyevskinin romanlarında da rast gəlmişdik. Tomas Mann mahiyyətcə peyğəmbər xislətli, mistik təfəkkürlü bu böyük missionerlərin iyirminci əsrdə yazıb-yaratmış davamçısıdır; ya da belə deyək: tək-tək davamçılarından biridir.
Ümumiyyətlə, aşağı-yuxarı yaşdaşı olan bir sıra dünya şöhrətli modernist yazıçı kimi Tomas Mannın da fəlsəfi romanlarında (o cümlədən tetralogiyasında) traktat (eləcə də poeziya) elementləri bəs deyincədir. Həm o səbəbdən, həm də üslubunun mürəkkəbliyi üzündən bu romanları oxumaq elə də asan deyil. “İosiflə qardaşları”nın da proloqunda bəlkə yüzlərlə xüsusi isim, yüzlərlə ad (yer adları, şəxs adları, tarixi, mifik adlar, göy cisimlərinin, bürclərin, tanrıların adları…) çəkilir – gəl bunların hamısını yaddaşında saxla görüm, necə saxlayırsan. Yadda saxlamaq bir yana, mətləbi qanmaq üçün bu adların hər birinin daşıdığı mənadan xəbərdar olmalısan, ya da oxu prosesində onların mənasını axtarıb tapmalısan. Odur ki, girişdəki on fəsli oxuyub başa vurmaq oxucudan səbir, hünər istəyir.
Proloqun ardınca romanın hissələri gəlir:
1. İakovun keçmişi;
2. Gənc İosif;
3. İosif Misirdə;
4. Ruzi paylayan İosif.
Hər hissə yeddi bölməyə, hər bölmə də özlüyündə fəsillərə ayrılır. Hissələrlə yanaşı, hər bölmənin, hər fəslin də ayrıca adı var.
***
Əsərin təməlində, deyildiyi kimi, İsrail oğulları haqqında Tövrat rəvayətləri durur. Avraamın (İbrahim) oğlu İsaakın (bu, həmin İshaqdır ki, yəhudi-xristian ənənəsinə görə atası onu Allaha qurban kəsmək istəyirdi) arvadı Revekkadan bir cüt əkiz oğlu olur. Bunlardan birinci qıllı İsav dünyaya gəlir, ikinci gələn İakovunsa (Yaqub) bədənində tük bitmir. Anası onu böyük qardaşından çox istəyir. İsaak qocalıb gözləri tutulanda bol süfrə açdırır, böyük oğlunu hüzuruna çağırdır ki, ona varisi kimi xeyir-dua versin. Ancaq Revekka oyun qurur, İakovun bədəninin açıq yerlərini qıllı keçi dərisinə büküb onu İsav adıyla atasının yanına göndərir. Hiylədən duyuq düşməyən qoca İsaak İsav yerinə İakova xeyir-dua verir.
Bundan sonra İakov qaçmağa məcbur olur. İsavın oğlu onun izinə düşüb əmisini yaxalayanda İakov canını qurtarmaq üçün ona yalvarır. Qardaşoğlu əmisini bağışlasa da, onun çəkidə yüngül, vəzndə ağır nəyi varsa, tutub əlindən alır. On yeddi gün yol gedəndən sonra İakov Harran deyilən yerə, dayısı Lavanın yurduna çatır. Burada qaldığı müddətdə o, dayısının kiçik qızı Rahilə aşiq olur. Ancaq Lavan şərt kəsir ki, yeddi il ona qulluq eləməmiş qızını İakova verməyəcək. Yeddi il İakov dayısının mal-davarını otarır, ona sədaqətlə xidmət göstərir, üstəlik, Lavanın torpağında su qaynağı tapır ki, bu da həmin torpaqda bərəkətli bağ-bağat salınmasına imkan yaradır. İntəhası, Lavan əvvəlcə böyük qızı Liyanı ərə vermək istəyir, onu İakova təklif eləyəndə bacısı oğlu bu təklifi kəskin etirazla qarşılayır, əsas da ona görə ki, Liya Rahil kimi göyçək olmur.
Yeddi ilin tamamında toy çalınır. Lavan kələk işlədib gecə gərdəyə Rahilin yerinə Liyanı salır. Səhər İakov dayısının hiyləsindən xəbər tutanda iş işdən keçmiş olur. Lavan onu yumşaltmaq üçün deyir ki, kiçik qızı Rahili də İakova verməyə razıdır, bir şərtlə ki, onun yanında qalıb bir yeddi il də dayısının qulluğunda dursun. İakov onun şərtinin qabağına şərt qoyur – sürülərini ayıracaqlar.
Liya dalbadal hər il İakova bir oğlan doğur, ancaq Rahil uşağa qalmır ki, qalmır. Belədə İakov Rahilin qaravaşı Vallanı özünə kəniz eləyir, iki oğul da ondan alır. Bir neçə il keçmiş Liya da doğuşdan kəsilir, ərinə təklif verir ki, qulluqçusu Zelfanı da kənizliyə götürsün. Beləcə, İakovun Zelfadan da iki oğlu dünyaya gəlir. Rahilinsə yalnız ərə getdiyinin on üçüncü ilində boyuna uşaq düşür, qadın İakovun on birinci oğlunu əzabla, müsibətlə dünyaya gətirir. Körpə İosif tezliklə atasının sevimlisinə çevrilir.
İakov mal-dövlətinə qayınlarının həsəd apardığını, dayısı oğlanlarının onun başını əkib sərvətinə yiyələnmək istədiklərini sezəndə bütün külfətini, sürülərini, evinin ağırlığını da götürüb oralardan geniyir. İakovun qəflə-qatırı yolda qardaşı İsavın dəstəsiylə rastlaşır. Əkiz qardaşlar mehriban görüşürlər, İsavın başında dörd yüz atlı olur, o, İakova bir yerdə məskunlaşmağı, birgə yaşamağı təklif eləyir, ancaq İakov razılaşmır, qardaşına bir az mal-davar bağışlayandan sonra ondan aralanır. Belə anlaşılır ki, İsav cəng, savaş yolu, İakovsa çobanlıq, çodarlıq yolu tutub, bu səbəbdən onlar bir yerdə yola gedə bilməzlər, hərəsinin öz missiyası var. Doğrudur, cəngavər də bir növ çobandır, qədim dünyada hökmdar, yəni baş cəngavər həm də baş çoban sayılırdı – xalq(lar)ı otaran çoban, Allahın çobanı. Ancaq İsavla İakovun yolu indi yox, gələcəkdə – İosifin timsalında kəsişəcək, hələ üstəlik, bu yola bir başqa yol – əkinçilik yolu da calanacaq…
***
Şekem adlı bir şəhərin civarında dayanan İakov burada çadırını başına atıb, sürülərini otarmaq üçün torpaq alır. Dörd ilin tamamında bir əsilzadə oğlu onun on üç yaşlı tək qızı Dinaya elçi düşür. İakov on böyük oğlunu başına toplayıb onlarla məsləhətləşir. Oğlanlar şərt qoyurlar ki, kürəkənliyə namizəd sünnət olunmalıdır. Bir həftədən sonra əsilzadə oğlu şərtə əməl elədiyini deyəndə qardaşlar bir ayrı bəhanə tapırlar: əməliyyat qayda-qanuna uyğun, düzgün icra olunmayıb. Heysiyyətinə toxunulan, əliboş qaytarılan elçilər dörd gündən sonra Dinanı qaçırırlar. Bəyin adamları qız atasının yanına barışığa (həm də başlıq ödəməyə) gələndə İakovun oğlanları onların qarşısına belə bir şərt qoyurlar: bu səfər şəhərin bütün kişiləri eyni zamanda sünnət olunmalıdırlar, özü də qardaşların dediyi vaxtda. Şərt yerinə yetiriləndə qardaşlar Şekemə hücum çəkib bacılarını geri alırlar. İakov bundan xəbər tutanda qəzəblənib ailəsini qan ocağından uzaqlaşdırır. Fəqət Dina artıq hamiləydi, uşaq dünyaya gələcək qardaşları körpəni məhv eləyirlər. Göründüyü kimi, İsrail övladları öz damarlarına yad qan buraxmaq istəmirlər.
Rahil də bu vədələr ağırayaq olur. Körpəsini səfər üstə dünyaya gətirən qadın onun üzünü görər-görməz dünyadan köçür. Atası kiçik oğluna Veniamin adı verir. Rahili yol qırağında basdırıb yola davam eləyirlər. İakovun Liyadan olan böyük oğlu Ruvim atasının kənizi Valla ilə zina eləyir. İosif bunu atasına xəbər verəndə İakov gözünün ilkini lənətləyir. Bundan sonra böyük qardaşı İosifə düşmən kəsilir.
On yeddi yaşına qədər İosif qardaşlarıyla mal-qoyun otarır, bununla yanaşı İakovun köləsi Yeliezerdən dərs alır, elm, bilik öyrənir. O, böyük qardaşlarından həm gözəl, yaraşıqlı, həm də ağıllı, savadlı olur, bu səbəbdən atası da ona xüsusi rəğbət bəsləyir. İosif yalnız özündən kiçik tək qardaşıyla, yəni doğma qardaşı Veniaminlə dostluq eləyir, onun qayğısına qalır, ögey qardaşlarınınsa səmimi nifrətini qazanır. İakov anasının toy fatasını ona bağışlayanda qardaşları bir az da qıcıqlanırlar. İosif tez-tez qəribə yuxular görür, yuxusuna girir ki, göydə günəş, ay, ulduzlar, yerdə də qardaşları, bütün nəsli ona sitayiş eləyir. Yuxularını danışdıqca qardaşlarının ona nifrəti kükrəyib daşır, onun hər sözü-hərəkəti on böyük qardaşında qıcıq doğurur. Yuxulardan biri qardaşları necə hiddətləndirirsə, İakov yuxunun “müəllifini” cəzalandırmağa məcbur qalır, bununla belə heysiyyəti zədələnmiş qardaşlar sürülərini çəkib Şekem vadisinə qədər uzaqlaşırlar.
***
Az sonra İakovun hirsi soyuyur, İosifi qardaşlarından xəbər tutmağa göndərir. İosif atasından xəbərsiz anasının fatasını da götürür ki, onunla qardaşlarına acıq-qıcıq versin. Onu alışıb-yanan fatada görəndə qardaşların səbri gerçəkdən tükənir, paxıllıq mərəzi onların başına vurur, İosifi didib parçalamaqdan özlərini güclə saxlayırlar. İş o yerə gəlib çatır ki, qardaşları əl-qolunu sarıyıb onu qurumuş su quyusuna atırlar, özləri də tez o yerdən uzaqlaşırlar ki, İosifin sümüyə işləyən fəryadını eşitməsinlər.
Üç gün sonra oradan keçən tacirlər İosifi quyudan çıxarırlar. Onlar yolda İosifin qardaşlarıyla rastlaşırlar. Qardaşlar İosifi özlərinin köləsi kimi qələmə verib deyirlər ki, onu ləyaqətsiz davrandığına görə cəzalandırıblar. Sonra İosifi sərfəli qiymətə tacirlərə satırlar. Ardınca da İosifin anasından qalma fatasını qoyun qanına bulayıb atalarına göndərirlər ki, bəs, atacan, sənin sevimli oğlunu səhrada vəhşilər yedi, onun üzünü bir daha görməyəcəksən. İakov elə bir dərdə düşür ki, ona toxtaqlıq verməyə gələn on oğlundan heç birinin üzünə baxa bilmir, hərçənd onların əməlindən hələ xəbəri yoxdur. İosifsə bu zaman taleyinin yedəyində yeni həyata doğru gedə-gedə onu satın almış sahibini kamalıyla necə heyrətləndirirsə, ağası onu Misirdə varlı-hallı bir əyanın evində qulluğa düzəldəcəyinə söz verir.
Tacir sözünün üstündə durur, Misirin paytaxtına çatanda İosifi Petepra adlı saraya yaxın dövlətli bir əyana satır. Nökər-naibin qısqanclığına baxmayaraq İosif Petepranın evində tezliklə hörmət qazanır, ağlı, savadı sayəsində işlər müdirinin yardımçısı vəzifəsinə, yaşlı müdir öləndən sonra isə onun yerinə təyin olunur. Burada o, tam yeddi il vicdanla, namusla xidmət göstərir – ta zənən məkrinə ilişənə, qadın felinə düşənə qədər yeddi il. Evin xanımı Mutem-enetin ağasına sədaqətli İosifi yatağına çəkmək planı baş tutmayanda qadın həm Şərqdə, həm də Qərbdə kişi gözəlliyinin rəmzi sayılan gənci şərləyir, İosifi özünə sataşmaqda, ona təcavüz eləməyə cəhd göstərməkdə suçlayır, ərini, ev əhlini, divan-dərəni inandırmaqdan ötrü yalançı sübutlar qondarır. Fəqət İosif ağasının qarşısında özünə bəraət qazandırmağa çalışmır da, qədərinə boyun əyib dinməzcə zindana getməyi üstün tutur.
***
Bir gün həmin zindana fironun çörəkçisiylə saqisi də salınır, onlar padşaha sui-qəsd hazırlamaqda ittiham olunurlar. Hökmün icrasına üç gün qalmış çörəkçi də, saqi də yuxu görür, hər ikisi İosifdən yuxusunu yozmağı iltimas eləyir. İosif onları dinləyəndən sonra deyir ki, çörəkçi edam olunacaq, amma saqi bağışlanacaq. Dediyi kimi də olur, saqi türmədən buraxılanda İosif ondan fironun yanında adını anmasını rica eləyir. Saqi söz versə də, azadlığa çıxandan sonra verdiyi vədi unudur. Tezliklə qoca padşah ölür, taxta onun oğlu Exnaton çıxır. Bir gün gənc firon yuxusunda yeddi kök, yeddi də arıq inək görür, saray əhli nə qədər baş sındırsa da, padşahın yuxusunu yoza bilmir. Yalnız bu vaxt İosif saqinin yadına düşür. Onu zindandan çıxarıb fironun hüzuruna gətirirlər. İosif deyir ki, qarşıda ölkəni yeddi bərəkətli il gözləyir, ancaq ondan sonrakı yeddi ildə quraqlıq, aclıq olacaq, ona görə də çətin keçəsi illərə bəri başdan hazırlıq görülməli, taxıl ehtiyatı toplanmalıdır. İosifin ağlı-kamalı, nitqi fironun xoşuna gəlir, padşah onu özünə vəzir götürür.
İosif yeni vəzifəsində etimadı tam doğruldur, torpaq islahatı aparır, əkinçiliyin inkişafını görünməmiş səviyyəyə qaldırır. Başqa sözlə, mal-davar içində böyümüş çoban oğlu təsərrüfatın daha təkmil mərhələsinə, tarixi inkişafın növbəti stadiyasına qədəm qoyur. Burada onun həyatı, varlığı tamam yeni məzmun qazanır. Dar qəbilə çərçivəsini aşan İosif misirli qızla evlənir (halbuki bacıları yad tayfanın oğluna ərə getdiyinə görə qardaşları nə hoqqalar çıxarmışdılar), ondan iki oğlu olur. Misirin əzizi, fironun sevimli vəziri çoxlu nökər-naibi olan abad evdə yaşayır. Xalq onun başına and içir. Aclıq illərində Misir dövləti qonşu ölkələrə, qövmlərə də çörək verir, bu hesaba dövlətin həm xəzinəsi dolur, həm də dost-düşmən yanında nüfuzu, etibarı artır.
Misirə azuqə dalınca gələn hər kəsi İosifin göstərişiylə qeydiyyata alırlar. O bilir ki, bir gün qardaşlarının da yolu buradan düşəcək. Quraqlığın ikinci ilində İakov gerçəkdən oğlanlarını zəhləsi gedən dövlətin ayağına göndərməyə məcbur olur. Həmin vaxta qədər o, övladlarının hamısını artıq evləndirmişdi, İsrail oğulları törəyib artıb yetmiş nəfərə çatmışdı, bu qədər adamı yedirib doyurmaq asan məsələ deyildi. Qoca İakov yalnız kiçik oğlu Veniamini yanında saxlayır, çünki İosifin də iyini ondan alır.
On qardaşı hüzuruna ayaq basanda İosif özünü ələ vermir, onları yerli-yataqlı sorğu-suala çəkir, bu yolla da ata yurdundakı vəziyyətdən xəbər tutur. Sonra onlardan birini girov saxlayıb qalanlarını əlidolu yola salır, tapşırır ki, növbəti səfərlərində kiçik qardaşlarını da gətirsinlər. Üstəlik, onların taxıl üçün ödədiyi pulu da gizlincə kisələrinə qoydurur.
***
Sonrakı gəlişlərində Veniamin də onlara yoldaşlıq eləyir. İosif qardaşlarını evində qonaqlayır, onları yaxşıca yedirib içirir, kiçik qardaşını dizinin dibində oturdub onu xısın-xısın söhbətə tutur, yalnız ikisinə bəlli olan məsələlərdən söz salır. Onda Veniamində şübhə yaranır ki, bu adam onun itkin qardaşı İosif ola bilər.
Nəhayət, İosif özünü qardaşlarına nişan verir, onları bir-bir bağrına basır, bununla da onu ölümcül döyüb quyuya sallayan, sonra da qul adına satan qardaşlarını bağışladığını göstərir. İosif İsrail oğullarını Misirin ucqar əyalətlərindən birinə köçürməyi qərara alır, elə bir yerə ki, onların sürüləri bərəkətli otlaqlarda yaxşıca bəslənə bilsin. Firon da dostunun bu qərarını alqışlayır, uzun illərin ayrılığından sonra doğmalarına qovuşmuş İosifin sevincinə ürəkdən şərik olur. Geri qayıdan qardaşlar bu xəbəri atalarına necə çatdırmalı olduqlarını düşünürlər. Evə çatana yaxın nəvələrindən birini öyrədib İakovun yanına göndərirlər ki, kişini xoş xəbərə hazırlasın.
Qoca İakov ölməmişdən əziz oğlunu görsün deyə Misirə doğru üz qoyur. Sərhədi adlayandan sonra düşərgə salıb oğlu İudanı İosifin dalınca göndərir. Çox keçməmiş həsrətlilər qovuşurlar. Firon İosifin qardaşlarını sürülərinə çoban təyin eləyir. Beləcə, İsrail oğulları, min bir zillətlə nəsil becərmiş İakovun törəməsi Misir torpağında məskən salır. İndən belə onların xoşbəxt günləri başlanır.
İakovun ölümündən sonra ögey qardaşları Veniamini İosifə minnətçi salıb, bir zaman törətdikləri alçaq əmələ görə bağışlanmalarını diləyirlər. Veniamin onların adından İosifə ağız açıb yalvarır ki, zalım qardaşlarına kin saxlamasın. İosif sevimli qardaşının diləyini təbəssümlə qarşılayır. Onlar atalarını dədə-babalarının gömüldüyü mağarada torpağa tapşırandan sonra Misirə qayıdırlar. Romanın son cümləsi belədir: “Bununla da Tanrının İosiflə qardaşları haqqında qoşduğu misilsiz dastan sona çatır”.
***
Tomas Mannın “İosiflə qardaşları” roman-tetralogiyası başdan-ayağa Tanrının sirli kombinasiyaları, insan-Allah münasibətləri haqqındadır. Müəllif Allahın planını ən incə detallarına qədər xırdalamaqla elə bil onun sirrinə vaqif olmağa, bu sirri açmağa çalışır. Yazıçının məntiqincə, insana Tanrı lazım olduğu kimi Tanrıya da insan lazımdır, çünki Tanrı yer üzündə öz planlarını insan vasitəsilə həyata keçirir. Allahla əlaqəyə girən, daha doğrusu, Allahın seçdiyi insan bu dünyada onun xəlifəsidir. Öz xəlifəsinin gözüylə özünə baxan Tanrıdan ötrü insan zəkası özünüdərk alətidir, Allah bu alətin köməyilə fasiləsiz təkamülə uğrayır. Yaradan insanı özünə bənzər, özünün surəti kimi yaradıb, öz növbəsində insan da Yaradanı öz ruhunun obrazı kimi qavrayır.
Burada yenə Hegellə Feyerbaxın başlıca konsepsiyaları arasında apardığımız müqayisə yada düşür: Hegel deyirdi ki, insan özgəsiləşmiş, özünə yadlaşmış Allahdır; Feyerbax isə deyirdi, əksinə, Allah özgəsiləşmiş, özünə yad olmuş insandır. Məncə, hər ikisi haqlıdır – əvvəl proses Hegelin dediyi istiqamətdə, yəni Allahın insanlaşması yönündə gedib, indisə Feyerbaxın göstərdiyi istiqamətdə, yəni insanın tanrılaşması yönündə gedir.
İosif Tanrının alətinə, Paskalın təbirincə desək, düşünən əsaya çevrilmək üçün çox da böyük hazırlıq, ya məktəb keçməyib. Allah onu bu dünyaya hazır gətirib, onlar ata-bala kimi iç-içə, bir-birindən ayrılmazdır. Tanrı ata övladının əlindən tutub onu diyar-diyar gəzdirir, onun timsalında öz qüdrətini, hikmətini sınaqdan keçirir. Bu yerdə sufilərin tez-tez istinad elədiyi bir hədis yadıma düşür: “Mən gizli bir xəzinəydim, özümü təsdiqlə(t)mək üçün aləmləri yaratdım”.
Əslində, yer üzündə həyatın təkamülü Yaradanın özünütəsdiq prosesidir, İosif kamilləşdikcə onun allahı da, Ramiz Rövşən demiş, bir boy ucalır (ucaldıqca yedəyindəki bəndəsini də ucaldır), bu isə o deməkdir ki, Tanrının özünün də təkmilləşməyə, saflaşmağa, materiyanın buxovlarından qurtulmağa ehtiyacı var; yəni kamilləşmə, Anri Berqsonun təbirincə desək, yaradıcı təkamül sonsuz prosesdir. Başqa sözlə, həyatın fasiləsiz yaranışı prosesində Tanrı mütləq qaranlıqdan mütləq işığa, xaosdan kosmosa, demonizmdən ilahiliyə doğru nəhəng bir inkişaf yolu keçir. Bu inkişaf mütləq şəkildə materiyanın ruha yenilməsiylə başa çatmalıdır.
***
Tomas Mannın yozumunda şəxsiyyətin strukturu modernistlər arasında dəbdə olan, bu cərəyanın yaranmasına həlledici təsir göstərmiş psixoanaliz təliminin atası Ziqmund Freydin sxemindən köklü şəkildə fərqlənir. Məncə, Mannın insan, varlıq konsepsiyasını Freydin yox, Karl Yunqun təliminə bir köynək yaxın saymaq olar. Bu ontoloji konsepsiyaya görə, varlıq üç komponentdən ibarətdir: materiya, can, bir də ruh. Can da materiya kimi varlığın təməlidir, onda həyat var, ancaq bilik yoxdur.
Hələ Allahın nəzdində, dinclik, xoşbəxtlik səltənətində olanda can formasız materiyaya qovuşmaq üçün ona doğru dartınıb, torpaqdan özünə qab düzəldib onu bəlli bir şəkilə salmaq, bədəni vasitəsilə cismani zövq almaq istəyib. Tanrı dərgahından enəndən sonra canın zövqü-səfası yox, əzabı, cəfası çoxalıb, çünki tərs materiya əzəli təbiətindən əl çəkib ona tabe olmaq, onun arzuladığı formanı almaq istəməyib, inadla cana müqavimət göstərib. Onda Tanrı işə qarışıb, yolunu azmış canın köməyinə gəlib. Tanrı dünyanı yaradıb, materiyanı saysız-hesabsız şəkillərə salıb, torpağa canın işinə yarayası, zövqünü oxşayası, onun artıb törəməsinə səbəb olası formalar verib.
Bundan sonra Tanrı öz varlığından, öz ilahi substansiyasından insana ruh göndərib ki, həmin ruh insanın mürgülü canını yuxudan oyatsın, canı qandırsın ki, bu dünya onun yeri deyil, canın həzzə can atmağı ən böyük günah olub, gördüyümüz bu dünya da həmin günahın nəticəsində yaranıb. Ruh materiyada dustaqlıq çəkən canı gecə-gündüz qəflətdən ayıltmağa çalışır, onu inandırmaq istəyir ki, əgər canın materiyaya əbləhcəsinə vurğunluğu olmasaydı, bu dünyanın yaranmağına da ehtiyac qalmazdı. Can bədəndən çıxan kimi formalar aləmi də dağılıb gedəcək. Ruhun əsas vəzifəsi canı ehtirasların əsirliyindən qurtarmaq, onu yenidən dinclik, xoşbəxtlik səltənətinə, Füzulinin diliylə desək, əzəli vətəninə, bəqa bəzminə qayıtmağa razı salmaqdır. Bu böyük qayıdış baş verəndən sonra fani dünyanın izi-tozu da qalmayacaq, materiya əvvəlki formasız halına dönəcək ki, onun da xoşbəxtliyi, məsudluğu bundadır.
Ruh bir növ Allahın elçisidir, onun təcəllasını biz peyğəmbərlərin, o cümlədən İosifin timsalında görürük. Yunqun təbiriylə desək, can insanın fərdi təhtəlşüurunun, ruh kollektiv şüursuzluğun obrazıdır. Ruhun missiyası yolunu azmış canları öz evlərinə – Tanrının dərgahına qaytarmaqdır. Canın materiya ilə nikahının pozulması təkcə onun özünün yox, materiyanın da azadlığa çıxması, ölümün də aradan qalxması deməkdir. Tomas Mannın baş qəhrəmanı məhz ruhun – Tanrı elçisinin, kollektiv təhtəlşüurun ifadəçisidir. “İosiflə qardaşları” romanı da ruhun ikili dünyadakı uğurlu missiyasına çəkilmiş parlaq, möhtəşəm bir illüstrasiyadır.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Çörəyi ver çörəkçiyə…
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Hansı qadın?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
Günəşin yandırdığı şam
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil
Kuklaxana
Kişi əmrinə möhtac kişi düşməni
Qadının kəşfi
Qürubqabağı sevgi
Gilənar qırğını
Tanrı sorağına çıxan bəndələr
Cəhənnəm – başqalarıdır
Stalinin bəyəndiyi antisovet əsər
Atalıq taxtından yıxılan kral
Öz budağından yıxılan ağac
Ata qətlinin sirri
İnsaf adam