Öz budağından yıxılan ağac
- 31 İyul 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Onore de Balzakın “Qorio ata” romanı haqqında
Fəxri Uğurlu
Ədəbi təsirlə ədəbi oğurluğu qarışdırmaq olmaz, hərçənd bunları bir-birindən ayırmaq elə də asan deyil. Məsələn, Onore de Balzakın “Qorio ata” romanının Şekspirin “Kral Lir” faciəsindən ilhamlandığına mənim şübhəm yoxdur, hər iki əsərdə insana xas ən ali duyğulardan sayılan nəsil instinktinin necə kor, necə amansız, necə tragik bir hiss olduğu göstərilir. Bəşəriyyəti bu günə gətirib çıxaran bunca möhtəşəm instinkt, atalıq duyğusu adını çəkdiyim əsərlərdə faktiki ifşa olunur.
“Təsir, yoxsa oğurluq?” adlı yazıdan
Şekspirin “Kral Lir” pyesiylə Balzakın “Qorio ata” romanı qardaş əsərlərdir. Hər ikisi övladlarından yarımayan atadan – öz budağından yıxılan ağacdan bəhs eləyir. Eynən Şekspir kimi Balzak da insan ehtiraslarının tüğyanını, vəhşi tamahın püskürtüsünü təsvir eləməyin böyük ustasıdır. Onun da qəhrəmanı od tutub yanan dünya həvəslərinin alovunda bişib kömürə çıxır, alışıb sonra da sönən arzuların tüstüsündə boğulur. Hər iki dahi bəşər övladına sahibinin içinə vəlvələ salan yırtıcı instinktlərin səsini batırmaqdan, öz yiyəsini kəsən ehtirasları korşaltmaqdan savayı dinclik, asudəlik, xoşbəxtlik yolu qoymur. Şekspir də, Balzak da insan nəslinin Lao Tszı, Budda, Demokrit, Epikür, Seneka kimi böyük müəllimləriylə bir mərtəbədə qərar tutmuş zahidlər, asketlər, sükunət carçılarıdır.
Doğrudur, Şekspirin tragediyasından fərqli olaraq Balzakın romanı yalnız ata-bala münasibətləri üstündə köklənməyib, burada süjetin şaxələnməsi, insan münasibətlərinin başqa müstəvilərdə, başqa xətlər üzrə gözdən keçirilməsi də var. Belə götürəndə Qorio ata heç romanın baş qəhrəmanı da sayılmalı deyil, bu postu olsa-olsa tələbə Ejen de Rastinyak tuta bilər, çünki bütün xətlər, süjetlər qoca Qorioda yox, gənc Ejendə kəsişir. Bununla belə, adından da göründüyü kimi, əsərin mərkəzində öz qızlarının divanəsi olan zavallı atanın faciəsi durur. Biz də romanı daha çox bu kontekstdə, Şekspir faciəsinin davamı, daha doğrusu, “Kral Lir” mövzusunun on doqquzuncu əsr reallıqları içində yeni zühuru kimi nəzərdən keçirməyə çalışacağıq.
***
Lir krallıq, cəngavərlik epoxasının, zadəganlıq əsrinin qəhrəmanı idisə, Qorio burjua dönəminin, qızılın qılıncı kəsdiyi, kapitalın taxt-taca dov gəldiyi dövrün maliyyə krallarındandır. O, Fransa burjua inqilabının tüğyan elədiyi, ölkədə qanın su yerinə axıdıldığı illərdə fürsəti fövtə verməyib buğda alverinə girişməklə, vermişel fabriki açmaqla böyük sərvət qazanıb.
Qızlarına nə qədər bağlı olsa da, kral Lir kimi onu da yaxşı adam, əxlaq, mənəviyyat örnəyi saymaq olmaz. Doğrudur, Qorio sərvətini pozğunluğa, əyyaşlığa, baş kəsdirib ev yıxmağa, ya özgə bir əxlaqsız yola xərcləməyib, tam tərsinə, canından artıq istədiyi qızlarına böyük məbləğdə cehiz verib – hərəsinə təqribən yarım milyon frankdan artıq. O dövr üçün bu, olduqca böyük məbləğdir. Özünə isə birtəhər keçinmək üçün cüzi məbləğ saxlayıb. Ancaq qızlar yenə ondan əl çəkmirlər, qoca atalarının olub-qalan qəpik-quruşunu da qəddarcasına, görməmişcəsinə talamaqdan usanmırlar.
Qorio atanın böyük qızı Anastazi de Resto varlı, nüfuzlu qrafın, kiçik qızı Delfina alman əsilli məşhur bankir baron Nusingenin arvadıdır (kürəkənlərin obrazına “Bəşəri komediya” silsiləsindən başqa əsərlərdə də rast gəlinir). Kral Lirdən fərqli olaraq onun üç yox, iki qızı var, atasına rəhmi gələn üçüncü övladın (Kordeliyanın) funksiyasını romanda tələbə Rastinyak yerinə yetirir.
Uşaqlarının anası gənc ikən öləndən sonra Qorio ata ona sədaqətini qoruyub saxlayıb, qızlarını təkbaşına böyüdüb, bütün ömrünü onlara həsr eləyib. O, övladlarına sevgi-məhəbbətlə də yox, dəlicəsinə bir ehtirasla bağlıdır, bu ehtirasın tərkibində ata şəfqətiylə ana şəfqəti qarışıqdır, yəni Qorio balalarına həm ata, həm də ana olub. Dünya bir göz qırpımında xaraba qalsa, onun tükü tərpənməz, təki qızları bu dağıntının altından salamat çıxsınlar. Qızlarsa ər evinə köçəndən, kübar cəmiyyətə qarışandan sonra atalarını həyatlarından siliblər, ona işləri düşəndən-düşənə baş çəkirlər.
***
Yalnız əlahiddə götürülmüş bir obyektə, bir canlıya, bir insana yönələn sevgi gerçək sevgi sayıla bilərmi? Əlbəttə, sayılmamalıdır, çünki gerçək sevginin konkret ünvanı olmamalıdır. Əsl sevgi konkretliyin fövqündə duran universal duyğudur, universal, abstrakt olduğuna görə də müqəddəs duyğudur. “Mənim balam salamat olsun, başqaları nə vecimə” prinsipi insani prinsip deyil, bu prinsip təbii qanun kimi heyvanat aləmində də işləkdir.
Sevgini ehtirasdan ayırmaq üçün onun universal olub-olmadığını yoxlamaq yetər. Bu, başqa məsələ ki, o mücərrəd hiss, abstrakt duyğu ayrı-ayrı konkret hallara, konkret obyektlərə də tətbiq oluna bilər; nəinki oluna bilər, hətta mütləq olunmalıdır. Bunu ən sadə düsturla belə ifadə eləyə bilərik: “Bütün balalar xoşbəxt olsun, mənimki də onların içində”. Yaxud da belə: “Bütün xalqlar azad, firavan yaşasın, mənim xalqım da onların arasında, yeri gəlsə, lap ortasında”.
***
Əsərin personajları “Vokenin evi” adlı ucuz, pinti pansionda bir araya gəlirlər. Bura Paris cəmiyyətinin aşağı təbəqəsinin tipik modelidir. Ancaq bu pansiondan yüksək təbəqəyə, kübar cəmiyyətə calanan cığırlar da var. İki aləmi bir-birinə bağlayan tellər oxucuya insan toplumunun bütöv mənzərəsini boyaboy görməyə imkan verir. Aydın məsələdir ki, Balzak kimi böyük yazıçılar əsərlərində konkret bir ölkənin, şəhərin adamlarından yox, onların timsalında ümumən insan cəmiyyətindən, insan xislətindən, universal həqiqətlərdən, ümumbəşəri dəyərlərdən bəhs açırlar. Bu mənada “Vokenin evi”ni Balzakın yozumunda dünyanın modeli kimi də qavraya bilərik.
Qorio ata əvvəl-əvvəl pansionun rahat, isti otaqlarından birini kirayələyir. Di gəl, varını-yoxunu qızlarının yolunda xərclədikcə, üstəlik, tamahkar pansion sahibəsi, dul qadın madam Vokenin umacaqlı atmacalarına etinasız qaldıqca Qorionun tənhalıq hücrəsi yavaş-yavaş yaxşıdan pisə doğru dəyişməyə başlayır. Onun tənəzzülü boyunca məkrli madam Voke də Qorionu sakinlərin gözündən salmağa çalışır, qocanın haqqında cürbəcür şayiələr yayır. Bəzi sakinlər gözəl, yaraşıqlı kübar xanımların tez-tez ziyarət elədiyi Qorio atanı qoca arvadbaz, şəhvət düşgünü kimi qələmə verirlər, zavallı Qorio onu ziyarətə gələnlərin doğmaca qızları olduğunu desə də, heç kim buna inanmır: o cür varlı-hallı xanımların atasının belə miskin bir insan tövləsində çürüdüyünə necə inansınlar axı! Yalnız hələ gənclik saflığına ləkə düşməmiş Rastinyak məsələni dəqiqləşdirəndən, bundan sonra həmin mövzuda Qorio ataya sataşanların onu qarşısında görəcəyini bəyan eləyəndən sonra şər-şəbədə qoşanların ağzına möhür vurulur.
Yaşı yetmişi haqlamış Qorio atanın bütün ehtirasları çoxdan sönüb, onun heç doyunca yeyib-içməyə, ləziz təamlarla bəslənməyə də həvəsi qalmayıb. Arabir yenidən alverə qurşanacağını, Ukraynadan sərfəli qiymətə taxıl gətirib qısa vaxtda varlanacağını dilinə, xəyalına gətirsə də, həyatın üstünə bu sayaq qıcanmalar, əli puldan kəsilmiş keçmiş tacirin bu isterik tutmaları qatilinin dişləri boğazına kilidlənmiş ovun havanı təpikləməsinə bənzəyir.
Əslində, onun varlanmağa da meyli yoxdur, pula, sərvətə də tamahı keçmir, bütün bunlar qızlarının qayğılarını azaltmaq, onları kürəkənlərinin istismarından, əsarətindən qurtarmaq üçün göyün boşluğuna üfürülən arzulardır. Halbuki Qorionun qızları eynən özləri kimi əxlaqsız, şərəfsiz oynaşlarını yedirtmək, onların külli miqdarda qumar borclarını ödəmək üçün təkcə atalarını yox, ərlərini də cürbəcür hiyləli yollarla soyub talayırlar, onlardan gizli qiymətli girovlar qoyub qəddar sələmçilərdən ağır faizlə pul götürürlər (bununla bağlı çox təsirli bir epizod “Qobsek” novellasında da var). Ancaq Qorio atanın kor nəsil instinkti, kar övlad ehtirası kürəkənlərinin yamanlığını görsə də, övladlarının alçaqlığına göz yumur.
***
Yoxsullaşmış zadəgan ailəsinin övladı Ejen de Rastinyak əyalətdən Parisə hüquq təhsili almağa gəlib. Anası, bacıları boğazlarından kəsib, qəpiyi qəpiyə calayıb ona pul göndərirlər ki, tələbə aclıq-qıtlıq çəkməsin, çünki onların bütün ümidi ailənin böyük oğluna qalıb. Ejen ağıllı, dərrakəli olsa da, oxumaqdan soyuyub, onu Parisin intriqalarla, macəralarla dolu kübar həyatı özünə daha çox çəkir.
Yaxın qohumu, saraya qədər ən yüksək dairələrə əli çatan vikontessa de Boseanın himayədarlığı sayəsində Ejen kübar cəmiyyətin məclislərinə dəvət alır, üstəlik, Qorio atanın kiçik qızı, nüfuzlu qohumunun heç də rəğbət bəsləmədiyi Delfina de Nusingenin də həmin məclislərə yol tapmasına nail olur. Əvvəlcə gəncin quşu Qorionun böyük qızı təkəbbürlü Anastaziyə qonsa da, qadının Markiz de Tray adlı pozğun, vicdansız məşuqundan kölə asılılığı, üstəlik, kübar məclisdə qrafinya de Restoya atasıyla bir pansionda qaldığını xatırlatması onun istəyi qarşısına çəpər çəkir. Bundan sonra Ejen himayədarının məsləhətiylə bacılar arasındakı rəqabətdən yararlanıb, oynaşından ayrılandan bəri müvəqqəti “boş” qalmış Delfinanın məşuquna çevrilir. Əlbəttə, Rastinyakın əlində yüksək cəmiyyətin açarı olmasaydı, bu birlik də baş tuta bilməzdi.
Onların aşiq-məşuqluğu Qorio atanın da ürəyindəndir. Kürəkənləri çoxdandır onu öz dəbdəbəli evlərinə buraxmırlar, bu səbəbdən qoca naxələf qızlarını görməkdən ötrü min hoqqadan çıxır, onların keçib gedəcəyi yolların üstündə, onların gəzib dolaşacağı parkların küncündə bitir. Qızlarsa kasıb görkəmindən utandıqları atalarına nəzər salmaqdan belə çəkinirlər, balaları şütüdükləri karetanı yavaşıtmadan qocaya uzaqdan salam göndərəndə zavallı ata uçmağa qanad axtarır. Kürəkənləri, qızları ona nə qədər sitəm eləsələr də, Qorio ata bu acıların hamısını udur, onun gön çarıq kimi sürtülmüş ürəyi hər cür həqarətə davam gətirir.
Nəhayət, onlar köməkləşib Ejenlə Delfinanın gizli görüşməsi üçün xudmani bir mənzil alırlar. Qorio ata əsər boyu heç vaxt görmədiyimiz qədər məsuddur, indi o da həmin mənzilin bir küncündə, daha doğrusu, çardağındakı quş damında yaşayacaq, ərini aldadıb məşuqunun ağuşuna qaçan qızını tez-tez görəcək. Onun Ejenə rəğbəti də yoxsul tələbənin qızı Delfinanın işinə yaradığına görədir. Qorio ata bütün vasitələrlə onları bir-birinə daha sıx bağlamağa çalışır, Ejeni pansiondakı atılmış gənc qız mademuazel Tayferə qısqanır, hətta Delfinanın köhnə məşuqu kimi qızından soyuyarsa, onu öldürəcəyi ilə hədələyir; hərçənd eşqin məstliyi başına vurmuş tələbəyə hədə-qorxu gəlməyə artıq heç bir ehtiyac qalmayıb.
Fəqət bu birgəlik sevgi yox, maraq üstündə qurulub, ona birlikdən çox əməkdaşlıq demək olar. Qorionun Ejendən ötrü qayğılanması dünyagörmüş bir qocanın həyatın astanasında olan saf bir gəncə səmimi bağlılığından yox, bala sədaqətinə, övlad itaətinə təşnə atalıq ehtirasını doyurmaq istəyindən irəli gəlir.
***
Pansionun daha bir sakini keçmiş katorqa məhbusu, təhlükəli residivist, kriminal aləmin xəzinədarı, Votren adı altında gizlənmiş Jak Kolendir. Orta yaşlı bu adam İblisin ta özüdür, başında tüğyan eləyən cəhənnəm fırtınalarını yad nəzərlərdən qoruyan parikinin altında, tükü tükdən seçən öldürücü gözlərinin, adamı sanki soyunduran arsız baxışlarının arxasında məharətlə gizlənir. Ölümün özü belə ona bata bilmir, Votrenin bir ləqəbi də “Ölümaldadan”dır. O, fələyin çarxını fırlayan qocaman ölümü özünün ağasından nökərinə çevirib, ölüm onun əlində öldürücü silaha dönüb.
Votren peşəkar bir iblis kimi Ejenə Şeytanın işləklərindən, Fələyin felindən ustad dərsi keçir, ona yırtıcı cəmiyyətdə özünə yol açıb məqam tutmağın çəmini, yöndəmini öyrədir. Boynuna alır ki, Ejenə potensial yem kimi baxır, saf bir gəncin İblis üçün ən ləziz təam olduğunu tələbəni üzünə söyləməkdən çəkinmir. Özü haqqında isə belə deyir: “Mən Benvenuto Çellininin xatirələrini oxumuşam, özü də italyanca. Çellini başkəsən, yolkəsən bir adam idi, mən ondan dərs götürmüşəm, hər addımda fələk kimi can almağı ondan öyrənmişəm”. Müəllif təhkiyəsinin bəzi məqamlarında Votreni açıq mətnlə “İblis” adlandırır. İblis nədir – cümlə xəyanətlərə bais…
Votrenin də möhtəşəm bir xəyanət planı var. Pansionun gənc sakini mademuazel Viktorina Tayfer milyonçu bir bankirin qızıdır. Ancaq atası ondan üz döndərib, bütün varidatını tək oğluna vəsiyyət eləyib. Pansionda bu qız ona himayədarlıq eləyən qadınla – mərhum anasının rəfiqəsi madam Kutürlə bir yerdə qalır. Mademuazel Tayferin Ejenə rəğbət bəslədiyi, bəlkə də onu gizli bir istəklə sevdiyi aşkar hiss olunur. Amansız Votrenin mübhəm, müdhiş planına görə, Ejenlə Viktoriyanı evləndirmək, bundan əvvəlsə qızın qardaşını sıradan çıxarmaq lazımdır. O zaman mademuazel Tayfer bir gecənin içində atasının yığdığı milyonların şəriksiz varisi olacaq, bu vəsiləylə Ejen də milyonçular cərgəsində yer alacaq.
Oğlanı Votren cinayət ortaqlarının əliylə duelə cəlb elətməklə aradan götürdəcək – ondan ötrü belə qaranlıq işləri qurub-qoşmaq bir su içimi qədər, adam öldürməksə, özü demiş, tüpürmək qədər asandır. “Ölümaldadan” öz planının mənəvi-əxlaqi platformasını, metafizik əsaslarını da hazırlayıb: mademuazel Viktorinanın bankir atası böyük sərvətə öz şərikini aradan götürtməklə yiyələnib, qızın qardaşı isə ehtiyac içində yaşayan bacısına bircə dəfə baş çəkməyib, ona beşcə frank pul göndərməyib. Odur ki, onların qanı halaldır, xoşbəxtlik, rifah məsum qızın haqqıdır.
Bütün kombinasiyanı qurub-qoşan Votrenin şərti budur ki, Ejen ona Amerikaya köçüb orada yeni həyata başlamaq, biznes qurmaq üçün iki yüz min frank maya verəcək. Milyonların müqabilində bu məbləğ elə çox deyil.
***
Hələ o dərəcədə pozulmamış, mənəvi bakirliyini itirməmiş Rastinyak bu oyunda oynamağa razılıq verməsə də, Şeytan artıq iş başındadır, fələyin çarxı işə düşüb. Ejen Votrenin müdhiş planını pozmaq üçün Qorio atanı Tayferin evinə göndərmək, bu yolla məkrli planı faş eləyib vicdanından ləkəni silmək istəyir, ancaq qoca onun həyəcanla çatdırdığı xəbəri olduqca laqeyd qarşılayır: nə olsun, bundan sənə nə? Övladlarına divanətək bağlı olan bir qoca başqasının övladına yönəlmiş nahaq gülləni hədəfdən yayındırmaq üçün xırdaca bir zəhmətə qatlaşmaq istəmir. Qocayla gəncin söhbətinə qulaq müsafiri olan İblis Ejenin niyyətindən duyuq düşüb tələbənin qədəhinə yuxu dərmanı atır.
Tezliklə pansiona adam göndərib mademuazel Tayferi atası evinə çağırırlar. Təbii ki, məsum qız qurulmuş plandan, bir gecədə bunca sərvətə əlini kimin çatdırdığından xəbərsizdir. Ejen isə yalnız ayılandan sonra hadisədən xəbər tutur, onda da artıq iş işdən keçmiş olur. Fəqət Viktorinayla evlənməkdən Rastinyak qətiyyətlə imtina eləyir, Delfinanı pula, cehizə dəyişmək istəmir. Çünki hələlik təmizdir, safdır. Sonrakı illərdə o da şeytan fəhləsinə çevriləcək, cin-şəyatin ordusuna qoşulacaq…
Votrenin də qəhvəsinə dərman atan tapılır. Pansionda yaşayan iki nəfər pul müqabilində polislə əməkdaşlığa razılaşıb onu ələ verir. Katorqalının çiynində damğa olduğu təsdiqini tapır. Polislər Votreni tutmaq üçün pansionu qurşayanda amansız cani onu satanların kim olduğunu dərhal anlayır, daş dələn baxışlarıyla düz onların sifətinə zillənir.
Pansionun gənc sakinləri satqınlarla bir yerdə qalmağa qəti etiraz eləyirlər, madam Voke məcbur olub o iki nəfəri – müsyö Puare ilə mademuazel Mişononu pansiondan çıxarır. Kriminal aləmin liderini ələ vermiş yerəbaxan qocayla qarımış qızın aqibətinin fəna olacağı yəqin heç kəsdə şübhə doğurmaz…
***
Rastinyakın pansion yoldaşı, tibb üzrə təhsil alan gələcək doktor Byanşon dostunun qəlbində gedən təbəddülatları, onun mənəviyyatının tənəzzülə uğrama prosesini diqqətlə izləyir, bəzən onun keçirdiyi hallara tibbi diaqnoz da qoyur. Əsərin sonuna doğru Rastinyak iki yol ayrıcındadır – o ya Byanşon kimi elm dalınca gedib namuslu əməklə məşğul olmalıdır, ya da Votrenin təlimatlarına uyub, qanı heç vaxt qurumayan savaş meydanına girməlidir. Qorio atanın acımalı aqibəti onun seçiminə həlledici təsir göstərir.
Qoca pansionun dördüncü qatındakı ən ucuz, soyuq, it damından seçilməyən otağa köçəndən sonra da qızları onu rahat buraxmırlar. Qorio əlində qalmış sonuncu sərvətini – gümüş qab-qaşığı da satıb onların nəfsinə yedirəndən sonra tamam lüt qalır, yeməyə yavan çörək də tapmır. Atanın bu günündə, bu halında qızları onun yanında üz-üzə gəlib pul üstündə qırğına çıxırlar, bununla da Qorioya sonuncu ölümcül zərbəni vururlar. Qoca bu zərbədən ayılmır.
Can verən Qorionun gözləri yolda qalsa da, qızları onunla vida görüşünə gəlmirlər, çünki həmin axşam vikontessa de Boseanın evində vida balı təşkil olunub, bacılar bir-birinin acığına həmin balda mütləq iştirak eləməli, oynayıb şənlənməlidirlər. Ejen Delfinaya atasının vəziyyətiylə bağlı nəsə demək istəyəndə qadın onun sözünü ağzından qaytarır. Bəs necə, belə möhtəşəm məclis qabağı xanımın ovqatını korlamaq olmaz!
Vikontessanın məşuqu ondan xəbərsiz varlı bir qızla evlənir, bu səbəbdən madam de Bosean sonuncu qonaqlığını verib inzivaya çəkilir, bir daha Parisə qayıtmamaq, qalan ömrünü bu ehtiras bataqlığından kənarda keçirmək şərtilə əyalətə köçür. Kübar xanımlar onun yazıq, miskin halına tamaşa eləmək, onun dərdindən zövq almaq üçün bu bala xüsusi həvəslə qoşulublar. Parisə gələndən sonra Rastinyak da anlayıb ki, bu dünyada asudə, dinc həyat yaşayan xoşbəxt, müqəddəs insan varsa, onu böyük şəhərlərin səs-küyündən uzaqlarda, hansısa dağ yamacında, bulaq başında, çay qırağında, sıx meşədə axtarmaq lazımdır. Paris savaş meydanı, əxlaq bataqlığı, ölüm tələsidir.
***
Əcəl yatağında sayıqlayanda Qorio ata övlad haqqında bildiyi, amma heç vaxt dilə gətirmədiyi nə varsa hamısını deyib ürəyini boşaldır. Deyir ki, pulum olsaydı, qızlarım başımın üstündən çəkilməzdilər. Deyir ki, qanunlara düzəliş eləmək lazımdır, övladın ata qarşısında borcu qanunun tələbiylə ödənməlidir. Deyir ki, ata övladına həyat verir, övlad isə atasına ölüm gətirir.
Qızları Qorionun nəinki son nəfəsinə, heç dəfninə də gəlmirlər. Rastinyakın kürəkənlərlə danışığı da boşa çıxır, onlar qocanın dəfn xərclərinin ödənməsi üçün bir quruş belə ayırmırlar. Beləcə, Qorionun qızlarına mövhumi bir ehtirasla tapınması, övlad kultuna sitayiş eləməsi nə onun özünə, nə də balalarına xoşbəxtlik gətirir, tam tərsinə, kor pərəstiş onun nəslinin düçar olduğu böyük fəlakətin təməlinə çevrilir.
Qızlarına milyonlar xərcləmiş, onları milyonçuya ərə vermiş Qorio ata məzara üç-dörd kasıb tələbənin çiynində, onların topladığı qəpik-quruş hesabına köçür. Bundan sonra Ejen de Rastinyak zirvədən baxdığı Parisə meydan oxuyur, alçaqlıq, əclaflıq qanunlarıyla idarə olunan cəmiyyətə savaş elan eləyir, qeyri-bərabər savaşın ilk addımlarını atır, ilk hücumuna keçir.
Bu savaşda o, əlbəttə, məğlub olacaq; çünki Balzak dövrə vuran həyatın, fəsillər boyu fırlanan təbii saatın, fələyin sınıq çarxının şər qanunlarıyla, Şopenhauerin dediyi sayaq dəli, kor iradənin çılğın əsintiləriylə hərəkətə gəldiyinə möhkəm inanır. Zər tutan fələyi qumarda udmağın yeganə yolu o qumara girməməkdir.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni