Stalinin bəyəndiyi antisovet əsər
- 15 İyul 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Mixail Şoloxovun “Sakit Don” roman-epopeyası haqqında
Fəxri Uğurlu
1964-cü ildə Jan-Pol Sartr ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Ancaq böyük yazıçı, dramaturq, filosof ali mükafatdan imtina elədi. İmtinanın bir səbəbi onun heç bir sosial təsisatdan, ictimai institutdan (hətta bu təsisat, yaxud institut nə qədər müsbət, şərəfli işlər görsə belə) asılı olmamaq istəyinə bağlıydısa, səbəblərdən biri də Nobel komitəsinin sosialist düşərgəsinə, o cümlədən sovet ədəbiyyatına soyuq, biganə münasibətiydi. Sartr təəssüflə söyləyirdi ki, sovet yazıçıları arasında dünyanın ən nüfuzlu ədəbi mükafatına nədənsə Şoloxov yox, Pasternak layiq görülüb, üstəlik, laureatın əsəri (yəni “Doktor Jivaqo” romanı) yalnız ölkə xaricində işıq üzü görüb, öz ölkəsində isə bu əsərin nəşri qadağan olunduğuna görə xalqın ondan xəbəri yoxdur.
Bilmirəm Sartrın bu sözləri Nobel komitəsinin üzvlərinə təsir göstərmişdi, ya yox, ancaq növbəti il – 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını “Sakit Don”un müəllifi aldı. Doğrudur, buna qədər Şoloxovun Nobelə namizədliyi bir neçə dəfə irəli sürülmüşdü, fəqət sovet dövlətinin bütə çevirdiyi yazıçı hər dəfə seçilmişlər siyahısından kənarda qalmışdı. Bu da təsadüfi deyil – Nobel mükafatının ədəbiyyat üzrə münsiflərinin siyasətdən də başı çıxır.
Şoloxovdan əvvəl ali ədəbi mükafata yalnız iki rus yazıçısı – emiqrasiyada yaşayan İvan Bunin, bir də öz vətənində emiqrant həyatı yaşayan Boris Pasternak layiq görülmüşdü. Onların hər ikisinin uğurunda siyasi motiv tapmaq olar, amma Şoloxova münasibətdə belə bir motivin varlığından danışmaq mümkün deyil, çünki Şoloxov sovet hökumətinin sevimlisi, hər cür imtiyaza əli çatan “rəsmi” sovet yazıçısıydı. Bu üstünlük, bu rəsmi rəğbət nə ondan qabaqkı, nə də ondan sonrakı (Aleksandr Soljenitsın, İosif Brodski) rus nobelçilərinə qismət olmuşdu.
***
Doğrudur, Şoloxov da şöhrətə gedən yolu asanlıqla keçməmişdi. Bunin kimi ömürlük qürbətdə, Pasternak kimi daimi basqı altında, Soljenitsın kimi gedər-gəlməz sürgündə, Brodski kimi siyasi türmədə yaşamasa da, ta gəncliyindən ədəbi xəfiyyələrin, ədəbi casusların, ədəbi cəlladların mühasirəsində yazıb yaratmış, öz varlığını sübuta yetirməkdən ötrü ölənəcən mübarizə aparmışdı. “Sakit Don”un birinci, ikinci cildləri işıq üzü görər-görməz onun haqqında şayiələr yayılmışdı: guya Şoloxov bu romanı özü yazmayıb, o vaxta qədər imzası artıq tanınan, ötən əsrin iyirminci ilində tifdən ölmüş Fyodor Kryukov adlı ağqvardiyaçı zabitin yarımçıq əsərini mənimsəyib. Özü də kazak əsilli iki nömrəli sovet yazıçısı (bir nömrəli, əlbəttə, Qorki idi) Aleksandr Serafimoviçin sayəsində roman-epopeyanın ilk iki kitabı xüsusi çətinlik görmədən çap olunsa da (Serafimoviç Şoloxovun romanıyla tanışlıqdan sonra baş redaktoru olduğu “Oktyabr” jurnalının çapa gedən nömrəsindən öz əsərini çıxarıb, yerinə “Sakit Don”un birinci hissəsini qoymuşdu), bu kimi şayiələr nəticəsində üçüncü cildin nəşri daşa dirəndi. Gənc yazıçının üstünə dörd tərəfdən şər-böhtan daşları, tənə oxları yağdırıldı, cavanlığı onun başına qaxıldı, o yaşda şedevr yaratmağı dövrünün ən azman, ən cəsarətli, ən doğruçu, ən gerçəkçi qələm ustasına nöqsan tutuldu.
Çərxi-fələyin qəribə işləri var: bəzən ən doğru, ən obyektiv sözü ən yalançı, ən qərəzli adam deyir. Bəzən Tanrı ən əziz adamını İblisin əliylə qoruyur. Belə bir möcüzə Şoloxovun da başına gəldi – yetmiş illik sovet hakimiyyəti dövründə yazılmış ən antisovet romanın müəllifini qəddar düşmənlərinin əlindən iyirminci əsrin ən amansız tiranı İosif Stalin aldı. Əvvəlcə Serafimoviçin təşəbbüsüylə komissiya yaradıldı, Şoloxov əlyazmalarını həmin komissiyaya təqdim elədi, romanın yaranma, yazılma prosesi araşdırıldı, nəhayət, əsərin Şoloxova məxsus olduğu SSRİ-nin baş mətbuat orqanı “Pravda” qəzetində çap olunan bir yazıyla rəsmən təsdiqləndi.
Üçüncü kitabın bəxtinin açılmağına gəlincə, bu məsələ sovet yazıçılarının komandanı Maksim Qorkinin bağında keçirilən bir görüşdə çözülmüşdü. Stalin o bağda ev yiyəsinin təşəbbüsüylə hələ şəxsən tanımadığı Şoloxovla görüşmüşdü, onun arqumentlərini dinləyəndən, öz suallarına cavab alandan, yeni cildin məzmunuyla tanış olandan sonra üçüncü kitabın çapına razılıq vermişdi. Bununla da sovet ədəbi nəşrlərinin qapıları Şoloxovun üzünə yenidən açılmışdı.
Fəqət yazıçıya düşmən kəsilənlərin dili-ağzı ondan sonra da bağlanmadı, bu gün də bağlanmayıb. İnsafən, onların arqumentləri də güclü, inandırıcı görünür, həm də romanı təkcə Kryukovun adına çıxmayıblar, ötən səksən il ərzində Şoloxova onlarla “şərik” tapıblar, bəziləri öz qənaətlərində absurda qədər gedib çıxıb. Eynən bizim Qurban Səid imzası altında üzə çıxarılmış “Əli və Nino”muzun müəllifliyi ilə bağlı dartışmalarda məsələni həm Yusif Vəzir Çəmənzəminlinin, həm də Məhəmməd Əsəd bəyin xeyrinə həll eləməyə çalışanların əlində daşdan keçən dəlillər olduğu kimi, “Sakit Don”la bağlı da hər iki cəbhədə duranların sərəncamında təkzibə dözümlü sübutlar var. Mübahisələr o dərəcəyə qədər şişib ki, az qala filologiya elmində ayrıca sahəyə çevrilib, bu məsələyə həsr olunmuş, məqalələr bir yana, kitablar yazılıb, geniş miqyaslı araşdırmalar aparılıb.
***
Axtarışların nəticəsi nə olur olsun, “Sakit Don” epopeyası iyirminci əsr ədəbiyyatının misilsiz abidələrindən biri, öz sahəsində, mərtəbəsində tayı-bərabəri olmayan bir əsərdir. Hələlik təkzib olunmamış bioqrafik sənədlər (bundan sonra da təsdiqini tapacağına inanıram) bizə deyir ki, müəllif romanı yazmağa təqribən iyirmi yaşında – 1925-ci ildə başlayıb. Üstündən on beş il keçəndən sonra – 1940-cı ildə əsərin sonuncu kitabı işıq üzü görüb. Bu minvalla epopeya on beş ilə ərsəyə gəlib. Roman dörd kitab, səkkiz bölümdən ibarətdir. Əsərdə hadisələr təxminən on il ərzində – 1912-ci ildən 1922-ci ilə qədər cərəyan eləyir. Bu zaman kəsiyi Rusiya tarixinin ən qanlı-qadalı, ən bəlalı-qovğalı dövrüdür – Birinci Dünya müharibəsi, monarxiyanın devrilməsi, Müvəqqəti hökumət, Oktyabr inqilabı, ardınca da ağlarla qırmızılar arasında vətəndaş qırğını… Təkcə bunu demək yetər ki, Don kazaklarının yarısı bu savaşlardan salamat çıxmamışdı.
Epopeyada kiminin hesablamasına görə 700-dən artıq, kiminin də hesabıyla 850-yə qədər adlı-adsız personaj var. Müəllif bu irili-xırdalı personajların, demək olar, hər birini oxucuya xarakterik cizgiləriylə təqdim eləyir. Roman həm epoxal əhəmiyyətli təbəddülatlarla, həm də ailə-məişət səviyyəli toqquşmalarla zəngindir. Hadisələr əsasən Don çayı qırağındakı məkanlarda, kazakların məskunlaşdığı ərazilərdə, müəllifin çox yaxşı bələd olduğu yerlərdə cərəyan eləyir. Əvvəlki məşhur rus romanlarından fərqli olaraq “Sakit Don”un aparıcı qəhrəmanları zadəganlar, burjuylar, ziyalılar yox, sadə, avam, savadsız, amma zəngin xarakterli, çılğın temperamentli, təzadlı insanlardır. Yazıçı həyata, hadisələrə, təbiətə onların gözüylə baxır, təkcə dialoqlarda yox, təhkiyəsində də onların diliylə danışır.
Roman Don kazaklarının ləhcəsində işlənən dialekt sözlərlə doludur. Mən bu faktı xüsusən də el dilində dövriyyədə olan, hansısa bölgənin sərhədini aşa bilməsə də, ümumişlək status qazanmağa layiq sözlərimizə, necə deyərlər, papaq altında yatan qızıl kimi kəlmələrə, ifadələrə xor baxan gənclərimizin nəzərinə çatdırmaq istərdim: nədənsə kazak ləhcəsi “Sakit Don”un nə Rusiya miqyasında, nə də bütün dünyaya yayılmasına mane olmayıb. Əlbəttə, ləhcə sözlərindən yeri gəldi-gəlmədi hər əsərdə istifadə eləmək olmaz, ancaq bu sözlərin işlənməsinə qadağa qoymaq, hansısa dialektin əsarətində qalmış kəlmələrin, ifadələrin ümumişlək ədəbi dilə yolunu bağlamaq da dilə qənim kəsilməkdir. Hələ burasını demirəm ki, klassik ədəbiyyatımızda, o cümlədən Azərbaycan sovet klassiklərinin əsərlərində nə qədər qiymətli sözlərimiz mürgüləyir…
***
“Sakit Don” həm ailə-məişət dramı, həm də xalqın sosial-epoxal tarixinin salnaməsidir. Əsərin mərkəzində Melexovların taleyi durur. Baş qəhrəman Qriqori Melexovun babası Prokofi keçmiş zamanlarda rus-türk savaşından bir osmanlı qızıyla qayıdıb, sonra həmin qızla evlənib. Ona görə də kənddə onun törəmələrinə “türklər” deyirlər. Sonradan yerli adamlar, fanatik xristianlar yad gəlini, müsəlman qızını cadugər, ifritə saydıqlarından onu linç eləyiblər. Bu səbəbdən “Melexovların evi xutorun lap kənarındadır” (əsər bu cümləylə başlayır). Yeri gəlmişkən, xutorun Tatarsk adlanması da, çox güman, bu faktdan qaynaqlanır.
Qriqorinin atası – xarakterində kazak çılğınlığıyla türk coşqusunu birləşdirən, axsaq ayağını çəkdiyinə görə taytıya-taytıya yeriyən, donqarburun, qulağı sırğalı Panteley Prokofyeviç hökmlü, cığal, bir az hiyləgər, bir az da zalım qocadır. Anası Vasilisa İliniçna övladlarının atasına daban-dabana zidd olan bir qadındır – təmkinli, fədakar, mömin tipdir. Qriqorinin özündən böyük qardaşı (Petro), özündən kiçik bacısı (Dunyaşa) var. Petronun arvadı Darya həyatsevər, zarafatcıl, ehtiraslı bir gəlindir, ancaq nədənsə övladı olmur.
Onların qonşuluğunda yaşayan gənc Astaxovlar ailəsinin də övladı yoxdur. Stepan Astaxovun iyirmi yaşlı arvadı Aksinya çox gözəl, yaraşıqlı, qara gözlü, dolğun dodaqlı çılğın bir kazak qızıdır, bu kəndə üç il qabaq qonşu xutordan gəlin gəlib, bir cüt uşaq doğsa da, uşaqların hər ikisi körpəykən ölüb. Toyundan bir il əvvəl əlli yaşlı atası başıbəlalı Aksinyanı işləməyə getdikləri çöldə zorlayıb, anasıyla qardaşı bundan xəbər tutanda atanı döyə-döyə öldürüblər. Odur ki, gəlin bakirəliyini toyuna qədər qoruyub saxlamadığına görə ərinin yanında gözükölgəlidir (üstəlik, başına gələni açıb-ağarda da bilmir), qəddar Stepanın yumruğu onun bəlalı başından gecə-gündüz əskik olmur.
Stepan hərbi təlim düşərgəsinə yollanandan sonra Qriqori ilə Aksinya arasında eşq macərası yaşanır. Yazıçı onların münasibətini əsərin sonlarına qədər izləyir; bu münasibət iki gəncin erotik əyləncəsindən, fizioloji bağlılıqdan mənəvi birgəliyə, könül, tale birliyinə qədər uzun, məşəqqətli təkamül yolu keçir. Romandakı Qriqori-Aksinya xətti antik dövrdən üzübəri dünya ədəbiyyatının gördüyü ən parlaq, ən faciəvi sevgi münasibətlərindən biridir.
Belə deyirlər ki, Aksinyanın prototipi yazıçının doğmaca anasıdır, çünki o da zorla verildiyi yaşlı bir tacirin əlindən qaçıb Aleksandr Şoloxovla ailə qurmuşdu, ancaq onlar o zamankı qanunların əngəl törətməsi ucbatından bu münasibəti tacir ölməyincə rəsmiləşdirə bilməmişdilər. Hətta gələcək yazıçı on iki yaşına qədər tacirin soyadını daşımağa məcbur olmuşdu, öz gerçək soyadına yalnız o yaşdan sonra yiyələnə bilmişdi. Fəqət məşhur sovet rejissoru Sergey Gerasimovun 1957-ci ildə çəkdiyi “Sakit Don” filmində Aksinya rolunu oynamış mərhum aktrisa Elina Bıstritskayanın bir müsahibədə dediyinə görə, çəkiliş qrupu Don sahillərində iş başında olduğu zaman Şoloxov ona Aksinyanın qocalıb-qarımış prototipini şəxsən göstəribmiş…
***
Sovet hakimiyyətinin kəshakəs vaxtında qələmə alınmış bu romanın bir qəribəliyi də budur ki, qondarma sosializm realizmi cərəyanının kanonlarına əsla tabe olmur, yuxarıdan verilən ədəbi direktivlərin böyründən keçir. Burada ənənəvi mənada müsbət (elə mənfi də), kommunist ideallarına illüstrasiya sayılacaq nümunəvi qəhrəman yoxdur, obrazlar hərtərəfli, hərüzünə təsvir olunub. Bu fikri baş qəhrəman haqqında da deyə bilərik. Qriqori Melexov yaraşıqlı, mərd, qoçaq, igid oğlandır, müharibə vaxtı kazakların bir polyak qızını kütləvi şəkildə zorladığını görəndə zavallı qadını onların əlindən almağa çalışır, ancaq bir sürü gözü qızmış yırtıcıya gücü çatmır, kazaklar onu yerə yıxıb əl-ayağını bağlayırlar. Ölümcül yaralanmış bir zabiti ən ağır şəraitdə çox böyük çətinliklə, həyatını riskə atmaq bahasına xilas eləyir, buna görə Georgi xaçı alır. Şərqi Prussiyada yaralı Stepan Astaxovu – onu öldürməyə and içmiş rəqibini düşmənin mühasirəsindən çıxarır.
Fəqət müəllif öz qəhrəmanını nə qədər sevsə də, onu idealizə eləmir, gənc Melexovun zalımlığını, impulsiv hərəkətlərini, başqa mənfi cəhətlərini də göstərir. Məsələn, Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan imperiyasının sərhədlərində döyüşən Qriqori silahsız düşmən əsgərini qılıncıyla çapır, hərçənd dərhal peşman olub atdan düşür, uzun-uzadı öz qurbanının tamaşasına durur, həftələrlə yuxusunu qarışdırır, rahat yata bilmir. Çəkdiyi mənəvi əzabları sonralar qardaşıyla da bölüşür. Yaxud gələcək yeznəsi bolşevik Mixail Koşevoyun vətəndaş müharibəsinin gedişində qardaşı Petronu güllələdiyini biləndə atını minib ley kimi qırmızı əsirlərin saxlandığı yerə sürür, bolşeviklər tərəfdən döyüşmüş matrosları qılıncdan keçirir, sonra da üzüqoylu torpağa döşənib hönkür-hönkür ağlayır.
Arvadının ona xəyanət elədiyini hələ təlimdəykən eşidən Stepan evə qayıdanda Aksinyanı vəhşicəsinə döyür, qadın ərinin əlindən birtəhər qurtulub yaralı, əzik canını çölə atır, səsə Qriqori özünü yetirib Stepanın üstünə atılır, ardınca Petro da qardaşına köməyə gəlir. Ancaq Panteley Prokofyeviç oğlunu Aksinyadan soyutmaq üçün onu evləndirmək qərarını verəndə Qriqori atasının iradəsinə asanlıqla təslim olur, Aksinya ilə görüşüb artıq münasibətə son qoymaq vaxtı gəldiyini bildirir, necə deyərlər, həvəsdi, bəsdi. Aksinya bədənindəki qançırları ona göstərib deyir ki, əri onu hər gün qəddarcasına döyür, Qriqori isə bundan çox da təsirlənmir, onun üzündən başı bəlalar çəkən qadını zalım fələyin ümidinə buraxıb getmək onun qəlbini sızlatmır.
Gənc Melexovu imkanlı Korşunov ailəsinin qızı Natalya ilə evləndirirlər. Əslində, Korşunovlar Melexovlara qız verməzdilər, bu ailəni özlərinə tay tutmazdılar, intəhası, Natalya özü Qriqorini seçir, ona ərə getməkdə təkid göstərir. Toydan az sonra Qriqori sevgisiz evlənməklə yanıldığını, odlu-alovlu Aksinyaya nisbətdə arvadının nə qədər sönük olduğunu anlayır, Natalyanın soyuqluğunu, onun kişi duyğularını tərpətmədiyini, arvadını sevmədiyini qəddarcasına zavallı gəlinin birbaşa üzünə söyləyir. Qüruru sındırılmış gəlin – abırlı-həyalı, vəfalı, etibarlı, ailəcanlı Natalya bundan sonra özünə qəsd eləməyə çalışır, kərəntiylə boğazını ağır yaralasa da, ölmür.
Sağalanda Natalya öz doğma yuvasına – atası evinə qayıtmağa can atır, fəqət əsəbi, çılğın Panteley Prokofyeviç buna yol vermir, gəlinini yanında saxlayıb oğlunu qovur. Qriqori Aksinyaya xəbər göndərir, Aksinya ərini yanıldıb gecəylə evdən qaçır, Qriqoriyə qoşulub yaxınlıqdakı mülkədarın yanında qulluğa girir – Qriqori muzdurluq, Aksinya qaravaşlıq eləyir. Burada onların qızı doğulur. Sonra Qriqorini əsgər aparırlar.
***
Natalya yaralı canını dişinə tutub Aksinyanın üstünə minnətə gəlir, ondan ərini geri qaytarmasını istəyir. Aksinya onunla çox pis, qəddar davranır, hətta Natalyanın boğazındakı yaraya, boynunu əyri tutmasına da lağ eləyir, Qriqorini ona qaytarmayacağını qəti söyləyir. Natalya onun qapısından əliboş qayıdandan bir müddət sonra Aksinyanın körpəsi xəstəlikdən ölür. Aksinya bu dərdi göylərin kəsdiyi cəza kimi qəbul eləyir.
Mülkədar general Listnitskinin kapitan oğlu Yevgeni qulluqdan evə qayıdır, elə qayıtdığı ilk gündən Aksinyaya göz qoymağa başlayır. Yevgeni qadının dərdli olmasından istifadə eləyib Aksinyanın qılığına girir, handan-hana onu özünə təslim eləyir. Cəbhədə Qriqori yaralanır, ona məzuniyyət verirlər. Evə qayıdanda Listnitskinin qoca nökərindən olanları öyrənir, ertəsi gün əvvəlcə generalın kapitan oğlunu, ardınca da Aksinyanı qamçılayıb atası evinə qayıdır.
Göründüyü kimi, müəllif Aksinya obrazını da ideallaşdırmayıb, onu bütün müsbət-mənfi cəhətləriylə yaradıb. Bu qadın rus ədəbiyyatının tanıdığı ən parlaq infernal qadın surətlərindəndir. Gözəl olduğu qədər hikkəli, zalım; əzabkeş olduğu qədər cəsarətli; ehtiraslı olduğu qədər sədaqətli Aksinyanın ədəbi əcdadı Dostoyevskinin Nastasya Filippovnasıdır. Hər iki qadın işıqlı dünyaya ilan boğazından baxır, bir ovucluq qismətinə, bir dadımlıq sevincinə min əzabdan keçəndən sonra çatır. Nastasya Filippovnanın qızlıq qismətini atası yerində olan milyonçu Totski satın alırsa, Aksinyanı qızlığından doğmaca atası məhrum eləyir. Oxşar səbəblər üzündən hər iki qadın çox bədbəxt; bədbəxt olduğuna görə qəzəbli, kinli; kinli olduğuna görə də qəddar, zalımdır. Fəqət onlar sevginin dadını bilən, sevib-sevilən, sevdiyinin uğrunda ölümə getməyi bacaran qadınlardır. Beləsi iblisin məşuqəsinə çevrilsə belə tanrısını unutmaz, yatağını dəyişsə də, qibləsini dəyişməz.
***
Qriqori Melexovun özü də, ailəsi də Don kazaklarının ümumiləşdirilmiş obrazıdır. Dünya savaşı, vətəndaş müharibəsi, inqilab, əksinqilab, millətin ağlara-qırmızılara bölünməsi bu xalq içində xalqın (kazak adlanan əhali bir zamanlar köləlikdən qaçıb qurtulan təhkimli kəndlilərin birliyindən yaranıb) başına çox fəlakət, çox müsibət gətirib. Melexov ailəsinin faciələri bu baxımdan tipikdir. Vətəndaş müharibəsinin gedişində bütün kazaklar kimi Qriqori Melexov da gah ağların, gah qırmızıların tərəfində vuruşur; özlərinə bəlli olmayan məqsədlər uğrunda onlar canlarına qızırğalanmadan, usanmadan döyüşür, ölüb öldürürlər.
Rusiyanın fəlakəti zəhmətkeş kazakların təkcə ictimai həyatına yox, şəxsi həyatına da sirayət eləyir, nəsillər, qonşular arasına təfriqə salır, ailələr, evlər, ömürlər çat verir, insanlar tərəddüdlər arasında sərgərdan, başıpozuq qalırlar. Evin böyük övladı Petronu öz əliylə güllələyən bolşevik Mixail Koşevoy melexovların qızı Dunyaşaya müştəri çıxır. İliniçna oğlunun qatilini heç cür yaxına buraxmaq istəməsə də, qızın qəlbini ələ almış Koşevoy tipik bolşevik həyasızlığıyla onların evinə dürtülür, dərdli ananın duyğularıyla oynayır. O özünü heç bir əməldə suçlu bilmir, çünki Petronun əlinə imkan düşsəydi, o da bunu öldürərdi. Dunyaşa anasının ona xeyir-dua vermək istəmədiyini görəndə evdən getmək istəyir, biçarə ana tək qızının oğlunun qatiliylə nikahına razılıq verməyə məcbur qalır.
Buna qədər melexovların evi artıq suyu soğulmuş dəyirmana dönmüşdü: Panteley ata dünyadan köçmüşdü; Petro, dediyimiz kimi, öldürülmüşdü; Qriqori cəbhədə döyüşürdü; bir cüt əkiz uşaq anası Natalya ərinin Aksinya ilə yenidən görüşməyə başladığını eşidəndə növbəti hamiləliyini süni yolla pozmuş, qanaxmadan ölmüşdü; hansısa hərbçidən zöhrəvi xəstəliyə yoluxan həyatsevər Darya özünü Don çayında batırmışdı. Qriqorinin balalarını Dunyaşaya tapşıran İliniçna özü də ölməyə hazırlaşırdı.
Qriqoridən sonra generalın mülkündə bir müddət qulluqçuluq eləyən Aksinya məşuqu Yevgeni evə gəlin gətirəndən sonra öz daxmasına qayıdır. Stepanın əvvəlcə ölüm xəbəri çıxsa da, bir müddət keçmiş məlum olur ki, o, almanlara əsir düşübmüş. Stepan evinə dönəndən sonra ər-arvad astaxovlar yenidən bir dam altına yığılırlar.
Ard-arda alovlanan müharibələr, çaxnaşmalar, insanların sümüyünə işləmiş düşmənçilik artıq öz sözünü deyib. Kazaklar savaşmaqdan beziblər, asudə həyata, torpağa qayıtmaq, əkib becərmək istəyirlər. Hərçənd bunca fəlakətdən sonra kiminsə xoşbəxt olmağı, rahat vicdanla yaşamağı mümkün deyil…
Rusiya tarixinin ən dəhşətli dönəmi qanlı caynaqlarını yüz ilin o başından ta bu günə qədər uzadıb, fəlakət ssenarisinin müəllifləri hələ dünyaya gəlməmiş nəsillərin də toxumlarını zədələyiblər. Rus xalqı tarixi səhvlərinin girovluğundan indi də çıxa bilmir, boynundan dəyirman daşı kimi asılmış ambisiyaların ağırlığı bu böyük istedadlı xalqın qəddini əyib. Bir gün oğlu Mixail Şoloxova belə bir sual verir: “Ata, vətəndaş müharibəsinin bitdiyi dəqiq tarixlə bağlı nə deyə bilərsən? Hərə bir tarix göstərir, kimi 1920-ci ili, kimi 22-ci ili, kimi də 24-cü ili nişan verir”. Yazıçı fikrə gedib qəlyanından dərin bir qullab alandan sonra dillənir: “O savaş, oğul, ola bilsin, hələ də bitməyib”.
***
Əsərin sonuna doğru Qriqori Melexovda inqilaba da, əksinqilaba da nifrət yaranır, mənasız qələbələr, puç döyüşlər onu bezdirir, baş qəhrəman ağlara da, qırmızılara da tüpürür. Bolşevik yeznəsinin əlindən yenidən cəlayi-vətən olub kənddən qaçsa da, artıq yerini bərkitmiş bolşeviklərə qarşı qiyam qaldıran bandaya qoşulsa da, tezliklə mənasız mübarizədən usanır. Onu indi yalnız dinc həyat, kəndli əməyi, əkinçi zəhməti özünə çəkir.
Melexov qiyamçı dəstədən aralanıb gizlicə xutora qayıdır. Yaxşı bilir ki, çar qoşununun tərkibində, ağların sırasında vuruşduğunu, Don ordusunun yüksək çinli zabiti, alay komandiri olduğunu, qiyamçılara qoşulduğunu bilən bolşeviklər ona dinclik verməyəcəklər, kazak qiyamında mühüm rol oynamasını ona bağışlamayacaqlar. Nə olsun ki, bolşevik ordusunun da sıralarında igidliklə döyüşüb – bunlar hesaba alınmır, sən özünü sübuta yetirənə qədər iş işdən keçir. Başqaları bir yana dursun, özcə bacısının əri belə onu bağışlamayacaq, Qriqori ən yaxşı halda həbs olunacaq. Bunu bildiyindən o, gecəylə Aksinyanı da götürüb üzü cənuba, Kubana doğru yola çıxır. Orada – gözdən-qulaqdan uzaqda onlar dinc həyata qovuşub halal zəhmətlə ömür sürməyə ümid eləyirlər. Özlərinə yer-yurd salandan sonra uşaqları da yanlarına aparacaqlar.
Dan üzü sevgililər yolda atlı dəstəylə rastlaşırlar. Çapıb xatadan uzaqlaşmaq istəyəndə atlılar onları təqib eləyirlər, güllə atırlar. Güllələrdən biri Aksinyaya dəyir, Qriqorinin onu qurtarmaq cəhdlərinə baxmayaraq qadın canını tapşırır. Melexovun Aksinyanı torpağa gömdüyü səhnə, şübhəsiz, dünya ədəbiyyatının ən parlaq səhifələrindən biridir:
“Aksinya dan yeri ağarana yaxın Qriqorinin qucağında keçindi. Onun huşu bir daha özünə qayıtmadı. Qriqori dinməzcə onun soyumuş, qana bulaşmış dodaqlarından öpüb ehmalca yerə qoydu, ayağa qalxdı. Gözəgörünməz bir qüvvə onun sinəsinə yumruq ilişdirən kimi oldu, Qriqori dal-dala gedib üzüqoylu yerə yıxıldı, amma dərhal qorxusundan dik sıçradı. O, bir də yıxıldı, açıq başı bir daşa dəyib bərk ağrıdı. Sonra dizlərini yerdən qaldırmadan qılıncını qınından çıxarıb qəbir qazmağa başladı. Nəm torpaq yumşaq idi. O, çox tələsirdi, ancaq nəsə boğazını tutub onu boğurdu; rahat nəfəs alsın deyə o çəkib köynəyinin yaxasını cırdı. Dan qaranlığının soyuq nəfəsindən onun tərdən islanmış sinəsi üşüdü, buna görə işləməsi çox da çətin olmadı. Qazdığı torpağı o, əlləriylə xışmalayıb qırağa tökür, papağına doldurub çıxarırdı, bununla belə kəmər yeri dərinliyində qəbir qazmaq xeyli çəkdi.
O öz Aksinyasını parlaq səhər işığında dəfn elədi. Onu qəbrə uzadandan sonra soyumuş, artıq ağarmış qarabuğdayı əllərini sinəsində çarpazladı, yaylığını üzünə saldı ki, donuq-donuq göyə zillənmiş, artıq işığı sönməyə başlamış yarımaçıq gözlərinə torpaq dolmasın. Qriqori Aksinya ilə vidalaşdı, o möhkəm əmin idi ki, bu ayrılıq uzun sürməyəcək…
Dikəlmiş qəbir üzərindəki nəm sarı torpağı xüsusi bir səylə yastıladı, başını aşağı salıb vücudu yırğalana-yırğalana uzun zaman qəbrin kənarında dizi üstə sakitcə durdu.
Bundan sonra tələsməyin mənası qalmamışdı. Hər şey artıq bitmişdi.
Günəş qara yel dumanı arxasından yarğana boylanırdı. Onun saçaqları Qriqorinin açıq başının ağ tellərini gümüş kimi parladır, daş kimi bərkimiş solğun üzündə dolaşırdı. O, ağır yuxuya getmiş adam kimi başını qaldıranda göy üzündə zülmət səma, işıltısı göz qamaşdıran parlaq qara günəş gördü”.
***
Əsərin sonunda Qriqori Melexovun qırmızılara yanaşıb nümunəvi bolşevikə çevrilməsi üçün Şoloxova çox təkliflər verilir, hətta təzyiqlər olunurdu. Əslində, Stalinin də müəllifdən umacağı bu idi. Sonralar sovet yazıçılarının rəhbəri olası Aleksandr Fadeyev ona bu istiqamətdə tövsiyə məktubu yazmışdı. “Əzablı yollarla” trilogiyasının müəllifi qocaman Aleksey Tolstoy isə hətta Qriqorinin aqibətini xeyirə calamaq üçün ərinməyib birbaşa Don sahilinə – Şoloxovun yaşadığı Vyoşensk stanitsasına təşrif buyurmuşdu.
Fəqət heç kəs, heç bir qüvvə böyük yazıçını fikrindən döndərə bilməmişdi. Xırda güzəştlərə gedirdisə də, prinsipial məsələlərdə onu heç bir güzəştə məcbur eləmək mümkün deyildi. O düşünürdü ki, Melexovun bolşeviklərə qoşulması olduqca süni, qəlp çıxar. Ümumiyyətlə, sovet gilyotininin dayanmadan, usanmadan baş kəsdiyi bir vaxtda, əsəri cümlə-cümlə izləyən Stalinin qılıncının altında (“proletariatın dahi rəhbəri” ədəbiyyatı çox yaxşı duyurdu, onun zəngin mütaliəsi vardı, gözündən bir tük də yayınmazdı) yazılmış bu romanda saxta, qəlp heç nə yoxdur. Bu, sadəcə möcüzədir, buna başqa ad tapılmaz! Gənc Şoloxov belə bir möcüzəni gerçəkləşdirməyə necə nail olmuşdu? Aydın məsələdir ki, bu məsələdə onun cəsarətiylə yanaşı rəhbərin ona şəxsi rəğbətinin də böyük rolu vardı – Şoloxov onunla çox açıq, sərbəst danışır, yeri gələndə fikrini əsaslandırmaq üçün hətta lətifə də söyləyirdi.
Amansız NKVD şefi, iki yüz min sovet vətəndaşının ölümünə gözüyumulu qol çəkmiş Yejovun arvadını öz məşuqəsinə çevirəndən sonra Yejov ona ölüm tələsi qurmuşdu, yazıçının necə öldürüləcəyi dəqiq planlaşdırılmışdı. Bu tələdən də onu Stalin qurtarmışdı. Otuzuncu illərin birinci yarısında Don kazakları arasında aparılan kollektivləşmə prosesində hökumət təmsilçilərinin yol verdikləri dəhşətli işgəncə faktlarıyla bağlı Şoloxov rəhbərə çox cəsarətli bir məktub yazmışdı, məktubunda eşidib-bildiyi müdhiş faktları bircə-bircə qeyd eləmişdi. Stalin yazıçıya cavab məktubunda onun qaldırdığı bir sıra məsələlərlə razılaşmadığını bildirsə də, qəribədir ki, Şoloxov rəhbərin qəzəbinə gəlməmişdi. Bununla belə, məktublarına lazımi reaksiya verilmədiyini, zəruri tədbirlər tökülmədiyini görəndən sonra yazıçı pessimizmə qapılıb içkiyə qurşanmışdı.
***
Romanın son fəslində buzu əriməkdə olan Don çayının üstündən adlayıb evinə yönələn Qriqori Melexov tüfəngini-tapançasını da, üstündə gəzdirdiyi patronları da suya atır. İstər inqilabçılar olsun, istərsə əksinqilabçılar, istər qırmızılar olsun, istərsə də ağlar – hamısı onda ikrah doğurur. O bu neçə ildə bütün doğmalarını, bütün əzizlərini itirib, onun sözün əsl mənasında tifağı dağılıb. Qriqori kənddə olmadığı müddətdə xəstəlikdən, baxımsızlıqdan qızı da ölüb. Bacısı bolşevik çörəyi yeyir, yeznəsi onun qanına yerikləyir. Bu dünyada ona təkcə oğlu qalıb, artıq Qriqorinin varı-yoxu tək Mişatkadır:
“Neyləmək olardı, yuxusuz keçən gecələrdə Qriqorinin həsrətini çəkdiyi o cüzi xoşbəxtlik indi ona nəsib olmuşdu. O, doğma evinin qapısında dayanıb oğlunu qucağına almışdı…
Bu – həyatda onu torpağa, soyuq günəş altında parıldayan bu nəhəng dünyaya hələlik bağlayan yeganə varlıq idi”.
Roman bu cümlələrlə sona çatır.
Qriqori Melexovun sonrakı taleyinin necə olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Əlbəttə, prototiplərindən biri, daha doğrusu, ən başlıcası sayılan Xarlampi Yermakov kimi (yeri gəlmişkən, kazakların tarixində parlaq iz qoymuş Yermakov əsərdə ikinci dərəcəli personaj kimi öz adıyla da çıxış eləyir) bolşeviklər 1927-ci ilin isti bir yay günündə onu da güllələyəcəklər. Əgər o vaxta başı salamat qalsa…
***
Mixail Şoloxov bütün ömrü boyu kazak varlığından, kazak xarakterindən cüda düşmədi. Moskvada təklif olunan təmtəraqlı bağ evindən imtina eləyib doğma stanitsasında gözəgəlimli ikimərtəbə mülk tikdirdi, ölənəcən də həmin evdə yaşadı. Elinin-obasının təəssübünü çəkdi, kazakların dərd-sərini həm yerli, həm də mərkəzi hökumətə çatdırdı. Kəndini, camaatını cəmi dünyaya tanıtdı. Oxucuları, sevənləri planetin hər yerindən onun ziyarətinə gəlirdilər.
Hətta ağır, sağalmaz xəstəliyə mübtəla olduğunu biləndə belə heç bir keyidici dərmanı, ağrıkəsici vasitəni yaxınına qoymadı, ölümünü saniyə-saniyə yaşadı. Ölüm xofuna da yenilmədi, cəhənnəm əzabına da baş əymədi.
1984-cü ilin 21 fevralında, 79 yaşının tamam olmağına üç ay qalmış Şoloxov gözlərini həmişəlik yumdu. Həkimlər günə üç qutu tünd papiros çəkən, üç şüşə tünd içki içən birinin bu qədər yaşadığına heyrət eləyirdilər…
P.S. Ötən əsrin altmışıncı illərinin ortalarında Şoloxovun Azərbaycanda işıq üzü görmüş səkkiz cildinin səkkizinin də tərcüməçisi Cahanbaxş Cavadzadənin xatirəsini hörmətlə, rəhmətlə anıram.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil
Kuklaxana
Kişi əmrinə möhtac kişi düşməni
Qadının kəşfi
Qürubqabağı sevgi
Gilənar qırğını
Tanrı sorağına çıxan bəndələr
Cəhənnəm – başqalarıdır