Cəhənnəm – başqalarıdır
- 04 İyul 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Jan-Pol Sartrın “Bağlı qapılar arxasında” pyesi haqqında
Fəxri Uğurlu
Sartr dünyada həm nasir, həm dramaturq, həm də filosof, esseist kimi tanınır. Onun külli yaradıcılığını gözdən keçirəndə bu xətlərdən hansınasa üstünlük vermək çətin görünür; yəni nasir Sartrı dramaturq Sartrdan (ya da tərsinə), filosof Sartrı bunların hər ikisindən (yaxud tərsinə) üstün tutmaq olmur, çünki o öz fəlsəfi konsepsiyasını hər üç janrda mükəmməl ifadə eləyib.
Bəlli olduğu kimi, Jan-Pol Sartrın yaradıcılığı başqa bir dahi fransız Alber Kamünün yaradıcılığıyla yanaşı Avropa ekzistensializm fəlsəfəsinin ateistik qanadının iki zirvəsindən biri sayılır. Eynən əvvəlcə dostu olub sonradan opponentinə çevrilmiş Kamü kimi o da tək-tək qələm adamlarındandır ki, hər bir yazısı, hər cümləsi konseptual baxışlarına, fəlsəfi sisteminə bağlıdır. İstər esse olsun, istərsə də fəlsəfi traktat, istər novella, roman olsun, istərsə də dram əsəri – hamısı böyük filosofun nəzəri konsepsiyalarının ifadə olunmasına xidmət göstərir. Bu baxımdan onun əsərləri janr, forma, üslub etibarıyla müxtəlif olsa da, məzmun sarıdan bir fəlsəfi sistemin fərqli görüntüləridir.
***
“Bağlı qapılar arxasında” pyesi Sartrın ən məşhur əsərlərindəndir. Pyes bir pərdədən, bir neçə şəkildən ibarətdir. Əsərdə biri kişi, ikisi qadın olmaqla üç aparıcı personaj var – Qarsen, İnes, Estel. Onlardan başqa, epizodik rolda çıxış eləyən daha bir iştirakçıya – mehmanxana xidmətçisinə, daha doğrusu, cəhənnəm qarovulçusuna da ara-sıra rast gəlinir. Tamaşa boyu dekorasiya dəyişmir, hadisələr İkinci İmperiya (1852-1870) üslubunda döşənmiş ürəksıxan bir otel otağında cərəyan eləyir.
Əslində, əsər alleqorik mahiyyət daşıyır, mehmanxana nömrəsi kimi təqdim olunan otaq da otel otağı yox, cəhənnəm kamerasıdır. Buna bənzər saysız-hesabsız kameralara yerüstü həyatında ağır günahlar işləmiş bəşər övladları yerləşdirilir. Bizə göstərilən kamerada hərəsi bir cəhənnəm sakini üçün nəzərdə tutulmuş üç müxtəlif rəngli divan var. Otağın pəncərəsi, nəfəsliyi, divarlarda güzgüsü yoxdur, buranın havası ağır, istidir, ancaq insanı yandırıb bişirmək dərəcəsində qızmar deyil.
Sartrın cəhənnəmi Dantenin cəhənnəminə bənzəmir. Burada qır qazanları, dəhşətli fırtınalar, işgəncə alətləri, cəlladlar, əcinnələr, xortdanlar, vampirlər yoxdur. Kameraya ilk ayaq basan Qarsen bunlara rast gəlməyəndə təəccüblənir, sən demə, cəhənnəm onun təsəvvür elədiyindən çox-çox fərqliymiş. Burada zaman yerimir, işığı söndürmək olmur, yatmaq, başı dincə qoymaq mümkün deyil. Burada ağlamaq olmur, çünki gözdən yaş çıxmır. Burada ölüm də yoxdur, çünki bura gələnlər artıq bir dəfə ölüblər.
***
Qarsenin ardınca qarovulçu kameraya İnesi, ondan sonra Esteli gətirir. Kamera yoldaşları hansı prinsiplə bir otağa yığıldıqlarını anlamırlar. Onların arasında belə bir mükalimə baş verir:
“Estel. Bizi nəyə görə bir yerə yığıblar?
Qarsen. Bu, təsadüfdür. Onlar bura düşən adamları növbəylə hara gəldi yerləşdirirlər. (İnesə) Siz nə üçün gülürsünüz?
İnes. Sizin təsadüflə bağlı fikirləriniz mənə gülünc gəlir. Doğrudanmı hər şeydən əmin olmaq sizə bu qədər lazımdır? Burada heç bir təsadüfə yol verilmir”.
Onlar qoyub gəldikləri həyatı, doğmalarının, tanışlarının onların ölümündən sonrakı davranışlarını, onların arxasınca danışdıqlarını hələlik görüb-eşidə bilirlər. Bu “hələlik” yer üzündə onlar barədə söz-söhbət səngiyənə, onların xatirəsi unudulmağa başlayana qədər davam eləyəcək. Buradan hər şey görünür, ancaq yaşanmış ömrə düzəliş aparmaq, davranışları təshih eləmək mümkün deyil. Mükalimənin yuxarıda misal çəkdiyimdən əvvəlki parçasına diqqət yetirək:
“Qarsen. Mən həyatımı nizama salıram.
İnes gülür
Gülən şəxs də məndən nümunə götürə bilər.
İnes. Mənim həyatım qaydasındadır. Tam qaydasındadır. Mənim ömrüm hələ oradaykən nizama düşmüşdü, odur ki, onun dərdini çəkməyimə ehtiyac yoxdur.
Qarsen. Doğrudan? Düşünürsünüz ki, bu, o qədər asandır? (Alnını ovuşdurur) Necə də istidir. İcazənizlə… (Pencəyini soyunmağa başlayır)
Estel. Ah, yox! (Yumşaq səslə) Yox. Pencəksiz kişiləri görməyə gözüm yoxdur.
Qarsen. (Pencəyini yenidən geyinir) Yaxşı. (Pauza) Mən redaksiyada gecələr çox qalmışam. Orada həmişə cəhənnəm istisi olurdu. (Pauza. Yenidən xatırlayır) Burada da cəhənnəm istisi var. İndi gecədir?
Estel. Hə, artıq gecə düşüb. Olqa əynini soyunur. Yerdə vaxt necə də yeyin axır.
İnes. Hə, artıq gecədir. Onlar mənim otağımın qapısını möhürləyiblər. Otaq zülmətdə bomboşdur.
Qarsen. Onlar pencəklərini stulun söykənəcəyindən asıb, köynəklərinin qolunu dirsəyəcən çırmalayıblar. Adam iyi, siqar qoxusu gəlir. (Sükut) Pencəksiz kişilərin arasında olmaqdan mən yaman xoşlanırdım.
Estel. (Quru səslə) Demək, bizim zövqlərimiz fərqlidir. (İnesə) Sizin pencəksiz kişidən xoşunuz gəlirmi?
İnes. Pencəkli, ya pencəksiz, mənim kişilərdən zəhləm gedir.
Estel. (Onlara təəccüblə baxır) Axı niyə, niyə bizi bir otağa salıblar?
İnes. Nə demək istəyirsiniz?
Estel. Mən hər ikinizə baxa-baxa fikirləşirəm ki, biz bir yerdə yaşayacağıq. Hərçənd düşünürdüm, burada dostlarımı, qohumlarımı görəcəyəm.
İnes. Başında deşik açılmış əziz dostunuzu da deyin.
Estel. Elə onu da. O, tanqo rəqsini ustalıqla oynayırdı. Axı niyə bizi bir yerə qatıblar?..”
***
Cəhənnəm sakinləri bura təsadüfən düşdüklərini, onların təyinatında hansısa səhvə yol verildiyini düşünürlər. Heç biri günahını axıracan boynuna almaq istəmir (bu məsələdə İnes bir az istisnadır). Ancaq hər birinin keçmiş həyatı qalan iki nəfərə bəllidir.
Qarsen pasifist yönümlü qəzet buraxıb. Ölkəsində müharibə başlananda mövqeyindən çəkilib, dostlarını da, əqidəsini də satıb, vətənindən Mexikoya qaçmağa cəhd göstərəndə sərhəd keşikçiləri onu ələ keçirib güllələyiblər. Edam yerinə sürüklənəndə Qarsen özünü şərəfsizcəsinə qorxaq aparıb. On iki əsgərin ona tuşladığı güllənin biri də yan keçməyib. Zavallı arvadı onun on iki yerdən deşilmiş qanlı pencəyini əziz bir xatirə kimi qoruyur, halbuki Qarsen o həlim, fağır, itaətkar qadına əzab, işgəncə vermişdi, daldada işlədiyi əməllər bir yana dursun, ona gözünün qarşısında xəyanət eləmişdi, bir mulat qızı evinə, yatağına salıb, kölə sədaqətli halalca xanımını onun qulluqçusuna çevirmişdi. Zavallı qadın Qarsenin faciəsindən bir neçə ay sonra dərddən çərləyib ölüb. Keçmiş jurnalist etiraf eləyir ki, cəhənnəmə qadınına beş il sərasər çəkdirdiyi əzab-işgəncə ucbatından düşüb. Ancaq qorxaqlığını boynuna almaq istəmir.
İnes cinsi oriyentasiyası dəyişmiş, erkəkləmiş qadındır. O, əmisi oğlunun arvadını əlindən alıb, Floransı ərinə özünün gözüylə baxmağa, sonra da onu özüylə birgə yaşamağa məcbur eləyib. Əmoğlu tramvay altına düşüb öləndən sonra Floransı vicdan əzabı üzüb. Gecələrin birində qadın qalxıb mətbəxdəki qazı açıb. Florans təsadüfən salamat qalsa da, İnes boğulub ölüb. Poçt işçisi olmuş qəddar İnes zalımlığını boynuna alır, bunu bir neçə dəfə dilinə gətirir. Kişi zabitəli bu qadın başqalarına əzab verməkdən, onları incitməkdən, onların iradəsini sındırmaqdan zövq alır. İnes tək qalanda sozaldığını, söndüyünü danmır, ümumiyyətlə, kamera yoldaşlarından fərqli olaraq bu qadın qəddar xarakterini gizlətməyə çalışmır. O, Qarsendən də, Esteldən də ayıq, onlardan gözüaçıqdır, heç bir illüziyaya qapılmır, puç xəyallara bel bağlamır.
Estelin atası dünyadan köçəndən sonra (anası ondan xeyli qabaq ölüb) yaxın dostu, yaşlı da olsa varlı kişi onun yetim qızına evlənmək təklifində bulunub. Qız razılaşıb, birlikdə altı il mehribanca yaşayıblar. Fəqət iki il öncə gənc Estel özünə cavan məşuq tapıb, ondan ötrü əldən-ayaqdan gedən ərinə xəyanət yolu tutub. Hamilə olduğunu biləndə bir bəhanə uydurub məşuquyla birgə İsveçrəyə gedib, göl qırağındakı mənzərəli bir mehmanxanada məskunlaşıblar. Beş ay sonra Estelin qızı dünyaya gəlib. Qadın körpənin boynuna daş bağlayıb gölə atıb. Sevgilisi böyük həvəslə gözlədiyi qızının faciəli ölümünə dözməyib gicgahına güllə çaxıb. Estelsə otaq yoldaşlarını inandırmağa çalışır ki, ölümünə pnevmoniya səbəb olub. Necə deyərlər, əcəl hərəni bir bəhanəylə aparır. İndi ən yaxın rəfiqəsi Olqa Estelin meyidi hələ soyumamış onun cavan istəklisini qarmağına keçirməkdədir, onlar dəfndən sonra birlikdə restorana gedib rəqs eləyirlər.
***
Qəddar İnes kamera yoldaşlarını yüksək səslə, amansızcasına ittiham eləməkdən, onların yarasını qanatmaqdan şeytani bir zövq duyur. Deyir ki, insanlar bizim ucbatımızdan əzab çəkiblər, bizsə onların əzablarından ləzzət almışıq. İndi hesabı ödəmək zamanı gəlib:
“İnes. Dayanın! Mən anladım bizi niyə bir yerə yığıblar… Baxın, hər şey iki vur iki qədər sadədir. Cismani cəza verilmir, bununla belə biz cəhənnəmdəyik. Artıq heç kim gəlməyəcək. Heç kim. Biz həmişəlk burada qalacağıq, üçümüz də birlikdə, tək-tənha. Eləmi? Burada yalnız cəllad çatışmır.
Qarsen. Bəli, elədir.
İnes. Onlar sadəcə xidməti personala qənaət eləyirlər. Vəssalam. Özünəxidmət yeməkxanalarında olduğu kimi – müştərilər hər işi özləri görürlər.
Estel. Nəyi nəzərdə tutursunuz?
İnes. Bizlərdən hər birimiz qalan iki nəfərin cəlladına çevriləcək…”
Beləliklə, Sartrın cəhənnəminin bir əlaməti də budur ki, burada (yəni əslində, yaşadığımız real dünyada) insan insanın cəlladıdır. Böyük filosof deyirdi: insan azadlığa məhkum olunub, insan aramsız, fasiləsiz seçim deməkdir. Buradan belə nəticə çıxara bilərik: fərd yalnız özü olanda, gerçək mövcudluğunun, ekzistensiyasının diktəsiylə davrananda azad olur, cənnətdə olur; qalan bütün hallarda insanın həyatı cəhənnəm əzabıdır. Başqa sözlə, hər kəs öz varlığını kainatın mərkəzi, subyekt kimi hiss eləməlidir, ancaq bir çox halda biz özümüzə başqalarının gözüylə baxır, özümüzü özgələrin icarəsinə verilmiş obyekt yerinə qoyuruq.
Hərçənd bu insanların ömür layihəsi artıq sona çatıb, proyekt icra olunub. Onlar subyekt kimi davranmaq, talelərini seçmək şansını artıq itiriblər. Onlar indi yaşanmış ömürlərini olsa-olsa dəyərləndirə bilərlər, ancaq dəyişmək – əsla! Bununla belə Qarsen yenidən subyektə çevrilməyə, həyatı sıfırlamağa daha bir cəhd göstərir: o, cəhənnəmdaşlarına təklif verir ki, hərə öz içinə çəkilib özünə dalsın, heç kim heç kimi narahat eləməsin, hər kəs öz tənhalığının sərhədləri içində azad yaşasın. Ancaq buna əməl eləmək mümkün olsaydı, cəhənnəm həyatı dönüb cənnət olardı ki…
“Qarsen. Mən sizin cəlladınız olmaq istəmirəm. Sizə pislik diləmirəm, ümumiyyətlə, mənim sizlə bir işim yoxdur. Hər şey çox sadədir. Gəlin şərt kəsək: hər kəs öz küncünə çəkilsin. Biriniz bu küncdə, biriniz o küncdə, mən də burada. Gəlin susaq: ağzımızdan bir söz də qaçırmayaq, yaxşımı? Bu, o qədər də çətin deyil. Hər birimizin öz fikri-xəyalı var. Mənə qalanda, mən lap on min il də susub otura bilərəm.
Estel. Mən susmalıyam?
Qarsen. Hə. Onda bizə qurtuluş ola bilər. Susmaq, öz içinə dalmaq, heç vaxt başını qaldırmamaq…”
***
Göründüyü kimi, Qarsenin təklif elədiyi çıxış yolu, ideal vəziyyət zahidlərin ibadətinə, meditasiyaya bənzəyir. Bu, böyük dramaturqun azadlığa məhkumluqla tənhalığa məhkumluğu eyni həqiqət saydığını, fərdin anarxist təkliyinə varlığın ideal halı kimi dəyər verdiyini sübuta yetirir. Ancaq cəhənnəm sakinləri belə bir mənəvi nemətə tamarzıdırlar. Tezliklə sükut pozulur, kameradaşlar yenidən bir-birinə möhtac qalırlar. Estel Qarsendən güzgü istəyir, di gəl, Qarsen onu eşitmir. İnes deyir çantasında güzgü olub, fəqət kanselyariyada qeydiyyatdan keçəndə onu əlindən alıblar. Bu vaxt Estel gözünü yumub səndələyir, İnes yetişib onu yıxılmağa qoymur:
“Estel. (Gözünü açıb gülümsəyir) Məndə qəribə hiss yaranıb. (Əliylə özünü yoxlayır) Sizdə belə hallar olurmu? Özünə toxunursan, ancaq havayı yerə: sənə elə gəlir yoxsan.
İnes. Bəxtiniz gətirib. Mən öz təbiətimi həmişə hiss eləyirəm.
Estel. Mənim yataq otağımda altı güzgü var. Mən onları görürəm, ancaq heç birində əks olunmuram. Çarpayı, xalça, pəncərələr… güzgüdə görünür, hər şey, təkcə məndən başqa. Sənin əks olunmadığın güzgü necə də bomboş görünür. Kiminləsə danışanda mən elə otururdum ki, heç olmasa güzgülərdən birinə əksim düşsün. O güzgüdə danışdığıma baxa-baxa danışırdım. Özümə başqalarının gözüylə baxırdım, bu da məni əyləndirirdi…”
Özünə özgələrdən baxan Estel, demək, heç vaxt özü olmayıb, öz təbii varlığının, ekzistensiyasının hökmüylə davranmayıb, həmişə başqalarının cızdığı marşrutla hərəkət eləyib. İndi də fürsətcil İnes ondan ötrü güzgü rolunu oynamağa həvəslə razı olur, ona öz gözlərində özünə baxmaq imkanı yaradır. İnes onun zəifliyindən, başqasına möhtaclığından yararlanıb Qarsenə qısqandığı Esteli ələ keçirmək istəyir. Fəqət Estelin gözü yaraşıqlı Qarsendədir, İnesdən fərqli olaraq onun meyli qadınlara yox, kişilərədir.
Estel İnesin gözündəki kiçicik əksinə baxa-baxa dodağına boya çəksə də, çəkdiyi kobud, pinti çıxır. Bir də cəhd göstərəndə İnes onu inandırır ki, indi yaxşıdır, əsl cəhənnəm dodaqları alınıb. Estel İnesin verdiyi qiymətlə kifayətlənmir, Qarsenin də onun gözəlliyinə baxıb dəyər verməsini istəyir, təkidlə Qarseni tənhalıq yuxusundan ayıldıb onun diqqətini özünə cəlb eləyir.
Qarsen bir daha onlardan qulaq dincliyi diləyir, deyir ki, redaksiyada onun barəsində danışırlar, o da haqqında danışılanları eşitməyə çalışır. Fəqət burada dinclik yoxdur, cəhənnəm sakinləri yaşadıqları ömrə bəraət qazandırmaq üçün başqalarından müsbət rəy almalıdırlar, eynən yeni işə düzələnlərin köhnə işdən xasiyyətnamə, böyüklərdən zəmanət aldıqları kimi. Öz rəyləri, fikirləri onlara artıq yetmir, çünki özləri yoxdurlar, vaxtında layiqincə yararlanmadıqları azad seçim imkanlarını itiriblər, büsbütün başqalarının rəyinə möhtac, özgələrin fikrindən asılı qalıblar.
***
Qarsen yaxşı bilir ki, orada – yer üzündə hamı onu qorxaq sanır, bu səbəbdən heç kim ona acımır, onun xatirəsini əziz tutmur. İnes qorxaqlığını, satqınlığını, əxlaqsızlığını onun üzünə dönə-dönə vurur, məsum, yesir arvadını həyasız küçə pozğununun qulluğunda durmağa məcbur elədiyinə görə onu əclaf, yaramaz adlandırır.
Məsələ burasındadır ki, bu üç nəfərin bir-birinə tutduğu iradların, bir-birinin üzünə oxuduğu günahların hamısı həqiqətdir. Əlbəttə, həqiqət hamının – pisin də, yaxşının da karına gəldiyinə görə ən alçaq adamın da dilindən səslənə bilər. Bu cəhənnəm kamerasında da vəziyyət belədir – hamı hamının hakimi, hamı hamının cəlladı, hamı hamının cəhənnəmidir. Heç kim özünü özgələrin gözüylə görmədən, başqalarından qiymət almadan rahat yaşaya bilmir.
Qarsen qadınlardan susub öz içinə dalmağı, hər şeyi unutmağı bir daha tələb eləyəndə İnes hövsələdən çıxır:
“İnes. Unutmaq?! Bu nə uşaqlıqdır! Mən sizi öz içimdə hiss eləyirəm. Sizin sükutunuz mənim qulağımı çığırtı kimi batırır. Siz ağzınızı yuma bilərsiniz, dilinizi kəsə bilərsiniz, məgər bunlar sizin varlığınıza əngəl ola bilərmi? Fikrinizi necə, susdura bildinizmi? Mən onu eşidirəm, sizin düşüncəniz zəngli saat kimi cingildəyir, inanıram ki, siz də mənim fikrimi beləcə dinləyirsiniz. Nahaq yerə öz divanınızın üstündə domuşmusunuz, siz – hər yerdəsiniz; səslər belə mənim qulağıma tərtəmiz gəlib çatmır, çünki onlara siz də qulaq asırsınız. Hətta mənim sifətimi də oğurlamısınız: siz onu görürsünüz, mənsə yox. Bəs bu qadın? Siz onu da mənim əlimdən aldınız: əgər biz ikilikdə olsaydıq, o mənimlə bu cür davranmağa cəsarət göstərərdimi? Əsla! Əlinizi üzünüzdən götürün, mən sizə dinclik verəsi deyiləm, bunu heç arzulamayın. Siz burada oturub Budda kimi hissiz-duyğusuz bir halda özünüzə dalacaqsınız, mənsə gözlərim bağlı olsa da, duyacağam ki, bu qadın sizə paltarının xışıltısına qədər cürbəcür incə, zərif səslər, sizin görmədiyiniz təbəssümlər göndərir… Yoox! Mən özümə cəhənnəm seçməkdə azadam: sizə gözüm dolusu baxacağam, sizinlə açıq döyüşəcəyəm”.
***
Kişi düşməni İnesin təzyiqinə davam gətirməyən Qarsen onun təhqirlərini kişi düşgünü Estelin sevgisiylə kompensasiya eləməyə çalışır. Qarsen özünü bu sarışın qadına, körpə qatilinə sevdirməyə, qorxaq olmadığına dair ondan arayış almağa cəhd göstərir. Ancaq olub-keçmişləri dəyişmək mümkün deyil – Estel qorxaq kişini sevə bilməyəcəyini açıq söyləyir. Üçlük arasında nifrət, mübarizə ovqatı gücləndikcə hər kəs özünə müttəfiq tutmaqla amansız savaşı udmağa çalışır. Qarsenlə Estelin ittifaqı daha real görünür, di gəl, jurnalistin bu əxlaqsız qadını sevməyi də mümkünsüzdür, bu barədə o da açıq danışır:
“Qarsen. Mən sənə əlimdən gələn hər şeyi verməyə hazıram. Bu, çox deyil. Ancaq səni sevə bilməyəcəyəm, çünki səni çox yaxşı tanıyıram.
Estel. Sən məni istəyirsən?
Qarsen. Hə.
Estel. Mənə başqa heç bir şey gərək deyil…
Qarsen. Yanıma gəl, üzümə bax. Nə qədər ki yerdə məndən danışırlar, kiminsə mənə baxmağına ehtiyacım var. Yaşıl gözdən xoşum gəlir.
İnes. Yaşıl gözdən? Bax ha! Bəs sən necə, Estel? Qorxaqları bəyənirsənmi?
Estel. İnan ki, məndən ötrü fərqi yoxdur. Qorxaq olsun, igid olsun, təki öpüşməyi bacarsın…
Qarsen. Yerdəki dostlarım mənim qorxaq olduğum qənaətinə gəldilər. Yarım ildən sonra birini dəyərləndirəndə belə deyəcəklər: Qarsen kimi qorxaqdır. İkinizin də bəxti gətirib, sizi daha yerdə heç kim xatırlamır. Mənim qismətim dözülməzdir… Onlar məni unutmurlar. Onlardan sonra estafeti başqaları götürəcək: mənim həyatım onların əlində qaldı… Mən oyundan kənaram, onlar mənsiz nəticə çıxarırlar… Mənim ömrüm ictimai mala-mülkə çevrildi”.
Qarsen sadəlövh bir inamla düşünür ki, əgər Estellə bir-birini sevə bilsələr, hər ikisi bir-birinə saf ürəkdən inansa, cəhənnəmin bağlı qapıları onların üzünə açılar, xilas olarlar. Estel onun qorxaq olmadığına inanmaqdan boyun qaçırır, deyir ki, əgər Qarsenə inanmağını istəyirsə, birinci gərək Qarsen özü ona inansın. İnes onların mükaliməsini istehzayla qarşılayır, onun fikrincə, Estelə yalnız kişi əli, kişi qoxusu, ehtirasla parlayan kişi gözləri lazımdır, bu istədiklərini alandan sonra o, kişini Tanrıya da tay tuta bilər. Qarsen buna inanmaq istəmir, Esteldən cavab tələb eləyir, Estelsə deyir ki, belə işlərdən başı çıxmır, lazım gəlsə, lap qorxaq kişini də sevə bilər.
Bu cavabdan sonra Qarsen ondan iyrənir, qapını döyəcləyib otaqdan çıxmaq istəyir. Qapı açılanda isə heç kim, elə Qarsen özü də kameranı tərk eləmir. Qarsen soyuq ağıllı İnesə qorxaq olmadığını, başqa yolu qalmadığına görə ölkədən qaçmaq istədiyini sübuta yetirməyincə yerini dəyişə bilməz. Bu isə heç bir zaman baş verməyəcək, çünki artıq olan olub, keçən keçib, can qorxusu yaşanmış ömrə rüsvayçılıq damğasını vurub.
***
İnesi oyundan kənar qoymaq üçün Qarsenlə Estel sevgi oyunu oynamağa başlayırlar. Fəqət İnesin qəddar baxışları altında sevişmək, qovuşmaq mümkün deyil. İşıq da ki, heç vaxt sönmür – oturuşmuş təsəvvürdən fərqli olaraq Sartrın cəhənnəmi qaranlıq yox, məhz gur işıqlı yerdir. İnes deyir ki, daima göz qırpmadan onlara baxacaq, həmişə iti nəzərləri onların üstündə olacaq.
Qarsen buxarının üstündəki tunc heykəlciyə sarı gedir, ancaq onu yerindən dəbərtmək heç bir bəşər övladının gücü çatası iş deyil. Estel masanın üstündəki bıçağı götürüb İnesin üstünə atılır, ona bir neçə zərbə endirir. Fəqət ölüb ölümdən keçmiş adamı nə bıçaqla, nə zəhərlə, nə də kəndirlə yenidən öldürmək olmaz. Ölüm artıq geridə qalıb.
Bu məqamda Sartr özünün ən məşhur kəlamını jurnalist Qarsenin dilindən bəyan eləyir: “Cəhənnəm – başqalarıdır”. Bu kəlamı tərsinə də çevirmək olar: “Başqaları – cəhənnəmdir”.
Lev Tolstoy yəqin belə deyərdi ki, cənnət başqalarıdır. Ancaq Sartr Tolstoy deyil, onun nə Tanrıya, əbədiyyətə, nə ruha, nə o dünyaya, nə də cənnət-cəhənnəmə etimadı var. Bu cəhənnəm səhnəsi də bir dini metafora, yaxud fəlsəfi alleqoriyadır. Jan-Pol Sartr “Bağlı qapılar arxasında” əsəriylə dünyanı cəhənnəm səhnəsi, həyatı cəhənnəm kamerası kimi qələmə verir. Onun fəlsəfi menyüsündə ekzistensial tənhalıqdan başqa cənnət yoxdur.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil
Kuklaxana
Kişi əmrinə möhtac kişi düşməni
Qadının kəşfi
Qürubqabağı sevgi
Gilənar qırğını
Tanrı sorağına çıxan bəndələr