Gilənar qırğını
- 13 İyun 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi haqqında
Fəxri Uğurlu
Çexov təkcə nəsrdə yox, dramaturgiya sahəsində də inqilab eləmiş yazıçıdır. O, Şekspirdən sonra pyesləri ən çox səhnələşdirilən dramaturq sayılır. Şekspirin otuz yeddi dram əsərinin müəllifi olduğunu, Çexovunsa dünyada əsasən dörd pyeslə tanındığını nəzərə alsaq, onu siyahıda Şekspirdən də qabağa keçirmək olar.
“Yeni dram”ın İbsendən başlanan yolu Çexovda zirvəyə çatıb. O, klassik dramaturgiyanın ta antik dövrdən bəri qüvvədə olan bütün ehkamlarını, kanonlarını söküb dağıdıb, yerində yenilərini yaradıb. Onun pyesləri dünya dramaturgiyasının, teatr sənətinin sonrakı inkişafına, o cümlədən absurd teatrın yaranmasına həlledici təsir göstərib. Möhtəşəm dördlüyün (“Qağayı” – 1895; “Vanya dayı” – 1896; “Üç bacı” – 1900; “Albalı bağı” – 1903) ilk qaranquşu olan “Qağayı” pyesinin 1896-cı ildə Peterburq teatrında nümayiş olunmuş premyerası iflasa uğrasa da, ondan sonraklı yüz neçə ildə Çexovun dram əsərləri dünya teatrının səhnəsindən bir gün belə düşməyib.
***
1903-cü ildə tamamlanmış “Albalı bağı” böyük dramaturqun sonuncu pyesidir. Müəllifin təsbitinə görə, bu əsər janr etibarilə komediyadır. Ancaq klassik kanonlarla yanaşsaq, pyes komediyadan çox tragediyaya bənzəyir, hərçənd onu klassik mənada faciə də saymaq olmaz. Mütəxəssislər “Albalı bağı”na filoloji yanaşmada daha çox dram janrının üstündə dururlar, ancaq bu təsbitin özü də mübahisəlidir.
Həm üslub, həm forma, həm də kompozisiya baxımından bu əsər ənənəvi dramaturgiyadan kəskin fərqlənir. Burada personajlar müsbətə-mənfiyə bölünməyiblər, konflikt, intriqa yoxdur, eləcə dairəvi süjet var, baş qəhrəman yoxdur, başlıca qəhrəmanlar var, müəllifin müdafiəsinə qalxdığı vahid ideya yoxdur, bir-biriylə dinc yanaşı yaşayan düşmən ideyalar var, daha doğrusu, bu ideyaların yedəyində gedən, onların təcəllası olan adamlar var. Burada faciəylə komediya o qədər qaynayıb-qarışıb, o qədər iç-içədir ki, bu əsəri tragikomediya adlandırmaq da çətindir; pyesdəki hər bir personaj komedik duruma düşmüş tragik obrazdır.
Çexovun dramlarında hadisələr əsasən pərdə arxasında baş verir, səhnədə biz onların əks-sədasını eşidirik. Guya təsadüfən dildən çıxan replikaların, tez-tez təkrarlanan pauzaların mənasını, eləcə də filan ikinci dərəcəli obrazın əsərə nədən ötrü salındığını hər saat anlamaq olmur. Bu cəhətlərinə görə mütəxəssislər Çexov dramaturgiyası haqqında “sualtı axın” ifadəsini işlədirlər – yəni üzdə görünən süjetin üzdən baxanda görünməyən mahiyyəti, alt qatı da var, əsl baş verənlər orada, o qatda baş verir (Bu bənzətmə sonralar Heminquey nəsrinə şamil olunan “aysberq prinsipi”nə çox yaxındır). Burada obrazlar elə bil bir-biriylə yox, öz-özünə danışır. Sualla cavab çox vaxt bir-birinə uyuşmur, bir-birini tamamlamır. Adamlar bir-birinin iç dünyasından xəbərsizdir, hamı yiyəsiz, hamı başlı-başınadır. Hər kəs özgənin dərdinə, ağrısına kar-kordur, hər kəs tənhadır. Çexovun əksər personajı küçədə qol götürüb içindəki havaya oynayan sinir xəstəsinə bənzəyir, ona gülməmək də çətin, acımamaq da çətindir.
***
“Albalı bağı” pyesi dörd pərdədən ibarətdir. Birinci pərdədə bağın, bütövlükdə mülkün yiyəsi Lyubov Andreyevna Ranevskaya beş illik ayrılıqdan sonra Fransadan vətəninə, evinə qayıdır. Bu müddətdə dəbdəbəli Paris həyatı, yedəyində özüylə daşıdığı müftəxor, fırıldaqçı məşuqu bu sadəlövh, ürəyiyumşaq, səxavətli qadını iflasa uğradıb. Tək övladı, qəlbi yenicə pardaqlanan, romantik arzuların qanadlarında süzən on yeddi yaşlı qızı Anya da anasıyla birlikdə baba yurduna dönüb. Ana-bala da, onları doğma yurdda qarşılayanlar da çox xoşbəxt görünürlər, hərçənd bu xoşbəxtliyin tərkibindəki kədər elementləri adi gözlə də seçilir.
Bu beş il ərzində mülkü Ranevskayanın bir vaxt övladlığa götürdüyü iyirmi dörd yaşlı Varya – ciddi, imanlı, ağıllı, təsərrüfatcıl qız idarə eləyib. Söz gəzir ki, tacir Lopaxin onunla evlənmək istəyir; bu istək Varyanın da ürəyincədir, hər ikisi işgüzar, zəhmətkeş olan bu adamlar bir-birinə son dərəcə uyğun tiplərdir, onların birgəliyi, şübhəsiz, hər ikisinə böyük uğur gətirər, ancaq Lopaxin nədənsə qıza təklifdə bulunmağa tələsmir, onu gözlədən nəsə var.
Lyubov Andreyevnanın əlli bir yaşlı qardaşı Leonid Andreyeviç Qayev fikri dağınıq, xəyalı keçmişdə dolaşan, kəlməbaşı səy-səy danışan, heç bir praktiki işdə əli olmayan, nitqində tez-tez bilyard terminləri işlədən pəjmürdəhal qoca subaydır. Qayevin bir insan tipi kimi özünün tam tərsi olan savadsız mujik oğlu Lopaxini görməyə gözü yoxdur, onu kobud, sırtıq adam sayır, ona üstdən-aşağı baxır. Bacısı qızları, elə bacısı özü də tez-tez ondan yersiz danışmamağı, dilinə kilid vurmağı xahiş eləyirlər, o da hər dəfəsində onlara söz verir, di gəl, çox keçməmiş verdiyi sözü unudur.
Yermolay Alekseyeviç Lopaxin fərasətli tacir, bacarıqlı iş adamıdır. Babası təhkimli kəndli olub, atası xırda dükan işlədib. Yermolay ata-babasından çox-çox irəli gedib. O, keçmişini danmır, əksinə, bunu tez-tez yada salır. Bisavad olduğunu dilə gətirməkdən də utanmır, açıq deyir ki, hərdən əlinə kitab götürüb oxuyur, amma oxuduğundan heç nə anlamır. Lopaxin yaxşı xatırlayır ki, kobud, əyyaş atası onu döyüb ağzının-burnunun qanını bir-birinə qatanda mərhəmətli Lyubov Andreyevna on beş yaşlı mujik balasını ağaların istifadə elədiyi əlüzyuyana aparıb onun üz-gözünü necə qayğıkeşliklə yumuşdu. Onda xanımın iyirmi yaşı ancaq olarmış. O zamandan Lopaxinin ürəyində Lyubov Andreyevnaya qarşı güclü bir minnətdarlıq duyğusu, çox güman, həm də gizli sevgi baş qaldırıb. Hər nədirsə, mujik oğlu keçmiş xanımına dərin rəğbət bəsləyir, onu çətin vəziyyətdən çıxarmağa çalışır. Bəlkə də bununla özünü onun yanında təsdiqləmək, hər zaman aşağıdan-yuxarı baxdığı xanımına özünü sevdirmək istəyir.
***
Pyotr Sergeyeviç Trofimovu ömürlük tələbə adlandırırlar. Otuz yaşının tamamlanmasına az qalıb, ancaq Petya hələ də təhsilini başa vura bilməyib, yəqin ki, tələbə iğtişaşlarında iştirakına görə iki dəfə universitetdən qovulub. Pyotr Trofimov vaxtilə Ranevskayanın, atasının ölümündən bir müddət sonra çayda boğulmuş yeddi yaşlı oğluna dərs deyib. Petya dürüst, gözütox, ölkəsinin, xalqının gələcəyini daim düşünən xəyalpərəst oğlandır. Anyaya aşiq olsa da, bunu boynuna almaq istəmir, deyir ki, onların münasibəti sevgidən ucadır. Bax bu “sevgidən uca” nə deməkdir, bilinmir. İrəlidə buna aydınlıq gətirməyə çalışacağıq.
Şarlotta İvanovna Anyanın tərbiyəçisi, illərdən bəri Ranevskayanın qoltuğunda yaşayan başsız qadındır. Deyir ki, bu dünyada heç kimi yoxdur, düz-əməlli sənədi olmadığına görə yaşını da dəqiq bilmir. O heç hansı millətə mənsub olduğunu da bilmir, onu övladlığa götürmüş valideynləri səyyar sirk artistləri olublar. Onların ölümündən sonra Şarlottanı bir alman xanım saxlayıb. Ata-anasının nikah bağlayıb-bağlamadığını, yəni bu dünyadakı mövcudluğunun qanuni olub-olmadığını da bilmir. Nə qohumu var, nə doğması, nə əqrəbası. Bir sözlə, qadın xaosun qoynunda məqsədsiz, məramsız, hədəfsiz, istiqamətsiz fırlanır.
Boris Simeonov-Pişik daim kredit faizlərini ödəmək üçün ondan-bundan borc alan (ancaq sonra da qaytaran) qonşu mülkədardır. Hər dəfə ipi üzülməkdə olanda onun bəxti gətirir – birində torpağından dəmir yol keçdiyinə görə hökumət ona kompensasiya ödəyir, birində də ingilislər onun mülkündə ağ gilə bənzər qiymətli material tapırlar.
Kontorçu Semyon Panteleyeviç Yepixodov isə bəxtindən yarımayan, hər addımda xırdaca bir qəzaya, cürbəcür gülünc hallara düşən uğursuz, mənhus taleli adamdır. Fələyin onu vurmağa müdam hazır olduğunu bildiyinə görə cibində dolu tapança gəzdirir, onun intiharının çaxmağı çəkilidir. Qulluqçu Dunyaşadan xoşu gəlsə də, xanımının böyründə Parisdən qayıtmış sırtıq lakey Yaşa araya girir, bundan sonra hərdəmxəyal Dunyaşa Yepixodovdan soyuyub Yaşanın üstündə gətirdiyi Paris havasının ətrindən məst olur. Yepixodov deyir ki, hər səhər yuxudan oyananda yaxasına nəhəng bir hörümçəyin qonduğunu görür. Heç on il keçməyəcək, həmin bu Yepixodov Kafkanın “Çevrilmə”sində Qreqor Zamza adıyla zühur eləyəcək.
Səksən yeddi yaşlı qoca lakey Firs Ranevskayanın mərhum ata-babasının belə dünyaya gəlişini xatırlayır. Bu ailənin neçə nəsli onun əlində böyüyüb. Vaxtilə onu evləndirib ayırmaq istəsələr də, razılaşmayıb, ağalıq evində qulluq göstərməyi hər şeydən üstün tutub. Təsadüfi deyil ki, Firs təhkimçilik hüququnun ləğvinə də sadə xalqın fəlakəti kimi baxır. O, bir zaman albalı bağından necə nəf götürüldüyünü, qurudulan, turşuya qoyulan, mürəbbəsi bişirilən gilənarın yaxşı pula getdiyini həsrətlə xatırlayır. İndi isə bu işləri görən yoxdur, köhnə üsullar büsbütün unudulub. Qoca lakey xəstə, düşgün canıyla əlli bir yaşlı Qayevi uşaq kimi otarır, bu mənasız adamın geyinib-kecinməsinin, yeyib-yatmasının qayğısıyla yaşayır.
***
Elə birinci pərdədəcə Lopaxin ağalara elan eləyir ki, avqustun 22-də albalı bağı borca görə hərraca çıxarılacaq.
İndisə hələ may ayıdır, gilənar ağacları təzəlikcə çiçək açıb, bağ cənnətə bənzəyir. Albalı bağı həqiqətən bu evin sahibləri üçün cənnət bağıdır, bir o bağ, bir də divarları arasında böyüdükləri bu ev onların xoşbəxt, qayğısız keçmişinin rəmzidir. Albalı çiçəklərinin fonunda Ranevskayanın gözünə anasının ruhu görünür. Qayev isə bir zaman uşaq otağının pəncərəsi qabağında oturub, kilsəyə gedən atasını gözüylə necə izlədiyini xatırlayır. Belə-belə xatirələr bacı-qardaş üçün olduqca əzizdir, onlar keçmişlə nəfəs alırlar. Hətta Qayev riqqətə gəlib evdəki yüzillik kitab dolabının şəninə təmtəraqlı bir nitq söyləyir, onların bilik, zəka mənbəyi olan kitabları qoynunda bəsləyib qoruyan dolabı vəsf eləyir.
Bacı da, qardaş da uşaq kimidir (təsadüfi deyil ki, birinci səhnə uşaq otağında vaqe olur), onların praktiki işlərdə, təsərrüfatda, alverdə qətiyyən əlləri yoxdur. Pulu təyinatı üzrə xərcləməyi bacarmırlar, gəlirlərini-çıxarlarını bilmirlər. Evdəki qulluqçuların aclıq çəkdiyi bir vaxtda Lyubov Andreyevna yoldan keçən bir əyyaşa qızıl pul bağışlayır. Varya bunu onun üzünə vuranda qadın nöqsanını boynuna alır, ancaq yenə özünə güc gələ bilmir.
Anya bacılığına anasının Parisdə nələr çəkdiyini, mülkü satıb bina evinə köçməyə məcbur olduqlarını, ehtiyac içində yaşadıqlarını danışır. Getdikcə aydın olur ki, yüngülbeyin, sadədil Ranevskayanın vurulduğu fırıldaqçı əclaf qadını yağı malı kimi talayıb, qadın nəyi varsa ona qurban verib. Üstəlik, Lyubov Andreyevna düz üç il sərasər hansısa xəstəliyə mübtəla olmuş məşuqunun qulluğunda durub, onun həm xərclərini, həm də nazını çəkib. Sağalandan sonra yaramaz məşuq sevgilisinin var-yoxunu silib-süpürüb aradan çıxıb. Biçarə qadın ata yurduna qayıtmağa məcbur qalıb.
İndi yenə o fırıldaqçı teleqramı teleqram dalınca göndərir – görünür, yenə dara düşüb, arxayındır ki, ürəyiyumşaq qadın onu bu dəfə də bağışlayacaq. Ranevskaya birinci pərdədə o teleqramları oxumamış cırıb atır; ikincidə eləcə çantasında saxlayır; üçüncüdə açıb oxuyur; dördüncüdə isə…
***
Beləliklə, qoçaq, ağıllı, işbilən Lopaxin zamanın çağırışlarını eşitməyən, dövranla ayaqlaşmayan mülkədarları inandırmağa çalışır ki, vəziyyət qətiyyən çıxılmaz deyil. Çıxış yolu da budur: albalı bağını hissələrə bölüb şəhər adamlarına bağ yeri kimi kirayəyə vermək lazımdır, bunun üçünsə gilənar ağacları qırılmalı, ərazi təmizlənməlidir. Onsuz da albalı bağı qazanc gətirmir, ağaclar iki ildə bir dəfə bar verir. Məsləhəti dinləsələr, bu tədbir onlara hər il iyirmi beş min rubl qazanc gətirəcək (bu isə o zaman üçün çox böyük puldur), borc-xərclərini ödəyəcəklər, üstəlik, mülk əllərində qalacaq. Bundan ötrü onların yalnız bir quruca sözü, razılığı lazımdır, qalan işləri o özü düzüb qoşacaq. Vaxt gözləmir, torpaq hərraca çıxarılmamış təcili qərar vermək lazımdır. Üstəlik, Lopaxin eşidib ki, varlı bir tacir albalı bağına müştəri çıxıb, buranı almaq niyyətindədir.
Bacı-qardaş hər dəfə onun sözünü qulaqardına vurur. Qayev hətta bu “ədəbsiz” təklifinə görə Lopaxinə həqarətlə baxır. Onlardan ötrü albalı bağını satışa çıxarmaq ata-babalarının ruhunu, keçmişlərini, müqəddəs bildikləri nə varsa, hamısını satmağa bərabərdir. Praktik ağıl bacı-qardaşa tamamilə yad-yabançıdır, onlar belə gözəl bir bağı qazanc üçün bölüb-bölüşdürüb kirayəyə verməyi, estetik, mistik, müqəddəs bir varlığı bazar matahına çevirib piştaxtaya çıxarmağı çox bayağı, ucuz, hətta ayıb iş sayırlar. Qayev özündən fantastik planlar uydurur, gah Anyanı Yaroslavldakı bibilərinin yanına göndərməklə, gah qıza varlı bir adaxlı tapmaqla, gah da lotereya biletinin külli miqdarda uduşa düşəcəyinə ümidini bağlamaqla vəziyyətdən çıxacaqlarını xəyal eləyir. And içib bacısı qızlarını arxayın salmağa çalışır ki, mülkün əldən getməsinə, bağın satılmasına heç vəchlə yol verməyəcək. Təcrübəli Varya onun fantaziyasının dozanı aşdığını anlasa da, sadəlövh Anya dayısına inanır.
Ranevskaya isə düşünür ki, bütün bunlar onun günahlarının cəzasıdır. O, böyüklərin sözünə baxmayıb, dvoryan nəslindən olmayan birinə ərə gedib. Bu günahının müqabilində onun əri, özü demiş, “şampan içməkdən” ölüb. Az sonra qadın özünə məşuq tapıb, onun da cəzasını oğlunun çayda batmasıyla alıb. Bundan sonra öz yurdunda duruş gətirə bilməyib, baş götürüb Fransaya getməklə dərdini ovutmağa çalışıb. Məşuqu da onun boğazından asılıb. Orada pullarını sağa-sola saman kimi səpələyiblər. Sonra məşuqu olan-qalan pulları çırpışdırıb təzə məşuqəsinin yanına qaçıb. İndi də onu yenidən geri çağırır.
Ranevskaya ona yalvaran, onun ürəyini yumşaltmaq üçün xəstələndiyini yazan məşuqunun halına yanmağa başlayanda Petya Trofimov dəhşətə gəlir, elədiyi bütün əclaflıqlardan sonra bu alçağın qeydinə qalmağa qadını nə vadar elədiyini ondan soruşanda Ranevskaya özünə xas olmayan şəkildə əsəbiləşib Petyanı təhqir eləyir, deyir ki, həmin adamı sevir, ömürlük tələbənin belə şeylərdən başı çıxmaz, çünki otuz yaşı haqlasa da, indiyəcən bir sevgilisi olmayıb. Bütün əsər boyu biz Ranevskayanın tək bu məqamda səmimi qəlbdən əsəbiləşdiyini görürük, halbuki torpağı, mülkü əldən gedəndə belə o heç kimə qəzəblənmir, yalnız ağlamaqla ürəyini boşaldır.
***
Varya Anyanı Petyaya qısqanır, onların baş-başa qalmasına imkan verməməyə çalışır. Buna görə Trofimov Varyadan xoşlanmır, qızı qıcıqlandırmaq, onun döyənəyini basdalamaq üçün arabir onu “Lopaxina” deyə çağırır. Ranevskaya Varyanı almağı Lopaxinə açıq şəkildə təklif eləsə də, tacir dilini sürüyüb konkret cavab vermir, nala-mıxa döyür.
Trofimovu isə evlənmək maraqlandırmır, onun Anyaya münasibəti “sevgidən ucadır”. Hərçənd Lyubov Andreyevna Anyanı ona verməyə hazırdır, bir şərtlə ki, ömürlük tələbə təhsilini başa vurub töhməti üstündən götürsün, iş-güc, qazanc, nüfuz yiyəsi olsun. Petya qızın beynini doldurur ki, albalı bağı heç də müqəddəs deyil, onun ata-babası sadə adamların əzabları hesabına dolanıb; bu bağın hər meyvəsi bir kölənin, bir cəfakeş mujikin qan sağılmış gözüdür, bir sözlə, bu ağacların gətirdiyi meyvə deyil, irin-qandır. “Bütün Rusiya bizim bağ-bağçamızdır” deyir Trofimov. Belə danışa-danışa Petya bağı qızın gözündən salır, Anya açıq etiraf eləyir ki, daha albalı bağını sevmir, bu ağaclara hayıfı gəlmir.
Nəhayət, hərrac keçirildiyi gün Ranevskaya malikanədə təmtəraqlı bal təşkil eləyir, olan-qalan pulunu da buna xərcləyir. Belə bir isterik addımla qadın yəqin şüursuz şəkildə özünü ağır xəbərdən sığortalamağa çalışır. Qayevlə Lopaxin hərracdan qayıdırlar. Albalı bağı, əlbəttə, satılıb! Bəs alan kimdir? Əlbəttə, bir başqası yox, Lopaxin özü! Həmin varlı tacirlə gərgin yarışa girib, sonda qiyməti doxsan min rubla qaldırmaqla hərracı udub.
Lopaxin heç vaxt olmadığı qədər xoşbəxtdir, bunu gizlətməyə çalışmır da. Bir zaman onun ata-babası bu malikanədə nökərçilik eləyib, onları mətbəxə belə buraxmayıblar. İndi isə həmin babanın nəvəsi, həmin atanın oğlu dünyada misli-bərabəri olmayan gözəl bağı satın alıb. Artıq dövran onun dövranıdır, albalı bağı onundur! Lopaxin albalı bağının misilsizliyini ləzzətlə vurğulasa da, o misilsiz gözəllikdən zövq almağa vaxt ayırmadan ağacları təcili doğratmağa başlayır. Ondan ötrü vaxt qızıldır.
Ranevskaya göz yaşı tökür, ancaq nə fayda? Lopaxin deyir, axı mən sizə dönə-dönə yalvardım, çıxış yolu göstərdim, sizsə məni dinləmədiniz. İndi artıq gecdir, heç nəyi geri qaytara bilməzsən. Varya hikkəsindən bir topa açarı yerə, Lopaxinin ayaqları altına atır. Bu, o deməkdir ki, qız daha bu mülkü idarə eləmək fikrində deyil. Şübhəsiz, bu hərəkətindən sonra Lopaxin də ona belə bir təklifdə bulunmayacaq. Ancaq Varya hələ də gözləyir, boşalmaqda olan otaqda cürbəcür bəhanələrlə eşələnir ki, bəlkə buynuzu qarnında olan bu tacir dilə gələ. Tacirdənsə səs çıxmır.
***
Artıq oktyabr ayıdır. Köhnə sakinlər evi boşaldırlar. Bu evin hər daşı-divarı onlara əzizdir, bu mülk də, o bağ da onların həyatının mənası, həm də rəmzidir. Albalı bağı idillik zamanın, ağalıq dövranının simvoludur. İndi bu dövran bitib, tezliklə bağ qırılacaq, bütöv bir epoxanı özüylə aparacaq. Feodalizmdən kapitalizmə, dvoryanların hökmran olduğu aristokrat dünyasından tacirlərin at oynatdığı burjua erasına keçid başlanacaq.
Ranevskaya ilə Qayev keçmişi təmsil eləyirlər. Lopaxin indiki zamanın qəhrəmanıdır. Pyotr Trofimov (onun təsiri altında Anya da) gələcəklə yaşayır, ancaq onun gələcəyinə dair proqnoz vermək elə də asan deyil. Ranevskaya (eləcə də Qayev) romantik-idillik, Lopaxin praqmatik-gerçəkçi, Trofimov (eləcə də Anya) sentimental-şairanə dünyagörüşü təmsil eləyir.
Petya da bir növ boşboğazdır, daim işləməyin, zəhmət çəkməyin vacibliyindən dəm vurur, özü isə heç bir iş görmür. Onun sosialist olduğu, gələcəkdə bolşeviklərə qoşulacağı daha çox güman olunur. Ancaq mən Trofimovu daha çox anarxist kimi, Bakuninin, Kropotkinin yetirməsi qismində təsəvvürümə gətirirəm. Onun sevgidən, ailədən “ucada” durmağa çalışması da bundan xəbər verir – anarxist özünü dövlət, millət, cəmiyyət, din, təriqət, nəsil, ailə kimi anlayışlarla zəncirləməz, ondan ötrü mütləq fərdi azadlıq hər şeydən üstün, hər şeydən dəyərlidir. Buna görə də Petyanın Anya ilə xoşbəxt ailə quracağına inanmaq çətindir.
***
Hamı dağılışır. Artıq bağdan balta səsi gəlir, demək, albalı ağaclarını doğramağa başlayıblar. Ranevskaya xahiş eləyir ki, o gedənəcən bağı yaralamasınlar. Qayev, Lopaxin, Trofimov xanımı yola salırlar.
Hamının səmti bəllidir: Ranevskaya Parisə, xain məşuqunun qulluğuna qayıdır, orada o, Yaroslavldakı nənənin Anya üçün (qardaşı qızı dvoryanla ailə qurmadığına görə bibisi ondan incikdir) göndərdiyi pulla bir müddət gün keçirəcək, pul qurtarandan sonra Rusiyaya qayıdıb qızıyla bir yerdə yaşayacaq.
Varya tanış mülkədarın evində təsərrüfat müdiri kimi işə başlayacaq. Ərə getmək ona qismət olmayacaq. Gəlinlik yaşı ötəndən sonra Varya monastıra çəkiləcək, çünki xidmət göstərmək onun fitrətindədir. İnsanlarla alınmırsa, Allahın qulluğunda durmaq lazımdır.
Trofimov Moskvaya yollanıb təhsilini başa vuracaq. Lopaxin ona pul vermək istəsə də, Petya götürmür, özünü azad insan saydığını, başqalarının köməyindən asılı olmaq istəmədiyini söyləyir.
Anya da Petyaya qoşulub gedəcək, Moskvada gimnaziyaya girib oxuyacaq, yeni həyata qədəm qoyacaq.
Qayev bankda işə başlayacaq. Əlbəttə, ömrü boyu əlini ağdan-qaraya vurmamış Leonid Andreyeviç işini yarıtmayacaq, onu çox keçməmiş qulluqdan qovacaqlar.
Sırtıq, qəddar gənc lakey Yaşa da xanım Ranevskaya ilə birgə Parisə qayıdacaq. Lyubov Andreyevnanı bilmək olmaz, ancaq Yaşa bir daha nifrət bəslədiyi vətəninə qayıtmayacaq.
Ola bilsin, xanımlarla xəyalında bəhsə girən Dunyaşa bundan sonra Yepixodovu bəyənib ona ərə gedəcək. Rusiyanın yaxın gələcəyində onlara da yer tapılacaq. Bir məsələ şübhəsizdir ki, Yepixodov intihar eləməyəcək, ancaq dolu revolveri daim cibində gəzdirəcək. Bəlkə də həmin revolverlə bolşeviklərə qoşulacaq.
***
Qalır qoca lakey Firs. Pyesin finalı dəhşətlidir, mən hansısa tragediyanın bu komediyanın finalı qədər sarsıdıcı olduğunu xatırlamıram.
Firsin halı yaxşı deyil, qoca bərk xəstələnib. Onu xəstəxanaya aparmaq lazımdır, mənhus səhər açılandan evdə bu barədə bir neçə dəfə söhbət gedib. Ancaq Firs gözə dəymir. Anya soruşanda Yaşa qəsdən yalan danışıb onun xəstəxanaya aparıldığını deyir, bununla da hamını arxayın salır.
Ev boşalandan sonra Firs səhnəyə çıxır. Qapını yoxlayır – qapı kilidlidir. Pəncərələr bağlıdır. Bu evdə boya-başa çatan neçə nəsli əlləriylə böyütmüş, uzun ömrünü ağalarına qurban vermiş sadiq kölə yaddan çıxıb. Onu unudublar! Onu qapalı evdə tənha, kimsəsiz ölümün ixtiyarına buraxıblar!
Ancaq Firs yenə də öz başının hayına qalmır, onun dərdini çəkir ki, ta uşaqlığından əlində böyüdüb əlli bir yaşa çatdırdığı boşboğaz, müftəxor Leonid Andreiç, yəni Qayev kürkünü geyinməyib, evdən əyni-başı yuxa, yəni nazik paltoda çıxıb. Qoca lakey onu belə buraxdığına görə özünü danlayır. Bu, zavallı, miskin Firsin amansız, etibarsız dünyada son dərdi, sonuncu qayğısıdır.
Uzaqdan, albalı bağının dərinliyindən isə balta səsi gəlir: taq, taq, taq, taq, taq, taq, taq…
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil
Kuklaxana
Kişi əmrinə möhtac kişi düşməni
Qadının kəşfi
Qürubqabağı sevgi