Kişi əmrinə möhtac kişi düşməni
- 15 May 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Avqust Strindberqin “Fröken Jüli” pyesi haqqında
Fəxri Uğurlu
İntibah dövrü dramaturgiyasının zirvəsi Vilyam Şekspir deyirdi ki, dünya bir teatr səhnəsidir, biz də o teatrın aktyorlarıyıq. Avropada “yeni dramın” banisi Henrik İbsen bir az da irəli gedib həyatı kukla teatrına, insanları da fələyin oynatdığı kuklalara bənzətdi. Naturalist teatrın flaqmanı, İsveç ədəbiyyatının bir nömrəli fiquru, dünya şöhrətli yazıçı, dramaturq Avqust Strindberq isə insanı ana təbiətin yoxluq, heçlik qəfəsindən açıb həyat adlı cəngəlliyə buraxdığı vəhşi heyvan qismində qələmə verməklə daha radikal mövqe tutdu.
Onun başlıca rəqibi, hədəfi İbsen idi. Böyük norveçlinin nüfuzu, şöhrəti böyük isveçlinin əl-ayağına dolaşırdı. Əsərlərində özündən iyirmi bir il əvvəl dünyaya gəlmiş İbsenin qaldırdığı problemlərin, xüsusən də qadın azadlığı məsələsinin üstünə getməklə Strindberq sələfiylə amansız polemikaya girişir, sanki İbsenlə mübarizəyə gecikdiyi illəri kompensasiya eləməyə, kor bəxtini cərimələməyə çalışırdı. Görünür, onun İbsenə dözümsüz yanaşmasının bir səbəbi də isveçlinin özünü norveçlidən üstün tutmasıyla bağlıdır.
İbsen özü də gənc həmkarının təşkil elədiyi “yarışa” həvəslə qoşulmuşdu, Strindberqin yağlı boya ilə çəkilmiş portretini gözünün qabağından asmışdı, üstəlik, İsveç dramaturqunun çılğın parlaq gözlərinin nəzəri üstündə olmayanda işləyə bilmədiyini deyirdi…
***
1888-ci ildə qələmə aldığı “Fröken Jüli” əsəri Strindberqin onlarla pyesi arasında ən məşhurudur. O illərdə bu dram əsərini nə çap eləməyə, nə də tamaşaya qoymağa kimsənin cəsarəti çatmamışdı.
İbsenin fədakar Norasından fərqli olaraq Strindberqin ərköyün mademuazel Jülisi kişi düşmənçiliyi ruhunda böyüyüb, sadə ailədən çıxmış, qraf atasına istəmədən təslim olmuş mərhum anası ona əks cinsə qarşı bolluca nifrət aşılayıb. Jüli ömrü boyu heç bir kişinin köləsi olmayacağına and içib. Əgər “Oyuncaq ev” pyesini feminizmin tərənnümü sayırıqsa, “Fröken Jüli” pyesini feminizmə qarşı yazılmış əsər kimi də qavraya bilərik.
Əhvalat bir dini bayram axşamı Jülinin atasının kənddəki malikanəsində vaqe olur. Əsərdə üç personaj var: iyirmi beş yaşlı zadəgan qızı Jüli, otuz yaşlı lakey Jan, bir də otuz beş yaşlı qulluqçu Kristina.
Lakey mətbəxdə biş-düşlə məşğul olan qulluqçuya yaxınlaşıb deyir ki, fröken Jüli bu axşam özünü çox qəribə aparır. Kristina xanımın qəribəliklərini nişanının pozulmasına bağlayır. Jan onun diaqnozunun təsdiqi kimi xanımın öz nişanlısını qamçı üstündən hoppanmağa məcbur elədiyini, ardınca da həmin qamçıyla oğlanı döydüyünü gözüylə gördüyünü söyləyir. Ondan sonra Jülinin nişanlısı qaçıb aradan çıxıb.
Jan Kristinanın adaxlısıdır, yaxın zamanda onlar evlənəcəklər. Lakey şam yeməyinə əyləşib qulluqçuyla şirin söhbətə başlayanda fröken Jüli mətbəxə girib Janla məzələnir, sonra onu dartıb bayırda bayram keçirən izdihamın arasına aparır, lakeylə yorulanacan oynayır. Bir müddət sonra mətbəxə qayıdan Jan Kristinaya deyir ki, xanım lap dəli kimi rəqs eləyirdi. Kristina bunun qadınlıq halıyla bağlı olduğunu, mademuazelin ayda bir dəfə belə qəribə hallara düşdüyünü söyləyir. Üstəlik, qraf qızının xasiyyəti də qəribəliklərlə doludur.
***
Jan Kristinanı qucaqlayanda Jüli mətbəxə girir. Lakeyin çalıb-oynayan dəstədən tez ayrılması xanımın xətrinə dəyib. Fröken Jüli ona atasının libasını geyinmək göstərişi verir. Ağasının qiyafəsi Jana çox yaraşır. Söhbət əsnasında mademuazel öyrənir ki, Jan fransızca başda olmaqla bir neçə dil bilir, dəfələrlə teatr tamaşalarında olub, bahalı restoranlarda, otellərdə ofisiant, xidmətçi kimi çalışıb.
Kristina oturduğu kresloda yuxuya gedir, xanımla lakey pivə içə-içə söhbətləşirlər. Fröken Jüli Janı çəkmələrini öpməyə məcbur eləyir. Lakey mətbəxdə baş verənləri kiminsə görəcəyindən ehtiyatlanır. Qraf haradasa səfərdədir, sabah səhər qayıdacaq. Nökərlərin, qulluqçuların başı bayram kef-damağına qarışıb.
Kristina ayılıb öz otağına çəkilir. Xanım lakeyi bağçaya dartır. İkilikdə fröken Jüli Jana deyir ki, yuxularında tez-tez özünü hündür bir dirəyin başında görür, ha çalışsa da, oradan aşağı enə bilmir. Lakey isə deyir, əksinə, o da yuxuda özünü uca bir ağacın altında uzanmış görür, həmin ağacın başındakı quş yuvasında qızıl yumurtalar var, ancaq Janın əli o yumurtalara çatmır.
Lakeyin gözünə düşmüş çöpü çıxarmaq adıyla xanım ona çox yaxınlaşır. Jan xanımı xəbərdar eləyir ki, kişi xeylağına bu qədər yaxınlıq vermək odla oynamaq deməkdir. Jüli onun sözünə məhəl qoymayıb bir az da sıx təmasa girir, Jan onu öpmək istəyəndə isə lakeyə şillə vurur.
Alçaldılmış Jan küsüb içinə çəkilir. Bu vaxt onun uşaqlıq xatirələri oyanır, ata-anası, yeddi bacı-qardaşıyla bir uçuq daxmada böyüdüyü yadına düşür, üstəlik, tək donuzlarını da gecələr həmin daxmaya qatırmışlar. O daxmanın pəncərəsindən ağalıq evi cənnətin özü kimi görünürmüş, ancaq kasıb uşaqlarının üzünə o cənnətin qapıları daim bağlı olurmuş. Bir gün necəsə Jan ağanın həyətinə girə bilir, orada fröken Jülini aralıdan görüb bir könüldən min könülə kiçik xanıma aşiq olur. Uşaq olsa da, anlayır ki, yuxarı silkin qızına onun əli heç vaxt çatmayacaq, ümidsizlikdən özünə qəsd eləməyə cəhd göstərir.
Lakeyin etirafları onun aldığı dərin mənəvi yaralardan, ağır zədələrdən xəbər verir. Bu yaralar uzun illərdən bəri irin bağlayıb, onun qanını zəhərləyib. Fröken Jülinin romantik həvəsi bir az da coşur, lakeyə göldə qayıqla gecə gəzintisinə çıxmağı təklif eləyir. Bu vaxt bayram coşqusundan başını itirmiş nökər-qaravaş dəstəylə mətbəxə sarı yönəlir. Xanımla lakeyin Janın yataq otağında daldalanmaqdan savayı çarəsi qalmır.
***
Dəstə mətbəxdə yeyib-içəndən, çalıb-oxuyub oynayandan sonra yenə bayıra çıxır. Xanımla lakey səhnədə yenidən görünürlər. Davranışlarından, danışıqlarından hiss olunur ki, onların arasında nəsə baş verib. Fröken Jüli Janın ona “sən” deyə müraciət eləməsini istəyir, lakey isə deyir, neçə ki bu evdədirlər, onu bacarmayacaq.
İki daşın arasında onlar plan da qurublar: Jüli atasının yuxarı mərtəbədəki kabinetindən lazım olduğu qədər pul oğurlayacaq, sevgililər Kristinanı da götürüb səhər obaşdan qatar ayağına qaçacaqlar, İsveçrəyə gedib cənnət bir guşədə otel açacaqlar, baş-başa verib arxayın, şad-xürrəm dolanacaqlar.
Fəqət heç bir mənəvi-əxlaqi dayağa söykənməyən, cinayət üstündə bünövrə tutan, sevgidən məhrum birlik xoşbəxtliyə zəmanət verə bilməz. Bayaqdan hökm də, üstünlük də fröken Jülinin əlindəydisə, artıq estafet lakeyə keçib. İndi xanımın şərəfi də, ləyaqəti də, namusu da öz nökərinin ovcunun içindədir. Jüli əvvəlki kimi sərt, hökmlü davranmaq istəsə də, Jan onun üstünə ayaq alır.
Hərdən elə görünür ki, xanım lakeyi sadistik yox, mazoxistik bir ehtirasın təhrikiylə söyüb alçaldır, çünki artıq Jan onun təhqirlərinə birə-beş qat cavab verir, onu pozğun, əxlaqsız, fahişə adlandırır. Lakey öz xanımına deyir ki, onun bəyənmədiyi aşağı silkdən olan heç bir qız belə davranışı özünə rəva bilməzdi. Jüli anlayır ki, Jan haqlıdır, ona təslim olmaqla çöx böyük səhvə yol verib.
Beləliklə, kişi düşmənçiliyi ruhunda böyüdülən qız içini qaratikan basmış, yediyi qaba tüpürən, kişilik adına cinsiyyətindən başqa bir şeyi olmayan iyrənc məxluqun girovuna çevrilir. Yanlış tərbiyənin paradoksallığı budur. Təbiət sözünü deyib, fröken Jülinin kişi zəhmi altında əzilməyə, kişi şilləsi yeməyə, kişi tərəfindən buyurulmağa ehtiyacı yaranıb. Fəqət qız bu səlahiyyətləri sevgiylə qazana bilmir, o səbəbdən özünü də, qarşısındakını da alçaldır. Xain lakey onun ömrünün, qəlbinin şərikinə yox, cinayət ortağına çevrilir.
***
Onlar birlikdə qaçış planı cızırlar. Söhbət əsnasında Jülinin dərdi açılır, kişilərə nifrət bəsləyən anasından danışır. Məlum olur ki, qızın anası kişiyə təslim olmağı, ailəni, fədakarlığı özünə əskiklik bilirmiş, Jülini də istəmədən dünyaya gətirib. Atası frökeni uşaqlıqdan oğlan kimi böyüdüb, bu səbəbdən Jüli nə qızlığından, nə də oğlanlığından yarıyıb. İndi qızın qadınlığı dilə gəlib, təbiəti üzünə durub, fəqət onun kişilərlə davranmaq təcrübəsi yoxdur, sevmək əlindən gəlmir, buna görə də ünsiyyətdə olduğu kişini alçaltmaqdan, onun qarşısında alçalmaqdan şeytani bir zövq alır.
Jüli kişi tayfasına nifrət bəslədiyini Janın qarşısında açıq-aşkar boynuna alır. Bununla belə bir-birinə qoşulub uzaq, əlçatmaz bir yerə qaçmağı, bir-birindən doyunca zövq alandan sonra birlikdə ölməyi də Jana təklif eləyir. Lakeyinsə bu təklif heç ürəyindən olmur, onu ölmək yox, yaşamaq, varlanmaq, oğul-uşaq yiyəsi olmaq, bu dünyadan köçməmiş övladlarının mənsəbini, ictimai rütbəsini artırmaq düşündürür. Hiyləgər Jan Jülinin fitvasına gedəcək qədər romantik deyil, daha doğrusu, onun xarakterində romantikadan əsər-əlamət yoxdur.
Fröken Jüli isə romantikdən daha çox infernal qadın, Dostoyevskinin Nastasya Filippovnası kimi cəhənnəm mələyidir. O, problemi çözməyə yox, daha da dolaşdırmağa can atır; o həddəcən dolaşdırmağa ki, onu çözmək bir daha mümkün olmasın, sonda güman tiyəsi itilənmiş bir bıçağa, ya da bir ülgücə çatsın.
***
Artıq gecədən çox keçib, qraf səfərdən qayıdandan sonra plan qurmağın mənası qalmayacaq. Başına gəlmiş müsibətin, rüsvayçılığın yükü altında Jüli atasının evində, nökər-qaravaşın arasında dolana bilməz. Lakey ona təkbaşına qaçmağı məsləhət görür, ancaq bu, mümkün deyil.
Fröken Jüli bir aristokrat qızı kimi oğurluğa, əyriliyə alışmayıb, üstəlik, müstəqil davranmaq, sərbəst qərar vermək gücündə də deyil. Bu səbəbdən Jandan xahiş eləyir ki, təşəbbüsü ələ alıb ona əmr versin, üstün varlıq kimi qabağa düşsün. Kişi düşməni kişilikdə haqqı olmayan ən aşağı məxluqun əmrinə, göstərişinə möhtac qalır. Lakey Jan əlinə verilmiş səlahiyyətdən var gücüylə yararlanır, qıza atasının saxlancından pul götürmək əmri verir. Jüli müticəsinə əmri yerinə yetirir.
Onlar çamadanlarını yığıb yola çıxmağa hazır olanda Kristina yuxudan durub mətbəxə gəlir. Adaxlısıyla xanımının davranışlarından qulluqçu işin nə yerə çatdığını anlayır. Kristina onları baş-başa buraxıb kilsəyə səhər ibadətinə gedir. Qulluqçunun ilahi möcüzəyə saf ürəkdən inanması fröken Jülini təəccübləndirir. Jülinin qəlbi belə inama açıq deyil. Onun üçün qəfəsdə saxladığı quşa tapınmaq Tanrıya tapınmaqdan qat-qat asandır.
Əslində, o quş elə gənc xanımın bəzəkli qəfəsdə çırpınan ruhudur. Jüli quşu da özüylə aparmaq istəyir, ancaq onu tuta bilmir. Xanımın inadkarlığı lakeyi qəzəbləndirir, Jan quşu tutub qəfəsdən çıxarandan sonra mətbəx bıçağıyla boynunu vurur. Bununla da faktiki olaraq fröken Jülinin edamına fərman verir, ona ta uşaqlığından acılar çəkdirmiş, zədələr vurdurmuş bir sülaləyə son qoyur, onun əlini çörəyə çatdırmış ağasının nəslini kəsir. Bundan sonra Jülinin intiharı quşun qətlinə illüstrasiya kimi görünür (tərsinə də söyləmək olar).
***
Ancaq xanım sonuncu addımını atmaqda da sərbəst deyil. Artıq qraf səfərdən qayıdıb, yuxarıdan aşağı zəng vurub çəkmələrini istəyir. Tezliklə o, xəzinəsinin yarıldığından xəbər tutacaq.
Son bir neçə saatda fröken Jülinin üzərində ağalıq təcrübəsi keçmiş lakey ağasının səsini eşidəndə vur-tut nökər olduğunu, heçkim olduğunu bir daha xatırlayır. Ancaq bu nökər daha əvvəlki nökərə bənzəməz, bu nökər ən yaxın dəqiqələrdə ağasının soy ağacını bir baltayla yıxacaq. Fröken Jüli yenə ondan əmr istəyir – özünü öldürmək əmri. Xanım lakeyin uzatdığı ülgücü ondan alıb əmrə müntəzir içəridən çıxır…
Gerisini təsəvvürə gətirmək çətin deyil. Əgər bolşevik inqilabı İsveçdə baş vermiş olsaydı, lakey Jan o qanlı çevrilişin liderləri sırasında yer tutacaqdı. Ancaq İsveç xalqına xoşbəxtlikdən belə bədbəxtlik üz vermədi.
Belə isə lakey Jana hansı yol qalır? Yəqin ki, o, tezliklə ağasını zəhərləyəcək. Bəs necə, axı artıq dişi qana batıb! Qrafın pullarının bir qismini mənimsəyib özünə gün-dirrik quracaq. Otel də tikdirəcək, restoran da açacaq, əkin də əkdirəcək, mal-qara da saxladacaq. Ağasının mülkünü olmayan varisindən satın alacaq. Sonra da o mülkün həyətində at oynadıb keçmiş nökər həmkarlarını ləzzətlə qamçılayacaq. O evdə, o sarayda sinirlərini yaralamış nə varsa, heç birindən qisas güllələrini, intiqam atəşini əsirgəməyəcək. İllər sonra biznes kralına çevriləcək, puldan silah kimi istifadə eləyəcək. Bəlkə bu gün dünyada dövr eləyən kapital damarlarında lakey Janın fröken Jülinin qanına bulaşıq pulları da fırlanır…
***
Henrik İbsendən fərqli olaraq Avqust Strindberq qadın emansipasiyası mövzusuna, yumşaq desək, o qədər də isti yanaşmırdı. Sadə xalqın, zəhmətkeş kəndlinin yüz illərin sınağından çıxmış ailə münasibətləri, həyat tərzi ondan ötrü əsl örnək idi. Əsrlər boyu qadın ev, kişi də çöl işləriylə məşğul olub, burada yeni nəsə uydurmağa, yerləri, vəzifələri qarışıq salmağa ehtiyac yoxdur. Təbiətə yanaşmaq, xalqın təbiətlə həmahəng vuran qəlbini dinşəmək gərəkdir. O zaman qadın da, kişi də öz dərsini yaxşıca mənimsəyib əzəli missiyasını dərk eləyəcək, vəzifəsini sevə-sevə yerinə yetirəcək, səlahiyyətini aşmağa cəhd göstərməyəcək.
Əgər fröken Jüli kişi düşmənliyini özünə prinsip seçib kişi kimi davranmağa çalışmasaydı, sevdiyi kişini (əlbəttə, söhbət Jandan getmir) alçaltmaqdan yox, ucaltmaqdan zövq alsaydı, canındakı coşqun qadınlıq enerjisindən təyinatı üzrə istifadə eləməyi bacarsaydı, kindən, nifrətdən don geyinmiş xain lakeyin girovuna da çevrilməzdi. Jan nə qədər qəddar, zalım olsa da, dediklərində həqiqət payı var: sadə el qızları adətən aristokrat Jüli kimi davranmırlar, onlar saf könüldən sevməyi də, sevdiyinə bir rahibə itaətiylə təslim olmağı da, sevdiklərinin üstündə əsməyi də bacarırlar.
Qulluqçu Kristina da o qızlardan biridir. Xanımının davranışları onda ikrah doğurur, qadın qrafın evindən getməyə hazırlaşır. Onun lakey Janla izdivacı, çox güman, uğurlu, həm də təbii olardı, onda Janın qəlbini kin-küdurət hisi-pası bu qədər qaraltmazdı, mömin Kristina onu harama, cinayət yoluna itələməzdi.
Fəqət fröken Jülinin yanlış sevgi siyasəti üç ömrü birdən tarmar elədi, üç həyatı bir həmlədə xaraba qoydu. Bundan sonra lakey Janla qulluqçu Kristinanın xoşbəxt ailə qurmağı, halal zəhmətlə, sakit vicdanla, dinc ürəklə yaşamağı mümkün deyil. Kristina ya Janın yelinə uçub onun cinayətlərinə şərik olacaq, ya da monastıra gedib gözüylə gördüklərinin günahını vicdanından silməyə çalışacaq…
Göründüyü kimi, qadın emansipasiyası, feminizm heç də hər kişi mütəfəkkirin alqışladığı, rəğbət bəslədiyi məsələ deyil. Kimi qadının xoşbəxtliyini onun cəmiyyətdəki statusunun artırılmasında, kimi də onun təbiətdəki ənənəvi yerinə qaytarılmasında görür. Henrik İbsen birincilərdən, Avqust Strindberq ikincilərdəndir. Onlar üzdə bir-birinə rəqib görünsələr də, bir-birini tamamlayırlar: İbsenin Norası toplumun tam səlahiyyətli üzvünə çevriləndə əzəli təbii missiyasına qayıdacaq; Strindberqin Jülisi isə əzəli təbii missiyasına qayıtmaqla mənəvi aristokratiyanın tam səlahiyyətli üzvünə çevriləcək.
***
Avqust Strindberq həm nasir, həm dramaturq kimi təkcə İsveç, Avropa yox, bütün dünya ədəbiyyatına təsir göstərmiş yazıçıdır. İsveç xalqı bir sıra fikir, sənət yeniliklərinə Avropanın aparıcı xalqlarından bir qədər gec qapı açmış olsa da, belə azman mütəfəkkirlərin, sənətkarların sayəsində böyük qonşularına yetişib onlarla ayaqlaşa bildi.
Strindberqin pyesləri bu gün də dünya səhnəsindən düşmür, romanları bütün qitələrdə çap olunur. Onun yaradıcılığının dalğaları öz ölkəsində dünyaya gəlmiş Per Lagerkvistdən üzü bu yana ta uzaq Yaponiyada yazıb-yaratmış Akutaqava Rünoskeyə qədər hər yeri vurub. Dünya ədəbiyyat ordusunun avanqardında yer almaq hər xalqa, hər dilə nəsib olmur. İstər xalqı, istərsə də dili yaşadan ən vacib amillərdən biri budur.
Sonda bizi kiçik xalq sayanların, dilimizə, ədəbiyyatımıza xor baxanların nəzərinə bunu da çatdırmaq istərdim ki, ərazisi böyük olsa da, İsveçin əhalisi elə Azərbaycan əhalisinin sayı qədərdir – on milyondan bir az artıq. Demək, bu qədər insanın danışdığı dillə də dünya ədəbiyyat bazarını zəbt eləmək olarmış…
“Yeni Azərbaycan” qəzeti