Bir sülalənin intiharı
- 02 Noyabr 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Vilyam Şekspirin “Hamlet” faciəsi haqqında
Fəxri Uğurlu
Zamanın bağı qırılıb. Dünənlə bugünün, bugünlə sabahın arasında əlaqə itib. Günlər təsbeh dənələri kimi dörd bir yana səpələnib. Xaos dumanı kainatı bürüyüb, bu dumanda nə keçmiş görünür, nə də gələcək.
Hamlet məhz belə şəraitdə, belə bir zəmində səhnəyə çıxır. Onun bütün fəaliyyəti sərhəd situasiyasında – olumla ölüm, ağılla dəlilik, eşqlə nifrət arasındakı dar zolaqda cərəyan eləyir. Danimarka şahzadəsinin bir ayağı haqq dünyasında, bir ayağı fani dünyadadır. Ancaq o bu dünyaların heç birində rahatlıq tapmır. Canına müsəllət olan amansız şübhə, qisas duyğusu onun ömrünün nizamını pozub. Şahzadə qana susamış ehtirasların girovuna çevrilib. Hamlet xaincəsinə qətlə yetirilmiş atasının – adını daşıdığı kral Hamletin əsarətinə düşüb. Sevimli atasının kölgəsi onu intiqam almağa çağırır.
***
Danimarka şahzadəsi kral iqamətgahının yerləşdiyi Elsinora Almaniyanın Vittenberq şəhərindən gəlib. Orada universitetdə oxuyan Hamlet atasının qəfil ölümünə görə təhsilini yarımçıq qoyub. Müəllif onun hansı bilik sahəsinə maraq göstərdiyini, yaşının neçə, xarakterinin necə olduğunu tamaşaçıya yerli-yataqlı söyləməsə də, bəllidir ki, Hamlet bundan irəli həyatsevər, xəyalpərəst, kitaba, elmə meyilli oğlan olub. Di gəl, Elsinorda gördükləri onu möhkəm sarsıdır, onu xəyal adamından əməl adamına çevirir. Əməl isə heç də həmişə xeyirə yönəlmir.
Bəs krallığın mərkəzində nə baş verib? Burada mərhum kralın qardaşı, Hamletin əmisi Klavdi özünü padşah elan eləyib, ölmüş qardaşının qırxı çıxmadan onun dul arvadıyla nikah bağlayıb, bununla da faktiki olaraq ikinci Hamletin taxt-taca gedən yolunu kəsib. Hərçənd əsərdə Klavdinin varisi, yəni övladı olduğu da görünmür, bu minvalla onun varisi elə qardaşı oğlu olmalıdır, üstəlik Hamletin anası yenə də kraliçadır.
Fəqət Hamleti hadisələrin bu gedişatı qane eləmir. Qəzəb, ikrah, şübhə onun şişman gövdəsini qurd kimi gəmirir, onun tənbəl vücudunu atlet bədəninə çevirir. Şahzadə atasının ölümündə sirli, müəmmalı məqamlar axtarır. Dostu Horatsio ona qala keşikçilərinin dünən axşam mərhum kralın kölgəsini gördüklərini xəbər verəndə Hamlet həmin yerə həvəslə gedir, inanır ki, bu görüşdə həqiqət ona gül üzünü göstərəcək.
İnandığı kimi də olur: sən demə, kral əcəliylə ölməyibmiş, qardaşı Klavdi yatdığı yerdə onun qulağına zəhər tökübmüş. Sonra da belə şayiə yayıblar ki, guya bağçada yatanda kral Hamleti zəhərli ilan çalıb.
***
Həqiqəti ən birinci instansiyadan – atasının kölgəsindən eşidəndən sonra da Hamletin tərəddüdünə son qoyulmur: bəlkə bu kölgə elə cəhənnəm elçisidir, bəlkə onu İblis özü göndərib? Ta əsərin kulminasiyasına qədər Hamlet tərəddüd körpüsünün üstüylə o baş-bu başa gəzinir. Həyat onun gözündə bütün şuxluğunu itirir, insanlar onda yalnız ikrah doğurur:
Ah, insan bədəni, necə möhkəmsən!
Əriyib dönmürsən göz yaşlarına.
Ey qadir yaradan, intiharı kaş
Yasaq etməyəydin biz insanlara.
İlahi, ilahi! Mənə bu dünya
Necə də mənasız, miskin görünür.
Hər yanda rəzalət, hər yanda dəhşət!
Baxımsız bağçanı kol-kos basantək
Əclaflıq, alçaqlıq tutub dünyanı…
Beləcə, Danimarka taxt-tacının parlaq varisi, gənclərin, ümumən xalqın sevimlisi Hamlet qısa müddətdə sağalmaz skeptikə, arsız sinikə, taxt-taca, krala, krallığa qənim kəsilən anarxistə, neçə adamın ölümünə bais olan amansız qatilə çevrilir. Onun cisminə can vermiş atasının kölgəsi – Hamletin daim qanıyla bəslədiyi günah duyğusunun, müdam başının üstündə durub çiynindən basan, taleyinə fərman oxuyan mübhəm fövqəlbəşər qüvvənin obrazıdır.
Skeptik mütləq sayılan hər həqiqətə qarşı çıxdığı kimi, Danimarka şahzadəsi də gələcəkdə onun olası taxt-taca, mütləq hakimiyyətə arxa çevirir. Qonşu Norveç ölkəsinin şahzadəsi Fortinbras qazandığı zəfərlərlə gələcək krallığının bünövrəsini bəri başdan bərkitməyə çalışsa da, Hamlet taxt-taca yiyə çıxmağa maraq göstərmir. Onu hakimiyyət yox, qisas maraqlandırır. Hamlet atasının timsalında taleyinin çağırışına həvəslə cavab verir:
Bir saman çöpünə dəyməz həyatım,
Ruhumsa ölməzdir onun özütək,
O mənim ruhuma neyləyə bilər?
O yenə çağırır, mən getməliyəm…
Mənim öz taleyim çağırır məni,
Bədənimin hər bir əzələsinə
Sarsılmaz bir aslan gücü bəxş edir…
***
“Olum, ya ölüm? Budur məsələ…” Bir zərbəylə həyatın iztirablarına son qoymaq, yoxsa taleyin zülmünə boyun əyib yaşamaq? Cəmi bəşər övladı kimi Hamlet də bu sualın qarşısında acizdir.
İnsan öləndən sonra onu nə gözlədiyini bilmir, o məchul aləmdən hələ qayıdan olmayıb. Bu səbəbdən ölümün qarşısında padşah da, qul da eyni dərəcədə acizdir, gec-tez hər kəs əcəlinə yenilir.
Padşahlar, krallar ölüm xofunun hesabına kütlələrə ağalıq eləyirlər, yoxsa bu dünyanın əzabına heç kəs qatlaşmaz. O dünyadan bircə işarə gəlsə, bir köləni, bir qulu da zəncirdə saxlamaq olmaz.
İki həqiqətdən birinə möhkəm inanmaq insanın iradəsini itiləyir, cəsarətini körükləyir. Hansı iki həqiqət?
Bir: insan ruhu əbədidir, ölüm vur-tut bir dünyadan başqa dünyaya keçiddir.
İki: heç bir əbədiyyət yoxdur, insan yalnız bir ovuc torpaq, bir topa sür-sümükdür.
Burada üçüncü gerçək ola bilməz, üçüncü yol varsa-varsa, bu iki həqiqətin arasında get-gəl eləyənlərin, yerlə göy arasında avara qalanların, iki dünyanın sərhədində qərar tutanların yoludur. Onlar heç bir həqiqətin varlığına əmin deyillər, o səbəbdən həyatla döş-döşə gəlməlimi, yoxsa həyatın qabağından qaçmalımı olduqlarını bilmirlər. Hamlet, çox güman, bilir, ancaq bildiyinə özü əməl eləmir. Sevgilisi ilə söhbətindən bunu tutmaq olar:
“Get monastıra, Ofeliya! Doğub törəməyin, günahkarların sayını artırmağın nə mənası var? Mən belə baxanda alababat adamam, ancaq o qədər eyibim var ki, kaş anam məni bu dünyaya gətirməyəydi. Mən çox lovğayam, kinliyəm, xudpəsəndəm. İçimdə o qədər eybəcərlik var, onları cəmləməyə düşüncəm, bəlli bir şəklə salmağa təxəyyülüm, həyata keçirməyə vaxtım çatmaz. Mənim kimi yerlə göy arasında vurnuxan bir məxluqdan nə gözləyirsən? Biz hamımız fırıldaqçıyıq, heç birimizə inanma. Neçə ki bakirəsən, adamlardan uzaqlaş, get monastıra”.
Şahzadə Hamlet keçmiş sevgilisinə doğru bildiyi yolu – stoiklərin, rahiblərin, zahidlərin yolunu göstərir. Ancaq özü o yolu tutmağa canında təpər tapmır. Şeytan artıq Hamleti kirələyib, onu aşkar qana çəkir. Daha onun gözəl Ofeliyanı sevməyə belə halı qalmayıb. Sevgi bəlkə də hələ tam tükənməyib, di gəl, nifrətdən, kindən qabıq bağlamış bir gövdənin zərif sevgi çiçəkləri bitirəcəyinə artıq heç bir ümid yoxdur.
***
Hamlet ölüm yox, olum yolunu seçsə də, onun olumuyla ölümü əmisinin hazırlatdığı zəhərli şərab kimi bir qədəhdə, bir qabdadır. Onun məqsədi əmisini aradan götürüb taxtı ələ keçirmək, kral olub insanların taleyinə sərəncam vermək, gələcək rahatlığına təminat almaq deyil. Belə niyyəti olsaydı, kral diz çöküb ibadət elədiyi bir vaxtda, yəni Klavdinin tamamilə köməksiz, mühafizəsiz olduğu bir məqamda asanlıqla onu öldürə bilərdi. Üstəlik, gələcək kraliça kimi Ofeliyanı monastıra – qaynar, coşqun həyatın sahilinə göndərməzdi, onun barmağına nişan üzüyü taxardı. Gələcəklə bağlı Hamletin heç bir planı yoxdur.
Hamlet tarana, intihara gedir, ancaq ölümünə tələsmir. Prosesi uzatmaqla o öz intiharının miqyasını böyüdür, sərhədini genəldir. Mərd, qəhrəman, igid atasının xain qətlinə səbəb olmuş taxtın-tacın, səltənətin onun gözündə heç bir dəyəri yoxdur. Hamletin intiharı bütövlükdə sülalənin, krallığın, dövlətin intiharı olacaq. Onun əcəli həm əmisi Klavdi ilə anası Gertrudanın, həm sevgilisi Ofeliyanın, həm qızın atası Poloni ilə qardaşı Laertin, həm də Hamletin keçmiş dostları, kralın şirnikləndirməsi nəticəsində ona xəyanət mövqeyi tutan Rozenkrants ilə Gildensternin ölümünü içinə alır. Hamletin əcəlinə Horatsio da şərik çıxmağa can atır, zəhərli şərabdan içmək istəyəndə yarımcan Hamlet ondan özünə qıymamağı, dostunun xatirəsini yaşatmaq üçün yaşamağı rica eləyir.
Üstəlik, taxt-tac da, krallıq da Norveç şahzadəsi Fortinbrasa qismət olur. Bir zamanlar Hamletin atası kral Hamlet onun atası kral Fortinbrası yenmişdi, indi ədalət yerini alır, krallıq tacı yaralı Hamletin də xeyir-duasıyla oğul Fortinbrasın başına qoyulur. Fortinbras şahzadə Hamletin krallara layiq təntənəylə dəfn olunmasına göstəriş verir.
***
Görəsən, taxt-tacı ələ keçirsəydi, Hamlet necə bir kral olardı? Bu suala cavab vermək indi, Şekspirin ölümündən dörd yüz ildən də artıq bir vaxt keçəndən sonra, əlbəttə, çətindir, yalnız təxminlərimizi dilə gətirə bilərik.
Məncə, Hamlet çox zalım, amansız müstəbid olardı. Çünki o, çox istedadlı, çox da romantik oğlan idi, belələrininsə əlinə hakimiyyət düşəndə dedikcə təhlükəli olurlar. Tarixdə buna dair misallar çoxdur: İsgəndər, Sezar, Kromvel, Robespyer, Napoleon, Mussolini, Hitler… Elə Şekspirin başqa bir dünya şöhrətli qəhrəmanı Maqbeti də, zənnimcə, Hamletin taxtı ələ keçirmiş versiyası saymaq olar.
İsgəndər demişkən, Hamletin məzarlıqda dostu Horatsio ilə söhbəti Şekspirin fəlsəfi dünyagörüşünə işıq tutmaq üçün dəyərli materialdır. Qəbirqazan şahzadənin əlinə götürüb gözdən keçirdiyi bir qafa tasının mərhum kralın təlxəyi Yorikin kəlləsi olduğunu deyəndə Hamlet həyatın faniliyi ilə bağlı düşüncələrini dilə gətirir:
“Yazıq, zavallı Yorik! Mən onu tanıyırdım, Horatsio. O, dedikcə zarafatcıl, gözəl qaravəlli ustası, mehriban adam idi. Azı min dəfə məni çiyinlərində gəzdirib. İndisə gör necə iyrənc günə düşüb, ona baxdıqca ürəyim ağzıma gəlir. Burada dodaqları vardı, o dodaqlardan neçə dəfə öpdüyüm yadımda deyil. Ah, biçarə, sənin lağlağıların, sənin məzhəkələrin, sənin nəğmələrin haralara getdi? Məclisdəkilərə qəhqəhə çəkdirən o şaqraq gülüşlərin hanı, necoldu? Artıq özünə gülməyə belə heç nəyin yoxdur…
İndi buyur, bir kübar xanımın bəzək otağına get, denən ki, onun da koppuş al yanaqları nə vaxtsa bu kökə düşəcək…
Horatsio, sən bilən Rum qeysəri İsgəndərin də başı torpağın altında bu vəziyyətdədir? Bəşər övladının aqibəti budursa, onda Böyük İsgəndərin cəsədi çürüyüb kaşı şərab kuzəsinin ağzına tıxac ola bilməzmi?..
İsgəndər öldü, İsgəndər dəfn olundu, İsgəndər çürüyüb torpağa döndü, torpaqdan palçıq tutdular, palçıqdansa kaşı şərab kuzəsinin ağzına tıxac vurdular…”
Bu sözlər Şekspirin həyat fəlsəfəsinə aydınlıq gətirməklə yanaşı, Hamletin necə şair qəlbli, poetik düşüncəli gənc kimi yetişdiyini də sübuta yetirir. O, böyük bir şair, filosof olmalıykən zəmanənin təhrikiylə qatil, intiharçı olur.
Sitat gətirdiyim parça həm də Vilyam Şekspirlə bir sıra Şərq-müsəlman şairinin, məsələn, Rudəki, Xəyyam, Xaqani, Sədi, Hafiz kimi söz ustalarının həyata baxışı arasında nə qədər uyğunluq, doğmalıq olduğunu göstərir. Şekspirdən üzübəri yola çıxıb həmin cığırla gəlsək, yenə bir çox böyük sənət örnəyinin, məsələn, Şarl Bodlerin “Leş” adlı şeirinin də içindən keçəcəyik.
***
“Hamlet” Şekspir yaradıcılığının ikinci mərhələsinə aid olunan əsərlərdəndir. Birinci mərhələ dahi dramaturqun daha çox komediya yazdığı dönəmdir. Bu komediyalar da çoxdan bəşəriyyətin ortaq malına, dəyərinə çevrilib: “Venesiya taciri”, “On ikinci gecə”, “Səhvlər komediyası”, “Şıltaq qızın yumşalması”, “Heç nədən hay-küy”, “İki veronalı”, “Yay gecəsində yuxu”… İkinci dönəmdə “Hamlet”dən savayı “Romeo və Cülyetta”, “Otello”, “Kral Lir”, “Maqbet” kimi dünya şöhrətli faciələr qələmə alınıb. Üçüncü mərhələyə bir neçə tragikomediyanın yazıldığı dövr aid olunur.
Tragediyaları Şekspir yaradıcılığının zirvəsi sayılır. Bu əsərlərdə hüdudsuz insan ehtiraslarının, titanik iradə sıçrayışlarının doğurduğu faciələrdən bəhs olunur. Cilov gəmirən arzuların tüğyanı, səsi batırılmayan istəklərin təntənəsi sonda mütləq fəlakətə gətirib çıxarır. Fərqi yoxdur, istər hakimiyyət iradəsi olsun, istər nəsil instinkti, istər şəhvət, qısqanclıq, istərsə də qara həsəd, paxıllıq. Hər biri bədbəxtlik, bəla, cəhənnəm qapısıdır. Tək doğru yol dünyəvi arzulardan üz döndərmək, ehtirasların əli yetməyən mənəvi ucqarlara, “monastıra” çəkilməkdir. Şekspir məntiqi bunu deyir.
Antik dövrdən baş götürüb üzübəri axıb gələn bu düşüncə cərəyanı Şekspirdə, Şillerdə, Bayronda ilişib qalmadı, son iki yüzilin də ədəbi bağ-bağçasını, söz bostanını suvardı: Stendal, Balzak, Qonçarov, Turgenev, Flober, Mopassan… Kafka, Folkner, Heminquey, Kamü, Selincer, Markes… daha kimlər, kimlər…
Bu xətt qırıla biməz. Bu xəttin, bu varisliyin sonu o vaxt gələcək ki, ana düşüncə modelləri mərhələ-mərhələ bəşər oğlunun zehnindən həyatına transfer olunsun. İnsan əvvəlcə azad, ruhani fərd, ardınca da azad, ruhani cəmiyyət epoxasına qədəm qoysun. Hamlet kimi bir şairi qatilə döndərən mexanizmlər qırılıb tarixin küllüyünə atılsın. Bir ideya, nəzəriyyə nə vaxtsa praktikaya, cəmiyyətin həyat tərzinə çevrilməyəcəksə, onun heç bir dəyəri yoxdur.
***
Yüz illərdir söz xiridarları, ədəbiyyat, sənət biliciləri “Hamlet”i eşələməkdən, ondan yeni mənalar qazıb çıxarmaqdan usanmırlar. Bu cəhdlər bu gün də göstərilməkdədir, ancaq Hamlet düyünü yenə çözülmür ki, çözülmür.
Məncə, Şekspirin 420 il əvvəldən bəşər övladına göndərdiyi mesaj, nəsihət o qədər də qəliz deyil. Şekspir bizə deyir ki, həyat fani, fərd əvəzsiz, arzular puçdur. Çiynimizdə oturub canımızı cin kimi çapan quduz ehtirasları boynumuzdan ataq, aram-aram vuran qəlbimizin müdrikanə dincliyindən zövq alaq.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik