Dilinin altında gizlənmiş yazıçı
- 08 Avqust 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Andrey Platonovun “Can” povesti haqqında
Fəxri Uğurlu
Bir çox əsərində zahirən sosializm quruculuğundan bəhs olunsa da, Platonov mahiyyətcə dini-mistik yazıçıdır. Senzuranın qılıncından qorunmaq üçün o, dərinə batırdığı yazıçı həqiqətini, inancını, imanını Lenin-Stalin quruluşunun şüarları, rəngləri, rəmzləri altında gizləmişdi. 1934-cü ildə qələmə aldığı “Can” povesti buna ən bariz örnəkdir. Ancaq əsərin yalnız 1978-ci ildə – yazıldığından 44 il (!) sonra işıq üzü görməsi onu deyir ki, senzuranı azdırmaq Platonova heç də hər saat qismət olmayıb. Hələ 1931-ci ildə onun Moskvada çıxan ədəbi jurnallardan birində dərc olunmuş povestini oxuyan İosif Stalin qəzəblənib əsərə belə bir dərkənar qoymuşdu: “İstedadlı əclafdır”. Bundan sonra dahi rəhbər, ellər atası ədəbiyyat generallarını kabinetinə yığıb onlara divan tutmuşdu, dilinin altında gizlənmiş xalq düşmənini ifşa eləmək əmri vermişdi.
Əlbəttə, bütün bunlar Platonovun ədəbi bəxtinə azman bir kilid vurmuşdu, sovet nəşriyyatlarının, qəzet-jurnallarının qapılarını onun üzünə bağlamışdı. Onun uzun sürməyən həyatı cəhənnəm əzabları içində keçmişdi, yaradıcılığının çiçəkləndiyi dövrdə aldığı zərbə ölümcül olmuşdu. 1938-ci ildə on beş yaşlı oğlu tutulub islah-əmək koloniyasına göndərilmişdi, üç-dörd il sonra azad buraxılsa da, dustaqlıqda mübtəla olduğu vərəm xəstəliyindən vur-tut iyirmi yaşında atasının qolları üstündə keçinmişdi. Aradan bir doqquz il də ötmüş – 1951-ci ildə ən böyük rus yazıçılarından biri Andrey Platonov özü də oğlundan aldığı qadanın vurduğu yaralarla əlli iki yaşı tamam olmamış dünyadan köçünü sürmüşdü.
Stalin dövrünün cinayətləri hələ Xruşşov dönəmindən ifşa olunsa da, sonrakı illərdə sovet ədəbi atmosferi xeyli yumşalsa da, şəxsən rəhbərin özündən başı çəkmiş yazıçının qapısı açılmamışdı. Otuzuncu illərin ikinci yarısında, eləcə də İkinci Dünya müharibəsi illərində (bu zaman o, hərbi müxbir kimi fəaliyyət göstərirdi) yazılarının çapına qismən icazə verilsə də, savaşdan sonra – 1946-cı ildə qələmə aldığı “Qayıdış” hekayəsi sovet mətbuatının, nəşriyyatların qapılarını onun üzünə biryolluq bağlamışdı. Əsərlərinin kütləvi nəşri yalnız sovet dövlətinin can verdiyi illərdə mümkün olmuşdu.
***
Moskva İqtisadiyyat İnstitutunun məzunu, türkmən oğlu Nazar Cağatayev öz yurduna dönüb, mənsub olduğu “can” adlı xalqı tapmaq, onları keçmişin qaranlığından, tarixin sahilindən canlı həyata qaytarmaq tapşırığı alır. Ondan əvvəl də belə bir tapşırıqla qumlu səhranı dolaşanlar olub, fəqət hamısı ağcaqanadlarla, cürbəcür başqa həşəratlarla, aclıqla, qıtlıqla çarpışmada məğlubiyyətə uğrayıb.
Paytaxtdan yola düşməmiş Nazar Vera (inam, etiqad) adlı atsifət qadınla simvolik nikaha girir, əri ölmüş köməksiz hamilə qadına rəhmi gəlsə də, oğlan Veradan çox onun gənc qızı Ksenyaya rəğbət bəsləyir. Yaşamaqdan yorğun Vera Nazarı öz missiyasıyla cəhənnəmə uğurlayanda “mən insanları itirməyə alışqanam” deyir. Cağatayev qayıdana o, dünyadan köçmüş olacaq.
Beləliklə, türkmən oğlu on beş il qabaq ayrıldığı yurduna, elinin-obasının içinə dönür. Onun amansız çöllərdə veyil-veyil dolaşan xalqı can üstədir. Bu xalq yetimlərin, yesirlərin, atılmışların, qovulmuşların, didərginlərin, çölləmələrin bir ölüm vadisinə toplaşmasından yaranıb. Bu adamların aclıqdan, susuzluqdan, arzusuzluqdan, ümidsizlikdən cismi əriyib itib, quru cəsədlərindən savayı heç nələri yoxdur, bir-birinə dəyən sümükləri şaqqıldayır, səhrada ruh kimi dolaşırlar. Qəbiləyə verilmiş (daha doğrusu, onların özlərinə verdiyi) “can” adı da eynən klassik Şərq poeziyasında olduğu kimi “ruh” mənasında işlənir. Onların qərq olduğu Sarıqamış səhrası ta qədimdən cəhənnəmin rəmzi də yox, özü sayılır, həm də bütün dünyanın cəhənnəmi. İndi Nazar Cağatayev bu insanları cəhənnəmdən ağ günə çıxarmalıdır.
***
Onun missiyasını yəhudiləri kölə şüurundan qurtarmaq üçün qırx il səhrada gəzdirən Musa peyğəmbərin missiyasına da, insanlara maarif işığı, bilik ziyası, həqiqət odu bağışlayan əzabkeş Prometeyin missiyasına da bənzədirlər. Nazar xalqının içindən on beş il əvvəl çıxıb, daha doğrusu, anası Gülçatay onu yaşadığı cəhənnəmdən uzaqlaşdırıb ki, səhrada diri-diri çürüməkdənsə gedib özünə gün ağlasın. Nazarın atası İvan Cağatayev rus ekspedisiya ordusunun əsgəri olub, ancaq gənc iqtisadçı atasını xatırlamır. Anası onu yanından genidəndə bunu da tapşırıb ki, özünə yeni ata tapsın.
Nazar da tapıb. Onun ideal atası dünya proletariatının rəhbəri, məzlumların pənahı Stalin yoldaşdır. Bu, İsa Məsihin öz bioloji atasından üz döndərib mənəvi atasına – cəmi məxluqatın yaradıcısı Tanrı ataya sığınmasına necə də bənzəyir. Nazarı səhraya göndərən katib Tanrının mələyi funksiyasını yerinə yetirir. Cağatayevin oxuyub təlim-tərbiyə aldığı azad, firavan kommunist Moskvası Tanrı dərgahının, metafizik aləmin, cənnətin timsalıdır. Bu cənnətdən xüsusi tapşırıqla cəhənnəmə ezam olunan Tanrı elçisi, peyğəmbər öz missiyasını uğurla başa vurub yenidən dərgaha qayıtmalıdır.
***
Can qəbiləsinin adamları eyni cəhənnəmdə yaşasalar da, bir-birinin dərdini çəkməmək, ölümünə ağlamamaq üçün bir-birindən gen gəzirlər. Onları bir-birinə bağlayan tellər qırılıb, onlar başqasının qayğısını çəkməyi yadırğayıblar. Platonov üçün bu, çox vacib məsələdir. Bu – yəni başqası. İnsan yalnız bəşəri maraqlar güdəndə, ümumi xoşbəxtlik naminə yaşayanda özü də xoşbəxt olur, həyatı məzmun qazanır (Bu mənada onu Lev Tolstoyun ardıcılı saymaq olar). Platonova görə, azad olmaq elə xoşbəxt olmaq deməkdir, insan yalnız azadlıqda gerçək xoşbəxtliyə yetişə bilər. Can qəbiləsinin adamları xoşbəxtliyin dadını itiriblər, çünki onların ruhu işlək deyil, bir-biriylə ünsiyyətdən, sevgidən, sədaqətdən, fədakarlıqdan məhrum olublar. Demək, insanlıq sifətindən çıxıblar. Cəhənnəm də elə insanlığın bu halıdır.
Hətta qohumluq bağları, doğmalıq duyğuları da onların halını dəyişə bilmir. Cağatayevin anası onu tanıyanda bir müddət mütəəssir olur, oğlunun telinə sığal çəkir, köynəyini, patavasını qoxulayır. Ancaq itiyinə qovuşmuş Gülçatayın sevinci də uzun sürmür, arvad oğlunu doyunca sevib əzizləməyə özündə güc tapa bilmir, ani fərəhin yerini yenə laqeydlik, biganəlik, dərin qüssə, donuq apatiya alır.
Qumsal çöllükdə, yerüstü cəhənnəmdə təbiət də yiyəsiz, başlı-başınadır. Külək ot-alafı qovur, qoyunlar ot dalınca qaçır, canavarlar qoyunları güdür. Burada insan müdaxiləsinə (əslində Tanrının müdaxiləsinə) ehtiyac var, yalnız insan əli bu özbaşınalığın, anarxiyanın qarşısını alıb, xaosu nizama sala, səhranı gülüstana çevirə bilər. Qumdan bərəkət tutmağa, qısır torpaqdan bala almağa yalnız qüdrətli insan əllərinin gücü çatar. Bu möcüzəni yaratmaq üçün insanların birliyi, birgəliyi gərəkdir. Can cana söykənməli, ürək ürəyə dəyməlidir.
Bir sabah ertə Nazar gözünü açanda yanında bir qoca qoç görür. Bu qoç qırx başlıq qoyun sürüsünün başçısıdır. Heyvan Cağatayevin boynunu-boğazını yalayır, ona mehribanlıq göstərir, ondan imdad diləyir. Çobansız qalmış sürü insan hənirindən ötrü qəribsəyib. Hətta qoyun itləri də naxələf çıxıblar, sürünü canavardan qorumaq əvəzinə çobanın yoxluğunu fürsət bilib fərarilik eləyiblər. Təbiət qudurub, nizam pozulub.
***
Fəqət insan müdaxiləsi heç də həmişə xeyirə deyil, təbiət yalnız ona ilahi eşqlə yanaşanlara sirrini açır, açarını təslim eləyir. Bütün idealist yazıçılar, peyğəmbər arxetipinin timsalı olan mütəfəkkirlər kimi Andrey Platonov da ideal qəhrəmanını antipodsuz, onun mülahizələrini antitezasız qoymayıb. Bu antitezanın adı Nurmuhamməddir. O, qoltuğunda hökumət portfeli gəzdirsə də, fikri-zikri bu insan sürüsünü otara-otara aparıb Əfqanıstanda qul adına satmaqdır. Onun xoş gələcəklə, azadlıqla, dirçəlişlə bağlı heç bir illüziyası yoxdur. Bir arzusu da Aydım adlı ərgənlik yaşına çatmamış qızı varlı kişilərə kirayəyə verib yaxşı pul qazanmaqdır. Nazara deyir: “Sən hansı adamlardan danışırsan?.. Onların can quşu çoxdan uçub gedib, onlardan ötrü yaşayıb-yaşamamağın bir fərqi yoxdur”. Nurmuhammədin xoşbəxtliklə bağlı tək bir şirin xəyalı var: bu yetim-yesiri satıb maya tutmaq, bolşevik gülləsinin çatmadığı yerlərdə özünə rahat gün-güzəran yaratmaq. Kommunistlərdən vəzifə alsa da, iki yana işləyir, sovet hökumətindən qaçıb gizlənmiş Cüneyd xanı dönə-dönə ziyarət eləyib.
Onun alçaq niyyətlərinin müqabilində gənc Nazar Cağatayev özünü ölülüyə vurub canını yırtıcı quşlara diddirir, onu leş bilib yaxına gələn, bədənini dimdikləyən quşları tapançayla vurub ətini çiy-çiy iki dünya arasında huşsuz-huşsuz var-gəl eləyən soydaşlarına yedirir. Demək olar, can-lıları öz ətiylə, qanıyla qidalandırır. Hərçənd yaxşı anlayır ki, bu kimi üsullarla yarımcan insanları işıqlı dünyaya qaytarmaq olmayacaq.
Məsəl var deyərlər, bir tikə bir dağ aşırar. Nazarın vəhşi təbiətdən qopardığı qənimətlər hesabına qəbiləsi çətinliklə də olsa Üst Yurd vadisinə yetişir. Cağatayevin hesabıyla el-obasının dirçəlişi buradan başlanmalıydı, can xalqının gələcək xoşbəxt həyatının bünövrəsi bu vadidə qoyulmalıydı. Ancaq qəhrəmanın utopiya tarlası yaşayış üçün nisbətən əlverişli olan bu yurdda da bəhrə vermir. Can əhli yaxşıca dincələndən, doyunca yeyib-içəndən sonra cənnətin astanasında yenə pərən-pərən düşür – hər kəs öz taleyinin, öz xoşbəxtliyinin ardınca. Qəhrəman bundan pəjmürdə olsa da, özünə təsəlli verir: hər bir insan hansı yolla getməli, neyləməli olduğunu özü daha yaxşı bilir.
Əlbəttə, insanları yeməkdən, rahatlıqdan, xoş güzərandan daha möhkəm, daha sıx birləşdirən amillər var. İncildə deyildiyi kimi: “İnsan oğlu tək çörəklə qidalanmır”. Cağatayev bunu dərindən anlayanda dinclik tapır, yenidən öz qövmünü bir yerə toplaya bilir. Məsələ can qəbiləsinin xoşbəxtliyə çatıb-çatmamasında deyil, məsələ qəhrəmanın bu ideala can atmasında, atomlara, molekullara bölünmüş bir cəmiyyəti vahid, bərk maddə halına gətirə bilməsindədir. Peyğəmbər arxetipindən su içən mistik obrazın yolu bütün mədəniyyətlərdə vəhdəti-vücuddan, kollektiv ruhdan keçir. Povestin sonuncu abzası bu baxımdan olduqca xarakterikdir: “Nazar Kseniyanın əlini əlinə alanda aralıdan-aralıya onun ürəyinin guppultusunu eşitdi, elə bil qızın qəlbi sinəsini yarıb onun köməyinə yetişmək istəyirdi. Cağatayev indi əmin oldu ki, kömək ona yalnız başqasından gələcək”.
Yəni sən hətta özündən qat-qat zəif, aciz adamlarla birlikdə olanda güclüsən, ayrılıqda, yalqızlıqda Herakl da olsan, heçnəsən.
***
Dilimizə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının çevirdiyi “Can” povesti Andrey Platonovun ən güclü əsərlərindən biri, bəlkə də birincisidir. Bu əsərdə müəllif xristian (zərdüşti də deyə bilərik) ideallarını sosializm ideyalarına calaq eləməyə, özünəməxsus bir din yaratmağa çalışmışdı. Təəccüblü deyil, çünki erkən sosializm özü də din kimi meydana çıxmışdı – allahsız din kimi. Üstəlik, hər bir dinin, təriqətin sosial ədalət yaratmaq yolunda özünəxas konsepsiyası var.
Bununla belə, fikrimcə, Platonov dini-mistik yazıçıdır – hərçənd burada birbaşa dindən söhbət getmir. “Can” povesti fantastik fəlsəfi pritçadır – hərçənd bu əsərdə real olmayan bir səhnə yoxdur. Nazar Cağatayev həm Prometeyin, həm Musa peyğəmbərin, həm də İsa Məsihin (ola bilsin, bir xeyli başqalarının da) surətini özündə cəmləyən dini-mifik obrazdır – hərçənd povestdə oxucu Lenin-Stalin sosializmini özünə mayak, ehkam seçmiş gənc kommunistin macəralarını izləyir.
Andrey Platonov niyyətini dərində gizləyən yazıçıdır. Bir çox məqamda onun istehzamı elədiyini, ya ciddimi danışdığını anışdıra bilmirsən. Onun kommunizm rəhbərlərini, sosializm quruculuğunu tərifi bəzən tərifdən də çox lağlağıya bənzəyir. Platonovun rus bədii nəsrində (bəlkə bütün dünya ədəbiyyatında) analoqu olmayan dili-üslubu da sanki müəllifin yaradıcı konsepsiyasını ifadə eləməyə, gizli məramını aşkara çıxarmağa yox, onları gizləməyə, örtüb-basdırmağa yönəlib. Onun nəsrinin dili, bənzərsiz cümlələri ilk baxışda naşı qələm sahibinin söz israfıyla yüklənmiş xam mətnini xatırladır. Hərçənd ədəbiyyat xiridarları bu fikirdədirlər ki, Andrey Platonov rus nəsrində ayrıca bir dil yaradıb. Bu, rus dilindən də çox Platonov dilidir. Bu dildə ikinci bir şəxsin yazmağı mümkün deyil. Gerçəkdən də Platonov dilinin altında gizlənib.
Söz sənəti belədir. Bu sənətin sirlərinə yaxşı bələd olan yaradıcı adam özünü asanlıqla ələ vermir. Onu gərək yuvasını eşələyib tapasan.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik