Din kimi poeziya, peyğəmbər kimi şair
- 06 İyun 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rayner Mariya Rilkenin poetik yaradıcılığı haqqında
Fəxri Uğurlu
Sevgidən şeirlər yazmayın, çoxdan bəlli olan tanış formalardan gen gəzin, bunlar işin ən çətin tərəfləridir… Gözəl obrazların olduğu bir yerdə özününkünü yaratmaq üçün möhtəşəm, yetkin güc lazımdır. Gündəlik həyatınızın Sizə diktə elədiyi ümumi mövzulardan xilas yolu axtarın: öz kədərinizi, arzularınızı, ötəri niyyətlərinizi, hansısa gözəlliyə inamınızı qələmə alın – bu haqda təsirli, həzin, təvazökar bir tövrlə yazın, özünüzü ifadə etmək üçün Sizi əhatə eləyən şeylərə, öz yuxularınızın obrazlarına, xatirələrinizin predmetinə üz tutun. Əgər gündəlik həyatınız Sizə kasad görünürsə, günahı özünüzdə axtarın, boynunuza alın ki, həyatın yeknəsəqliyindəki bütün bu zənginliyi canlandırmaq üçün, sadəcə, Sizin şairliyiniz yetərli deyil, çünki yaradıcı ruh üçün kasadlıq deyilən anlayış yoxdur, adamı biganə qoyan belə kasad yerlər ümumiyyətlə mövcud deyil.
Əgər dünyanın bircə sədasının belə hissiyyatınıza gəlib yetişmədiyi həbsxana divarları arasında olsaydınız, Siz öz uşaqlığınızın, misilsiz zənginliklə dolu bu xatirələr xəzinəsinin yiyəsi olmayacaqdınızmı? Fikrən ona üz tutun. Bu böyük zamanın içində unutduğunuz nə varsa, hamısını yaddaşınızda diriltməyə çalışın – onda Sizin şəxsiyyətiniz öz təsdiqini tapacaq, tənhalığınızın hüdudları genişlənib, toranlıqda kənardan insan səs-küyünün dalğası duyulan bir evə çevriləcək.
Əgər özünüzə xitabdan, şəxsi dünyanıza qapılmadan şeirlər doğulsa, həmin şeirlərin yaxşı, ya pis olması barədə nəsə soruşmaq Sizin heç ağlınıza da gəlməyəcək. Onda Siz qətiyən marağında olmayacaqsınız ki, yazılarınız barədə jurnalların rəyi necədir. Siz bu şeirlərdə canınız-qanınız bahasına başa gələn həyatınızın səsini, cilasını görəcəksiniz.
Sənət əsəri o halda yaxşıdır ki, daxili zərurətdən yaranmış olsun…
Rayner Mariya Rilke – “Gənc şairə məktublar”dan
Rilkenin şeirləri Əhdi-ətiq peyğəmbərlərinin dualarına, nəğmələrinə, bəzən də qarğışlarına bənzəyir. Onun poeziyası – poeziyadan çox şeir qılafına bürünmüş dindir, şair özü də şairdən çox dərviş, peyğəmbər xislətli missionerdir. Ancaq Rilkenin yaradıcılığını konkret bir konfessiyanın sərhədləri çərçivəsinə sığışdırmaq olmaz. Onun dini ümumbəşəri dindir, hərçənd xristianlığın ideallarından, obrazlarından, simvollarından xali deyil.
Ömrünün beş ilini valideynlərinin təkidiylə getdiyi hərbi məktəbdə çürütsə də, Rilke yaradıcılığa da, şair kimi tanınmağa da çox erkən başlamışdı. İlk poetik toplusu hələ on doqquz yaşı olanda – 1894-cü ildə işıq üzü görmüşdü. İki əsrin qovuşağında Rilke artıq yetkin şair kimi tanınırdı. Ondan iyirmi yaş böyük başqa bir dünya şöhrətli şair – fransızdilli belçikalı Emil Verharn Rilkeni Avropanın bir nömrəli şairi adlandırmışdı. Nəzərə almaq lazımdır ki, Verharn hələ Rilkenin öz şah əsərlərini – “Duinez elegiyaları” ilə “Orfeyə sonetlər”i yazdığı zamana qədər yaşamamışdı.
Rilke daim öz şair tənhalığının sərhədlərini, eynən gənc şairə tövsiyələrində yazdığı kimi, genişləndirməyə, öz mənəvi səltənətinin ərazisini böyütməyə çalışırdı. Ancaq bu işləri yalnız xəyallarının hesabına görmürdü, Praqada dünyaya gəlmiş Avstriya vətəndaşı olsa da, doğma şəhərinə sığmırdı – bir ucu Almaniya, İtaliya, Fransa, İsveçrə, bir ucu Rusiya – çox gəzir, çox dolaşırdı. Rus torpağını o, ruhunun vətəni, instinktlərinin qaynağı, duyğularının beşiyi adlandırırdı; deyirdi ki, Rusiya Tanrı dərgahı ilə həmsərhəddir. Şübhəsiz, şairin bu qənaətə gəlməsində özündən on beş yaş böyük peterburqlu rəfiqəsi Lu Salomenin (bir zamanlar bu ağıllı, xarizmatik qadın Fridrix Nitsşe ilə də sıx ünsiyyətdə olmuşdu), Rusiyada yaxından tanıyıb könül bağladığı Lev Tolstoyun, İlya Repin, Leonid Pasternak (sonralar Rilke ilə məktublaşacaq, onun şeirlərini ruscaya çevirəcək böyük şair Boris Pasternakın atası) kimi görkəmli rəssamların da rolu az olmamışdı. Dostoyevski, Tolstoy, Çexov yaradıcılığıyla Rilke ciddi maraqlanırdı, rus dilini öyrənib, bu dildə hətta bir neçə şeir də yazmışdı.
Rilke Avropa ədəbiyyatında ardıcılı olmayan sonsuz şairdir. Qlobal savaşların, epidemiyaların tüğyan elədiyi, xalqların, millətlərin ümidsizlik bataqlığında boğulduğu bir dönəmdə mistik şairin dini yaşantıları, ilahi illüziyaları, işıqlı xəyalları, çox güman, tragik zamanın kontekstinə sığmayıb, iki dünya müharibəsi arasındakı dövrün sənətkarları ya diqqəti daha çox sosial-siyasi reallıqların ifşasına yönəldiblər, ya da dekadansa, pessimizmə, ateizmə, materializmə, satanizmə yuvarlanıblar. Hər halda on doqquzuncu yüzildə böyük örnəkləri yaradılmış “dini” ədəbiyyat nümunələrinə iyirminci əsrdə çox az rast gəlinir. Belə sənət möcüzələri yaradan tək-tək adlardan biri də Rayner Mariya Rilkedir.
Rilke konseptual şairdir. Sağlığında da, özündən sonra da onu cürbəcür ədəbi-fəlsəfi cərəyanlara (həyat fəlsəfəsi, fenomenologiya, intuitivizm, simvolizm, modernizm, sürrealizm, ekzistensializm…) calamaq istəyənlər çox olub. Əlbəttə, Rilkenin yaradıcılığında bu cərəyanların, məktəblərin hər birinə aid nəsə tapmaq olar, ancaq bütün böyük qələm adamları kimi onu da hansısa cərəyanın çərçivəsinə salmaq olmaz. Onun hər silsiləsi bəlli bir poetik-fəlsəfi konsepsiya üzərində qurulub. Məsələn, “Dua kitabı” adlı üçbölümlük toplusu kilsə nəğmələri üslubunda, Tanrıyla dialoqa girməyə çalışan bir rahibin monoloqu kimi yazılıb.
“Yeni şeirlər” silsiləsi dahi skulptor Ogüst Rodenin heykəltəraşlıq tərzinin təsiri altında “şeir-əşya” konsepsiyasının ifadəsi kimi meydana gəlib. Konsepsiyanın mahiyyəti təxminən budur ki, biz ətrafımızdakı varlıqlarla, əşyalarla, predmetlərlə daimi ünsiyyətdəyik. Hansısa əşyaya dərindən dalanda biz ona can veririk, həmin predmet bizim ruhumuzda, şüurumuzda öz ifadəsini tapır, bizdə yaşamağa, təkmilləşməyə, mahiyyət qazanmağa başlayır. Yəni şüurumuz quşun, ağacın, daşın “qabığını soymaqla”, “donunu soyundurmaqla” onun gerçək mahiyyətinə nüfuz eləyir, onun qəlbinə yol tapır. Gerçəkdən də, quşa, ağaca, daşa bir şairin münasibətiylə ətrafındakı varlıqların “dilini” bilməyən adi adamın münasibəti arasında yerlə göy qədər fərq var. Müdrik insan hər predmetə, hər mənzərəyə qəlbinin gözüylə – üçüncü gözlə baxır, özündən qıraq aləmə altıncı hiss orqanıyla toxunur. Bu, dahi filosof Edmund Hüsserlin fenomenologiya fəlsəfəsi, ekzistensialistlərin subyektiv dərki ilə səsləşən vacib məqamdır.
“Obrazlar kitabı” toplusu ən müxtəlif həyat, təbiət hadisələrinin, obrazların vahid dini-mistik konsepsiyaya tabe olunması sayəsində poeziya tarixinə simvolizmin misilsiz örnəyi kimi düşüb. Məsələn, bu silsilədən olan “Kitabla baş-başa” şeirinin lirik qəhrəmanı mütaliəyə necə aludə olursa, pəncərəsini döyəcləyən yağışın belə səsini eşitmir. Axşama doğru günəş işığını da götürüb bağ-bağçadan çəkiləndə onun qulağına hansısa dərinlikdən bir yerə yığışıb söhbətləşən adamların səsi gəlir. O, başını qaldırıb boylansa, danışan adamların necə yaxında olduğunu görəcək, belədə isə həmin səslər ona başqa dünyanın hənirtiləri, pıçıltıları kimi çatır. Ona görə də gözünü kitabdan çəkməyib toran qovuşan vaxtı gözləyir. Alaqaranlıqda başını qaldıranda ona elə gəlir ki, evinin çəpəri böyüyüb-böyüyüb bütün kainatı öz içinə alıb. Kəndin sonunda işaran sonuncu ulduz isə ona sonuncu evin çırağı kimi görsənir.
Müəllif lirik qəhrəmanın hansı kitabı oxuduğunu bizə deməsə də, aydın olur ki, həmin kitab dünyayla onun arasından sərhədi götürüb, qəhrəmanın bağçası (subyektiv aləm) ucsuz-bucaqsız kainata (obyektiv aləmə) qaynayıb-qarışıb, zərrə küllə, fərd ilahi harmoniyaya qovuşub. Əslində elə “Tanrının birliyi” ifadəsi də say mənasında yox, vəhdət, birlikdəlik, hamının, hər şeyin bir qaba dolması, iç-içə, can-cana olması, çoxluğun birliyə çevrilməsi mənasında başa düşülməlidir.
Həmin silsilədən olan “Payız” şeirində Rilke xəzan mövsümünü metafizik hadisəyə bənzədir: elə bil göylərin dərin qatında yarpaq tökümü başlanıb, hər şey gövdəsindən, budağından üzülüb dibsiz boşluğa yıxılır. Yer kürəsi də göyün ucalığından qopub soyuq, qaranlıq tənhalığına yuvarlanır. Hər şey, hər şey yıxılır. Biz də yerişimizdən yıxılırıq, qollarımız sustalıb yanımıza düşür, əllərimiz sözümüzə baxmır. Fəqət bir böyük Allah var ki, qüdrətli ovcunu bütün bu yıxıntıların altına uzadır, möhtəşəm qucağını, sonsuz ətəyini bütün yıxılanlara açıb onları fəlakətdən, qəzadan qoruyur. Şair kainatın cazibə qanununa bax belə məna yükləyir.
“Obrazlar kitabı”nın ən məşhur şeirlərindən biri də “Fontanlar haqqında”dır. Şairin şüşə ağaca bənzətdiyi fontanın göylərə şığıması onun kosmik arzularının, xəyallarının rəmzidir. Fontanın suyu göyə dartındıqca göy də yerə yaxınlaşır, bu zaman başqa dünyalarla bizim dünyamız arasında təmas yaranır. Dünyalar bir-birini fontanın göz yaşlarına bənzər qəlpələri, sıçrantıları arasından salamlayır. Şair deyir ki, bəlkə biz də hansısa bir dünyanın səmasıyıq, biz Tanrını göylərin dərinliyində axtardığımız kimi o dünyanın sakinləri də Yaradanı bizdə soraqlayıb bizdə gəzirlər? O dünyanın möminləri bəlkə bizi qiblə tutub səcdəmizə dururlar, o dünyanın şairləri, peyğəmbərləri bəlkə bizə mədhiyyə oxuyurlar? Rilke bu şeirində də Allahı dünyaları, insanları bir-birinə doğru yola çıxaran, bir-birinin səcdəsinə aparan, sevgisiylə xaosu kosmosa, ayrılıqları birliyə, tənhalıqları vəhdətə çevirən Ali Məhəbbət kimi vəsf eləyir…
1910-cu ildə birinci-sonuncu romanı işıq üzü görəndən sonra Rilkenin poetik yaradıcılığa münasibəti – arada nələrsə yazdığına, tərcümələr elədiyinə baxmayaraq – bir xeyli sərinlədi. 1912-ci ildə özünün iki başlıca silsiləsindən, iki şah əsərindən biri olan “Duinez elegiyaları”nı yazmağa başlasa da, işi yarımçıq qaldı. Daha sonra dünya müharibəsi meydanlarında atılan topların qaynar gurultusu, adam ətinə yerikləyən süngülərin soyuq parıltısı şairin ilham pərilərini ürkütdü. Yalnız on ildən sonra ilham pərisi onu yenidən müjdələdi. 1909-cu ildə tanış olduğu, ömrünün sonunacan kölgəsini onun üstündən çəkməyən knyajna Mariya Turn-i-Taksis Qogenloenin İtaliyanın Triyest şəhəri yaxınlığındakı Duino qəsrində qədim yunan tanrısı Orfeydən ona vəhy gəldi. Tez bir zamanda “Duinez elegiyaları”nı tamamlayandan sonra Rilke cəmi-cümlətanı iki həftəyə əlli neçə şeirdən ibarət “Orfeyə sonetlər”i yazdı. Forma-üslub sferasında hər hoqqadan çıxandan sonra dahi sənətkar yüz illər boyu Avropanın ən nəhəng şairlərindən imtahan götürmüş klassik janra qayıtdı. Bu janrda nə yaratmalısan ki, Petrarkadan, Şekspirdən, Qonqoradan, Kevedodan, Novalisdən, Bodlerdən, Rembodan… seçiləsən, onların kölgəsində qalmayasan?
Antik mifoloji dünyagörüşdə musiqinin, poeziyanın himayədarı sayılan Orfey Rilkenin silsiləsində həm şair, həm peyğəmbər, həm də Tanrı kimi qələmə verilir. Onun səsi, nəfəsi, ləfzi meşədə yırtıcıları, quşları, böcəkləri, ağacları, qayaları belə heyran qoyur, onun nəğməsi vəhşi təbiəti Tanrının iqamətgahına, mağaranı məbədə, xaosu harmoniyaya, ulartını sükuta çevirir.
Göyərir, ilahi, göyərir ağac!
O səsdi göyərir: səslənir Orfey.
Və susur nə varsa. Bu sükutdaca
rəngini, cildini dəyişir hər şey.
Vəhşilər yuvadan qaçır, tələsir,
səsini içinə qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar
dinləməkdən ötrü o gözəl səsi.
Hansı ulayırdı, dil-dil ötürdü –
bir heçdi, bir puçdu onlardan ötrü.
Və sən o balaca, o sısqa yerdə,
içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin, ufacıq hində
məbədlər ucaltdın gözəl səsinlə.
(tərcümə Mahir N. Qarayevindir)
Aydın məsələdir ki, Rilkenin Orfeyi avtobioqrafik obrazdır. Onun poeziyanı din, şairi peyğəmbər ucalığına qaldırmaq ustalığı bu silsilədə öz apogeyinə çatır. Lirasının səsiylə, nəğməsinin qüdrətiylə təbiəti sükunət halına gətirən Orfey Tanrı elçisinin obrazı, ilahi qüdrətin təcəllasıdır. Onun zühuruyla quduz bağırtılar liranın sədası altında eşidilməz olur, onun nəğməsi başına yağdırılan daşları belə yumşaldıb muma döndərir, onun səsləri nizama düzən xoş avazı xaosun vahiməli uğultusunu batırır. Əfsanəvi Orfeylə, əfsanəvi olmayan müəllifin özüylə yanaşı, zənnimcə, İsa Məsihi də bu lirik qəhrəmanın prototipi saymaq olar.
Quduzlaşmış kütlənin dörd tərəfdən sardığı,
sən ey ilahi səsdə dirçələn ulu Tanrı! –
sənin səslənişinlə o yığnağın varlığı,
hay-küyü itdi-batdı, xoş bir avaz yarandı.
Qırammadı heç biri fəqət sənin liranı.
Ürəyinə tuşlanan daşlar sənə yetincə
ipək kimi hamısı yumşaldı bircə-bircə –
nəfəs verib, can verib dilləndirdin onları.
Qəddar, amansız qisas axırda baş tutsa da,
Azğın menadlar sənin axırına çıxsa da –
aslanların, quşların, ağacların, otların,
qayaların dilinə keçdi o səs, o səda…
(tərcümə Mahir N. Qarayevindir)
Rilkenin şeiriyyətini müəyyən mənada Nitsşenin mənsur fəlsəfi poeziyasıyla polemika da saymaq olar. İnstinktiv başlanğıcı əsas götürən sələfindən fərqli olaraq o, Dionislə Apollonu qarşı-qarşıya qoymur, onlar arasında qanlı savaş açmır, tərsinə, bu iki başlanğıcı bir araya gətirir. Onun Dionisi instinktlərin tüğyanı deyil, intuisiya axınıdır. Dionisin dəli seli Apollonun dəhnəsinə tökülüb müdriklik pərini fırladanda, yaradıcı düşüncənin dəyirmanını işə salanda sənətin də, fikrin də möcüzələri yaranır.
Səs gəlir: hardasa çaylar oxuyur.
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil, zaman deyil, yox –
bəlkə sonsuzluqdu əriyir, axır.
Sənə yabançıdı bu səslər hələ,
Sudu – gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan bəlkə sən elə –
düşmüsən, qalmısan o axındaca.
Hər şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası varmı…
sudu… axıb gedir, adi axındı…
Sənsə sirr dəlisi, sirr ölüsüsən,
yad sular, yad çaylar axdı, apardı
bütün hisslərini… hara görəsən?
(tərcümə Mahir N. Qarayevindir)
Rilke “Orfeyə sonetlər”i münhenli dostunun 1919-cu ildə leykemiya (ağ qan) xəstəliyindən dünyasını dəyişmiş gənc qızına həsr eləmişdi. Eynən ölmüş sevgilisi Evridikanın ardınca qaranlıq dünyaya gedən Orfey kimi bəlkə o da sözün gücü, sənətin möcüzəsiylə o qızı geri qaytara biləcəyinə ümid bəsləmişdi. Fəqət üstündən yeddi il sonra 51 yaşlı şair özü də “göylərin lənətlədiyi böyük şəhərlərin” (sitat “Dua kitabı”nın üçüncü bölümü olan “Yoxsulluq və ölüm haqqında kitab”dakı bir şeirdəndir) hay-küyündən qaçıb sığındığı bir İsveçrə kəndində eyni xəstəlikdən canını torpağa tapşırdı. Bununla da sanki cavan ölümünə yandığı qızın xəcalətindən çıxdı.
Buna qədərsə modern çağın Orfeyi, yeni Avropanın ən böyük şairi ölümcül mərəzə mübtəla olmuş o qızı da, özünü də qaranlıq ölülər səltənətindən işıqlı dünyaya çağıra bilmişdi. Əlbəttə, bilirdi ki, bundan sonra bir də heç vaxt onları öldürmək mümkün olmayacaq.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair