Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
1991-ci ildə SSRİ dağılandan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal etdi, amma müstəqilliyini tam itirdi, Rusiyanın vassalına çevrildi.
Azərbaycan torpaqlarını itirdi, amma ən azı iqtisadi baxımdan daha müstəqil dövlət qurdu, neft-qaz layihələri sayəsində Rusiyadan yan keçən əlaqələr qurub pul qazandı. Korrupsiya olmasaydı, indi ən azı Slovakiya səviyyəsinə çatmışdıq.
Gürcüstan müstəqillik yolu tutub torpaq itirdi, Qərbə inteqrasiya üçün itirdiyi torpaqlardan müvəqqəti də olsa vaz keçdi, amma hələ iqtisadi müstəqillik qazana bilməyib. Onların turizmdən asılılığı bizim neftdən asılılığımız qədər problemdir.
Ukrayna hüquqi baxımdan müstəqilliyə daha rahat qovuşdu, Qərbə inteqrasiya yolu tutan kimi isə Krımı, Donbası itirdi. Amma nə inteqrasiya var, nə də iqtisadi inkişaf, indi də məlum olur ki, böyük güclər lazım gələndə öz aralarında anlaşaraq Kiyevi kənarda qoyur. Ukrayna hələ nə demokratiya qura bilib, nə rifah dövləti.
Moldova müstəqillik əldə etdi, amma torpağının bir hissəsini itirdi, indi isə “Dnestryanı Respublika” adlanan qondarma qurumdan vaz keçməklə də olsa Avropa İttifaqına inteqrasiya yolu tutub.
Orta Asiya respublikaları hüquqi baxımdan müstəqil olsalar da, hələ də tamamən Rusiyadan asılıdırlar, baş verən istənilən proses Kremlin birbaşa diktəsi ilə həyata keçirilir.
İndi Ermənistan müstəqil olmağa can atır, bunun üçün Qarabağ yükünü üstündən atmağa çalışır, Rusiyaya güvənib, onların köməyi ilə işğal etdiyi torpaqları itirib, hələ müstəqil ola bilməyib, amma bu yöndə çapalayır.
Gürcüstan, Ukrayna, Moldova Avropa İttifaqı və NATO üzvlüyündə israrlıdırlar, bu yolla gedirlər, əslində bizə də yol açırlar, amma çox çətin olacaq, görünən odur ki, Qərbin başı Rusiya ilə alverə qarışıb, Çin və digər mövzularda kompromis əldə edən kimi postsovet məkanını Rusiyaya müvəqqəti güzəştə gedə bilər.
Orta Asiya respublikaları yaxın 10 ildə Rusiyadan daha asılı vəziyyətə düşəcəklər, hər birinin sərhədləri tamamən Kremlin nəzarətinə keçəcək.
Azərbaycan 1991-2020-ci illər arası iqtisadi baxımdan gücləndi, siyasi və strateji olmasa da, iqtisadi olaraq Qərbə bağlandı, xarici siyasətdə ciddi səhvlər etmədi, ittifaqlar quraraq zamanı gözlədi, torpaqlarımızın böyük hissəsini işğaldan azad edə bildi.
Amma bu bizə nəyin hesabına başa gəldi? Bu ittifaqların hesabını vermişikmi və ya hələ verəcəyikmi? Ölkənin sağ qalma və ya ayaqda qalma strategiyası varmı? İqtisadi cəhətdən daha müstəqil, amma siyasi cəhətdən geridə qalmış sistemə malik ölkəmizi hansı təhlükələr gözləyir və biz bu təhlükələrdən necə sığortalanmalıyıq? Ölkədə tam bərqərar olmuş tək adam sistemi məmləkəti hara aparacaq? Xarici siyasətdə müəyyən yaxşı, pozitiv effekt verən balans siyasəti daxili siyasətdə də effekt verə biləcəkmi?
Bu sualların cavabı çox önəmlidir.
Mənim cavabım var: məmləkət daha effektiv siyasi idarəetmə sisteminə keçməlidir. Bunun üçün konstitusiya dəyişiklikləri şərtdir. Prezident dövlət başçısı olmalı, xarici siyasətə, daxili təhlükəsizliyə, orduya, xüsusi xidmət orqanlarına birbaşa rəhbərlik etməli və bölgələrə öz nümayəndəsini təyin etməlidir.
Parlament proporsional sistemlə formalaşmalı, siyasi partiyalar ideoloji əsasda güclənməli, hökumət parlamentdən çıxmalıdır. Parlamentdən çıxan hökumət iqtisadi və sosial məsələlərlə birbaşa məşğul olmalı, prezidentin bu sahələrə müdaxiləsi minimuma enməlidir.
Yerli özünüidarə institutları güclənməli, böyük şəhər bələdiyyələri yaradılmalı, birbaşa mer seçkiləri keçirilməlidir.
Məhkəmə hakimiyyətində üçlü balans siyasəti olmalı, bütün səviyyələrdə təmsil olunan hakimlərin üçdə birini prezident, üçdə birini parlament təyin etməli, üçdə birini isə hüquq cəmiyyəti (hakimlər, prokurorlar, vəkillər) birbaşa seçkilərlə seçməlidir.
Biz belə qəliz və qüvvətlər balansına malik idarəetmə sisteminə təcili keçməsək, məmləkətə olan basqıları amortizasiya edə bilməyəcəyik.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri