Natiq Cəfərli
Azərbaycanda məmurların, məmurlara bağlı biznes çevrələrinin büdcəni sökən, dövlət bankından kredit götürüb qaytarılmayan çox fırıldaq layihəsi olub. Amma onların arasında ən məntiqsizi, göz görə-görə camaatı dolayanı “Xəzər adaları” layihəsi idi.
Layihənin görünən üzü Hacı İbrahim 2011-ci ildə ideyanı elan edərkən demişdi ki, iş 120 milyard dollara başa gələcək. Həmin il Azərbaycanın büdcəsi 15,7 milyard manat olub, yəni adam belə bahalı layihə elan etdi, televiziya kanalları, başqa media orqanları bunu geniş yaydılar.
Biznesmenin əsas aktivi ən yüksək çinli məmurlara yaxın olması idi. Nəticədə Hacı İbrahim Beynəlxalq Bankdan 800 milyon manat (o vaxtın kursu ilə 1 milyard dollar) kredit aldı, Bakıdan 25 kilometr uzaqlıqda 5-6 binanın skeleti ucaldıldı. Hacı İbrahim elan etdi ki, oradakı evləri satışa çıxarır, kvadratmetrinə 5100 dollar (!!!) qiymət qoydu. Təbii ki, müştəri tapılmadı. Belə evlərin potensial müştəriləri oğru məmurlar ola bilərdi, amma onlar da ağılsız deyillər – sağı-solu sement zavodları, sənaye müəssisələri olan, havası, dənizi çirkli, küləyin döydüyü bir məkanda heç kim o qiymətə ev almazdı. 100 kvadratmetrlik mənzilə 510000 dollar qiymət qoyulmuşdu, o pula 2011-ci ildə, məsələn, Bolqarıstanda 10 villa almaq olardı.
Hacı bir necə iri türk iş adamını Bakıya dəvət etdi, həmin yeri göstərdi, şərik olmağı təklif etdi, amma iş alınmadı…
Sonrası bilinir – Beynəlxalq Bankla bağlı cinayət işi, Hacını gah tutdular, gah buraxdılar, sonra da o layihəni Beynəlxalq Bankın balansına alıb Hacıya bütün borcu bağışladılar – çünki o, 1 milyard dolları tək yeməmişdi.
Sonra Beynəlxalq Bankı toksik kreditlərdən təmizləmək, onun balansını normallaşdırmaq üçün “Xəzər adaları” layihəsinin adını dəyişib “Yeni şəhər” qoydular və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına berdilər. Bu ASC-nin Müşahidə Şurasının sədri prezidentin köməkçisi Natiq Əmirovdur, qurumda nazirlər Mikayıl Cabbarov, İnam Kərimov, Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov təmsil olunurlar.
Korporasiya bu günlərdə “Yeni şəhər” kompleksində infrastruktur layihələri üçün 40 adda (!!!) tender elan edib. Məbləği göstərməyiblər, amma pulları yenə göyə sovururlar.
2012-ci ildən, hələ problem yaranmadığı zamandan “Xəzər adaları” layihəsinin mənasız olduğunu söyləmişəm, sonra bataqlıqdan çıxmaq üçün yollar da təklif etmişəm: dövlət bu yükü üstündən atmalı, xarici sərmayəçi tapmalı, həmin sahəni icarəyə verməli, orada əyləncə və oyun zonasının təsis edilməsinə qərar verməlidir. Ora daimi yaşayış üçün uyğun deyil, amma hotellər, restoranlar, əyləncə məkanları, kazinolar üçün çox uyğundur. Bakıya yaxın belə bir əyləncə və oyun mərkəzinin yaranması on minlərlə iş yeri, yüz milyonlarla illik dövriyyə, büdcəyə ildə on milyonlarla vergi deməkdir.
Ziyanın yarısından qayıtmaq da kardır…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış