Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Bölgəmiz yenə qaynayır, təhlükəli proseslər gedir: Rusiyanın rolu güclənir, Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda uduzur. Ola bilər ki, sonda yenə Qərb önə çıxsın, amma ABŞ və Avropa İttifaqında cari liderlik problemi var.
Məsələ bu günün problemi deyil – 2007-ci ilin Münhen Təhlükəsizlik Konfransından başlanan proses Rusiyanın güclənməsi xətti ilə gedir. 2008-ci ildə Gürcüstan hadisələri törədildi – Qərb heç nə edə bilmədi, sonra Krım, Donbas, Belarus hadisələri oldu, nəhayət, Azərbaycana sülhməramlı adı altında rus ordusu gəldi… Bütün bu hadisələr zəncirində hələ ki, udan Rusiyadır.
Qərb postsoveti ya tanımır, ya tanımaq, öyrənmək istəmir, ya da ən pisi – postsovet məkanını Rusiyaya təslim edir, uzun zamana oynayır, düşünür ki, bütün postsovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq. Məncə, çox riskli plandır, hətta baş tutsa belə, keçmiş SSRİ respublikalarının bu gününü qaralayır, xalqların gözünü qırır.
Qərbin son bir ildə ən böyük səhvlərindən biri Belarusda oldu – Lukaşenko diktator, avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu, Moskvadan uzaqlaşmaq, Qərblə yaxınlaşmaq istəyirdi. Hətta Avropa İttifaqı və ABŞ-la danışıqlara başladı, ciddi səfərlər və görüşlər oldu, yeni sənədlər imzalandı, daha geniş sənədlər imzalanmaq üzrə idi. Məhz Lukaşenko Belarusun müstəqilliyini üstün tutaraq Rusiya ilə ittifaq dövlətinin yaranmasına mane olurdu.
2020-ci ilin prezident seçkisindən öncə Kreml orada oyun qurdu – Lukaşenkonun əsas rəqibləri məhz Kremlin adamları idi, seçkidən bir il, il yarım öncə Rusiyanın televiziya kanalları Lukaşenkonu aşağılamaqla məşğul idilər. Hətta “müxalifətin” əsas tribunası Rusiya kanalları idi. Seçkidən sonra Qərb səhv strategiya yürüdərək Rusiyanın əlinə oynadı, faktiki olaraq Lukaşenkoya seçim qoymayaraq onu Kremlin qucağına itələdi.
Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq, Moskva artıq elə bir vəziyyət yaradıb ki, Lukaşenko hər şeyə razıdır – ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək, bu, SSRİ-nın xortlamasının təməli ola bilər.
Kreml sonra çox asanlıqla Qırğızıstanı udacaq – orada son hakimiyyət dəyişikliyi məhz bunun üçün idi, ardınca növbə Qazaxıstana çatacaq, növbəti addım kimi Donbası tərkibinə qatacaq.
Bizim üçün ən təhlükəli məqam Ermənistandır – Kreml yayda bu ölkədə keçiriləsi parlament seçkisində planladığını etsə, rəsmi İrəvan yeni “SSRİ”yə daxil olacaq, son hərbi məğlubiyyət bunun əsasını yaratmağa səbəb olub – Ermənistana mesaj verilib ki, təkbaşına qalsa, mövcudiyyəti sual altına düşəcək.
Vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək. Aprelin 22-si Moskvada “SSRİ” proyektinə start verilsə, biz dərhal Türkiyə ilə ittifaq dövləti müqaviləsi bağlamalı, Türkiyə Ordusunun bazalarına icazə verməliyik. Başqa yol yoxdur.
Qərb daha uzun zamana hesablanmış oyun oynayır, yaxın dövr üçün hamımızı yem kimi Kremlin ağzına atır, bilir ki, Moskva bunu həzm edə bilməyəcək, sonda boğulacaq. Amma buna böyük zaman lazımdır, bizim isə zamanımız yoxdur – ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış