Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Dövlətin adətən öz pulu, yəni özünün qazandığı pul olmur. Hökumətin isə heç olmur, dövlətin büdcəsində olan pul vətəndaşın qazandığı və bir hissəsini büdcəyə ödədiyi vəsaitdir.
Resurs ölkələrində bir az fərqli situasiya yaranır – büdcə həm də təbii sərvətlər hesabına formalaşır. Belə ölkələrin bəzisində təbii sərvətlər özəl şirkətlərə məxsusdur, onlar hökumətin qoyduğu qaydalarla, məsələn, neft-qaz hasil edir, satır, qazanır, həm gəlir vergisi, həm də resurs vergisi verir. Rusiya resurs ölkəsidir, amma neft sahəsində onlarla özəl şirkət var, həmin şirkətlər həm mənfəət vergisi verir, həm də ixrac etdikləri neft üçün, obrazlı desək, resurs rüsumu (vergisi) ödəyirlər.
Bir də ərəb ölkələri var, onlar mütləq monarxiyadır, qanun-qaydanı başçı təcəssüm etdirir. Çox mənasız sistemdir, amma legitimliyi var, ona görə də başçının cibi ilə büdcə eynidir. Başçı öz təbəələrinə zaman-zaman pul paylayır, əvəzində isə bütün ictimai-siyasi hüquqları, seçki hüququnu onların əlindən alır. Yəni paylanan sosial yardımlar siyasi hüquqları tam məhdudlaşdırır. Mənasız, insan təbiətinə zidd, çağdaş dünyaya tərs bir sistemdir.
Norveç kimi də resurs ölkəsi var, büdcə vergilərlə formalaşır, amma büdcədən kənar Dövlət Pensiya Fondu yaradılıb, orada toplanan vəsait (aktivləri 1 trilyon dollardan çoxdur) təhlükəsizlik yastığı hesab olunur, orada hər kəsin dolayı payı var, amma hökumətlər tez-tez dəyişdiyi üçün qaydalar müəyyən edilib, fonddan istifadəyə ciddi məhdudiyyətlər qoyulub, yəni heç bir hökumət kefi istədiyi qədər pul götürüb büdcəyə ötürə, ya da xərcləyə bilməz. Norveç sosial dövlətdir, əvəzində çox böyük vergi yükü olan bir ölkədir. İnsanlar vergi verir, əvəzində dövlətdən sosial xidmətlər alır, seçkiyə gedir, ödədiyi verginin necə xərclənməsinə seçki yolu ilə qərar verir. Amma Norveçdə xalqa havayı pul paylamaq vədinə səs verməzlər.
Bir də Azərbaycan var – sistemi, idarəetməsi, ideologiyası bəlli olmayan hibrid bir ölkə. Qanunlarla təbii resurslar xalqa məxsusdur, neft, qaz, başqa sərvətlər dövlət mülkiyyəti sayılır. Dövlət Neft Fondu var, təbii sərvətlərdən qazanılan vəsait o fonda yığılır, sonra isə büdcəyə köçürülür, həm də büdcədənkənar layihələrə (məsələn, xaricdə təhsil, məcburi köçkünlərə yardım, infrastruktur layihələrinin icrası) xərclənir.
Ölkə büdcəsinin 50%-i birbaşa Neft Fondundan köçürülür, yəni büdcədə olan hər 10 manatın 5 manatı Neft Fonduna görədir. Büdcənin təqribən 10%-i isə neft-qaz sektorundan gələn vergilərdən formalaşır. Deməli, cibimizdəki hər 10 manatın 6 manatı resurslara görədir.
Ölkə ixracının 90%-ə yaxını yenə resurslara görədir, deməli, ölkənin qazandığı hər 10 manatdan 9-u neft-qaz puludur. Paralel olaraq vergi-gömrükdən vəsait daxil olur, amma büdcədə neft-qazdan kənar görünən 40%-in də içində yenə neft-qaz pulu var. Məsələn, büdcədən maliyyələşənlər maaş alırlar, 14% vergi ödəyirlər, o vəsaitin mənbəyi neft-qaz pulu olduğundan maaş kimi aldıqları hər 100 manatın 14 manatını vergi şəklində büdcəyə qaytarırlar.
Daha bir məsələ büdcədən ayrılan investisiya xərcləridir, bu il 5,1 milyard manat olacaq, deməli, bu layihələrdə iştirak edən şirkətlər qazanc əldə edəcəklər, ondan vergi verəcəklər, bu vəsaitin ən azı 15%-ə yaxını yenidən büdcəyə qayıdacaq.
Başqa sözlə desək, Azərbaycan büdcəsinin 75%-ə yaxını birbaşa neft-qazdan asılıdır, bu da faciəvi asılılıqdır.
Gələk sosial siyasətə – sistemin özünün qeyri-rasional olması sosial siyasətə də mənfi təsir edir. Büdcənin 40%-ə yaxını sosial istiqamətlidir, amma idarəetmə sistemi bərbad olduğu üçün bunun cəmiyyətə pozitiv təsirləri azdır.
Ötən həftə “Facebook” kiçik bir sorğu keçirdim: Siz nə seçərdiniz, yüksək vergilər-rüsumlar və paralel olaraq da yüksək sosial təminat və ya kiçik hökumət, az vergi-rüsum siyasəti, biznesi təşviqedici idarəçilik, amma daha az sosial yardımlar paketi?
100-dən çox cavab aldım, təqribən 80% az vergi-rüsum, az sosial yardımı seçdi. Məntiqə və öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bizim toplumun böyük əksəriyyəti fərdiyyətçi və sağ yönümlüdür, təqribən 20-30% arası sol, sosial-demokrat fikirli insanlar var. Sadəcə, onların da böyük əksəriyyəti bu məsələyə ideoloji deyil, situativ və instinktiv yanaşırlar.
Bizim hökumətin ideoloji boşluqda sallanması açıq görünür, insanları qıcıqlandıran odur ki, hökumət nə sağ kimi sağdır, nə sol kimi sol – eybəcər hibrid modeldir. Vergi-rüsum, cərimə siyasəti soldur, çox yüksək vergilər, rüsumlar var, vergi-rüsum siyasəti günümüzə adekvat deyil (hələ mən korrupsiyanı bir kənara qoyuram), təşviqedici deyil, amma sosial siyasətdə sağdırlar, verən əlləri yoxdur. Belə olmur, ola bilməz, belə bir sistem yürüməz. Biz – ölkənin gələcək idarəçiləri, siyasi səhnədə olan oyunçular bu məsələni ideoloji və elmi platformada müzakirə etməyə borcluyuq ki, gələcəkdə ideoloji seçici yetişsin, pafosun və populizmin qarşısı kəsilsin.
Bir çox müxalif təşkilat da eyni tələnin içindədir – gah deyirlər ki, biz liberal iqtisadiyyatın tərəfdarıyıq, gah da deyirlər ki, biz gəlib hamıya pul paylayacağıq. Olmur belə, normal sistemdə, hansını ki, qurmağa çalışırıq sxem belədir: yüksək vergi-rüsum = daha çox sosial yardım = cəmiyyətin təşəbbüskarlığının azalması = dövlətin iqtisadiyyatda lokomotiv rolu, ya da tam tərsi: çox az vergi-rüsum siyasəti + təşviqedici sistem + effektiv və kiçik hökumət modeli + təşəbbüskarlığın artması + əhalinin öz əməyi hesabına maddi vəziyyətinin çoxalması = liberal rəqabətli iqtisadi model və dövlətin iqtisadiyyata minimum müdaxiləsi.
Sosial siyasət məhz ideolojidir, situativ və populistik deyil və elə etməliyik ki, cəmiyyət özü seçə bilsin, ən vacibi budur. Hansı ölkədəki hər 5-10 ildən bir seçki yolu ilə sağ-mərkəz sol-mərkəzi əvəz edir, o ölkələr daha dayanıqlı inkişaf edir, çünki hər ikisinin zəif nöqtələri var, əvəzlənmə olanda zəif nöqtələr azalır, hamı dərs çıxarır, nəticədə ideala yaxın sistem formalaşır.
Hökumətimiz anlamalıdır ki, vergi birbaşa seçkiyə bağlıdır – seçki yoxdursa, vergidən hamı yayınacaq. Dövlət vergi istəyirsə, seçkiyə də imkan verməlidir…
Müəllifin başqa yazıları: