Firuzə Davudqızı
Mərdəkan
Bu aralar Dilarə də, Fatimə də tez-tez bizdə olurdular. Bir yerə yığılıb bir-birimizə dəstək olmağa, ürək-dirək verməyə çalışırdıq.
Hamımızın dərdi bir idi çünki. Eyni həyatı yaşayırdıq.
Həyat yoldaşlarımız cəbhədə, bizim isə gözümüz yolda, qulağımız səsdə.
Bu gün xeyli vaxtdır üzünü görmədiyim Türkan gəlmişdi bizi görməyə. Gəlmişdi gəlməsinə, amma heç yaxşı görünmürdü. Üzündə bir əzab donmuşdu.
Söz əsnasında məlum oldu ki, o, bir az əvvəl anama baş çəkməyə gedibmiş. Orada şahid olduqlarını böyük qüssə və məyusluqla mənə nağıl edirdi. Hələ də gördüyü mənzərənin təsiri altında idi. Nağıl etdiklərindən belə başa düşürdüm ki, anamın vəziyyəti acınacaqlıdır. Gün keçdikcə daha da kəskin şəkil alır.
Türkanın dediyinə görə, kimsəylə ünsiyyət qurmur, haradansa tapıb sinəsinə sıxdığı gəlinciyi əlindən bir an olsun buraxmır. Boş və mənasız baxan gözlərini məchul bir nöqtəyə zilləyib, öz aləminə qapılıb. Hərdən qəfil səksənib döyükmüş baxışlarını ətrafına dolandıraraq təlaşlanır və bu zaman gəlinciyi köksünə daha bərk sıxır, onu hər kəsdən qorumağa çalışır, anlaşılmaz, qəribə sözlər pıçıldayır.
Bütün bunları dinlədiyim halda Türkanın yanaqlarını yuyan göz yaşlarına baxır və daxilimdən qovrulurdum. Bir zamanlar öz hökmü, öz hünəri ilə yeri-göyü titrədən Şahnaz xanım həqiqətən də bu vəziyyətdə idimi? Deyilənə görə, belə idi. İnana bilmirdim.
Türkan özünü ələ ala bilmirdi. Onu sakitləşdirməyə çalışsam da faydası olmurdu.
Türkanla Fatimənin mənim doğma bacılarım olmadıqlarını öyrənməyimə baxmayaraq onlara münasibətim dəyişməmişdi. Mən bu dünyaya göz açıb onları bacı bilmiş, onlarla bir yeyib, bir içib, bir böyümüşdüm. Onlar da mənim ögey olduğumu əsla üzümə vurmamışdılar. Hətta heç zaman mənimlə dil tapmayan Türkan da. Bu, ömrümün sonuna qədər də mənimçün belə davam edəcəkdi. Onların dırnağına daş dəyməsini, üzülmələrini əsla qəbul edə bilməzdim.
– Təsəvvür edirsən, anam məni – öz qızını tanımadı. Mənə yad nəzərlərlə baxdı. – Türkan sözün bu yerində dözmədi. Yanıqlı-yanıqlı hönkürdü.
Öz qızı! Bu ifadə məni ilikləriməcən sızlatdı. Yarama toxunub, sonsuz əzablara düçar etdi.
Görəsən, mən onun öz qızı olsaydım, Şahnaz xanım mənim körpəmi yenə də belə asanlıqla – rəhm etmədən, acımadan ağuşumdan alıb kimlərəsə verərdimi? Verə bilərdimi? Təbii ki, verməzdi. Canını verməyə razı olardı, amma körpəni verməzdi…
Aradan keçən bu müddətdə mən aldığım zərbənin sarsıntısını üzərimdən atmağa çalışarkən həm də xəyalən yaxın keçmişə qayıdıb həyatımda yer alan məqamları incələmiş, anamın mənə olan münasibətini təhlil etmiş, arxa planda qalan, mənə məlum olmayan gizlin tərəflərini araşdırmışdım. Onun Araz əlimizdən alınan gün Azərə dediyi sözlər hər yadıma düşəndə məni daha çox incidirdi: “Bəlkə elə sənin işlərinin ucbatından olub? Kim bilir, kimin xoşuna gəlməyən nə iş tutmusan ki, nəticəsi budur da…”
Bütün bunları xatırlamaq, həqiqəti biləndən sonra mənə o qadına acıyıb, üzülməyə imkan vermirdi.
Özümü toplayıb Türkandan atamı xəbər aldım. Bu yaşananlar onun üçün də ağır zərbə olmuşdu. Türkan onun ovqatının təlx olduğunu, baş verənlərlə hələ də barışa bilmədiyini söylədi.
Söz sözü gətirdi. Söhbət bir başqa axarla davam etməyə başladı. Söz gəlib Türkanın şəxsi həyatından düşdü. Mən onun öz dilindən bir müddət əvvəl Rusiyada tanış olduğu və ona eşq etirafı edən, sevgi məktubları yazan psixoloq barəsində eşitmişdim. Milliyyətcə rus idi. 2 yaşlı qız övladı vardı. Həyat yoldaşı iki il əvvəl doğum evinə tələsərkən avtomobil qəzasına düşmüş, həkimlər körpəni xilas etsələr də gənc qadın dünyasını dəyişmişdi. Ruslan Türkana yazdığı məktublarda balaca qızının fotoşəkillərini də göndərirdi. Türkan körpə qızcığazdan söz açanda gözlərinin ta dərinliklərində parlayan kiçik bir qığılcım görürdüm. Arzusunda olduğu analıq hissi Türkanın o körpədən necə şövqlə danışmağından aydın hiss olunurdu.
Lakin bütün bunlara rəğmən Türkan hələ də Ruslanın sevgisinə qarşılıq verməmişdi. Gələcəyi ilə bağlı addım atmağa tərəddüd etdiyini hiss edirdim. Əslində bunun səbəbinin kimdən qaynaqlandığını yaxşı bilirdim. O, Salehi hələ də unutmamışdı. Unuda bilmirdi. Buna psixoloq görüşləri də təsir göstərə bilməmişdi. Saleh artıq evli idi və hətta övlad sahibi də olmuşdu.
Bütün bunlar olmasa belə Türkan Saleh mövzusunda artıq gecikmişdi. Bunu özü də dərk edirdi. Onun bundan xəbərdar olub-olmadığını bilmirdim. Bunu heç dilə gətirmək də istəmədim. Sadəcə bacımın həyatında peyda olan Ruslanla bağlı nə düşündüyü mənə maraqlı gəldi. Və bunu da gizlətmədim.
Türkan qucağındakı Azadın saçlarını sığallaya-sığallaya:
– Bu həyat və mənə bədbəxtlik gətirən insanlar gözümü elə qorxutdu ki, düzü, ikinci dəfə bu addımı atmağa cəsarətim çatmır. Kişilərə inamım qalmayıb, bacı, belə deyim yerinə düşsün. Nə kişilərə, nə də onların sevgisinə. Uzun sözün qısası, xoşbəxtlik mənə görə deyil.
Bir anlıq sükutla onu süzdüm. Türkanın keçmiş əri Şahini nəzərdə tutub dedim:
– Əgər o insan sənin həyatını bilərək və istəyərək korlayıb, sonra da heç nə olmamış kimi vicdanı sızlamadan öz həyatını yaşayırsa, sən niyə xoşbəxt olmağa can atmayasan ki? Bu sənin haqqındır.
– Bilmirəm. Bunu gələcək göstərər. Bu an qərar qəbul etmək iqtidarında deyiləm.
Günlər sonra
Azad xəstələnmişdi. Həkimə aparmışdıq. İki gecə idi nə o, nə də mən yuxu yatmırdıq. Yorğunluq və yuxusuzluqdan ayaq üstə güclə dayanırdım. Tamam taqətdən düşmüşdüm.
Bu gün də eləcə. Gecədən ötürdü.
Pediatrın yazdığı dərmanların təsiri ilə uşaq bir qədər sakitləşsə də oyaq idi. Araz isə nənəsinin otağında çoxdan yuxuya getmişdi.
Azad qolumun üstündə otaqda gəzinə-gəzinə onu yırğalayır, yuxuya getməsini gözləyirdim.
Aradan nə qədər keçdi bilmirəm, bu anda salondan eşidilən “Oğlum!” nidası qulaqlarıma axıb dolanda yerimdə dayandım. Ürəyim hövl elədi. Çox keçmədən Dilbər xanımın nəşəli səsi lap yaxınlıqda duyuldu.
Azər bir həftədən çox idi evə gəlmirdi. Televiziya ekranından onun sağ və salamat olduğunu görüb bilsəm də, səksəkə içində yaşayırdım.
Bu aralar hər səsə, hər taqqıltıya diksinər olmuşdum. Maraq məni boğsa da otaqdan çıxa bilmədim. Qeyri-ixtiyari qucağımdakı körpəmə baxdım. Baxışlarım saatlardır ağlamaqdan gözlərinin nəmi qurumayan, yaş damlası kirpiklərində donub qalmış balacamın baxışlarıyla toqquşdu. Azad salondakı tanış səsi dinləyirmiş kimi tamam sakit halda gözlərimin içinə baxırdı. Heç gözləmədiyim halda birdən dodağı qaçdı. Onun təbəssümü narahat qəlbimə görünməmiş bir rahatlıq bəxş elədi. Üzümə gülüş qondu. Canının ağrısı azalan körpəm öz məsumluğu ilə üzümü güldürməyi bacarmışdı. Çöhrəsindən silinib getməyən təbəssümlə adəti üzrə əlini havaya qaldırıb dodaqlarıma toxundurdu. Mən də həmişəki kimi onun əlindən, xırda barmaqlarından bir-bir öpdüm. Xumarlanıb gülümsədi, köks ötürdü. Onun o kiçik qəlbindən qopan bu ah üçün mən istər-istəməz:
– Ay caan! – dedim. Məhəbbətlə sinəmə sıxıb, təkrar öpdüm.
Bu dəmdə otağın qapısı açıldı. Azəri qapıda görəndə daha bir işıq doğdu qəlbimə. Gözlərim məni saran həyəcandan böyüdü. Sevincim yerə-göyə sığmadı.
O, yuxusuzluq yağan yorğun baxışlarla bizə baxaraq qapını arxasınca çəkib örtdükdən sonra yanımıza gəldi. Kefimi xəbər alıb məni uşaqla birlikdə köksünə sıxdı, hər ikimizi öpdü. Üst-başı barıt qoxuyurdu. Üz-gözündən yorğunluq, eyni zamanda qüssə yağırdı.
Mən onun saqqal basmış üzünə, kədər çökmüş tutqun çöhrəsinə nəzər salaraq minnətdar ifadə ilə gülümsündüm:
– Nə yaxşı gəldin!
Azər burnunu Azadın saçlarına tutub dərin-dərin qoxulayaraq qayğılı bir ifadə ilə gülümsədi.
– Nə olub mənim balacama?
Gözlərimi onun günlərdir həsrət qaldığım üzündən çəkmədən suallarını cavablandırdım.
– Həkim nə dedi? Müalicə yazıb? – Ardınca növbəti sualı verdi. – Bəs, mənim Arazım hanı?
Nənəsinin yanında olduğunu deyib, ondan ac olub-olmadığını soruşdum. O isə bu dəqiqə istədiyi tək şeyin yalnız nə vaxtdır yatmadığı yumşaq yorğan-döşəkdə dərin yuxuya dalmaq olduğunu dedi. Duşdan sonra uşağı məndən alıb onunla bir az vaxt keçirəndən sonra yatağına uzandı. Amma yatağın içində bir xeyli çevrikib durdu, fısıldadı.
Yata bilmədiyini hiss etdim. Müharibədə dəhşətlər görüb gəlmiş bir insanın belə tezliklə yuxuya dalması zatən möcüzə ola bilərdi. Müharibənin ab-havası üzünün hər cizgisinə iz salmışdı.
Sanki atasının gəlib çıxmasını gözləyirmiş… Bir qədər sonra Azad da yatdı. Onu beşiyinə qoyub səs-səmir gəlmədiyini görəndə yataqda üzüqoylu uzanmış Azərin üstünə saldığı yorğanı çiyinlərinə doğru çəkib düzəltdim. Əlimi saçlarında gəzdirib əyilib üzündən öpdüm.
Daxilən ona səsləndim: “Dincliyimi əlimdən alanım! Məni fələklə üz-üzə qoyanım! Tanrı səni bizə çox görməsin!”
Bu zaman diqqətimi çəkən bir nüans məni talan elədi. O, yatmamışdı, sadəcə bunu mənə bəlli etmək istəmirdi. Amma artıq gec idi. Gözləri qapalı olsa da, göz bulağına dolub göllənmiş yaş damlasını aydın gördüm. Orada görüb gəldiyi, başımıza gətirilən müsibətlərə, qollarında can verən neçə-neçə igidin yarımçıq ömrünə o, kimsəyə bəlli etmədən səssiz-sədasız ağlamışdı. Üzünü yastıqda çevirib iki əlli başını sıxdı.
Daha üstünü vurmadım. Lal-dinməz yatağa girib sakitcə yerimə uzandım. Amma gözlərimə yuxu getmədi.
***
Ertəsi gün qapı zənginə gedən Dilarə qarşısında Azəri görəndə körpə uşaq kimi içini çəkib sevindi.
– Ay aman, ürəyimin düzlüyünə bax. İndicə səni düşünürdüm. Gəl, gəl içəri. Xoş gəldin.
Azər gülümsünüb:
– Salam. Xoş gördük! – dedi. Ani sükutdan sonra maraqlandı. – Evdə sizinkilərdən kimsə var, ya təksən? – Baxışları dəhlizdə gəzdi.
– Ana da, qayınanam da bizdədirlər.
Bunu eşidəndə Azərin rəngi duruldu. Qapıdan içəri ürəklə keçdi.
Dilarə qapını örtüb üz-gözünü turşudaraq astadan ona gileyləndi:
– Bura sənin bacıvın evidir. Hər dəfə bu sualı vermə də.
Azər ayaqqabılarını soyuna-soyuna qıyğacı baxışla ona baxaraq eyni tonda cavab verdi:
– Evin kişisi sağ-səlamət qayıdıb gəlsün, o zaman bu sualı götürəciyəm aradan.
Dilarə bu sözləri təbbəssümlə qarşılayıb şıltaq əda ilə onun boynuna sarıldı.
– Qaqaşım mənim! Amin! Amin! Gələn yollarına bacı qurban olsun elə.
Azər göz-qaş işarəsi ilə qayınanasını onun yadına saldı.
– Eyübdür. Daha uşaq deyilsən.
– Heç eyibi-filan yoxdur, aa… qardaşımsan da. Olmaz bəyəm? Dayan görüm hələ… – Ayaqlarının ucunda qalxıb Azərin o üz-bu üzündən öpdü. – Bax belə! Ölməyib e bacın sənin! Onlar yox idi, sən var idin, sən! Canım-ciyərim, bacısının vuran ürəyi! Arxa-dayağım! Nə vaxt gəlmisən, qurban sənə?
– Dünən gecə.
– Bacım necədir? Körpələr?
– Hamı yaxşıdır. Balacamız bir balaca… – Azər sözlərinin gerisini gətirmədən dodaqlarını bir-birinə sıxdı.
– Caan…bibisinin şirininə nolub belə? Qıymaram. Sağalar, inşallah! Bu fəsildə körpələr daha həssas olurlar. Keçib gedər.
Azər gödəkcəsini soyunmazdan əvvəl döş cibindən çıxardığı kiçik zərfi Dilarəyə uzatdı.
– Unutmamış bunu verim, sənə çatacaq. – Dedi. – Xəlil göndərdi.
Dilarənin üzünün ifadəsi göz qırpımında dəyişdi. Zərfi Azərdən qiymətli bəxşiş kimi uçuna-uçuna aldı. Sualları bir-birinin ardınca düzdü:
– Özü verdi bunu sənə? Görüşdünüz? Necə idi?
– Salamatdır, nigaran qalma.
Dilarə həyəcanını boğa bilməyib əlini ürəyinin üstünə apardı. Dolmuş gözlərini Azərdən qaçıraraq:
– Ana, bax gör kim gəlib? – deyə şəstlə anasına səsləndi.
Səadət qızının səsinə həmin anda salonun qapısı ağzında göründü. Azəri görməsi ilə üzü nurlandı. Gülərüz irəli yeriyib bacısı oğluna sarıldı. Göz yaşlarını saxlaya bilmədi:
– Şükür sənə, ya Rəbb! – dedi.
Azər hər ikisini süzüb, iradla:
– Mən gəldim sizi görüm, siz başladınız ağlaşmağa. Olmadı da bu, – dedi. – Demək istəyirsiz ki, bir də gəlmə.
Səadət bir qədər toxtayıb gözlərini sildi. Bacısı oğlu ilə birlikdə salona keçdi.
Azər Xəlilin anasına salam verib, onun qucağında saxladığı körpənin başına sığal çəkib divanda əyləşdi.
Dilarə bir ara ortada görünmədi. Dəqiqələr sonra Azər Xəlilin anasının həyəcanla ona verdiyi sualları təmkinlə cavablandırmaqda idi ki, Dilarə gözləri qızarmış halda salona geri qayıtdı. Gözucu xalası qızını, onun əhval-ruhiyyəsini izləyən Azər başa düşdü ki, o, məktubu oxuduğu üçün kövrəlib.
Bir qədər sonra Dilarəgildən çıxıb şəhərə üz tutdu.
Bir neçə gün sonra yenidən Qarabağa yollandı. Oddan-alovdan xəbər gətirməyə gedirdi…
(Ardı var)