Firuzə Davudqızı
***
Dilbər telefonun dəstəyini üstünə qoyub təbəssümlə ərinə doğru çevrildi.
– Nəvəsi dünyaya gəlib Zivərin. Çox şükür! Bir sevinir, bir sevinir ki… İlahi… Səsindəki fərəhi bir duysaydın!
Ənvərin bu xəbərə üzü nurlandı:
– Qədəmləri mübarək olsun! Şükür Allaha!
– Amin! Amin! – Dilbər ərinin sözünə qüvvət olaraq əllərini açıb dua elədi. Sonra babasının qucağındakı Azadı dindirib oxşaya-oxşaya qollarına aldı.
– Sizi verən Tanrıya qurban olum elə! Sizsiz bu həyatın nə mənası?! Xəbərin varmı sənin, dünyanın ta o başında sənin kimi şirin-şəkər, cuppulu bir qız da doğulub? Xəbərin varmı, noğulum? – deyə uşağı dönə-dönə öpdü. Köks ötürüb, yenidən dilləndi. – Ehh… ay Ənvər, vaxt gələcək hamısı böyüyəcəklər, hərəsi bir ailənin sahibi olacaq. O günləri görəcəyik ya yox, bilmirəm, amma təki taleləri gözəl, həyatları firavan olsun! Bundan belə mehribançılıq olsun təki.
Ənvər xanımının sözləriylə razılaşan bir ifadə ilə “Amin” mənasında başını yüngülcə tərpətdi.
Azər söhbətə müdaxilə etmədən sakitcə yerindən qalxdı. Dəhlizdə anasının səsinə ayaq saxladı. Dilbər söhbəti yarıda kəsib ondan Aydanı xəbər aldı. Azər:
– Bir azdan gedib gətirərəm, – dedi, durmayıb evdən çıxdı. Gəlib pilləkəndə əyləşərək siqaret çıxarıb damağına qoydu. Alışdırıb, aramla çəkməyə başlamışdı ki, bu zaman nəzərləri həyətdə gəzinən Vüsətin qucağındakı Araza sataşdı. Fikri-düşüncələri yenə qanadlanıb çox uzaqlara getdi.
Anasından eşitdiyi xəbər yadına bir neçə gün əvvəl Salehlə telefon söhbətini salmışdı.
Fikirdən ayrılıb siqaretin külünü çırparaq ayağa qalxdı. Həyətə enib maşına doğru gedirdi ki, Vüsətdən Aydanın qayıtdığını öyrəndi.
***
Atam məni sürücüsü Cabirlə evimizə gətirib qapıdan içəri ötürəndən sonra yola düzəldi.
Bağa gedirdi. Özü ilə, dərdi ilə tək qalmaq istəyirdi.
Mən həyətə keçəndə Vüsəti qucağındakı Arazla həyətdə gəzinən gördüm. Məni gördüyünü zənn etmədim, başı Araza qarışmışdı. Ev əhlindən kimsə gözə dəymirdi. Bu əhvalda evə keçmək istəmirdim. Odur ki, birbaşa gül bağçasına üz tutdum.
Bura mənim sirr bağçam, dərdimlə baş-başa qaldığım tək ünvanım idi. Ürəyim dolub qabaranda ağlayıb sakitləşmək üçün bura qaçardım. İndi də elə. Qəhər əfi ilan kimi boğazıma dolanıb nəfəsimi kəsirdi. Dolub-doluxsunmuş halda gül kollarının arasındakı skamyaya necə çökdüyümü bilmədim. Hələ də baş verənlərə inanmaqda çətinlik çəkirdim. Qəbul etməyə gücüm çatmırdı.
Hönkür-hönkür ağladığım bir məqamda Azərin səsinə diksinib tez-tələsik göz yaşlarımı silməyə çalışdım. O, heyrəti üzünün ifadəsində donmuş bir halda qarşımda dayanmışdı. Araz da yanındaydı. Əlindən tutmuşdu. Azər qaşlarını çatıb:
– Nə olub, ay qız? – deyə təəccüblə soruşdu.
Gözlərimi gözlərindən qaçırıb səsimi boğaraq toxtamağa çalışdım, lakin heç cür cavab verə bilmədim.
O, yanıma gəlib Arazı dizinin üstündə oturtdu. Bütün diqqəti ilə üzümə baxaraq sual verdi.
– Kiminən gəldin?
– Ata gətirdi. – Ona baxmadan qüssə içində cavab verdim.
– Hmm. – Ani sükutdan sonra təkrar maraqlandı. – Bəs, özü neyçün gəlmədi? Salamatlıqdır?
Bu sualı ilə yenidən kövrəldim. Göz yaşlarım leysana döndü. Azərin məndəki bu qəribə əhvala narazılıq oxunan fısıltısı duyuldu. Lakin təmkinini pozmadı:
– Nə isə bir bədbəxtlik baş verib?
Araz atasının qucağından mənə gəlməyə can atırdı. Saçımın əlinə keçirdiyi bir tutam telini çəkişdirir, məni özünə doğru dartırdı. Onu Azərdən alıb bağrıma basdım. Bərk-bərk sinəmə sıxdım. Ağlaya-ağlaya saçlarını öpüb qoxuladım. Övladıma qovuşmağın dəyərini-qiymətini bu an bir daha tam mənasıyla dərk edir, Allaha şükür edirdim.
Bu müddətdə məni diqqətlə izləyən Azər ürəyimdən qara qanlar axdığından xəbərsiz halda, məndəki bu qəribəliyi ayırd etməyə çalışır, nə baş verdiyini öyrənmək istəyirdi. Lakin bildiyim bu həqiqətdən sonra onun üzünə, gözlərinin içinə şax baxmağa cəsarətim çatmırdı. Anamın əməlinə görə mən özümü günahkar sayırdım.
– Sakitləş, özünü topla, danışmaq istəsən səni dinləyəcəm. Sən səbəbsiz yerə bu halda olmazsan.
Dərin bir ah çəkib, gözümün yaşını əlimin bir toxunuşu ilə silərək anamın vəziyyətinin ürəkaçan olmadığını, xəstəxanaya yerləşdirildiyini dedim. Atama görə çox üzüldüyümü dilimə gətirib təkrar kövrəldim. Sözümün sonunda:
– Görürsənmi ağlamaq üçün nə qədər ciddi səbəblərim var, – dedim. Bütün səbəbləri söylədiyim halda əsl həqiqəti dilə gətirmədim. Bunu dilə gətirə bilməzdim. Bacarmazdım.
Ömrümün sonuna qədər sevdiyim insandan belə gizlin saxlamalı olacağım ağır bir yük olacaqdı bu mənimçün. Hər dəfə üzünə, gözlərinin içinə baxanda ölüb-diriləcəyim, xəcalət hissi keçirəcəyim utancverici bir sirr.
Azərin məndən eşitdiyi sözlərə ifadəsi dəyişdi. Bir nöqtəyə zillənib qalan baxışları tutqunlaşdı. Köks ötürüb qolunu çiynimə salaraq məni mehr-məhəbbətlə köksünə sıxdı.
– Bizdən asılı olmayan səbəblər qarşısında səbirli olmaqdan başqa əldən bir şey gəlməz. Görə-görə, yaşaya-yaşaya gəlirik. Üzülmə. Qismətimizə nə pay düşübsə onu da görürük və görəcəyik də. Əlbət, bir bildiyi var da Allahın. Hər xeyirdə, hər şərdə bir hikmət var. Bizə qəbul etmək düşər.
***
Kədərə-qəmə bürünsə də həyat öz təzadı, öz ağrı-acısı ilə davam edir, günlər öz axarı ilə ötüb keçirdi. Bu günlərdə Qarabağ qara bəxtimiz kimi qan ağlamaqda idi. Vətənimizin başı üzərini alan qara buludlar çəkilmək bilmir, siyasi vəziyyət aradan keçən hər gün, hər saat gərginləşirdi. Əli silah tutan, ürəyi Vətən eşqi ilə döyünən ər oğullarımız torpaqlarımızı düşməndən müdafiə etmək üçün könüllü dəstələr yaradır, Qarabağa yollanırdılar.
Yüzlərlə, minlərlə soydaşımız öz yurd-yuvalarından didərgin düşmüşdü. Maşın-maşın, qatar-qatar Bakıya, o cümlədən ölkənin başqa regionlarına pənah aparırdılar.
Hər gün yüzlərlə şəhid gəlirdi. Şəhidlər xiyabanında məzarların sırası, cərgəsi hər keçən gün bir az da artırdı. Kiminin nişanlısı, kiminin can yoldaşı, sevgisi-məhəbbəti, oğlu, qardaşı, neçə-neçə körpənin də atası idi ömrü gödək şəhidlər. Hər qarışını öz qanları ilə suvardıqları bu torpağın taleyindən nigaran ruhları isə hələ də Qarabağın barıt qoxulu səmasında dolanırdı.
Ara verməyən mitinqlər, çıxışlar, siyasi çəkişmələr nəticəsiz bir çabalama kimi başıbəlalı bir millət olaraq bizi dibə doğru çəkən qorxunc bir burulğana bənzəyirdi. Bu səbəblə də ümidini itirmiş xalq bu günün nəticəsinə baxıb, sabahından nagüman yaşamaqda idi. Yaşadığımız, canlı şahidi olduğumuz bu illər hər zaman sızlana-sızlana xatırlayacağım, ağrılı-acılı xatirələri ilə dolu olan ömür kitabımın bir səhifəsində məxsusi yer alacaq və sağalmaz yara kimi daima göynəyəcəkdi. Müharibə öz gəlişi ilə mənə də bolluca göz yaşı, qəm-qüssə, nigarançılıq, həsrət, kədər və əzab bəxş eləyəcək, hətta payımıza düşən bu qara illərdə yaşadığım faciələr bu günədək taleyimdən çəkdiklərimi üstələyib keçəcəkdi.
***
…Bir qədər sonra dostları Azəri yenidən Qarabağ cəbhəsində, ən qızğın döyüşlərin mərkəzində görəcəkdilər.
Oktyabrın sonları idi. Həmin axşam Ceyhun bizə gəlmişdi. Əliboş deyildi.
– Yolum bu tərəflərdən düşdü, dedim gəlmişkən bunu da sənə çatdırım. – dedi. Onun özüylə gətirdiyi çantada Azərin bir müddət əvvəl sifariş verib satın aldığı videokamera vardı.
Bunu görəndə artıq başa düşdüm ki, daha etiraz etməyin, söz deməyin yeri qalmayıb, o, qərarında qətidir. Gedəcək. Bu yolu o, nə dünən, nə də bu gün deyil, illər əvvəl seçib özü üçün.
Ceyhun videokameranı çantadan çıxarıb masanın üzərinə qoydu.
– Sınaqdan keçirmişəm, qaydasındadır, – dedi. Ardınca çantadan götürdüyü digər ləvazimatları da bir-bir Azərə təqdim etdi. – Bu kasetlər…. Bu ehtiyat batareya… Nə tapşırmışdınsa hamısı buradadır. Bizə görə başqa nə qulluğun, dostum?
– Sənin canıvın sağlığı!
Dilbər xanım məsələni artıq anlamışdı. Bütün qüvvəsini səfərbər edib sakit görünməyə çalışsa da, ürəyini qara qorxular sarmış, üzünün ifadəsi, rəngi-ruhu dəyişmişdi.
Salona girər-girməz masanın üzərindəki videokameraya qorxunc varlığa baxar təki vahiməylə, ürəyi çırpına-çırpına nəzər saldı. Onun bu evdə yenidən peyda olmasının xeyir əlamət olmadığını gözüyumulu bilir, bu cansız alətə oğlunu əlindən alıb aparacaq qara kabus kimi baxırdı. Dilbər xanımın bu baxışlarını yaxalayan Ceyhun mütəəssir oldu.
– Mən deyəsən kobud bir səhvə yol verdim axı. Həri, brat? – Peşman ifadə ilə Azəri süzdü.
Azər anasının üzündəki ifadəni izləyə-izləyə dodaqaltı:
– Düz elədin, – dedi. – Bu gün danışmağı düşünürdüm mən də. Narahat olmaginən.
Bu sözlərə rəğmən Ceyhunun narahatlığı keçib getmək bilmədi.
Bir qədər sonra o, siqaret çəkmək adıyla eyvana çıxanda bunu fürsət bilib, valideynlərinin baxışlarındakı sualı bayaqdan oxuyan Azər sözü özü açdı. Qərarını dilinə gətirib atasından xeyir-dua istəmişdi ki, Dilbər xanım dözmədi. Söhbətə müdaxilə etdi:
– Belə görürəm, sən bizim evimizi yıxmağı qarşına məqsəd qoymusan. Yoxsa sakit olan deyilsən.
Azər baxışlarını anasının üzünə zilləsə də, cavab vermədi. Bunu görən Dilbər artıq hissləriylə bacarmadı:
– İş dediyin bu idi sənün? Yenidən özünü oda atmaq? Tədarükünü görüb, bizdən hələ bir xeyir-dua da istəyirsən?
Ənvər narazı-narazı həyat yoldaşının üzünə baxdı. Dilbər bunu görsə də, onu saran təlaş və təşviş hissinə yenildi. Təmkinli davranmağı istəsə belə bacarmadı. Sükutu cəmi bir an çəkdi. Bu dəfə daha kəskin danışdı:
– Azər! Bura qədər nə olubsa səsimizi çıxarmadan dözmüşük. Amma bunu bil ki, bundan belə daha taqətimiz qalmayıb. Biz insanıq, ətdən, qandandıq, daş deyilik hər zərbəyə dözək. Daş da bir yerdə dözmür, çatlayır. Yıxma evimizi! Bəsdir daha!
– Dilbər! – Ənvər tərs baxışlarını yenidən onun üzünə zillədi.
– Nə Dilbər? Nə? Qəsdimizə durub da! Ölümümüzə susayıb! – Üzünü təkrar oğluna tutdu. – Görürəm sən sakit olmayacaqsan. Yaxşısı budur məni öldür, sonra get. Başına bir iş gəlsə, onsuz da yaşamayacam. Heç olmasa görməyim o günü!
Azər başını aşağı salıb ağır-ağır buladı. Üzündə narazı bir ifadə yarandı.
Dilbər açıq nifrəti, acığı ilə:
– O aparatı salıb ayağımın altına qırıq-qırıq, xıncım-xıncım etmək istəyirəm. İnan mənə, bunu etmək istəyirəm, – dedi.
– Yaxşı bilirsən ki, mənim ora getməyim üçün bu kamera əsas deyil. Bunsuz da gedə bilərəm. Və getmişəm də.
– Sən mənə səbir ver, ya Rəbb! – Dilbər yanıb yaxıla-yaxıla deyindi. – Bu gedişlə dəli olacam!
Azər onu saran təəssüf hissini gizlədə bilmədi:
– Mənim anam bu düşüncənin, bu fikirlərin sahibi ola bilməz. Olmamalıdır da.
Dilbər oğlunun sözlərinə qarşılıq olaraq ağzını doldurub nə isə demək istədi, lakin sözü dilinin ucundan geri qaytardı. Əlini ürəyinin üstünə apardı. Yanıqlı bir ah çəkdi. Dodaqları daxilindən qopan bir fəryadla bu sözləri pıçıldadı:
– Offf, Allahım! Sən bizə yardım et! Daha gücüm qalmayıb!
– Sənin sözlərindən belə çıxır ki, mən Bakıda doğulmuşamsa Qarabağda baş verənlər mənim vecimə olmamalıdır, hə? “Mənə nə!” deyib dayanmalıyam kənarda.
Dilbər tərs-tərs oğlunu süzdüyü halda Ənvər üzünü əllərinin arasına alıb, asta bir hərəkətlə ovuşdurdu, köks ötürdü. Azər üzünü anasına tutsa da, əslində hər iki valideyninə eşitdirdi:
– Ətrafımda kim varsa, sağım-solum, tanış-biliş, hər kəs bir nəfər kimi oradadır. Xəlil də getdi. Mən bunu bilə-bilə sinəmi qabağa verib şəhərin mərkəzində gəzə bilmərəm özümçün. Ana, qurban olum sənə, başa düş məni, mən bunu edə bilmərəm. Vaxtilə çağırışlar edib “Qarabağa getməliyik!” dediyim halda, indi kənarda dura bilmərəm. Üstəlik, istəmirəm hər kəsdə bu fikir formalaşsın ki, həbsə düşdü, gözü qorxdu, əqidəsini dəyişdi.
Dilbər hiddətini boğa bilməyib, oğluna təkrar irad tutdu:
– Bu əqidən uğrunda daha nə qədər qurbanlar verəcəksən? Övladlarını heç gözünün önünə gətirmirsən? Bizi onsuz da düşünmürsən. O körpələrə heç rəhmin gəlmir?
– Kimin övladı yoxdur ki? Hamının övladı, doğması, əzizi var da. Evdə oturub fikir yürütmək qat-qat asandır. Orada nələr baş verdiyini öz gözlərinlə görməsən, o hissi yaşamasan… sabah sizin də nəvələriniz oradakı körpələrin aqibətini yaşaya bilər. Siz də o insanların yaşadığı dəhşətləri yaşamaq məcburiyyətində qalarsınız. Bu olmasın deyə gedirəm. Ümid edirəm məni düz başa düşdün. – Azər bunu deyib altındakı stulu arxaya verərək ayağa qalxıb gərgin addımlarla salonu tərk elədi.
Dilbər o dəqiqə imdad edər baxışlarla ərinə baxdı. Ənvərin səsi-sədası çıxmırdı. Rəngi boğulmuşdu.
– Ənvər, bir söz de! Mane ol! Bu nə səbir, bu nə hövsələdir səndə, Allah xatirinə! Mənim ürəyim partlamaq həddindədir, sən susursan!
Fikri, düşüncələri pərən-pərən olmuş Ənvər oğlunun ona ayrı yol buraxmadığını anladı. Daxilində qopan tufanlara rəğmən soyuqqanlı və məğrur görünməyə çalışdı. Dinib-danışa bilmək üçün özündə güc tapıb:
– Başına ləçək başlayıb böyrümə qısılası deyil ki… Döyüşə kişi gedər də, – dedi. – Allah özü kömək olar!
Bütün ümidini ərinə bağlayan Dilbərin bu sözlərdən sonra dünya başına uçdu sanki. Heyrətlə Ənvəri süzüb göz yaşlarına boğuldu.
Bir qədər sonra Ceyhun salona qayıtsa da, Azər hələ də eyvanda idi. O, Dilbər xanımı qəm dəryasına batıb səssiz-sədasız ağlayan görəndə tutuldu. Oğlunun qərarından son anda xəbər tutması ananın ürəyini odlamışdı.
Ceyhun yerinə keçib əyləşməmiş onu narahat etməmək üçün:
– Qorxma, ay ana, mən də gedirəm. Bizi onsuz da ön xəttə buraxmayacaqlar, – dedi. – Xeyli bəridə material toplayıb, reportaj hazırlayıb geri qayıdacağıq.
Dilbər xanım bu sözlərə istehza ilə gülümsündü:
– Mənim oğlumun sakit tərəflərdə nə işi, ay oğul, özünü yorma. Mən bu nağılları onun özündən illərdir dinləyirəm.
Ceyhun pərt ifadə ilə Ənvəri süzüb, başını önünə əydi. Bir qədər sükutdan sonra təkrar dilləndi:
– Mən özümü həmişə bu evin adamı hiss etmişəm. Bu ailədən özümə qarşı xırda bir soyuqluq, özgəlik duymamışam. Bu mehribanlığı, bu istiliyi də mənə hiss etdirən sən olmusan, ana. Başqa uşaqlara da eləcə. Mən səni tanıyandan anamın yoxluğunu hiss etməmişəm. Buna görə bir çətinliyim olanda sənin yanına qaçmışam. Acmışam, susamışam, ərk edib səndən istəmişəm. Bu səbəbdən sənə “Ana” deyəndə bil ki, bu heç vaxt təkcə xitab xətrinə, boğazdan yuxarı deyilən kəlmə deyil. Heç vaxt. Çünki səni özümə həqiqi ana bilmişəm, özümü də sizə oğul! Bilirəm necə çətindir səninçün. Elə bir ana tapılmaz ki, övladının güllənin altına getməsini sevinclə qarşılaya. Nə desən haqqın var. Amma Azəri də başa düş. Bizim hamımız üçün dua et. Biz hamımız sənin övladların sayılırıq. Sənin duaların bizi düşmənin gülləsindən də, fitnəsindən də qoruyacaq. İnşallah sağ-salamat qayıdacağıq evə!
(Ardı var)