Firuzə Davudqızı
***
Saatlardır gözlədiyi xəbəri ona bacısı Gülnar gətirmişdi. Onun şən cingiltili səsini doğum evinin həyətində ta uzaqdan duyanda oturduğu skamyadan qalxan Saleh dayanıb gözlədi.
– Saleh! Saleh! – Gülnar sevincdən qanadlanıb uça-uça Salehin qarşısına yüyürüb boynuna sarıldı. – Təbrik edirəm, qaqaşım! Cuppulu, totuş-motuş, şirin-şəkər bir qızımız oldu! Mənim cuppulu bacım oldu! – deyib, onu öpüşlərə qərq elədi.
Ata olduğunu bilməsi ona narahatlığını unutdurub, ayrı bir həyəcan bəxş elədi. Səadəti gün şəfəqi tək üzünə vurdu.
Bu anlardakı duyğularını ifadə edə biləcək söz tapmayıb, dərindən köks ötürdü. Bir kəlmə ilə bacısına razılıq edərək rəng verib, rəng alsa da, ürəyinə söz keçirə bilməyib, sıxıla-sıxıla:
– Sən gördün balacanı? – deyə maraqlandı.
– Gördüm! – Gülnar gözlərinin içi gülə-gülə başını tərpətdi. – Bapbalaca mələyimizdir o bizim!
– O özü necə idi? – Saleh həyat yoldaşı Sofiyanın vəziyyətini xəbər aldı.
– Hər şey yolundadır, narahat olma sən. Sofiyamız da, balacamız da olduqca yaxşıdırlar.
– Çox gözəl. – Saleh asudəliklə nəfəs alıb, bacısının alnından öpdü.
Gülnar fərəh hissi ilə qardaşına baxaraq:
– Həyatda həmişə, bax, beləcə üzün gülsün! Bu körpə öz qədəmlərində sizə sonsuz xoşbəxtlik gətirsin, qardaşım. Amin! – deyib, başını onun köksünə dayadı. Dolub yaşaran gözlərini ondan gizlədib silərək, pıçıltılı bir səslə: – Kaş, atam sağ olaydı, bu günü görəydi! – dedi. – Nəvəsi dünyaya gəlib. Şad günümüzdür!
Saleh bacısının son sözlərini eşidəndə üzündəki sevinc dolu ifadə yerini bir anda tutqun ifadə ilə əvəz elədi. Qaşları çatıldı. Dodaqları bir-birinə sıxıldı.
Günlər sonra Sofiyanı doğum evindən çıxarıb evə gətirmişdilər. Zivər xanım qəm-qüssə ilə keçən uzun, sıxıntılı aylardan sonra ilk dəfə gülürdü. Ayağı yerə dəymirdi.
Gəlini və nəvəsi üçün xüsusi otaq bəzətdirmiş, onlara qulluq etməsi üçün xidmətçi tutmuşdu.
Saleh bir xeyli vardı bər-bəzəkli beşiyin içərisində bəmbəyaz örtüyə bükülüb mışıl-mışıl yatan övladını heyranlıqla seyr edir, gözlərini ondan çəkə bilmirdi. Əyilib zərif yanağına busə qondurdu. Dodaqları təbəssümlə doldu. Toxunmağa belə qıymadığı bu körpə varlığın ətri-qoxusu da bir ayrı idi. Dünyada bənzəri çətin ki, tapılaydı. Zülmətə bürünmüş həyatına bir anda nur doğmuşdu. Saleh bu gün olduğu qədər özünü bəxtiyar hiss etməmişdi. Bu gün həyat ona bir başqa görünür, xüsusi məna daşıyırdı. Bu gün gözlərinin gördüyü hər şey öz rəngini dəyişmiş və gözəlləşmişdi. Dünya bu beşiyin içərisinə sığırdı. Bu beşikdə şirin yuxuya dalmış xoşbəxtlikdən ibarət idi. Həyatdan aldığı yaralar övladını gördüyü andan tamamilə sağalmış, ağrı-acısını unutmuşdu. Əlini üzdüyü həyatın əslində var olduğunu o, atalıq hissini daddığı ilk anda hiss edib, duymuşdu. Üstəlik, necə şirin və gözəl olduğunu məhz o an anlamışdı.
Sofiya bu anlarda öz yatağından məhəbbət dolu gözlərlə Salehi seyr edir, ailə həyatı qurduğu gündən bu yana onun təbəssüm etdiyini, bəxtiyar olduğunu ilk dəfə olaraq indi görürdü. Bu anlar o özünü dünyanın ən xoşbəxt qadını hesab edirdi. İlk görüşdə aşiq olduğu insanı xoşbəxt etməyi nəhayət ki, bacarmışdı. Bu da ona heç vaxt ölməyəcək bir inam gətirmişdi. Hər zaman hörmət və qayğı gördüyü insanın nə vaxtsa qəlbinin sahibi olacağını da hiss edirdi.
Sofiya öz düşüncələrinin təsirilə xumarlanıb biixtiyar gülümsəyirdi ki, bu zaman körpə oyanıb zəif və ciyiltili bir səslə ağlamağa başladı. Sofiya körpəsinin səsinə dərhal üstündəki yataq örtüyünü götürüb yataqdan qalxdı. Saleh həyat yoldaşından körpəni ona verməsini istədi. Sofiya onun dediyinə məmnunluqla əməl etdi. Övladını ehtiyatla qolunun üstündə saxlamış Saleh diqqətlə körpəyə baxırdı. Bu anlar onun nələr hiss etdiyini özündən başqa kimsə bilmirdi. Sofiyaya bəlli etmədən gözlərini bir anlıq yumub, sıxdı. Buna bənzər hissləri o, nə vaxtsa yaşadığını dəqiq xatırlayırdı.
Qolu üstündə saxladığı övladı ona bir zamanlar bədxah insanların cəngindən xilas etməyə çalışdığı günahsız körpəni və ona məhrəm hisslərlə necə sığındığını xatırlatmışdı. Unuda bilmirdi… Çox cəhd etsə də, zehninin, şüurunun bir küncündə hələ də sızım-sızım sızlayan xatirələri yaddaşından heç cür silib ata bilmirdi.
Sofiyanın səsi onu özünə gətirdi:
– Əzizim, ehtiyatlı ol.
Sofiya onun sol qolunda problem olduğunu artıq bilirdi. Körpəni əlindən salacağını sanıb təlaşlandı.
Saleh bu sözlə yuxudan oyanan kimi oldu və dərhal özünü toplayıb körpəni Sofiyanın qollarına verdi.
Gənc qadın körpəsini məhəbbətlə ağuşuna alıb, sakitləşdirərək yedirməyə çalışdı. Körpə səsini kəsdikdən sonra o, baxışlarını qaldırıb əliylə gicgahını ovuşduran Salehə sual verdi.
– Adı nə olsun qızımızın?
Bu anlarda fikri çox uzaqlara getmiş olan Saleh çaşqın baxışlarla Sofiyanı süzüb, onun sualına sualla cavab verdi:
– Necə?
– Soruşuram, qızımıza nə ad verək?
– Sən necə istəsən.
Sofiya gülümsündü.
– Əslində Gülnar bir ad seçib. Mənim də xoşuma gəldi. Hətta Zivər xanım da bəyəndi. “Şölə” necədir?
Saleh ani olaraq fikrə getdi. Cavab verməzdən əvvəl yaxınlaşıb Sofiyanın yanağından öpdü.
– Ürəyinə yatırsa, o da olsun. Sənin qərarına hörmətlə yanaşıram. Hər şeydən önəmli onun həyatımıza gəlməsidir. Taleyi gözəl, canı sağlam olsun. Bu yetər! – dedi.
Barmaqlarının təması ilə körpəsinin saçlarını sığallayan Sofiyanın dodaqlarına gülüş qondu. Baxışlarını qaldırıb məhəbbətlə ərinə baxdı.
– Səni tanıdığım üçün özümü xoşbəxt sayıram, Saleh. Şanslı qadınlardan biriyəm ki, sənin həyat yoldaşın olmuşam. Tanıdıqca daha çox sevirəm səni, əzizim! Xəyal edə bilməyəcəyin qədər çox!
Saleh gizlətməyə çalışdığı, lakin bir o qədər müvəffəq ola bilmədiyi tutqun ifadə ilə həyat yoldaşının gözlərinin içinə baxdı. Xeyli sükutdan sonra nəhayət dinib-danışa bilmək güc-qüvvə tapdı özündə.
– Sənə layiq olmaq üçün bütün ömrümü sərf edəcəyimi bilməyin yetər.
Sofiyanın yanaqları allandı. Üzünü Salehin üzünə söykəyib təkrar bəxtiyarlıqla gülümsədi.
– Səni sevirəm!
Salehin üzündəki ifadə bu nida ilə daha da tutqunlaşdı. Ömrünün sonuna qədər heç bir qadından eşitmək istəmədiyi bu sözləri Sofiyadan eşidəndə hər dəfə olmazın əzab çəkirdi. Lakin bunu həyat yoldaşına bəlli etməmək, həm də özünə gəlmək üçün onun saçlarına öpüş qondurub son dərəcə təmkinlə:
– Getməliyəm, – dedi. – Mən qayıdana kimi Şöləmizə də, özünə də yaxşı bax. – Daxilində qopan tufana, qasırğaya rəğmən zorla gülümsündü. Durmayıb otağı tərk elədi. Salona keçəndə xidmətçi onu telefona çağırdıqlarını söylədi. Saleh dəstəyi qaldırıb cavab verdi. Çox keçmədən xəttin o üzündən eşitdiyi səsə duruxdu.
– Azər?
Eyni həyəcanla boğazını arıtlayıb özünü toplayan Azər cavab verməli oldu:
– Həri, mənəm. Narahat etmirəm ki?
– Yox, yox, qətiyyən! Xoşdur.
– Necəsən?
– Pis sayılmaz. Sən?
– Mənəm də. Yaxşı hesab etmək olar. – Azərin dodaqlarında təbəssüm dolandı.
– Nə yaxşı zəng vurdun?
– Dedim bir səsini eşidim. Keyfini xəbər alım. İşlər necə gedir?
Salehin sevinci səsinin tonundan duyuldu:
– Hər şey yolundadır. Olmaya burdasan?
Azər bir neçə saniyə sükut edib, özünü ələ alaraq təkrar dilləndi:
– Yox, Bakıdan zəng vururam. Yaxın vaxtlarda, ola bilsin, gəldim. Fikrim var.
– Yaxşı olar. Gəlsən, mütləq xəbər elə, görüşək.
– Təbii ki, sözssüz. – Vəziyyətin vermiş olduğu həyəcanla Azər telefonun dəstəyini o biri qulağına keçirib söhbətə bu şəkildə davam elədi. Xəttin o üzündən Salehin növbəti sualı onu qarmaqarışıq hisslərin cəngindən qoparıb aldı.
– Yaxşı, bəs, əmi necədir? Balacalar?
– Hamının salamı var. Salamatlıqdır.
– Bax, buna sevindim.
– Sən özün necəsən? Nə işlə məşğulsan?
– Hələ ki, işləri yoluna qoymağa çalışıram. Yəqin ki, bir gün bütün bunlar barədə üzbəsurət danışarıq.
– Mütləq. – Saleh şövqlə dilləndi. – Gözləyəcəm.
Daha bir neçə söz, bir neçə sual-cavabdan sonra söhbətə son verməli oldular. Azər söhbətə bu sözlərlə yekun vurdu:
– Salam de hər kəsə. Özünə yaxşı bax.
– Sən də.
Xudahafizləşib dəstəyi asdı. Amma bir xeyli qara düşüncələr içində itib batdı.
***
Kəndə anasını görməyə gedən Nadir bir neçə gün idi evdə deyildi. Şahnaz isə həmişəki kimi özünü yaxşı hiss etmədiyini bəhanə gətirərək Nadirlə getməkdən imtina etmişdi. Son vaxtlar özünə qapanan və demək olar ki, kimsə ilə ünsiyyət qurmayan Şahnazın bu tövrləri daha heç kəsi təəccübləndirmirdi. Fatimə gəlin köçdükdən sonra daha da aqressiv və gərgin olmuşdu.
Gecənin bir aləmi su içmək üçün mətbəxə keçən Məqbulə Şahnaz xanımın yataq otağından eşitdiyi qəribə səslərdən vahimələnib özünü otağa güclə çatdırmışdı. Təşviş içində onunla bir otağı bölüşən, şirin yuxuda olan Kübranı oyadıb eşitdiklərini əlüstü nağıl etmişdi. Kübra yarıyuxulu halda məzəmmətlə xidmətçi qızı:
– Nə olub, ay qız, gecənin bu vaxtı… Özüvə gəl.
Məqbulə gözləri qorxudan böyümüş halda ürəyi sinəsindən çıxacaq həddə fikrini ifadə etməyə çalışdı:
– Allaha and olsun ki, doğru sözümdür. Qulaqlarımla eşitdim. Mən sənə demirdim axı, bu işin axırı yaxşı qurtarmayacaq. Budur, bax! O gün də dərmanlarını aparmışdım, Şahnaz xanım özünü qəribə aparırdı. Ruh görmüş adam kimi öz-özünə danışırdı, elə hey eyni sözləri təkrarlayırdı. Müalicələr də bir fayda vermədi. Aman Allah, qorxuram, sonda…
Kübra üstünə sərdiyi mələfəni hövsələsiz bir şəkildə kənara tullayıb, sözün bu yerində tamam çaşbaş halda Məqbuləyə çəmkirdi:
– Dayan bir görüm sən də, aa!.. Vəlvələyə vermə ortalığı.
Məqbulə titrəyə-titrəyə qadını süzsə də, daha dillənməyə taqəti qalmadı. Əynini geyinə-geyinə eyni ahənglə deyinməyə davam edən Kübra:
– Sözü danışmazdan əvvəl ağzında bir bişir, sonra çıxar. – dedi. Tənbehedici nəzərlərini qızın üzünə zillədi. – Kimin barəsində danışdığını unutma ki, sonda zərərli sən çıxmayasan. Ağzıvın qıfılı olsun da.
Məqbulə gözlərini döyə-döyə məzlum ifadə ilə qadının üzünə baxsa da, səsi çıxmadı. Hələ də bir az əvvəl eşitdiyi sözlərin təsirində idi.
Onlar birlikdə dəhlizə çıxdılar. Səssiz və sakit addımlarla Şahnaz xanımın yataq otağının qapısına yaxınlaşdılar. Məqbulə özünü təhlükədən amanda saxlayan adam sayağı Kübranın arxasında gizlənib, qadının qolundan yapışmışdı.
Kübra ehtiyatla bir neçə dəfə qapını döyüb, sonra Şahnaz xanımı səslədi. Səs gəlmədiyini görüb, Məqbuləyə baxdı. Məzəmmətlə başını buladı.
– Əcəb xəyalpərəst olmusan a… Eyibdür, heç nədən söz düzəldib dastan eləyirsən. Get yat.
Sözü ağzında qaldı. Bu vaxt qapının arxasından eşidilən həzin layla səsi Məqbulənin üzündə təlaşlı bir ifadəyə döndü. Əlini heyrətlə dodaqlarının üstünə aparıb vahimə içində Kübraya baxdı.
– Eşidirsən?
– Dayan görüm. – deyə Kübra ona sakit olmağı işarə edib, qapını ustufca aralayaraq içəri boylandı. Üzünün ifadəsi o andaca dəyişdi. İçəridə gördüyü mənzərə Məqbulənin ona anlatdıqlarından daha ətürpərdici idi.
Şahnaz kiçik mütəkkəni mələfəyə büküb körpə kimi sinəsinə sıxaraq yırğalayır, ona layla çalırdı. Saçları çiyinlərinə dağılmışdı. Gecəlikdə idi.
Heyrətdən böyüyən gözləri sahibəsinə zillənmiş Kübranın dodaqları arasından qeyri-ixtiyari bu söz qopub düşdü.
– Xanım…
Səsə doğru çevrilən Şahnazın bu an rəngi-ruhu, baxışları canlı bir ölünün simasını andırırdı. Adətinin əksinə məzlum-məzlum gülümsünüb, kədərli və bir o qədər də mülayim səslə xidmətçilərinə xəbərdarlıq etdi.
– Sakit olun, uşaq oyanmasun.
Məqbuləni titrəmə tutdu. Kübranın qolunu dartışdırıb az qala yalvardı:
– Gedək burdan… mən qorxuram.
Kübra ona məhəl qoymadan təmkinini qoruyub, ehmal addımlarla içəri daxil oldu.
– Xanım, bizi çağırdığınızı zənn etdik. Oyaq olduğunuzu bilmirdik. Yaxşısız?
Şahnaz uzun, dərin bir baxışla xidmətçinin üzünə baxdı. Ona ünvanlanan sualı sanki indi anladı. Qayğılı bir təbəssümlə cavab verdi:
– Aha, mən yaxşıyam. Amma balaca nədənsə bərk narahatdır. Səsinə oyandım. – Qolları arasında saxladığı mütəkkəni ona göstərdi. – Tanımadın? Arazdır. Mənim nəvəm.
Bu sözlə təpədən-dırnağa bütün bədənindən üşənti keçən Kübra məsələni anlayıb, narahat olmağa başladı. Gözucu qapının ağzında dayanıb yarpaq kimi əsən, rəngi ağarmış Məqbuləyə baxdı. Ehtiyatla yenidən Şahnaz xanıma müraciət etdi:
– Xanım, mən dərmanlarınızı gətirim, için. Bütün narahatlığınızı aradan götürəcək. Yerinizə keçib yuxulamağa çalışın.
Şahnaz xanım Kübranı dinləmədən yenə də mütəkkəni yırğalamağa, otaqda o baş-bu başa gedib-gəlməyə başladı.
– Suss, sakit ol, körpə quzum. Sakit ol… Ağlama daha. Anan oyanmasun, yaxşı? Oyanmasun. İndi maşın gələcək, biz çox uzaqlara gedəcəyik. Çox uzaqlara… Mənim körpəm… Mənim balaca Arazım. Bəs necə? Mən səni hər kəsdən çox sevirəm! Hər kəsdən çox!
Kübra Şahnazın onu dinləyəcək halda olmadığını, vəziyyətin son dərəcə ciddi olduğunu görəndə Məqbuləyə Nadirə zəng vurub xəbər verməyi tapşırdı.
Səhər günəşin ilk şəfəqləri görünəndə Şahnaz xanımı ruhi-əsəb dispanserinə yerləşdirmək üçün gələn tibb işçiləri və təcili yardım maşını həyətdə gözləyirdi.
Mən anamın xəstəxanaya yerləşdirildiyi xəbərini alıb ata ocağı bildiyim bu evə gələndə atam həyətdəki üstü bağlı meydançanın içində başı önünə əyilmiş, dünyası tar-mar olmuş bir vəziyyətdə oturduğu kimi qalmışdı. Yanına gedib, həyəcanla üzünə baxdım:
– Ata.
Mənim səsimə fikir-xəyal dünyasından ayrıldı. Gözləri gözlərimə tuşlananda üzündəki əzab daha da dərinləşdi. Dodaqları iztirablı ifadə ilə bir-birinə sıxıldı. Daha da narahat oldum.
– Ata, yaxşısan?
“Yox” mənasında başını yüngülcə buladı. Onu belə dilxor görməyim məni göynətdi. Yanında əyləşib qolunu ovuşdura-ovuşdura:
– Hər şey yaxşı olacaq. Tezliklə sağalıb evə qayıdacaq. Sən özünü üzmə, yaxşı?
– Sağalması artıq qeyri-mümkündür.
Duruxdum.
– Həkim belə dedi? Bu qədər ciddi olacaq nəyi vardı ki?
Atam köksünü paramparça edən bir köks ötürdü.
– İşlədiyi günahı vardı, qızım. Bağışlanmaz, əfv edilə bilməyəcək böyük günahı! Cəzası da belə ağır olmalıydı. Biz bağışlaya biləcəyik, ya yox, bilmirəm, Tanrı keçsin günahından. Onun üçün daha əlimizdən gələ biləcək bir şey yoxdur. Çox təəssüf!
Bir qədər sonra Məqbulə mənim təkidimlə baş verənləri nağıl edərkən daha bir həqiqətdən agah olub sarsılmışdım. Daha bir zərbə alıb süst halda divana çökmüşdüm.
Məqbuləni dinləyə-dinləyə bir nöqtəyə zillənib qalan gözlərimdən süzülən göz yaşlarım biixtiyar axırdı. Türkan da mənə qoşulub ağlayırdı.
Nə qədər düşünsəm də, anlamaqda aciz qalmışdım.
Ana bildiyim insan mənə necə belə pislik edə bilmişdi?
Mən acılar içində qıvrananda, balamın həsrəti ilə özümü didib-tökəndə o, bütün bunlara necə biganə qala bilmişdi?
Yenə də həmişəki kimi həqiqət öz sözünü deyirdi. O qadın mənim anam deyildi. Canı canımdan, qanı qanımdan deyildi. Amma bəs, vicdanı? Bəs, insanlığı? Deməli, çoxdan əlini üzübmüş bu saydıqlarımdan. Lap çoxdan. Əslində, Azər də, Araz da, onlara bəslədiyi nifrət də, kin-küdurət də, hər şey və hər şey sadəcə bir bəhanə imiş onun üçün. Bəs, Tanrı? Onun varlığınıdamı yadına salmadı bu işi tutarkən? Heçmi qorxu, həya bilmədi? O gecə hamı yuxuda ikən Tanrı oyaq idi… Tanrı şahid idi Şahnaz xanımın əməllərinə… Tanrı şahid idi. Şahid olduğunu da sübut etdi.
Beynim, düşüncələrim qarmaqarışıq və alt-üst idi. Özümə gələ bilmirdim. Üstəlik, daha bir dərd almışdı canımı.
Əgər bu məsələ ortaya çıxarsa, bundan belə mən Azərin, onun valideynlərinin üzünə necə baxqcaqdım, ilahi? Hansı üzlə? Necə haqq qazandıra biləcəkdim ana deyilən bu varlığın əməlinə? Haqq qazandıracaqdımmı? Əsla! Dünya dağılsa belə ona haqq verə bilməzdim. O qadın mənim canıma od vurmuşdu. Məni diri ikən bu dünyada cəhənnəmin oduna atmışdı.
Başıma gələnlər və agah olduğum gerçəklər mənə bir daha sübut edirdi ki, insan övladı qəddar və amansız adlandırdığımız bu həyatın özündən daha qəddar və amansız imiş.
(Ardı var)