Firuzə Davudqızı
Günlər, həftələr ötdü.
Evdə hər kəs yarama toxunacaqmış kimi heç nə soruşmurdu. Vəziyyəti öz axarına buraxmışdılar.
Günlərdir səssiz-sədasız acı göz yaşları axıdırdım.
Ürəyim elə dolmuş, elə qabarmışdı ki, dərd sinəmdə ləngər vururdu. Əgər bir az ürəkdən ağlaya bilsəm daşıb-boşalar, az da olsa yüngülləşərdim. Məni dağlayan bu ah, bu fəryad bəlkə səngiyərdi. Belə getsə düşünməkdən, bu zərbənin şokunu üzərimdə daşımaqdan dəli olacaqdım. Sanki illərdir bağlı qalmış bu tapmacanın açmasını aramaq, bu düyünü zehnimdə çözmək üçün saatlarla düşüncələrə dalırdım.
Mənim üçün birdən-birə qarşıma çıxmış yad adamı ata kimi qəbul etmək olduqca çətin idi.
Özümü toplayıb ayağa qalxandan sonra Azər məni hər fürsətdə dilə tutub, yola gətirməyə çalışırdı. İkimiz bir yerdə olanda o, söhbətə başlamaq üçün sözü ancaq bu məsələdən salırdı. Bu gün də eləcə. Mənim bağçada oturub fikrə getdiyimi görüb yanıma gəlmişdi. Məlul-məlul bir xeyli üzümə baxıb sual verdi:
– Nə qədər belə davam etmək fikrindəsən? Nə vaxta qədər belə əzab çəkəcəksən?
– Qiyamətədək.
– Əlimizi üzək də səndən, belə deyirsən yəni.
– Yenə o adamla bağlı danışacaqsansa, mən gedim. – Deyib, skamyadan qalxdım. Biləyimdən yapışıb yanında əyləşdirdi.
– Lazım olduğu qədər danışacam, sən də dinləyəcəksən. Aydındır? Böyük-kiçik yeri bilsən, yaxşı olar.
Gözlərimi ətrafda süzdürüb, hirsli-hirsli fısıldadım.
– Mən onu həyatımda birinci dəfədir görürəm. Tanımıram. Onu ata kimi necə qəbul edim?
Azərin çatılmış qaşlarının düyünü açıldı. Bir qədər mülayim səslə:
– Sən ona bu fürsəti ver, onu dinlə. Bunu ona çox görmə. Bu səninçün də, onun özü üçün də yaxşıdır. Əlbət, sənə açıqlayacağı bir izah, bir səbəb olmalıdır, – dedi.
Bütün nifrətim və qəzəbimlə dilləndim:
– Əsla! Nə onu görmək, nə də dinləmək istəyirəm! Məndən bunu istəmə, xahiş edirəm. – Hönkürüb ağladım.
– Ay qız, qulaq as da mənə… Olan olub artıq. Sənin bu inadın özünə də, o kişiyə də zülm eləməkdən başqa heç nə deyil. İzn ver o özü sənə həqiqətin əslini danışsın. Nə olubsa onun öz dilindən eşit. Ona bu imkanı tanısan, onu dinləsən, hər ikiniz bu əzabdan az da olsa qurtularsız.
Aylar sonra
Bir isti yay günü Vüqarla Fatimənin toy məclisi baş tutdu. Yaxından-uzaqdan gələn qonaqların sayı-hesabı yox idi. Möhtəşəm toy keçirdi.
Vüqar və Fatimənin üzündəki ifadə vüsalına çatan aşiqlərin məsudluğundan xəbər verirdi.
Həmin gün bütün dostlar bir arada idilər. Qol-boyun olub rəqs edir, deyib-gülür, zarafat edir, alqış edirdilər.
Biz isə bu toy məclisinin vətəndə iştirak edəcəyimiz sonuncu toy olacağını bu anlar ağlımıza gətirmirdik…
***
Aradan bir neçə gün keçdi.
Həmin gün günorta Azər evə gəlib, məni qarşısına alaraq dedi:
– Biz indi səninlə bir yerə gedirik və sən mənə söz verirsən ki…
O, fikrinə aydınlıq gətirməkdə ikən mən lal-mat eləcə onun üzünə baxdım. Səsim-sədam duyulmadı. Etiraz etmək istədim, lakin bacarmadım.
…Bir qədər sonra Azərin idarə etdiyi maşın dənizin sahilində restoranlardan birinin önündə dayandı. O, mühərriki söndürüb sakit nəzərlərlə üzümə baxdı.
– Gedək?
Yol uzunu mənliyim və qürurumla, hiss və duyğularımla əlbəyaxa olduğumdan özümü də, dünya-aləmi də unutmuşdum. Azərin bu sualı ilə yanağıma süzülən göz yaşlarımı əlimin bir toxunuşu ilə silib, dinməz-söyləməz qapını açdım. Lakin Azər əlimi tutub, məni yerimdə saxladı. Minnətdar nəzərlərlə gözlərimin içinə baxa-baxa əlimi dodaqlarına aparıb busə qondurdu.
– Vaxt gələcək “Nə yaxşı ki, mən onun görüşünə getdim. Nə yaxşı ki, ona bu şansı verdim” deyəcəksən. Əmin ol ki, bu gün atdığın bu addım üçün gələcəkdə vicdanın rahat olacaq. Özünü qınamayacaq, peşmanlıq keçirməyəcəksən. Bu hər şeyə dəyər, bilirsənmi? Hər şeyə! Ola bilsin ki, bütün bunların mənasını hələ bir o qədər dərk eləmirsən. Amma vaxt gələcək mənə haqq verəcəksən.
Dolub-doluxsunmuş halda gözlərinin içinə baxaraq soruşdum:
– Sən mənim yerimdə olsaydın, onu dinləmək bir yana, üzünə baxardınmı?
– Bu sualı mənə neçə dəfə verdiyinin fərqindəsən, ya yox, bilmirəm, amma mən eyni cavabı sənə bir daha təkrar edirəm. Nə edərdim və ya etməzdim, bunu deyə bilmərəm. Amma ən azından onu dinləyərdim. Dinləyərdim ona görə ki, həm o, həm özüm barədə bir nəticəyə gələ bilim. Doğru-düzgün fikir yürüdüm.
Baxışlarımı onun üzündən çəkib iztirab içində öz-özümə başımı buladım. Azərin səsinə yenidən ona baxdım:
– İnan mənə, o səni həyatından, canından çox sevir. – Azər inamla dilləndi.
…Onunla eyni anda maşından endik.
Sakit guşələrdən birində masalardan birinin arxasına keçib əyləşdik. Buradan dənizə möhtəşəm bir mənzərə açılırdı. Havası da gözəl idi. Amma mən sanki tikan üstə oturmuşdum. Heç rahat hiss etmirdim özümü. Gözlərimin gördüyü bu gözəlliyə yaşdan dolub pərdələnmiş gözlərlə baxırdım. Azər mənimlə danışırdı, amma onu eşitmirdim. Bu anlar eşitmək, anlamaq, qərar qəbul etmək iqtidarında deyildim.
Çox keçmədi ki, o, gəldi. Kamal. Mənim yaxın qohum kimi tanıdığım, lakin yaxın zamana qədər kim olduğunu bilmədiyim Kamal. Mənə doğma olduğu qədər də yad olan insan.
Qəribə bir həyəcan, təlatüm bürüdü varlığımı. Onu uzaqdan görməyimlə hiddətim və qəzəbim bir-birinə qarışdı. Baxışlarımı qaldırıb imdad edər təki Azərə baxdım. Getməməsi üçün xahiş etdim. O adamla bir masada tək qalmaq istəmirdim. Çünki cəhd etsəm belə səbir və təmkin nümayiş etdirə bilməyəcəyimə son dərəcə əmindim.
Azər ürəyimdən keçənləri üzümdəki ifadədən, baxışlarımdan oxusa da, masadan qalxaraq mənə eşitdirdi:
– Maşında gözləyirəm. Danışdığımız kimi, sadəcə onu dinləyəcəksən. – Baxışlarının dili ilə son dəfə xəbərdarlıq edib, xəfifcə gülümsündü.
Sızıltılı bir ah qopdu köksümdən. Nəzərlərimi Azərin üzündən çəkib göz gördükcə uzanan mavi dənizə baxmağa başladım. Gözlərim baxırdı, sadəcə ürəyimdə özümü yeyib-tökürdüm. Ona demək istədiyim sözləri zehnimdə bir daha təkrar edir və şiddətlə qınayırdım.
Bir neçə saniyə sonra o, masaya yaxınlaşdı. Keçib mənimlə üzbəüz əyləşdi. Bütün bunları ona baxmadan sezirdim. O, həsrətli-həsrətli mənə baxır və çox güman ki, söhbətə haradan və necə başlayacağını götür-qoy edirdi. Arada iztirab içində ah çəkdiyini də duydum. Eyni zamanda titrək səslə mənə səsləndi:
– Qızım… Gözümün işığı!
Bu söz məni yarama səpilən duz kimi yandırıb göynətdi. “Mən sənin qızın deyiləm!” deyib üstünə bağırmaq keçdi könlümdən. Lakin Azərin çox uzaqda olmadığını və ona verdiyim sözü xatırlayıb, özümü son anda zorla saxladım. Üzünə əsla baxmaq istəmirdim. Çəkdiyim acıların tək səbəbkarı, keçmişimin qatili hesab edirdim onu. Kin saxlayırdım. O, sükutumu görüb təkrar dilləndi. Ehtiyatla kefimi xəbər aldı:
– Necəsən? Körpələr necədir?
Hönkürtümü var gücümlə boğmağa çalışarkən dodaqlarım səyridi, çənəm titrədi.
O, hədiyyə bağlamalarını masada mənim önümə qoyaraq uşaqlar üçün aldığını dedi.
– Sənə nə alım gətirim deyə çox fikirləşdim. Qərar verə bilmədim. Saatlarla gəzmişəm mağazaların önündə. Qızımın zövqü necədir, nələri sevir və ya sevmir, bunu da bilmirəm. Satıcı qız bu sualı mənə verəndə nə cavab verəcəyimi bilmədim. Bax, o zaman bir daha nifrət elədim özümə. Qınadım bu Kamalı! Axı, mən sənə bir oyuncaq belə ala bilməmişəm bu həyatda. Atalıq vəzifəmi icra etmək mənə nəsib olmayıb.
Sözün bu yerində məni boğan qəhərdən qurtulmaq üçün ah çəkdim. Fayda etmədi. Sözlərinə davam edərkən onun da səsi titrədi. Səsindəki kədər və məyusluq təmkininə güc gəldi.
Əlini pencəyinin döş cibinə aparıb kiçik bir qutu çıxardı.
– Bu da sənin, gözəl qızım. Düşündüm ki, səninçün ən gözəl hədiyyə sənə hər zaman ananı xatırladacaq, ondan yadigar qalan şəxsi əşyası olar.
Qutunun qapağını açıb, zümrüd rəngli daş-qaşlarla bəzədilmiş saç sancağına işarə edərək hüznlü bir səslə dedi:
– Anan həmişə saçlarına taxardı bunu. Bundan belə sənin olsun, qızım.
Barmaqlarımı sancağın üzərində gəzdirərək halbahal oldum.
Bir anlıq sükutdan sonra ürəyini deşən sözü dilinə gətirdi:
– Necə də anana bənzəyirsən… Onun təkrarısan sanki. Səni ilk gördüyüm o gün elə bildim Zərifə canlanıb, qarşımda dayanıb.
Sözün bu yerində bayaqdan tutub əngəl olmağa çalışdığım göz yaşlarım daha sözümə baxmadı. Ürəyimi odlaya-odlaya yanaqlarıma süzüldü. Dözməyib üsyankar bir tövrlə:
– Nə haqqın vardı bu qədər vaxtdan sonra həyatımı belə korlamağa? Onsuz da yetərincə puç olub həyatım! Bu bəs deyildi səninçün?
Üzgün, dərdli ifadə ilə başını önünə əydi. Bura gələrkən qəlb qıran, ürək yaralayan ifadələr işlətməyəcəyim barədə Azərə söz versəm də, hisslərimi əsla cilovlaya bilmirdim.
Ünvanladığım sual onu sanki göydən yerə vurmuşdu. Bir az da talan olmuşdu.
Mən onun daxilində tufan qoparan acıların, əzabların üzünə vuran ifadəsini, cizgilərini lap aydın görürdüm. Sızıldayırdı, yaralı kimi inildəyirdi, amma səsini kimsə duymurdu.
Mənim çəkdiyim ağrı-acıdan onun ürəyi odlanmışdı. Nəzərlərimi üzündən çəkmədən eyni tonda sordum:
– Niyə məndən vaz keçdin? Heç sevmədinmi məni? Heç rəhm eləmək istəmədinmi? Vaxtsız-vədəsiz gələn, arzu olunmayan bir övlad idimmi səninçün? Niyə axı? Neyçün? Yəni bu qədərmi asan idi övladdan imtina etmək? Niyə mənə belə zülm elədin? Mənim günahım nə idi? Heç olmasa bunu de, bilim.
Sözlərimi bitirə bilməyib hönkürdüm. Hətta elə içdən hönkürdüm ki, o, bərk dilxor oldu. Yerindən qalxıb istədi gəlib boynumu qucsun, bağrına bassın, lakin ona hələ də yad adam nəzərləri ilə baxan gözlərim məndən kənar durmağa məcbur etdi kişini. Üzgün, məyus nəzərlərlə üzümə baxıb sakitləşməyimi gözlədi. Amma onun bu anlar çəkdiyi əzab üzündə elə bir ifadəyə dönmüşdü ki, müqayisəsi tapılmazdı. Ovxarlı bir səslə könlümü almağa çalışaraq onu anlamam üçün izah etməyə başladı:
– Gözümün nuru!.. Yeganə sevincim! Sən mənim ciyərparamsan, canımın bir parçası, ən həssas nöqtəmsən! Adam da heç canından asanlıqla vaz keçə bilərmi? Elə zənn edirsən bu illər mənim üçün asan keçib? Zindan divarları arasında vicdanım illərdir mənə qənim kəsilib. Mənliyim mənimlə qatı düşmənə çevrilib. Özümlə müharibə edirəm. Hələ də bağışlamıram özümü, bu qərarımı! Taleyin mühakiməsi hər cəzadan ağırdır! İkiqat cəza çəkmişəm mən! Mənim olmayan günahın cəzasını da, səni itirməyin əzabını da. Bu əzabı, belə işgəncəni heç bir ataya arzu etmirəm. Kimsəyə rəva görmərəm məcburiyyət qarşısında övladından ayrı düşsün. Sənin gözlərindən axan hər damla yaş mənim bu yaralı bağrıma çalın-çarpaz dağ çəkir. Əgər bilsəm ki, qəlbindəki ağrı-acı az da olsa keçəcək, canımı heç düşünmədən verməyə hazıram! Təki səni xoşbəxt, bəxtiyar görüm! – Sinə dolusu qüssəli bir köks ötürüb sözlərinə qaldığı yerdən davam elədi. – O qərarı vermək asan olmadı, qızım! Heç asan olmadı! Əgər anan arxamca gələrkən o qəzada ölməsəydi, mənim qərarım iyirmi bir il əvvəl tamam fərqli olardı. Və bu gün sən mənə günahkara baxan təki baxmazdın. Ən azından həyatımız tamam başqa cür olardı. Biləndə ki, anan dünyasını dəyişib… biləndə ki, mənim Zərifəm artıq bu həyatda yoxdur… məni tək və kimsəsiz qoyub… Həyat o andan durdu mənimçün, qızım! Məni əfv et! Mənim taleyim onsuz da məhv olmuşdu, istəmədim sən də mənim cəzamı çəkəsən.
Onu dinlədiyim bu müddətdə göz yaşlarım hisslərimin tərcümanı kimi yanaqlarımı yuyurdu. O isə eyni qüssə və kədərli ahənglə davam edirdi:
– Eşidəndə ki, sən bu gün gəlin köçürsən… xəbər alanda ki, nəvəm dünyaya gəlib, həmin günlər mənim zindanda nə hisslər keçirdiyimi bir Allah bildi! Yeganə övladımın toyunu görmədən, atalıq borcundan çıxa bilmədən zindan divarları arasında ömrü bada vermək! Bilirsənmi bu mənə necə baha başa gəlib? Məgər mənim haqqım yox idi bu sevinci dadım, nəvəmi qucağıma alım? Axı, mənim də arzularım, xəyallarım var idi. Mən də sevib-sevilib, ailə sahibi olmuşdum. İlk nübarım, ilk sevincim idin mənim. Sənin üzünü ilk dəfə məhkəmə salonunda gördüm, qoluqandallı aldım qucağıma. Bunun necə ağır bir hiss olduğunu ancaq o anları yaşayan bilər. Bilmirəm bu fələyə neyləmişdim ki, taleyimizi, qismətimizi qara yazıb, həyatımıza fəlakət gətirdi. Bilmirəm. Tək bildiyim odur ki, başqasının işlədiyi cinayəti öz boynuma götürdüm. O adam ki, həyatımı məhv etdi, həm qohumum, həm dostum idi. Cəzasını təkcə mən çəkmədim. Ananın da həyatına son qoydu. Səni həm anasız, həm atasız buraxdı. Məni isə itirib-axtarmadı. İllərdir bundan başqa bildiyim, amma qəbul edə bilmədiyim bir həqiqət yoxdur. Mən ölənədək nə etsəm belə Nadirin borcundan çıxa bilmərəm. Nə etsəm belə! Mən səndən Nadirə dönüklük edib, məni qəbul etməni istəyə bilmərəm. Buna mənim haqqım yoxdur. Vicdanım əl verməz belə bir sözü dilimə gətirəm. Bu Nadirə haqsızlıq olar. Bunu ağlına belə gətirmə. Əgər Nadir bunu sənə açıb bəyan etməsəydi, bu sirr mənimlə məzara gedəcəkdi. Səni kənardan görməyə belə razı idim. Xoşbəxt olduğunu bilim, bu mənə yetər. Səninlə danışmaq istədim, madam ki, atan olduğumu bilirsən, haqqımda yanlış düşüncədə olmamanı istədim. Mənim bu Kamalı bağışlamağa gücüm çatmasa da, sən məni əfv et, qızım! Əfv et! Sənə bir dəfə sarılmağıma izn ver! Uzun illərdən bəri bunu necə istəmişəm, bir bilsən. Bir bilsən ki, bura gəlməklə məni, taleyini öz əliylə qaraldan bu bədbəxt kimsəsizi necə bəxtəvər elədin. Bir bilsən… Bu yerdə ki, ilk dəfə ananla görüşmüşdük… Qızım… Bir dənəm! Alagözlüm! İzn ver səni bağrıma basım, bəlkə bu dərdli ürəyim öz məlhəmini tapa. İzn ver!
Dolmuş, şüşələnmiş gözlərini üzümə dikən bu adam sözləri, etirafları, acizanə xahişi ilə mərhəmət hissi oyatdı məndə. İstəsəm belə ona acıqla, hiddətlə baxa bilmədim.
Özüm də hiss etmədən yerimdən qalxdım. Bunu görəndə üzü nurlandı. Yaşına yaraşmayan bir çevikliklə oturduğu yerdən qalxıb daha gözləmədi. Məndən fərqli olaraq cəsarətli davranıb irəli yeridi və məni bağrına basıb, bərk-bərk qucdu.
– Qızım! Məni bağışla! Bu canım sənə qurban olsun, bağışla məni! Cənnətim, xəzinəm, varım-dövlətim!
Saçlarımı dönə-dönə öpüb oxşadı. Titrək barmaqları ilə gözlərimin yaşını sildi. Alnıma busə qondurdu.
Asudəliklə nəfəs alıb-verdi.
…Bir qədər sonra yollarımız yenə ayrıldı. Hər kəs öz dünyasına geri dönməli idi.
Mən maşına əyləşib yola düzələndən sonra da dinib-danışmırdım. Azər də nə hisslər keçirdiyimi halımdan-təhrimdən, üzümün ifadəsindən görüb anlayışla qarşılayır, sual vermirdi. Gözünü yoldan çəkmədən sükut içində maşını idarə edirdi.
Oturacağın üstündəki hədiyyə qutularına baxaraq hələ də titrəyən dodaqlarımı məni boğan, danışmağa qoymayan qəhərdən bir-birinə sıxmışdım. Hıçqırıqlarımı əlimin arxasında güclə əridirdim. Həyatım başdan-sona böyük bir yalandan ibarət imiş. Qarmaqarışıq bir əhvalatın içində itib-batan məchul bir keçmişim varmış. Heç demə, mən hələ özümü, kim olduğumu belə bilmirəmmiş… Hansı dərdimin acısına yanım, hansı birinin əzabını çəkim, bilmirdim! Bu işdə kimi günahkar bilim, kimə bəraət qazandırım, onu da bilmirdim! Nə qədər düşünsəm də sonda bir nəticəyə vara bilmirdim! Ətrafımda nə varsa, kim varsa yalan üstə qurulan böyük bir səhnədə yer alıbmış…
Onun bir az əvvəl mənə dediyi sözlər indi də qulaqlarımda idi: “Təvəqqə edirəm səndən, nəvələrimi arabir görməyimə mane olma”.
(Ardı var)