Firuzə Davudqızı
İki gün sonra. Bakı
Biz atamgilə gəlib çıxanda gözləmədiyimiz situasiya ilə qarşılaşdıq. Evdə açıq-aşkar gərginlik hökm sürürdü.
Qapıda bizi qarşılayan Məqbulənin ardınca irəli yeriyən Fatimə üzünə xoş təbəssüm verib dedi:
– Ay-ay-ay… görün bir kimlər gəlib… – Azadın yanağını oxşadı. – Uşşş, balım-şəkərim gəlib xalasını görməyə. O, biri yaraşıqlım hanı bəs? Gətirməmisən?
– Atasındadır.
Fatimə mənə sarılıb o üz-bu üzümdən öpdü:
– Nə vaxt gəlmisiz, qurban sənə!
Mən onun qızaran gözlərinə diqqətlə baxıb, ağladığını hiss etdiyim üçün sualına şübhə içində cavab verdim:
– İki gündür. Necə bəyəm?
– Bəs, Azər qardaş gəlməyib ki?
– Gəlib. – Paltomu soyunub Məqbuləyə verdim.
– Hər şey yolundadır?
Azadı məndən alıb bağrına basan bacım:
– Aha, – dedi. Uşağı öpüb-qoxuladı. Onun məcburi gülümsədiyini görsəm də daha üstünü vurmadım.
Bu vaxt Türkan dəhlizə gəldi. Bizi görəndə gizlətməyə çalışsa da təəccübləndi. Baxışlarında narahatlıq hiss olundu. Bununla belə eynən Fatimə kimi o da gülərüz görünməyə cəhd etdi. Mənə sarılıb daha sonra Azadı Fatimədən alaraq dönə-dönə öpdü.
Bu vaxt qulağıma atamla anamın gərgin səsləri doldu.
Anam üsyankar bir səslə atama:
– Bəs, bu qız körpə olanda harada idi bu alicənab ata? Hə? Övladdan imtina edəndə bəs, bu günü də gözünün önünə gətirəydi də… Mən onu zəhmət çəkib böyütdüm, övladlarımdan ayırmadım ki, sonda əlimdən alınsın? Haqq-ədalət budur? Budur? Nadir, susma, cavab verr!
– Bağırma!
– Bağıracam! Səsim gəldikcə bağıracam! Neyçün susmalıyam ki? Kamal nə yoğurub, nə yapıb, hazırca kökə tapıb? Əcəbdür a… Bəs, mənim itirilən əməyim! Başıma vurulan zəhmətim? Çəkdiyim əzab-əziyyət?
Təəccüblə bacılarımı süzüb soruşdum:
– Nə baş verib, qızlar ? Niyə mübahisə edirlər?
– Sən onlara fikir vermə, gəl otur, danış görək səfəriniz necə keçdi. – Fatimə narahat baxışlarla Türkanı süzdü, bütün cəhdi ilə məni söhbətdən yayındırmağa çalışdı. Bu vaxt Azər də qapıda göründü. Türkan tez irəli yeridi, kürəkəni ilə salamlaşıb, hal-əhval tutduqdan sonra Arazı ondan alaraq öpüb-oxşamağa, dindirib-əzizləməyə başladı.
Durmayıb salona keçdim. Mən bura gələndə anam ağlayır, atam isə:
– O, mənim bacımın balası idi, Şahnaz, Kamal bunu məndən istəməsəydi belə mən onun övladına baxıb, qoruyacaqdım! – deyirdi. – Zərifənin ruhu onsuz da didərgin idi, balası da didərgin olmasın dedim! Bu mənim bir qardaş kimi, bir dayı kimi borcum idi. Borcumdan çıxdım. Amma artıq tab gətirə bilmirəm. Kamal onsuz da çəkib çəkdiklərini, artıqlaması ilə çəkib. Heç olmasa azadlıqda cəza çəkməsin! Övladına kənardan baxıb nələr çəkdiyini görmürsənmi? Mən görürəm axı… Dözə bilmirəm. Bunu da öhdəmizə düşən bir borc sayaq, bundan da çıxaq. Qızın da bunu bilməyə haqqı var, Allah bağışlamaz məni. O uşaq mənə “Ata” deyəndə mənim nələr çəkdiyimi kimsə bilmir. Amma Allah şahiddir!
– Yox! Yox, mən buna tab gətirə bilmərəm! O bilsə ki, mən onun anası deyiləm, ağlımı itirəcəm. Onsuz da əsəblərim yerində deyil.
– Şahnaz, ikimiz də uşaq deyilik. Bunun belə olacağını sən də, mən də illər əvvəldən bilirdik. Bilirdik ki, bir gün Kamal həbsdən çıxacaq. Bizi nə gözləyir. Bilirdik. Hazır olmalıydıq buna.
– Deməli, səninçün hər şey bu qədər asandır, hə? Bir gün qundaqda çağanı gətir qucağıma qoy ki, al saxla, öz övladın kimi. Sabah da çox rahat bir şəkildə onu məndən al ki, atasına qaytarmalıyam! Bu qədər asandır? Təbii hal kimi qəbul edirsən hər şeyi! Olmalıydı, oldu da!
– Sözün ucundan tutub ucuzluğa gedirsən, xəbərin olsun!
– Mən sizin kimi belə tez imtina edə bilmirəm, bağışla! Bacarmıram!
– Sən məni heç vaxt anlamadın! Anlamaq istəmədin!
– Bilirsənmi nə var, Kamalın daha haqqı yoxdur ki, Aydanın qarşısına çıxıb “Mən sənin atanam” desün! O, bu haqq-hüquqdan illər əvvəl öz istəyi ilə imtina etdi. Bunu ağlına vurub dərindən düşünsün.
Eşitdiyim son cümlələr qulaqlarımda mərmi partladı. Dəhşətli bir gizilti keçdi bədənimdən, əl-ayağım titrəməyə başladı.
Hönkürtümü boğmağa bundan artıq davam gətirə bilmədim. Mənim səsimə hər ikisi duruxub geri çevrildi. Üzləri təlaşlı ifadə aldı.
Sarsılmış halda hər ikisinə baxaraq:
– Ata! Bu dediklərin… Yanlış anladım, elə deyil? Doğru ola bilməz! Mümkün deyil!
Atam rəngi qaçmış, talan olmuş ifadə ilə məndən bir neçə addım kənarda dayanmış və eyni sözləri eşidib qaşları çatılan, heyrəti üzünün ifadəsində donan Azərə baxdı. Keçib divanda əyləşərək iki əlli başını tutdu.
Gözlərimin yaşı leysana dönmüş bir şəkildə bu dəfə bacılarımı, anamı süzdüm.
– Bilmədiyim daha nə yalanlar var? Deyin! Daha nə gizlədirsiniz mən axmaqdan?!
Bir-birinin yanında büzüşüb dayanmış, səssiz-sədasız ağlayan, bacı bildiyim qızlar hərəsi bir övladımı bağrına basıb, sonsuz kədərlə üzümə baxırdılar. Heç birinin səsi-səmiri çıxmırdı. Onlar da eynən mənim kimi sarsılmışdılar.
Mənimsə dünya başıma yıxılmışdı. Həyatın sonu gəlmişdi. Şok vəziyyətində idim.
Anam mənə yaxın gəlmək istəyirdi ki, buna şərait yaratmayıb atamın yanına getdim.
– Ata! Mənə bax, xahiş edirəm… Səhv eşitdim, elə deyil? Mən sənin qızınam! Bütün bunlar cəfəngiyyatdır! Ağlım almır belə şeyi! Mən sənin qızınam! Sənin qızın! Sənin… – Sözlərimi heç cür tamamlaya bilmədim. Hönkürdüm.
Öz dediklərimə artıq özüm də şübhələnməyə başladım. Onların da üzündəki ifadə bunu demirdi.
Atam suallarıma cavab vermədən gözlərini gözlərimdən qaçıraraq əzab içində yumub sıxdı.
Azər mütəəssir halda altdan-altdan məni halımı-təhrimi izləyirdi. Daha burada durmayıb salonu tərk etdi, həyətə endi.
Atamın sükutu məni viran etdi. Daha yanıqlı bir səslə için-için ağlamağa başladım.
– Ata, yalvarıram sənə! Cavab ver! Düzünü bilmək istəyirəm. Mən sənin qızınam, hə? Xahiş edirəm, de ki yalandır! – Qarşısında diz çöküb körpə uşaq kimi qolunu dartışdırırdım. – Yalandır de! Yalvarıram sənə!
Anam göz yaşları içində yanıma gəldi.
– Qızım, özünü ələ al! – Məni sakitləşdirmək istədi. Onun əlini saçlarımdan götürüb, üzümü təkrar atama tutdum.
– Sən mənim atamsan! Mən də sənin qızın! Fatimə də, Türkan da mənim bacılarımdır. Bu həqiqəti heç kim və heç nə dəyişə bilməz! – Deyib əllərindən öpə-öpə hönkürdüm. – Yalan olduğunu bilirəm! Bilirəm ki, bir anlıq hirslə dedin bu sözü. Elədir?
Atam buna tablana bilməyib qəhərlənmiş halda əllərini əllərimdən çəkdi. Üzümü əllərinin arasına alıb başımdan öpdü. Ürəyi dağlana-dağlana:
– Qızım, – dedi, – bəzən arzu etmədiklərimiz, istəmədiklərimiz olur bu həyatda. Amma qəbul etməkdən başqa çarə də olmur. Bu məsələ də eləcə. Həyat belə gətirdi, biz də boyun əyməli olduq. İstəmədik boynu bükük, qəlbi qırıq böyüyəsən. Razı olmadıq atasızlığı hiss edəsən. Məni bağışla ki, sənə belə ağır bir hiss yaşadıram. Amma bu sirri bundan artıq daşımağa ürəyimin gücü-qüvvəsi çatmır. Məni bağışla! Həqiqət qarşısında hamımız dili bağlı quluq! Sən mənim başımın tacısan! Məni bağışla!
Elə bil mənə qəfil güllə dəydi. Əhvalım yaman idi.
Xeyli vardı evə qayıtmışdıq. Uşaqları nənəsinə verib, kimsəylə kəlmə kəsmədən otağımıza keçmişdim. Hələ də inanmaqda, qəbul etməkdə çətinlik çəkirdim bu yaşadıqlarımı. Taxtın kənarında əyləşib hönkür-hönkür ağlayırdım. Qarşımda bir albom fotoşəkil, baxıb-baxıb göz yaşı tökürdüm.
Atam… anam… bacılarım… Mən onları doğma ailəm bilmiş, ögey olduğumu zərrə qədər ağlıma gətirməmişdim.
Atamın sözləri qulaqlarımdan getmirdi.
“O məktubu sənə mən yazmamışdım…”
Məktubu açıb təkrar nəzər saldım. Çəkdiyim əzablar minə qatlandı. Anlamalıydım əslində, ata bildiyim insan mənimlə üz-üzə dayandığı halda mənə neyçün məktub yazsın ki… Anlamalıydım… Nə qədər avam və sadəlövh olmuşam ki, ağlıma vurmamışam. Həmin günün həyəcanı, məni saran sevinc hissi gözlərimi, ağlımı, şüurumu öz sehri ilə pərdələyibmiş…
Hərçənd bu kiçik nüans belə mənə çox şey deyirmiş…
Həyatımın hər məqamında keçmişlə bağlı kiçik hissələr yer alıbmış əslində. Fərqinə varmadığım kiçik, amma çox önəmli məqamlar. Mən indi bu hissələri bir yerə toplayıb şəkilləndirirdim.
Bu vaxt qapı aramla açıldı və Azər sakit addımlarla otağa daxil oldu. Ağladığımı görəndə məyus nəzərlərlə üzümə baxıb, dodaqlarını bir-birinə sıxaraq gəlib yanımda əyləşdi. Gözünün ucuyla taxtın üstünə səpələnmiş fotoşəkillərə nəzər salıb, dərin baxışlarla gözlərimin içinə baxdı.
Onu görməyimlə daha da kövrəldim. Ağuşuna atılıb için-için ağlamağa davam elədim.
Saçlarımı sığalladı. Məni ovutmağa, sakitləşdirməyə çalşaraq barmaqlarının toxunuşu ilə göz yaşlarımı silib:
– Belə eləmə, – dedi. – Eləmə belə. Çətin olduğunu bilirəm. Ən azından təxmin edirəm. Özünü üzməklə heç nəyi dəyişə bilməzsən, əksinə, işləri bir az da çətinə salarsan.
– Azər! – Gözlərinin içinə baxa-baxa, ağlaya-ağlaya üsyankar bir səslə dilləndim. – Həyat niyə belə çətindir? Niyə belə amansız, belə qəddardır, hə?
Köks ötürüb mükəddər bir səslə dedi:
– Çətin olan həyat deyil, qəbul etmək məcburiyyətində qaldığımız həqiqətlərdir. Daha dana bilmədiyimz həqiqətlər. Çətin olan budur.
– Niyə mən? Niyə? Niyə taleyim bu qədər çətin, aşılmaz olmalı idi? Niyə alnıma yetimlik, ögeylik yazılmalıydı? Niyə? Niyə doğru bildiyim keçmişim bu gün bir cümlə ilə darmadağın olmalıydı? Mən nə vaxt günah işlədim axı, hələ də cəza çəkirəm? Sənə qovuşmaq üçün belə fədakarlıq etmək, günahkar donunu bir ömür boyu geyinmək məcburiyyətində qaldım! Bu qədər zülmlərdən keçməli oldum. Halbuki mən çox şey istəmirdim bu həyatdan. Səni istəyirdim. Səninlə bir yerdə olmağı istəyirdim. Niyə bu mənə belə baha başa gəlməli idi? Mənim ucbatımdan sənin çəkmədiyin əzablar qalmadı. Nə verib bu həyat mənə ki, belə qəsdimə durub? Nə pisliyimi görüb? Sən cavab ver də, niyə qurtarmır bu əzablar? Niyə bitmir? Niyəəə?!.
– Sakitləş… özüvü ələ al…
Mən onu dinləyəcək halda deyildim. Od tutub yana-yana təkrar sorğu-suala başladı.
– Azər, insan dediyin öz övladından necə imtina edə bilər? Hə? Mümkündür bu? Sən buna gedərdin?
– Yaxşı da, sakit ol. Səni başa düşürəm, amma…
– Heç cür ağlıma sığışdıra bilmirəm mən. Haqq verə bilmirəm!
– Demirəm haqq ver. Amma ən azından anlamağa çalış. Özüvü bir anlıq onun yerinə qoy. Məcbur qalmasa idi, əminəm ki, belə eləməzdi. Görünür, elə çıxılmaz bir vəziyyətdə qalıb ki, bu addımı atıb da. Nə yaşadıqlarını, nə hisslər keçirdiyini biz ondan yaxşı bilə bilmərik. Zindana düşmək bir yana, zindana gedənə qədər yaşadığın psixoloji sarsıntı… Travmadır insana. Hər adam bunun öhdəsindən gələ bilmir. Buna görə də düzgün qərarlar qəbul etməyə bilər. Həyatın o an durduğunu, hər şeyin boş və mənasız olduğunu düşünürsən. O qapılar üzünə bağlandığı anda zənn edirsən ki, hər şey, bütün həyat bitdi səninçün. Asan deyil. Nə bunu yaşamaq, nə də belə bir qərar vermək. Onu da anlamağa çalış. Mən o insanı tanımadan hörmət etmişəm. Səninlə qan bağı olduğunu bilmədən şəxsiyyətinə rəğbət bəsləmişəm. İnsani keyfiyyətləri olan biridir. Əminəm ki, illər əvvəl verdiyi qərarla bağlı izah etmək üçün əsaslı bir səbəbi olub.
Atam bir zamanlar valideynlərimə məxsus olmuş və illərdir istifadəsiz qalmış evin açarlarını mənə vermişdi.
Səhərin açılmasını dörd gözlə gözləyirdim.
Saatlar sonra Azər israrıma dayana bilməyib məni bura gətirmişdi. Bu ev keçmişimi, ata-anamla bağlı xatirələri özündə saxlayan ağzı bağlı bir mücrü idi. Atamla anamın bəxtəvər günlərinin cəmi bir ilini əhatə edən keçmişim bu evdə, bu əşyalarda bu divarların səthində mürgüləyirdi.
Eşitdiyimə görə, mənim qohum kimi tanıdığım Kamal – əslində atam həbsdən çıxandan sonra da bura gəlməmişdi. Bu ev mənim dünənə qədər bibi kimi adını eşidib özünü görmədiyim Zərifənin – əslində anamın ölümündən sonra istifadəsiz qalmışdı.
Qapını açıb içəri daxil oldum. Qəribə bir təlaş, anlaşılmaz bir duyğu dolanırdı bu an varlığımda. Keçirdiyim hissləri özümə belə izah edə bilmirdim.
İtkisini gəzən naçar gözlərlə doluxsuna-doluxsuna evin hər qarışını gəzdim. Hər guşəsində halbahal oldum.
Azər bütün bu müddətdə lal-dinməz dayanıb üzgün ifadə ilə məni, davranışlarımı seyr edir, vəziyyətə baxır, lakin məni ovundura biləcək söz tapa bilmirdi.
Mən nə gəzirdim bu evdə?
Anamın nigaran ruhunumu, yoxsa dadmadıgım ana sevgisini, ana qayğısı, ana nəvazişini, əllərinin hərarətinimi?
Məni bu dünyaya gətirən valideynlərimin yarımçıq xoşbəxtliyini, puç olmuş arzularınımı arayırdım?
Nə istəyirdim mən?
Bəlkə atamın mənə danışdığı həqiqətin isbatını?
Məgər bu cansız əşyalar, fotoşəkillər, təzə qalmış sahibsiz geyimlər keçmişə bələdçilik, mənə şahidlik edəcəkdilərmi?
Onların əşyalarına, geyimlərinə toxundum. Qəlbimə od düşdü. Sızlatdı, göynətdi məni. Kamodun üstündə heç yerdə görmədiyim bir fotoşəkil dəydi gözümə. Zərifə və Kamalın toy günü çəkilmişdi. Donub qalan baxışlarında bəxtiyarlıq oxunurdu.
Əslində mən bu günədək tanımadığım, xəbərdar olmadığım bir başqa məni arayır, soraqlayırdım bu evdə. İki mən arasında qalmağım məni acı hıçqırıqlara boğdu. Taxta çərçivəli fotoşəkli əlimə alıb, dolub-boşalan gözlərlə baxdıqca baxdım. Gözümün yaşını silib-silib ağladım.
Bu dəm şəkil əlimdən yerə düşdü. Üzünə salınmış şüşə örtük çilikləndi. Sınan təkcə şüşə deyildi, sanki keçmişimdi, atalı-analı dünyamdı.
Təkrar sarsıldım. Otağın tən ortasında yerə çöküb qaldım. Taleyimə, bəxtimə, acı həyatıma üsyan edərcəsinə yanıqlı-fəryadlı bir səslə hönkürdüm. Öz taleyimlə anamın qisməti arasında tapdığım oxşarlıq məni ağrıtdı. Çiliklənmiş şüşə qırıqlarını ağlaya-ağlaya ovuclayıb şəklin üzərini silib-təmizləməyə çalışdım.
Azər irəli yeriyib ovcumda sıxdığım şüşə qırıqlarını təmizləyə-təmizləyə məni dilə tutub buradan aparmaq istədi. Əlimi qan yuyub aparırdı, ovcumun içi kəsik-kəsik idi, amma mən ağrı duymurdum. Çəkdiyim əzab mənə başqa fiziki ağrı hiss etdirmirdi. Təkcə əlim deyil, dünənim, bu günüm, yaddaşım, doğruluğuna inandığım keçmişim idi yaralanan.
Azər cib dəsmalını çıxarıb əlimə dolayaraq qanı kəsmək üçün zədələnmiş nahiyəni bərk-bərk sıxdı. Və məni maşına apardı. Qapının qıfılını bağlayıb sükan arxasına keçdi. Açarı bardaçoka atıb, bir an belə gözləmədən açarı burdu, maşını hərəkətə gətirdi.
…Qüssə-fikir məni xəstə edib yatağa saldı. Ayağa qalxmağa, yemək nədir, su içməyə belə taqətim olmadı. O axşam qara qızdırma içində yandım. Bu hal evdə narahatlığa səbəb oldu. Həkim çağırdılar.
Bir neçə gün ayağa qalxa bilmədim. Körpələrimin ağlamaq səsi gəlirdi qulaqlarıma, amma onlarla maraqlanmağa, qayğılarına qalmağa hal yox idi məndə.
Tez-tez Azərin həyəcanlı səsini duyurdum. Həkimə zəng vurub vəziyyətimlə bağlı sual verirdi. Bacılarım da, atam Nadir də bizdə idilər. Pərişan, narahat və məyus.
Növbəti günün sonunda axşam tərəfi alnıma qoyulan əlin təması od tutub yanan bədənimə-ürəyimə müdhiş bir sərinlik gətirdi. Yüngülləşdim. Gözlərimi açmadan quruyub çatlamış dodaqlarım arasından qeyri-ixtiyari bir kəlmə qopub düşdü:
– Ata!
Bu çağırışıma yanıqlı bir hönkürtü cavab verdi. Ovcunda saxladığı əlimə, alnıma titrək busə qondurdu. Mən bu zaman atamın varlığını, yanımda olmasını həqiqətən bütün qəlbimlə hiss edib duydum.
Gözlərimi zorla aram-aram qaldırıb baxmağa çalışdım.
Dumanlı, sisli bir görüntü canlandı gözlərim önündə, sanki tutqun, bulanıq pərdə kimi. Bununla belə tanıdım onu, gözlərimə çökmüş dumanda seçə bildim kimliyini. Taxtın kənarında əyləşib uşaq kimi göz yaşı axıdan adam Kamal idi. Bir gözü tumbanın üstündə o evdən götürüb özümlə gətirdiyim fotoşəkildə idi. İçin-için ağlayır, bir yandan da saçlarıma sığal çəkirdi…
(Ardı var)