Firuzə Davudqızı
***
…Ertəsi gün səhər yeməyindən sonra Azər atası ilə söhbət zamanı sözü Kamaldan saldı. Ona maraqlı görünən, sual doğuran səbəbləri aydınlığa çıxarmaq məqsədilə Kamal barədə bir neçə sual verdi. Ənvər oğlunun sualları qarşısında çətin vəziyyətdə qalsa da özünü itirmədi. Təmkinlə bütün sualları cavabladı. Lakin əsl həqiqəti – Kamalın onun gəlininin doğma atası olduğunu oğluna açıb söyləmədi. Düşündü ki, nəyin doğru, nəyin yanlış olduğunu Nadir Kamalla öz aralarında qərarlaşdırıb bir nəticəyə gəlməlidir. Bunu açıb-ğartmaq ona düşməz.
İki gün sonra Yusif Azərə zəng vurdu. O, Azəri ailəsi ilə birlikdə Moskvaya qonaq dəvət edirdi. Söhbətinin sonunda onları yaxın günlərdə öz evində gözlədiyini bir daha bildirirdi.
Azər düşünüb bir qərara gəldikdən sonra fürsət düşən kimi atası ilə də məsləhətləşib izn istədi. Bu təklif Ənvərin ürəyindən oldu. Oğlunun buralardan uzaqlaşmasını o, çoxdan arzu edir, buna necə nail olmaq barədə götür-qoy edirdi. Onun fikrincə, Azərin bir müddət Bakıdan uzaq olması onu bu işlərdən də soyutmuş olacaq, fikrini başqa səmtə yönəldəcəkdi. Çünki artıq oğlunun reportyorluq fəaliyyətinə davam etməsinin qəti əleyhinə idi. Bunu hər fürsətdə Azərə açıq şəkildə bildirirdi. Odur ki, bu dəvəti müsbət qarşılayıb:
– Məncə də gözəl düşünüb, – dedi. – Sözünü yerə salmağın hörmətsizlik olar.
Azər atası ilə razılaşdığını ifadə edən şəkildə başını tərpətdi. Elə bu an gözləmədiyi halda atası ondan soruşdu:
– Salehlə əlaqə saxlayıbsan?
Azər atasının üzünə baxdı. Cavab verməyə tələsmədi. Oğlunun səsinin çıxmadığını görən Ənvər sualına cavab alsa da, deyəcəklərini dilinə gətirməyin əsl məqam olduğunu anladı. Köks ötürüb:
– Saleh zəng vurmuşdu dünən. Yerləşiblər artıq, – dedi. Bütün diqqəti ilə oğlunun üzündəki ifadəni izlədi.
– Çox gözəl. – Azər güclə eşidilə biləcək bir səslə dedi. Boğazını arıtladı.
– Onunla əlaqəni üzmə. Arada bir zəng vur, xəbər tut.
Azər köks ötürdü. Bu mövzuda danışmaq ona çətin olsa da mümkün qədər aydınlıq gətirməyə çalışdı.
– Bizim münasibətimiz elə bir nöqtədə zədə alıb ki, ata, əmioğlu olmaq belə bu işə bir çarə deyil, üz-üzə gələndə bu səbəb hər ikimizi incidir. Bunu o özü də yaxşı bilir. Nə onun, nə də mənim bir-birimizə deməyə sözümüz qalmayıb. Hələ mənim ümumiyyətlə. Zəng vurub nə barədə danışacam ki?
– Sən zəng vur, hal-əhval tut, danışmağa söz tapılar.
Azər baxışlarını atasından qaçırıb ağır-ağır başını buladı. Bunu görən Ənvər daha kəskin danışdı.
– Bu sənin boynuvun borcudur artıq! Biləsən! Həm də təkcə sənin yox, hamımız bir nəfər kimi nə qədər ki, ömrümüz var, ona borcluyuq.
Azərin qaşları düyünləndi. Nəzərlərini atasının üzündə saxladı.
– Anlamadım.
– Anlamadın? O zaman məni diqqətlə dinlə. Deyəcəklərimi vəsiyyətim kimi qəbul eləsən yaxşı olar. Bu həyat mənə çox şey öyrətdi. Çox sirdən agah etdi. Dost saydıqlarımın əzəli bir düşmən olduğunu mənə bütün çılpaqlığı ilə açıb göstərdi. Düşmənlərimin vurduğu yara dost saydığım insanlardan aldığım yaraların yanında heç nə oldu. Həyatım boyu çox sınaqlardan keçmişəm, amma bir dəfə şikayətlənib uf deməmişəm. Sənin başına gələn müsibətlər mənə uf dedirtdi, diz çökdürdü, sındırdı. Mənə haqq verərsən ki, söz övladdan gedirsə tablanmaq müşkül məsələdir. Bilmirəm nə qədər ömrüm qalıb. Bu gün sənin yanındayam, sabah ola bilsin ki, məzarda yatmış olaram. Həyat gözəl olduğu qədər də vəfasız və amansızdır. Hər şeyi qoyuram bir kənara! Olub keçən hər şeyi! Fərz edək ki, Zakir mənim heç qardaşım olmayıb. Saleh də onun oğlu deyil, tanımadığımız bir başqasının oğludur. Amma onun səninçün etdiyi bir yaxşılıq bəs edir ki, sənə uzatdığı əli sıxıb, bir daha buraxmayasan. Təkcə bu bəs edir. Həyat təcrübəmdən sənə misal çəkə bilərəm ki, adam var tanımadan etibar etmişəm, adam da var ki, tanıdıqca inamım, etibarım itib. Saleh güvənib, etibar edə biləcəyin bir adamdır. Mən bu xarakteri onda kəşf etdim. Buna görə də istəyirəm bir-birinizlə əlaqəni heç vaxt kəsməyəsiniz.
Azər atasını sonadək dinləyib sual verdi:
– O mənə neyçün yaxşılıq etsin ki? Buna məcbur deyil.
– Bəli, düz buyurdun, məcbur deyil. Amma edibsə, deməli, sənin haqqında yanlış düşüncədə olmadığını sənə çatdırmaq istəyir. Deməli, atasından fərqli olaraq vicdan sahibidir. Vicdanının səsinə qulaq asıb.
İki əliylə başını tutub səssiz dayanan Azərin sözün bu yerində fısıltısı duyuldu.
– Həbs olunmazdan əvvəl məktub almısan? Uşağın sağ olması haqqında.
Azər şübhə ilə atasını süzdü:
– Bunu hardan bilirsən?
– Mən çox şey bilirəm. Onu da bilirəm ki, o məktubu sənə göndərən adam Saleh olub.
Azərin xarici ölkədə restoranda baş verən həmin hadisə gözləri önündə canlandı. Atası danışdıqca o, sanki yatdığı dərin yuxudan oyanırdı. Cavabsız qalmış suallarının cavabını indi tapırdı. Ənvər sözü Rozadan saldı:
– O qadın… Onun da əməyini danmaq olmaz. Ölümə getmək bahasına bu addımı atdı, hər şeyi gözə aldı.
Ənvər baş verənlərin hamısını bütün təfsilatı ilə Azərə nağıl etdi. Əvvəldən axıra kimi. Rozanın, Salehin uşağı sağ-salamat ona çatdıra bilmələri üçün necə risklərə atıldıqlarından danışdı.
Baxışları bir nöqtəyə zillənib qalan, üzü tutqun ifadə alan Azər atasını dinlədiyi müddətdə haldan-hala düşürdü. O, hətta Rozanın canına qıydığını da həbsxanada dostu ilə görüş zamanı öyrənmişdi. Amma belə təfsilatı ilə bilmirdi.
Sonda dilindən biixtiyar bu sözlər eşidildi:
– Bu da həyatın mənə şillə kimi cavabı! – Qaşlarını düyünləyib daxili gərginliklə fısıldadı, başını buladı. – Həyat hər fürsətdə mənə sübut edir ki, fələklə heç cür dil tapa bilmirəm. Düşmən hesab etdiyim insanlara qarşı üzüqara etdi məni. Ömrümün sonuna qədər ödəyə bilməyəcəyim bir borc qoydular boynuma.
– Sən hər şeyi niyə məhz buna bağlayırsan axı? Sən olsan bəyəm belə etməzdin?
Azərin tutqun çöhrəsi bir az da tutuldu. Özünü toplaması xeyli çəkdi. Buna rəğmən cavab verdi:
– Təbii ki, əlimdən gələn köməyi edərdim. Heç düşünmədən edərdim. Kimsəyə rəva bilmərəm mənim yaşadıqlarımı yaşasın. Yalan olsa belə o acını dadsın. Amma həqiqət budur da. İllər əvvəl mənim iki seçimim vardı və mən ağlımın mənə söylədiklərini dinləmək belə istəməyib ürəyimin hökmü ilə addım atdım. Sakit həyatı deyil, məhz istədiyim həyatı seçdim. Buna görə bu yaxşılıq hər ikimizə, mənə və sənin gəlininə verilən hikmətli cavabdır. Və biz çətin ki, bunun əvəzini ödəyə bilək.
– Mən düşünmürəm ki, Saleh bunu səni sındırmaq və yaxud boynuna minnət qoymaq müqabilində edib. O, sadəcə insanlıq borcunu yerinə yetirib.
Nəzərləri bir nöqtəyə dikilib qalan Azərin daha səsi-səmiri çıxmadı. Alnını masanın üzərində düyünlənmiş yumruğuna sıxıb, sükut içində dayandı.
Aydan
Dünəndən Rusiyada Yusifgildəydik. Yusifin həyat yoldaşı Töhfə istiqanlı, səmimi bir xanım idi. Mən onun haqqında Azərdən çox eşitsəm də, ilk dəfə idi üz-üzə gəlirdik. Deyilənlər qədər vardı. Bizi yüz ilin doğması kimi mehr-məhəbbətlə qarşıladı. Mənə sarılaraq Azərə eşitdirdi:
– Nəhayət ki! Gəlinbacımızla tanış olmaq şansını bizə verdiyi üçün qardaşıma bir təşəkkür borcluyam! – dedi.
Yusif də dostuna sarıldı.
– Bakımın ətri gəlir səndən, qardaşım. Kövrəltdin məni, – deyib köks ötürdü. – Sevincimin həddi-hüdudu yoxdur. Hamımız bir yerdəyik, bundan gözəl nə ola bilər?
Tezliklə qaynayıb-qarışdıq. Töhfə bizim gəlişimizə cürbəcür təamlar düzülmüş gözəl bir süfrə açmışdı. Əldən-ayaqdan gedirdi.
Övladları üç yaşlı Əsmər, Arazla eyni yaşda olan iki yaşlı Xəzər də bir- biri ilə çox asan dil tapdılar. Salonun bir küncündə başı tavana dayanan küknar ağacının ətrafında oyuncaqlarla oynayan körpələrin səs-küyü bir anda bütün evi bürümüşdü. Çox keçmədən Yusifin valideynləri də gəldilər.
Bir qədər sonra Yusif Azərlə öz işləri barədə və hətta həbsxanada yaşadıqlarından danışırdı. Başına nələr gəldiyini, nələr yaşadıqlarını Azərə nağıl edirdi. Sözarası Azərdən nə fikirdə olduğunu, gələcək planları barədə soruşdu. Azərin danışığından belə başa düşdüm ki, o, bundan belə cəbhəyə yollanıb hərbi reportyor kimi müstəqil fəaliyyətə başlamaq fikrindədir. Hətta buna görə Müdafiə Nazirliyinə də müraciət edib. Eşitdiyim sözlər ürəyimə müdhiş çırpıntı gətirdi. Bu söhbət qarşıda məni çətin günlərin gözlədiyindən xəbər verirdi. Amma səsimi çıxara bilmədim. Çünki məqamı deyildi. Üstəlik, onun xarakterinə bələd idim. Bir qərara gəldisə onu heç kim fikrindən döndərə bilməzdi. Belə bir məqamda “Tanrı yardımçımız olsun” deməkdən savayı əlimdən bir şey gəlmirdi.
Sözünün sonunda atasının iradlarını da gizlətmədi. Yusif onu diqqətlə dinləyib:
– Məncə də bir müddət uzaqlaşmalısan, – dedi. – Sənin buna doğrudan da ehtiyacın var. Dayı düz fikir yürüdür.
– Evdə otura bilmərəm. Özü də belə bir vəziyyətdə.
…Yeni ilə çox az vaxt qalmışdı. Bütün şəhər hələ ayın əvvəlindən bayram ab-havasında idi. Küçə və meydanlarda bəzədilən küknar ağacları, ulduzlar kimi bərq vuran rəngarəng işıqlar nağıllar diyarını andırırdı.
Yusif belə bir təklif irəli sürdü ki, yığışıb hamılıqla buraya bir neçə kilometr məsafədə olan bağ evlərindən birinə gedək və yeni ili də orada qarşılayaq. Onun bu təklifi Azərin də ürəyindən oldu. Sakitliyə ehtiyac duyduğunu vurğuladı.
Meşənin ortasında şəhərin səs-küyündən uzaq, rusların həftə sonu istirahət etmək üçün gəldikləri bağ evlərindən ikisini kirayələdilər.
Ətraf göz gördükcə meşəlik və bəmbəyaz qar idi.
Qış fəslini, xüsusilə də soyuğu sevmirdim. Amma sevdiyim insanın və övladlarımın varlığı məni bu soyuqda günəşin odu kimi isidirdi. Xoşbəxtliyin təsirindən bihuş kimi idim. Sanki yaralarım ehmal-ehmal sağalmağa doğru gedir və mənə çəkdiyim ağrı-acılardan sonra məstedici bir rahatlıq gətirirdi.
…Yeni ili burada qarşıladıq. Uzun zamandan sonra xəyal etmədiyimiz bir məkanda baş-başa idik. Onun qolları arasında dünyanın dərd-sərini unutmuş halda dəqiqələrlə atəşfəşanlığı seyr edərkən bu qədər iztirablardan sonra yenicə qovuşduğum xoş günlərimin də qaranlıqları yarıb göy üzünü nura bələyən, bir anda yanıb, bir anda da sönüb yox olan fişənglər kimi ömrü qısa olacağını o anlar ağlıma gətirmirdim.
Yusif əlindəki qədəhi havaya qaldırıb:
– Gəlin, arzu edək ki, təzə il uğur gətirsin hamımıza! Xalqımıza, vətənimizə! Qara buludlar əbədilik çəkilsin millətimizin başı üzərindən! Xeyir xəbərlər çəkib gətirək o yerlərdən, qardaşım. Qan-xata… ölüm… itki, məğlubiyyət deyil. İnşallah, tezliklə qələbə sevincini yaşayaq, qeyd edək!
Masa ətrafında əyləşən hər kəs bir ağızdan “Amin!” dedi. Azərin tamam sakit səsi dostunun arzularına dəstək verdi.
– Sevdiklərimizlə bir yerdə olaq! – Yusif bu sözləri xüsusi vurğulayıb qədəhini Azərin masada duran qədəhinə vurdu.
– Nə olub sənə? Üzün gülsün!
Artıq 1991-ci ilin ilk saatını yaşayırdıq. Körpələrimiz çoxdan şirin yuxuya dalmışdılar. Azəri eyvanda görüb yanına getdim. O, gəldiyimi görən kimi siqareti əzib söndürdü.
– Soyuq deyil sənə?
– Yox, necə bəyəm?
– Amma mənə soyuqdur, – deyib, dublyonkasının yaxasındakı düymələri bir-bir açmağa başladım.
– Neynirsən? – deyə təəccüblə məni süzdü. Baxışları ətrafı yoxladı.
Cavab verməyib köksünə sığınaraq:
– Ürəyivin odunda soyuqdan qorunmağa çalışıram, – deyə gülümsündüm.
Onu gülmək tutdu. Məni köksünə sıxıb qollarının arasına aldı. Boynuma busə qondurdu. Beləcə xeyli bu vəziyyətdə söhbət etdik.
…Artıq bir neçə gün idi burada idik. Biz aradan keçən bu günlərdə uzun hicrandan sonra vüsalına çatan aşiqlər kimi idik. Bu vüsal mənə aldığım yaralardan sonra məlhəm kimi gəlmişdi. Burada onunla övladlarımla unuda bilməyəcəyim şirin xatirələrlə dolu xoş günlər keçirirdim.
Azər bir an olsun yanımdan ayrılmırdı. Pərvanə kimi başıma dolanırdı. Gedib-gəlib dəli bir istəklə mənə sarılırdı. Gecələr bəzən yatdığımı sanıb saçlarımdan öpərək həsrətli-həsrətli qoxulayırdı. Bu günləri ona yaşatdığı üçün pıçıltıyla Tanrıya şükür etdiyini duyurdum.
Və beləcə bu ərəfələr özümü göyün yeddinci qatında hiss edirdim. Sanki yenidən doğulmuşdum. Sanki ümidimin öldüyü yerdə birdən fövqəladə bir möcüzə baş vermişdi.
Həyatım bütün çirkinliklərdən, dərd-qəmdən təmizlənib arınmışdı. Tərtəmiz və pak idi.
***
…Bu gün yanvarın 9-u idi. Sabah Bakıya qayıtmağı qərara almışdıq. Daha doğrusu, Azər bir az əvvəl Yusiflə görüşüb qayıdanda bunu mənə xəbər vermişdi.
Bayaqdan pəncərənin önündə oturub qalmış, aramsız yağan qarı seyr edirdim. Əslində gözlərim baxırdı, fikrim-xəyalım yenə çox uzaqlara uçmuşdu. Nə qəribədir, burada qar yağırdı, çox uzaqlarda – mənim vətənimdə isə güllələr!..
…Uşaqları yatırıb salona keçəndə Azəri gurhagurla yanan sobanın önündə əyləşmiş gördüm. Bardaş qurub oturmuşdu. Gözlərini yanmaqda olan odun parçasından çəkmədən fikrə getmişdi. Addım səslərindən gəldiyimi hiss edib özünü topladı.
Keçib yanında əyləşdim. Nə isə bir qəribəlik hiss etdim onda. Alt dodağını dişlərinin arasında sıxıb gəmirir, üzümə baxmamağa çalışırdı.
– Səhərin açılmasını səbirsizliklə gözləyirəm, – dedim. – Çox darıxmışam.
Məcburi bir təbəssüm dolandı dodaqlarında. Lakin uzun çəkmədi.
Diqqətlə onu süzüb:
– Mənim həyat yoldaşım nə fikirləşir belə?
Köks ötürdü, “heç” mənasında başını yüngülcə buladı.
Şıltaq bir əda ilə ona sığınıb yanağından öpdüm:
– Bu Araz bəyin adından, – deyib, daha sonra o biri yanağından öpərək gülümsündüm. – Bu da Azad bəyin.
Daha sonra dəli bir yanğıyla təkrar öpdüm.
– Bu öpüş də məndən.
Adətən belə şıltaqlıqlarıma gülən Azərin indi dodağı da qaçmadı. Üstəlik, yanağının nəmli olması məni narahat etdi.
– Ey… nə olub sənə?
Sükutunu görüb, daha da narahat oldum:
– Pis xəbər almısan?
Başını yüngülcə tərpədib, köks ötürdü. Və bir neçə saniyə sonra kədərli bir səslə cavab verdi:
– Bacımız şəhid olub!
Üzümdəki təbəssüm bir anda yoxa çıxdı. Gözlərimi onun nəmli gözlərindən çəkmədən əlimi ixtiyarsız olaraq dodaqlarımın üstünə apardım. O, sözlərinə davam edirdi:
– Özümə gələ bilmirəm. Heç yaxşı deyiləm.
Söhbət onun jurnalist həmkarı Salatın Əsgərovadan gedirdi. O, bu gün, yəni yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında şəhid olmuşdu. Ermənistan silahlı qüvvələri Salatın Əsgərovanı amansızcasına qətlə yetirmişdi.
Qəhər Azərin boğazına tıxanmışdı. Güclə danışırdı.
– Daha nə qədər qurbanlar verəcəyik, bilmirəm.
Xəbər məni hədsiz üzdü. Tanıdığın insanların vaxtsız-vədəsiz, üstəlik, faciəli şəkildə dünyadan köçdüyünü görmək çox ağırdır. Gözlərim dolmuşdu. İxtiyarsız olaraq bu sözlər gəldi dilimə:
– Bir körpə daha anasız qaldı. Niyə? Neyçün? Hansı günahımız, hansı təqsirimiz üçün? Bu müharibə nə vaxt bitəcək?
Bu suala hələ neçə uzun illər cavab arayacaqdım…
(Ardı var)