Firuzə Davudqızı
Aydan
Mətbəxdə idim. Bu vaxt Rəna pəncərənin önünə keçib buradan həyətə baxaraq:
– Aa… qonağımız gəlib ki… Dilbər xanıma xəbər verim mən, – deyib mətbəxi tərk elədi.
Maraqlanıb pəncərədən bayıra baxdım. Həyətdə Azərin yanında dayananları görməyimlə donub qaldım. Zivər bibi və Saleh. Ürəyim sinəmdən çıxacaq sanıb stula çökdüm. Ağlıma o anda gələn ilk suala həyəcanla cavab axtarmağa başladım:
– Nə üçün gəlsinlər ki?
***
… Anası evə qalxandan sonra Saleh addımlarını ləngidib üzünü Azərə tutdu:
– Deyəcəklərim var sənə. Beş dəqiqə vaxtını ala bilərəm?
Azər gözləmədiyi üçün duruxan kimi oldu. Lakin özünü toplayıb tamam sakit tərzdə:
– Buyur, – dedi. Hətta rahat söhbət edə bilməsi üçün ona həyətdəki skamyalarda yer göstərdi. Keçib əyləşdilər.
Saleh əlini saqqal basmış üzündə gəzdirə-gəzdirə sözə necə başlayacağını götür-qoy etməyə başladı. Uzun sükutdan sonra qəm-qüssə içində dərindən köks ötürdü.
Özünü toplayıb, nəhayət, dilləndi:
– Mən sabah səhər Azərbaycanı tərk edəcəm. Həmişəlik. Daha doğrusu, tək getmirəm, anam, bacım və həyat yoldaşımla birlikdə gedirəm. Düşünürəm ki, baş verənlərdən sonra burada yaşamaq onlara da çətin olacaq. Yola düşməzdən əvvəl istədim əmimlə də vidalaşım. Bu minvalla səninlə də bir-iki kəlmə danışaram, düşündüm. Anam bu qərarımı müsbət qarşıladı. Hətta məmnun oldu. Bilmirəm bu qədər həngamədən sonra bu qapıdan içəri girməyə haqqımız var, ya yox. Biz əmioğluyuq deməyə üzüm var, ya yox. Amma gəldim. Bir dost, bir qardaş kimi gəldim. Düşündüm ki, dost üçün, qardaş üçün qapın açıq olar.
Azər baxışlarını qaldırıb zəndlə Salehin gözlərinin içinə baxdı. Gözlərini əmisi oğlunun gözlərindən xeyli çəkmədi. Lakin səsi-səmiri çıxmadı.
Saleh onun bu an ürəyindən keçənləri üzünün ifadəsindən, baxışlarından oxuyurmuş kimi dilləndi:
– Həyatın ən çətin sualları ağlın düşündüyü, amma ürəyin cavablandıra bilmədiyi suallardır, deyirlər.
Azər başını ağır-ağır tərpədib Salehlə razılaşdığını büruzə verdi. Bunu görməsi Salehə sözünün davamını gətirə bilməsi üçün bir növ cəsarət verdi. Baxışlarını ətrafda dolandırıb davam etdi:
– Sənin illər əvvəl mənə dediyin sözlərin hansı həqiqətə söykəndiyini mən bütün bu olanlardan sonra dərk etdim. Əfsus ki, belə oldu. Cavabını verə bilmədiyim çox suallara cavab tapdım. Əgər keçmişi geri qaytaracaq fürsətim, imkanım olsaydı, inan mənə, hər şeyin tamam fərqli olmasını istərdim. Əminəm ki, sən də belə istərdin.
Azər cavab verməzdən əvvəl cibindən çıxardığı siqaret qutusunu Salehə tərəf uzatdı…
Aydan
…Mətbəxdə oturduğum yerdəcə qalmışdım. Sanırdım ürəyim məni saran təlatümdən bu dəqiqə dayanacaq. Nə baş verdiyini anlamağa ağlım, şüurum heç cür yol vermirdi.
Salondan duyulan qarışıq səslər həyəcanıma həyəcan qatmışdı. Zivər bibi də, Dilbər xanım da ağlar səslə danışırdılar. Əslində bütün bu baş verənlərdə taleyi, qisməti, fələyi qınayırdılar.
Dəqiqələr sonra Vüsətin onu – Salehi içəri dəvət etdiyini eşitdim. Addım səsləri salonun girişində eşidilməz oldu.
Xeyli sonra Azər mətbəxin qapısı önündə göründü. Üzünün ifadəsi bu an nə hiss etdiklərinin tərcümanı kimiydi.
Baxışlarımız toqquşduğu anda ikimiz də bir anlıq deməyə söz tapmadıq. Tutqun ifadə ilə bir xeyli üzümə baxan Azər halımı, əhvalımı, ağaran bənizimi görəndə, ona nə qədər çətin olsa da, dillənmək gücü tapdı özündə.
– Qonağımız var. Bəlkə keçib xoş gəldin edəsən?
Bu sözləri dilinə gətirərkən nələr çəkdiyi, nələrdən vaz keçdiyi səsinin ahəngindən aşkar duyuldu.
Hisslərim bir-birinə qarışmışdı. Həm qorxu, həm xəcalət hissi, həm bu olanlardan sonra onlara duyduğum nifrət və qəzəb məni güclü bir əl kimi boğur, nəfəsimi kəsirdi. Gözümdən çıxan iri yaş damlası yanağıma süzüldü. Bu, Azərin bu günləri yaşamasına mənim keçmişdə atdığım addımın səbəb olduğunu bildiyim üçün idi. Azərin tutqun çöhrəsi bunu görəndə bir az da tutuldu. Qaşları düyünləndi. Rəng verib, rəng aldı.
Səsim titrəyə-titrəyə:
– Bəlkə mən getməyim, elə burada qalım? – dedim.
– Onlar… – Azər sözlərinin davamını gətirə bilməyib susdu, sonra təkrar dilləndi. – Hər ikimizin yaxınlarıdır… Hörmətsizlik olmasun.
Özüm də hiss etmədən tez-tələsik dilləndim:
– O zaman gözlə, birlikdə gedək.
Azər diqqətlə gözlərimin içinə baxdı. Amma etiraz da etmədi. Və biz birlikdə salona – ev əhlinin yanına gəldik. Ayaqlarımı dalımca zorla çəkirdim.
Onlarla üzbəsurət dayanmaq, kəlmə kəsmək mənə nə qədər çətin olsa da, ayrı yolum yox idi. Saleh qayınatamın yanında əyləşmişdi, onunla danışırdı. Üzünü saqqal basmışdı. Dilbər xanımın yanında əyləşən və tez-tez ah çəkən Zivər bibi yas libasında idi. Ağlamaqdan gözləri şişib qızarmış, çöhrəsi solub avazımışdı. Məni görən kimi yerindən qalxdı. Üzündəki əzab və iztirab bir az da dərinləşdi. Həsrətli-həsrətli üzümə baxaraq məni bağrına basdı. Və hönkürtülü bir səslə:
– Quzum, bibi sənə qurban! – dedi.
Ondan bu sözləri yenidən eşitmək məni kövrəltdi. Hisslərimlə bacarmadım. Göz yaşlarına boğuldum. Çox sevdiyim bibim üçün necə darıxdığımı, qəribsədiyimi indi hiss etdim.
Saleh gözünün önündə yaşanan bu məqamlarda hər şeyin fərqində olsa da, bizə tərəf gözünün ucu ilə də baxmadı.
Dəqiqələr sonra
Azər masa arxasına keçib əyləşsə də, tez-tez əliylə çənəsini ovuşdururdu. Düyünlənən qaşlarının ortasını əli ilə sıxıb tamam sükut içində dayanmışdı. Atası ilə Saleh arasında gedən söhbətə müdaxilə etmirdi.
Zivər bibi məni yanında oturtmuşdu. Göz yaşları yanaqlarına süzülə-süzülə üzümə baxıb saçlarımı sığallayır, tez-tez bu sözləri pıçıldayırdı:
– Bibi qurban sənə!
Bibimin üzünə baxa bilmirdim. Günahım olmasa da, baxa bilmirdim. Nədənsə hiss edirdim ki, onun könlü hələ də məndə qalıb. Bu səbəbdən ona əzab vermək istəmirdim.
Baxışlarımı yerə dikib tamam sükut içində dayansam da, arabir Azərə baxır, onun üzündəki ifadəni izləyirdim. Səsi-səmiri çıxmırdı. Üzündə eyni tutqun ifadə vardı. Dilbər xanım, Zivər bibi və eləcə də Salehlə qayınatam söhbətə dalmışdılar.
Sanki hamı yaranacaq sükutdan ehtiyat edib danışmağa söz axtarırdı. Belə bir məqamda Araz bu söhbətə özünəməxsus bir rəng qatdı. Xırda addımlarıyla birbaşa Salehin yanına gedib əlindən yerə qoymadığı oyuncaq maşını ona uzatdı. Öz dilincə danışmağa çalışdı. Bu azmış kimi ona təbəssüm etməsi, öz şirin hərəkətləriylə bütün diqqətləri Salehin üzərinə çəkməsi Salehi sözün əsl mənasında çətin vəziyyətdə qoysa da, o özünü sındırmadı. Arazın belindən yapışıb havaya qaldıraraq dizinin üstündə oturtdu. Dindirib danışdırmağa başladı. Belə bir məqamda oğrun baxışlarım ixtiyarsız olaraq yenə də Azərə doğru yayındı. Azərin bütün diqqəti onlarda idi.
Zivər bibi Dilbər xanıma Arazı işarə verib:
– Allah saxlasın! – dedi.
– Sən də görəsən inşallah! O zaman bilərsən nəvənin şirinliyini.
– Allah ağzından eşitsin! – Zivər bibi razılıq etdi.
Məlum oldu ki, Salehin həyat yoldaşı hamilədir və o, bir neçə ay sonra ata olacaq.
Bir qədər sonra ev əhli onları qapıya qədər ötürüb yola salırdı. Saleh maşına əyləşməzdən əvvəl əlini Azərə uzatdı.
– Nə vaxt yolun o tərəflərə düşsə, istərdim görüşək.
Azər əmisi oğlunun uzanılı qalmış əlini sıxıb:
– İnşallah! – dedi.
Saleh bununla kifayətlənməyib onu bağrına basdı:
– Gözləyəcəm! Özündən, uşaqlardan, əmidən muğayət ol!
– Sən də özünü qoru! Yolun açıq olsun! Sağ- səlamət!
Saleh maşına əyləşib sürücüyə “sür” işarəsi verdi. Maşın hərəkətə gəldi.
Azər yerindən tərpənmədən maşının arxasınca baxırdı. Bir az əvvəl atasının söhbət əsnasında öz atasından eşitdiyi bir kəlama əsaslanaraq işlətdiyi bir cümlə indi də qulaqlarında idi: “Övladlarımızın ayaqlarına batan tikanlar ya bizim əkdiklərimizdəndir, ya da biçmədiklərimizdən”.
Altıncı hissənin sonu