Firuzə Davudqızı
Aydan
Azər həbsdə olanda həyatdan əlimi üzmüş, sevdiyim hər şeydən imtina etmişdim. Azərin sevdiyi yeməklərin evdə bişməsini istəmirdim. Onu ac-susuz bildiyim üçün. Sevdiyi musiqini eşitməyə tablana bilmirdim. Yaramı tərpədib mənə sonsuz acılar bəxş etdiyi üçün. İstifadə etdiyi ətirlərin qoxusundan qaçırdım. Yarımın yoxluğunu mənə bir daha sübut etdiyi üçün.
Geyimlərini görməyə tab gətirə bilmirdim. Xəyalı, surəti gözümün önündən çəkilib getmir, yuxumu ərşə çəkirdi. Həsrəti bağrımı dəlib ixtiyarımı əlimdən alanda belə fotoşəkillərinə, toyumuzun videolentinə baxmağa ürək etmirdim. Ayrılığın sərt üzünə dik baxmaqdan çəkinirdim.
Bir sözlə, həmin ərəfədə cəhənnəmi dirigözlü yaşayırdım.
Amma gəlişi ilə sanki yenidən həyata qayıtmışdım. Yaşamaq eşqi qəlbimdə yenidən oyanmışdı.
Baxmayaraq ki, o, çox dəyişmişdi. Zindanda yaşadıqları xarakterinə, əsəblərinə təsirsiz ötüşməmişdi.
Hələ də normal həyata qaynayıb-qarışa bilmirdi. Hələ də o ab-hava ilə yaşayır, sakitliyə çəkilib uzun-uzadı düşüncələrə dalırdı. Və bu halların yeni həyatla ayaqlaşana qədər bir müddət belə davam edəcəyini həm özü, həm də biz yaxşı bilirdik.
Mətbəxdə bir az əvvəl bişirib soyumağa buraxdığım piroqu dilimləyib nimçəyə yığırdım. Bütün diqqətimi işimə verib ürəyimdə özümlə danışmaqda idim ki, bu vaxt hənirti duyub çevrildim. Gözləmədiyim halda Azərlə göz-gözə gəldim.
– Sən nə vaxt gəldin? – deyə təəccüblə gülümsündüm.
– Mən bayaqdan burdayam. – Özünə xas təbəssümlə cavab verdi.
Ani olaraq mətbəxin qapısına baxdım. Qapalı idi. Eyni təəccüblə soruşdum:
– Bayaqdan?
Ağır-ağır başını tərpətdi. Və ovcunda saxladığı gül qönçəsini mənə uzatdı.
– Buyurun. – Gülümsündü. – Öz bağımızdan.
Məni təbəssüm sardı. Gülü ondan alıb, şıltaq bir əda ilə boynuna sarıldım.
– Göz yaşlarına səbəb olduğumuz ala gözlərin bizi əfv etməsini diləyək. Mən verdiyim sözlərin heç birini tuta bilmədim, əfsus. Nəinki səninçün gül bağçası salım. Bu səbəbdən hələ ki, qayınatanın bağı ilə kifayətlənməli olaq. Gələcəyi bilmək olmaz.
Sözləri sevincimi bir anda qeybə çəkdi. Gözlərim dolmuş, kövrəlmiş halda dedim:
– Yanımda ol, mənimlə, övladlarımızla bir yerdə ol, mənimçün hər yer gülüstandır. Mən səndən başqa var-dövlət istəmirəm bu həyatda. Özünü heç vaxt heç nə üçün qınama. Sən dürüst insansan. Dürüst insanlar üçün haqq-ədalətin tapdandığı dünyada yaşamaq həmişə çətin olur. Səninlə bir həyatı bölüşdüyüm üçün özümü dünyanın xoşbəxti hesab edirəm.
O, gülü əlimdən alıb saçlarıma taxdı. Uzun, dərin nəzərlərlə üzümə baxıb saçlarıma öpüş qondurdu.
Gözlərimə tuşlanan baxışları varlığıma həyəcan gətirdi.
– Neyçün elə baxırsan?
Maraqla nə deyəcəyini gözləməyə başladım. O isə həmişəki kimi hisslərini, duyğularını dilə gətirmək üçün əvvəlcə özünü hazırladı. Və gözlərini gözlərimdən çəkmədən adəti üzrə uzun sükutdan sonra dilləndi.
– Bu an mənə baxan bu ala gözləri bir daha görəcəyim günün həsrətini elə çəkmişəm ki… Günləri, ayları, dəqiqələri, saniyələri saymışam. Bu gözlər mənə hər zaman belə məhəbbətlə baxsın, amma ağlamasın. Demişdim. Sözümün üstə dura bilmədim. Üzünü güldürmədim.
– Belə sözlər demə.
– Gəldiyin həmin gün ki vardı, heç bilirsən mənə necə zülm elədin? Konkret özümə nifrət elədim o an. Sənə bunları yaşatdığımçün.
– Azər, daha qayıtmayaq o günlərə… Xahiş edirəm.
– Bunu mən də istəyirəm, amma alınmır. – Qısa bir ara verib təkrar dilləndi. – Elə bir gün, elə bir gecə yox idi ki, gözlərimi yumub yuxuya dala bilim. Yox idi elə bir gün… Yox idi… Elə ki gözümü qapadım, əsl cəhənnəm bundan sonra başlayırdı… uşaqlar, sən…. xəyalınız gəlib dururdu gözümün önündə. Düşünməkdən qorxurdum axırda ağlım çaşa. Düşünürdüm azadlığa çıxmamış dəlixanaya etap olacam.
Gözlərim yaşdan pərdələnmiş halda onu dinləyirdim.
– Həyatımın ən gözəl anlarını zibil qutusuna atdım getdi. Buna tab gətirə bilmək zindanda keçən günlərdən daha ağırdır. Cismim çıxıb azadlığa, ruhum hələ də məhbəsdədir. Qurtula bilmirəm. Ağlımdan çıxarıb atmaq istəyirəm. Həyatımda yer alan bütün pislikləri bir həmlədə silmək, unutmaq istəyirəm, fəqət asan deyil.
Təkrar ona sarıldım. Bərk- bərk qucdum.
– Hər şey yaxşı olacaq, əzizim! Buna inan! Sənin yanındayam, son nəfəsimə qədər də yanında olacam! Əlini tutacam! – Üzündən öpdüm. Gözlərinin içinə baxa-baxa davam etdim. – Darıxdırma özünü! Bunlar da keçəcək, inan ki, keçəcək! Mən səninlə xoşbəxtəm! Tanrıdan səni sənə qovuşmağı istədim, o da duamı qəbul etdi. Sən mənim xəzinəmsən, bunu bil! Bir xəzinəyə sahib olmaq, onu qoruyub saxlamaq heç vaxt asan başa gəlmir. Sənin yolunda ayağımı daş-kəsək əzsin, tikanlar batsın, amma bu yolu səninlə addımlayım! Səninlə!
O, gözlərimin içinə sadəcə baxdı, dillənmək iqtidarında olmadı. Əllərimi dodaqlarına apardı. Busə qondurdu.
***
Bir neçə gün sonra başına yığılan dostlarla söhbət əsnasında bütün diqqəti balaca Arazda olan Ceyhun Azərə müraciətlə astadan:
– Brat, bu balacaya hər baxanda sənin çəkdiyin zülmlər, əzab-əziyyətin gəlib durur gözüm önündə. Nə günlər idi o günlər. – Məyus ifadə ilə ağır-ağır başını buladı.
Azər köks ötürdü. Ceyhun eyni tonda davam elədi:
– Xəstə yatağında da necə yatdığıvı bilmirdin. Əl-qolunu bağlamışdı yaralanmağın. İmkanın olsaydı, elə o vəziyyətdə axtarışa çıxardın. “Uşaqlar bir xəbər öyrənə bildiz?” – bizi hər görəndə bunu soruşmağın, səsindəki o həyəcan indi də qulaqlarımdadır. Heç vaxt unutmayacam. Etiraf edim ki, səni o vaxtlar yalnız başa düşməyə çalışırdım… bu gün isə… Bu gün belə deyil. Sənin həmin günlər keçirdiyin hissləri bu gün mən tam mənasıyla dərk edirəm.
Azər Ceyhunun yenicə ata olduğunu öyrəndiyi üçün dostunun nə demək istədiyini gözəl bildi, xəfif təbəssüm dolandı dodaqlarında. Yenidən Ceyhuna diqqət kəsildi.
– Buna adım kimi əminəm ki, həmin gün səni evdən çıxmağa vadar edən övladının həsrəti idi. Xəbərsizlik idi. Bəlkə də evdən çıxmasaydın… Bilmirəm… Bəlkə də olacağa çarə yoxmuş. Bu da bir imtahandı, keçib getdi. Ağıla gəlməyən bir yoldan gəlib çıxdı, şükür. Allah səni bir daha ailəndən, övladlarından ayrı salmasın, qardaşım. – Ceyhun əlini dostunun kürəyinə qoydu.
Azər razılıq etdi və baxışları ixtiyarsız olaraq Təbrizin qucağında oturan övladına yönəldi. Ceyhunla söhbətə dalsa da, Vüqarın gələndən bəri fikirli, qaradinməz olması nəzərindən yayınmırdı. Söhbətə qoşulmayan, səsi-səmiri çıxmayan dostunun belə dilxor olmasının səbəbini öyrənmək məqsədilə o, Ceyhundan kağız-qələm istədi. Ceyhun sual etmədən dərhal pencəyinin döş cibindən qeyd kitabçasını və avtomat qələmi çıxarıb Azərə uzatdı.
Azər kitabçanın bir vərəqinə əlüstü nəsə qeyd etdi və kağızı dörd yerə qatlayıb, atası ilə Xosrov kişinin diqqətinin onlarda olub-olmadığını yoxladıqdan sonra masanın baş ucunda əyləşən Vüqara tərəf atdı. Fikrə getmiş Vüqar önünə düşən kiçik kağız parçasını görüb fikirdən ayrıldı. Qeyri-ixtiyari Azərgilə baxdı. Azər baxışlarıyla həmkarına “oxu” işarəsi verib gözlədi. Vüqar kağızda yazılanları oxuyan kimi əhval- ruhiyəsinin bərbad olmasına baxmayaraq üzündə yaranmış təbəssümü boğmağa çalışdı. Narazılıqla başını bulayıb astadan:
– Yaxşı da, brat.
Azər dostuna bu sözləri yazmışdı: “Gəmilər hansı dəryada batıb, qardaşım? Üzüvü nöş turşudub oturmusan?”
Vüqar başını bulaya-bulaya vərəqin alt qismində Azərin Ə.Vahiddən qeyd etdiyi bir neçə misranı nəzərdən keçirməyə başladı:
Naz edir bülbülə gül bir belə mənası nədir?
Bülbülün bəs gülü sevməkdə təmənnası nədir?
Aşiq hər cövrə dözər, bəlkə də bir hikməti var?!
Bu işin fikr elə gör əsl müəmması nədir?
Vüqar uşaqlardan qələmi ona ötürmələrini xahiş edib kağızın digər tərəfini çevirdi. Və çox keçmədən Vüqardan cavab gəldi.
Öldürür, gündə dirildirir məni öz cananım,
Keçmişin indi mənə möcüzi-İsası nədir?
Bülbülün ki, bu qədər naləsi dünyanı tutur,
Kimsə bilmir hələ qəlbində sövdası nədir?
Azərin dodağı qaçdı.
Masa ətrafında əyləşən digər həmkarları bütün bunları təəccüb və sual yağan nəzərlərlə izləyirdilər. Onlardan biri:
– Uşaqlar, neynirsiz siz? – deyə sual verdi.
Azər özünü sındırmayıb, məzə ilə:
– Bir-birimizdən xəbər tutmağa çalışırıq, – dedi.
Bir qədər sonra o, siqaret çəkmək adıyla masadan qalxmışdı.
Yanından keçəndə əlini Vüqarın çiyninə qoyub onunla gəlməsini işarə vermişdi.
Eyvanda dayanıb dostunun gəlib çıxmasını gözləyirdi. Siqaret çıxarıb damağına qoymuşdu ki, Vüqar qapıda göründü. Ağır addımlarla gəlib yanında dayandı. Gözucu dostunun üzündəki ifadəyə nəzər salan Azər alışqanı çıxarıb siqareti yandırdı. Eyni zamanda da:
– Eşidirəm səni, – dedi.
Vüqarın səsi çıxmadı. Qaşları çatılmış halda susmağa davam etdi.
Siqaretdən sümürüb tüstünü dodaqlarının arasından havaya püfləyən Azər yenə dostuna müraciət etdi:
– Səsin gəlsün, a kişi.
– Nə deyim e… – Vüqar narazılıqla başını buladı.
– Nə baş veribsə onu deginən. Səni belə dilxor edən hər nədirsə onu.
Vüqar köks ötürüb bu gün olanları danışdı.
Fatimə ilə aralarında inciklik düşmüşdü. Və indi qız onun telefon zənglərinə cavab vermirdi. Vüqar bu səbəbdən dilxor idi.
– Düzələr, darıxmaginən. – Azər dostunu arxayın etməyə çalışdı.
– Necə e?.. – Vüqar qanıqara halda başını buladı.
– Necəsini atagil yığışıb qızgilə gedəndə danışıb yoluna qoyarlar. Sıxma sən ürəyivi.
Dostunun sözləri Vüqarın öləziyən ümidini yenidən canlandırdı. Oğlanın rəngi duruldu. Bunu görən Azərin dodaqlarında təbəssüm yarandı.
Günlər keçdi.
…Hava çoxdan qaralmış, axşam düşmüşdü. Bu soyuq qış axşamında Azər xeyli vardı həyətdə idi.
Havanın soyuq olmasına baxmayaraq o, üşümürdü. Yenə də xəyalən həbsxanada keçirdiyi günlərə qayıtmış, Kobranın onunla kamerada son söhbətini xatırlamışdı.
“Mən adam sərrafıyam. Nə simalar görmüşəm burda, mən bilirəm. İnsanın üzünə baxanda sinəsinin altını oxuyuram. Məlum məsələ, başımız az daşdan-daşa dəyməyib. Sənin haqqında çox eşitmişdim. Gəlib çatırdı mənə. İndi başa düşürəm ki, nə deyilibsə düz deyilib. Səndə çox müsbət cəhət kəşf elədim mən. Fikirlərimin dəyişməsinə səbəb olan çox şey. Bilirsən nə düşünürəm? Heyif ki, bu biqeyrət həyat yolumuzu burada kəsişdirib. Çox heyif. Dost ola bilməsək də, – buna gecikmişik, bəllidir, – kimi düşmənimin olmasını istəyərəm. Allah yolunu bir də buralardan salmasın. Lakin nə vaxtsa ziyarətimə gəlsən, bil ki, bu məni çox məmnun edər”. Kobra bunları deyib Əlini səmimi bir ifadə ilə Azərin qoluna vurmuşdu…
Vüsətin yeyin addımlarla qapıya getməsi Azəri düşüncələrindən ayırdı. Gələn var idi. Barmaqları arasında tüstüləməkdə olan siqaretdən əlüstü bir qüllab vurub ağır-ağır yerindən qalxdı. Bu vaxt qapıda dayanmış iki nəfəri görməsi ilə yerində dayandı.
Vüsət onlara:
– Buyurun, – deyib içəri dəvət etdi. Çevrilib Azərə baxdı.
Azər siqareti masanın üstündəki külqabıda əzib söndürərək boğazını arıtladı. İrəli yerimək üçün özündə son dəfə qüvvə aradı. Nə zamansa bu qapıya gələcəklərini ağlına belə gətirmədiyi qohumlarına doğru addımladı.
Zivər bunu görəndə oğlu Salehdən əvvəl irəli yeridi. Həyəcanlı, titrək bir səslə:
– Axşamın xeyir olsun, oğlum! Həmişə evində! Allah bir də göstərməsin!
Sözünü bitirməsiylə kövrəlib ağlamağa başladı, Azərə sarıldı. Od tutub yana-yana hıçqırıqlar içində üsyankar bir səslə:
– Niyə belə oldu axı? Niyə şeytana uydu ki? Niyə kimsəni dinləmədi? Axı siz dünyaya gələn gün Dilbər bacıyla biz dua edib Allahdan qardaşlar arasında bu kin-küdurətin bitməsini diləmişdik. Övladlarımızın bir-birinə qardaş olmasını arzulamışdıq. Niyə bu bədbəxtliklər bizi gəlib tapdı?
Azər birdən-birə düşdüyü vəziyyətdə özünü qəribə hiss etdi. Əmisi arvadını sakitləşdirəcək, ovundura biləcək bir söz, kəlmə aradı, amma nə billah etdisə yaşadığı çaşqınlıqda ağlına heç nə gəlmədi. Baxışları bir qədər aralıda lal-dinməz dayanmış Salehə yönəldi.
Saleh köks ötürüb baxışlarını yerə dikdi, fısıldadı.
(Ardı var)