Firuzə Davudqızı
Bakı
…Bu gün qəbristanlıqda yeni salınmış cüt məzarın üstündə dərddən yanıb qovrulan, əzablar girdabında acı çəkən bir adam vardı. Gəldiyi dəqiqədən hər iki məzarın torpağını ovuclayıb sıxılan yumruğunu yerə döyəcləyən bu adam Kazımov idi.
Acı xəbər Kazımovun dünyasını qaraltmış, o, bu xəbərdən sonra daha heç nəyi nəzərə almadan gecə yola düşmüşdü. Dolayı yollarla Bakıya gəlib çıxmışdı. Onu burada nə gözlədiyi daha Kazımovu zərrə qədər maraqlandırmırdı. Artıq gözündə heç nəyin mənası qalmamışdı.
O, bir ata kimi dəfndə iştirak edə bilməmişdi. Heç olmasa övladlarıyla vidalaşa bilməməsi hər şeydən çox yandırırdı onu. Kin-küdurətinin, əməllərinin övladlarını belə faciə ilə vaxtsız məzara aparacağını yüz il düşünsə ağlına gətirməzdi. Bu anlarda çəkdiyi acı o qədər böyük idi ki, qəzəbi, hiddəti yeri-göyü titrədərdi. Lakin əlindən daha heç nə gəlmirdi. Göz yaşlarını belə od tutub yanan qəlbinə axıdırdı.
Adı kimi əmin idi ki, bu dəqiqələrdə əməliyyat qrupu qəbristanlığa təhkim olunub. Belə bir fürsəti milisə vermək istəməsə də, ürəyinə vurulan övlad dağı onu bura öz ayaqları ilə gətirmişdi.
Bu vaxt yaxınlaşan addım səsləri onu özünə gətirdi. Gözucu sağına baxdı. Başının üstündə dayanan əməliyyatçını, əlində hazır saxladığı qandalı aydın gördü. Üzündə acı istehza dolu bir təbəssüm yarandı. “Bu da son!” deyə ürəyindən keçirdi.
Onu saran intiqam hissi əzabına güc gəldi, var qüvvəsi ilə yumruğunu düyünlədi. Lakin yerindən tərpənmədi.
Bir qədər sonra Kazımovun qollarına qandal vurulmuşdu.
Həmin gün xəbər yayıldı ki, Zakir kabinetində özünə qəsd edib. O, gicgahına dayadığı silahdan açdığı atəşlə intihar etmişdi.
Kazımovun həbs olunacağı təqdirdə susmayacağını, üstəlik, yarası belə təzə ikən Zakiri də özü ilə uçuruma çəkəcəyini Zakir gözüyumulu bilirdi. Kazımovun həbsi barədə məlumatı alandan bir neçə dəqiqə sonra o, bu addımı atmışdı. Ölümündən sonra ailəsinə çatacaq bir kağız parçası belə yazıb qoymamışdı…
Səhər erkəndən üzünə vurulan saysız-hesabsız şillələrə üz-gözünü turşudan Azər bunun Araz olduğunu bilsə də, yuxusu qaçmasın deyə gözlərini açmadı. Yuxulu səslə uşağa az qala yalvardı:
– Yaxşı da, atam, qurban olum sənə, icazə ver yatım da. Xahiş edirəm.
Araz onun bu sözlərinə şirin gülüşüylə cavab verdi. Buna bənd imiş kimi xırda barmaqları ilə o dəqiqə atasının dodaqlarına, burnuna, gözlərinə toxunub, saçlarını qarışdırdı. Çənəsini, burnunu ağzına salıb dişləməyə başladı.
Uşağın əl çəkmədiyini görüb, Azər üzüstə çevrilərək başını yastığın altına saldı. Araz onu oyada bilməyəcəyini yəqin ki, anlayıb bu dəfə kürəyinə dırmaşdı. Min bir cəhdlə yenə də atasını oyatmağa çalışdı. Azər vəziyyətini pozmadan əlini Aydanın yatdığı istiqamətə uzadıb onu aradı. Lakin yerində olmadığını biləndə narazılıqla fısıldadı:
– Ay dad!
Naəlac qalıb Arazı qollarının arasına aldı. Onu köksünə sıxıb, dilə tuta-tuta yenidən yuxulamağa çalışdı. Və tezliklə yuxuya getdi. Araz düşdüyü vəziyyətdən xoşhal olmayıb atasının qolları arasında cəmi bir neçə dəqiqə sakit dayandı. Çox keçmədən sürünüb qolunun altından çıxdı. Bir qədər sonra
yuxudan yenə də övladının səsinə oyanıb gözlərini açan Azər yarıyuxulu halda yerində çevrikdi. Baxışları otaqda Arazı aradı. Səsi gəlirdisə də, özü görünmürdü. Qalxıb yerində oturan Azər əlini ağzına tutub əsnədi. Gərnəşib, gözlərini ovuşdura-ovuşdura taxtdan endi. Bayaqdan səs-küyünü duyduğu Arazı da bu zaman gördü. O, dolabın güzgülü qapısının önündə dayanıb güzgüdən öz əksinə baxa-baxa onu başqa uşaq sanıb öpür, uğunub gülürdü. Hərdən də ədalı-ədalı öz görüntüsü ilə danışırdı.
Bu mənzərəyə bir xeyli tamaşa edən Azərin dodağı qaçdı.
– Nolub, atam, səhər-səhər kiminən sözün çəp gəlib? – deyə irəli yeridi. Uşağı qucağına alıb, diqqətlə üzünə baxdı. Köks ötürdü. – Səhəri belə gözəl səslə açmaq necə də gözəlmiş. – Onu köksünə sıxdı. – Həyatın bütün gözəlliklərini unutmuşdum az qala.
Bir qədər sonra uşaq qucağında salona keçmək istərkən atasını burada görüb Arazı qucağından endirdi.
Ənvər burada olsa da, onları görmürdü. Baxışları bir nöqtəyə zillənib qalmış, üzünə qəm ələnmişdi. Rəngi boğulmuşdu.
– Sabahın xeyir, ata.
Ənvərin səsi çıxmadı. Üzündəki kədər daha da dərinləşdi.
Azər bundan baş açmasa da, üstünü vurmadı. Övladının əlindən yapışıb ona yıxılmadan addımlamaqda yardım edə-edə mətbəxə gəldi. Aydanla Rəna burada idi. Azər onlara müraciətlə:
– Sabahınız xeyir olsun! – dedi.
– Sabahın xeyir.- Rəna gülümsündü.
Azər anasını burada görməyib xəbər aldı. Rəna:
– Otağına keçdi.
– Bu uşaq da anasını axtarır. – Azər Arazı Rənaya ötürüb, Aydana baxdı. – Otaqda unutmusuz, anası.
Aydan təbəssümlə övladını süzüb:
– Ay, ay, ay… Oyanmış mənim şirinim! – Qollarını yana açıb Arazı çağırdı. – Gəlsin görüm cuppulum.
Rəna onu Aydana tərəf aparmaqdaykən
Aydan baxışlarını qaldırıb sevgi dolu gözlərlə Azərə baxdı:
– Bir şirin yatmışdız ki, oyatmadım.
– Buna yatmaq deyilərsə… Şillə-yumruq altında.
Aydan gözləri heyrətdən böyümüş halda gülüb əlini dodaqlarına apardı.
– Rəna, çay süz mənimçün.
– Bu saat.
Azər arabadakı digər övladının saçlarına öpüş qondurub vanna otağına keçdi. Əl-üzünə su vurandan sonra mətbəxə deyil, salona qayıtdı.
Onu tutqun əhvalda görməsi Azəri təəccübləndirmişdi. Səbəbi öyrənmək məqsədilə təkrar atasına müraciət etdi.
– Ata.
Dərdi çiyinlərini əzən Ənvərin fikri-xəyalı bu anlarda çox uzaqlarda idi. Buna görə oğlunun salonda olmasının fəqrinə indi varmaqla yanaşı, səsini də indi duydu. Fikirdən ayrılıb çaşqın baxışlarla onu süzdü. Azər vəziyyətdən narahatlıq duyan bir ifadə ilə irəli getdi.
– Ata, hər şey qaydasındadır? Yaxşısan?
Ənvər diqqətlə oğlunun gözlərinin içinə baxdı. Çöhrəsi buludlandı.
– Bilmirəm, – dedi.
Atasının bu cavabı Azəri daha da narahat etdi. Stul götürüb onunla üzbəüz əyləşdi. Gözlərini atasının üzünə zilləyib həyəcanla xəbər aldı.
– Nə isə olub?
Ənvər daxilini qarsıb qovuran bir ah çəkdi:
– Sual vermə, oğlum.
Azər gözləmədiyi bu cavabdan duruxdu. Qaşları çatıldı. Lakin dillənməyə macal tapmadı. Ənvər fikrinə aydınlıq gətirməyə çalışaraq udqunub:
– Mən özüm bu taleyə, bu qismətə “Niyə? Nə üçün?” sualını verdiyim halda sənə nə cavab verim axı? – dedi.
Azər daha dinmədi.
Ənvər əlini oğlunun çiyninə qoyaraq yerindən qalxdı. Ağır addımlarla salonu tərk etdi.
Azər nə baş verdiyini, atasının bu qəribə əhvalının səbəbini özlüyündə aydınlaşdırmağa çalışırdı ki, anasının səsinə çevrildi.
– Sabahın xeyir, oğlum. – Bayaqdan olduqca fikirli və düşüncəli görünən Dilbərin bir anda üzü güldü. Oğlunun kefini xəbər alıb qayğılandı.
– Ana, atam neyçün belə dilxor, belə gərgindir?
Dilbərin çöhrəsi tutqun ifadə aldı.
– Süfrə hazırdır, oğlum, çayın soyuyur. Danışarıq sonra.
Azər anasının söhbətdən yayındığını, mövzunu açmaq belə istəmədiyini sezdiyi üçün narazılıqla gülümsündü:
– Onu bilirəm. Sən mənə deginən görüm, nə baş verib?
Dilbər açıb deməyə məcbur oldu.
– Zakir… Adını belə eşitmək istəmirəm o adamın. Ənvər kimi bir insanın qardaşı olmasına hələ də inana bilmirəm. İntihar edib.
Azər donuq gözlərlə anasının üzünə baxdı. Birdən sanki donu açıldı.
– Necə yəni, intihar…
– İntihar da… Bildiyin intihar. Kabinetində özünü güllə ilə vurub. – Bir neçə saniyə susub təkrar dilləndi. – Biz də bu gün səhər öyrənmişik. Atan xəbəri alandan özünə gələ bilmir. – Dilbər sözlərinin davamını nifrətini baxışlarına, səsinin tonuna qataraq dedi. – Heç üzülmədim, bilirsən? Çünki o insan bizim ciyərimizi yandırıb! Ürəyimizi dağlayıb! Məni üzən atanı bu əhvalda, belə hüznlü görməyimdir! Bu dəqiqə durub getsə, anlayışla qarşılayaram, “qardaşıdır” deyib, ürəyimə daş bağlayaram. Hərçənd, o adam nə qardaş saydı, nə qardaş balası! Rəhm etmədi! Biz heç, o iki körpəni belə nəzərə almadı! Bir tək üzüldüyüm insan varsa, o da Zivərdir. Olan ona oldu. Onsuz da həyatı cəhənnəm idi, sonu da ki belə!
Baxışları bir nöqtəyə zillənib qalan
Azər deməyə söz tapmayıb əlini anasının çiyninə toxundurdu. Yanından ayrıldı.
***
Yasin oxunur… dua edilir… yaxınlarına başsağlığı verilirdi.
Zakirin dəfn mərasiminə yığılan hər kəs hələ də çaşqınlıq içində idi. Baş verənləri hərə öz aləmində bir cür yozur, hadisəyə hərə bir don geyindirirdi.
Atasının məzarı başında körpə uşaq kimi için-için ağlayan, dünyası tar-mar olmuş Salehin isə göz yaşları durmaq bilmirdi.
Yaxın bildiyi hər kəs – bütün qohumları, dayıları, əmiləri, dost-tanışları burada onunlaydılar. Lakin Saleh bu qədər adamın içində özünü tək-tənha, arxa-dayağı olmayan kimsəsiz kimi hiss edirdi. Həqiqətən də belə idi. Söykəndiyi dağ bir anda uçub yerlə bir olmuş, toza-dumana çevrilib yoxa çıxmışdı.
Ona hər şeydən çox təsir edən atasının ondan küsülü getməsi idi həyatdan. Vida məktubu belə yazmadan… Onu əfv etmədən…
Bunu bilmək onun öldüyünü qəbul etməkdən daha ağır gəlirdi Salehə. Atasıyla aralarında keçən son söhbəti yadından çıxara bilmirdi.
“- Mən səni itirmək istəmirəm, ata! İnan mənə, bunu istəmirəm!
– Amma görünən odur ki, mən səni artıq itirmişəm. Və bunu məğlubiyyətim hesab edirəm. Təəssüf!
– Ata!
– Mənim sən adda oğlum yoxdur daha! Özünü zəhmətə salıb “ata” kəlməsini bundan belə dilinə gətirmə! Atasını düşmənin ayağına verən oğul mənim oğlum ola bilməz!”
Atasının səsi hələ də qulaqlarında idi. Bunun onunla son söhbəti olacağını həmin anlarda ağlına gətirməyən Saleh indi məzara baxa-baxa əzab içində gözlərini sıxmışdı. Çiyinləri titrəyirdi.
– Allah rəhmət eləsin!
– Allah səbir versin!
– Axır qəminiz olsun!
Dəfndə iştirak edənlər başsağlığı verib, bir-bir yanından ötüb keçirdi. Salehin kədəri o qədər böyük idi ki, dillənmək iqtidarında deyildi. Başını tərpətməklə razılıq edir, nəmli gözlərini məzardan çəkə bilmirdi.
***
…Həmin dəqiqələrdə Kazımov müstəntiq qarşısında əyləşmişdi. Dindirilirdi. Müstəntiq ironiya ilə:
– Necə müraciət edək, mafioz dəstəyə başçılıq edən Qurd ləqəbli quldurbaşı, yoxsa cinayət axtarış şöbəsinin rəisi Qurban Kazımov?
Kazımovun dodaqlarında acı istehza dolandı. Təəssüf hissi ilə başını ağır-ağır tərpətdi:
– Qurd qocalanda itlərə gülünc olar, – dedi. Üzündəki istehza bir anda nifrət və qəzəbə büründü. – Həyat məni sənin və sənin kimilərin qarşısına əl-qolu bağlı, məğlub şəkildə çıxarıbsa, fərqi yoxdur necə. Məsləhət sənün.
Müstəntiq nüfuz edən baxışlarını Kazımovun gözünün altında şişib tuluqlanmış, göyərmiş zədə izlərinə zilləyib:
– Düşünürəm ki, sualı bir daha təkrar etməyə ehtiyac yoxdur. Yaxşısı budur əvvəldən olduğu kimi danışın, – dedi.
Kazımov üz-gözünü turşutdu:
– Gəl belə danışaq da. Sən hər şeyi məndən də gözəl, yerli-yataqlı bilirsən. Əlində kifayət qədər dəlil-sübutun da var. Atamı yandıracaq imkana sahibsən bu dəqiqə. Bekar yerə vaxt öldürmə burda. Məni də çox yorma, yoldaş Babayev. Nəyi necə bilirsən, öz yolu, öz üsulu ilə düz-qoş, işi bağla, bitsün. Bilirsən necədir, mənim cəzamı həyat özü kəsibsə sizin mənə kəsdiyiniz cəza mənimçün boş şeydir. Onsuz daha itirəcəyim heç nə yoxdur. Xəstə adamam, bu saat canımla əlləşirəm. Sıxma ürəyimi!
– Xəstəliyin buna nə dəxli var? – Müstəntiqin tərs baxışları Kazımovun üzünə dikildi. – Sizi ciddiyyətə dəvət edirəm.
Kazımovun baxışları da siması kimi tündləşdi. Dişi bağırsağını kəssə də, ayrı əlacının olmadığını da anladı. Uzun dərin nəzərlərlə bir xeyli müstəntiqi süzüb, dilləndi:
– Dahilərdən biri bilirsənmi nə deyib? – Dilini nırçıldatdı. – Sualların göstərir ki, bilmirsən. Yoldaş Babayev, dahilərdən biri deyib ki, əvvəlcə oyunun qaydalarını öyrənməlisən, sonra da hər kəsdən yaxşı oynamağı. Mən hər ikisini mükəmməl bilmək üçün bütün ömrümü sərf elədim. Bütün ömrümü! Başa düşürsən? Dünənə qədər nəyəsə nail olduğumu zənn edirdim. İntiqamımı aldığım gün mənim qələbəmdir sanırdım. Amma heç də belə deyilmiş. Məhz bu gün başa düşmüşəm ki, əslində heç nə həyatımın mənasını itirmək qədər dəhşətli ola bilməzmiş mənimçün. Nə bu oyundan vaz keçmək, nə də bu oyunda uduzmaq. Mənimçün dəhşətli olan övladlarımın yoxluğunu qəbul etməyimdir. Tüstüsüz od tutub yanmağımdır. Və mən bunu da bir daha dərk etdim ki, nə oyunun qaydalarını yaxşı bilirəmmiş, nə də oyun oynamağı.
Sözlərinin sonunda Kazımov ürəyini didib-parçalayan hiddət və qəzəblə köks ötürdü.
Az qala bütün ömrü indi kino lenti kimi gözlərinin önündən gəlib keçirdi. Qurduğu planlar, törətdiyi əməllər tək-tək hafizəsində canlanırdı.
Bu əməllərdən ən dəhşətlisi Əhmədovun başına gətirdikləri idi. Və o öz intiqamı üçün necə planlar qurduğunu indi bir daha yadına salırdı. Sonrakı dindirmələrdə öz ifadəsində o, hər şeyi təfsilatı ilə nağıl edəcəkdi. Nadirə necə oyun hazırladıqlarını… Şahnazdan körpəni aldığı gecə körpəni hansı ünvana apardığını. Ölkədən çıxaranadək körpəni kimlərə əmanət etdiyini. Saçından bir tutam tel kəsib damarından qan çəkdirdiyini, bələk örtüyünə şəxsən necə od vurduğunu – heç bir məqamı gizlətmədən etiraf edəcəkdi…
(Ardı var)