Firuzə Davudqızı
Aydan
Bu gün evdəki tünlükdən göz qaralırdı. Hamı gözaydınlığına, Azəri qarşılamağa gəlmişdi.
Bacılarım Türkan, Fatimə, atam, əmim, nənəm, əmiqızıları, yaxın qohumlar, hətta yeni doğulmuş körpəsi ilə sirdaşım Dilarə də sevincimə şərik olmağa gəlmiş, başıma yığılmışdılar.
Başımızın üstünü bir anda alan qara buludlar uzun zamandan sonra dağılmış, çətin günlərdən sonra bizə də bu sevinci yaşamaq nəsib olmuşdu.
Saatları, dəqiqələri sayırdım. Min bir həyəcanla onun yolunu gözləyirdim. Çox keçmədən həyətdə canlanma yarandı. Qarışıq səslər ürəyimə izaholunmaz çırpıntı gətirdi. Qızlardan ayrılıb necə həyəcanla pəncərəyə yüyürdüyümü belə bilmədim. Ürəyimin çırpıntısı ölçüyə gəlmirdi.
***
…Bütün qəmini, ağrı-acısını unudan Dilbər xanımın donu indi açılırdı. Onu bugünkü kimi xoşbəxt görən olmamışdı. Oğlunun toy günündə bəlkə heç bu qədər sevinməmişdi. Elə bilirdi balasını dəf edilməz, ram olunmaz bir əjdahanın ağzından çıxarıb sağ-salamat gətirirdilər ona. Bu vaxt kimsə xəbər gətirdi ki, oğlun gəldi. Dilbər xanım eyvana yüyürdü. Lakin pilləkənüstü meydançadan aşağı enə bilmədi. Həyəcandan ayaqları sözünə baxmadı.
– Gələn yollarına qurban, ay oğul! – deyib sevinc göz yaşlarına boğuldu. Dayandığı yerdəcə darvazaya tərəf boylanıb oğlunun həyətə girəcəyi anı gözlədi. Ürəyinin çırpıntısı ona doğru gələn payız sevincinin qədəmlərini alqışladı.
Ofeliya xanım onun bu ankı duyğularını, hiss və həyəcanını başa düşüb toxtaqlıq verməyə başladı:
– Dilbər bacı, özüvü ələ al. Bu nədir? Bundan sonra səni gülərüz görmək istəyirəm.
Ruqiyyə və digər yaxınlar da ona qoşulub sözlərini təsdiqlədilər.
***
…Maşından enər-enməz darvazanın önünə toplaşıb onu küçədə gözləyən, qarşısına yeriyən qohum-qonşuyla, tanışlarla bir-bir görüşən Azər həyətə keçən kimi evə tərəf baxındı. Anasının hönkürtüsünü duyub baxışları tünlüyün arasında onu gəzdi.
***
Onu dostlarının əhatəsində həyətə keçən görəndə sevincimin həddi-hüdudu olmadı.
O, gəlmişdi. Uzun ayrılıqdan, məşəqqətlərdən sonra nəhayət evində idi. Bizimlə olacaqdı.
Anasını bağrına basmışdı. Dilbər xanım necə ağlayırdı, ilahi… Həm sevinir, həm göz yaşlarını saxlaya bilmirdi.
Dəqiqələr sonra o, evə keçəndə baxışları qohumların arasında hələ də bizi axtarırdı. Dilarə ona sarılıb kövrəlmişdi. Göz yaşlarını saxlaya bilmirdi. Xalagil də eləcə. Bu gün hamı sevincdən ağlayırdı.
Azər fürsəti əldən verməyib xalası qızının qulağına pıçıldadı:
– Soruşmaq eyib olmasun, bacın haradadır?
– Qaqaş, icazə verərəm heç? Baldız olan yerdə gəlin nə karədir ərini qarşılasun?
– Hmm… – Azər təbəssümünü zorla boğub, tamam ciddi halda dodağını büzdü. – Aydındır.
Dilarə bir yandan ağlasa da, o biri yandan gülə-gülə:
– Can! Bacı qurban olsun sənin gələn qədəmlərivə! Sənsiz bir günümüz olmasun!
Bu məqamda Azərin gözü övladlarımıza, sonra da mənə sataşanda üzündə boğmağa çalışdığı təbəssümü, bəxtiyarlığı aydın gördüm.
Bu qədər adamın içində ona sarıla bilməyəcəyimə görə gözlərim dolub yaşdan pərdələnmiş halda təkcə mən kənardan baxırdım, canım qədər, həyatım qədər çox sevdiyim insana. Tək bildiyim bu an şükür etmək idi. Bu qapıdan içəri girəcəyi anı görmək üçün ayları, günləri saatları, dəqiqələri saymışdım. Çəkdiyim əzablardan sonra bu mənim ən böyük mükafatım idi.
Bir qədər sonra o, əynini dəyişmək fürsəti ilə otağa gəldi. Bir az əvvəl Rəna məni kənara çəkib xəbərdar etmiş, uşaqları da bura, yanıma gətirmişdi.
Onu qapıda gördüyüm anda keçirdiyim hisslər o qədər dərin və təkrarolunmaz idi ki, izah edə bilmirəm. Quş kimi pərvazlanıb uça-uça qarşısına yüyürərək qapının ağzındaca dəli kimi ona sarıldım. Məni bağrına basıb, bərk-bərk qucdu. Xeyli səssiz dayandı. Dərin köks ötürüb boynuma öpüş qondurdu.
Uzun hicrandan sonra sevdiyim insanın həsrət qaldığım ətrini, qoxusunu acgözlüklə burnuma çəkməyə başladım. Kədərim sevincimə güc gəldiyindən üzümü köksünə sıxıb səsimi boğmağa çalışsam da hönkür-hönkür ağlayırdım.
Azər üzünü saçlarımda gizlətmişdi. Qollarının arasında dünya aləmi, evdəki qonaqları da unutmuşdum. Buraxmaq istəmirdim. Gözümün önündən bir addım kənara getməsini istəmirdim. Əli saçlarımda gəzirdi. Nisgil dolu, pıçıltılı bir səslə qulağıma:
– Yaxşı, sakitləş… – dedi. Barmaqlarının toxunuşu ilə göz yaşlarımı sildi. – İstəmirəm daha səni gözüyaşlı görmək.
Əllərimi onun üzündə, saçlarında gəzdirə-gəzdirə:
– Bu yuxu deyil, hə? Sən qayıtdın! Bizimləsən! Yuxu olmasın, yalvarıram!
Dodağı yüngülcə qaçdı. Yorğun, yuxusuz gözlərini gözlərimdən çəkmədən:
– Yuxu deyil! – dedi.
Sözünə bənd olub dəli bir yanğıyla dodaqlarına öpüş qondurdum:
– Nə yaxşı ki, yuxu deyil! Nə yaxşı ki! Bir də heç vaxt əlimi buraxma! Eşidirsən? Bir də, heç vaxt!
Bu an onun qaşının üstündəki çapıq izi diqqətimi çəkdi, sözlər dodaqlarımda dondu. Ürəyimə od vurdular sanki. O, gözlərimin dolduğunu görəndə üzündəki bəxtiyarlığı bir anda yoxa çıxdı. Amma heç nə demədi. Bunun həbsxanadan nişanə qaldığını anladığım üçün məni qüssə sarmışdı. Çətin günlər yaşadığı hər halından bəlli idi. Bunu bilmək məni hər şeydən çox üzürdü. O isə heç bir söz demədən məni özünə çəkib təkrar sarıldı. Ona deyiləsi o qədər sözüm vardı ki…
Bu zaman yanımıza nə vaxt gəldiyini hiss etmədiyimiz Araz atasının ayağından yapışıb Azərin diqqətini özünə çəkməyə çalışdı. Onun bu hərəkəti bizə uşaqların otaqda olduqlarını xatırlatdı. Azər onu görər-görməz üzünün ifadəsi dəyişdi. Göz qırpımında uşağı havaya qaldırıb yanaqlarından öpdü.
– Necəsən, brat? – deyib, əhvalı kök halda onu bağrına basdı. – Yaxşısan? Heç bilirsən necə darıxmışam səninçün?
Araz təbəssümlə atasının üzünə baxıb onu dinləyərək barmağını kamodun üzərindəki fotoşəklimizə tuşladı.
– Baaxx… – deyə böyük kəşfi kimi Azərə onun öz şəklini işarə etdi.
Azər sual verdi:
– Kimdir o, elə?
Araz atasının üzünə bir xeyli zəndlə baxıb, sonra öz şirin tələffüzüylə, şəstlə cavab verdi:
– Ata!
Azər oğlumuzun hələ də şəklə tərəf uzanılı qalmış toppuş barmağını dodaqlarına aparıb təkrar-təkrar öpdü. Bu zaman gözü qucağımda saxladığım və əlindəki oyuncağı damağına sıxıb didişdirməklə məşğul olan Azada sataşdı. Üzündəki məsud ifadə bir az da dərinləşdi.
– Bahoo! Salam, atam!
Balaca Azadımız artıq 11 aylıq idi.
Azər onun diqqətini özünə yönəltmək üçün oyuncağı körpəmizin əlləri arasından üstufca çəkib alaraq:
– Görürəm, başın bərk qarışıqdır, – dedi.
Baxışları əlindən alınmış oyuncağın arxasınca yayınan Azad boş durmadı. Onun yerinə atasının barmağından yapışıb ağzına apardı.
Azər bir qolunda Araz, digər qoluna da Azadı alıb uşaqların hər ikisini bağrına basdı. Dönə-dönə öpüb, qoxuladı. Uşaqlar qucağında, taxtın kənarında əyləşib bir xeyli onlarla maraqlandı. Araz yenə dəcəlliyindən qalmırdı. Azad isə həmişəki kimi sakit və lal-dinməz idi. Yanına gedib dizinin dibində əyləşdim. O, uşaqlarla maraqlandığı halda, baxışlarını çevirib birdən zəndlə üzümə baxdı.
– Sən bir təsəvvür elə də… Yolu cəhənnəmdən keçən və birdən-birə bəxti gətirib cənnətə düşən adam kimi hiss edirəm bu dəqiqə özümü, – dedi. Evdə olduğuna hələ də inanmaqda çətinlik çəkirmiş kimi gülümsündü. – Bunlarla adam geridə qoyub gəldiyi bütün pislikləri unudur!
Bunu deyib, uşaqlarla birlikdə taxtın üzərinə uzandı. Və əvvəllər olduğu kimi belindən yapışıb Arazı başının üstündə havaya qaldırdı. Uzandığı yerdəcə onu qıdıqlayıb güldürməyə başladı. Arazın şirin qəhqəhəsi otağı başına bürüdü. Sonra Azadı dindirib-danışdırmağa başladı.
Özümüzü unudub körpəni yaddan çıxarmışdıq. Birdən sanki yuxudan ayıldım.
Barmağımı dodaqlarımın üstünə aparıb Araza “sus” işarəsi verərək:
– Qaqaş yatır, oyanmasın, – dedim. O da mənim etdiyim kimi toppuş xırda barmağını dodaqlarna aparıb eyni hərəkəti atasına təkrarladı:
– Suss…
Azər heç nə anlamayıb yerində dikəldi. Divarın yanındakı beşikdə yatan körpənin fərqinə indi vardı və elə həmin andaca təəccüblə mənə baxdı. Üzünün ifadəsi mənə gülmək gətirdi. Yanlış anlamaması üçün:
– Heç ümidlənmə, belə bir şey mümkün deyil. Dilarənin övladıdır.
Azər heyrətini üzərindən ata bilmədən güləş ifadə ilə:
– Həyatımın şokunu yaşayacaqdım az qala. Neynirsüz ağəz siz? Deyirəm də… mən hesabımı nə vaxt itirdim ki?
Sözlərinə gülə-gülə saçlarını qarışdırdım:
– Dəli!
Azər Araz qucağında qalxıb beşiyə tərəf getdi. Diqqətlə yuxuda olan körpəni süzdü. Sonra güləş ifadə ilə:
– İndi belə çıxır ki, dayı oldum da mən.
– Elədir ki var. – Təbəssümlə təsdiqlədim.
– Deməli, bizim şeytanımız ana olubmuş da… Allah saxlasın! – dedi. Dərhal da əlavə etdi. – Baxan kimi görünür a, Xəlilin dəst-xəttidir. Eynən özüdür.
***
Barəsində axtarış elan edilmiş Kazımov Azərbaycana geri qayıdacağı təqdirdə həbs olunacağını bilirdi. Aylardır ələ keçməmək üçün ünvan dəyişir, izi itirməyə çalışırdı. Feliksin himayəsi altında özünü hər nə qədər arxayın duysa da, daha kimsəyə yetərincə etibar edə bilmirdi. Kölgəsindən də şübhələnməyə başlamışdı. Düşdüyü acınacaqlı vəziyyət, çarəsizlik ona hər şeydən çox təsir edirdi. Üstəlik, son zamanlarda səhhətində yaranmış problem əhvalını bir az da korlamışdı.
Ötən günlərin birində o, xəstəxanaya yollanmışdı.
Bu gün analizin cavabı bəlli olmuş və o, bir az əvvəl xəstəxanadan qayıtmışdı. Gəldiyi dəqiqədən evə keçmədən oturduğu yerdəcə bir büt kimi donub qalmışdı.
Həkimlərin qoyduğu diaqnoz Kazımovun qulaqlarında dəhşətli bir uğultu kimi hələ də əks-səda verirdi. O, xərçəng xəstəliyinə tutulmuşdu.
Öyrəndiyi həqiqətin ağırlığı onu darmadağın etmiş, rəngi kül rənginə dönmüşdü. Bir nöqtəyə zillənib qalan baxışları gələcək günlərin yaxşı heç nə vəd etmədiyini anladırdı.
Sanki sakit sularda üzən gəmi qəfil qopan fırtınayla qayalara çırpılmış, ondan yalnız ləpələrin qoynunda oynatdığı parçalanmış hissələri və çarəsizliklə öz sonunu gözləyən kapitanı qalmışdı.
Kazımov dərin düşüncələr içində itib-batmışdı ki, addım səsləri onu özünə gətirdi. Həmid idi. Yaxınlaşıb salam verdi. Kazımov onun salamını başını tərpətməklə alıb, nə deyəcəyini gözlədi.
Həmid həyəcanlı görünürdü. Bu həyəcana bir az gərginlik də əlavə olunmuşdu. Vaxt itirmədən əlindəki qəzeti masanın üzərinə – Kazımovun gözləri önünə qoydu. Baxışları ilə qəzetdəki xəbər başlığını göstərdi:
– Oxumusan?
– Nəyi? – Kazımov laqeydliklə Həmidi süzdü. Dinib-danışmaq həvəsində olmadı. Bu anlarda o, yalnız öz hayında idi. Ətrafda baş verən heç nə onu maraqlandırmırdı.
Həmid onun üzündəki ifadədən əhval-ruhiyyəsini təxmin edib, sözü uzatmadan dedi:
– Əhmədov bəraət alıb. İttihamların əsassız olduğu sübuta yetib. Azadlıqdadır.
Kazımovun tutqun çöhrəsi bu xəbərdən sonra qürub edən günəş kimi qızarıb-bozardı. Üzünün əzələləri gərginliklə səyridi. Baxışları ixtiyarsız olaraq qəzetdəki xəbər başlığına tuşlandı: “Reportyorun günahsız olduğu meydana çıxdı”.
Bundan sonrasını oxumağa özündə güc tapmayıb qəzeti hikkəli-hökmlü bir əda ilə bir neçə yerə cıraraq hirslə yerə tulladı. Hiddətlə səsini göyərtdi:
– Çağırmayınca məni narahat etməyin!
Həmid belə bir məqamda söz deməyin mənasız olduğunu anlayaraq Kazımovun sözünə əməl etdi. O, çıxıb gedəndən sonra Kazımov hisslərinin, düşüncələrinin təsiri altında, qəzəb və hiddətlə dişlərini qıcadı.
– Axx, bu lənətə gələsi həyat! Axxx! Fahişə qadın kimi hər gün birinin üzünə gülüb, məst edən bu lənətə gələsi həyat! Mənə məzar, düşmənimə gülüstan olacaqsa dağılısın belə dünyanı! Dağılsın!
Aldığı xəbərlərdən sarsılan Kazımov həyatın ona əslində necə ağır faciə hazırladığını bu anlarda ağlına belə gətirmirdi. O, həmin xəbəri hələ iki gün sonra öyrənəcəkdi.
Həmid Kazımovun yanından ayrılıb malikanəyə qayıdandan sonra Feliksdən bu sözləri eşitdi:
– Ağla gəlməyən, hesabda olmayan bir bədbəxtlik baş verib, Həmid.
Həmid bütün diqqətini cəmləyib Feliksin dodaqları arasından çıxacaq növbəti kəlmələri gözlədi. Saniyələr sonra eşitdiyi xəbərdən üzünün ifadəsi dəyişdi, qaşları düyünləndi.
(Ardı var)