Firuzə Davudqızı
…Aydan
Azərin növbəti apellyasiya məhkəməsinə bir həftə qalmışdı. O gün günorta saatlarında xəbər gəldi ki, Kazımovun oğlu Cəmil qardaşı Ramillə birlikdə dəhşətli avtomobil qəzası keçirib. Donub qaldıq. Bu xəbər hamını mat qoydu.
Hadisə yerində olanlar maşının tanınmaz vəziyyətə düşdüyünü, xurd-xəşil olduğunu nağıl edirdilər. Qəza vaxtı Ramil yerindəcə keçinmişdi. Axşamüstü Cəmilin də xəstəxanada dünyasını dəyişdiyini öyrəndik.
Kazımovun bu günlər harada olduğu, hadisəni eşidib-eşitmədiyi bəlli deyildi. Lakin Lətafət xala, Cəmilin həyat yoldaşının bu anlar nələr yaşadıqlarını təsəvvür etmək çətin deyildi.
Qayınatam və Dilbər xanım bütün bu olanlardan sonra, Kazımovun bizə etdiyi namərdliyə baxmayaraq, belə ağır gündə Lətafət xanımın yanında olmağı, başsağlığı verməyi lazım bildilər.
Zakir ona gəlib çatan məlumatlardan sonra özünü xəyanətə uğramış, kürəyinə xəncər saplanmış sayır, qəzəbini, hiddətini cilovlaya bilmirdi.
…Saleh gecə evə gəlib çıxanda qapıda onu qarşılayan xidmətçi xəbər verdi:
– Atanız sizi qonaq otağında gözləyir.
Saleh bir neçə saniyə düşüncəli göründü. Söhbətin məğzini təxmin edib xidmətçini göndərərək qonaq otağına yollandı. Qapının ağzında bir qədər yubandı. Özünü atası ilə üz-üzə gəlməyə ruhən hazırlayıb qapını döydü.
Aylar əvvəl vətəni tərk edəcəyinə qərar verdiyi halda o, hələ də Bakıda idi.
Haqqı nahaqqa qurban verməyi mənliyinə, vicdanına sığışdırmamışdı. Hətta xəstəxanada müalicə aldığı müddətdə əmisi Ənvərlə də görüşüb, bu fürsətlə onu yaxından tanımaq istəmişdi.
…Saatlardır səbri tükənmiş halda oğlunun gəlib çıxmasını gözləyən Zakir Salehi qapıda görəndə üzündə acı istehza dolu bir ifadə yarandı. Hirsini güclə yatırmağa çalışsa da, iradından qalmadı. Oturduğu yerdən məzəmmətlə onu süzərək ağır-ağır başını tərpətdi:
– Nəhayət, evin yolunu tapıb, gəlib çıxa bildin.
– İşim vardı. – Saleh bu irada təmkinlə cavab verdi.
– Bilirəm, son vaxtlar işin başından aşır. Bir dəqiqə boş vaxtın yoxdur. – Zakir eyni tonda dedi.
Saleh atasının səsinin ahəngindəki eyhamı tutsa da, dillənmədi. Zakir səsinin tonunu yumşaltmadan ona qarşıdakı stullardan birində yer göstərdi.
– Keç otur görüm.
Saleh bunu istəmədiyi halda atasının sözünə əməl etməli oldu.
– Nə eləməyə çalışırsan sən? Məqsədin nədir? – Zakir bütün diqqəti ilə oğlunu süzüb şübhəli-şübhəli soruşdu.
– Nəyi nəzərdə tutursan?
– Mənə kələk gəlib özünü bilməzliyə vurma, a kişi! – Zakir bir anda coşdu. Oturuşunun şəklini dəyişib, yerində qurcalandı. – Sənin alıb-verdiyin nəfəsin havasından bilirəm nə fikirdəsən.
– O zaman neyçün soruşursan? Nəyi aydınlaşdırmaq istəyirsən? Madam ki, xəbərdarsan.
Zakirin rəngi bir az da boğuldu. Çatılan qaşları daha da düyünləndi. Zəhmli zabitəli bir səslə oğluna bozardı:
– Alçağın biri alçaq! Sən atanı ayaqlayıb biqeyrətin balasını təmizə çıxarmaq üçün vuruşursan? Kimlərə güldürmək istəyirsən məni? Kimlərin dilinə-dişinə salmaq fikrindəsən məni?
Saleh tutqun baxışlarla atasının gözlərinin içinə baxa-baxa susdu.
– Cavab ver görüm! – Zakir hiddətlə səsini göyərtdi. – Elə bilirsən mən xəbərsizəm? Mən axmağam? Gəlib çatmır mənə?
Saleh susmağa davam etdi. Bu isə Zakirin coşub-daşan qəzəbini birə beş artırdı. Qeyzlə dedi:
– Bərəkallah belə oğula! Bərəkallah! Çəkdiyim zəhmətin bəhrəsini əcəb görürəm!
Saleh heç bir söz demədən qalxıb getmək fikrində idi ki, atasının amiranə səsi onu yerində saxladı.
– Otur aşağı görüm, a kişi! – Zakir səsini göyərdib, barmağının işarəsi ilə stulu göstərdi. – Mən hələ get deməmişəm sənə.
Saleh qanıqara halda gözucu atasını süzdü. Narazılıqla fısıldadı.
– Adə, ay vicdansız! Sən nə vaxtdan bəri Ənvəri özünə əmi sayırsan? Nə vaxtdan onun küçüyünə kömək etmək sənə düşüb? Bu adamlardan sən nə yaxşılıq görmüsən ki, o əclafı quyudan çıxarmaq üçün doğma atanı bataqlığa sürükləmək məqsədi güdürsən? Susma! Cəsarətini mənim qarşımda da göstər!
– Haqsızlıqla barışa bilmirəm! Bunu sən özün də gözəl bilirsən ki, bu iş başdan-başa qurmadır! Şər-böhtandır!
Zakir qanlı-qanlı oğlunu süzdü:
– Sənə nə!
Saleh yenə də susunca, Zakir:
– Əhsən! – deyə istehzayla başını tərpətdi. – Sən ağ bayrağı artıq qaldırmısan. Mövqeyini açıq etiraf edirsən. Deməli, bu qənaətə gəlmisən ki, bu meydanda haqsız tərəf varsa o da bizik. Nə vaxtdan, ala? Nə vaxtdan mənim kürəyimi yerə vurmaq fikrinə düşmüsən?! Cavab ver, susma! Kişinin təpəri, mənliyi, qüruru, heysiyyəti olar. Kişi belə tez sınmaz! Belə tez boyun əyməz!
– Haqlısan, bu saydıqlarının hamısı olmalıdır özünə kişi deyən kəsdə! Mən kimsənin qarşısında sınıb, boyun əyməmişəm. Qeyrətim də var, mənliyim də, qürurum da. Amma bilə-bilə ki, biz bu məsələdə haqsızıq, susa bilmərəm! Susa bilmərəm, başa düş məni!
– Haqsız olduğumu nə vaxtdan bilirsən? – Salehin sükutunu görüb Zakir bir az da gərildi. – Cavab ver görüm!
Saleh dilinə gətirəcəyi sözlərin nələrə səbəb olacağını bilsə də, çətin olsa da, susmağı lazım bilmədi. Udqundu.
– Bacanağın Kamalın sənin təqsirini boynuna götürüb haqsız yerə illərlə zindanda yatdığını öyrəndiyim gün! Qardaşının nəvəsinin əslində sənin keçmişdəki günahın ucbatından oğurlandığını bildiyim gün!
Zakir günahının nə vaxtsa bir gün ağır şillə kimi üzünə çırpılacağına əmin olsa da, bunu çoxdan gözləsə də, sarsıldı. Oğlunun dilindən bunu eşitməsi onu göydən yerə vurdu. Lakin bütün cəhdi ilə hisslərini büruzə verməməyə çalışdı. Bir-birinə kip sıxdığı dodaqları əsəbiliklə səyridi.
Saleh üzündə iztirablı ifadə, eyni zamanda da odlana-odlana əlavə etdi:
– Səbəb bir deyil, iki deyil. Hələ üstəlik biləndə ki, utanmaz-utanmaz Kamalın qızına tamah da salmışam, özümdən sözün əsl mənasında iyrəndim. Sinəmə döyə-döyə haqqımı tələb etməyim isə bir ayrı rüsvayçılıq. Danışmağa dəyməz!
Zakirin masaya çırpdığı yumruğunun səsi Salehi susmağa məcbur etsə də, bu sükut çox qısa sürdü. Saleh atasının üzündə talan olmuş ifadəni izləyə-izləyə:
– Bəlkə də həyatımın sonuna qədər istəməzdim bu mövzu açılsın və aramızda bu söhbət yer alsın. İstəməzdim. Təəssüf edirəm…
Zakir dilini-dodağını gəmirə-gəmirə hiddətlə oğlunu süzdü. Qəzəbi ölçüyə gəlmədi. Dodaqları bu kəlməni hiddətlə pıçıldadı:
– Küçük!
– Ata… – Salehin demək istədiyi söz boğazında qaldı.
Zakir təəssüf hissi ilə oğlunun gözlərinin içinə baxaraq ona dillənməyə macal vermədi.
– Məndən olub mənə oxşamadın! Hərdən şübhə edirəm sənin mənim belimdən gəldiyinə. Getdin o alçaq əminə çəkdin. – Bütün kini ilə Ənvəri nəzərdə tutdu.
– Keçib getmək bilməyən bu kin-küdurətin, təkəbbürün sənin ən böyük düşmənindir. Mənliyini əsir alıb. Səni yaşamağa qoymur. Sən qardaşına pislik etmədin. Ən böyük pisliyi məhz özünə etdin. Bizə, gələcəyimizə, nəslinin davamına etdin. Qardaşın oğlunun tərcümeyi-halına ləkə vurdurmaq məqsədin əslində bizim adımıza vurulan bir damğa oldu. Ömrümüzün sonuna qədər bu qaxınc bizə qaxılacaq. Hamı bizi belə tanıyacaq. Qurduğun bu oyunu sona çatdırmağını istəyirəm səndən. Əgər məni itirmək istəmirsənsə, bunu edəcəksən. O körpələrin heç bir günahı yoxdur. Onların ahını alma üstünə!
– Şərt kəsirsən, ala, mənimlə?
– Şərt kəsmək məcburiyyətində qoyursan da məni. Səninlə son dərəcə açıq danışıram. Ya mən, ya da…
– Ya da nə! Atanı hədələmək də gəlirmiş əlindən, ay bərəkallah!
Saleh söhbətə son vermək üçün:
– Ümid edirəm bu söhbətə bir daha qayıtmaq fürsətimiz olmayacaq. Ümid edirəm. Çünki ən azından ümid etmək istəyirəm! – dedi.
– Aç qulaqlarıvı, eşit. – Zakir onu boğan qəzəblə barmağını silkələdi. – Ənvərin küçüyü o zindanda çürüyüb gedəcək. Yox, əgər azadlıq üzü görmüş olsa, o zaman bil ki, mən bu həyatda yoxam. Yalnız mən öləndən sonra o, bu şansa sahib ola bilər!
Saleh bütün diqqəti ilə atasını süzüb, bu sözləri dilinə gətirdi:
– Mən səni itirmək istəmirəm, ata! İnan mənə, bunu istəmirəm!
– Amma görünən odur ki, mən səni artıq itirmişəm. Və bunu məğlubiyyətim hesab edirəm. Təəssüf!
– Ata!
– Mənim sən adda oğlum yoxdur daha! Özünü zəhmətə salıb “ata” kəlməsini bundan belə dilinə gətirmə! Atasını düşmənin ayağına verən oğul mənim oğlum ola bilməz!
– Düşmən hesab etdiyin sənin doğma qardaşındır. Kin sənin gözlərini örtüb, yaxşını pisdən ayırmağa, həqiqəti qəbul etməyə sənə izn vermir. Dünənlə yaşamağı qoy bir kənara! Əməllərinin səni hara aparıb çıxaracağını düşün! Sonumuzun nə olacağını gözünün önünə gətir, yalvarıram sənə! Axirətini düşün! Söz var deyirlər: ” Qorx o məhkəmədən ki, hakim özü şahiddir!” Məhz istəmirəm bu sənə nəsib olsun. Tanrının mühakiməsindən qorx! Qorx ki, şahidin Tanrı olmasın.
– Mənə filosofluq eləmə! Sözün bitdisə otağı dərhal tərk elə! – Zakir oğlunun üzünə baxmadan hirs onu boğa-boğa dilləndi.
Saleh məyus ifadə ilə atasını süzüb daha bir söz deməyin mənasız olduğunu anladı. Dilxor halda otağı tərk elədi.
Qapıdan çıxanda anası Zivərlə üz-üzə gəldi. Zivər üzündə donub qalmış təlaş və təşvişlə oğluna sualı sualın ardınca verdi:
– Nə olub, Saleh! Nə baş verib? Gecənin bu aləmi niyə səsiniz gəlir?
Saleh cavab vermədən yeyin addımlarla evdən çıxdı. Həyətə enib, bir xeyli özü-özüylə, düşüncələri ilə baş-başa qaldı.
Günlər sonra atamla əmim tanımadığım bir nəfərlə bizə gəldilər. Mən Rənadan atamın gəldiyini eşidib həyəcanla salona gələndə Arazla Azadı üzünü birinci dəfə gördüyüm həmin adamın qucağında gördüm. O, uşaqların hər ikisini bağrına basıb, yanıb yaxıla-yaxıla ağlayırdı. Üstəlik, evdə hər kəs bu mənzərə qarşısında dolub-doluxsunmuş, kədərə bürünmüşdü.
Atamın gəlişi üzümü güldürdü. Hər kəsin bildiyi həqiqətdən bixəbər halda, sevincək:
– Ata! – deyib, irəli yeridim. Həmin adam uşaqlar qucağında ayağa qalxdı. Gözləri nəmli halda, həyəcanla üzümə baxmağa başladı. Ürəyi sinəsindən çıxacaqmış kimi təntiyirdi. Üzündəki ifadə və baxışları qarşısında qəribə oldum. Yaranmış vəziyyət pərtlik gətirdi. Buna baxmayaraq yaxınlaşıb atamın boynuna sarıldım. Üzündən öpüb, kefini xəbər aldım. Atam dərdli-dərdli üzümə baxdı, sanki nəsə demək istədi, lakin bacarmadı. Onu heç belə iztirablı görməmişdim. Üzündəki qəm-qüssənin, əzabın mənası bir başqa idi.
Əmi ilə də eyni şəkildə görüşəndən sonra qonağın həyəcanlı, qəribə baxışlarını yenə də üzərimdə hiss etdim. Buna baxmayaraq ədəb-ərkanla ona salam verdim. Salamımı sevincə bürünmüş kədərlə aldı.
– Salam, qızım!
Dodaqları arasından çıxan “qızım” kəlməsi ürəyinin odunda alışan bir ahənglə səsləndi.
Sual dolu nəzərlərlə əmimə, atama baxdım. Bu adamı birinci dəfə idi görürdüm. O isə deyəsən bizi çoxdan tanıyırdı. Belə başa düşdüm ki, özgə deyil. Azadla Arazı bağrına elə məhəbbətlə sıxmışdı ki… Kənar adam bunu etməzdi.
Atam arabir gözucu qayınatama baxır, onunla baxışlarının dili ilə danışırdı. Üzündəki kədər və iztirab bu zaman daha da dərinləşirdi. Hətta onun bir ara qonağa astadan nə isə dediyini sezdim. Qonağın mənə müəmmalı görünən bu sözlərdən sonra həyəcanla atama:
– Nadir. Lazım deyil, çox xahiş edirəm. Gəlmişəm, gəlməyinə, amma sən məni bu qədər də güclü sanma! Ürəyim buna tab gətirməz! – dediyini aydın duydum.
Söhbət əsnasında məlum oldu ki, qonağın adı Kamaldır. Yaşı çox deyildi bəlkə də, amma saçları artıq bəyaza bürünmüşdü. Çox güman həyatı asan keçməmişdi. Qəm-kədər üzünün hər cizgisində nişanə qoymuşdu. Üzü heç gülmürdü. Baxışları necə də qəmgin və məyus idi. Göz bəbəklərində hər an qaynamağa hazır olan bir bulaq donmuşdu sanki.
Elə bil bu adam həyatımda çoxdan vardı. Ömrümün hər səhifəsində yer almışdı, lakin bu günədək pərdə arxasında qalmış, müdhiş, qarışıq bir oyunun sonu çatandan sonra səhnəyə çıxmışdı.
Onlar söhbət edir, mənsə oğrun baxışlarla bu adamı – onun da eynən məni süzdüyü kimi süzür, düşünür, suallarıma cavab arayırdım. Kimdir bu adam? Nə üçün mənə elə baxır? Sanki çoxdan tanıdığı birinə baxırmış kimi… Çoxdan tanıdığı… Lap çoxdan.
Atamı qonaq barədə sual atəşinə tutsam da, həmin gün ondan dəqiq bir cavab ala bilməmişdim.
Bu gəlişin məqsəd və məramı isə mənə çox sonra məlum olacaqdı.
***
Günlər bir-birini qovdu. Üzünə bağlanan zindan qapıları sonunda açıldı.
Azər üç gecə idi yatmırdı. Həm həyəcan, həm sevinc hissi gözlərindən yuxunu qaçırtmışdı. Yalnız evə çatıb ailəsinə qovuşandan sonra narahat qəlbinin dinclik tapacağını düşünürdü.
Onu həbsxananın çıxışında gözləyənlər arasında dayıları, atası Ənvər, Məcidov və oğlu, dostları Ceyhun, Təbriz, Vüqar, Rəşid və başqaları vardı. Azər qapıda görünən kimi dostları irəli yeridilər. Onu dövrəyə alıb, bir-bir qucaqladılar. Onlardan ayrılan Azər irəli yeriyib atasına sarıldı, xeyli buraxmadı. Bu anın həsrətini o çox çəkmişdi.
Azərə bu anlar sirr dolu, möcüzə dolu bir yuxu kimi görünürdü. Azadlıqda idi! Ciyərlərinə çəkdiyi bu hava həbsxananın adı kimi ağır, cansıxıcı hava deyildi, bu, həyatda bir insan üçün hər şeydən dəyərli, qiymətli olan azadlığın havası idi.
…Maşınlara əyləşib Mərdəkana doğru yola düzəldilər. Evlərinə çataçatda qəribə bir həyəcan varlığını bürüdü Azərin. Anasını, sevdiyi qadını, övladlarını, dəyər verdiyi hər kəsi nəhayət görə biləcəkdi. Qohumlar, qonşular, ailə dostları, tanışları, bir sözlə, uzun zamandır bu günün arzusunda olan, onu görməyə tələsən hər kəs indi bu ocağa yığılmışdı.
(Ardı var)