Firuzə Davudqızı
Bakı Mərkəzi İslahetmə hospitalı
Evdə qərar tuta bilməmiş, israrla atamdan məni bura gətirməsini istəmişdim.
Xəstə yatağında olsa belə bir-birimizi görəcəyik ümidi ilə bura gəlsəm də, tamam başqa vəziyyətlə qarşılaşmışdım. Əməliyyatdan çıxandan sonra vəziyyəti qəflətən pisləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilmişdi. İçəri buraxmırdılar. Və mən onu buradan, şüşə arxasından görməklə kifayətlənməli olmuşdum. Həyatın amansız şərtlərinə bu məqamda boyun əyməkdən başqa çarəm qalmamışdı. Atam göz yaşlarıma şahid olmasın deyə Azadı qolumun üstündə özümə qalxan etmişdim. Gözümü çarpayıda huşsuz vəziyyətdə yatan Azərdən çəkmirdim.
Yenə aramızda aşılmaz sədd vardı. Yenə də bu qədər yaxın ikən o, mənə əlçatmaz idi. Mən isə ürəyimdə onunla danışırdım. Onu haraylayırdım. Nəfəsim gəldikcə dua edirdim.
Araz bu qapalı məkanda sıxılırdı. Bayıra çıxmağa can atırdı. Mənimsə yarı canım içəridə qalmışdı. Onu burada atıb getməyə ürəyim gəlmirdi. Bunun mümkünsüz olduğunu bilə-bilə.
***
Oqtay Arazın narahat olduğunu görəndə onu buradan aparmağı qərara aldı. Hospitalın çıxışında bir qədər irəlidə onları gözləyən maşına doğru üz tutmuşdu ki, sürücü onun gəldiyini görüb maşından enərək qapını açıb gözlədi. Bu məqamda arxadan tanış bir səs Oqtayı çağırdı:
– Dayı.
Oqtay səsə çevriləndə Salehi gördü. Gözləmədiyi üçün duruxdu.
Saleh yaxınlaşıb durğun əhvalda dayısıyla görüşdü.
– Necəsən, dayı?
Oqtay belə bir gündə ona ünvanlanan bu suala məyus halda başını buladı:
– Gördüyün kimi, oğlum. Çox pis.
Salehin dodaqları bir-birinə sıxıldı.
Oqtay təəccübünü gizlədə bilməyib bacısı oğlundan:
– Sən burada nə əcəb? – soruşdu.
Saleh köks ötürüb bir zamanlar Azərin ona dediyi sözlərlə cavab verdi:
– Gəlişim dəvətsiz qonağın gəlişinə bənzəsə də, mən də əmioğlu kimi burdayam. Belə deyim, yerinə düşsün.
Oqtay məsələni anlayıb, razılıqla Salehi süzdü:
– Düz iş görmüsən. Sənə elə bu yaraşardı.
Saleh baxışlarını yerə dikib, bir neçə saniyə sonra yenidən dilləndi:
– Əslində, bilmirəm doğru etdim, ya səhv. Amma bir şeyi dəqiq bilirəm ki, o da olsa bu addımı atardı. Sözün düzü, üz-üzə gəlsək danışmağa söz tapa biləcəkdik, ya yox, əmin deyiləm. Bəlkə də onun vəziyyətinin bu məqamda belə olması lap yerinə düşdü. Ən azından məni çətin vəziyyətdən qurtardı.
– Bəlkə keçib əyləşək maşında? Nə deyirsən? Küləkdir, uşağı vurmasun.
Saleh dayısının sözünü yerə salmadı. Söhbətə qaldıqları yerdən maşında davam etdilər. Oqtay onunla yanaşı oturacaqda əyləşmiş bacısı oğluna:
– Səni başa düşürəm, – dedi. – Anlayıram. Yaşananlar sarıdan düşüncələrin sarsıla bilər. Üstəlik, bu günədək sənə təbliğ olunanlar fikirlərində, düşüncələrində öz izini, şübhəsiz, buraxıb. Amma
inan mənə, düşmənçilik baş ucalığı gətirməz heç kəsə. Siz əmioğlusunuz. Bu istəsəniz də dəyişə bilməyəcəyiniz danılmaz həqiqətdir. Odur ki, kin-küdurəti davam etdirmək sizə yaraşmaz. Nə olubsa, olub da. Keçib daha. Elə hər mənada. Əlbət, Allah belə məsləhət bilib. Ölüm-itim dünyasıdır. Bir dəqiqə sonra nə baş verəcəyi heç kimə məlum deyil.
Dayısını dinlədiyi müddətdə baxışları maşının pəncərəsindən yola dikilmiş Salehin səsi-səmiri çıxmadı. Xeyli sükut içində dayandı. Arazın səsinə fikirdən ayrıldı. Baxışları ixtiyarsız olaraq dayısının qucağındakı körpəyə doğru yayındı. Uzun, dərin nəzərlərlə körpəni süzdü. Əmin olmaq üçün özü də hiss etmədən sual verdi:
– Bu həmin o uşaqdır?
Oqtay təsdiqlədi:
– Elədir.
Salehin ifadəsi, rəngi-ruhu dəyişdi. Unutmaq istədiyi, lakin bu günədək ağlından heç cür çıxarıb ata bilmədiyi o hadisələr kino lenti kimi yenidən gözü önündən keçdi. Ondan asılı olmayan bir hisslə əlini körpənin saçlarına toxundurub sığalladı. Dodaqlarında xəfif təbəssüm dolandı. Arazın baxışlarını qaldırıb iri qara gözlərini onun gözlərinə zilləməsi isə Salehin qəlbində izahını tapa bilmədiyi dərin duyğular oyatdı. Gözlərini uşaqdan çəkmədən dodaqları arasından bu kəlmələr qopub düşdü. Çəkdiyi əzablardan qurtulmaq istəyirmiş kimi iztirablı bir səslə:
– Mən ailəmi də götürüb birdəfəlik gedirəm buralardan, dayı. Azərbaycana qayıtmaq fikrim yoxdur. Bu dəfə dəqiq qərarımdır. Ünvanımı da kimsəyə bildirməyəcəm, – dedi.
Oqtay heyrət içində:
– Anana bunu etməyə haqqın yoxdur, – dedi. – Zivər buna dözə bilməz. Çox əziyyət çəkib bu həyatda. Hər şeyə sizə görə tablanıb. Sizə görə ailəsini dağıtmayıb.
Saleh dayısının onun haqqında yanlış fikrə düşməməsi üçün aydınlıq gətirməyə çalışdı:
– Mən nə anamı, nə də bacımı atmıram. Bir müddət sonra hər ikisini aparacam yanıma. Amma daha bacarmıram. Bu gün hələ də səbir edib susuramsa, bu anam və bacım üçündür. Onlardır duran boğazımda.
Saleh danışdıqca çəkdiyi əzab minə qatlanırdı. Kimsəylə bölüşə bilmədiyi ürək sözlərini dayısına açırdı…
– Yaşaya bilmirəm, dayı. Qəbul edə bilmirəm. Atamla üz-üzə gəlməmək üçün evin içində gizlənqaç oynayıram. Özümü zorla saxlayıram ki, bunu etməyim. İstəmirəm bir qaxınc da vursunlar başımıza, oğul atasını ifşa etdi desünlər. Onsuz da rüsvay olduğumuz qədər olmuşuq. Çıxış yolunu baş götürüb getməkdə görürəm. Buraxıram haqq-ədalətin öhdəsinə.
Oqtay çaşıb qaldı. Təəccübünü gizlədə bilməyib soruşdu:
– Nə qaxınc? Nə ifşa? Nə olub sənə? Sən nədən bəhs edirsən?
Saleh rəngi boğulmuş halda gərginliyini ört-basdır etməyə çalışaraq nəhayət dilləndi:
– Mən hər şeyi bilirəm, dayı. Çox təəssüf ki, hər şeydən xəbərim var.
Oqtayın ifadəsi dəyişdi. Qaşlarını düyünləyib şübhə içində sual verdi:
– Nəyi bilirsən?
– Bu qədər insanın taleyini məhv edən həqiqəti! Xəbərdaram! İllərdir ürəyinizdə gəzdirdiyiniz, kiməsə xatir tablanıb susmaq məcburiyyətində qaldığınız həqiqəti. Hər şeyi bilirəm. Araşdırmışam. Yerinə çatmışam. 21 il əvvəl elə böyük günaha batmışıq ki, nəticəsini bu gün məsum körpələr çəkir. Valideynləri çəkir. Həyat məni düşündürən bütün suallarıma öz hikməti ilə cavab verdi. Mənə müəmmalı görünən hər qaranlıq məqam işıq üzünə çıxdı. Heç demə, kiminsə qarşısında söz deməyə haqqımız yoxmuş. Heç demə, haqlı cavabımı almışam mən. Həyatının məhv olmasına səbəb olduğumuz bir kişinin qızına əl uzatmaq həddim belə deyilmiş. Keçmişin kini ucbatından bu gün öz qardaşı oğlunu uf demədən şərləyib məhbəsə atdıran atanın oğluyam. Hansını deyim? Bütün bunları düşündükcə az qalır ağlım çaşa. Günahımız o qədər böyükdür ki, kimsənin üzünə baxmağa üz qalmayıb artıq məndə. Qaçıram, dayı. Nə atamı əfv etməyə, nə də onu ifşa etməyə gücüm çatır. Bildiklərimi susub qəlbimdə dəfn etməyə də qüvvəm qalmayıb.
Oqtay tutqun ifadə ilə bacısı oğlunu süzdü. Daha deməyə söz qalmamışdı. Köks ötürüb təkcə bunu deyə bildi:
– Çıxıb getmək çıxış yolu deyil, Saleh. Məsələnin həlli də demək deyil.
Salehin dayısına demək istədiyi sözlər ağzında qaldı. Bu zaman dayısı Nadiri və onun yanında Aydanı görməsi onu söhbətə son verməyə məcbur etdi. Üzü tutqun ifadə aldı.
Aydan qucağında digər övladı, dünyası yıxılmış, gözləri şişib qızarmış halda atasının yanınca sanki ruhu bədənindən uçmuş bir ölü kimi gəlirdi. Salehin maşından ona zillənmiş tutqun baxışlarını görmürdü.
Saleh onların maşına bir neçə addım qaldıqlarını görüb özünü toplayaraq:
– Mən gedim, dayı. Görüşərik! – dedi.
– Gözləyəcəm.
Saleh dayısının dizinin üstündə dayanıb əllərini sükana çırparaq öz-özünə oynayan körpəyə baxdı. Arazın təbəssümlə onun üzünə baxması Salehin simasında kövrək təbəssümə səbəb oldu. Nə vaxtsa üz-üzə gələn köhnə dost kimi uşağa göz vurub, maşından endi. Qapını çırpıb örtərək yubanmadan maşından aralandı.
6 ay sonra
Zakir onu qəfildən öz kabinetində görəndə əvvəlcə tanımadı. Zəndlə onu süzərkən qonaq onun duyğularını, çaşqınlığını acı təbəssümlə qarşılayıb dedi:
– Aradan 21 il keçib. Bu qədər vaxtda mənimlə bir dəfə də olsun üz-üzə gəlmədiyinə görə tanımamaqda haqlısan. Zindan həyatı ağır həyatdır. Cavan ikən vaxtsız qocaltdı məni. Mən özüm də aynaya baxanda bu dərdli qocanı hələ tanıya bilmirəm.
Bu sözlər Zakirin başı üzərində çaxan şimşəyə döndü. Qonağın ona tuşlanmış baxışları, gözləri onu birtəhər etdi. İfadəsi kimi əhval-ruhiyyəsi də dəyişdi.
Bu, Kamal idi. Bir neçə gün əvvəl azadlığa çıxmışdı. Zakir bu barədə məlumatlı olsa da, gələcəyini, xüsusilə belə tezliklə üz-üzə dayanacaqlarını zənn etməmişdi.
Kamal isə Rusiyaya bacısı Nərgizi görməyə getməzdən əvvəl illərdir zindanın soyuq və qaranlıq küncündə dəli bir istəklə gözlədiyi görüşün indi baş tutmasını qərara almışdı.
Zakir həyəcanını yerindəcə boğub tamamilə sakit və soyuqqanlı görünməyə səy göstərdi. Sərt, zəhmli-zabitəli siması birdən-birə fövqəladə dərəcədə mülayimliklə əvəzləndi. Cəld düyməni basıb daxili telefonla köməkçisinə onu narahat etməmələrini tapşırdı. Səsinə təmtəraq verib böyük hörmət və ehtiramla Kamalın qabağına yeridi. Onunla ikiəlli görüşdü. Bu zaman Kamalın gözlərindən ona tuşlanmış baxışların mənasını aydın görsə də, özünü o yerə qoymadı. Ona hətta öz kreslosunu “etibar” edib yuxarı başda yer göstərdi.
Kamal ona ürəkbulanma verən bu ab-havadan, riyakarlıqdan tarıma çəkilən əsəbini güclə cilovladı.
Nəzərlərini geniş, yaraşıqlı və işıqlı kabinetdə başdan-başa dolandırıb Zakirin üzündə saxladı. İstehzalı köks ötürüb Zakirin göstərdiyi yerdə deyil, özünün çəkdiyi stullardan birində əyləşdi. Təmkinlə:
– Səni çox gözlədim, Zakir. Ümid edirdim bir dəfə olsun görüşə gələrsən. Əhvalımı xəbər alarsan. Kamalın aqibəti necə oldu, əlbət, bir dəfə maraqlanarsan. Xatırlayırsansa məni barmaqlıqlar ardına göndərdiyin gün vədlərin olduqca şirin, inandırıcı idi. Beləcə, gözləyə-gözləyə 21 il keçdi.
Zakir vəziyyətin get-gedə tündləşdiyini görüb Kamalı havasından endirmək, az da olsa yumşaltmaq üçün mövzunu dəyişmək istədi. Sözün arasına söz qatıb ona çay, qəhvə və başqa içkilərdən təklif etdi. Kamal:
– Mən bura səninlə qədəh toqquşdurmağa gəlməmişəm, Zakir! Səninlə bir məsələni çürütməyə gəlmişəm! Mənə olan borcunu ödəməlisən!
Zakir uzun zamandır özünü belə müşkül, belə çıxılmaz vəziyyətdə hiss etməmişdi. Dişi bağırsağını kəssə də, Kamalın qarşısında əl-qolu bağlı, dili gödək idi. Ayrı vaxt olsaydı Zakir bu hissləri özünə yaxın buraxmazdı. Amma indi vəziyyət başqa cürdü.
– Mənə bir az vaxt ver, həll edəcəm. Pul, mülk, avtomobil, nə lazımdırsa hamısı sənin adına qeydiyyatdan keçəcək. Bilirəm, bu heç nəyi dəyişmir. Amma ölənədək sənə borclu olduğumu gözəl bilirəm. Bu aralar başım bir balaca qarışıqdır…
Kamalın üzündə nifrətə bürünmüş eyhamlı gülüş yarandı.
– Hesabını yaxşı götürmüsən.
– Kamal… – Zakir onu xəncər kimi doğrayan əsəb və gərginliyə rəğmən təmkinini qorumağa çalışdı. – Nə desən haqqın var… İnan mənə…
– Mənə sənin çirkli pulların, malın-mülkün lazım deyil. – Kamal boğa bilmədiyi hiddətlə onun sözünü kəsdi. – Mənim həyatım, mənliyim, şərəfim satlıq deyil! Mən bura səndən pul dilənməyə gəlməmişəm! Mən bura kürəkənim üçün gəlmişəm!
Zakirin baxışları, ifadəsi dəyişdi.
– Kürəkənin?! – Kamalın sözünü onun özünə təkrarladı.
– Bəli, kürəkənim! Sənin qardaşın oğlu!
Zakir qanlı-qanlı Kamalı süzdü. Baxışları dumanlandı. Hikkə onu boğsa da məcburən təmkinini qorudu.
Kamal sözlərinə davam etdi:
– Bu işə necə düyün vurmusansa, elə də çözürsən! Sənə bir neçə gün vaxt verirəm.
– O küçük mənə içəridən xox gəlir, ultimatum göndərir. Əməllərindən xəbərin yoxdur deyəsən kürəkəninin. Başını sığallayıb belə qahmar çıxmaqda!
– Sözü yoxuşa sürüb mənə başqa mövzu açma, Zakir! Hamı səni də, məni də, qardaşını da, qardaşın balasını da yaxşı tanıyır. Kimin hansı əməlin sahibi olması göz önündədir. Mən sənə sözümü dedim. Əks halda…
– Əks halda, nə?! – Zakir hiddətlə Kamalı süzdü. Çöhrəsi özünə xas sərt ifadə aldı. – Danışığından qan iyi gəlir, Kamal!
– Bu sənin əllərinə bulaşdırdığın qanın qoxusudur, vicdanına hopub. Deyəsən əllərinin qanını rütbə, kreslo yuyub təmizləyib, sənə çoxdan hər şeyi unutdurub, adındakı ləkəni ört-basdır edib. Amma keçmişindəki ləkə mənim yadımdadır. Mən sənin üzündən əvvəl astarına bələdəm.
Gözlərini Kamaldan ayırmadan siyasi təmkinlə, məlum səbirlə onu dinləyən Zakir eyhamlı, tənəli bir ahənglə dedi:
– Sənə elə gəlmirmi ki, həddən ziyadə, həm də sənə dəxli olmayan məsələlərdə yersiz danışırsan? Odla oynama! Bilirsən ki, bu od külə çevirə bilər səni.
– Bu həyat böyük bir qumar masasıdır! Uduzan masadan qalxır. Mən həyatımı bir dəfə sənin əlinlə qumara qoydum, borcumu 21 il ödədim. Sənə qurban verdim hər şeyi! Gəncliyimi! Ailəmi! Övladımı! Fəqət bu dəfə buna izn verməyəcəm! Razı olmayacam nəvələrim mənim taleyimi yaşasınlar! Mənim övladlarımın müqəddəratı ilə oynama! Onların xoşbəxtliyinə uzanan əli dibindən kəsərəm! Sənə son sözüm budur. Otur, yaxşı-yaxşı fikirləş!
– Mənə hədə-qorxu gəlmə, Kamal!
– Mən sənə hələ ki, xəbərdarlıq edirəm! – Kamal bunu deyib, ayağa qalxdı. Kabineti tərk elədi. Qapının örtülməsiylə yumruğu masaya çırpılan Zakiri hirs boğurdu. Gözünü qan örtmüş şir kimi yerində qəzəblə fısıldadı.
(Ardı var)