Firuzə Davudqızı
Aydan
Artıq evdə heç kəsin səsi çıxmırdı. Heç danışmağa söz də tapmırdıq.
Bircə həyatın zalım üzündən bixəbər olan mələk üzlü körpələrimin nəşəli səsi idi evi bürüyən.
Ruqiyyə bibi gah bizə baş çəkməyə gəlir, gah da evinə qaçırdı. Yollarda qalmışdı.
Bu gün Dilbər xanım qayıdıb gəldi. Üzgün və olduqca pərişan idi. Qayınatam reanimasiyadan çıxsa da həyatına təhlükə sovuşmamışdı. Dilbər xanım bunu bizə kədərlə nağıl edib, nəvələrini bağrına basaraq doyunca ağladıqdan sonra Azəri xəbər aldı.
Sabah növbəti apellyasiya məhkəməsi idi. Ümidimizi sabaha bağlamışdıq.
Mən uşaqlarla məşğul olsam da fikrim Dilbər xanımda qalmışdı. Gözləri yol çəkirdi. Rənanın onun üçün süzüb gətirdiyi çay hələ də masanın üzərində soyumaqda idi. Rəna yaxınlaşıb:
– Xanım, çayınızı təzələyim, – dedi. Dilbər xanım ehtiyac olmadığını bildirəndə o, əl saxladı. Saniyələr sonra mən yerə düşən fincanın cingiltili səsinə diksinib çevrildim.
Dilbər xanım əlini ürəyinin üstünə aparmışdı. Nəfəsi təngiyirdi, gözləri dolmuşdu. Rəna da, mən də dərhal yanına getdik.
– Ana, yaxşısan?
– Ürəyimə bıçaq saplandı elə bil. – O, həyəcandan səsi boğula-boğula izah etməyə çalışdı. – Heç özüm də bilmirəm nə oldu mənə. Ürəyimə sıxıntı çökdü. Havam çatmır.
– Dərman gətirim… – Rəna dərman dalınca tələsdi.
Dilbər xanım razı olmadı:
– Lazım deyil. Keçib gedər.
– Ana, gəl çıxaq eyvana. – Deyib, uşaqları Rənaya tapşıraraq onunla eyvana çıxdım. Eyvandakı stullardan birini gətirdim. – Əyləş… Meh vursun, özünə gələrsən.
Dilbər xanım daş kimi stula çökdü. Bir əli hələ də ürəyinin üstündə idi. Dolub durmuşdu. Mən onun əlini, qolunu ovuşdura-ovuşdura:
– Ana, özünü pis hiss edirsənsə, həkim çağıraq, – dedim.
– Ehtiyac yoxdur, qızım.
Bir qədər susub təkrar dilləndi:
– Azər üçün burnumun ucu göynəyir. Ətri-qoxusu gəldi burnuma. Elə sandım ürəyim bu dəqiqə partlayacaq. Fikrimdən bir dəqiqə çıxmır.
Bu sözlər verəcəyim sualı unutdurdu mənə.
Demə, başımıza gələn müsibəti ana qəlbi hiss edibmiş…
Bu vaxt küçədən siqnal verə-verə təcili yardım maşını ötüb keçdi. Dilbər xanım dərdli-dərdli köks ötürüb dedi:
– Görən kimin evi yıxılıb, mənim kimi. Allah yardımçısı olsun.
Köks ötürüb dinmədim. Qolunu ovuşdurmağa davam etdim.
Demə, bu dəqiqələrdə Azər ölümün pəncəsində can çəkişirmiş…
Rəna bir bardaq su ilə yanımıza gəldi. Dilbər xanım su da içmədi.
Bu gecə yuxumu qarışdırmış, səksənib oyanmışdım.
Azəri yuxuda kəfənə bükülmüş vəziyyətdə tabutun içində görmüşdüm. Kəfəndən qan damırdı.
Gün ərzində gördüyüm kabusun təsirindən çıxa bilməyib çin olar qorxusu ilə yuxunu dilimə gətirməyə də çəkinmişdim. Başımı övladlarımla qatmışdım. İndi Dilbər xanımın bu narahatlığı ürəyimə izaholunmaz qəribə hisslər gətirmişdi.
***
Vüqar dəstəyi qaldırıb cavab verdi. Rəşid idi. Birbaşa sual verib maraqlandı:
– Uşaqlar hamısı studiyadadır?
Vüqar onun səsinin ahəngindəki həyəcanı göydə tutsa da təmkinlə cavab verdi:
– Hamı burdadır. Nəsə olub?
– Orda olun, gəlirəm. – Rəşid eyni tonda qısa cavab verdi.
– Nə olub, Rəşid?
Xəttin o üzündə yaranan sükut Vüqarı narahat etdi.
– Rəşid, nə baş verib?
– İndicə xəbər almışıq… Bu gün… Gəzintidə… Azəri bıçaqlayıblar… – Rəşid bir anlıq susdu. Özünü toplayıb davam etməyə çalışdı. – Məlumat əldə etməyə çalışdıq, alınmadı. Tək bildiyimiz… Əməliyyata salıblar… Yəni bu qədər ciddidir vəziyyəti.
Vüqar aldığı xəbərin təsiriylə bir xeyli donmuş vəziyyətdə boşluğa baxmağa başladı. Rəşidi, ona verəcəyi sualı xatırlayıb dəstəyi yenidən qulağına tutdu.
– Bəs, axı…
Rəşid dəstəyi asmışdı…
***
…Xəbərsizlik Kobranın əsəblərini tarıma çəkmişdi. Cəmi beş addımlıq kameranı o, az qala qarış-qarış ölçmüşdü. Sonda səbri tükəndi. Onun tələbi ilə vəziri qapını döyüb nəzarətçini çağırdı. Çox keçmədən gözlük açıldı. Oranı nəzarətçinin soyuq, biganə sifəti tutdu.
– Nə var! Yenə nə olub, qaraçı tayfası kimi səsinin gur yerinə salmısan?!
– Jurnalistin vəziyyətini bilmək istəyirəm, nə oldu?
– Sənə nə! – Nəzarətçi onun ağzından vurdu. – Yekə burnuvu hara gəldi soxma!
– Bilmək istəyirəm nə baş verir.
– Çox bilsən tez qocalarsan.
Dustaq əl çəkmədi. Nəzarətçi dəyənəyi gözlüyə vurub bağırdı:
– Yum ağzını, çaqqal! Yoxsa göndərrəm səni 15 sutka karsa, orada doyunca ulayarsan özünçün!
Dustaq üzünü cəld geri çəkdi ki, dəyənəyin zərbəsi burnunu tutmasın. Kobra bir toxunuşla onu kənara itələyib özü gözlüyün önündə dayandı.
– Belə getsə, ağzını əbədilik yuman sən olacaqsan! – Nəzarətçiyə özünə xas əda ilə bozardı. – Yaxşısı budur vəziyyəti başa sal!
Nəzarətçi qapının gözlüyündə onun surətini görər-görməz səsini yumşaltdı.
– İcazə yoxdur.
Kobra halını pozmadı. Açıq istehza ilə gülümsündü:
– Mən səni də, qanunlarını da yaxçı tanıyıram. – Onun hazır dayanmış ovcuna pul basdı. – Bir az cəld!
Nəzarətçi sağına-soluna boylanıb bəxşişi sehrbaz cəldliyi ilə cibə endirdikdən sonra eyni fəallıqla Kobranın adına gəlmiş “ksiva”nı onun barmaqları arasına sıxışdırdı. Gözünün birini işarə ilə qıydı. Və dərhal gözlüyü qapayıb getdi. “Ksiva” bir öncəki korpusdan – kameraparan tərəfindən məxsusən Kobraya göndərilmişdi. Kobra kağızı tələsik oxudu: “Jurnalistin vəziyyəti ürəkaçan deyil. Bütün paqonniklər bura tökülüblər. Vəziyyət ciddidir. Kameralarda “şmon” aparılır. Bir azdan növbə sizindir. Bunu bil ki, sizi qəsdən sona saxlayıblar. Ətrafındakıları bir də sınaqdan keçirsən pis olmaz. Bu hadisə bəzilərinin əlinə fürsət verdi. Məncə, aramızda satqın var. Onu tapmaq və cəzasını şəxsən kəsmək lazımdır! “Qiymətli” nəyiniz varsa, yox etsəniz yaxşı olar. Əgər jurnalist o dünyalıq olsa, kimsə yanacaq! Ayıq ol! Çünki sənin ona qərəzli münasibətindən hamı xəbərdar idi”.
Kobranın qanı qaraldı. Yumruğunu zərblə masaya çırpdı. Kağızı oxuyub qurtarandan sonra yandırdı. Onu bu əhvalda görüb kimsə cınqırını çıxarmadı.
Kobra ilan vurmuş adam kimi yerində dura bilmirdi. Şmondan təmiz çıxmaq indi ölüm-qalım məsələsi idi. Sınayıcı nəzərlərlə dustaqları bir-bir süzdü. Var-gəl edə-edə düşündü: “Alçaqlar! İkibaşlı oyun oynamağa başlayıblar!”
Mərdəkan
Dilbər xanımın gəldiyini eşidənlər onun başına yığılmışdılar. Ev ardı-arası kəsilməyən qonaqlarla dolu idi. Hamı bir ağızdan qayınatama Allahdan şəfa diləyir, bu ağır günlərin tezliklə ötəcəyinə bizi inandırmağa çalışırdılar. Əsl məsələdən isə kimsə söz açmamışdı. Demə, hamı xəbərdarmış.
Axşam saatlarında Səməndər əmi Azərin dostu Vüqarla bizə gəldi. Hal-əhval sorub, nəyə ehtiyacımız olub-olmadığıyla maraqlandılar.
Səməndər əmi gedərkən həyətdə Vüsətlə bir xeyli söhbət etdi. Hiss etdim ki, onlar gedəndən sonra Vüsət qəm dəryasına batdı. Qaşlarının düyünü açılmadı. Fikirli və mütəəssir göründü.
Rənadan apellyasiya məhkəməsinin təxirə salındığını öyrəndik. Demə, əsl səbəb bu deyilmiş.
İki gün sonra Dilbər xanım yenidən Rusiyaya həyat yoldaşının yanına qayıtmalı oldu.
Rəna isə başımıza gələnləri məndən cəmi 3 gün gizlədə bildi. Onun məndən xəlvət ağladığına, Vüsətlə xısın-xısın danışıb göz yaşlarına boğulduğuna şahid olsam da, o, hər dəfə müxtəlif bəhanələr gətirmişdi.
Gecədən ötürdü. Ürəyim bərk sıxılır, üzüntüdən boğulurdum. Yuxumu ərşə çəkən səbəbkarın fikri, xəyalı yenə qəsdimə durmuşdu. Həsrəti yenə bir qığılcım kimi varlığıma düşüb ruhumu odlamaqda idi.
Bilmirdim nə yanlışımı görmüşdü fələk, mənə çox ağır bir cəza kəsmişdi. Bu cəza ölümün yanında heç nə idi, hər günümü əzablara düçar edən sonsuz bir işgəncəydi. Ayrılıq başımızın üstünü qara buludlar kimi alan gündən hicran odunda yanıb külə dönmüşdüm. Yollara dikilən, onu gözləyən yorğun gözlərim yuxuya həsrət qalmışdı. Azərin ardından axıtdığım və dinmək bilməyən göz yaşlarım yolları yuyub aparan yaz yağışından heç geri qalmırdı. Birdən dolub-boşalır, bir ara səngiyir, sonra yenə gurlayırdı.
Körpələrim çoxdan yuxuya getmişdilər. Mışıl-mışıl yatırdılar. Qalxıb pəncərənin önünə keçdim. Göy üzü necə də sakit və aydın idi. Gözümü sayrışan ulduzlardan çəkmədən bir an belə olsun ağlımdan çıxmayan Azəri düşünüb ixtiyarsız olaraq ah çəkdim. “Görəsən o, neynir bu dəqiqə? Mənim kimi yuxusuna haram qatılıb? İnanmıram yatmış ola. İnanmıram! Kaş bu dəqiqə, bu dəm, bax, burada yanımda olaydı. Məni məhəbbətlə qucaydı. Şıltaq gülüşlərimlə uşaq təki ona sığınıb başımı köksünə qoyaydım. Ürəyinin döyüntüsünə, nəfəsinə qulaq asa-asa gecə böcəklərinin səsi-sədası altında yenə birlikdə baxaydıq ulduzlara. Onların arasından öz ulduzumuzu axtarıb tapaydıq. Sonra da qollarının arasında şirin yuxuya dalaydım. Və hər zamankı kimi məni oyadıb yatağımda yatmağı təkid edəydi”.
Mən indi də o ulduza baxırdım. Gözümü ondan heç cür çəkə bilmirdim. Göy üzünün ənginliklərindən üzü bu yana, bizə tərəf gələn bu işıq, bu şölə sanki qəlblərimizə uzanan və bu anların sehrində bizi bir-birimizə bağlayan işıqlı, simsar bir körpü idi. Bir tayında mən dayanmışdım, o biri tayında Azər. Və xəyalən Azərlə dərdləşirdim.
“Səninçün yaman darıxıram! Xəyal edə bilməyəcəyin qədər çox! Səni bir də nə vaxt görəcəm, bəlli deyil. Məni ən çox üzən də elə budur. Niyə mənə belə zülm elədin? Verdiyin cəza çox ağır oldu. Çox! Sənsiz həyatın mənası qalmayıb artıq”.
Əgər həsrətin bitəcəyi məlum, dəqiq bir ünvanı olsa, hicranın sonunu gözləmək, ona qatlanmaq bəlkə də asan olar. Bəlkə də… Ən azından bir ümid işartısı közərər qəlbində. Amma bu intizar nə zaman bitəcək, bilmirəm.
Bir qədər sonra mətbəxə keçəndə Rənanın iş görə-görə göz yaşları içində Allahdan kömək dilədiyini eşitdim.
– Sən qıyma, Ya Rəbb! Körpələrinə bağışla! Gəncliyinə bağışla! Ailəsinə, yarına bağışla! Bu dərdə dözə bilməzlər! Bir daha qəm göstərmə!
Təəccüblə səsləndim:
– Rəna!
Rəna özüylə, ürəyi ilə danışdığından mətbəxə gəldiyimin fərqində olmamışdı. Diksinib özünü toplamağa çalışdı. Sözləri ürəyimə necə təlatüm salmışdısa, şübhə içində soruşdum:
– Nə olub, Rəna?
– Xanım, elə bildim siz artıq yatmış olarsız.
– Səncə, bu qədər dərd-sərlə, fikir-xəyalla yatmaq mümkündürmü? Sən mənə de görüm, nə baş verib.
Rəna susdu. Lakin israrımı görəndə məni aldada bilməyəcəyini anlayıb, mənimlə şərt kəsdi. Gözüm yolda, qulağım səsdə olduğu üçün naəlac razılaşmalı oldum.
Rəna yalnız bundan sonra dilini sürüyə-sürüyə Azərin başına gələnləri açıb söylədi.
Aldığım xəbər verdiyim sözə əməl edə bilməyəcəyim dərəcədə sarsıdıcı və ağır idi. Stula çöküb yanıb yaxıla-yaxıla ağlayırdım. Rəna bardağı su ilə doldurub yanıma gəldi.
– Xanım, sakit olun! Ay aman, mən nə etdim, bu dilimi dinc saxlamadım.
Hıçqırıqlar içində Rənanın əlinə-ayağına düşdüm:
– Gizlətmə, yalvarıram sənə! Düzünü bilmək istəyirəm. Həyatda deyil hə, ona görə heç nə demirsən?
– Allah qorusun, xanım! Belə düşünməyin. İnşallah, sağalacaq.
Mənim səsimə Vüsət həyəcanla özünü bura yetirdi. Mətbəxin qapısında ayaq saxlayıb üzündə Rənaya sual verdi:
– Nə olub?
Rəna məyus baxışlarla ərinə baxıb:
– Açıb deməli oldum, Vüsət, – dedi.
– Əcəb yaxşı iş gördün! – Vüsət tərs-tərs Rənanı süzdü.
– Neyniyim, ay Vüsət? Nə vaxta qədər gizlədə bilərdim? Kimsə gəlib deyəcəkdi də.
Vüsət başını bulayıb dodaqlarını bir-birinə sıxdı.
Göz yaşlarım leysan olub axırdı. Vüsətə ünvanladığım sual onu çətin vəziyyətdə qoydusa da, cavab verməli oldu:
– Haradadır indi? Vəziyyəti necədir?
– Əməliyyat olunub. Tək bildiyim budur, xanım.
Bilirdim ki, Vüsət çox şeydən xəbərdardır, amma demir. Hər gün Səməndər əmiylə telefon əlaqəsi saxlayırdı. Nə danışdığını bilməsəm də, o, hər gün bir az da məyuslaşırdı.
Mən bu cavabla hönkürüb ağlamağa davam etdikcə Rəna bir yandan məni sakitləşdirməyə çalışır, digər tərəfdən Allaha dua edirdi.
Bir qədər toxtadıqdan sonra Vüsətə:
– Atamı görmək istəyirəm, – dedim. – Danışmalıyam onunla.
Gecədən ötürdü. Buna baxmayaraq evə zəng vurdum. Telefona yuxulu səslə Məqbulə cavab verdi. Atamın evdə olmadığını, əmimlə getdiyini söylədi. Demə, üç gündür hamı orada – Azərin vəziyyətindən bir xəbər bilmək üçün xəstəxanada gözləyirmiş…
(Ardı var)