Firuzə Davudqızı
Həbsxana
Ötən gün həbsxanaya onu ziyarətə gəlmiş bir tanış adamdan eşitdiyi xəbərlər Azərin dünyasını qaraltmış, dincliyini əlindən almışdı. Nə vəkil, nə dostları, nə də Səməndər ona son günlər evdə nə baş verdiyi barədə bir söz deməmişdilər. Əmin olmaq üçün o, evə zəng vurmaq istəsə də nəzarətçi buna imkan yaratmamışdı.
Həmin gecəni səhərədək gözünə yuxu getməyən Azər yatağın içində çevrikib durmuş, dəli-dəli düşünmüşdü. Əli heç yerə, heç kimə çatmadığından dəliyə dönmüşdü. Sonrakı gecə də eyni qayda ilə keçmişdi. Çöldəki fırtınadan xəbərsiz qalmışdı, bütün günü düşündüklərindən sonra onu ürəkbulanması tutmuşdu. Üstəlik, həmin gün Aydan telefona gəlməmişdi, bu, Azərin qəlbinə xal salmışdı, ona çatdırılan xəbərlərin doğru olduğuna şübhəsi qalmamışdı.
Növbəti gecə düşünüb-daşınan Azər səhərə yaxın bir az çimir eləmişdi ki, övladlarının ağlamaq səsinə yuxudan oyandı. Yatağın içində qalxıb oturaraq xeyli özünə gələ bilmədi. Başında şiddətli ağrı qopmuşdu. Körpə səsi qulaqlarından çəkilib getmirdi.
Gəzintidə fürsət tapıb yaxın bildiyi məhbuslardan birinə ürəyindən keçənləri açdı:
– Mənə buradan çıxmaq lazımdır, qaqaş. Ölüm-qalım məsələsidir. Kömək edə bilərsən?
Gözü kəlləsinə çıxan Kərim baxışlarıyla dustaqlara nəzarət edə-edə pıçıldadı:
– Ağlın çaşıb sənin? Başına iş açma! Yaxın günlərdə məhkəməndir. Səbir et. Dözməlisən… Ağılsızlıq edib işini ağırlaşdırma.
Azər barmaqları arasında saxladığı siqareti əsəbiliklə sümürdü. Narazılıqla başını buladı:
– Öyüd-nəsihət istəmədim, qaqaş. Kömək istədim. Mütləq çıxmalıyam burdan! Mütləq! Sonra gec olar. Bir neçə saatlıq! Cəmi bir neçə saat. Sonra gəlib təslim olacam. Atamın vəziyyəti yaxşı deyil, can üstədir. Onunla görüşüb geri qayıdacam. Axşam olmamış dönəciyəm, əmin ol.
Onlar astadan danışır, gəzinən dustaqlar yanlarından keçəndə söhbəti yarıda saxlamalı olurdular. Kərim məzəmmətlə:
– Buradan çıxmaq qeyri-mümkün bir işdir. Bu fikri başından çıxart! – dedi.
Azər geri çəkilmək istəmədi. Eyni təkidlə:
– Mən hər şeyi ətraflı düşünmüşəm, – dedi. – Sənin əlaqən genişdir. “Nadzor”lardan biriylə dil tapsan, onu görəcəyimi bildirsən qəbul edər. Pulun açmayacağı qapı yoxdur. Qayıdanda əlidolu gələciyəm, şübhəsi olmasın. Məni bir bəhanə ilə təqsirləndirib kameradan çıxarsın, karsa göndərsin, sonrasını özü təşkil edər. Xahiş edirəm! Bu yaxşılığını heç vaxt unutmaram!
Kərim nəzərlərini Azərin üzündə xeyli saxladı. Handan-hana təəssüf hissi ilə dedi:
– Evdə baş verənləri nahaq gəlib sənə bildirirlər. Bura zindandır. Bu qalanın girişi var, çıxışı yox. Çıxarsa, yalnız Allah çıxara bilər. Təmkinli ol.
– Bacarmıram! – Azərin ürəyini didib-parçalayan nigaranlıq çöhrəsində gərgin ifadəyə dönmüşdü. – Alınmır!
Kərim bu fikri onun başından qovmaq üçün cidd-cəhdlə nəsihət verməkdə ikən Azər etmək istədiklərini zehnində götür-qoy edə-edə dumanlı-dumanlı Kərimə baxırdı. Onu saran kinin, qəzəbin təsirindən Kərimi görmürdü, eşitmirdi. Əlləri uçunur, çənəsi kilidlənirdi. Günlərdir onu tərk etməyən hirs, əsəb azğın qurd kimi beynini gəmirirdi. Çənəsini ovuşdura-ovuşdura ümid sorağında olan, əlli mümkün çarə axtaran baxışlarını qaldırıb başının üzərindəki dəmir tor örtüyə, üstündə gəzinən və onları buradan müşahidə edən nəzarətçiyə baxdı. Dəli bir istəklə bu dəm, bu vədə azadlıqda olmağı arzuladı.
Sərt üzündə qəddar ifadə donmuş nəzarətçinin onlara tuşlanmış soyuq baxışları Azərə Kərimin sözlərində nə qədər haqlı olduğunu bir daha sübut edirdi. Azər mümkünsüzlüyü dərk edən ifadə ilə dodaqlarını bir-birinə sıxdı. Əlacsızlığından hiddətlə düyünlənən yumruğunu hirslə o biri əlinə çırpdı. Dərin köks ötürüb ayağa qalxdı. Hövsələsi daraldığından üzünü əsəbi tərzdə ovuşdurub canındakı hirsi qovmaq üçün gəzinməyə başladı. Kərim də ona qoşuldu. Yanınca addımlaya-addımlaya dedi:
– Sən elə zənn edirsən bu işlər uşaq oyuncağıdır? Heç bilirsən nə danışırsan?
– Ağıllı bir variantın varsa deginən. Öyüd-nəsihət istəmirəm!
Kərim narazılıqla dilini nırçıldatdı:
– Başa düş! Heç kim özünü bu boyda riskə atmaz, qardaşım. Arxasında nə qədər yüksək məbləğ durursa dursun. Sonra o pullardan qan qusdurarlar adama. İkincisi də bunlar, – nəzarətçiləri nəzərdə tutdu, – arxada nə alçaq iş görürlərsə görsünlər, rəisin ayağını tapdamazlar. Çünki hamısı öz adamlarıdır. Səni əmin-arxayın edib, səninən əlbir olduğuna inandırıb yola salar, sonra özünü sudan quru çıxarmaq üçün rəisə satar səni.
Azərin səsinin çıxmadığını görüb Kərim sözləriylə ona təsir etməyə çalışırdı.
– Tələ qurarlar… Qayıdan kimi maddəni yükləyər belinə, üstəlik, şərləyib göndərər gedər-gəlməzə. Pulundan da olarsan, gələcəyindən də. Belə səhvə yol vermə. Unut bu fikri! Ağlını başına yığ!
Azər Kərimdən ona haray gəlməyəcəyini anlayıb son çarə axtarmaq üçün ondan ayrıldı. Dilxor halda gəzinə-gəzinə siqaretdən sümürdü.
Bu vaxt Kobranın “vəziri” Kərimi kameraya çağıtdırdı. O, Kobranın hüzurunda Kərimdən soruşdu:
– Nə məsələdir? Danış görək.
– Anlamadım. – Kərim çaşqınlıqla hər ikisini süzdü.
– Özüvü tülkülüyə vurma! – Məhbus hökmran bir əda ilə səsini qaldırdı. – Jurnalistin nə işi düşüb sənə? İstəyi, tələbi nədir?
Kərimin ifadəsi dəyişdi. Lakin dillənmədi.
– Səni çox gözləməli olacağıq? – Bu dəfə Kobra ona baxmadan sual verdi.
– Söhbət edirdik. Hamı necə, biz də elə.
Kobranın qəfil şilləsi Kərimi necə tutdusa yerində səntirlədi. Səsini xırp kəsdi. Kobra onun yaxasından yapışıb burnu bərabərində saxladı.
– Hamını bura qatma, küçük! Mən sizdən danışıram! – Kobra səsini göyərtdi. – Sən buranın qayda-qanunlarını unutmusan, yoxsa özündə deyilsən? Burda təkliyə çəkilib plan quranın mənim hüzurumda aqibəti necə olur, məgər bilmirsən? Qancıq itlər kimi tinə-bucağa çəkilib ona nə dərs keçirdin? Qruplaşma yaradırsan? Təxribat hazırlayırsan? Bəlkə könlündən çevriliş etmək keçir? Mənim yerin altında da, divarların arasında da gözüm-qulağım var, bəlkə yadından çıxıb?
Kərim vəziyyətin son dərəcə ciddi olduğunu anlayaraq çox dərinə getmək istəmədi. Aralarındakı sirri ələ verməmək üçün Azəri işarə edərək tamam soyuqqanlı halda:
– Övladı üçün bərk narahatdır. Evlə əlaqə saxlaya bilməyib ki, ondan xəbər tutsun. Bunun nigarançılığı içindədir. Bu barədə danışırdıq.
– Təkcə bu?
– Başqa nə olmalıdır ki?
– Olsun! Mən dediyin bu sözlərin doğru olub-olmadığını yoxlatdıracam. Bu işin altından bir qəmiş çıxsa sənin aqibətin necə olacaq, orasını daha özün fikirləş.
Kərim mövqeyini dəyişmədi:
– Doğrusu nədirsə onu da dedim.
Kobra daha bir söz deməyib onu azad buraxdı. Üzünü əlaltısına tutub:
– Bu ikisini gözündən iraq qoyma, – dedi. – Xüsusilə də Əhmədovu. Bu çaqqal yalan danışır. Ya da, ola bilsin, jurnalist bunu da aldadıb. – Kobra bunu deyib fikrə getdi. Xeyli düşüncəli göründü. – Bu məsələ uşaq məsələsi deyil. Uşaq çoxdan evindədir. Bundan jurnalist özü də xəbərdardır. Başqa problem var. Nadir tərəfdən kimsə onunla burada görüşüb, xəbər gətirib. Məncə, məqsədli şəkildə. Çünki yaxın zamanda apellyasiya məhkəməsidir. Jurnalistin azadlığa çıxmaq şansı var. Bu isə bir çoxlarına sərf eləmir. Ona görə bu işə əl atıblar. Ailəsini ortalığa atıb başqa bir planla hücuma keçiblər. Guya Nadir qızını da, nəvələrini də götürüb aparıb. Atası bu səbəbdən infarkt keçirib, vəziyyəti ağırdır, xəstəxanadadır. Jurnalisti vurmaq üçün bu dəfə Nadirin adından istifadə edirlər. Əslində isə Ənvərin xəstəxanaya düşməsinə səbəb başqa bir məsələdir.
Məhbus maraqla onu dinləyib, mənalı tərzdə dodağını büzdü. Kobra davam edirdi:
– Ona görə gecəsi-gündüzü qarışıb. Fikrim ondadır, üç gecədir yuxu yatmır. Dilxor olub. Üsulluca başa sal onu, tələsməsin! Bu saat beyni qandır, nə etdiyini, nə dediyini bilmir. Mən onun nə fikirdə olduğunu bilirəm. Səhvə yol vermiş olar. Bu çaqqalı da bilərəkdən sıxma-boğmaya salmışdım ki, nəzərimi üzərində hiss etsin, Əhmədovun təklifinə, xahişinə boyun qoyub özbaşına iş görməsün. Bu oğlan mənə lazımdır. Ona çatdır, əgər intiqam almaq barədə gələcəkdə niyyəti, məqsədi olsa, arxasındayam. Elə baxmaginən mənə, mən nə dediyimi qəşəng bilirəm. Əlbət, dünən düşməmişəm bura. Ona de ki, ağlını başına yığsın. Qisas alınası adam Nadir deyil.
…Şam yeməyindən sonra Kobranın vəziri masaya qayıdıb Azərlə yanaşı əyləşdi.
Kobranın təlimatı ilə ona düzgün yolu “xırdaladı”. Azər vəzirin “nəsihətini” gizli kinayə ilə dinlədi. Məhbusun ona nə səbəbə yaxınlaşdığını o ağzını açmamış sezmişdi. Gəzintidən qayıdanda Kərim ayaqüstü ona pıçıldamışdı: “Söhbətimizi eşidən olub. Qərarından xəbər tutmuş ola bilərlər. Şübhələniblər. Ehtiyatlı ol”.
Məhbusu sonadək dinləyib baxışlarını qaldırıb Kobranın üzündə saxladı. Onları öz taxtından seyr edən Kobra məhbusun ona dediklərini başını yüngülcə tərpətməklə təsdiqlədi.
Azərin üzündəki ifadə dəyişmədi.
…Gecənin bir aləmi kamerada yerə düşən bıçağın cingiltisi bu işdə marağı olan bir dəstə məhbusa çox söz deyirdi. Bu müvəffəqiyyətsiz işin məğlubiyyətindən xəbər verən ilk sinqal idi.
Yuxuya dalmış kamerada gizli narahatlıq hiss olundu. Kameranın qaranlıq guşələrindən neçə qapalı, neçə yuxulu göz timsah baxışları ilə qəflətən açıldı. Bir neçə saniyə sonra duyduqları ikinci səs qum torbası kimi beton döşəməyə çırpılan məhbusun boğuq iniltisi oldu. O, bir daha Kobranın əlindən çıxıb qurtulmağa can atanda buna müvəffəq ola bilmədi. Yumruq, təpik səsinə söyüş də əlavə olununca bayaqdan yatdıqlarını sandığı neçə məhbus həmrəylik nümayişi göstərircəsinə göz qırpımında kameranın ortasına cəmlənmişdi.
Səs-küyə, guppultuya işıqlar yandırıldı. Nəzarətçilər bir ucdan söyə-söyə kameraya doluşdular.
– Nə mələşirsiniz, əclaflar? Yuxuda ananızı görübsüz? Yoxsa könlünüzə kars havası düşüb?
Nəzarətçilər qapıda görünən kimi kimsə qarışıqlıqdan istifadə edib dabanıyla bıçağı ayaq altından kənara itələdi. Bir neçə saniyə sonra isə bıçağı arxada çiyin-çiyinə dayanmış məhbuslar bir-birinə ötürüb aradan çıxardılar.
Akif məhbusların arasından çıxıb Kobraya sui-qəsdə cəhd edən məhbusa hər kəsin gözü önündə tutarlı bir şillə çəkdi. Bununla da ürəyi soyumadı. Şalvarının ipliyindən yapışıb onu irəli itələyərək yumşaq yerinə bir təpik də ilişdirdi.
Bu məqamda Kamal gözucu Azəri süzdü. Baxışları toqquşanda Kamalın eyhamla dodağı qaçdı. Bu “mükafat” üzərinə düşən işi düzgün yerinə yetirməmiş, səhvə yol verdiyi üçün nəzarətçilərdən arxada durmuş adama işarə idi.
– Qumarda uduzub, alçaq, borcunu ödəmir. Onun-bunun cibinə girmək istəyirdi.
Kamal yenə Azərə baxdı. İstehzalı təbəssümlə ona göz vurdu.
Kobra artıq əmin idi. Dəqiq bilirdi ki, onun ölümünə fətva verib satqınlıq edən Akif və adamlarıdır. Akif indi düzüb-qoşduğu yalanla dilinə güc verib gözə kül üfürür, əslində isə bu planın üzərində çoxdan baş sındırırdı. Çünki Kobranı taxtından salmaq istəyirdi. Üstəlik, onun Azərə qarşı fikirlərinin müsbət mənada dəyişdiyini də sezmişdi. Kamerada davanı təşkil etdirməsinə baxmayaraq Azərin Kobranı rəisə satmadığını öyrənəndən sonra Kobranın ona qarşı fikirləri, düşüncələri fövqəladə dərəcədə dəyişmişdi. Akif bunu həzm edə bilmirdi.
Nəzarətçi iki gün əvvəl böyük ümidlə gətirdiyi dustağı indi müştərinin geri qaytarıb başına vurduğu zay mal kimi qabağına qatıb söyə-söyə apardı.
***
…Günlərdir sıxıntıdan özünə yer tapa bilməyən Azər bu gün gəzintiyə çıxsa da fikir-xəyal içində boğulurdu. Fikri atasının yanında qalmışdı. Özünü labirintdə hiss edirdi. Dönüb-dolanıb eyni yerə çıxması onu məngənə kimi sıxırdı.
Kənara çəkilib düşüncələri ilə baş-başa qalmışdı ki, bu vaxt qələbəliyin arasından çıxan bir məhbus addımlarını yeyinlədərək onun qarşısına keçib ört-basdır etməyə çalışdığı həyəcanla:
– Azər sənsən? – deyə ətrafa göz qoya-qoya soruşdu.
Azər fikirdən ayrılıb durğun əhvalda, üstəlik, bir qədər gərgin cavab verdi:
– Tutalım ki, elədir.
Məhbusun üzündə bu an müəmmalı təbəssüm yarandı. Nüfuzedici nəzərlərlə Azərin gözlərinin içinə baxa-baxa:
– Səninlə bir məsələmiz yarıda qalmışdı, – dedi. – Yadına düşər bəlkə, xaricdə. Otelin yaxınlığında.
Zehnini tamam başqa məsələ məşğul etdiyindən Azər onun nə barədə danışdığını əvvəlcə anlamadı. Üz-gözünü turşutdu:
– Necə?
Məhbus bir addım da Azərə doğru gəldi. Onunla burun-buruna dayandı:
– Zeynalov yadındadır? Bağ söhbəti! Şüvəlan!
Azər söhbətin kimdən getdiyini xatırlayıb gərildi. Zəndlə məhbusu süzdü:
– Nə lazımdır sənə?
– Mənə heç nə! – Məhbus qanlı-qanlı Azəri süzüb, kin-küdurətlə gülümsündü. – Zeynalovun sənə salamı var! – dedi. Sözünü bitirməsi ilə hazır saxladığı bıçağı Azərin qarnına sancması bir oldu. Gözləmədiyi qəfil təkandan duruxan, çaşqınlıq içində məhbusun gözlərinin içinə baxan Azər onun simasındakı intiqam yanğısını bu zaman aydın gördü. Məhbus bir neçə saniyə sonra bıçağı geri çəkib, gözlərini Azərin gözlərindən çəkmədən ikinci zərbəni endirdi. Bıçağı çıxararaq göz qırpımında Azərdən ayrıldı. Tamam sakit şəkildə yoluna davam etdi. Məhbusların arasına qarışıb gözdən itdi.
Əlini qeyri-ixtiyari vucuduna aparan Azər barmaqlarının arasından bu an qanın necə süzüldüyünü gördü. Onun ayaq üstə tərpənmədən dayana bilməsi bir neçə saniyə çəkdi.
Ayaqlarının bədənini saxlamağa gücü-qüvvəsi çatmadı. Və o, kökündən kəsilib yıxılan çinar kimi aşdı.
Məhbuslar arasında təlatüm yarandı. Aləm qarışdı. Kərim Azərin vurulduğunu anlayan və yanına qaçan ilk məhbus olmuşdu. Kobra irəli yeriyib nə baş verdiyini görəndə əlindəki təsbehi onu saran hiddətlə sıxdı. Baxışları məhbusların arasında bu işi görən adamı aradı.
Üç gün əvvəl nəzarətçilər bir neçə dustaqla birlikdə Kamalı da kameradan bir başqasına etap eləmişdilər. Köhnələr yenilərlə əvəzlənmişdi. Sual verənlərə bağırır, açıqlama vermirdilər. Bu təmizlik işinin əsl mahiyyəti Kobraya bu gün bəlli oldu. Əsl məqsəd sui-qəsdi həyata keçirə bilmək üçün Azərə tərəf olan məhbusları aradan çıxarıb həndəvəri təmizləmək, maneələri ortadan qaldırmaq imiş. Kamal bunun məqsədli şəkildə aparıldığından duyuq düşübmüş kimi gedərkən Azərə “Özünü bu əqrəblərdən qoru!” demişdi.
Xəbərin içəriyə çatması uzun çəkmədi.
Nəzarətçilər rəislə birlikdə səs-küyə həyətə töküləndə bıçağın qanını əlindəki dəsmala silib qələbəliyin arasından sivişib çıxan məhbus görkəmindəki qatil ona nişan verilən nəzarətçinin böyrünə düşüb, qarışıqlıqda gözdən itdi.
(Ardı var)