Firuzə Davudqızı
Ertəsi gün
Ənvər Səməndərlə birlikdə oteldən çıxıb taksiyə əyləşəndən sonra aeroporta üz tutan maşının istiqamətini yarı yolda geri çevirtdirmişdi. Səməndər onun gəldiyi qərarı təəccüblə qarşılasa da, qınamamışdı. Qətiyyən. Çünki Ənvər əlində olan sonuncu şansını da sınamaq istəyirdi.
…Avtomobil malikanənin dəmir haşiyəli iri darvazası önündə dayananda Ənvərin sinəsindən odlu-alovlu bir ah qopdu. Daxilən özünə pıçıldadıqlarını özü də hiss etmədən Səməndərə eşitdirdi:
– “Övlad adamı düşmən qapısına aparar” deyimi burada öz təsdiqini tapır, qardaşım. Necə də doğru imiş. Daha qürur gözümə görünmür. Daha mənlik, heysiyyət barədə düşünmürəm də. Azər zindana düşən gündən mən, mən deyiləm! Çoxdan sınmışam! Çoxdan əyilmişəm! Eyib etməz, bu da növbəti olsun! O körpələrin üzünə baxanda onsuz da ölüb-dirilirəm. Nə şərt irəli sürülsə razıyam, yetər ki, oğlum… yetər ki, oğlum qayıdıb evinə gəlsin, ailəsinə sahib çıxsın. Daha gücüm qalmayıb, Səməndər. Açıq deyirəm. Gözlərimi bu dünyaya yummazdan əvvəl Azərin evə qayıtdığını görüm, ayrı heç nə istəmirəm.
Səməndər onu düşündürən suallara cavab aldığından dostuna təmkinlə cavab verdi:
– Səni başa düşürəm. Anlayıram. Səbirli ol. Hər şeyin yoluna düşəcəyinə mən də ümid edirəm.
Ənvər özündə güc toplayıb qapını açdı. Ləng hərəkətlə maşından endi.
Səməndər də Ənvərlə eyni anda taksidən enib, onunla gəlmək istədi. Lakin Ənvər buna razı olmadı.
Ağır addımlarla qapıya yaxınlaşdı. Mühafizəçilərə kim olduğunu bildirən kimi onlar Ənvəri sorğu-sualsız içəri buraxdılar. Bu nüans Ənvərin diqqətini çəksə də, çox üstündə dayanmaq istəmədi. Dərdi başını özünə elə qarışdırmışdı ki, xırdalıqları araşdırmaq həvəsində olmadı. Xidmətçi onu saraya bənzəyən, son dərəcə geniş, çilçıraqla dolu dəbdəbəli salona gətirib burada gözləməsini bildirdi.
Bir neçə dəqiqə sonra Ənvər salona açılan başqa bir qapıdan içəri daxil olan şux geyimli, damağında siqar tüstüləyən yaşlı adamın səsinə çevrildi.
– Gələcəyini bilirdim! Çoxdan gözləyirdim səni. Lap çoxdan.
Ənvər ağır addımlarla ona doğru gəlməkdə olan qocanı zəndlə süzdü. Haradasa gördüyünü sanıb xatırlamağa çalışdı. Cizgiləri tanış gəlsə də, heç cür yadına sala bilmədi. Ürəyinə qəribə hisslər doldu. Amma bütün səyi ilə bunu bəlli etməməyə çalışdı. Onu başdan-ayağa süzən qocanın dodağı yüngülcə qaçdı. Havasında eyham yatan kin-küdurətli səs tonu ilə:
– Yaşlanıbsan, Əhmədov. Üç il əvvəl belə görməmişdim səni, – dedi. – Bala dərdi yaman olsa gərək.
Ənvər bu sözlərdən sonra özünü qəlbinə bıçaq saplanmış kimi hiss etdi. Təlatümlü baxışlarla qocanı süzdü. Onun üzündəki talan olmuş ifadəni məmnunluqla seyr edən qoca bu baxışları görəndə eyhamla gülümsündü.
– Tanımadın deyəsən.
– Tanımadığıma görə, deməli, dost deyilsən.
Qoca bu cavabdan riqqətə gəlib əlini şəstlə digər əlinə vurdu. Dodaqlarındakı kinayəli təbəssüm silinib getmədən şəstlə dedi:
– Heç dəyişməmisən, cənab prokuror! Məğrur! Təkəbbürlü! Hazırcavab! Düz buyurdun! Dost deyiləm! – Qocanın üzündəki məmnun ifadə işıq sürətilə dəyişib öz yerini kin-küdurətə verdi. Siqarı damağından götürüb qanlı-qanlı Ənvəri süzməyə başladı. – Dost deyiləm! Sənin qanını içməyə hazır olan qatı düşməninəm! Yadındadırmı, illər əvvəl məhkəmədə mənə hökm oxuyub qoluma qandal vurdurduğun gün sənə dediyim sözlər? Ümid edirəm unutmamısan. Bütün bu həngamə, bu baş verənlər dediyim o sözlərin havaya atılan boş güllə olmadığının sübutudur. Bu gün ətrafında olan kim varsa, nə çəkirsə, səbəbkarı sənsən! Sən, cənab prokuror! – Son sözləri xüsusi vurğuladı. – Lənət şeytana, keçmiş prokuror! Sən məni unuda bilməzsən! Sən Firdovsi Şahbazovu unuda bilməzsən! Bu gün səni mənim ayağıma gətirən bu səbəb üçün mən milyonlar xərcləmişəm, Əhmədov! Milyonlar! Ağlasığmazdır, elə deyilmi?
Feliksin sonuncu sözləri Ənvərin başı üzərində gurlayan mərmi partlamasına bənzəyirdi, qulaqlarında dəhşətli əks-səda verirdi. Rəngi kül rənginə dönmüşdü.
Bundan beləsinə tab gətirə bilmək üçün Allahdan güc-qüvvət istədi.
Feliks aman vermədən Ənvərə zərbə endirməyə davam edir, bundan hədsiz zövq alırdı. Onun əhval-ruhiyyəsini, dəyişən rəngini seyr edib soyuqqanlıqla:
– Niyə susursan, Əhmədov? – dedi. – Danışıb razılığa gələ bilərik. Bu qədər asan! Bu qədər sadə! Bu gün, burada, hər kəsin gözü önündə mənə baş əyib, qarşımda diz çöküb, oğlunun həyatını bağışlayım deyə yalvaracağın təqdirdə bu işi yoluna qoya bilərəm. Çətin deyil əslində.
Ənvər hiddəti ölçüyə gəlməyən bir ifadə ilə:
– Mən bir quldurun, oğrunun, cinayətkarın qarşısında baş əyib, yalvarıb rəhm diləmərəm ki, oğlumun heysiyyətini ayaqlar altına atıb, onu içəridə rüsvay edim! – dedi. – Buna razı ola bilmərəm! Sənə mənim kəlləm lazımdırsa, buyur!
Feliks istehza ilə gülümsündü:
– Sən oğlunu deyil, yenə də özünü düşünürsən, Əhmədov. Qəbul edə bilmirsən. Amma bu bir həqiqətdir. Məğlubsan! Və tək qalmısan! Nə qədər ki, gec deyil, seçimini et! Ya oğlun, ya da mənliyin!
Ənvər gözünü qırpmadan Feliksə baxırdı. Nəfəs almağın bu
qədər çətin olduğunu o, bu günə, bu anadək bilməmişdi. Öz-özlüyündə nəyə
uğradığını aydınlaşdırmağa çalışırdı. Xəyanətə uğraması ona həzm edə bilmədiyi
böyük bir gərginlik gətirmişdi. Amma artıq gec idi. O, dünən axşam Sergey
Lebedevin kabinetini tərk edəndən sonra Lebedev telefona əl atıb Feliksə zəng
vuraraq demişdi: “Təxminində yanılmamısan. Əhmədov indicə burada idi.
Tezliklə hüzuruna çıxsa təəccüblənmə. Və mən buna şəkk-şübhəsiz əminəm ki, o
gələcək. Dərd onu necə sıxışdırıbsa sudan çıxmış balıq kimi çırpınır. Bütün
yolları bağlanıb. Çarəsiz bir şəkildə vurnuxur.
Sənin də istədiyin məhz bu idi. Amma danışdığımız ki, mən ona kömək edəcəm. Və
sən mənə heç bir şəkildə əngəl yaratmayacaqsan. Mən ona söz verdim. Verdiyim
sözü tutmalıyam. Etibarımın sarsılmasını qəbul edə bilmərəm. Sən isə istədiyin
kimi, nəhayət, onunla üzbəüz dayanacaqsan”.
Feliks qarşısına qoyulan şərtlə razılaşıb, bu işdə əli olan və Ənvərə düşmən münasibət bəsləyən şəxsləri qurduğu tamaşaya dəvət etmişdi. Bu səhnədə təkcə Zakir yox idi. Amma bu əskiklik Feliksin gözünə də görünmürdü. Çünki istəyinə çatmışdı.
Feliksin təkəbbürlü səsi Ənvərin əsəblərində gəzdi:
– Sən uduzmusan, Əhmədov. Nəvəni oğurlatdıran adam onu mənə bəxşiş göndərdiyi gün uduzmusan. Bəxti yavər gedib, sağ-salamat gəlib əlinə çatıb deyə, özünlə öyünmə. Qalib deyilsən. Məğlubiyyətini qəbul edib, itaət göstərməkdən başqa yolun yoxdur. Bu sənin də, oğlunun da qurtuluşu deməkdir.
Ənvər qanlı-qanlı Feliksi süzür, daxilən alt-üst olsa da zahirən bacardığı qədər güclü dayanmağa cəhd edirdi.
Feliks sözünü bitirib salonun bir hissəsini yarıya bölən al qırmızı məxməri pərdəni kənara çəkdi. Ənvər burada vaxtilə onunla qanlı-bıçaqlı olan bir neçə şəxsi gördü. Tutulub qaldı. Amma ona daha çox təsir edən bu adamların arasında Kazımovun da yer alması idi. Ənvər şübhəsinin doğru olduğuna bir daha əmin olub sarsıldığı halda Kazımov üzündəki qalib təbəssümlə onun gözlərinin içinə baxırdı.
Onlar maskalarını çıxarıb əsl simalarını göstərən, dişlərindən qan daman yırtıcılar kimi Ənvəri dövrəyə almışdılar.
Ənvər ona tuşlanmış bu xəbis, kinli baxışları görməzliyə vurub Kazımova müraciət etdi:
– Sən niyə, Kazımov? Sən niyə?
Kazımov ona ünvanlanan sual qarşısında bilərəkdən susdu. Ənvərin aldığı bu ağır zərbədən necə əziyyət çəkdiyini görmək ona həzz verdiyi üçün bu sehri vaxtsız-vədəsiz pozmaq istəmədi.
Ənvər onların hamısını həqarətlə süzüb:
– Düz deyiblər ki, qeyrət və şərəf bahalı mülkdür. Pulla alınmaz. Sizdə bunu görmədim. Bu dünyanın haqq-ədalət tərəzisi doğrudan da səhv çəkirmiş!
Heç biri dinmədi. Acı istehza dolu təbəssüm dolandı dodaqlarında. Bu sükutu Ənvərin haqsızlığa üsyan edən gərgin səsi pozdu:
– Şərəfsiz olmadım, şərəfsizlik etmədim. Ancaq nə bəladırsa ətrafıma şərəfsizlər yığıldı. Dost sanıb evimə buraxdıqlarım bişərəf, biqeyrət çıxdı. Balama rəva bilmədiyimi kimsənin balasına rəva bilmədim bu həyatda. Ancaq qardaş dediklərim gözümün içinə baxa-baxa balamın evini yıxdı. İndi bilmirəm problem məndədir, yoxsa zəmanə biqeyrətlərin, şərəfsizlərin zəmanəsidir?! – Yenidən Kazımova baxdı. – Niyə? Neyçün? Cavab ver!..
– Düşmənimin düşməni mənim dostumdur, Ənvər. Bunda təəccüblü heç nə yoxdur.
– Düşməninin? – Ənvər təəssüf hissi ilə Kazımovu süzdü. Odlana-odlana əlavə etdi. – Mən sənə qardaş demişəm, Qurban. Övladım səni əmi bilib özünə. Sənə güvənib, sənə etibar edib evimə buraxmışam! Ailəmi sənə etibar etmişəm.
– Bilirəm. Amma bu heç nəyi dəyişmir. Sən və sənin oğlun, eləcə də nəvən qardaşın Zakirin güdazına getmisiniz. Ağırdır, bilirəm, amma qəbul et. Mən şərəfsizliyi də, dostluğa, kəsilən duz-çörəyə xəyanəti də sənin qardaşından öyrəndim. Sən və sənin ailən qurbanlıq idiniz bu oyunda. Məndən incimə.
Ənvər qəzəbin onu boğduğu bu anlarda hiddətlə Kazımovu süzür, onun boğazından yapışmamaq üçün özünü zorla saxlayırdı. Kazımov isə olduqca rahat və soyuqqanlı şəkildə etiraf edirdi:
– O biri qardaşların Zakirin ətrafında toplanıb bir-birinə dayaq idilər. Amma sən köməksiz qalmışdın meydanda. Tək idin. Buna görə səni seçdim. Çünki buna qardaşın bais oldu. Qan tökdü. Bu qan yerdə qala bilməzdi. Ömür vəfa etsə, onların da çarəsinə baxacam. Ömür vəfa etsə!
…Həmin gün Ənvər malikanədən çıxıb onu gözləyən taksiyə əyləşəndən sonra dinib-danışmaq iqtidarında olmamışdı. Daralan nəfəsini açmaq imkanı olmadığını bilib dostu Səməndərə təkcə bunu deyə bilmişdi.
– Məni xəstəxanaya çatdır.
Bundan sonra onun dili söz tutmamışdı. Həkimlər onu infarkt diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirib, vəziyyətini ağır qiymətləndirmişdilər.
Aydan
Azərin tezliklə azadlığa çıxacağı günə ümidləndiyimiz halda qayınatam barədə aldığımız xəbər bizi yerlə yeksan etmişdi. Dilbər xanım Ruqiyyə bibini mənə həyan olması üçün yanımda qoyub bizi Vüsətə əmanət edərək qardaşı ilə Rusiyaya yollanmışdı. Qəsdimizə durmuş bu həyat hər gün daha bir zərbə vururdu bizə. Sabahın isə özüylə nələr gətirəcəyini ağlımıza belə gətirmirdik. Qulağımız səsdə, gözümüz yolda təlaşla xəbər gözləyirdik. Həm Azərdən, həm qayınatamdan.
(Ardı var)