Reportyorlar (72)
- 06 May 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
…Özümə gələndə başımın üstə Dilbər xanımı gördüm. O, gözləri yaşlı, həyəcanlı bir səslə:
– Qızım! Bax gör kim gəlib. Balan gəlib. Özünü ələ al. Şükürlər olsun Allahıma, onun möcüzəsinə! – bunu deyib Arazı ağuşuma qoydu. – Allah sizi heç vaxt bir-birinizdən ayrı salmasın.
Bu adını
tapa bilmədiyim, izahını verə bilmədiyim müdhiş bir hiss idi. Sevinclə kədər
bir-birinə qarışmışdı. Övladımı bağrıma basıb için-için ağlamağa başladım.
Yoxluğuna özümü zorla inandırdığım balamın sağ olduğuna inanmaq məgər bu qədərmi
çətin olacaqmış… Yüz il düşünsəm, yenə ağlıma gəlməzdi.
Göz yaşlarım leysan olub axırdı. Dəli kimi uşağı süzürdüm. Əllərini tutub
üzünə, gözlərinə acgözlüklə, baxdıqca baxırdım. Qorxurdum bütün bunlar bir
xəyal olar. Qorxurdum gözlərim məni aldadar.
Bir yandan ağlayıb kövrəlsəm də, o biri yandan sonsuz öpüşlərə qərq edirdim balamı. Dodaqlarım “Allahım, sənə Şükür!” kəlməsini neçə dəfə təkrar etmişdi bir Allah bilir.
Hamı bu mənzərə qarşısında kövrəlsə də, sevinc içində idi. Mən hələ də bir qanadı qırıq kimi hiss edirdim özümü. Çünki Azərim bu sevinci bizimlə bir yerdə dadmaqdan məhrum idi. Beləcə bu sevinc bir az boynubükük olsa da, dünyanı bəxş etmişdilər bizə.
Arazım öz möcüzəli gəlişi ilə mənə atasının yolunu gözləyə bilməyim üçün güc-qüvvət bəxş etmişdi. Balamı mənə yenidən bəxş edən Yaradanın Azəri də tezliklə zindandan xilas etməsini diləyir, artıq sabaha ümidlə baxırdım.
Həmin axşam hamam otağında Arazı çimdirən Dilbər xanım uşağın hər əzasına diqqət yetirib salamat olduğunu gördükcə göz yaşlarına boğulsa da, asudəliklə nəfəs alıb Allaha dua edirdi. Mən bunun əsl səbəbini sonradan biləcəkdim.
O, uşağı dindirib oxşaya-oxşaya Rənaya nə etməsi barədə göstəriş verirdi:
– Körpə quzum! Nənə qurban olsun elə sənin qədəmlərivə. Mənə həyat verdin sən! Nəfəs verdin! Rəna, kömək elə.
Rəna Arazın özünü necə sakit aparmasını, hətta suyu şappıldadıb köpüklərlə oynadığını işarə edərək gülümsündü:
– Suyu sevir.
– Bəs necə? – Dilbər xanım şəstlə dilləndi. – Mənim balam ağıllı-kamallıdır da.
Yanlarında dayanıb ürəyim sevincdən pərvazlana- pərvazlana onları seyr edirdim. Arabir Arazın şampun köpüklərinə bürünmüş kök biləyindən yapışıb öpüş qondururdum. Uşaq baxışlarını çevirib zəndlə üzümə baxır, yenidən fikri onu danışdıran nənəsinə və öz oyununa yönəlirdi.
Övladım məni tanımırdı. Simamı çoxdan unutmuşdu. Hər dəfə üzümə yad adama baxar təki baxırdı. Bu mənə sonsuz əzab versə də, şadlığım qüssəmi üstələyirdi. Əsas odur balam yanımdaydı. Başa düşür, normal qəbul edirdim. Biçarəm nələrdən keçməyib ki…
Dilbər xanım onun kömür qarası şümal saçlarını şampunlayıb yuya-yuya uşaqla danışırdı:
– Səni mənə göndərən Allah, inşallah, atanı da mənə yetirsün. Bu qapıdan içəri girdiyini görüm a, ondan sonra ölsəm də qəm yemərəm.
Araz
nənəsinin sözünə bənd imiş kimi təkrarladı. “Ata”.
Onun dilindən bunu eşitməsi Dilbər xanımı sanki göyün yeddinci qatına çıxardı:
– Ay can! Dilivə qurban olum elə sənün. Can ata!
Araz sanki nənəsinin səsinə səs verdi.
– Aha, gəlsin atası quzumun! Gəlsin, inşallah!
Rəna çevrilib kövrək təbəssümlə mənə baxdı. Gözlərimin dolduğunu gördü. Hönkürtümü zorla boğub, durmayıb vanna otağını tərk elədim.
Çox keçmədən evimiz xəbəri alıb gözaydınlığa gələn qonaqlarla dolub-daşmağa başladı.
Bu gecə söhbət bütünlüklə Araz barəsində idi. Bu gecə selə dönüb axan göz yaşları xoşbəxtlikdən doğan sevinc yaşları idi.
Onun sağ olduğuna gözləriylə görənə kimi şübhə ilə yanaşanlar indi uşağa bir möcüzəyə baxar kimi baxırdılar.
Araz öz gəlişi ilə evə yeni ab-hava gətirmişdi. Çoxdandır qəm-qüssəyə məhkum olmuş bu evdə kədəri silib yox edən bir canlanma yaratmışdı.
Həmin gecə xoşbəxtliyim ölçüyə gəlmirdi. Hər iki övladımı bağrıma basıb, taxtda öz yanımda yatırmışdım. Min bir ağrı, əzaba qatlaşaraq qovuşduğum ciyərparamı yenə itərəcəyimdən qorxar təki buraxmaq, gözümdən kənara qoymaq istəmirdim.
Hər gün qəm-qüssədən
yuxusu ərşə çəkilən gözlərimə bu gün sevincdən yuxu gəlmirdi. Arazı qoxulayıb
saçlarını sığallaya-sığallaya ona baxırdım. Həsrətini o qədər çəkmişdim ki, ona
baxmaqdan doymurdum.
Belə sevincli bir gündə Azəri düşünüb dəli bir istəklə yanımda olmasını
istəyirdim. Bayaq Arazın otağa atdığı ilk addımda atasının fotoşəklini görər-görməz
içini çəkib sevinməsi, axtardığını burada tapdığına verdiyi reaksiya gözlərim
önündən çəkilib getmirdi. Bu məni daha çox kövrəltmişdi. Yatıb yuxuya gedənə
kimi şəkili əlindən yerə qoymamışdı…
…Səhər açılanda sanki bütün sehr pozulmuşdu. Araz dünən gördüyüm Araz deyildi. Yuxudan oyanandan ağlayır, səsini kəsmirdi. Heç kimə getmir, heç bir oyuncağa yiyə durmurdu. Çox narahat idi. Gözləri elə hey israrla kimisə arayırdı. Sanki doğmalarının yanında özünü yad kimi hiss edirdi. Qapının önündə dayanıb gözünün yaşını dolu kimi tökürdü. Onu dilə tutan nənəsinin, babasının əlindən tutub inadla qapıya doğru çəkir, qapını açıb bayıra çıxmaq istəyirdi.
Qayınatam uşağın necə pərişan olduğunu, yaşadıqları səbəbilə necə əziyyət çəkdiyini gördükcə haldan-hala düşürdü. Onun narazılıqla Dilbər xanıma dediklərini duyanda əzablarıma əzab əlavə olundu:
– O qadını axtarır. Aylardır yanında olub, öyrəşib. Onu istəyir. – Dərdli-dərdli köks ötürdü. – Çaşıb qalıb uşaq. Nəyə uğradığını bilmir. Anasının qucağında özgə qadının ağuşunu, ətrini arayır. Biz böyüklərin səhvinin cəzasını bu günahsız körpə çəkməli oldu. Ən böyük pislik məhz elə bu körpəyə edildi. Travmayla yaşayacaq. Düşmən bunu düşmənə eləməzdi, qardaş dediyim insan mənə nələri rəva bildi.
Dilbər xanım
göz yaşlarını silib, Arazı dindirib-danışdırmağa, qucağında sakitləşdirməyə
çalışdı.
Ertəsi gün atamla Fatimə gəldi. Atamın çəkdiyi zülmlər nəvəsini görüb onu
bağrına basdığı anda sanki yox olub getmişdi. Hər kəsdən gizlətməyə çalışdığı
nəmli gözlərinin dərinliklərində hələ də necə iztirab çəkdiyi aydın görünürdü.
Araz Fatimə ilə asanlıqla dil tapmışdı. Hətta qucağından yerə enməyib oyuncaqlarına diqqət göstərməyə başladı. Fatimə onu öpüb-əzizlədikcə birdən zəndlə xalasını süzür, sonra başını Fatimənin çiyninə qoyub tamam səssiz dayanırdı. Daha sonra qızın əlindən yapışıb onu otağımıza gətirir, barmağını atasının şəklinə uzadırdı.
Onun bu hərəkətləri kənardan baxana xoş gəlsə də, mənim ürəyimə dağ çəkirdi.
Daxilən Azərlə dərdləşir, fəryad edib onu harayıma çağırırdım. “Yalvarıram, gəl artıq! Gəl, bu əzablar bitsin! Gəl, qurtar bu hicranın əlindən məni!”
Öz dərdim özümə bəs deyilmiş kimi Fatimədən eşitdiklərim də bir yandan üzürdü məni.
Şahinin bu dəfə evdən çıxıb getməsi həmişəlik olmuşdu. Günlər sonra onun Türkana məktubda sevdiyi qadınla çəkdirdiyi yeni fotoşəkilləri, o cümlədən məhkəməyə boşanmaq üçün verdiyi ərizənin surətini göndərməsi hər şeyin üstündən xətt çəkməsinin sübutu, təsdiqi idi. Türkan daha bundan sonra mübarizə aparmağın mənasız olduğunu anlayaraq yığışıb birdəfəlik ata evinə qayıtmışdı.
Aradan iki gün keçdi. Sanki səsim Azərə çatmışdı. Araz yenə sakitləşmək bilmədən ağlamaqda idi ki, telefon zəng çaldı. Rəna dəstəyi qaldırıb cavab verdi. Və elə o dəqiqə heyrətlə içini çəkib:
– Dilbər xanım! Azərdir! – dedi.
Kövrək bir sevinclə əlimi dodaqlarıma apardım. Dilbər xanım özünü telefona çatdırıb dəstəyi Rənadan necə həyəcanla aldığını bilmədi. Ürəyi sinəsindən qopacaqcasına yanıqlı bir səslə:
– Oğlum! – dedi. – Şükür, səsini eşitdim! Şükür! Ana səsinə qurban olsun sənin! Səsinə də həsrət qoydun məni!
Ürəyim uçunub gedir, əl-ayağım əsirdi. Gözlərim yaşdan pərdələnmiş halda nəfəs dərməyi belə unudub bütün diqqətimlə Dilbər xanımın nə danışdığını dinləyirdim. Dilbər xanım hönkürtülü bir səslə bir yandan ağlasa da, bir yandan oğlunun suallarına cavab verməyə çalışırdı.
– Anan sənə qurban olsun! Biz yaxşıyıq! Səni gözləyirik! Ay can! Aha, ağlamayacam daha, yetər ki, sən sağ-salamat gəlib çıx evimizə, boyuna qurban! Sənsiz daha gücüm qalmayıb! Ətrin burnuma gələndə istəyirəm dünyanın altını üstünə çevirim! Qurban sənə, özündən muğayət ol, yaxşı? Baş üstə, daha ağlamayacam!
Rənanın da gözləri dolmuşdu. Mənim necə həyəcan keçirdiyimi görür, bunu çox istəsəm də həya edib yaxına getmədiyimi bilirdi.
Dilbər xanım xəttin o üzündən nə duydusa çevrilib mənə baxdı. Nəzərlərini üzümdən çəkmədən tez də cavab verdi:
– Buradadır, oğlum! Harada olmalıdır ki? Yox, yox, qətiyyən. Əlbəttə, öz evindədir! Salamı var sənə! Anladım, oğlum, narahat olmaginən, uşaqlar da yaxşıdırlar. Ağlayır, bir azdan sakitləşər də, üzmə sən özünü.
Rəna Dilbər xanımın işarəsi ilə Arazı onun yanına apardı. Telefonun dəstəyini hələ də ağlamaqda olan Arazın qulağına tutdu. Araz ağladığı halda səsini xırp kəsdi. Diqqətini telefonun dəstəyindən eşidilən səsə cəmləyib dinlədi. Üzünün ifadəsi dəyişdi. Dodaqları təbəssümlə doldu.
Dilbər xanım bir daha Azərə övladlarımız sarıdan, ev sarıdan narahat olmamağı tapşırdı.
Elə bu vaxt əlaqə kəsildi. Qeyri-ixtiyari saata baxdım. Beş dəqiqə. Bu qədər qısa.
Dilbər xanım əlaqənin belə bivaxt kəsildiyinə, balasıyla nəzarət altında danışmaq məcburiyyətində olduğuna daha da kövrəldi. Arazı Rənaya qaytarıb, hönkür-hönkür ağladı:
– Taleyin nə qara, fələyin nə zalım imiş, oğlum, üzün heç gülmədi!
Rəna onu ovutmağa çalışsa da, o, xeyli sakitləşə bilmədi…
***
Dövlət Təhlükəsizlik Komitəsindən Kazımovun iş fəaliyyətini araşdırmaq əmri verilmişdi. O, getdiyi hər yerdə yaradılmış xüsusi operativ qrup tərəfindən izlənir, görüşdüyü şəxslərin kimliyi tək-tək araşdırılır, ayaq basdığı hər ünvan incələnir, telefon danışıqları dinlənirdi.
Kazımov günlər sonra təhlükə barədə ilk siqnalı alar-almaz ölkəni tərk etmişdi. Artıq zaman onun əleyhinə işləyirdi. Açılan hər sabah gələcək uğursuzluqlardan xəbər verən növbəti məğlubiyyət qapısı idi. Bu yolda verəcəyi qurbanlara özünü hazırlasa da, məğlubiyyətini heç vəchlə qəbul etmək istəmirdi.
Rusiyada Həmidlə görüşüb, söhbət əsnasında düşüncələrini dilə gətirməkdən çəkinməmişdi:
– Zakir bu vaxta qədər məni görməzliyə vurub, bütün işlərimə göz yumub, bilirsənmi neyçün? Ona görə ki, yanımda zibil işi var. Ağlı varsa bundan belə də mənə ilişməməlidir. Əgər mən batacamsa, bu gəmini kapitanı ilə birlikdə batıracam.
***
Səməndər öyrəndiyi məlumatları Ənvərə bildirmək üçün bir az olar gəlmişdi.
Evdə tünlük olduğunu nəzərə alan dostlar rahat söhbət edə bilsinlər deyə sakit bir guşəyə çəkildilər. Çarhovuzun yanındakı masanın arxasına keçib əyləşəndən sonra Səməndər acı istehza ilə:
– Dostumuz az aşın duzu deyilmiş. Barəsində elə ittihamlar irəli sürülür, ortaya elə dəlillər çıxarılır ki, donub qalmışam. Əsaslı şübhələrdir. Kazımov ona himayədarlıq edənlərin “qayğı”sından “ruhlanıb” milis idarəsinin rəisi podpolkovnik Cavadovu da öz cərgəsinə qoşub. Əl-ələ verib fəaliyyət göstərdikləri milis bölməsini şəxsi qumarxanalarına çeviriblər. İnsanların taleyini, hüquqlarını, asayişi, haqq-ədaləti biryolluq qumara qoyublar. Yolu oradan düşən, ya təsadüfən oyuna atılan təqsirləndirilən şəxs həyatını rəislərin masasında əbədilik uduzur. Məsələn, xəbərin vardımı ki, vəzifəli, pullu adamların oğurlanmasını, sonra da yaxın qohumlarından onun müqabilində yüksək məbləğdə pul tələb edilməsini, yaxud bir sıra qətlləri, üstü açılmayan cinayətləri təşkil edənlərin adlarının önündə, ilk sırada Kazımovun adı gəlir? Mafiya qanunlarını təbliğ edən Kazımov və onun dəstəsi bu işləri hüquq mühafizə orqanının xidməti forması ilə həyata keçiriblər. Belə halda bu fəqir millət hansı qanuna inansın, kimə, hara pənah aparsın? İddia edilir ki, şəhərin mərkəzində fəaliyyət göstərən kafe-restoranlarda narkotik satışına şərait yaradan və əvəzində haqqını alıb bu işlərə nəzarət edən bir nəfərdir. Həmçinin şəhərin kənarında kiçik obyektlər fahişə yığnağı, əxlaqsızlıq yuvasıdır. Və bütün bu bordellərə sözügedən milis idarəsinin rəhbər şəxslərindən biri, dost deyib bağrımıza basdığımız Kazımov “krışalıq” edir.
Ənvər Səməndəri dinləyə-dinləyə ağır-ağır başını tərpətdi.
– Gələk Telman Həsənovun qətlinə. Telman bu işin sonuna çıxıb həqiqətdən hali olduğu üçün onu aradan götürdülər. Hətta qulağıma çatıb ki, Kazımov onu kabinetinə çağırtdırıb dilini dinc saxlaması üçün hədələyib. Lakin Telmanı qərarından döndərə bilməyəcəyini görəndə oğurladıb qətlə yetiriblər.
Ənvərin köksündən ağrılı-acılı bir ah qopdu. Səməndər təəssüf hissi ilə sözlərinə davam etdi:
– Əgər bizə vaxtında kömək etsəydilər iş bu yerə gəlib çıxmayacaqdı. Vəd verə-verə, başımızın altına yastıq qoya-qoya hökm oxundu, iş kəsildi. Nəticədə damladılar uşağı, əlli-ayaqlı getdi. Bu alçaqların üzü bir yana, astarına bələdəm mən. – Səməndər onların vəzifəli dostlarının, yüksək qulluq sahibi olan tanışlarının edilən xahişlərə, aradakı xətir-hörmətə rəğmən dar ayaqda əl uzatmadıqlarından gileylənir, onların laqeyd münasibətini, etibarsızlığını həzm edə bilmirdi. – Hamısı özü üçün narahat idi. Qorxurdular ki, altlarındakı kreslodan əl üzməli olarlar. Bədbəxtlik qapını döyəndə nə pul, nə vəzifə, nə tanışlıq köməyə çatır. Üzünə gülən dostlar pərən-pərən düşür. İndi üz-üzə gəlməmək üçün hərəsi tülkü kimi qaçıb bir dəliyə girir, rastlaşanda da “Xəcalətliyəm, üzüqarayam yanında! Amma əlimdən bundan artığı gəlmədi. Gücüm çatmadı” deyir. Cəfəngiyyatdır. Nə isə, dostum. Daha keçib. İş görməliyik, iş!
(Ardı var)