Reportyorlar (71)
- 30 Aprel 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Həbsxana
Bir neçə gün sonra Kamal canının ağrıdığını bəhanə edərək nəzarətçini razılığa gətirib gəzintiyə çıxmaqdan imtina etmişdi. Əslində məqsədi Kobra ilə təklikdə danışmaq idi. Söhbətə birbaşa keçdi:
– Onunla işin olmasın. – Azəri işarə etdi. – Oğul atanın əməllərinə görə cavabdeh deyil. Bu bir. İkincisi, məgər durduğun yerdə səni həbsə atıblar? Cinayət işləmisən, təqsirin olub, o da öz vəzifəsini icra edib! Xoşum gəlir bu oğlandan. Təmiz uşağa bənzəyir. – Kürəkənimdir deyə bilmədi. Kim olduğunu ilk gündən Azərə də açıb-ağartmağı lazım bilməmişdi. Hələ ki, buna lüzum görmürdü. Amma onu qorumağa, dayaq olmağa çalışırdı.
Kobra Kamalı sonadək dinləyib birdən coşdu:
– Ala, ağsaqqal adamsan, mənə Məlikməmmməd nağılı danışmaginən. – Əlinə doladığı təsbehi hikkəli-hikkəli silkələdi. – Təmiz uşağın burda nə işi?
– Şeytandır…
– Şeytanla işin olmasın, ala! – Kobra yenə sərt tonda əsəbi coşub daşa-daşa Kamalın sözünü kəsdi. – Min hoqqadan çıxırlar, sonra da günahı şeytanda görürlər.
Kamal bu yerdə hiddəti onu boğa-boğa Kobranı süzdü. Kobra isə məqsədini gizlətmədi. Qınayıcı tərzdə Kamala dedi:
– O adam üçün mənə minnətçi düşmə. Onunla mənim öz hesabım olacaq. – Fikrini qəti şəkildə bildirdi. Sonra nə fikirləşdisə şübhəli nəzərlərlə təkrar Kamalı süzdü. – Neyləmək fikrin var? Olmaya bu təmiz uşağı öz himayənə götürüb qanadlarının altında zindanın sərt “zakon”larından qorumaq istəyirsən? Sən hələ heç kim üçün belə narahatlıq keçirməyibsən, minnət-xahişə gəlməyibsən yanıma.
Kamal cavab verməyə tələsmədi. Kobra ani olaraq fikrə getdi. Kamal onun nə qərara gələcəyinə əhəmiyyət vermədən:
– O oğlanın əmisi kimdir bilirsən? – soruşdu.
– Qəşəng tanıyıram. – Kobra halını pozmadı, tamam soyuqqanlılıqla əlavə etdi. – Məni kiminləsə hədələmə, ala! Bu kimi təsadüflər mənimçün fövqəladə səbəb deyil. Məndə istənilən vaxt yaşıl işıqdır. Bunu sən də gözəl bilirsən. Qaldı ki, onun əmisinə, əmi də baxıb görüb qardaşoğlu hansı bezin qırağıdır, hesabını öz arşınına görə ölçüb. Odur ki, sən məni belə “nakazat” eləyə bilməzsən. Burda sənə hamı hörmət edir, o öz yerində… Ancaq sən bu məsələyə qarışmaginən. Gördüyün hörmətin qarşılığında sən də həddini bilsən, yaxçı olar. Buranın bir ağsaqqalı var, o da mənəm, ala! Bunu burda sən qarışıq hamı bilir. Yəni sözümün canı – heç kəs burada başqa hava əsdirə bilməz.
Kamal onu səbirlə, axıra kimi dinləyib səsinin tonundakı aşkar üsyankarlıqla müharibə elan etdi:
– Hissə qapılma! Mən də dünənki uşaq deyiləm və buranın “zakon”larını səndən də gözəl bilirəm. Nə qədər ki, burdayam, sən burda padşahlıq iddiasında ola bilməyəcəksən. Başqa dustaqlar kimi bərabər olacaqsan. Yoxsa…
– Yoxsa nə, ala!
– Yoxsa səndən kimə şikayət edəcəyimi bilirəm. Deyərəm başına dəstə toplayıb, kamerada yeni adətlər çıxarıb, türmə “zakon”larına zidd çıxır, dərəbəylik edir, dustaqlara işgəncə verir, kefxana düzəldir! Görürsənmi, nə qədər səbəb var? Tutarlı səbəb!
Kobranın simasındakı arxayınlıq ifadəsi silindi. Çöhrəsi tutqun hava kimi buludlandı. Kamala elə nifrət və qəzəblə baxdı ki, sanki bu dəqiqə öldürəcəkdi.
– Kamal! – İxtiyarsız olaraq səsini göyərtdi. – Stukaçlığı məhz sənə yaraşdıra bilmirəm! Gəlib desələr də, gözümlə görsəm yenə də inanmaram! Gözlərim məni yanıldıb deyərəm. Sən bir it balasına görə bu yaşında buna gedəcəksən?
Kamal əsəbi tarıma çəkilmiş halda, eyni zamanda eyhamla gülümsündü:
– O işə sənin böyür-başında dolanan çaqqalllar gedərlər, Kobra! Məni kimlərləsə səhv salma! Yaxçı alınmaz! Mən sözümü rəisə yox, bir başqasına deyəciyəm! Həmin şəxsə xəbər çatsa, səni öz məkanında heç də xoş qarşılamayacaq. Başına gələcəkləri bilirsən. Hər halda taxtından enməyi, adının əlindən alınmasını, nüfuzunun gözdən salınmasını özünə rəva bilməzsən.
Kobra Kamalın onu vurmaq üçün hansı zəif nöqtəsini nişan aldığını anlayıb bir söz demədi. Amma bu söhbətdən sonra xeyli fikirli gəzdi.
***
Aradan keçən bu müddət ərzində Roza uşağa bağlandığı üçün ondan ayrılmaq istəməsə də, bu addımı atmalı oldu. Uşağı zorla özündən qoparıb Viktora verdi.
Viktor uşaq qucağında, yubanmadan Rozanın ona verdiyi sənəd-sübutla birlikdə birbaşa Səməndər Məcidovun qəbuluna yollandı.
Maşına əyləşib Viktoru burada gözləməyi qərara alan Roza onlar gözdən itənə kimi arxalarınca baxdı.
Kövrəlib göz yaşlarına boğulan qadın bunu etmək məcburiyyətində olduğunu dərk etsə də, qəlbən sonsuz acılar içində idi.
Xeyli keçdi. Roza qapı səsinə fikirdən ayrıldı. Viktor idi. Oğlan sükan arxasına keçib güzgüdən Rozanı süzdü. Və tamam ciddi səs tonu ilə:
– Vəssalam! – dedi. – Tapşırdığınız kimi, xanım. Həll etdim.
Roza buna görə təşəkkür etmək yerinə göz yaşlarına boğuldu. Hıçqırıqlar içində hönkür-hönkür ağlamağa davam etdi.
Viktor onun sakitləşib özünü toplamasını səbirlə gözləyib təkrar dilləndi:
– Biletləri almışam. Gecikməyək.
Rozanın üzündəki əzablı ifadə daha da dərinləşdi. Dodaqları səyridi.
– Vidalaşmaq istədiyim bir yer var. Məni sahilə apar.
– Xanım, axı gecikə bilərik. Bir azdan bütün yolları nəzarət altına alacaqlar. İzimizi tapa bilərlər.
– Bilmirəm bir də Bakıya qayıda biləcəm, ya yox, bu səndən son xahişim olsun. Mənə görə etdiyin hər şey üçün sənə təşəkkür edirəm.
Viktor Rozanın dediyi kimi etdi. Maşın hərəkətə gəldi. Yol uzunu gözlərini maşının pəncərəsindən yola dikmiş Roza hər addımında acılı-şirinli xatirələri yaşayan Bakı ilə həmişəlik vidalaşırdı.
Maşın
dənizin qumlu sahilində dayananda Roza qapını açıb yerə endi.
Onun xatirində buranın dəyəri dünyanın heç bir guşəsi ilə əvəz olunmazdı.
Sahildə addımladıqca göz yaşları yenə sözünə baxmadı.
Xəyalən o, ötən illərə qayıtdı. Azərlə qolboyun olub, ayaqyalın, quma bata-bata
burada saatlarla gəzib-dolandığı günlərin xatirələri bir kino lenti kimi
gözləri önündən gəlib keçdi.
Həmin günlərin birində o, elə buradaca Azərə dediyi sözləri xatırladı.
…Birlikdə addımlayarkən o, birdən qabağa keçib Azərin buraxmadığı əlini özünə doğru çəkmişdi. Dənizin təmiz havasını asudəliklə ciyərlərinə doldurub sinə dolusu dərin nəfəs alandan sonra gözlərinin içi gülə-gülə sual vermişdi:
– Sən möcüzələrə inanırsan, əzizim?
Azər gözləmədiyi sual qarşısında dodaqlarında yaranan xəfif təbəssümlə:
– İnanmıram, – demişdi.
– Niyə? Neyçün?
– Çünki mən realistəm. Sənə də bunu məsləhət görürəm.
Roza ayaq saxlayıb diqqətlə Azəri süzərək:
– Bu məğrur baxışları… bu vüqarlı duruşu sevirəm! – deyə gülümsəmişdi. – Amma mən möcüzəyə inanıram, əzizim. Sən mənim möcüzəmsən. Çətin günlərimdən sonra Tanrının mənə mükafat olaraq göndərdiyi möcüzəm!
…İndi bu sözlər dərin quyunun dibindən gələn səs kimi Rozanın qulaqlarında əks-səda verirdi. Bu gün o, Azərə həyatda möcüzənin olduğunu sübut etmişdi.
Azər onu tərk etdiyi gündən Roza hər fürsətdə qaçıb bura gələrdi. Unuda bilmədiyi adamın onunla yaşanan xoş xatirələrinə pənah gətirərdi. Göz yaşı töküb ürəyini boşaltdıqdan sonra geri qayıdardı. Bu gün isə…
Bu gün tamam başqa hisslər içində idi. Dəf edə bilmədiyi daha güclü iztirab və əzab içində qıvranırdı. Dəniz kənarından qayıdıb kirayələdikləri evə gəlmişdilər. Viktor gəldiyi dəqiqədən divanda əyləşdiyi kimi qalmış Rozaya:
– Başa düşə bilmirəm, bura yenidən niyə qayıtdıq axı? Biz belə etməklə yalnız vaxt itiririk. Tələssək yaxşıdır. Mənzilin açarını təhvil verməliyəm, – deyə xəbərdarlıq etdi.
Roza Arazın divanın üstünə düşüb qalmış əmziyini əlindən buraxmadan talan olmuş ifadə ilə:
– Elədir. Getməliyik. Sən çıx. Qapını özüm bağlayaram, – dedi.
Viktor Rozanın ağlından keçənləri bilmədiyi üçün şübhə duymadı. Etiraz etmədən mənzildən çıxıb pilləkənə doğru getdi. Roza onun getdiyinə əmin olandan sonra yerindən qalxdı. Lakin qapıya getmək əvəzinə yataq otağına keçdi. Arazın çarpayısındakı yastığı burnuna tutub qoxuladı. Xeyli sükut içində dayandı. Bu vaxt qulağına binanın həyətinə daxil olan milis maşınlarının səsi gəldi. Pəncərəyə yaxınlaşıb baxdı. Bundan sonra baş verəcəkləri artıq gözüyumulu bilirdi.
Dodaqları qeyri-ixtiyari bu sözləri pıçıldadı:
– Allahım, məni əfv elə!
Viktor Rozanın yubandığını görüb mənzilə qayıtmaq istəyirdi ki, açılan atəş səsi onu yerində dondurdu. Başını qaldırıb heyrət içində yuxarıya – indicə çıxdığı mənzilin qapısına baxdı. Bu vaxt bloka doluşan və iti addımlarla yuxarı qalxan milis əməkdaşlarının ayaq səslərini pilləkənlərdə duydu. Yerindən tərpənmədi. Vəziyyətin gətirdiyi süstlüklə arxasındakı divara söykəndi. Milis işçisinin ona ard-arda verdiyi sualları Viktor beynindəki uğultudan gedib-gələn radio dalğası kimi güclə anladı. Nə cavab verdiyini dəqiq xatırlamasa da, mənzilə doluşan milislərin arxasınca özü də içəri daxil oldu. Onu irəli getməyə buraxmasalar da, o, Rozanın al-qan içində döşəməyə sərilib qaldığını öz gözləriylə gördü.
Roza yataq otağından kənara çıxmamışdı. Gicgahına dayadığı silahdan atəş açaraq intihar etmişdi. Ovcunun içində saxladığı uşaq əmziyi açılan barmaqlarının arasından aydın görünürdü. Sifətinin bir hissəsi qandan yaranmış gölməçədə itmişdi.
Viktor donuq baxışlarını onun cəsədindən çəkmədən sanki nə baş verdiyini anlamaqda hələ də çətinlik çəkirdi. Təəssüf hissi ilə daxilən onunla danışdı:
– Niyə belə etdin? Niyə? Sənə qulaq asmamalıydım!
Rozanın yol gələrkən ona dedikləri qulaqlarında səsləndi:
– Mən milisə elə məlumatlar vermişəm ki, dünyanın hansı nöqtəsi olursa-olsun Həmid və adamları izimə düşüb məni tapacaqlar. Buna əminəm. Hər iki halda qurtuluşum yoxdur. Qanun qarşısında işlənən cinayətlərə şərik olmuş bir cinayətkaram. Amma təkcə buna sevinirəm, vicdanım rahatdır. Ümid edirəm Kazımov və onun ətrafında olanlar, Həmid və başqaları layiqli cəzalarını alacaqlar. Ümid etmək istəyirəm ki, belə olacaq.
Mərdəkan
Mənə
Arazımın sağ olduğunu, üstəlik, tapıldığını müjdə verən Dilbər xanım oldu.
Azadı taxtda yanımda yatırmaq üzrə idim. Birdən evdə böyük bir canlanma hiss
olundu. Qəribə səs-küy yarandı. Heç nə anlamasam da, bütün fikrim qulağıma
dolan səslərdə idi. Uşağın oyanacağından ehtiyatlanıb yerimdən qalxmadım.
Səbrimi basıb gözləməyə başladım. Bir neçə dəqiqə sonra otağın qapısı ustufca
açıldı. Başımı yastıqdan qaldırıb yerimdə çevrildim. Dilbər xanım idi.
Rəngi-ruhu məni heyrətə saldı. Elə bil ruh görmüşdü. Rəngi avazımışdı.
Əlləri-ayaqları əsir, dili söz tutmurdu. Göz yaşları leysana dönmüşdü. Ayaq üstə
güclə dayanırdı. Sakit addımlarla yanımıza gəldi.
– Ana, nə olub?- deyə təəccüblə onu süzdüm. – Yaxşısan?
Zəndlə üzümə baxdı. Və birdən məni bağrına basıb hönkür-hönkür ağlamağa başladı.
Çaşıb qaldım.
– Nə olub, ana? Nə baş verib?
Xeyli
sakitləşmədi. Azada baxa-baxa sızıldayıb ağlamağa davam etdi.
Ürəyimi təlatüm sardı. Qorxunc fikirlər doldu.
– Nə xəbər almısınız? – Titrəməyə başladım. – Yoxsa Azər…
Dilbər xanım həyəcanlandığımı görüb daha uzatmadı. Qayınatamı nəzərdə tutaraq:
– Atan zəng vurmuşdu, – dedi. Saçlarımı sığallaya-sığallaya sözlərinə ehtiyatla davam etdi. – İstədi ki, bunu sənə çatdırım. Özü də bir azdan gələcək.
Az qala nəfəsimi tutub gözlərimi Dilbər xanımın üzünə dikmişdim. Ürəyimin necə şiddətlə vurduğu ölçüyə gəlmirdi. O, mənə baş verənləri danışanda xeyli tərpənməz qaldım. Həyatımın şokunu yaşayırdım. Bir qədər sonra yerimdən qalxıb otaqdan necə çıxdığımı, salona necə yüyürdüyümü belə bilməmişdim.
Qayınatamgil hələ gəlməmişdilər. Rəna burada idi. Onun da gözləri yaşlı idi. Məni rəngi ağarmış, sarsılmış halda görəndə kövrək təbəssümlə:
– Şükür Allaha, xanım! Gözünüz aydın!- dedi.
– Araz sağdır! Arazım sağdır! – Bu sözləri titrəyə-titrəyə, qəlbim yerindən çıxacaq bir həddə öz-özümə neçə dəfə təkrarladığımı bilmirəm. Divana çöküb sevinc içində hönkürüb ağladığımı isə yaxşı xatırlayıram.
Həmin gün vaxt sanki ötmürdü. Gözlərimi saata dikmişdim. Saatın əqrəbləri isə sanki inadla yerində sayırdı. İrəliləmirdi. Bir yerdə qərar tuta bilmirdim. Tez-tez pəncərəyə qaçıb həyət qapısına boylanır, Rənadan gəlib-gəlmədiklərini xəbər alırdım. “İlahi, balamı öz gözlərimlə görüb sağ olduğuna əmin olsaydım, ona qovuşub, bağrıma basa bilsəydim, ətrini-qoxusunu duya bilsəydim, bəlkə dinclik tapardım” deyə ürəyimdə Allahla danışıb, həyəcandan özümü yeyib-tökürdüm.
Axşam tərəfi telefon zəng çaldı. Rəna dəstəyi qaldırıb cavab verdi. Həyəcanla ona yaxınlaşdım.
– Kim idi?
– Səməndər bəy idi. Uşağı həkim müayinəsindən keçirsinlər, gəlirlər, xanım.
Məyusladığımı görüb, Rəna gülümsündü:
– Darıxdırmayın özünüzü, xanım, gələcəklər inşallah, – dedi.
Daha nə qədər keçdi, bilmədim. Divanda əyləşib gözümü qapıya zilləmişdim. Bu vaxt Rəna mətbəxdən çıxıb iti addımlarla qapıya tələsdi. Çox keçmədən onun Dilbər xanıma:
– Xanım, gəldilər! – deməsi ilə yerimdən dik qalxdım. Məni həyəcan basdı. Bir neçə addımdan sonra daha addım ata bilmədim. Nə illah etdimsə, ayaqlarım getmədi. Gözlərim dolmuş halda arabada sakitcə əlləri ilə oynayan Azada baxdım.
Hamı eyvanda idi. Səslərini eşidirdim.
Bu zaman Dilbər xanım qucağında uşaqla qapıda göründü. Həm ağlayır, həm sevincindən uçunurdu. Durmadan Allaha şükür edirdi.
Onlar salona doğru gəlməkdə ikən mən Arazı uzaqdan tanıdım. Azərin körpəlik şəkillərinə bənzəyirdi. Sanki o şəkillərdən qopub, canlanıb gəlmişdi.
Bu həqiqət qarşısında ürəyim sinəmdən çıxacaq sandım. Daha bundan artıq dözüm nümayiş etdirməyə qüvvəm qalmadı. İşıqlı salon gözlərim önündə birdən zülmət qaranlığa döndü.
Sonradan mənə məlum oldu ki, uşağı görməyimlə özümdən getmişəm…
(Ardı var)