Reportyorlar (70)
- 22 Aprel 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
Günlər sonra Kobra ona lazım olmayan adamlar gəzinti adıyla kameradan çıxarılandan, yalnız ətrafına topladığı tərəfdarları qalandan sonra üzünü Azərə tutub:
– Bu gördüyün yaxçı oğlanların hamısı atanın bir sözünə, tələbinə qurban gediblər. Sənə açığını deyim, agah ol: qanını içməyə canla- başla hazırdırlar, – dedi.
Azər kameranın tən ortasında onu dövrəyə almış on nəfərə yaxın adamı bir-bir süzdü. Ona sarı tuşlanmış neçə küdurətli, neçə qəzəbli baxış gördü. Hər biri ayrı-ayrılıqda qan çanağı idi.
İstehza ilə gülümsündü:
– Əminəm ki, bu yaxçı oğlanların mütləq ciddi bir təqsiri olub. Əks halda müqəssir bilinməz, ittiham olunmazdılar. Təəssüf ki, bu yaxçı oğlanlar cəmiyyət üçün təhlükə mənbəyidirlər. Və cəmiyyətə maddi-mənəvi ziyan vururlar.
Bir neçə nəfərə qarşı tək vuruşmalı olacağını artıq şəkk-şübhəsiz anlayan Azər kinayə ilə Kobranı süzdü.
– Elə bilirdim sən hesabı çürüdəndə buna tək gedirsən. Ətrafına gəda-güdalar toplayırsanmış…
Kobra bu sözləri eşitcək öz taxtından göz qırpımında yerə düşdü. Qəzəbinə güc gələ bilməyib iki əlli Azərin yaxasından yapışdı. Onunla burun-buruna dayanaraq qanlı-qanlı:
– Bura bax, ay uşaq… sənə məsləhət görürəm çox çərənləməyəsən! – dedi. – Heç kimin həddi deyil mənə qorxaq desün. Üstəlik, mən uşaq-muşaqla vuruşub, səviyyəmi heçə endirmərəm!
Azər Kobranın onun yaxasına sancılmış iri əllərini özündən qoparıb:
– Çürük adamsan! – deyə eyhamla gülümsündü.
Kobra qəzəbini səsində dondurub istehzaya keçdi.
– Bu dediklərin hesaba alınır a, biləsən. Tərəzinin sən tərəfindəki gözü get-gedə ağırlaşır. Sonra məndən incimə. Unutma ki, bura türmədir. Türmə isə sən, mən tanımır. Diliuzunluq eləyənin dilini kökündən kəsir. Səndə taqsır yoxdur. Siz jurnalist tayfası bu dil sarıdan bədbaxtsınız da… Başınıza nə iş gəlirsə dilinizin ucbatından gəlir.
– Bizim başımıza gələnlər sizin və sizin kimilərin dərk etdiyi, lakin qəbul etməyə çəkindiyi həqiqətlər üzündəndir.
Kobra bunu eşidəndə:
– Görək dilin kimi qolun da qüvvətlidirmi? – deyib, adamına işarə verdi.
Azər işlətdiyi iki fəndlə onun üstünə şığıyan adamı ram etmək üçün çox güc sərf etmədi. Yediyi yumruq zərbəsi adamın burnunu tutdu. Açılan qan ağzını, çənəsini boyadı.
Kobranın bu məqamda razılıqla dodağı qaçdı. Amma bu təbəssümün nə məna daşıdığını özündən başqa kimsə bilmədi. O, Azərin idmanla məşğul olduğunu öyrənmişdi. Odur ki, işini ehtiyatlı tutmaq üçün qoluzorlu adamlarını bu döyüşə səfərbər etmişdi. Və indi öz taxtından bu döyüşü sonsuz həzz içində seyr edirdi.
Azərin zəif nöqtəsini çoxdan kəşf etmişdi: söyüş götürmürdü, təbiətən çılğın və həddən artıq qürurlu idi.
Birinci əsgərin dərsini aldığını görüb, ikinciyə işarə elədi. Azər onun da öhdəsindən gələndə Kobra yumruğunu düyünləyib bu dəfə qoçularını onun üstünə cüt-cüt göndərdi. Beləcə onu yormaq, məğlub edib sındıraraq hər kəsin içində gözdən salmaq fikrində idi.
Bu vurhavurda dustaqlardan biri qapının önündə dayanıb iri gövdəsi ilə gözlüyün önünü tutmuşdu, keşik çəkirdi. Kobra döyüşdən əvvəl nəzarətçini görmüşdüsə də ehtiyatı əldən vermək istəmirdi.
Kamerada əlbəyaxa döyüş gedirdi. Yumruq-təpiklə yanaşı kətillər də havada oynayırdı. Azərin geri çəkilməməsi, qorxub-çəkinmədən cavab zərbəsi endirməsi dustaqları qəzəbləndirmişdi. Vəhşiyə dönmüşdülər.
Onlardan biri dişlərini qıcayıb nərildəyə-nərildəyə üstünə gələrək sehirbaz çevikliyi, cəldliyi ilə çıxardığı iki ülgücü göz qırpımında Azərə tərəf atdı. Özünü qorumaq üçün cəld tərpənən Azərin ülgüclərdən yayına bilməsi an məsələsi oldu. Həmləsinin boşa çıxması dustağın qəzəbini birə-beş coşdurdu. Bu anda başqa iki nəfər də hücuma keçdi. Onunla bacara bilməyəcəklərini görəndə Azərin qollarını arxaya burdular. Digəri xirtdəyinə yapışıb onu arxasındakı divara sıxdı. Və beləcə heyfini çıxması üçün dustağa əlverişli şərait yaratdılar.
Dizi ilə onun qarnına saysız-hesabsız zərbələr endirən dustaq hiddətlə bağırırdı:
– Öl, oğraş! Öl, itin balası! Oğraşdır səni buradan sağ çıxaran! Qanıvı içəcəyəm sənin!
Sanki küt bıçaqla mədəsini doğrayırdılar. Azər ikiqat qalmışdı.
Sonuncu güclü zərbə sifətini tutanda partlamış dodağından açılan qan yerə süzüldü. Əllərindən çıxıb dustağı əzişdirmək istəyi, inadı ilə çırpındı. İlk cəhdi boşa çıxdı.
– Davay! Davay, bləd! – Dustaq əllərini yelləyərək Azəri cırnatmaq üçün onu zorla davaya təhrik edirdi. Yaranmış bu vəziyyət ona cəngəllik qanunlarını xatırladırdı. Bu döyüşdən sağ çıxmağın yeganə yolu yalnız gücünə əmin ola bilməkdi. Ya öldürməli, ya ölməli idi. Qüvvəsini toplayıb müqavimət göstərərək onların əlindən çıxmağı bacaran Azər dodağının qanını qoluna silib, onu didib-parçalamaq üçün hazır dayanmış dustaqları gərgin baxışlarla süzdü.
Barmaqlarını bir-birinə keçirib xüsusi əda ilə şaqqıldadan, irəli ilk yeriyən dustağın boğazına o, əlinin tili ilə cəmi bir dəfə zərbə endirdi. Dustaq yerə sərilib huşunu itirdi. Bir başqasının təpik sifətini tutdu.
Ara yenidən qızışdı.
Onların arasında digərlərindən daha hündür və yekəpər olan biri üstünə cumub qollarını Azərin belinə dolayaraq bir həmlədə onu havaya qaldırıb masaya çırpdı. Bununla ürəyi soyumadı. Masaya zərblə çırpılan Azərə o, özünə gəlməyə macal vermədən yaxasından yapışıb təzədən qaldırdı. Bu dəfə beton döşəməyə çırpdı. Ayağı ilə qarnına endirdiyi güclü zərbədən sonra Azərin ağzından fışqıran qan ətrafa saçıldı. Bundan ruhlanan digər məhbusların üzündə rəzil təbəssüm yarandı.
– Qalx! Səni gözləyirəm! – Yekəpər başının üstə dayanıb yumruğunu yumruğuna çırparaq səsini yoğnatdı. – Qalx da, ala! Qalx ayağa, ver cavabımı!
Onu qıcıqlandırmaq üçün söyüş söydü.
Kobra
bu məqamda yerində dikəlib təsbehi əlində hövsələsiz bir şəkildə fırladaraq
başdan saymağa başladı. Maraq və intizarla nəticəni gözlədi.
Nəfəsinin kəsildiyini, gücünün tükəndiyini hiss etsə də, Azər bu sözlər
qarşısında əzilmək, məğlub olmaq istəmirdi. Yekəpər onun qımıldanmadığını görüb
yanında çömbəldi. Həyasızca irişdi:
– Noldu, ala?
Saniyələr sonra yerində çevrilib qəfil hərəkətlə ayaqlarını onun boynuna dolayan Azər var gücüylə dustağın boynunu sıxıb burdu. Hazırlıqsız yaxalan dustaq boğulmamaq üçün qurtulmağa çalışırdı ki, bu məqamda yerində yay kimi atılıb qalxan Azər dustağı ram etdikdən sonra boynunun ardından yapışıb onun başını dəmir çarpayının ayağına çırpdı. Dustaq özündən gedib yerə sərildi.
Digərləri bunu gözləyirmişlər kimi birdən hücuma keçdilər. Onlardan biri bıçağı Azərin xirtdəyinə dirəyəndə bu vaxt kameranın qapısı səs-küylə açıldı. Kimsə kamerada dava düşdüyünü nəzarətçilərə xəbər vermişdi.
Kobranın əmiranə səsi hər kəsi yerində dondurdu:
– Bəsdirin!
Gözünü qan bürümüş dustaq onun sözünü eşitmək istəmədi.
Nəzarətçilər artıq içəri doluşmaq üzrəydilər. Kobra vəziyyətin onun xeyrinə olmayacağını görüb, səsini bozartdı:
– Bəsdir dedim, ala, sənə! – Sərt nəzərlərlə dustağı süzdü.
– Bu küçüyün qanı halaldır! Ona yaşamaq şansı verdiyinçün peşman olacaqsan, Kobra! – Dustaq narazılıqla Kobranı süzdü. Bıçağı qatlayıb cibinə qoydu.
Bu məqamda nəzarətçilər kameraya doluşdular. Onlar kameradakı ab-havaya, yerdə huşsuz vəziyyətdə yatan dustaqlara nəzər salıb, ölüb-ölmədiklərini yoxladılar. Sonra sorğu-sual başlandı.
Bir qədər sonra Azər o biri dustaqlarla birlikdə rəisin kabinetində idi.
– Hansı gününə qudurmusan sən, Əhmədov? – Rəis qanlı-qanlı Azəri süzüb, tənə ilə dedi. – Dünən gəlibsən, bu gün qoçuluq iddiasındasan?
– Qudurmaq üçün burada münbit şərait olduğunu sanmıram. Doğrusunu siz məndən daha gözəl bilirsiniz.
– Adə, üstünə çullanan maddələri adından hələ sildirə bilməmisən, indi də can atırsan ki, birini də mən yüklətdirim belinə? Könlünə kars havası düşüb?
Azər haqsızlığın tüğyan etdiyi bu vəziyyətdə danışmağın, etiraz etməyin yersiz olduğunu anladığı üçün köks ötürdü, dinmədi. Rəisin təkəbbürlü səsi onu yenidən özünə gətirdi:
– Eybi yox, on beş sutka karsda həyatı başa salarlar sənə.
On beşinci günün sonunda Azərin ayaqları şişmiş, səhhətində ciddi problemlər yaranmışdı…
Mərdəkan
Fəslin
bahar çağı idi. Həyət, bağ-bağça yaşıl libasını geyinib gül-çiçəyə qərq
olmuşdu. Tanrının təbiətə nəqş etdiyi bu gözəllikdən insan gözünü çəkə
bilmirdi. Bu mövsümdə bu həyətin ayrı bir ləzzəti olurdu. Göz, könül oxşayan,
məftunedici gözəlliyi və təkrarolunmaz bir səfası vardı.
Məstedici qarışıq gül ətri adamı elə kənardan vururdu. Quşların cəh-cəhi, civiltisi,
çarhovuzdakı fəvvarədən axan suyun həmahəng şırıltısı sanki təbiətin bəstələmiş
olduğu “bahar simfoniyası” idi.
Fəqət mən bu cənnətə sanki pərdə arxasından baxırdım. Cəhənnəmin tən ortasında dayanmış, əzablar içində qıvranan bir bədbəxt kimi idim. Bu ilıq yaz havasında mənim taleyimi sanki çovğun vurmuşdu. Donum açılmırdı.
Hər kəs yanımda idi, mən isə öz həmdəmimi gəzirdim. Azər fikrimdən çıxmırdı. Şiddətli dərəcədə onu görmək istəyir, darıxırdım. Əsəblərim tamam pozulmuşdu. Son zamanlarda yatıb yuxuya getmək üçün dərman qəbul edirdim. Və gündüzləri fikir-xəyaldan yorğun düşən ruhum gecələri qarışıq-dolaşıq yuxuların, kabusların içində çırpınırdı. Hər gecə Azəri yuxuda görürdüm. Qaranlıq, darısqal, dərin bir quyunun içində.
Tükənmişdim artıq. Gücüm-qüvvəm qalmamışdı. Ondan ayrı keçən hər günüm mənə Azərdən bəhs edirdi.
Hara baxırdımsa Azəri görürdüm. Onu, sözlərini xatırlayır, səsini duyurdum. “Bu gözlər mənə hər zaman belə məhəbbətlə baxsın, amma ağlamasın…”
Qəmə bürünmüş yaddaşımın hər səhifəsində Azər və onunla birlikdə yaşadığımız acılı-şirinli günlərin xatirələri yaşayırdı. O, həbs olunan gündən mənim üçün heç nəyin marağı və mənası yox idi. Fikirləşəndə ki, Azərə böhtan atan, onun bu gün barmaqlıqlar ardında məşəqqətlərə düçar olmasına vəsilə olan kəslərin hər cür rahatlığı yerindədir, təmiz havada, qarnı tox, kefi kök istədikləri kimi yaşayırlar, bu zaman keçirdiyim hissləri izah etməkdə acizəm.
Azər mənim dayaq nöqtəm, müdafiə səddim idi. Dayağım yıxılmış, səddim uçulmuş və mən müdafiəsiz qalmışdım. Təməli uçulan viranə bir tikiliyə bənzəyirdim. Və özü ilə fəlakət gətirən qəfil küləklər mənim dağılmış parçalarımı istədiyi səmtə yönəldir, istiqamət verirdi.
İki gün sonra qəflətən anam gəldi. Evə atdığı ilk addımdan təhər-tövrü, davranışı heç xoşuma gəlmədi. Bu həmişəki ziyarətlərə bənzəmirdi. Çatar-çatmaz gəlişinin məqsədini sıxılıb-çəkinmədən qudalarına açıb söylədi. Məni götürüb aparmaq qərarında idi. Anamın bu tələbi və gətirdiyi səbəb mənə növbəti zərbə olacaqdı.
Anam onun bu qərarı qarşısında mənim heyrətlə ona baxdığımı görüb, hikkəli-hökmlü bir əda ilə təkrar etdi:
– Səninləyəm, ay qız, yığış, hazır ol, birazdan Cabir gələcək. Gedirik.
Daha kimsəni düşünmədim. Qəti və kəskin səslə anamın tələbinə etiraz etdim:
– Mən səninlə heç yerə getmirəm! Bunu məndən istəməyin özü belə yersizdir!
Bu cavabım anamın coşub qaynayan qəzəbini bir az da alovlandırdı. O, daha heç kimi və heç nəyi nəzərə almadan bütün kartlarını açıq oynadı.
– Kimə görə oturubsan bu evdə? O vicdansıza görə? – Hiddətlə mənə səsini qaldırdı.
Dilbər xanım anamın bu cürətkarlığı qarşısında mat-məəttəl onu süzdü. Qayınatamın rəngi-ruhu dəyişdi.
Anam bunu görsə də susmadı:
– Xəbərin var ki, Rusiyada ailəsi varmış? Arvad-uşağı həbsxanaya ziyarətinə gəliblərmiş… Bilirdin?
Bu sözlər başım üzərində şimşək kimi çaxdı. Qulaqlarım uğuldadı. Gözlərim qaraldı. Bununla belə özümü toplamağa çalışdım.
Salonda hər kəsin üzündə eyni ifadə həkk olundu.
Dilbər əlini dodaqlarına aparıb heyrət içində ərinə baxdı. Bir söz desin deyə ondan kömək umdu:
– Ənvər!
Düyünlənmiş qaşlarının altından tutqun ifadə ilə Şahnazı süzən Ənvərin səsi çıxmadı.
Anam mənim üzümdəki ifadəni, rəngimin kül rənginə döndüyünü görəndə acı istehza ilə dodağı qaçdı:
– Get hazırlaş. Ziyanın yarısından qayıtdıq deyərik. Səhvimizin cəzasını belə ödədik deyərik.
Gözlərimi qırpmadan anamın üzünə baxır, yerimdən tərpənmirdim. Zehnimdə bu həngaməni aydınlaşdırmağa çalışırdım. Amma etiraf edim ki, qəbul etməyə hünərim çatmırdı. İnanmaq istəmirdim. Qayınatamın səsi məni özümə gətirdi. O, rəngi boğulmuş halda:
– Şahnaz xanım, bilmirəm bu iddialarınız nəyə əsaslanır, hansı dəlil-sübutla bu qənaətə gəlmisiniz, – dedi. – Amma heç düzgün iş görmürsünüz. Bəlkə fərqində deyilsiniz, amma yanlış yoldasınız. Əminəm ki, bu gəlişinizin məqsədindən Nadir qardaşım xəbərsizdir.
Anam bu sözə bənd imiş kimi bomba kimi partladı:
– Yanlış yolda olan sizin oğlunuzdur ki, iç üzü hər keçən gün bir az da açılır. Özünüzü hər şeydən xəbərsiz kimi qələmə verməyin. Bizi də uşaq hesab etməyin. Siz və oğlunuz məni yox, bax, bu qızı aldada bilərsiniz, – deyə məni göstərdi. Eyni hikkə ilə davam etdi. – Daha sizdən eşitdiyim heç bir nağıla inanmaq fikrində deyiləm. Necə yəni, oğlunuzun kənarda ailə-uşaq sahibi olduğundan heçmi xəbərdar olmamısınız? Çox gülüncdür.
Qayınatam çox cəhd etsə də, özü ilə bacarmadı, gərildi:
– Eyibdür! – İxtiyarsız olaraq səsini qaldırdı. – Belə söhbətləri dilə gətirmək özü belə bizi nə səviyyəyə endirməyinizdən xəbər verir… – Hirsindən dodaqlarını bir-birinə sıxıb fısıldadı. – Mən bu dəqiqə Azəri həbsdən çıxarmağın dərdindəyəm. Kiminsə cəfəng söhbətlərinə uyub baş ağrıtmağa nə vaxtım, nə də həvəsim yoxdur. Qurtarın bu söhbəti. Belə ucuz söz güləşdirmələri nə sizə, nə də bizə yaraşar.
Sözün bu yerində durmayıb otağa tələsdim. Sarsılmış halda içəri keçib özümə gəlməyə çalışdım.
Ənvər Aydanın getdiyinə əmin olandan sonra yenidən üzünü Şahnaza tutdu:
– Bunu özümə ar bilərəm mən, oğlumla üzbəsurət oturub ona bu mövzuda belə sual verəm, doğru olub-olmadığını xəbər alam. Amma mənim adım Ənvərdirsə və mən oğlumu tanıyıramsa, buna getməyəcəyini də gözüyumulu bilirəm. Siz buna necə əmin ola bilərsiniz ki? Hansı məntiqlə?
– Sübut istəyirsiniz? Bu da sübut!
Şahnaz bunu deyib çantasından çıxardığı bir neçə fotoşəkli hirslə masanın üzərinə tulladı:
– Həbsxanaya ziyarətə gələndə çəkilib. Bu xəbər mənim qapıma qədər ayaq açıb gəlibsə, deməli, burada söhbət inanmaqdan keçib. Həqiqəti qəbul etmək var, vəssalam!
Ənvər masanın üzərinə səpələnən fotoşəkillərə əlini belə uzatmadan gözucu nəzər salıb, eyhamla başını tərpətdi:
– Burda deyiblər ki, bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi.
– Mənim qızım daha bu evdə qala bilməz. Buna daha ehtiyac görmürəm.
– Bu gəlin də, bu körpə də oğlumun mənə əmanətidir. Səbir edin, gözləyin, ixtiyar sahibi özü gəlib çıxsın, o zaman nə probleminiz varsa onunla müzakirə edərsiniz. Mən oğlumun icazəsi və xəbəri olmadan sizə bu imkanı verə bilmərəm.
– Sizə kim deyir ki, mən körpəni aparıram? Və yaxud aparmaq fikrindəyəm? Qətiyyən! Mənə o adamın övladı lazım deyil. Qoşub o biri övladına, ikisini birlikdə böyüdər. Mənə qızım lazımdır! Qızım!
Dilbər xanım gözucu ərini süzüb, daha dözmədi:
– Şahnaz xanım, bu qədər qəddar və amansız olmağa sizi vadar edən nədir? Bizimlə bu düşmən münasibətinizin səbəbini heç cür anlaya bilmirəm. Niyə, nə səbəbə oğlumun ailəsinin dağılmasına bu qədər həvəslisiniz?
– Dilbər… – Ənvər qaşları çatılmış halda həyat yoldaşına xəbərdarlıq etdi. – Sakit ol.
Haqsızlıqdan zinhara gələn Dilbər susmadı:
– Biz nələr çəkirik, siz nə planlar qurursunuz. Dəhşətə gəlirəm. Görün nə niyyətlə, nə məqsədlə bu evə ayaq basırsınız. Bir ana öz övladını göz görə-görə necə bədbəxt etmək istəyər? Buna necə razı olar?
– Bu qız mənə qulaq assaydı, bədbəxt olmayacaqdı. Nə qədər ki, bu evdədir, deməli bədbəxtdir.
Adına vurulan damğa azmış kimi üstəlik belə rəzil iftira, belə ağ yalanla oğlunun ailəsini dağıtmaq cəhdləri Ənvəri göydən yerə vurmuşdu. Şahnazla söz güləşdirməmək üçün evdən çıxıb həyətə endi.
…Göz yaşlarım sel olub axırdı. Bu elə dəhşətli bir hiss idi ki, bu günədək çəkdiklərim onun yanında bəlkə də heç nə idi. Qəlbimdə dözülməz, kəskin ağrılar vardı bu anlar. Ləyaqətim tapdanmışdı. Sevən hər qadın kimi məndə də təbii olaraq qısqanclıq baş qaldırmışdı. Bütün duyğularım, düşüncələrim, ruhum və qəlbim darmadağın idi. Özümü bundan belə necə toplayacağımı bilmirdim.
Bir qədər sonra qapıda anam göründü. O, diqqətlə məni süzüb, ağır addımlarla yanıma gəldi. Otağa göz gəzdirib narazılıqla:
– Hələ hazır deyilsən? Nəyi gözləyirsən axı? – dedi.
Dillənmədim. Sükutumu görüb, mənə təsir etməyə çalışdı:
– Ağlını başına yığ. Bir dəfə də böyük sözü dinlə. Ondan sənə daha ər olan deyil. Müharibələrdə xarab olan başı türmədə bir az da itəcək. Ondan yaxşı heç nə gözləmə daha. Etdiklərinin cəzasıdır çəkir. Bir ayağı onsuz da Rusiyada idi. İş, ezamiyyət… Yaxşı bəhanələrmiş… Qoy getsin. O arvadı, o da uşağı. Məni səndən başqa kimsə maraqlandırmır.
Lal baxışlarımı anamın üzünə zilləmişdim. Dinib-danışa bilmirdim. Nitqim batmışdı sanki.
İlahi,
gözlərimi bu dünyaya açıb ana bildiyim bu qadından nələr eşidirdim. Necə
rahatlıqla, sıxılmadan dilinə gətirə bilirdi bu sözləri. Ürəyim partlamaq
həddində idi, fəryadımı isə kimsə duymurdu.
Anam susmağa davam etdiyimi fürsət bilərək dolabın qapısını açdı. Geyimlərimi
bir-bir asılqandan çıxarıb taxtın üstünə atmağa başladı.
– Başa düşdün də, uşaq qalır, biz gedirik. Başına dəysin onun övladı da, sevgisi də! – Çamadana əl uzadanda sanki donum açıldı. Qeyri-ixtiyari yerimdən sıçrayıb çamadanı onun əlindən alaraq dolaba tulladım.
– Toxunma heç nəyə! – Özüm də hiss etmədən necə bağırdımsa, anam duruxdu.
– Qızım!
– Çıx otaqdan! Çıx get! Səni görmək istəmirəm!
– Bu nə sözlərdir? – Anam iradla üzümə baxdı.
– Mən nə sənə, nə də sənin dediklərinə inanmıram. Yalandır!
– Doğru olacağını görəcəksən! Yerin də, daşın, divarların da qulağı var. Görürsənmi, gizlin qalmadı. Bir yolla gəlib çatdı qulağımıza. Nadirdən olsa səni əzdirməyə, alçaltmağa davam edəcək. Amma mən buna əsla razı olmayacam! Uşağı burada qoy, özün də düş qabağıma! Eşidirsən?
– Mən Azəri burada gözləyəcəm! Yalnız onun öz dilindən çıxan kəlmələrə inana bilərəm. O, məndən özü əl çəkərsə, getməyimi istəyərsə, o zaman tərk edərəm bu evi. Sənin isə mənim övladımı məndən almağa ixtiyarın yoxdur! O, bir əşya deyil, sən onunla istədiyin kimi davranasan! Pay verəsən! O mənim övladımdır! Başa düşdün? Təsəlli tapdığım yeganə varlıqdır!
Sonuncu sözlərim anamın üzündə mənasını anlamadığım dərin əzaba yol açdı. Gözləri doldu.
Buna baxmayaraq mən üsyankar bir səslə:
– İndi isə əl çək məndən! – dedim. – Rahat burax məni! Bir də gəlmə!
– Səni tanıya bilmirəm! – Anam sarsılmış halda üzümə baxmağa davam etdi. – Sən mənim böyütdüyüm qız deyilsən.
– Get, xahiş edirəm, get! Məni bundan artıq incitmə! – Sözlərimi güclə tamamladım. Hönkürtülü bir səslə ağlamağa başladım.
Anam otağı tərk etməli oldu.
Bir neçə gün özümdə olmadım. Həkim çağırdılar. Yataqdan qalxa bilmirdim. Yemək-içməkdən kəsilmişdim. Azadla da maraqlana bilmirdim. Dilbər xanım tamam alt-üst vəziyyətdə idi. Bununla belə məni yanlış fikrə düşməməyə çağırırdı:
– Bütün bunlar hamısı uydurmadır, qızım, mənfur insanların hiyləsi, yalanıdır. Mən bilirəm ki, ürəyinin səsi sənə bunun yalan olduğunu söyləyir. Ürəyinin səsini dinlə. Allaha əyandır hər şey, doğrusunu o bilir. Görəcəksən, həqiqət ortaya çıxacaq. Belə edib məni üzmə, balamsan. Körpənə rəhmin gəlsin.
Bu günlər ərzində qayınatam əlini düyünlənmiş qaşlarının arasından götürmədən elə hey qara-qara düşünürdü. Yenə tonlarla ağırlıqda böyük bir yükün altında əzilirmiş kimi idi. Bir problemi həll edib yoluna qoymadan yenisi, özü də olduqca rəzil və mürəkkəbi çıxmışdı meydana.
(Ardı var)