Reportyorlar (69)
- 15 Aprel 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Bir müddət sonra
Bu gün heç gözləmədiyi biri gəldi Azərin ziyarətinə.
Bu görüş cəmi on dəqiqə çəkdi, amma sanki ömründən neçə on ilini alıb apardı.
Azər görüş otağında gələnin kim olduğunu təxmin etməyə çalışaraq düşünməkdə ikən bu zaman qara saçları çiyninə dağılmış, şux geyimli, gözəl simalı bir qadın göründü qapıda. Gözləri Azərin gözlərinə tuş gələndə keçirdiyi həyəcan üzünün ifadəsinə vurdu. Gözlərinin dolduğunu heç cür əngəlləyə bilmədi.
Azər görüşə gələnin atası, ya da dostlarından birinin olacağını zənn edərkən duruxdu. Qadının siması ona tanış gəlsə də, heç cür yadına sala bilmirdi. O, nəhayət, özündə güc tapıb irəli yeridi. Kövrək baxışlarını Azərə zilləyib, gözləmədiyi şəkildə ona sarıldı. Donub qalan, nə baş verdiyini anlamağa çalışan Azər qadını özündən ayırıb bir addım geri çəkildi.
Qadın gözlərinin yaşını bir toxunuşda silib, izah etməyə çalışdı:
– Tanımamaqda haqlısan, çünki həyat şərtləri məni buna vadar etdi.
Bu səs Azərin başı üzərində çaxan şimşəyə döndü. Onu xarici görkəmindən tanımağa çətinlik çəksə də, səsindən kim olduğunu dərhal bildi. Roza idi. O, saçlarını uzadıb qara rəngə boyamış, hətta gözlərinin rəngini belə dəyişmişdi.
Azər hiddətini zorla boğmağa çalışaraq:
– Sənin burda nə işin var? – dedi.
Roza Azərin ona zillənmiş nifrət dolu baxışlarını görsə də, bu anlar onu saran sevincini boğa bilmədi.
– Ənənəvi sual! – O, bir yandan ağlasa da gülümsündü.
– Niyə gəlmisən? Səni görmək istəmədiyimi ki bilirsən. Bu qədər təmtəraq nəyə lazım idi?
– Lazım idi, əzizim. Lazım idi. Çünki bu lənətə gəlmiş həyatda artıq ikimizin də düşməni birdir. Bilirsənmi, biz insanlar elə bir varlığıq ki, bəzən mələklər insan olmadıqları üçün üzülür, şeytanlar isə insan olmadıqları üçün şükür edirlər. Baş verən heç nə üçün heç vaxt təəccüblənmə. Biz insanlar hər şeyə qadirik.
– Nə çərənləyirsən? – Azər onu dinləmək istəməyib kameraya qayıtmaq üçün qapıya doğru getmək istədi.
Roza dərhal qolundan yapışıb onu yolundan saxladı.
– Bu gün burada səninlə üzbəüz dayana bilmək üçün çox qurbanlar verdim. Çox əzablardan, çox işgəncələrdən, çox əziyyətlərdən keçdim. Əgər hələ də yaşayıramsa bu yalnız alacağım intiqam üçündür. – O, ayaqlarının ucunda bir qədər qalxıb pıçıltı ilə dedi. – Ola bilsin ki, dinlənirik. Məni diqqətlə dinləməni istəyirəm səndən. Düşmənini tanımağını istəyirəm. O düşməni ki, hər gün evinizin qapısından içəri girib yuxarı başda yer alır. Sənə qardaş oğlu, atana qardaş deyir. Saxtakarın, əclafın biridir. Əlindən hər pislik gəlir. Kim olduğunu yəqin ki, təxmin etdin. O, insan cildində bir şeytandır. Fəlakətinizin tək səbəbkarıdır.
İndi isə… Bura gəlməyimin əsl səbəbini bilməyini istəyirəm. Bu mənimçün heç asan olmadı. Buna nail ola bilmək üçün çox yola baş vurdum. Ağıla gəlməyən risklər etdim. Amma ərim Viktorun sayəsində nəhayət ki, istəyim baş tutdu. Buna görə ona bir ömür boyu minnətdaram. Bəli, mən daha Tamara deyiləm, indi məni Viktorun həyat yoldaşı Svetlana Pavlovna kimi tanıyırlar. Həyatımdan istəmədiyim halda çoxları gəlib keçdi. Lakin mən onların heç biri ilə səninlə hiss etdiyim o ülvi hissləri, o duyğuları hiss edə bilmədim. Səni sevdim mən bu həyatda. Sevdim! Son nəfəsimədək belə olacaq. Mənə istədiyin qədər kinlə, nifrətlə baxa bilərsən, çünki kim olduğum, haradan gəldiyim sənə bəllidir. Buna görə səni qınamağa haqqım çatmır. Məni bu yola salanlar utansınlar. Mən utanmıram. Və yaxşı ki, səni tanımışam deyirəm. Yaxşı ki, həyatımda yer aldın. Bunu bil ki, bundan əvvəl də, bundan sonra da sənin yolunda istənilən təhlükəyə atılmağa hazıram. Sonunda ölüm olsa belə hazıram. Sən buna dəyərsən. Sənə olan eşqimi sübut etmək üçün gəlmişəm bu gün bura. Sənə həyatının hədiyyəsini təhvil vermək üçün gəlmişəm.
Roza bunu deyib qapıya yaxınlaşdı. Və qapının ağzında onu gözləyən cavan adamdan körpəni alıb Azərə sarı çevrildi. Göz yaşları yanaqlarına süzülə-süzülə Azərə yaxınlaşdı. Onun uşağı görməsi ilə çaşqınlıqdan donan ifadəsinə, sarsılmış baxışlarına baxa-baxa körpəni ona uzatdı.
– Sənin oğlundur.
Azəri don vurdu sanki. Dili söz tutmadı. Gördüklərinin təsdiqini özünə sübut etmək, bu möcüzənin həqiqət olduğuna inanmaq üçün dərin baxışlarla körpəyə baxdı.
Tanış sima… iri qara gözlər… şəvə kimi qara şümal saçlar…
O idi… Araz idi…
Azər
bunun bir yuxu olmaması üçün daxilən bütün qəlbi ilə Allaha yalvardı. Amma bu
bir yuxudan, xülyadan çox həqiqətə bənzəyirdi.
Araz artıq 1 yaşını çoxdan tamam etmişdi. Amma cizgiləri eyni idi.
Ürəyinin bu boyda həyəcana, kədər qarışmış bu sevincə tablana bilməyəcəyindən ehtiyatlanan Azər övladını Rozadan hansı hisslər içində alıb bağrına basdığını və uşaq qucağında nə vaxt dizləri üstə yerə çökdüyünü özü də bilmədi. Ona bərk-bərk sarılıb qoxuladı. Ətrini, qoxusunu burnuna çəkdi. Milyon körpə içindən tanıyardı bu qoxunu. Övladının qoxusu idi.
Uşağın boynundan, boğazından, saçlarından dönə-dönə öpdü. Sızıltılı bir ah çəkdi. Hönkürməmək üçün özünü zorla saxlayırdı. Son çarə ilə üzünü övladının saçlarının arasında gizlətdi.
Roza onun bu anlar necə həyəcanla, necə təlatümlə nəfəs alıb-verdiyini duyur, çiyinlərinin necə titrədiyini görür, talan olurdu. Azərə qoşulub özü də ağlayırdı…
Oğluna qovuşmaq ona zindanın bu keçilməz, aşılmaz qala divarları arasında nəsib olmuşdu.
Roza Arazın onu bu qədər vaxtdan sonra tanıdığını və buna necə nail olduğunu Azərə belə izah edirdi:
– Şəklinlə danışır bütün gün. “Ata!” deyib, durur. Ona görə yad hiss etmədi. – Roza kövrək-kövrək gülümsündü.
Azər nəhayət özünü toplayıb, ayağa qalxdı. Ovcunun içi ilə gözlərinin nəmini sildi. Təngiyən nəfəsini dərməyə çalışaraq Rozaya baxdı. Keçirdiyi həyəcandan kəlmələr dodaqlarında sınıb qırılsa da, fikrini onu boğan qəhərdən tamamlamağa çalışdı:
– Sənin… dürüstlüyünə…. bir şərtlə inana bilərəm… bir şərtlə! Bəlkə o zaman səni əfv etməyə gücüm çatdı, vicdanım buna yol verdi… Bəlkə…
Roza göz yaşları süzülə-süzülə intizarla Azərin üzünə baxdı. Nə deyəcəyini, ondan nə istəyəcəyini gözlədi.
Azər yanıb yaxıla-yaxıla bir daha dərin nəzərlərlə oğluna baxdı. Eyni zamanda Rozaya müraciət etdi:
– Əgər Tanrının var olduğuna inanırsansa…. onun qüdrətini… onun hikmətini danmırsansa… Tanrını başının üstündə hiss edirsənsə, uşağı onun anasına təhvil ver!
– Əzizim, mən…
– Mənə əzizim demə! – Azər gərginliyini qoruyub saxlaya bilmədi, Rozaya çəmkirdi.
Roza duruxub deyəcəyi sözü də unutdu.
– Kifayət qədər açıq danışdığımı düşünürəm. Uşağı anasına təhvil ver! Aydın oldu?
Roza dərin nəzərlərlə Azəri süzdüsə də, dillənməyə gücü-qüvvəsi çatmadı.
– Mənə bir pislik daha eləmə! – Azər qətiyyətlə dilləndi. – And içirəm ki, nəyin bahasına olursa-olsun…
Roza onun nə demək istədiyini anlayıb sözünü ağzında qoydu. Həyəcan dolu bir səslə:
– Mən övladının sağ olduğunu, üstəlik, mənim yanımda olduğunu sənə xəbər vermək üçün gəlmişdim Bakıya. O hadisədən sonra xəstəxanaya düşdüyünü öyrəndim. Axtarıb-aradım, hətta palatanın qapısına kimi gəldim. Amma sonra düşündüm ki, gözləməliyəm. Sənə o vəziyyətdə bu xəbəri öyrənmək asan olmayacaqdı. Üstəlik, dəhlizdə… dostunun da məni görməsi… kim bilir, bəlkə də tanıması… Bu səbəbdən uzaqlaşdım oradan, yenidən Rusiyaya qayıtmaq məcburiyyətində qaldım. Təsəvvür edə bilməzsən övladını sənə çatdıra bilmək üçün nələrdən, necə yollardan keçmişəm. Ona zərər vermək fikrim, niyyətim olsaydı, bura gəlməzdim. Narahat olma. Bu işin sonuna qədər gedəcəm. Sənə söz verirəm! – dedi.
Azər düyünlənmiş qaşlarının altından soyuq nəzərlərlə Rozanı süzərək:
– Bunun əksi olarsa, nə ilə nəticələnəcəyini bilirsən yəqin ki… – dedi, yenidən qucağındakı oğlu ilə maraqlanmağa başladı.
Araz
böyümüşdü. Bu dünyadan, zalım insanların qara əməllərindən bixəbər halda, əldən-ələ
keçə-keçə böyümüşdü. Qara saçları uzanıb gözlərinin üstünə düşmüş, çöhrəsində
məsum bir ifadə donmuşdu. Ana qayğısı arayan iri qara gözlərində kədər
yatmışdı. Ata-ana əhatəsindən uzaqda yalqız keçirdiyi ağır günlərin izi,
nişanəsi qalmışdı o gözlərdə. Təzə-təzə öyrəndiyi sözləri şirin tələffüzlə
hecalayır, danışmağa, fikrini öz dilində çatdırmağa cəhd edirdi. Bu anlarda
çoxdandır uzaq gəzən bir təbəssüm dolanırdı Azərin dodaqlarında. Kövrək,
nisgilli bir təbəssüm. Elə bil zindan adlı bu nəhəng, qaranlıq və çıxılmaz
quyuda o, bir ovuc ümid işığı tapmışdı. Bu işıq elə aydınlatmışdı ki, bu zülmət
məkanı, dəmir barmaqlı qapının arxasında gözləyən və tez-tez qolundakı saata
baxıb vaxtı hesablayan nəzarətçini belə öz nurunda görünməz etmişdi. Amma
ürəyinin qübarını keçirməyə bu da bəs eləmirdi. Bu müvəqqəti xoşbəxtliyin kameraya
qayıdandan sonra necə xiffətini edəcəyini, bunun ona necə baha başa duracağını
hələ indidən təxmin edirdi. Bu vaxt nəzarətçi görüş vaxtının bitdiyini elan
etdi. Azəri acı təəssüf hissi sardı. Vaxtın necə keçdiyini hiss etməmişdi.
Aradan keçən bu zaman axını ona alınıb-verilən nəfəs qədər qısa görünmüşdü.
Vaxt bitsə də, Azər övladından ayrılmaq istəmirdi. Qucağında bərk-bərk özünə
sıxıb, dönə-dönə öpürdü. Uşağı ondan almaq üçün gözləyən Roza:
– Bəsdir, öldürdün uşağı… – dedi.
Nəzarətçi soyuq səslə bir daha xəbərdarlıq etdi:
– Vaxt bitdi.
Ayrılıq vədəsi yetişəndə sanki canından can qopardılar Azərin. Onu Rozaya qaytarmalı olsa da övladının ətrini, qoxusunu təkrar burnuna tutdu. Bağrını qan eləyən, ürəyinə od salan həsrəti dəf edə bilmək üçün özünə güc topladı.
Nəzarətçinin aramsız təkidi, tələbi qarşısında Azər övladından ayrılmalı oldu.
Roza uşağın biləyindən yapışıb ağır-ağır yellədi:
– Ataya “hələlik” de, balaca! – Arazın dilindən dediyi bu sözü kövrələrək təkrarladı. – Hələlik!
Azər nəzarətçinin yanına düşüb gedəndə Rozaya bir daha xəbərdarlıq etdi:
– Dediyimi elə!
Roza uşağın ağlamağa başladığını görüb onu sakitləşdirməyə çalışdı. Qapıda ayaq saxlayan Azər oğluna bir də baxdı. Lakin bir az da ləngisə davam gətirə bilməyəcəyini anlayıb taleyinə boyun əyərək nəzarətçinin önünə düşdü. Köksünün altında müdhiş əzab, kəskin ağrı duyurdu. Bu duyğular dünyada heç nə ilə müqayisə oluna bilməyəcək hisslər idi. Zindana düşdüyü gündən çəkdiyi əzab və iztirablar indi qəlbində baş qaldırmış ağrıların yanında heç nə olmuşdu.
Oğlunun ağlar səsi hər artırmada üzünə açılıb dərhal da bağlanan dəmir şəbəkəli, qıfıllı qapıların ardından itənə qədər Azər atdığı hər addımda geri boylandı. Qəm buludları qatar-qatar keçdi başı üzərindən. Ürəyinin başında bir ocaq qalandı ki, tüstüsü ərşə qalxdı. Nəzarətçinin isə bir yandan “Tələs! Cəld ol!” deyə qane olmayan bir təkəbbürlə əmr etməsi onu təbdən çıxarır, onsuz da daralan hövsələsini bir az da daraldırdı. Daxilən isə özünü yeyib-bitirirdi. Kamerayadək yol uzunu nəzarətçiyə dil tökdü ki, ona evə zəng vura bilməsi üçün şərait yaratsın. Atasını bir tədbir görməsi üçün məsələdən xəbərdar etmək istəyirdi. Nəzarətçi isə kəsə sözlə buna fürsət yaratmadı.
Azər kameraya qayıdandan sonra özünə yer tapa bilmirdi. Fikri-zikri övladının yanında qalmışdı.
(Ardı var)
Romanın birinci hissəsi: 1 2 3 4 5 6 7 8 9 10
İkinci hissə: 11 12 13 14 15 16 17 18
Üçüncü hissə: 19 20 21 22 23 24
Dördüncü hissə: 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46
Beşinci hissə: 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61
Altıncı hissə: 62 63 64 65 66 67 68