Reportyorlar (67)
- 02 Aprel 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
Bu günün şərəfinə qurulan məclisdə Kazımov öz tərəfdaşları ilə bir masa arxasında əyləşib, ona deyilən sağlıqları dinləyir, əhvalı kök halda Krılovu, prokuroru, vəkil Ağalarovu, Zeynalov deyilən şəxsi, onun əlaltısı Əzizi və başqalarını süzürdü. Vəziyyətdən razılıq əlaməti oxunan bir ifadə ilə:
–
Əhmədovların süqutuna qaldıraram bu qədəhi! – deyə qədəhini havaya qalxan, ona
doğru uzanan digər qədəhlərlə toqquşdurandan sonra
başına çəkdi. – Çətin başa gəldi, amma əsas odur alındı. Buna dəyərdi, dostlar!
Onun
sözlərinə təsdiq olaraq masada gülüş səsləri bir-birinə qarışdı.
Bu vaxt Əqrəb Həmid məclisə təşrif buyurdu.
– Gecikmişəm axı, deyəsən.
Onun bu sözünə kimsə yerindən cavab verdi:
– Qətiyyən, lap vaxtında gəlibsən.
Həmid nəzərlərini masadakıların üzündə gəzdirib öz yerinə keçmədən Kazımova:
– Belə görürəm ki, burada kənar adam yoxdur. Bu səbəbdən kənara çəkilməyə ehtiyac qalmır.
Kazımov onun fikrini təsdiqləyir şəkildə başını yüngülcə tərpətdi.
Həmid sözü uzatmayıb cibindən çıxardığı kağız parçasını Kazımova təqdim elədi.
– Toy mərasimi üçün Bakı deyil, Rusiya seçilib. Mərasimin keçiriləcəyi məkanın ünvanı, tarixi, saatı və toya dəvət olunan qonaqların siyahısı. Bu qədər bəs edər?
Kazımovun rəngi bir anda qızarıb-bozardı. Yumruğu biixtiyar sıxıldı. Özünü toplamağa çalışsa da, aldığı xəbər əhvalını tamam korladı. Barmağını qəzəb ifadəsi ilə bir-birinə sıxılan dodaqlarının üzərində gəzdirə-gəzdirə kağızda qeyd olunan məlumatları nəzərdən keçirdi. Rəng verib, rəng ala-ala kağızı qatlayıb cibinə qoydu. Əlinin bir işarəsi ilə Həmidə masada yer göstərib, daxilən Zakirin qarasına deyindi: “Gücünə güc qatmaq istəyir, əclaf! Möhkəm budaqdan yapışıb”.
Ertəsi gün toy məclisinin şur yerində toya dəvətli olan qonaqlardan biri foyedə Zakirə bir zərf uzatmışdı. Zərfdən çıxan kağızda belə yazılmışdı: “Küçüyün qurdların dişləri arasından sağ çıxıbmış demək… Evləndirib, toy edirsən. Sevincini təsəvvür edirəm. Xüsusən də belə bir gündə. Qardaşın oğlu barmaqlıqlar ardına getdiyi bu saatda. Ənvərin yerinə olmaq istəməzdim. Sənin kimi qardaşı olmaq böyük bədbəxtlikdir.
Yəqin ki, bu saat oğluna fərəh hissi ilə, qürurla baxırsan. Amma oğlunun adından eyni fikirləri söyləyə bilməyəcəm. Çünki atasının bir qatil olduğunu bilir. Və geci-tezi bunu sənin üzünə vuracaq. Əmin ol!”
Zakirin sətirlərin üzərində gəzən əsəbi baxışları bir anlıq foyedə dayanan qonaqların üzündə gəzdi. Özünü toplayıb qaldığı yerdən davam elədi.
“Bir atanın öz övladını böyüdüb toyunu görməsindən gözəl nə ola bilər? Əvəzolunmaz duyğudur. Əgər xatırlayırsansa, vaxtilə mənim də valideynlərimin belə bir arzusu vardı, yoldaş general. Sayəndə o arzu, o dilək məzarda dəfn olundu. Sən oğlunu bəy libasında, bəy taxtında görüb fərəhləndin, onlar isə o sevinci dadmadılar. Sənin sayəndə o oğlan bəy libası yerinə kəfən geyindi, bəy taxtına deyil, tabutda son mənzilə yola düzəldi. O günün günahkarı sənsənsə, bu gün sənə bu sevinci yaşatdığım üçün mən günahkaram. Səhv etmişəm! Amma bir səhvi ikinci dəfə təkrar etmərəm. Vaxt çatar, qudanı da tanıyarıq. Bu qədər aciz deyilik əlbət, əlimiz hər yerə çatır. Eşitmişəm, sanballı, mötəbər bir şəxsdir. Öz dərəcəsi, qulluq mərtəbəsi var. Elə bilirsən Bakıdan uzaqlaşıb toy gününün tarixini, yerini gizli saxlamaqla məndən yaxa qurtaracaqsan? Heç vaxt! Belə şeyi ağlına da gətirmə! Axı biz köhnə dostlarıq. Uzaq olsaq da bir-birimizdən xəbər tuturuq. Sənə nə qədər nifrət etsəm də, bir məsələdə əhsən deyirəm. Qardaşının evini necə yıxdığın gəlib çatdı mənə. Aldığım intiqamda dəstəyini məndən əsirgəmədin. Çox sağ ol. Sizi bir-birinizin əli ilə məhv edəcəm demişdim. Belə, yoldaş general. Qardaşınla daha işim yoxdur. Onsuz da xırıldayır Ənvər, bu dərdlə çox yaşamaz. İstədiyimdən artığını etdim onunçün. Amma səninlə qiyamətədək varam. Bu gen dünyada ya sən qalacaqsan, ya mən!..”
Məktubun Kazımovdan gəldiyinə elə ilk sətirlərdən əmin olan Zakirin yazının sonuna çıxmağa daha səbri-qərarı çatmadı. Hiddətlə ovcunda sıxıb əzdi. Yumruğunu var gücü ilə düyünlədi.
– Başım açılsın, əlbət, bir tədbir görəcəm sənin barəndə. Darıxma! – dedi. Gərgin tövrlə başını tərpətdi.
***
…Ömür kitabının məhbəs səhifəsi başlanmışdı.
Düşdüyü yeni mühit, bu ab-hava ona hiss etdirirdi ki, çəkəcəkləri qabaqdadır. Bu tələ gəldiyi cəhənnəmdən nəinki geri qalmır, əksinə, daha sıx tikanlı məftillərlə çənbərlənib.
Nəzarətçi onu bundan sonra saxlanacağı kameraya gətirib dustaqlara:
– Buna yerini göstərin, tanısın, – dedi. Lakin kimsənin qımıldanmadığını görəndə əlindəki zopanı dəmir çarpayılara vura-vura bağırdı. – Tərpənin, it uşağı! Öküz kimi dalıvızı yerdən qaldıranacan yarım saat ötür.
Nəzarətçinin bu həqarəti kimisinə sərf eləmədi, kimisi isə dodaqaltı deyinə-deyinə, tənbəl-tənbəl yerindən qalxmağa hazırlaşdı. Nəzarətçi kamerayya “ağsaqqallıq” edən “Kobra” ləqəbli məhbusa bu arada işarə verdi. “Gözlədiyin adam budur” mənasında baxışları ilə Azəri göstərdi.
Kobranın üz cizgiləri o andaca dəyişdi. Rəngi bir az da tündləşdi. Gözləri ilan gözləri kimi müdhiş soyuqluqla parladı. Çevik bir hərəkətlə yerində qalxıb oturdu. Çiyninə saldığı sırıqlı jileti çəkib düzəldərək uzun, dərin nəzərlərlə Azəri süzüb, təsbeh doladığı barmağının bir işarəsi ilə “əsabə”lərindən birini yanına çağırdı. Öz aralarında xeyli pıçıldaşdılar. Kobra arada bir gözucu qanlı-qanlı Azəri süzdü.
O, 45-50 yaşlarında, ucaboy, cüssəli bir adamdı. İri alnı, daz başı, zəhmli siması və yaşıla çalan gözləri vardı. Onun gözlərinin içinə uzun müddət diqqətlə baxmaq mümkün deyildi. Və bu sərt, qəzəbli baxışlardan qarşısındakı adamı soyuq tər basır, canına titrəmə düşürdü. İlan gözlərini andıran gözlərinə, amansız və qəddarlığı ilə seçildiyinə görə ona bu ləqəbi vermişdilər. Hər kəsin ondan çəkinməsi, ehtiyat etməsi öz üstünlüyünü hiss edən Kobraya böyük həzz verirdi.
Qulağının dibindən ta sağ əlinin üstünə, barmaqlarına kimi döyməsi vardı.
Çənəsinin ucundakı bir topa qara saqqalına o, tez-tez sığal çəkirdi.
Kobranın ömrü demək olar məhbəsdə keçmişdi. Bu onun sayca dördüncü məhkumluğu idi.
İlk cinayətini o, təxminən 12-13 yaşlarında etmişdi. Bununla da həyatı korlanmış, islah-əmək düşərgələrini, cəzaçəkmə müəssisələrini bir-bir gəzmiş, sonralar öz cinayətləri ilə məhşur olan böyük bir bandanın başçısına çevrilmişdi. Törətdiyi cinayət əməlləri saysız-hesabsız və ağlasığmaz dərəcədə amansızlığına görə fərqlənirdi. Milis orqanlarındakı şəxsi işi bir qovluğa sığmayacaq həddə idi.
Kobranın Azərə bəslədiyi bu kin-küdurətin əsl qaynağı atası Ənvər idi. İllər əvvəl uzun axtarışdan sonra ələ keçirilən Kobranın həbsinə o, sanksiya vermiş, törətdiyi ağır cinayət əməllərinə görə məhkəmədə onun cəzasını ciddi rejimli koloniyada çəkməsini qətiyyətlə tələb etmişdi. Bunu heç vaxt yaddan çıxarmayan Kobra indi əlinə düşmüş fürsəti yerində dəyərləndirmək, hər vəchlə qisasını onun oğlundan almaq istəyirdi.
Azərin həbs olunması barədə xəbəri aldığı gün kamera yoldaşlarına öz planından söz açmış, keçmiş prokuror Ənvər Əhmədova olan sonsuz qəzəbi ilə belə bir çıxış edib bildirmişdi: “…Eşidin və bilin: prokuror Əhmədov “paqondur” belə olan halda, deməli, mənimçün “it”dir! Onun küçüyünü iti boğuşduran kimi boğuşduracam burda. Dua edək, bu korpusa, bu kameraya gəlib düşsün. Allahdan bundan başqa arzum yoxdur! Ağlı varsa məğlub olmalıdır. Yox, əgər bəxti yavər getsə, bu döyüşdən salamat çıxsa da, mənim əlimdən çəkəcəkləri var. Onu elə sındıracam ki, özünə ölüm arzulayacaq!”
İndi Azəri nəzarətçinin yanında görəndə onu saran hiddətdən damarlarında qanı coşub qaynamışdı. Nəzarətçi kameradakı məhbuslara tapşırıqlarını verəndən sonra qapını qıfıllayıb çıxıb getdi. Kobra bunu gözləyirmiş kimi istehza ilə dedi:
– Xəbərin özündən əvvəl gəlib, jurnalist! Gəl çıx da… Gözümüzün kökü saraldı ki…
Azər tamam sükut içində Kobraya, daha sonra “Nara”lara baxdı, tünlükdən gözü qaraldı. Ona zillənmiş xəbis, qanlı baxışlar qatı cinayətkarı qarşılayan hakim, müstəntiq, prokuror baxışlarının zəhmini-zabitəsini xatırladırdı ona. Krılov sözlərində haqlı idi. Üstünə şığıyıb parçalamağa, öldürməyə hər an hazır idilər. Yuxarıdan aşağı ikrahla baxırdılar. Sanki burada günahsızlar içində yeganə günahkar idi Azər. Təqsiri hamıdan böyükdü. Cəmiyyətə böyük təhlükə mənbəyi idi. İslah olması üçün ciddi rejim vacib və zəruri idi.
Neçə cüt həqarətli, alçaldıcı, qıyğacı, çəp baxışlar onu öz mühasirəsinə almışdı bu sıxıcı anlarda.
Qulaq deşən bu sükutda alınıb-verilən hər nəfəs də səssiz quyuya atılan daş kimi əks-səda verirdi.
Azər yersiz-yuvasız köçkün kimi ortalıqda dayanmaqdan usanıb diqqət mərkəzindən çıxmaq üçün başının çarəsinə özü baxmaq qərarına gəldi. Səssiz-sədasız keçib masanın kənarında əyləşmək istədi. Lakin dustaqlardan biri onu yarı yolda haxladı. Qarşısına keçib əlini onun köksünə qoyaraq yerində saxladı.
– Ey!.. Hara belə? – deyə tənbehedici nəzərlərlə gözlərinin içinə baxa-baxa ona “xırdalıqları” başa salmağa başladı. – İmtahanı verməmiş özünə yer seçə bilməzsən. Burda heç kəs kefinin bəyi deyil. Ölüyə də məzarda sual-cavabdan sonra rahat yatmağa izn verirlər. Buranın da öz İnkir-Minkiri var, qaqaş. Siratdan keçməlisən ki, bilək cənnəti qazandın, yoxsa cəhənnəmi. Səninən öz mərtəbənə görə rəftar edək. Əvvəlcə bu kişiyə – o, başının işarəsi ilə Kobranı göstərdi, – beyət elə ki, o da lazım gələndə sənə rəhmdil olsun. Yoxsa burda “ÇP” yaradanın aqibəti heç xoşagələn deyil, yadından çıxmasun.
Azər diqqətlə Kobraya baxdı. Bir söz demədi. Ləqəbindən də göründüyü kimi Kobra öz taxtında burulub qalxmış, öz şikarını çalmaq üçün əlverişli məqam gözləyən əfi ilana bənzəyirdi. Onun “müavini” də bir yandan Azəri qınamağa davam edirdi.
– Görünür KPZ-də sənin tərbiyyənlə kifayət qədər məşğul olmayıblar. Ya da sən qabına bir şey qoymayıbsan. Amma burda islah olmayan adam yoxdur. Belə olan halda, bu da bizim öhdəmizə düşür – səni tərbiyələndirək, buranın qayda-qanunlarını mükəmməl mənimsəyəsən ki, “naruşennilərə” yol verməyəsən. Başa düşdün?
Azər aşağıdan yuxarı zəndlə onu süzüb yenə bir söz demədi. Məhbus dayandığı yerdən Azərə öz yerini göstərib yalnız şərtləri başa salandan, sözünü bitirdikdən sonra icazə verdi ki, keçib əyləşsin.
Bayaq Kobra ilə pıçıldaşan əsabəsi “ağsaqqalın” göstərişi ilə Azərin yanında peyda oldu.
– Həri, atam, indi yavaş-yavaş başla xırdalamağa görək, KPZ-də dərsini necə öyrənibsən. – Onu danışdırmağa, öz sualları ilə tanıyıb-öyrənməyə çalışdı. Lakin ilk günün təəssüratından olduqca qaradinməz, fikri dağınıq olan, suallara qısa və konkret cavablar verən Azərdən elə müfəssəl bir məlumat ala bilməyib narazı ifadə ilə Kobraya sarı boylandı.
Kobra özünəməxsus pafosla taxtından aşağıya – Azərə səsləndi:
– Ey! Reportyor! Danış görək video aparatın içərisinə yerləşdirib, çiynində nə qədər “mal” ötürübsən xaricə – obyektlərə?
Azər baxışlarını qaldırıb Kobraya baxdı. Səsi çıxmadı. Kobra bunu görsə də susmadı.
– Əcəb peşə seçmisən a, xoşum gəldi! Ağıllı oğlana bənzəyirsən. Doğrudan da pis ideya deyil. Kimsənin ağlına gəlməz, ala, səndən şübhələnsün! Əhsən! Peşəni özünə qalxan edib müsahibə, reportaj, çəkiliş adıyla işivi gör də özünçün… – Kobra ədalı-ədalı güldü.
Bir az əvvəl nəzarətçinin söyə-söyə qaldırdığı, lakin Kobranın şəxsi icazəsi olmadan yerindən qımıldanmayan pəzəvənglər bu sözlərə irişdilər. Kobra üzündən silinib getməyən istehzalı təbəssümlə:
– Gələcəyin parlaq imiş, amma haradasa səhlənkarlığa yol veribsən! – dedi.
Azər bütün nəzərlərin ona cəmləndiyi bu məqamda əsəbi zəncir gəmirə-gəmirə susdu.
Həmin gecə gözlərinə heç cür yuxu getmirdi. Həyatının ən ağır gecəsini yaşamaqdaydı.
Gözlərini kameranın nəfəsliyindən – göy üzündə görünən ulduzlardan çəkmədən düşündüklərinin təsiri altında ixtiyarsız olaraq tez-tez köks ötürür, yerində çevrikib dururdu. Sıxıntıdan ürəyi partlamaq həddində idi ki, bu vaxt məhbuslardan kimsə narazı tonda ona eşitdirdi:
– Gözünü yığ daha bayırdan. O qapılar bağlandı day. Ümidini biryolluq üz. Belə etməsən, çətin olacaq sənə. Hamımız keçmişik o yollardan. Sən də öyrəşəcəksən.
Məhbusun bu sözləri Azərin sıxılan ürəyini daha da sıxdı. Can verən ümidini yerindəcə öldürdü. Qanı qaralmış halda dodaqlarını bir-birinə sıxdı.
Ertəsi gün nahar zamanı dustaqlardan biri məqsədli şəkildə onu hövsələdən çıxarmağa, ilişməyə başladı.
O, saymazyana bir əda ilə ayağını masanın üstünə qoyub vəziyyətdən razılıq əlaməti oxunan bir ifadə ilə nalayiq hərəkətlər edir, Azərin buna necə reaksiya verəcəyini gözləyirdi. Hətta o qədər irəli getmişdi ki, masanın üzərindəki alümin qabdakı duru yemək ləngər vururdu. O, Azərin masaya əyləşsə də gözlədiyini, nahar etmədiyini görüb sual verdi:
– Nöş yemirsən? Bəyənmədin?
Azər baxışlarını çevirib dustağın üzündə saxladı. Suala dərin sükutla cavab verdi. Dustaq öz qabında artıq qalan yeməyi Azərin önündə soyumaqda olan yeməyin üzərinə boşaldıb ona yeməyi təklif elədi.
Azərin ona zillənmiş baxışlarında hirs, əsəb bu anda daha aydın nəzərə çarpdı. Yenə də bütün səyi ilə özünü topladı. Əsəbini bir-birinə sıxılan dişlərinin arasında əritməyə çalışdı. Dustaq bunu görəndə:
– Nədir, iyrənirsən olmaya? – rəzil təbəssümlə dodağı qaçdı. – Çox nahaq! Bu ki sizdə irsidir, kiminsə artığını yemək! Eşitdiyimə görə, atandan miras qalıb sənə də.
Azər sözlərin mənasını göydə tutub, göz qırpımında yerindən sıçrayaraq dustağın xirtdəyindən yapışdı. Bir həmlədə onu özünə sarı çəkərək sifətini masaya yapışdırdı. Yeməyi dustağın üzünə necə çırpdığını belə bilmədi. Masanın ətrafındakılar həmin anda pərən-pərən oldular. Dustaq əsəbi bir hərəkətlə üzünü qoluyla silib, onu davaya təhrik etdi:
– Noldu ala, qeyrətinə toxundu? Tanımırıq sizi? Özgəsinin namusuna tamah salan…
Artıq özü ilə bacarmayan Azər əlinə keçən kətili bir an belə gözləmədən ona çırpdı. Gərginliklə səsini qaldırdı:
– Yum ala ağzıvı! Kazyol!
Bu mənzərəni öz taxtından izləyən Kobranın Azərin bu həmləsinə dodaqlarında mənalı bir təbəssüm yarandı.
Dustaq əlini başına aparıb barmaqlarının qana bulaşdığını görəndə daha da qəzəbləndi.
– Bləd! Dünənki uşaq, sən məni vurdun, ala? – Azərin üstünə şığıdı.
Yenidən hücuma keçmək istəyəndə yaşlı məhbuslardan biri buna mane oldu. Azərlə dustağın arasına keçib hiddətlə qarşı tərəfdəki naraya baxaraq kiməsə səsini göyərtdi :
– Akif! Bəsdir, yığışdır bu komediyanı!
Məqamın yetişməsini fürsət bilib yerindən qalxaraq meydana çıxan, qızarıb-pörtmüş digər yaşlı məhbus – Akif qanlı-qanlı Azəri süzüb, bir həmlədə bıçaq çıxartdı. Qəzəblə üstünə yeridi. Lakin ona bu fürsəti verməyən zindan yoldaşına iradla səsini qaldırdı:
– Kamal! Biqeyrətin balasını müdafiə eləmə mənə!
Bu, vaxtilə Dilbərin nişanlısı olmuş Akif idi. Həbsə düşdükdən sonra içəridə daha bir cinayət işləmiş və azadlığa çıxmaq şansını itirmişdi. Artıq 30 ilini barmaqlıqlar arxasında ötürmüşdü.
Azərin Ənvərin oğlu olduğunu bilməsi ilə illərdir keçməyən qəzəbi yenidən alovlanmışdı.
Kamal kəskin iradla:
– Bəsdir! Bizə hörmət eləmirsən özünə hörmət eləginən, a kişi! Yaraşmır sənə! – dedi.
– Sən mənim işlərimə qarışma, ala! – Akif bozardı. – İşinlə məşğul ol!
–
Çaqqalıvın ipini yığ deyirəm sənə! Sahib çıx! Yerli-yersiz ulamasun!
Yaşından, başından utan, ala! – Kamal da eyni tonda ona səsini yüksəltdi.
Və gərginlikdən nəfəsi təngiyən, düyünlənmiş yumruğu əsəbdən titrəyən Azəri dilə tutub, kənara çəkdi. Digər dustaqlar Akifi və onun əlaltısını sakitləşdirməyə, vəziyyəti bir qədər yumşaltmağa çalışdılar.
Kobranın bütün diqqəti hələ də Azərdə idi. Gözləmədiyi nəticə ilə qarşılaşması onun kefini durultmuş, ruhlanmışdı. Öz planını həyata keçirmək üçün indi daha çox səbirsizlənirdi…
(Ardı var)