Reportyorlar (66)
- 25 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Saleh uzun müddətdən sonra bir neçə gün əvvəl Bakıya qayıtmışdı. O, Azərin həbs olunduğunu agentlə söhbət zamanı öyrənmişdi.
Gözləmədiyi bu xəbərə qaşları çatılmış halda:
– Niyə? Neyçün? – deyə sual etmişdi.
– Qarışıq məsələdir. Eyni zamanda da qəliz. Belə tezliklə həll olunana bənzəmir.
– Hmm… – Saleh bir qədər fikirli görünmüş, daha sonra ona maraqlı gələn növbəti sualı vermişdi. – Bəs, uşaq məsələsi necə?
– O məsələ də öz həllini gözləyir. Müvəkkilin ölümü işləri bir anda dəyişdi.
– Necə? – Saleh duruxdu. Bütün ümidini Telmana bağladığı halda onun ölüm xəbərini duyması onu əməlli-başlı karıxdırdı.
Agent onun reaksiyasını izləyə-izləyə baş verənləri nağıl elədi. Saleh bundan sonra bir daha dərk etdi ki, bütün cəhdlərə baxmayaraq həyat öz axarı, öz nizamı ilə gedir. Və bu nizamı dəyişmək Adəm övladının ixtiyari xaricindədir. Körpənin sonrakı aqibətinin necə olduğu isə onu sözün əsl mənasında düşündürməyə başladı.
Ertəsi gün xəstəxanada müalicə alan dostu Poladın ziyarətinə gedən Saleh palatadan çıxıb dəhlizdə onu gözləyən agentə yaxınlaşdı. Bu vaxt üzbəüz palatadan çıxan tibb bacılarından biri yeyin addımlarla onların yanından ötüb keçdi. Arxasınca çəkdiyi qapı zərblə öz yerinə çırpılıb təkrar açıldı. Salehin nəzərləri qeyri-ixtiyari açıq qapıdan palataya yönəldi. Bu vaxt palatada gördüyü qadının siması ona tanış gəldi. Təxmininə əmin olmaq üçün qapıdan içəri nəzər salarkən heyrəti üzünün ifadəsində dondu. Dəhşətli bir gizilti keçdi varlığından. Özünü toplayıb agentə:
– Sən get, ola bilsin, mən bir qədər gecikdim, – dedi. Agenti yola salıb, ağır addımlarla palataya daxil oldu.
Türkan tibb bacısının yardımı ilə çarpayıya uzanmaq istəyirdi ki, addım səsinə çevrildi. O andaca üzü sarsılmış ifadə aldı. Dinmək bilməyən göz yaşları Salehi görməsi ilə yenidən selə döndü. Saleh də yerində quruyub qalmışdı. Mat-məəttəl onu, üzündəki göyümtül ləkələri, partlamış dodağını, burnundan axan qanı görüb istər-istəməz səsini qaldırdı:
– Bu nə haldır? Nə olub sənə? Nə baş verib? – Əslində təxmin etsə də şübhəsinə əmin olmaq istədi.
Türkanın dillənməyə halı olmadı. Kövrəlib hönkürtü ilə ağlamağa başladı. Tibb bacısı onu sakitləşdirməyə çalışarkən Saleh sual yağan nəzərlərini bu dəfə onun üzünə dikdi. Tibb bacısından nə baş verdiyini soruşdu.
Məlum oldu ki, Türkanı bu hala salan əri Şahin olub. O, xəstəxanaya huşsuz vəziyyətdə gətirilib. Tibb bacısını dinlədiyi bu müddətdə yumruğu ixtiyarsız düyünlənən Salehin qəzəbi ölçüyə gəlmədi. Bir-birinə sıxdığı dodaqları əsəbiliklə səyridi. Tibb bacısına onları tək qoymasını bildirib, stul götürüb Türkanın qarşısında əyləşdi. Amma bir xeyli danışa bilmədi.
Baxışlarını yerə dikib gözlərinin yaşını silən Türkan onun üzünə baxmağa xəcalət çəkirdi. Salehin bütün diqqəti ilə onu süzdüyünün fərqində olması onu bir az da sıxırdı. Həyatda istəmədiyi bir vəziyyətdə Salehin qarşısında dayanması ona olmazın ağır gəlirdi. Bibisi oğlunun gərginlikdən boğulan səsinə özünə gəldi.
– Səbəb nədir ki, sənlə belə rəftar edib? Nə məcbur edir ki, gücünü sənin üzərində sınasın?
Türkan Salehin sözlərinin havasında duyulan acı istehzanı anında tutub, doluxsundu, cavab verə bilmədi.
– Probleminiz nədir?
Türkan bu sualı da sükutla qarşıladı. Salehin daralan səbrini idarə etməyə gücü çatmadı.
– Ay qız… – Hirs onu boğa-boğa Türkana səsləndi. – Mənə bax görüm…
Türkan göz yaşı gözlərində şüşələnmiş halda başını qaldırıb sıxıla-sıxıla Salehin üzünə baxdı. Gözləri bütün varlığı ilə sevdiyi oğlanın gözlərinə tuş gəldi. Ürəyi bir başqa ahəngdə vurmağa başladı. Salehin hər zamankı kimi bir cüt ala gözlərin sirli-sehrli baxışlarından rəngi-ruhu dəyişsə də, özünü toplamağı bacardı. Ciddiliyini pozmadan sual verdi:
– Niyə əl qaldırıb sənə? Səhvin nədir?
– Saleh, qurban olum, sən qarışma. – Türkan hıçqırıqlar içində az qala inlədi. – Mənə görə başın ağrımasın.
Aldığı cavab Salehi qane etmədiyi üçün əsəbi tərzdə üz-gözünü turşutdu:
– Başım artıq ağrıdı e, mənim. Sən yaxşısı budur mənim sualıma cavab ver. Neyçün döyüb səni?
Türkanın titrədiyini görüb, fikrini açıq şəkildə bəyan elədi.
– Onsuz da yerin altını üstünə çevirib harada olsa tapacam onu. Danışacam özü ilə. Amma sən mənə düzünü deginən.
Türkan yanıqlı bir ah çəkib, özünü bir qədər ələ alaraq dilləndi:
– Ayrılmaq istəyir. Boşamaq istəyir məni.
Saleh gözləmədiyi cavaba tutulub qaldı.
– Nə səbəbə?
– Səbəbi özünə aydındır.
Saleh sualına cavab almadığı üçün qeyzləndi, üzünü bozartdı.
– Səbəbini deginən! Niyə? Neyçün?
– Sənə cəhənnəmdə yaşadığımı demişdim. – Türkan özü də hiss etmədən üsyankar bir səslə səsini qaldırdı. – Niyəsini soruşma. Heç biriniz acımayın mənə. Zavallı kimi baxmayın. Mənim bu günümü böyüklərim öz əlləri ilə illər əvvəl hazırlayıblar.
Salehin rəngi bir az da boğuldu. Bir anlıq zəndlə Türkanın üzünə baxaraq özü də hiss etmədən cib dəsmalını çıxarıb onun qan süzülən burnuna toxundurdu, ehtiyatla silməyə çalışdı. Onun nə etmək istədiyini ilk anda anlamayan Türkan canından hələ də keçib getməyən qorxu ilə bibisi oğlunun bu niyyətinə diksindi. Onun bu təlaşı Salehi bir daha alt-üst etdi. Daxilən ölüb dirilə-dirilə yenə sual verdi:
– Dayı bilir? Xəbəri var sənin vəziyyətindən?
Türkanın səsi çıxmadı. Onun diqqəti bu an Salehin barmağındakı nişan üzüyündə idi. Duyduğu xəbərin doğru olduğuna əmin olması Türkanı bir daha yıxdı. Vücudundakı ağrı acıları ona unutdurdu. Həyatdan umduğu tək ümidi də bu andan etibarən öldü.
Saleh onun cavab vermədiyini görüb:
– Mən indi qayıdıram, – dedi. Palatadan çıxdı. Çox keçmədən qayıtdı. O, palataya qayıdıb gələndə Türkan yanıqlı-yanıqlı hönkürürdü. Saleh bunun səbəbini onun əri ilə aralarındakı ziddiyyətə bağlayıb, əsl səbəbini ağlına gətirmədi.
– Yaxşı, sakit ol. Həkimlə danışdım. Gedirik. Maşına qədər gedə biləcəksən?
– Hara gedirik?
– Dayıgilə.
– Mən bu vəziyyətdə atamın qarşısına çıxa bilmərəm. Onsuz da xəstədir… ürəyi tab gətirməz.
– Yaxşı, neyləyəcəksən bəs?
Türkan Salehi buradan göndərmək və Şahinlə üz-üzə gəlməsini istəməyərək yalan danışmalı oldu. Əslində Şahin bu səhər evə içkili qayıdıb onu döymüş, sonra da evdən qovub hədələyərək: “Bu evə qayıtsan əlimdə öləcəksən. Yaşamaq istəyirsənsə, qayıtma” demişdi.
– Sən mənə görə narahat olma. Özüm qayıdaram evə.
– Narahatam! – Saleh Türkanın sözünü ağzında qoydu.
Türkanın üzündə gizlətməyə çalışdığı acı təbəssüm dolandı.
– Özü hardadır bəs o biqeyrət?
– Bilmirəm. Bilmək də istəmirəm!
…Saleh həmin gün xəstəxanadan qayıdıb agentlə görüşmüş, ondan Şahinin gedə biləcəyi ünvanları axtarıb tapmasını istəmişdi. Cəmi iki gün sonra agent topladığı məlumatlarla Salehin hüzuruna gəldi. Şahinin izinə düşmüşdü.
Saleh yubanmadan maşına əyləşib, tezliklə ona göstərilən ünvanda oldu. Mehmanxana nömrələrindən birinin qapısı önünə çatanda xidmətçidən qapını açmasını tələb etdi. Qapı açılandan sonra içəri daxil olan Saleh Şahini bir qızla yataqda yaxaladı.
Günlərdir hiddəti ölçüyə gəlməyən Salehin bu mənzərədən üzü qəzəbli ifadə aldı. Qız oyaq olduğundan birbaşa yataq otağına gələn yad adamı görməsi ilə gözləri heyrətdən böyüdü. Lakin onun bir işarəsi ilə səsini çıxarmamağa çalışdı. Saleh gərgin halda tərs-tərs qızı süzərək:
– Geyin, rədd ol! – deyə sərt tonda çəmkirdi.
Qız müti şəkildə “yaxşı” mənasında başını tərpətdi.
Taxtın digər tərəfinə keçən Saleh Şahinin başı üzərində dayandı. Boynunun ardından yapışıb var gücü ilə sıxdı. Oyandığını hiss edən kimi:
– Ala, qəhrəman, – ona səsləndi, – geyin, qapının ağzında ol! Səni gözləyirəm.
– Sən kimsən? – Şahin başını yastıqdan qaldırıb çiyninin üstündən yarıyuxulu ona baxdı, tanımağa çalışdı. Salehin ört-basdır edə bilmədiyi gərginliklə istehzalı səsi duyuldu:
– Tanış olacağıq. Tərpən!
Bir qədər sonra maşının qapısına söykənib əlləri qoltuğunda Şahini gözləyən Saleh onun agentin yanına düşüb gəldiyini gördü. Şahin onu diqqətlə süzüb indi tanıdı. Rəngi boğuldu.
– Keç əyləş! – Saleh zəndlə onu süzüb, digər qapını göstərdi.
Şahin saymazyana bir əda ilə sual verdi:
– Sən burda nə gəzirsən?
– Keç əyləş dedim! Danışmalıyıq.
Şahin yarı əsəbi, yarı güləş ifadə ilə deyiləni etdi. Artıq sükan arxasına keçmiş Saleh onun qapını açıb yanaşı oturacaqda əyləşməsini səbirlə gözləyib, o, oturacaqda yerini rahatladıqdan sonra birbaşa söhbətə keçdi.
– Belə güclü oğlansan sən?
– Necə? – Şahin lovğa-lovğa soruşdu.
– Deyirəm belə güclü oğlansan ki, gücünü qadının üzərində sınaqdan keçirirsən? Səhvi, günahı olarsa istədiyin cəzanı verməkdə sərbəstsən. Amma öz planlarınçün qıza bir də əl qaldırsan…
Şahin məsələni anladı. Üzü qəzəbli ifadə aldı.
– Sənin üstünə şikayətə qaçıb o küçük? Sənə sığınıb?
Sözünü güclə tamamladı, Salehin onun xirtdəyindən yapışması ilə xırıldadı.
– Kimsən, ala, sən?- Saleh onu saran əsəblə hiddətlə bağırdı.
– Əlivi çək!
– Kimsəsiz görmüsən qızı? Kim sayırsan, ala, sən özüvü?
– Əlivi çək dedim! – Şahin də səsinin tonunu qaldırdı. – Vurmuşam, yaxçı eləmişəm! Sonra?..
Saleh özü ilə bacarmadı. Əl atıb onun yaxasından yapışaraq bir həmlədə özünə doğru çəkdi.
– Hər tikəni qulağın boyda edərəm, qoduq! Bir də ona əlin qalxsa, səni mənim əlimdən heç kim ala bilməz!
– Özüm bilərəm, ala, – Şahin özündən çıxdı. – Arvad mənim dögül? Döyərəm də, söyərəm də. Sənə nə var? Get işinlə məşğul ol. – Dodağı qaçdı. – Deyəsən ağsaqqal qıtlığı yaşayırsınız, səni göndəriblər üstümə!
Salehin ona ilişdirdiyi yumruq zərbəsindən Şahin burnunu tutdu. Özünü toplamağa çalışdı.
Maşından enən Saleh qapını açıb yaxasından yapışaraq onu bayıra çıxardı. Hirslə maşına çırpdı.
– Sən deyəsən məni düz başa düşmədin! Yortaram səni! Eşidirsən? – Səsini göyərtdi. – Doğulduğun günə peşman edərəm! Bu əllərinə sahib çıx!
– İşinlə məşğul ol dedim sənə! Sən kimsən mənə yol göstərirsən? – Şahin onun əlinin altında vurnuxub hikkəli-hikkəli səsini qaldırdı. – Ala, bilirsən, nə var? Götürün zibilivizi də, açılın başımdan! Məni rahat buraxın! İstəmirəm onu həyatımda! Görmək istəmirəm! Xalta olub keçib boğazıma, qurtula bilmirəm. Sənin də işin həll olunar beləcə. Vaxtilə necə iz buraxmısansa yaddaşında, hələ də mənə qadınlıq edə bilmir.
Şahinin bu sözləri Salehin qulaqlarında şimşək kimi çaxdı. Qulaqları uğuldadı. Qanlı-qanlı onu süzərək boğazından yapışıb var gücü ilə sıxmaqda ikən agent özünü çatdırdı:
– Saleh bəy… Yaxşı deyil. – Salehi zorla ondan ayırdı.
– Biqeyrət! – Saleh inadla Şahinə tərəf dartındı. – Öldürrəm səni! Yedirərəm o sözləri sənə!
– Saleh bəy… – Agent yenə müdaxilə etmək istədi.
– Sən qarışma! – Saleh ona mane olmaq istəyən agentə çəmkirdi.
…Həmin axşam Türkandan xəbər bilmək üçün xəstəxanaya qayıdan Saleh palatanın qapısını açanda Türkan burda tək deyildi. Qayınatası, qayınanası palatada onun yanında idilər. Onu götürüb evə aparmaq üçün gəlmişdilər.
Bunu tibb bacısından öyrənən Saleh daha burada dayanmadı. Xəstəxanadan ayrıldı. Yol boyu baş verənləri, Türkanın düşdüyü vəziyyətini ağlından çıxara bilmirdi.
3 ay sonra
Bəxtimin sarayı viranəlikdi, Azərsə bu viranəlikdə böyük bir xəzinə. Mən onu ömrümün bahar çağında heç gözləmədiyim bir anda kəşf etmiş, sehrinə qapılıb ovsunlanmışdım. İndi isə bu xəzinəni əlimdən tamamilə alırdılar.
Sabah onun növbəti məhkəməsi idi. Hökm oxunacaqdı.
Mən Azəri kənardan da olsa görməliydim. Amma bu barədə qayınatama deməyə sıxılırdım. Üstəlik, gözüyumulu bilirdim ki, izn verməyəcək. Mənə kömək edə biləcək yeganə insan Dilbər xanım idi. Xəbəri duyan kimi yanına qaçmışdım.
Fikrimi ona açıb söyləyəndə çəkdiyi ağrı-acı minə qatlandı. Lakin mənim israr etdiyimi görüb:
– Qızım, yaxşı bilirsən ki, Azər bunu müsbət qarşılamayacaq, – dedi. – Heç atan da razı olmaz.
– İstərsə bir ömür boyu əfv etməsin. Razıyam. – Azəri nəzərdə tutub qərarlı bir şəkildə inadla dilləndim. – Amma bir dəfə olsun görüm.
– Niyə bizi də, özünü də belə üzürsən? – Dilbər xanım göz yaşlarına boğuldu, daha danışa bilmədi.
Əllərindən öpə-öpə ilan dili çıxarıb yalvarmağa başladım:
– Ana! Yalvarıram sənə. Atayla danış. Sən ki məni hər kəsdən daha gözəl anlayarsan. Yola gətir onu. Kənardan da olsa görmək istəyirəm. Bunu da mənə çox görməsinlər.
Bu sözlərim ürəyi dərddən parça-parça olmuş ananı sızım-sızım sızlatdı.
…Ayrılıq saatında mən də oradaydım. Maşında gözləyirdim. Aradan keçən hər saniyə, hər an mənə ölümdən, hər növ işgəncədən daha ağır gəlirdi. Amma buna dəyərdi, çünki sonda Azəri görmək vardı.
Nəhayət, o an gəlib çatdı. Bir az irəlidə dayanmış dustaq maşınının ətrafında gəzişən milisionerlər qəfildən hərəkətə gəldilər. Bir nəfər kimi maşının dörd bir yanına pilləkənlərə qədər olan məsafədə canlı sədd çəkdilər.
Sürücü əyləşdiyi yerdən mənə eşitdirdi:
– Gətirirlər.
Bunu duyar-duymaz ikiəlli pəncərəyə yapışmış, ürəyim şiddətlə vura-vura gözümü binanın giriş qapısına zilləmişdim. Bir neçə dəqiqə sonra ora toplaşanlar arasında bir canlanma yarandı. Azər onu müşayiət edən milis zabitlərinin əhatəsində binadan çıxanda evdə qayınatama verdiyim sözü unutdum. Maşından nə vaxt endiyimi bilmədim. Sürücü tez-tələsik qapını açıb arxamca:
– Xanım, olmaz ora getmək! – deyə maşından endi. Onu dinləyəcək halda deyildim. Arxaya baxmadan var gücümlə binanın həyətinə tələsdim. Dəmir barmaqlı, ağır ab-havalı dustaq maşınının yanına çatanda ayaqlarım sanki tutuldu.
Onu
görürdüm… O, mənə bu qədər yaxın ikən həm də uzaq, əlçatmaz idi. İnana
bilmirdim bu yaşadıqlarımız bizim həyatımızdır.
Heç demə, mənim üçün ali olan insan ora düşəndən sonra milislər üçün bir milçək
qədər dəyərsizmiş. Kimliyindən, nəçiliyindən asılı olmayaraq üstündə bir
damğası var: cinayətkar.
Bu bir neçə addımlıq məsafə mənim Azəri görə bilmək üçün son şansım idi. Ürəyim sözünə baxmadı. Ayaqlarım məni ora, Azərə doğru çəkdi. Və nə vaxt: “Azər!” deyib, onu çağırdığımı, ona doğru qaçdığımı bilmədim. Azər səsimi eşidib dərhal çevrildi. Baxışları ətrafda həyəcanla məni aradı. Burada tanıdığım və tanımadığım çox adam vardı. Onun həmkarları, dostları da həmçinin. Buna rəğmən hər şeyi gözə alıb, son anda da olsa özümü ona çatdırdım. İlk anda Azəri tanımaqda, düzü, çətinlik çəkdim. Üç aydan çox idi onu görmürdüm. Daxilən çəkdikləri üzündə öz əksini tapmışdı, onu olduğundan yaşlı göstərirdi. Sınıxmışdı. Gözlərinin altında tuluqlar əmələ gəlmiş, üzünü saqqal basmışdı. Ötən günlərin onun üçün necə çətin olduğu ilk baxışdan bəlli olurdu. Ayağını hələ də çəkdiyi, addım atmağa necə çətinlik çəkdiyi aydın görünürdü. Milislərin müdaxilə etməsinə baxmayaraq əlindən tutmaq istədim, lakin qollarındakı qandal əlimə toxunub məni diksindirdi. Varlığımdan dəhşətli bir gizilti keçdi o an. Mən bu ana qədər elə zənn edirdim o qandalı bircə Azərə vura bilməzlər. Buna gücləri, cəsarətləri çatmaz. Çünki Azər mənim gözümdə bu qədər böyük, kimsənin zəbt edə bilməyəcəyi alınmaz qala idi. İndi isə həyatda hər şeydən çox qorxduğum bir şey başıma gəlmişdi.
Kim bilir, o, mənim qarşıma bu vəziyyətdə çıxdığı üçün daxilən nələr çəkirdi.
Mən elə sanmışdım onlar qayınatama görə hörmət edər və cəmi beş dəqiqəliyə də olsa Azəri görməyimə, onunla vidalaşmağıma izn verərlər, amma yanıldım. Bizə nəinki danışmağa, üzbəsurət dayanmağa belə imkan yaratmadılar. Onların qanunları kimi özləri də sərt, kobud idi. Sanki sinələrinin altında ürək əvəzinə bir yığın daş parçası gəzdirirdilər.
– Bilirəm ki, sən günahsızssan! Bilirəm! – dedim.
Azər gözlərimin içinə baxa-baxa susurdu. Susurdu susmasına, amma bu halımı gördükcə üzü bir şəkil almışdı ki, əlində imkanı olsa buranı bir-birinə vurardı. Yenə də bütün bacarığını ortaya qoyub təmkinini məharətlə qoruyub saxlayırdı. Bu bir neçə dəqiqəlik zaman axınında o sadəcə gözlərimin içinə baxdı, dinib danışmadı. Mən isə körpə uşaq təki ağlayır, ayrılmaq istəmirdim. Azər baxışları ilə Səməndər əmiyə məni buradan aparmasını işarə etdi.
Onu dərhal maşına mindirdirlər. Maşına əyləşməzdən əvvəl çevrilib bir anlıq zəndlə gözlərimin içinə baxdı. O baxışlar o an mənə çox söz dedi. Çox şey xahiş etdi.
Dəmir barmaqlı qapılar üzünə qapanandan sonra maşının pəncərəsindən gözlərim yenə onu axtardı. Ayaqlarımın ucunda qalxıb, çətinliklə də olsa gördüm. Qandallı əlləri ilə başını sıxıb oturmuşdu. Onu belə görmək məni daha da yandırıb yaxdı. Əzabım minə qatlandı.
Bu ağır məqamlar illər sonra xatirələrimi qeyd etdiyim gündəliyin arasında misralara dönəcəkdi. Azərin mənə demək istəyib, deyə bilmədikləri kimi… Bu anlar yaşadığı duyğuların tərcümanı kimi…
Bağışla, mələyim, keç günahımdan,
Səni tək qoyuram, gözləyir zindan.
Bil, təkcə sevgindir məni yaşadan.
Eşqimi qəlbimdə girov qoyuram,
Sənin gözlərinin məhbus, quluyam!
Gedirəm! Gedirəm, ürəyim səninlə qalır,
Sən tutan əlimə qandal sarılır!
Qorxmuram zindandan, ağır həyatdan,
Qorxuram gözlərinə həsrət qalmaqdan!
Həsrətin qəlbimdə özü boyda dağ,
Məni zindan deyil, hicran yıxacaq!
Əllərim əlindən, gözündən uzaq,
Ruhum səninlədir, sənindir ancaq!
Küsmürəm bəxtimdən, incimirəm heç!
Yazım belə yazılıb, olan olacaq!
Fələk də halıma qalıbdır çaşbaş,
Kaş, insan deyil, yaranaydım daş!
…Maşın hərəkətə keçən kimi uzaqlaşıb getmişdi. Mən isə yerimdən tərpənmədən durduğum yerdəcə qalmışdım. Hələ də için-için ağlayır, titrəyirdim. Bu vaxt çiynimə toxunan əlin təmasından geri çevrildim.
Qarşımda dərddən əriyən, məni bağrına basan bu adam qayınatam idi. Dərd yüklü çöhrəsi ilə iztirablı baxışlarla üzümə baxdı. Dillənə bilmədi.
– Ata! – deyib, ona sarıldım. Yanıqlı-yanıqlı hönkürdüm.
Məhkəmə Azərə verilən ittihamları əsas tutaraq bir neçə il iş kəsmişdi. Günahsız yerə illərlə həbsdə yatacaqdı. Bütün dəlillər, iddialar əleyhinə idi. Sonradan biləcəkdik ki, onun hüquqlarını müdafiə etməsi üçün təyin olunan vəkil bütün bu müddət ərzində nəinki onun işinə yararlı ola biləcək bir iş görməmiş, buna heç cəhd də etməmişdi.
Düşündükcə dəli olmaq dərəcəsinə çatırdım.
Fələk sanki taleyimizi iri bir düyünə salıb çözmək istəmirdi.
Mən maşına əyləşəndən sonra da bir xeyli özümə gələ bilməmişdim. Göz yaşlarım leysana dönmüşdü. Azərin solğun çöhrəsi, o baxışları gözümün önündən getmirdi. Yanıb yaxıla-yaxıla ağlayırdım.
Qayınatam mənim sakitləşməyimi gözləyib, mən bir qədər toxtadıqdan sonra evə yola düşmüşdük.
Maşından enib həyətə addım atanda özümü yer üzündə kimsəsiz, tək-tənha qalmış biri kimi hiss elədim. Bu həyətə ilk dəfə onunla birlikdə qədəm basmışdım. İndi isə ondan əllərimi üzüb, yarı canımı yanında girov qoyaraq alt-üst vəziyyətdə geri qayıdırdım. Ayaqlarım getmirdi evə. Üstəlik, Dilbər xanımla göz-gözə gəlməyə…
O, bizim gəldiyimizi öyrənib eyvana çıxmışdı. Dayanıb gözləyirdi. Mən ona qədər olan məsafəni əzab içində, dərddən qovrula-qovrula addımladım. Sonuncu pilləyə ayaq basanda Dilbər xanım irəli yeridi:
– Qızım, görə bildin Azərimi? Necə idi? – Sualının ardını gətirə bilməyib göz yaşlarına boğuldu. Ona sarılıb xeyli buraxmadım. Bu yolla özümdə son cəsarəti tapıb, əzablarına əzab qatmamaq üçün yalan danışmalı oldum:
– Yox, ana, görə bilmədim. Mümkün olmadı, – dedim.
Necə deyəydim axı, necə təsvir edəydim Azərin o vəziyyətini?
O, mənim solmuş çöhrəmə nəzər salıb qəhərləndi. Və deyəsən bəxtim gətirdi, bu dəfə ərinə sarı döndü. Lal-dinməz pilləkənləri qalxan kişinin qarşısına yeridi.
– Ənvər, nə qərar verdilər? Necə olacaq balamın aqibəti? Bir söz de!
Daha burada dayanmağa gücüm-qüvvəm qalmadı. Yubanmayıb içəri keçdim.
Ruqiyyə bibi də bizdə idi. Axır vaxtlar demək olar ki, bizdə qalır, Dilbər xanımı tək qoymurdu. Mən salona gələndə başımıza gələn fəlakətdən xəbərsiz körpə quzum məni görən kimi qollarıma can atdı. Lakin onu götürməyə heyim-hərəkətim olmadı. Yüz illərin yorğunu kimi stula çöküb oturdum. Daha bu həyatdan yaxşı heç nə gözləmirdim. Mənimçün daha nə sabah, nə də gələcək yox idi. Ruqiyyə bibi təlx olmuş ovqatımı görüb, boynumu qucaqladı. Saçlarımı sığalladı.
Bu vaxt qayınatam da salona gəldi. Amma burada çox dayanmadı. Azadı Rənadan istəyib qucağına alaraq otağına keçdi. Hiss etdim ki, sorğu-sualdan qaçır. Dilbər xanım narahatlığı üzünə vurmuş halda baldızına:
– Ənvərin rəngini-ruhunu heç bəyənmədim. Mənə bir söz demədi.
– Sakit ol, Dilbər bacı, qoy bir az özünə gəlsün. Nağıl edər də. Görmür bəyəm xəbər gözləyirik?
İxtiyarsız olaraq ah çəkdim. Bu ah ürəyimi yandırıb külünü göyə sovurdu, kimsə bu an nə çəkdiyimi bilmədi. Göz yaşlarım gözlərimdə şüşələndi. Amma süzülmədi ki, nəfəsimi kəsən qəhərdən qurtulam. Azacıq nəfəs alam.
Ürəyim partlamaq həddində idi, lakin hələ ki, dözürdü. Hələ ki, tab gətirirdi. Ruqiyyə bibi qardaşının otağa keçməsini fürsət bilib:
– Görək də, bəlkə Allahı başının üstündə hiss edib, Zakir insafa gələr. – dedi. – Ümidimi ona bağlamışam.
Mən Zakir əminin adını duyan kimi tutqun ifadə ilə başımı aşağı saldım.
– Getməsəydin yaxşı idi. – Dilbər xanım düşdüyümüz vəziyyətə, bütün yolların üzümüzə bağlanmasına rəğmən qayınlarına əyilmək, qürurunu sındırmaq istəmədi. – Ənvər bunu yaxşı qarşılamayacaq.
– Mən Azərə görə canımı da qurban verərəm. – Ruqiyyə bibi yana-yana dilləndi. – Bu iş Zakirin əlində bir içim sudur. O, istəsə çox şey edə bilər. – Sözlərinə qısa ara verib yenidən davam elədi. – Zivər biləndə ki, Azərin başına bu müsibət gəlib, necə kədərləndi, təsəvvür edə bilməzsən.
Bu danışıqları eşitmək məcburiyyətində qaldığım üçün oturduğum yerdəcə xəcalətdən əriyirdim. Yerimdə yumağa dönmüş, kiçilib büzüşmüşdüm.
– Yad qızı məyus olur, amma doğma qardaşdan səs çıxmır… – Ruqiyyə bibi təəssüflə başını buladı. – Həminki Zakirdir. Təkəbbürlü, sərt, acıdil. Yaşa dolub sadəcə, heç dəyişməyib. Başım qarışıqdır deyib, yaxasını kənara çəkmək istədi, amma mən daha əvvəlki Ruqiyyə deyiləm. Bu qədər haqsızlığı Allah da götürməz. Kimin haqlı, kimin haqsız olduğunu bir-bir izah etdim.
– Daha nə mənası var, Ruqiyyə?
– O, bu yaşa qədər dərk etməyibsə, deməli, izah etməyin bir mənası var. – Ruqiyyə bibi dərindən köks ötürdü. – Salehin toyudur sabah. Bu səbəbdən qardaşıma belə qanqaraldan məsələlər maraqlı gəlmir, əhvalını korlamaq istəmir. Sözüm yoxdur. Axır bir gün evlənməli idi. Allah xoşbəxt eləsün. Səmimi qəlbdən deyirəm. Amma nə qədər etsəm də, barışa bilmirəm Zakirin bu saymazlığı ilə. Şadyanalıq etməyi bir yana, üstəlik, kin güdüb, qardaşlarımı bizdən eləməyi, Ənvəri köməksiz qoymağı… tablana bilmirəm.
Mən bundan artıq davam gətirə bilmədim. Yerimdən qalxıb özümü dəhlizə güclə çatdırdım. Hönkürtümü boğmaq üçün əlimlə bərk-bərk ağzımı qapadım. Otağımızın qapısı ağzına çatanda qayınatamın salonda duyulan qəzəbli səsi məni yerimdə saxladı. Heç demə, mənim salonu tərk etməyimi gözləyirmiş. Bacısına səsini qaldıraraq hiddətlə bağırırdı:
– Sənin o vicdansızın evində nə işin vardı axı? Niyə özünü bu qədər alçaldırsan? Niyə güldürürsən onu mənə? Dəyərdi buna? Addım atmazdan əvvəl oturub bir fikirləşmək lazım idi, ya yox? Neyçün özbaşına iş görürsən?
Qardaşının kəskin iradı qarşısında Ruqiyyə bibinin zəif səsi duyuldu. Acizanə bir şəkildə izah etməyə çalışdı:
– Azərə görə getdim.
– Səhv eləyibsən! Böyük səhv! – Qayınatam onun üstünə çəmkirdi.
– Ənvər, sakit ol, bacı qurban sənə. Özüvü ələ al. Mən yaxşı tərəfini düşünüb getdim. Fikirləşdim ki, bizə düşmən olsa da, qardaş balasına bir köməyi toxunar. Cavandır, ailəsi, körpəsi var.
Qayınatamın bir müddətdir öyrəndiyi, amma hər kəsdən gizlətdiyi acı həqiqəti bundan belə ürəyində saxlamağa gücü-qüvvəsi, səbri çatmadı. Bacısının bu yanlış addımı onu sanki kürəyinə saplanan xəncər kimi vurmuş, son nəfəsini də kəsmişdi.
– Oğlumun həyatını məhv edən fərmanı imzalamış adam mənim qardaşım deyil! Ola da bilməz!
– Ne-cə? – Ruqiyyə bibinin heyrətə boğulan səsi duyuldu. Kəlməsi dodaqlarında sındı.
Bacısının Zakirə ağız açması, onun ayağına gedib kömək istəməsi kişiyə pis yer eləmişdi. Həzm edə bilmirdi.
– Azərə necə oyunlar hazırlandığını, necə dərin quyu qazıldığını bildiyin halda necə belə səhvə yol verə bilirsən? Bütün bu həngamənin başında duran sənin o biqeyrət qardaşındır! Kimdən kömək umursan? Kimdən kimə şikayət edirsən?
Göz yaşlarım yanaqlarımı yuyurdu. Durmayıb otağa keçdim. Bu qisasda səbəbkar bir az da özümü görürdüm deyə varlığımı saran əzab hissi ölçüyə gəlmirdi.
Bu arada səs-küydən qorxaraq çığırıb ağlayan Azadı Rəna otağa, yanıma gətirdi. Mən dolu kimi göz yaşı tökə-tökə körpəmi sinəmə sıxıb, onu sakitləşdirməyə çalışdım. Rəna mütəəssir halda, üzgün baxışlarla məni süzüb sakitcə otağı tərk elədi. O, otaqdan çıxanda qayınatamın hələ də gərgin tonda səsi duyulurdu. Bacısına:
– Ay qız, sənin qardaşların ki var, hamısı iradəsiz, əqidəsiz, aciz bir zavallıdırlar. İngilis bayrağı kimi ha tərəf münasibdirsə, o tərəfə də əsirlər. Əbəs yerə kimisə bəhanə gətirib mənim gözümü boyamasınlar, – deyirdi.
Qayınatamgil böyük nəsil, qohum-əqrəbalı olsalar da, mən nə toyumuzda, nə də bu evə gələndən sonra bu qohumlardan bir nəfəri belə bizə gələn görməmişdim. Amma buna baxmayaraq hələ indiyədək cürət edib bunun səbəbini nə Azərdən, nə da Dilbər xanımdan soruşmamışdım. Çünki onlar şəxsi məsələləri, xüsusilə də keçmişlə bağlı mövzuları açıb-ağartmağı sevmirdilər. Ailənin təməli belə qoyulmuşdu və bu, ailədə bir növ qanun idi. Bu xəbərdarlıq gəlin gəldiyim ilk gündən mənə çatdırılmış, qulağımda sırğa edilmişdi.
(Ardı var)