Reportyorlar (65)
- 18 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Azərin qollarını arxaya burub göz qırpımında götürdülər. Onu kameranın divarına adam boyundan bir qədər hündürlükdə qaynaq edilmiş qalın dəmir parçasına qandalladıqdan sonra başladılar vurmağa. Biri yorulanda estafeti digərinə verdi. Növbəti işgəncələr daha ağlasığmaz və amansız idi.
Bir qədər sonra vəziyyətlə tanış olmaq üçün haqq carçısı Krılov özü şəxsən bura baş çəkəndə Azər sifəti qana boyanmış, qaşı, dodağı partlamış halda idi. Vücudu lərzəyə gəlib titrəyirdi. Onu tər basmışdı.
Krılov məmnunluq yağan ifadə ilə Azərin qarşısında dayandı. Onun bu qədər əziyyətdən sonra yola gələcəyini düşünərkən zənnində yanıldı. Azər Krılovun gözləmədiyi bir inadkarlıqla onu zinhara gətirən bu haqsızlıqdan, köksünü söküb-şumlayan sözləri bütün hiddəti ilə Krılovun üzünə çırpdı. Ona duyduğu qəzəbi aşkar surətdə büruzə verdi.
– Ala, ay kişilikdən bixəbər nacins! Belə “duxlu”, belə qoçaq oğlansan qoçularıva nöş əziyyət verirsən? Gəl duraq qabaq-qənşər, çürüdək hesabı da. Yooxx! Sənin gücün mənə ancaq belə çatar.
Krılov Azəri cırnatmaq üçün etinasızlıqla gülümsündü. Sonra irəli yeriyib var qüvvəsi ilə qarnına bir yumruq ilişdirdi. Azər küt ağrıdan nəfəsinin kəsildiyini zənn etdi. Bir neçə saniyə özünü ələ ala bilmədi. Lakin səsini uddu. Krılov ona özünə gəlməyə macal verməyib zopanı milisionerin əlindən alıb onun xirtdəyinə dayadı. Yenə boğazının damarlarını, səsinin tonunu yoğnatdı:
– Sənin… bu dilini… itlərə yedirtməsəm, adımı dəyişərəm!
Azər yenə hisslərinə hakim ola bilmədi. Gərgin, açıq istehza ilə:
– Sənin adını çoxdan dəyişiblər, – dedi. – El arasında eşitməmiş olmazsan.
Milisionerlər
gözlərində donub şüşələnmiş heyrətlə oğrun-oğrun bir-birilərini süzdülər. Bu
məqamda simalarında gizli bir narahatlıq sezildi.
Azər yaxşı bilirdi ki, bu sözləri ilə azadlığa çıxmaq barədəki ümidini, şansını
da elə buradaca – müstəntiqin ayaqları altında dəfn elədi. Və bu qıfıllı
qapılar kim bilir bəlkə də bir daha açılmayacaq. Bunu bilə-bilə susmadı:
– Sən qanun adamı deyilsən! Qanun adamı haqq-ədaləti bərpa edər, boğmaz! Kiməsə satılmaz! Qanunla, vicdanla iş görər! Sən ovlanan ovun qalıqlarıyla dolanan çaqqalsan! Bildün, ala? İndi gəl, öldür məni! Öldür! Vur istədiyin qədər! Mən öləcəm, amma şərəfsizlliyi boynuma götürməyəcəm!
Krılovun üzü payız havası kimi tutqun idi. Bıçaq vursaydılar qanı çıxmazdı. Hikkəsini, qəzəbini yumruğuna sıxıb qanlı-qanlı Azərə baxırdı. Ona təsir edən həm də o idi ki, bu sözləri təkcə özü eşitmirdi. Bu təhqirləri milisionerlərin yanında ona hədəflədiyinə görə hirsindən az qalırdı Azəri elə buradaca öz əlləri ilə boğsun. Lakin bunun sonrakı məsuliyyətini daşımaq onun hünəri deyildi. Bu gün sağında-solunda mütiliklə dayanan milisionerlər sabah onun ziddinə gedəcək hal şahidləri idilər. Odur ki, öz gücünü göstərər şəkildə şəhadət barmağını Azərə tuşlayıb özünə xas hava ilə silkələyə-silkələyə hədələdi:
– Mən o etirafı sənə mələdə-mələdə yazdıracam. Sən sən ol, mən də mən! Bu sözləri sənin yanına qoymayacam!
– Arxı tullanmamış bərəkallah deməginən, yoldaş müstəntiq! – Azər dəli bir qəzəblə dartındı. Lakin qolarındakı qandal onu inadla geri çəkdi, müstəntiqə bir addım da yaxın buraxmadı.
Krılovun simasındakı qalib təbəssüm eyhama dönüb dodaqlarında gəzdi. Özü də bilmədi bir vedrə bumbuz suyu Azərin başından aşağı necə qəzəblə, nə vaxt əndərdi. Azərin sifətindəki qan suya qarışıb suyun rəngini dəyişərək əynindəki geyimə hopdu. Krılov milisionerlərə sarı dönüb əmr etdi:
– İndi vurun! Rəhm edəni, əl saxlayanı özüm alacam ayağımın altına!
İslaq bədənə buz kimi yapışan yaş paltarda zopa zərbələri daha dəhşətli, ağrılı və dözülməz idi. Yandırıcı, göynədici təsir bağışlayırdı. Hər zopa zərbəsində bədəninə sanki dağ basırdılar. Yanıb-yaxılsa da, səsini boğub içəri qovurdu. Boğazının irilənmiş damarlarında dondurur, çəkdiyi əzabın zahirə vurmasını istəmirdi. Bu burulğandan necə çıxacağını bilmirdi. Gözünü açmağa qoymurdular. Milisionerlər sanki bir canlını deyil, xalça-palaz çırpırdılar.
Krılov aldığı söz yaralarından sonra bu tamaşanı böyük həzz içində seyr edirdi. Azərə dəyən hər dəyənək onun hirsini, qaynayıb-coşan qəzəbini soyudur, hiddəti yavaş-yavaş səngiyib keçirdi.
…Bir qədər sonra kameranın gözlüyü açıldı. Oradan bir cüt gözün içəri zillənmiş qıyıq baxışları tuşlandı. Daha sonra qapının qıfılı şaqqıldadı, siyirtməsi çəkildi. Bayaq onu döyən milisionerlərdən biri ağır addımlarla içəri daxil oldu. Yenə əsəb nöqtəsinə toxunub onu boğaza yığmaq, təngə gətirmək məqsədilə gəldiyini bildiyi üçün Azər ona əhəmiyyət vermək istəmədi.
Milisioner Azərə uzun, dərin bir nəzər saldı. Həndəvərində gəzinə-gəzinə birdən xısın-xısın güldü:
– Amma yaman dedin ha… Döşədin qabırğalarına. Ona hələ bu qədərini deyən olmamışdı. Elə bil dabanından kibrit vurdun, tüstüsü başından çıxdı. Tüstüləyə-tüstüləyə getdi. – Sözün bu yerində pıqqıldadı. – Ə, şir ürəyi yeyibsən nədir? Dedim bu dəqiqə öldürəcək! Bununla əl çəkdisə, deməli, hələ çəkindiyi kimsə var sizlərdən.
Azərin sonuncu sözə acı istehza ilə dodağı qaçdı. Milisioner bunu görsə də sözlərinə davam etdi:
– Nədənsə səninlə ulduzu siftə gündən barışmayıb. Əlindən yaman yanıqlıdır. Bu da əlavə olundu, indi hər fürsətdə incidəcək. Qorx ki, işini elə düzüb-qoşa, bir də azadlıq üzü görməyəsən. Bu belə adamdır. Sənin kitabın bağlandı, qardaş.
Milisioner deyəsən bekar idi. Vaxtını öldürmək üçün öz vəzifəsini və öhdəsinə düşən tapşırığı, Azərin də dustaq olduğunu unudub söhbətə girişmişdi. Bu sərt, kobud, laqeyd təsiri bağışlayan milis formasının altında heç demə bir ürək döyünürmüş. O, bir qədər əvvəlki böyük tamaşadan sonra maskasını, qrimini çıxarmış bir aktyora bənzəyirdi.
Azər diqqətlə onu süzüb, sual verdi:
– Belə ikili mövqe tutmağa məcbursan?
– Neyniyim, balalarım var. Sabah kim çörək verəcək onlara? Sənin balan yoxdur?
– Var. Sizin kimilərin ucbatından üzünə həsrət qalmışam. Çünki mən belə həyatı qəbul edə bilmirəm. İstəmirəm bu gün əqidəmi dəyişib satılmaq müqabilində ona yedirəcəyim çörək üçün o, sabah məndən utansın.
Milisioner zəndlə Azəri süzüb ürəyindən keçənləri dilinə gətirdi:
– Sən yaxşı oğlansan, amma əfsuslar olsun ki, yolun buralardan düşüb.
Azərin dodaqlarında kinayəli təbəssüm yenidən peyda oldu.
– Nəyə gülürsən?
– Düşdüyüm vəziyyətə. – Azər eyni istehza ilə dilləndi. – Atamın mənə öyrətdikləri burada keçərli deyilmiş. Haqqı tanımaq belə istəmirlər. Ya əzəldən beləymiş, ya da mən zəmanənin karvanına çatmağa gecikmişəm.
– Hmm. Sənin vəziyyətin gülməli yox, olduqca fırıqdır, qardaş. Yaman yerdə axşamlamısan.
– Bilirəm.
– Heç zad bilmirsən. Bilsən bu qədər zülm eləməzsən özünə. – Qapıdan təkrar dəhlizə boylandı. Sakitlik olduğunu görüb geri qayıtdı. Azərin qarşısında dayanaraq son dərəcə asta səslə az qala pıçıldadı. – Ə, ağlını başına top elə. Bu sözü mən deyirəm sənə. Özünə yazığın gəlmir, evindəkiləri düşün. Başın böyük bəladadır, ay zalımın balası, hələ yatmısan fil qulağında. Sən buradan salamat çıxsan da, içəridə səni sağ qoymayacaqlar. Narkotik-zad hamısı bir bəhanədir. Sən vaxtilə iki nəfər arasında gedən məxfi bir söhbətin üstünə çıxmısan. Siyasi söhbətin. Sövdələşmə gedirmiş. Üstəlik, bunu çəkmisən. Və səni görüblər. Yadına düşdü yəqin. Dava bunun davasıdır. O məlumatı əldə edib, məhv etmək istəyirlər. Bilə-bilə zülm eləmə özünə.
Azər milisioneri sonadək dinləyib, özünü bilməzliyə vurdu. Tamam başqa söz dedi:
– Zülm demiş, belə yerdə siqaret doğrudan da yerinə düşərdi…
– İxtiyarım yoxdur. Görsələr dərimə saman təpərlər. Atamı yandırar bu Krılov mənim.
– Ala, qandalı aç demirəm ki… bircə dənə siqaret. Başım çatlayır.
Milisioner nə fikirləşdisə gedib kameranın açıq qapısından dəhlizə boylandı. Yaxınlıqda kimsənin olub-olmadığına əmin olandan sonra döş cibindən siqaret dənəsini barmaqlarının ucunda çıxardı. Azərin damağına qoyub alışdırdı. Azər qanı hələ də süzülməkdə olan dodaqlarının arasında siqareti zorla saxlayıb birtəhər sümürdü. Tüstü tezliklə ciyərlərinə dolanda sanki üstü açılmış yaranın üzərinə istiot ələdilər. Yandırdı… göynətdi… cızdağını çıxartdı. Acı öskürək tutdu onu. Əzilən hər əzasının ağrısını tərpədib oyatdı. Gözləri sulandı. Sandı ki, içalatı bu dəqiqə ayaqlarının altına düşəcək. Bir neçə saniyə nəfəsini dərib, sonra əlinə düşmüşkən bir-iki qullab daha vurmaq istədi. Sümürdü. Milis isə bir yandan:
– Bəsdir… tez ol… – deyib, bir gözü qapıda onu tələsdirirdi. Bir əli havada siqareti Azərin damağından qapmaq üçün hazır dayanmışdı. – Ə, oğlanlar görmüşəm burda bir parça çörək, su deyib, yalvarıb. Sən siqaret istəyirsən? Nə yapışmısan bu zəhrimardan?
Azər siqaret damağında öskürə-öskürə dedi:
–
Ala, “tok”a vermisüz məni? Vermisüz. Baş-gözümü partladıb, özümü də
cəmdək kimi asmısız tavandan? Asmısız. Mən bu günümə, bu vəziyyətimə çəkməyib,
ayrı nə etməliyəm ki… – Vücudunda elə dəhşətli bir ağrı vardı ki, siqaretin
gerisini sümürməyə gücü-taqəti çatmadı.
Elə bu vaxt artırmalarda eşidilən addım səsləri, dəmir şəbəkəli qapıların
şaqqıltısı, qıfıl, açar səsi milisioneri diksindirdi. O, göz qırpımında
siqareti Azərin dodaqları arasından çırpışdırıb silahdaşını şübhəyə salmamaq
üçün özü çəkirmiş kimi göründü. Yaxınlaşmaqda olan addımları ürəyində
hesablayıb fərəqətdə dayandı. Özünü oynayacağı rola hazırlayıb, üzünün mülayim
cizgisini sərtliklə əvəz elədi. Tosqun milis kamerin qapısını açıq görüb içəri
daxil oldu.
– Muradov? Xeyir ola? – Silahdaşının burda olma səbəbini sual etdi. – Nə sallanıb durmusan burda?
Muradov istehza ilə Azərə nəzər salıb, izah etdi:
– Gəldim baxım çəkdiyimiz zəhmət hədər getməyib ki? Yumşalıb, ya yox?
– Yumşalar… darıxma. – Tosqun top qarnını sığallaya-sığallaya, baxışlarını Azərin üzündə gəzdirib iyrənc təbəssümlə əlavə etdi. – Elə indicə kefin istəyən şam etmişəm. Sənin sağlığına da bir əlli vurdum getdi, Əhmədov. Belə yeyib-içməkdən sonra lazımdır yaxşıca istirahət edəsən, amma sənin kimi heyvərələrə görə bizə şirin yuxu da haramdır. – Uzun, dərin, tənəli baxışlarla Azəri təpədən-dırnağa süzüb, eyham vurdu. – Nədir? Ağrılar başlayıbmı canına yayılmağa? – Dişlərini ağartdı. – Təqsirin hamısı özündədir. İndi də cəfasını çək!
Azər baxışlarını ondan yayındırıb çalışdı əhəmiyyət verməsin. Əslində bu dəqiqə öz hayında idi. Qolları hələ də asılı vəziyyətdə idi, az qalırdı dibindən qopsun. Biləkləri şişdiyi üçün qandal onu sıxırdı. Yorulmuşdu. Taqəti yox idi. Bir yandan da çətinliklə nəfəs alırdı.
Tosqun üzünü Muradov deyilən milisə tutdu:
– Sən gedə bilərsən.
Muradov ayağını sürüyüb, yerişini ləngitdi. Nə fikirləşdisə tosquna yaxınlaşıb, astadan:
– Deyirəm, bəlkə bu qədər bəs edər… – dedi. – Açaq qandalı…
– Lazım deyil! – Tosqun onun sözünü yarıda kəsdi. – Yoldaş Krılov nə vaxt göstəriş versə, onda. O da ki, burda yoxdur. Gedəndə də mənə belə bir tapşırıq vermədi. – Bu sözləri xüsusi vurğulayıb qıyğacı Azərə baxdı. Eyni kinayə, eyni səs tonu ilə əlavə etdi. – Nə vaxt qayıdacağı məlum deyil. Ola bilər gecə yarı qəfildən gəlib çıxar, ola bilər sabah gələr. Uzun sözün qısası, bizlik heç nə yoxdur. Bəxtindən küs, Əhmədov.
Muradov əl çəkmədi. Dil töküb tosqunu yola gətirmək istədi. Tosqun şübhəli nəzərlərlə onu süzüb, üstünə bozardı:
– Sənə nə düşüb? Səni bura göndəriblər ki, bunun qayğısına qalasan?
Muradov tosquna eşitdirircəsinə dodaqaltı:
– Ə, o donuz oğlu donuzun mayası araqdan, “sala”dan tutulub, Allahsızdır. Bəs biz? Müsəlman deyilik? Dinimiz-imanımız yoxdur?
Tosqun Muradovun nə demək istədiyini gözəl bilsə də, sözünə son nöqtəni qoydu:
– Eyib etməz! Bu oğlanın atası çoxlarının qoluna belə qandal vurdutdurub. Tərs damarı tutub, heç nədən keçməyib. İndi bir az da qoy öz balası bilsin bunun dadını.
Bu sözlərdən sonra Azərə tam təfərrüatı ilə aydın oldu ki, səhərədək bu vəziyyətdə dayanmalı, bu işgəncəyə tab gətirməlidir. Çıxış yolu yoxdur. Bu müsibətin sonu yalnız Allahın əlindədir. Haqqın yerini tapması onun möcüzəsinə bağlıdır.
Milisionerlər kameranın qapısını qıfıllayıb getdilər. Dəhlizdən içəri düşən alatoran işıq şüasını da qranlıq öz ağuşuna alıb boğdu. Göz gözü görmədi.
O, ayaqlarının ucunda bir qədər qalxıb qollarını qismən boş saxlayaraq özünə gəlməyə, toxtamağa çalışdı. Olan-qalan qüvvəsini bir sonrakı fasiləyə qədər toplayıb dincini alandan sonra təkrar qollarından asılı vəziyyətdə dayandı. Hələ də su daman yaş geyimi soyuq zəli kimi vücuduna yapışıb onu dondururdu. Deyəsən bayırda bərk külək qopmuşdu. Qarşısındakı divarın üstündəki dəmir barmaqlıqlı nəfəslikdən içəri durmadan vıyıltı ilə soyuq hava axını daxil olur, boynundan, boğazından, qollarından bədəninə keçir, ilan kimi qıvrılıb canına üşütmə salırdı. Nəfəsliyi bilərəkdən açıq saxlamışdılar. Zopa yeyəndə zərbələrin təsirindən od tutub yanan, qızışan bədəni indi şaxta vurmuş ağaca dönmüşdü. Vücudunun elə bir nöqtəsi yox idi ki, zoqquldamasın. Bədəni tuluq-tuluq idi. Yaralandığı gün aldığı zədələrin yerləri isə daha çox ağrı verirdi.
Nə qədər keçdiyini bilmədi. Bu zaman qulaqlarına eybəcər, kobud bir səs doldu.
– Ey! Özünə gəl… – deyib, üzünü şillələdi, onu dümsüklədi. Azər gözlərini ağır-ağır açdı. Lakin üzünə tuşlanmış fənərin gur işığından gözləri qamaşdı. Qarşısına keçən işıqla onun arasındakı məsafədə hərəkət edən nəhəng kölgəni tanıdı. Tosqun idi, qandalı açırdı. Başa düşdü ki, özündən gedibmiş…
(Ardı var)