Reportyorlar (64)
- 11 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
Üç gün əvvəl xaricdən növbəti dəfə külli miqdarda narkotik vasitə gətirilməli idi. Bu əməliyyatı həyata keçirmək bu dəfə dəstənin daha bir üzvü Fərman Nəbiyevə həvalə olunmuşdu. Uğurlu əməliyyatdan sonra Əzizlə həmişəki yerdə, şəhərdən xeyli kənarda, ona məxsus mənzildə görüşdü. Narkotikləri böldükdən sonra Fərman ona çatacaq məbləği cibə endirib yüksək əhval-ruhiyyədə:
– Vəziyyət nə yerdədir? – deyə Əzizdən istintaqın gedişini xəbər aldı. – Qardaşım içəridə necə aparır özünü?
Əziz lovğa-lovğa güldü:
– “Tanımıram” deyir, vəssalam!
– Yaxşı, bəs, Həmid nə deyir bu işə? Nə gözləyir bu işin axırından?
– Həmid sözünü çoxdan deyib. Yıxıldı jurnalistin evi!
Fərman düşüncəli göründü. Ağır-ağır başını tərpətdi.
– Qardaşım, sənə bir söz deyim, qəribçiliyə salma. Bu Həmidə bel bağlamasaq yaxşıdır. Bəd ayaqda bizi uçurumdan yuvarladar, çəkinməz!
Əziz köks ötürdü.
– Sən ağlını bekar yerə yorub ağrıdmaginən. Öz işində ol! Ağzını da möhkəm tut!
Fərman daha dinmədi.
Aparılan əməliyyat tədbirləri nəticəsində narkodəstənin üzvləri bir-bir göz altına alınırdı. Dəstəyə rəhbərlik edən Əziz hələ ki, ələ keçməmişdi. Artıq nəzarət altında olan Fərman Nəbiyev, bu gün restoranlardan birində “malı” satıb pulunu təhvil aldığı anda yaradılmış əməliyyat qrupu tərəfindən həbs edildi. İki gün sonra daha iki nəfər saxlanıldı. Həmidin göstərişi ilə onları milisə satıb öz dairələrindən bir-bir dənlətdirən Əziz bu tamaşanı kənardan məmnunluq içində seyr edirdi. Əməliyyat zamanı şəhər ərazisində dəstəyə məxsus gizli laboratoriya, xeyli miqdarda narkotik vasitə, saxlanılanların şəxsi mənzillərindən yüksək məbləğdə pul aşkar edilib götürülmüşdü. Ələ keçən şəxslərin bir neçəsi öncədən təlimatlandırılaraq ilkin ifadəsində Azəri Əzizin “sağ əli” kimi qələmə vermiş, hətta Əzizlə yanaşı kimlərlə işlədiyini, hər satışdan nə qədər gəlir əldə etdiyini və həmin pulları harada saxladığını da açıqlamışdılar. Onların arasında Fərman da vardı. Suallara müdaxilə etmədən etirazsız danışır, özünə əminliklə, arxayınyana cavablar verirdi. Hədəf mərkəzi isə Azər idi.
– Sövdələşməni çox vaxt ikisi aparırdı. Biz onların verdiyi qərarlara görə hərəkət edirdik. Əzizin arxa duranı, dayağı vardı və buna görə Əhmədovun bir sözünü iki eləyən yox idi.
– Onu Əzizə yaxınlaşmağa vadar edən nə olub?
– Eşitdiyimə görə, səhhətində ciddi problemlər var. Hansısa müharibədə kontuziya alıb. Bu səbəbdən psixotrop tərkibli dərmanlar qəbul edir. Əzizlə necə tanış olduğunu deyə bilmərəm, amma bu tanışlıq iki məqsəd daşıyır. Həm ziyarət, həm ticarət. O, müxbir kimi istənilən ölkəyə rahat gedib-gəlmək imkanına sahibdir. Bu da Əziz üçün sərfəlidir. Həm malını satır, həm pul qazanır. Jurnalist də çəkdiyi materialları xarici kanallardan birinə satıb narkotik alır, eyni zamanda da Əzizin narkotikini xaricə daşıyır. Ağlabatandır, ya yox?
***
Günlər ötürdü.
Azərin dediyindən dönməməsi Krılovu cin atına mindirəndə səsi qəzəb teşnəsinə, gözləri qan çanağına dönürdü:
– Səni o manyakların içərisinə göndərəcəm ki, onlar üçün insan taleyi bir qarışqadan da dəyərsizdir. Şükür edəcəksən bu günlərinçün! Mənim atama rəhmət oxuyacaqsan! Ağlın başına gələndə gec olacaq! Bilirsənmi orada atanın əlindən zəncir çeynəyənlərin neçəsi var? Hamısı qurd kimi ağzını açıb, bu saat intizarla səni gözləyir. Hop götürərlər səni, axmaq uşaq, göz açıb-yummağa imkan verməzlər. Atanın heyfini səndən çıxarlar! Bir də görərsən o dünyaya yol almısan! Başa düşdün? Həyatınla oynama!
…Növbəti gün növbəti dindirmədə Krılovun acıqlı səsi, bağıra-bağıra hökm etməsi yenə istintaq otağının daşını-divarını titrədir, dəhlizdə əks-səda verirdi.
– Hələ heç kəs məni bu qədər incitməyib, adə! Belə dirənməyib! Evin yıxılsın, oğul yiyəsi! – Onun hiddətlə masaya çırpdığı yumruğu tüğyan edirdi.
Azər onu sonadək dinləyib:
– Təklifin nədir? Sən təşəkkür alasan deyə, mən şərəfsiz bir böhtanı boynuma götürüm, sənin işini yüngülləşdirim? Sənin strategiyan, sənin taktikaların mənimçün boş, yersiz, mənasız və gülüncdür. Min cür fənd işlədib mənə rəzillik damğasını vurmağın işin sonunda sənə gözlədiyin uğuru gətirməyəcək. Əksinə, üz qaralığı, etimadsızlıq, öz mərtəbəndə aşağı pilləyə enmək nəsib edəcək. Yüz belə akt, protokol tərtib elə, qalaqla qarşıma, mən sözümü birdəfəlik demişəm.
– Baxarıq! – Krılov səsini qaldırırdı.
***
Bu gün qayınatamgil daha bir neçə mötəbər şəxslə görüşməli idilər.
Bu görüşün Azərin işinə yararlı ola biləcəyi ümidi içində idik.
Qayınatamın çoxdan tanıdığı səlahiyyət sahibi olan həmin şəxs bu işi yoluna qoyacağına onu əmin etmişdi.
Min bir həyəcanla günü başa vurmuşdum. Ürək çırpıntıları içində onun yolunu gözləyirdim. Günlərdir üzünü görmürdüm. Səsini eşitmirdim. Hər saatım, hər dəqiqəm onu düşünüb göz yaşı axıtmaqla keçmişdi. Elə zənn edirdim aradan əsrlər, qərinələr keçib.
Gözüm qapıda, qulağım səsdə idi.
Bu vaxt Rəna tutqun ifadə ilə otağın qapısında göründü. Əlindəki sellofan bağlamanı mənə uzadıb məyus nəzərlərlə üzümə baxdı:
– Götürün, xanım.
– Bu nədir?
Rəna doluxsundu, cavab vermədi. Bağlamanı ondan alıb ikinci sualı verdim:
– Atagil qayıtdı ki?
Rəna cavab verənə qədər mən bağlamada nə olduğunu görüb alt-üst olmuşdum. Azərin geyimləri, ayaqqabıları, qol saatı idi. Sarsılmış halda Rənaya baxaraq:
– Bəs… – Qəhər boğazıma yapışıb sözümün ardını gətirməyə heç cür imkan vermədi. Rəna nə demək istədiyimi gözəl bilirdi.
– Alınmayıb. Yəni kimsə son anda əngəl törədib. İşi dolaşıqdır.
Ürəyim partlayacaq həddə yanıqlı bir ah çəkdim. Göz yaşlarım daha sözümə baxmadı.
Rəna ovutmaq istədi.
– Xanım, səbirli olun.
Özüm də hiss etmədən üsyankar bir səslə onun sözünü ağzında qoydum:
– Nə qədər? Nə vaxta qədər?
– Allahdan ümid kəsilməz!
Rəna daha nə isə dedi, amma mən artıq heç nə duymurdum. Bizə gələn bəla Allahdan deyil, bəndələrdən gəlmişdi. Nicatımız kimin əlində idi bilmirdik, bizə qaranlıq idi.
Əlacım
hər yerdən, hər kəsdən üzülmüş bir halda eləcə için-için ağlayırdım. Çəkdiyim
acı o qədər böyük idi ki, hələ yolun başında tükəndiyimi hiss edir, bu dərdə
necə tablanacağımı bilmirdim.
Özümü toplayıb salona keçəndə hər gün olduğu kimi tünlükdən gözlərim qaraldı.
Qurban dayının masada oturanlara müraciətlə acı istehza ilə dediyi sözləri
mən də eşitdim:
– A kişi, elə danışdılar ki, məəttəl qaldım. Əlimizdə böyümüş uşaq mafiya imiş, xəbərimiz yoxmuş…
Qayınatam baxışlarını qaldırıb ona ört-basdır edə bilmədiyi gərginliklə necə baxdısa Səməndər əminin əlini onun əlinin üstünə qoyub baxışlarıyla “səbirli ol” mənasında işarə etdiyi nəzərimdən yayınmadı.
***
Ənvər hisslərinə hakim ola bilməyəcəyindən ehtiyat edib eyvana çıxdı. Bir qədər sonra Səməndər də yanına gəldi. Dostunun əhvalını üzündəki ifadədən oxuyub dedi:
– Səninçün necə çətin olduğunu bilirəm. Bütün bunların öhdəsindən təkbaşına gələ bilmək, bu yükü çiyinlərində daşımağa çalışmaq, haqsızlığı həzm edə bilməmək nə deməkdir, əfsus ki, başa düşürəm. Amma inan mənə, bu vəziyyətdə təmkinli davranmaqdan başqa çarəmiz yoxdur. Azər içəridədir və bu da o deməkdir ki, əl-qolumuz bağlıdır. Kiçik bir ehtiyatsızlıq, kiçik bir səhv, hövsələsizlik onun işinə açılmaz düyün vura bilər. Gec-tez həqiqət üzə çıxacaq, ifşa olacaqlar. Az qalıb. Sənə söz verirəm! Lap az! Amma hələ ki, heç nə olmamış kimi davranmağa məcburuq, qardaşım. Azərin aqibəti üçün məcburuq.
Ənvər Səməndərin sözlərinə razılıq ifadə edən tövrlə yüngülcə başını tərpətdi. Çarəsizlik içində köks ötürdü. Düşündüklərinin təsiri altında düyünlənmiş yumruğunu məhəccərə vurdu.
Günlər sonra
Bu gün növbəti dindirmə idi. Krılov adəti üzrə yenə cövlan eləyirdi. Yenə bir qalaq dəlil-sübutla gəlmişdi. Haqq axtarışında idi. Böhtan topunun ağzını yenə Azərə sarı çevirmişdi. Qəzəbi, hikkəsi yeri-göyü titrədirdi.
Azər təhqirləri dinləməli olsa da, səbrini basırdı. Üstünə qırma kimi yağan ittihamların üstündən acı bir sükutla keçirdi. Lakin Krılovun susmaq bilməyən sərt səsi iti qılınc kimi bir ucdan doğrayıb tökürdü bu sükutu, bu lal səssizliyi. Qəzəbi haqsızlığa, böhtana, quru iftiraya mat-məəttəl qalmış haqq-ədaləti qırmanclayırdı.
Azər hələ ilk dəqiqələrdən hiss edirdi ki, gözləri önünə qalın, qara pərdə enir, bir qədər sonra yox olur, sonra təkrar peyda olur, otaq başına fırlanır.
Bir sözlə, Krılovu dinləyəcək halda deyildi. Həbs olunan gündən aclıq, susuzluq möhkəmliyini getdikcə itirməkdə olan səhhətində öz sözünü artıq deməyə başlamışdı. O, özünə verdiyi bu işgəncənin dəqiq başlanğıc vaxtını, vədəsini unutmuşdu. Halsızlıq, zəiflik özünü büruzə verir, bununla belə inad edir, bu sınağa da dözürdü.
Krılov isə bir ucdan ona təsir etməyə çalışırdı:
– Kənardan baxana döyüş asan gələr. Bu can elə şirindir, mədən belinə yapışanda gözünə heç nə görünməyəcək. Qürur da, mənlik də bir yerə qədərdir, candan artıq deyil!
O, uzun-uzadı danışıb, sonda Azərin saqqal basmış üzünə nəzər salaraq rişxəndlə gülümsədi:
– Üzümə yenə qanlı-qanlı baxırsan, cənab jurnalist!
Azər çatılmış qaşlarının altından nifrətlə Krılovu süzürdü. Onun səsi yenə əsəblərində gəzdi:
– Bir imzanın ucbatından gör nə vaxtdır belə əziyyət çəkirsən. Səncə bütün bunlara dəyər? Əlbəttə, yox! Adam olub sözə qulaq assan insan kimi rəftar olunar sənlə. Tapşırram bütün naz-nemətləri düzərlər önünə! Bəy balası kimi yaşayarsan içəridə. Rahat şərait, komfortlu kamera. Könlündən keçir, qadın da təşkil etdirrəm səninçün. Bir imza nə olan şeydir, özünə belə zülm edirsən?
Azər içində burumlanan əsəbi uzun bir sükutla boğaraq handan-hana dilləndi:
– Mən it yalağından su içmərəm! Öləcəyimi bilsəm də buna getmərəm! Siz məni hələ yaxşı tanımırsınız!
Krılovun sifəti göz qırpımında tündləşdi. Üzündə damarları titrədi:
– Nə dedin, küçük? Adə, mənəm it? – O, yerində yay kimi atıldı. Üstünə şığımaq istəyəndə, ona bu fürsəti verməyən Azər ayağını müstəntiqin masasına dayaq verib, onu var gücüylə divara sıxdı. Bu gərilməkdə olan əsəbin pik nöqtəsi idi. Səbir kasası çoxdan daşmış, bıçaq sümüyə dirənmişdi. İçindəki burulğan səngiyənə bənzəmirdi.
Heç gözləmədiyi bu həmlədən çaşıb qalan müstəntiq tərpənə, bu “məngənənin” arasından çıxa bilmədi. Masa Krılovun qarnına, özü isə divara sıxılanda o, əlini yelləyə-yelləyə qeyzlə bağırdı:
– Darıxma, küçük! Hələ heç kim mənim qarşımda belə qələt etmək cürəti tapmayıb özündə! Sən mənə ilişirsən?
Azər halını pozmadı. Ayağını masadan götürmədən kin-küdurətlə:
– Döşünə necə yatırsa! – dedi, bir həmlə də etdi. Masanın üzərində nə varsa təkrar titrədi.
Bu anda milisonerlər kabinetə doluşdular. Çağırış düyməsini basmağa macal tapmış Krılov onu divara sıxmış masanın arxasından çıxmağa çalışaraq səsini qaldırdı:
– Rədd eləyin bunu gözümün önündən! Elədiyi qələti ona yaxşıca başa salın ki, ağlı başına gəlsin.
(Ardı var)