Reportyorlar (63)
- 04 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
…Kazımovun böyük iftixarla söz açdığı o sabah dünəndən də qara və çarəsiz gəldi.
Bir gecədə bilmədiyimiz çox şey dəyişmişdi. Bu gün dünənki hava çalınmırdı. Verilən fərman dostluğu, qardaşlığı, ən əsası müsəlmanlığı tapdayıb keçəcək qədər qüvvəli idi.
Bu gün qayınatam sübh tezdən evdən çıxmış, gedərkən Vüsətə bəzi tapşırıqlar vermişdi. Onun getdiyi çox olmamışdı ki, evdə təlatüm yarandığını hiss edib, Rənadan nə baş verdiyini xəbər aldım.
Eşitdiklərim mənə izah olunmaz həyəcan gətirdi. Pəncərədən baxanda həyətdə milis işçilərini gördüm. Otağın qapısını örtüb, beşiyin yanında dayandım. Ürək çırpıntıları içində hər an açılacaq qapıya baxaraq ölüb-dirilməyə başladım. Nə qədər keçdi bilmədim. Amma evdə böyük səs-küy vardı.
Dəqiqələr
sonra qapı döyüldü. Özümü buna hazırlasam da, dillənmək iqtidarında olmadım.
Onlar da çox gözləmədilər. Qapı təlatümlə açıldı və bir yığın hüquq mühafizə
orqanı əməkdaşı otağa doluşdu. Üzlərində buz kimi soyuq, qəddar və laqeyd ifadə
ilə otağa keçən kimi hər yeri axtarmağa başladılar. Əllərinə keçən nə varsa
kobud şəkildə otağın ortasına atdılar. Körpəni də nəzərə almadılar. Bütün
bunları ürəyim parçalana-parçalana seyr edir, bununla belə yerimdən
tərpənmirdim. Eləcə beşikdən yapışmışdım. Daxilən nələr keçirdiyimi bir Allah
bilirdi.
Azad elə şirin yatmışdı ki, adətən pıçıltıya oyanan körpəm bu qədər səs-küyə
oyanmadı. Vüsət içəri gəlib onlara irad tutsa da, onun sözünü ələ almadılar.
Qayınatamın vaxtında xəbər tutub evə geri dönməsi isə vaxtı-zamanı öz qüdrəti ilə hesablayan Allahın bir hikməti idi.
Evə çatan kimi bu mənzərə ilə qarşılaşması onun baş qaldırmış hiddətini son həddə çatdırdı.
Rəngi boğulmuş halda illər əvvəldən tanıdığı müstəntiqə müraciətlə:
– Yoldaş Krılov! Payına düşən sümüyü mənim evimdə nöşün axtarırsan?! – deyə kəskin danışdı.
Krılov Ənvərin səsinə geri çevrildi. Qarşısında özü də hiss etmədən kiçilib, cılızlaşdı. Bununla belə öz əməlinə bəraət qazandırmaq istədi:
– Yoldaş Əhmədov, mən verilən əmri icra edirəm, bu nə sözlərdir? Heç yaxşı deyil.
– Yaxşı olmayan nədir? İzah elə bilək! – Ənvəri hiddət boğdu. Gəlininə otaqdan çıxmağı işarə verdi. Aydan bir gözü beşikdəki körpəsində otağı tərk etmək məcburiyyətində qaldı.
Ənvər üzünü yenidən Krılova tutdu:
– Mənə qanunpərəst rolu oynama, Krılov. Bir-birimizi yaxşı tanımasaydıq qarşında deməyə sözüm olmazdı. Sən nə cürətlə mənim evimə, bu azmış kimi qız-gəlinin otağına soxulursan? Burada hansı qanundan söhbət gedir? Bu açıq-aşkar quldurluqdur!
– Evə baxış keçirmək üçün sanksiya verilib.
– Mənə nə özünü, nə də sənə sanksiya verib bura göndərəni söydürmə. Soruşuram mənim gəlinimin otağına hansı cəsarətlə, nə ixtiyarla soxulubsan?! – Ənvər səsini göyərtdi.
Krılov rəng verib, rəng aldı. Gözucu Ənvərlə birlikdə gələn və kənarda dayanıb onları seyr edən Kazımovu süzdü. Kazımov üzündən narazılıq oxunan bir ifadə ilə ağır-ağır başını buladı. Amma bu narazılığın mənasını təkcə özü və Krılov bildi.
– Belə qanunla iş görənsiniz əgər… tutmamısınız bəyəm uşağı? Necə ki tutmusunuz, gedin dindirin, sorğu-sual edin də! Daha mənim xəbərim olmadan evimə basqın təşkil etməyin!
Əməliyyatçılardan kimsə yerindən dilləndi:
– Yoldaş Əhmədov, biz əmr quluyuq.
– Sənin kim olduğun mənə yaxşı məlumdur. Dəstəni də götür, dərhal bu evi tərk edin. Mənim oğlum cani deyil, vətən xaini heç deyil. Sizin burada nə axtardığınız mənə çatmır. Nə etmək istədiyiniz də eləcə.
…Otaqdan çıxmalı olsam da, fikrim orada qalmışdı. Dəhlizdən bir addım belə aralanmaq istəmirdim. Rəna Vüsətin işarəsi ilə bu təlaşımın əsl səbəbini ağlına gətirmədən mənə yaxınlaşdı. Birlikdə salona gəlməli oldum. Burada hüquq mühafizə orqanı əməkdaşlarından biri masa arxasına keçib əlüstü nə isə qeyd edirdi. Yəqin ki, təhqiqatın nəticəsi barədə protokol tərtib edirdi.
Titrəyən barmaqlarımı bir-birinə sıxıb, var gücümlə Azər üçün dua edirdim: “Allahım, ona yardım elə! Dayağında dur!”
Birnəfəsə
eyni sözləri neçə dəfə təkrarladığımı belə bilmirəm. Bu qədər həyəcan və
qorxunun səbəbi otaqdakı videokasetlər idi. Azər sonradan ora Yanvar
hadisələrindən bəhs edən bir neçə kaset də əlavə etmişdi. Mən gecə ilə onları
Azadın beşiyinin içərisinə, döşəyin altından sıra ilə düzmüşdüm. İndi körpəm
həmin kasetlərin üzərində dünyadan xəbərsiz şirin bir yuxuya dalmışdı. Əgər
beşiyi də axtarmaq qərarına gəlsəydilər…
Bu vahimə ilə gözüm otağın qapısında idi. Dayandığım yerdən içəridən
eşidilməkdə olan səsləri dinləyirdim.
Bir neçə saniyə sonra bir-birinin ardınca otağı tərk edən orqan əməkdaşlarını görəndə və onların getməyə hazırlaşdığını anlayanda təhlükənin sovuşduğuna inanmaq istədim.
Onlar getdilər.
Dərhal otağa keçib beşikdə yatan balamı süzdüm. O, hələ yatırdı. Əlimi döşəyin altında gəzdirdim. Kasetlərin burada olduğunu biləndə sevincim kədərimə qarışdı. Taxtın kənarına çöküb, hönkür-hönkür ağlamağa başladım. Səsimə Fatimə, Rəna, Dilbər xanım, Ruqiyyə bibi içəri gəldilər.
Onlar əsl həqiqətdən xəbərsiz olduqları üçün bunu sadəcə bir az əvvəl yaşananlara bağladılar.
…Uçurumun kənarında idik sanki. Ayağımızın altında torpaq sürətlə ovulub gedirdi. Nahaqqın haqqı üstələdiyi, vicdanların susduğu bu vaxtda ümid təkcə Allaha idi. Şeytan isə bu dəfə də qalib gəlmişdi. Nəfəsi ilə qurduğu bu tamaşanı məmnuniyyətlə seyr edirdi.Belə iyrənc böhtanla Azəri ləkələyib həbsə atmaqları hamını üzsə də, əsl həqiqət hələ ki, şərin-böhtanın kölgəsində yatmaqda idi.
Oğluna hazırlanan bu oyundan sonra Ənvər özünü təhqir olunmuş, ləyaqəti tapdanmış hiss edirdi. Bu gün işlərin belə nəticələnməsində təqsirkar yalnız özünü görürdü:
– Mən bilirdim onlar belə əclaflıq edəcəklər. Bu taktikalar sistemin köhnə siyasətidir. Bunu bildiyim üçün getdim ki, bəlkə önləyici tədbir görüm. Gec idi. Mənzilin qapısını möhürləyib, qapıya milis qoymuşdular. Heç demə, elə bu ərəfədə işlərini görüblərmiş. Hər şey çoxdan hazır imiş.
…Kazımov demək olar ki, hər axşam bizdə olurdu və Azərin işi ilə bağlı söhbətlərdə şəxsən iştirak edirdi. Qardaş dediyi insana od vurub, tüstüsünü seyr etmək üçün. Məsələnin həllinə öz üsulunca yanaşıb məsləhətlərini, tövsiyələrini əsirgəmirdi.
Bir qədər keçmişdi ki, Vüqar gəlib çıxdı. İti addımlarla pilləkəni yuxarı qalxıb tutqun əhvalda içəri keçdi. Salam verib vəziyyətin nə yerdə olduğunu xəbər aldı. Aldığı cavabdan sonra üzü buludlandı:
– Bir az bundan əvvəl vəkillə görüşdüm. Məlumat almışıq ki, iki gündür Azərin səhhəti yaxşı deyil. Yenə həmin ağrılar baş qaldırıb, özünü pis hiss edir. Görüşə heç cür şərait yaratmadılar. Göndərilən dərmanları isə ona çatdırmırlar. Vəkil onun həkim müayinəsindən keçirilməsini təmin edəcəyinə söz verdi. Gözləyirik hələ ki. – Vüqar qanıqara halda nağıl etdi.
Bu xəbər dərd üstünə dərd yüklənən ürəyimi paramparça etdi. Daha burada dayana bilmədim. Çarəni baş götürüb otağa keçməkdə gördüm. Artıq Dilbər xanımın yanında ağlaya da bilmirdim. Onsuz da halı yaxşı deyildi. Üstəlik, məni gözüyaşlı görəndə bir az da talan olurdu. Bütün günü özünü körpə Azadla ovundururdu. Uşağı sinəsinə sıxıb ətrini, qoxusunu burnuna çəkir, için-için ağlayırdı.
Mən göz yaşları içində hönkür-hönkür ağlamaqda idim ki, qapı döyüldü. Dilarə idi. İrəli yeriyib məni bağrına basdı:
– Can! Quzum, ağlama, qurban sənə! Eşitdin ki, nə dedi qardaş. Həkim müayinə edəcək. Bilirəm, çətindir. Gözəlim, heç olmasa sən güclü dayan. Bax gör xala nə haldadır. Ona hayan ol! İnşallah, haqq yerini tapacaq, qaqaşım orada qalmayacaq!
Bərk-bərk rəfiqəmə sarılıb, daha da kövrəldim:
– Dözə bilmirəm həsrətinə, dözə bilmirəm! Ürəyim parçalanır! Nəfəsim kəsilir! Onsuz keçirdiyim bir saat, hər dəqiqə mənə işgəncə kimi görünür. Heç olmasa bir dəfə görəydim üzünü. Bircə dəfə. Bəlkə o zaman tab gətirə bildim.
– Can! İnşallah, qayıdacaq! Səbirli ol! – Dilarə barmaqlarının toxunuşu ilə göz yaşlarımı sildi.
Hıçqırıqlara boğularaq:
– Sanki Allah-təala alqışımı qarğış kimi qəbul edib. Onunla bədbəxt olmağa razıyam deyirdim, təki qovuşum deyirdim. Bədbəxtlik bizi tərk eləmir. Heç üzümüz gülmədi.
– Belə düşünmə. Allah çox sevdiyi bəndələrini həmişə sınağa çəkər. Bu günlər də keçəcək. Bu çətinliklərin əvəzində, kim bilir, Yaradan sizə necə gözəl günlər bəxş edəcək. Ümidini itirmə, canım-ciyərim. İnan mənə, dualarım hər zaman sizinlədir. – Üzümdən öpüb məni təkrar bağrına basdı.
Müvəqqəti saxlama təcridxanası
…Donmuş buz təki ərimək bilməyən bu boğucu zaman axını, psixoloji təsir göstərən ağır mühit Azəri artıq təngə gətirmişdi. Qulaq gurlayan bu səssizlikdən beyninin içində sanki müdhiş bir küy vardı. İslaq tavandan daima daman və əsəbi döyəcləyən, sinir pozan su damcılarının, kanalizasiya xəttindən süzülən su şırıltısının səsindən savayı bir səs duyulmurdu. Bu isə onu müstəntiqin hər günkü sorğu-suallarından, tətbiq etdiyi fiziki, mənəvi təzyiqlərdən də artıq usandırıb boğaza yığmışdı. Normal həyat şəraitindən məhrum edilmiş, cəmiyyətdən təcrid olunmuş, gözünü hər açıb-qapadığında qarşısındakı dörd divardan, çirkabdan, üzünə bağlanmış qıfıllı qapıdan başqa heç nə görməyən bir insan üçün bu iyrənc mənzərə artıq ürəkbulanma verirdi.
Bu gün növbəti dindirilmə idi.
Azər addım atmaqda çətinlik çəkir, axsayırdı. Ayağı dizdən aşağı şişib göyərmişdi. Beş-on addımlıq məsafəni qət edənədək onu tər basmışdı. Nəzarətçi onun divardan yapışıb özünü topladıqdan sonra addım atmağa çalışdığını görəndə hövsələsi daraldı. Dəyənəyin ucu ilə ona dürtmək vurdu. Kobud və eyni zamanda sərt tonda:
– Tərpən! Səni gözləməyə vaxtım yoxdur! – dedi. – Cəld ol!
Canının ağrısından üz-gözünü turşudan Azər hirs onu boğa-boğa nəhayət gəlib kabinetə çıxdı. Onu burada gözləyən müstəntiq Krılov başdan-ayağa Azəri süzüb, onun necə əziyyətlə gəlib çıxdığını görəndə:
– Bir inadın ucbatından özünü saldığın vəziyyətə bax, – dedi. – Lazım idi sənə bu?
Azər stulda əyləşib özünə gəlməyə çalışdı. Krılov eyni ahənglə davam elədi:
– Bilirsənmi ki, atanın xətir-hörmətinə mən qanunu tapdayıb sənə hörmət göstərirəm? Uşaqlar səninlə rahat davranırlar. Gərək sən də bunu nəzərə alasan.
Azər gəldiyi cəhənnəmi, yaşadığı ağlagəlməz işgəncələri müstəntiq Krılovun bəhs etdiyi hörmətlə müqayisə edib, kinayə ilə başını tərpətdi:
– Hörmətli olasız!
Krılov bozardı. Yumşaq səsi o anda sərt qılınca döndü:
– Ədəbsizlik eləmə! Hələ cənnətdəsən! Adam ol, söz başa düş! Burda belə şeylər keçmir. Oğlanlar görməmisən nə vəziyyətə qalıb burda. Diz atıb yalvarıb ki…
Azər bu sözləri eyhamlı bir sükutla qarşıladı.
Krılov Rusiyanın Perm vilayətindən idi. Yaşı 50-dən aşağı olmazdı. Əslən rus olsa da azərbaycanca səlis, qüsursuz danışırdı. Xüsusi təlim keçmişdi.
Krılovun müstəntiq hazırlığı, hüquqşünas fəallığı ilə yanaşı, özünəməxsus dindirmə üsulları vardı. O, müstəntiqlər arasında amansızlığı, qəddarlığı ilə ad qazanmışdı. Deyilənə görə, cinayət məsuliyyətinə cəlb olunan, təqsirli bilinən heç kimsə arzu etmirdi ki, onun istintaq işini aparmağı Krılova tapşırsınlar. Bu, şübhəsiz, Krılovun şillə-təpiyinin altından keçən hər bir şəxs üçün kolona ötürüləcəyi günədək “qıl körpüsü”ndən keçmək kimi çətin və ağlasığmaz dərəcədə əzab-əziyyət demək idi.
Azər onun şilləsinin dadını ilk dəfə prokurorun və milis rəisinin iştirakı ilə Krılova təhvil veriləndən bir neçə dəqiqə sonra dadmışdı. Onun “Əziz Mürsəlovu nə vaxtdır tanıyırsan?” sualına cavab olaraq Azərin: “Mən belə birini tanımıram!” deməsiylə Krılovun şilləsi sifətini necə tutmuşdusa o, hirsindən yerində qurcalanmışdı. Özünə gəlməyə macal tapmamış Krılov ikiəlli yaxasından yapışmışdı. Boğazının damarlarını irilədib yoğnada-yoğnada bağırmışdı:
– Açacam bu dilinin kilidini, qoduq! Açacam! Sən hələ bilmirsən kiminlə buynuzlaşırsan!
Azər dindirilmə zamanı Əzizi tanımıram deyirdisə də, əslində onunla parkda rastlaşdığı həmin gün Əziz ondan ayrılan kimi bu adamın kimliyini xatırlamış, onu Kazımovun bağında, Zeynalov deyilən şəxsin yanında gördüyünü yadına salmışdı.
Sonralar bu “təsadüfi” rastlaşmaların və arada keçən söhbətlərin öncədən düşünülmüş şəkildə, ssenariyə uyğun olaraq davam etdirilməsi isə Azərə indi bəlli olurdu.
Bu görüşü öncədən planlaşdıran Kazımov Əzizi təlimatlandırarkən ikisi arasında belə bir söhbət də keçmişdi:
“- İş görüb pul qazanmırsan? Mən qazandığın məbləğin iki mislini verəcəm sənə, həmin adamın yanında söyginən məni. Atama söy, nəslimə söy, yaxşımı qoyub, pisimə danış. Söyginən də, atam, sənə pul lazım deyil? Mən deyəni elə, pulunu ödəyəcəm.
– Olsun. – Əziz qımışmışdı. – Ağa deyir sür dərəyə, deməli, sür də. Necə istəyirsən, rəis. Amma soruşmaq eyib olmasun, bu sənin nəyivə lazımdır ki?
– Sən mən deyəni eləginən, qarşı tərəfdən alacağın cavabı mənə çatdır. Bu mənim üçün milyonlara dəyər. Gerisi boş şeydir”.
Razılığa gəlmişdilər. Və Əziz alacağı məbləğin “halallığı” üçün hər söhbətdə sözü Kazımovdan salıb, sidq ürəklə rəisin qabırğasına döşəmişdi.
Hər dindirmədə olduğu kimi bu gün də müstəntiq Krılov qələmin ucunu masaya döyəcləyə-döyəcləyə davam etdi:
– Belə, cənab jurnalist! Mən sənə nə yollasa kömək etməyə çalışdıqca sənin üst-üstə qalaqlanan əməllərin məni düşüncələrimdə yanıldır. Təəssüflə bildirirəm ki, istintaq materialları, dəlillər bunun isbatını göstərir.
Azər zəndlə müstəntiqi süzsə də, dillənmədi. Krılov altdan-altdan onu süzərək mülahizələrinə davam elədi:
– Sən vaxtilə burnunu sənə aid olmayan çox işlərə soxmusan. Hətta bizə gəlib çatan məlumata görə, Yanvar hadisələri zamanı həbs olunman barədə göstəriş verilib. Amma bir neçə sözü keçən şəxsin xahişi əsasında bu qərar icra olunmayıb. Qısası, bəxtin bu dəfə də gətirib.
Azərin üzündəki ifadə dəyişmədi. Susmağa davam etdi.
– Yusif Kərim oğlu İsmayılzadəni nə vaxtdır tanıyırsan?
Bu sual Azəri sözün əsl mənasında özünə gətirməyə başladı. Lakin bütün cəhdi ilə hisslərini büruzə verməməyə çalışdı.
– Tələbəlik illərindən. – Azərin asta və bir qədər də gərgin səsi eşidildi. Yusifin adının hallanmasının əbəs yerə olmadığını gözəl bilsə də, sözün hara varacağını gözlədi. Müstəntiq qəfil sualları ilə onu küncə sıxışdırmaq istəyirdi.
Krılov düşüncələrindən əmin halda qələmin ucunu yenə masaya vurdu:
– O, da səni tanıdığına etiraz etməyib. Üstəlik, İsmayılzadə bu ilin yanvar ayında sənin adından ona göndərilmiş bir bağlama alıb.
Azər diqqətlə Krılovun üzünə baxdı. Həqiqətən də çətin anların mühasirəsində idi.
– Evində axtarış zamanı sənin şəxsən lentə aldığın video kasetlər aşkar edilib.
Azər Yusifin həbs olunduğuna şübhə etmədi. Soyuqqanlı görünməyə çalışsa da, bu xəbər onu sarsıtdı.
– Nə oldu? Nə fikrə getdin?
– Mənim oduma başqalarını yandırmayın. – Azər tutqun ifadə ilə dedi.
– Sənin oduna. Deməli boynuna alırsan.
– Mən cinayət törətməmişəm ki, boynuma da alam. Bu mənim işimdir. Məsuliyyəti mən daşıyıram. Uşaqların mənim gördüyüm işə görə bir təqsiri, günahı yoxdur.
– İcazə ver buna biz qərar verək. Növbə onlara da çatacaq. Hamısını bir-bir atdıracam içəri. Yığılıb birlikdə azadlıq xəyalları qurarsınız.
Azər gərgin göründü.
Krılov eyni ahənglə davam elədi:
– Səndə hələ Yanvar hadisələrindən xeyli öncə bəzi məxfi məlumatların olduğu üzə çıxıb. Bu məlumatlar səndə hardan idi? Necə və kim vasitəsilə əldə etmişdin?
Azər təmkinini qorumağa çalışaraq:
– Bütün bunlar heç bir məntiqə sığmayan əsassız iddiadır, – dedi. – Mən heç bir məxfi məlumata sahib olmamışam.
– Deməli, əsassızdır.
– Bəli, tamamilə əsassız.
Krılovun nəzərləri yenidən qarşısındakı sənədlərin üzərində gəzdi. Qısa aradan sonra suallarına davam etdi:
– Qayınatan Nadir Cahangirovla sonuncu dəfə nə vaxt görüşmüsünüz?
Azər sualın qoyuluşundan Krılovun məqsəd və məramını anlayıb, soyuq cavab verdi:
– Yadımda deyil.
– Görüşlərinizdə heç olubmu ki…
– Mənim Cahangirovla münasibətim yoxdur. – Azər sualın ardını gözləmədən qəti səslə cavab verdi. – Salamı çoxdan kəsmişəm.
– Səbəb?
– Fərqli düşüncəli insanlarıq. Söhbətimiz alınmır.
Krılovun dodağı yüngülcə qaçdı. Başqa yöndən hücuma keçdi:
– Övladının məhz Nadirin evindən yoxa çıxması onunla əlaqəni kəsməyin üçün əsaslı səbəbdir.
Azər baxışlarını qaldırıb gərgin halda zəndlə Krılova baxdı. Dişi bağırsağını kəsə-kəsə özünü növbəti sual atəşinə hazırladı.
– Sənin imzan olan bütün video materiallarla tanış olmuşam. Çıxışlarının əksəriyyətində inqilabi fikirlər yer alır. Hadisələrin inkişafını öncədən necə təxmin edə bilirdin?
– Hadisələrin gedişatına nəzərən obyektiv rəy bildirmişəm. Öncədən hər hansı bir məlumata sahib olmamışam.
Krılov sözün bu yerində videomaqnitofonun düyməsini basdı. Ekranda Azərin şəxsən lentə aldığı kadrlar əks olundu. Nümayiş olunan videoyazıda Azər öz çıxışını dinləmək məcburiyyətində qalıb baxışlarını qaldırdı. Krılov Azərə sarı çevrildi. İronia ilə:
– Bu inqilabi fikirlər sənə nəşələnəndən sonra gəlirdi?
– Yoldaş müstəntiq, – Azər bilərəkdən sözünə bir neçə saniyə ara verib, kinayəli-kinayəli dedi. – Atovun qəbrinə… and olsun ki, tamam ayıq idim. Mən narkotik istifadə etmirəm. Bunu sən də bilirsən.
Krılov sözün havasından duyulan təhqiri göydə tutub boğuldu. Hirsini yumruğuna sıxıb Azərin başı üzərinə qaldırsa da endirmədi.
– Buna nə deyirsən? – Krılov bir neçə yazılı ifadəni Azərin önünə qoydu.
Azər yazılanları nəzərdən keçirib masanın üzərinə atdı:
– Ağ yalandır deyirəm. Bu ittihamlarla qətiyyən razı deyiləm.
– Bunlar da ağ yalandır?- Krılov digər vərəqləri üst-üstə qalaqladı. Ardınca kiçik bükülünü onun gözü önündə oynatdı. – Bu necə? Bu da yalandır?
– Mənim belə xatalı adamlarla uzaqdan belə işim olmaz! – Azər bezib usanmış halda ixtiyarsız olaraq səsini qaldırdı. Gərildi. – Sizin konkret olaraq nə etməyə çalışdığınız mənə çatmır.
Bu əsnada burada bütün danışıqların öncədən qurulmuş maqnitofon lentinə yazıldığı, Dövlət Təhlükəsizlik Komitəsində məsul vəzifədə səlahiyyət sahibi olan bir şəxsə təqdim edildiyi yalnız Krılova məlum idi.
(Ardı var)