Reportyorlar (62)
- 26 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Altıncı hissə
Mərdəkan
Gün günortadan ötmüş, axşam düşmüşdü.
Azər gəlib çıxmamışdı.
Qayınatam bəlli etməməyə çalışsa da, bərk narahat idi. Təlatümlü dəqiqələr, qarmaqarışıq düşüncələr içində boğularkən telefon zəng çaldı.
Zəng vuranın kim olduğunu, ona nə dediyini bilmədik. Kişi rəngi boğulmuş halda kimsəyə bir söz demədən geyinib evdən çıxdı. Vüsətə də bir söz demədi.
O, getdikdən sonra Səməndər əminin həyat yoldaşı Ofeliya xanım və gəlini Nigar, hətta Ruqiyyə bibi də bizə gəldilər. Əslində başımıza gələn o hadisələrdən sonra demək olar vaxtaşırı bizdə olurdular. Buna təəccüb etməsək də, bu gün bu gəlişin özündə bir qəribəlik, bizə məlum olmayan bir sirr vardı.
Hər üçü məyus və kədərli idi. Sözlü adama oxşayırdılar. Lakin kimsə nə baş verdiyini dilinə gətirməyə ürək etmirdi.
Çox keçmədi ki, bacım Fatimə, anam, əmim Oqtay, hətta atam da gəldi.
Tanıdığım hər kəsin bir-birinin ardınca başımıza yığılması ürəyimə səksəkə gətirdi, məni təlaş sardı. Arazı itirdiyim gün də hər kəs belə sükut içində, qəmə bürünmüş əhvalla gəlmişdi.
Fatimə israrıma tab gətirə
bilməyib qapımızın kandarında dayanıb bizi gözləyən fəlakəti çəkinə-çəkinə,
sonsuz kədərlə mənə açıqladı. Bu xəbər dəhşətli bir uğultuya dönüb qulaqlarımı
batırdı. Boğazıma yapışıb nəfəsimi kəsdi, əlim-ayağım boşaldı. Ev başıma
fırlandı. İnanmaq, qəbul etmək istəmədim. Sakitləşdirməyə çalışdılar. Su
gətirdilər. Ürəyimdəki ağrıya bu an bir bardaq su nədir, dünyanın dəryaları,
dənizləri belə bəs etməzdi. Zorla udmağa çalışdığım bir damla da boğazımda
ilişib qalmış zəhər topası idi sanki. Mən indi üstünə qaya parçası düşmüş son
nəfəsini verən yarıcan adam kimi xırıldayırdım.
Dilbər xanım nə baş verdiyini öyrənəndə keçirdiyi hissləri təsvir etməkdə
kəlmələr yetərsiz qalır.
…Saatlar, dəqiqələr ötür, biz isə ürək çırpıntıları içində qayınatamın nə xəbərlə gələcəyini gözləyirdik.
Başımıza gələn müsibət sanki quşun qanadında çatmışdı hamıya. Azərin dostları, tanış-biliş, ümumiyyətlə xəbəri alan hər kəs iki bir, üç bir gəlməkdə idi. Hamının üzündə eyni ifadə, sanki eyni rəssam çəkmişdi bu cizgiləri onların simasına. İnanmaqda çətinlik çəkirdilər.
“Bu nə işdir? Axı nə üstə?” Bu sualları hər gələndən azı yüz dəfə eşitmişdim.
Daha ağlaya da bilmirdim. Donuq gözlərlə gələnləri, halıma acıyıb mənə sarılanları süzürdüm. Fələk bir toxunuşla evimi başıma yıxmışdı.
Dərd adamı duzlu su kimi içdikcə yandırar deyirlər. Biz də bu dəqiqə ona bənzər hisslər yaşayırdıq.
Uşaq qucağımda mətbəxə keçəndə Fatimə ilə Vüqarı burada görüb geri qayıtmaq istədim. Lakin Vüqar Azadı görən kimi qollarını uzadıb:
– Gəl görüm sən bura, balaca! – deyə onu məndən aldı. Onu saran kədərə rəğmən uşağı görməsi ilə üzünə kövrək bir təbəssüm qondu. Qollarının arasına alıb, öpüb oxşamağa, dindirib əzizləməyə başladı.
Fatimə ilə Vüqarın arasındakı münasibət artıq hamımıza məlum olduğu üçün onların təkliyə çəkilib söhbət etməyini normal qarşıladım. Sözün düzü, başım öz müsibətimə elə qarışmışdı ki, kimsədə nöqsan arayacaq halda deyildim. Amma yaxşı ki, anam burada deyildi. O, uzun müddətdir əsəblərindən müalicə alırdı. Və belə ağır situasiyaların ona pis təsir etdiyini səbəb gətirərək bu bəhanə ilə erkən çıxıb getmişdi. Fatimənin mənimlə qalmasına da yarı könül razı olmuşdu.
Mən bura gələndə onlar öz aralarında xısın-xısın danışırdılar. Vüqar tutqun çöhrədə narazılıqla başını bulayır, yanıb yaxıla-yaxıla köks ötürürdü. Fatimənin ona verdiyi sualı aydın eşitdim:
– Özü ilə görüşə bildiniz?
– Cəhd etdik. Mümkün olmadı.
Nigaranlıq məni üzürdü. Bu dəqiqə beynimdə bir düşüncə vardı, o da Azəri görmək idi. Özümü toplayıb Vüqara səsləndim:
– Qardaş…
Vüqar baxışlarını Azaddan ayırıb, mənə baxdı:
– Buyur, gəlinbacı.
Göz yaşlarım sözümə baxmasa da, möhkəm dayanmağa çalışırdım. Amma heç cür alınmırdı. Yarı canım zindanda kim bilir nələrlə üz-üzə ikən mən bu gen dünyada rahatlıq tapa bilərdimmi? Əsla! Dolub-doluxsunmuş halda fikrimi tamamlamağa çalışdım:
– Neyçün həbs ediblər onu? Səbəb nədir? Məlumatınız var?
Vüqarın tutqun siması bu suallarımla bir az da tutuldu. Üzünün ifadəsinə, baxışlarına əzab yükləndi. Gözucu Fatiməyə baxdı. Ona çətin olsa da cavab verməli oldu. Boğmağa çalışdığı hiddətini səsinə yansıdaraq ironiya ilə:
– Haqqın tərəfində olduğu üçün həbs olunub. Millətini sevdiyi üçün. Haqsızlıqla barışa bilmədiyi üçün. Nadürüst olmadığı üçün. Daha nə deyim?! Quru iftira. Şər, böhtan.
Vüqarın şər-böhtan deyəndə nəyi
nəzərdə tutduğunu mən sonra biləcəkdim.
Fatimə halımı görüb, məni özünə sıxdı:
– Bacı, qurban sənə, səbirli ol. Hər şey yoluna düşəcək, inşallah. Günahsız olduğu üzə çıxacaq. Bax, görərsən, tezliklə evə qayıdacaq. Dayı qoymaz onu içəridə qalsın.
Deyilən heç bir söz məni ovutmurdu. Çünki ürəyim rahat deyildi. Hər şey deyildiyi kimi qaydasında olsaydı, qayınatam mütləq zəng vurub bir xəbər deyərdi ki, narahat olmayaq. Demək, iş ciddi idi. Bunu düşündükcə Azəri bir daha görməmək vahiməsi məni sarır, çəkdiyim acı, iztirablar minə qatlanırdı. Kaş səhər heç açılmayaydı bu gün. Nə biləydim ki, bir neçə saat sonra bizi nə gözləyir. Bilsəydim, susmazdım. Onu yolundan döndərmək üçün susmazdım. Əngəl olardım getməsinə. Hardan biləydim ki…
Vüqarın səsinə fikirdən ayıldım.
– Biz də ona verilən ittihamlarla razı deyilik, öz növbəmizdə çalışırıq bu iş qısa müddətdə həllini tapsın, nahaqdan həbs cəzası almasın.
Bu vaxt dəhlizdən Ceyhunun səsi eşidildi:
– Vüqar.
Vüqar Azadı Fatiməyə verib mətbəxdən çıxdı. Ceyhuna yaxınlaşıb, həmkarının rənginə-ruhuna baxaraq narahat halda sual verdi:
– Nə oldu? Nə öyrənə bildin?
Ceyhun bacardığı qədər astadan danışsa da dediklərini duydum.
– İşlər yolunda getmir, qardaşım. İndicə Moskva ilə danışdım. Yusifi də həbs ediblər. Evində axtarış aparılıb.
– Vayy, sizün… – Vüqar hirslə əlini yelləyib divara çırpdı. Sözünün ardını gətirə bilmədi. Fısıltısı duyuldu.
Ceyhunun son sözləri məni sanki qəflət yuxusundan oyatdı: “Evində axtarış aparılıb”.
Azərin bir zaman mənə dediklərini xatırladım: “Səndən bir təvəqqəm var, nə olur-olsun, bu kasetlər ələ keçməsin. İşdir də, gəlib axtarış edərlər, gizlət”.
Fatimə mənim fikrə getdiyimi görüb maraqlandı:
– Bacı, nə oldu?
– Sən Azada bax, gəlirəm, yaxşı?
– Aha, oldu.
Durmayıb mətbəxdən çıxdım. Qərarlı bir şəkildə özümü otağa çatdırıb qapını içəridən bağladım. Həyəcanla dolabın qapısını açaraq uzun müddətdir burada olan çantaya baxdım. İldırım sürətilə götür-qoy etməyə, çarələr axtarmağa başladım. Mən Azərə söz vermiş, and içmişdim. Bu çantanın burada olmasından kimsə xəbər tutmamalıydı.
Bir qədər sonra
Qayınatam nəhayət ki, gəldi. Amma biz düşündüyümüzdən də çarəsiz, ümidləri alt-üst vəziyyətdə. Salona keçən kimi nəzərləri Fatimənin qucağında saxladığı Azada yönəldi. Kişinin daxilən çəkdiyi əzab üzündə əks olundu. Bir daha yıxıldı. Yorğun adamlar tək özünü stula güclə çatdırdı. Evə yığılan hər kəs gözünü onun üzünə zilləyib sualları bir-birinin ardınca verirdilərsə də kişi gözlərini sonsuzluğa dikib, inadla susurdu.
Hamı bir ağızdan “Yaxşı olar, darıxmayın” deyirdi, amma mən gözümü bircə qayınatamın üzünə zilləmişdim. Öz gələcəyimizi indi onun simasındakı ifadəyə bağlamışdım. Azəri bizə gətirəcək ümid qaynağım o idi. Amma heç xeyir əlamət oxumurdum onun o əzab cizgili simasında. Bu səbəbdən gələcəkdən, qarşıdakı günlərdən qorxurdum.
Masa ətrafında qızğın söhbət gedirdi. Belə desək, taleyimiz həll olunurdu. Bu evin qapısını açan müstəntiqlər, rəislər, orqan əməkdaşları, eləcə də mətbuat işçiləri, tanınmış şəxslər hamısı burada idi. Hərə öz fikrini irəli sürür, rəy bildirir, məsləhət görür, bəzən fikirlər haçalanır, mübahisə uzanır, qayınatamsa yalnız qulaq asırdı. Kişinin səsi-sədası çıxmırdı.
Kazımovun tez-tez özünə əmin, gümrah səsi eşidilirdi:
– Ölməmişik! Bu qədər əmisi var onun! Nə qədər ki, canımızda can var, imkan vermərik qardaşım balası orada qalsın! – Arabir də kiminləsə mübahisə edirdi. – Əşi, nə başlamısan maddə, maddə… Biz bəyəm Azəri tanımırıq? Elə söhbət ola bilməz! Möhlət istədik. İş açılmadan, sənədləşmədən həll edəcəyik bu işi! Əlimizdən gələni edəcəyik!
O, danışdıqca qayınatamın dodaqlarındakı acı istehza silinib getmirdi.
Saatlar sonra hamı dağılıb öz evinə getmişdi. Ruqiyyə bibi, Fatimə isə bizimlə qalmışdılar. Fatimə məni dilə tutub:
– Bacı, bir saat da olsa yatginən, yuxunu al. Sonra çətin olar sənə, – deyirdi.
– Yuxum gəlmir. Sən yat, mənə görə yuxusuz qalma.
O yatağa necə girəydim ki? Ətri də çəkilməmişdi yataqdan. Ondan bir xəbər bilmədən gözlərimə necə yuxu gedərdi?
Azad çoxdan yatmışdı. Onu beşiyinə qoyub nəzərlərimi ondan çəkmədən Azər üçün dua edirdim.
Qonşu otaqda Dilbər xanımın ağlamaq səsi gəlirdi qulağıma. Biçarə qadın ağlamaqdan əldən düşmüşdü. Lakin sakitləşmək bilmirdi.
Fatiməyə yatmağı tapşırıb, qalxıb Dilbər xanımın yanına getdim. Otağın qapısına yaxınlaşanda qayınatamın səsinə ayaq saxladım:
– Ay qız, bəsdir daha! Sakit ol! Görək nə edə bilirik də!
– Oğlum bu evə qayıtmayınca sakit olmayacam, Ənvər! Oğlumu istəyirəm! Nə edirsən et, oğlumu çıxar oradan!
– Oğlun bir bizi də düşünəydi də! Ailəsini, körpəsini də düşünəydi! – Kişi odlana-odlana dedi. – Bəs, mən hansı gün üçün bu qədər danışırdım? – Bir neçə saniyə susub, sonra bir qədər mülayim tonda dedi. – Heç olmasa sən sakit ol! Təmiz başla düşünək görək, neyləyirik.
Ruqiyyə bibi də qardaşının sözünə haqq verdi:
– Dilbər, qurban sənə, özüvü ələ al. Bəs, sən belə etsən bu gəlin neyləsün?
– Dözə bilmirəm! – Dilbər xanım hönkürtülü bir səslə dilləndi. – Oğlumu o xarabada düşünmək dəli edir məni!
– Səbirli ol. Əllərindən gələni edəcəklər. Özüvü toxtaq tut, qurban sənə.
Özümdə güc tapıb otağa keçdim. Qayınatam məni görən kimi üzündəki əzablı ifadə bir az dərinləşdi. Durmayıb otağı tərk elədi. İrəli yeriyərək:
– Ana! – deyib, Dilbər xanıma sarıldım. O üz-bu üzündən öpə-öpə, ona sığındım. O da məni öz balası kimi məhəbbətlə bağrına basdı. Hönkür-hönkür ağladı.
Anamdan görmədiyim qayğını, nəvazişi mən ondan görmüşdüm. Ana məhəbbətinin nə demək olduğunu mən ondan hiss etmişdim.
(Ardı var)