Reportyorlar (61)
- 19 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
Azər dəhlizdə atası ilə qarşılaşdı. Onun getməyə hazırlaşdığını hiss edən Ənvər iradla:
– Hara belə, a kişi? – dedi. – Hələ sağalmayıbsan sən.
– Şəhərə tərəf. Sıxıldım evdə. Uşaqlarla görüşüb, axşama qayıdıram.
Ənvər başını bulayaraq:
– Sənə söz başa salmaq çətin məsələdir də, – dedi. – Bu vəziyyətdə maşın sürəcəksən?
– Taksi ilə. Narahat olma, bu gün yaxşıyam.
– Görürəm. – Ənvər onun addımlayarkən ayağını çəkdiyinə işarə edib, kinayəli-kinayəli dedi. Narazılıqla oğlunu süzdü. Azər bu baxışları görsə də dayanmadı.
Qapıya çatmamış atası ona yaxınlaşdı. Narahatlığını gizlətmədən:
– O Əziz heyvərəsindən uzaq gəz-dolan. Düz yolun yolçusu deyil, – dedi.
– Necə Əziz? – Azər atasının kimdən bəhs etdiyini bir an xatırlamayıb fikirli halda xəbər aldı.
– Narkotik alverçisi Əziz. Bir neçə dəfə görüşmüsünüz.
Azərin ifadəsi görünməmiş bir sürətlə dəyişdi. Qaşlarını düyünləyib, atasının onun haqqında yanlış fikirdə olmasını istəmədən qəti səslə:
– Görüşməmişəm, rastıma çıxıb, – dedi.
– Nə fərqi var? Keçəl Həsən, ya Həsən keçəl. Uzaq dur deyirəm. Niyyəti xoş deyil.
– Fərqi odur ki, məlumatı sənə düz verməyiblər. – Azər təəssüf hissi ilə başını buladı. Səhərin bu çağında belə bir mövzu ilə günə başlamaq qanını əməlli-başlı qaraltdı.
Ənvər duyduğu narahatlıqla təkrar xəbərdarlıq etdi:
– Atam-qardaşım, bir dəfə də çalış söz dinləyəsən də. İşarə gözləyirlər. Bir həftəyə, bir aya hamısını tutub basacaqlar içəri. Əlli-ayaqlı gedərsən. Sonra demə ki, deməyibsən. Addımını düz ölç-biç, yoluvu elə yerdən sal ki, ona rast gəlməyəsən.
– Ata. – Azər incik tərzdə köks ötürdü. – Başa düşə bilmirəm. Sən mənim barəmdə necə belə fikrə düşə bilərsən axı? Müqayisə etdinmi heç?
Ənvər nə qədər cəhd etsə də təmkinini qorumağa müvəffəq ola bilmədi. Özündən çıxdı:
– Dilim qabar oldu sənə “ehtiyatlı ol” deməkdən, a kişi! Nəticəsini bir dəfə gördün ki… Gördün ki, yanılmıram. İstəmirəm ikinci dağı da səninlə vursunlar ürəyimə! Ətrafında dolanan adamlara diqqət elə! Gözünü dörd aç! Ehtiyatlı ol!
Azər onu saran əsəblə fısıldayıb, daha heç nə demədi, durmayıb evdən çıxdı. Pilləkəni enməsi xeyli çəkdi. Ayağına gücü çatmırdı, bununla belə getməyə tələsirdi. Ürəyində atasının sözlərini təkrarlayıb başını bulaya-bulaya dilxor halda küçəyə çıxdı.
Qapının ağzında bir qədər yubanaraq nəfəsini dərib, güc toplamağa çalışdı. Daha sonra yola düzəldi. Bu yolun onu haralara aparıb çıxaracağını ağlına belə gətirmədən mənzil başına tələsdi.
Bu dəqiqələrdə Ənvərin evindən bir qədər aralıda dayanmış tünd qırmızı rəngli “Jiquli” markalı maşında əyləşən iki nəfərdən biri onun evdən çıxdığını görən kimi yanında əyləşən adama “sür” işarəsi verdi. Maşın hərəkətə gəldi. Asta sürətlə irəliləməyə başladı.
Bir neçə dəqiqə sonra Azər taksi saxlatdırdı. Arxasınca gələn avtomobilin onu izlədiyindən bixəbər halda şəhərə üz tutdu. Telestudiyanın yanında maşından enəndə uzaqdan Vüqarı gördü. Lakin ona tərəf getməyə macal tapmadı. Bu vaxt arxadan sürətlə gələn maşın ona çatıb təlatümlə yanında dayandı. Maşından enən iki nəfər mülki geyimli şəxs başının üstünü bir anda aldılar. Azər onlardan birini görən kimi tanıdı. Təhlükəsizlik orqanında xidmət edən kapitan Nəsirov idi. Digəri isə ona tanış gəlmədi.
Onu sorğu-sualsız maşının pəncərəsinə sıxıb üst-başını axtarmağa başladılar. Azər vəziyyəti belə görüb, istehza ilə soruşdu:
– Nə itirmisiz, qaqaş?
– Sual vermə! – Əməliyyatçılardan biri soyuq və rəsmi tonda ona çəmkirdi.
Hər şey o qədər sürətlə baş verdi ki,
nə baş verdiyini aydınlaşdırmağa vaxtı belə qalmadı. Bununla belə Azər imkan
tapıb onlardan xəlvət Vüqara yaxınlaşmamağı işarə etdi.
Əməliyyatçılardan biri çox keçmədən Azərin gödəkcəsinin cibindən çıxardığı
kiçik bükülünü ona göstərib rəzil gülümsəyişlə başını tərpətdi:
– Aydındır! – Üzündə zəhm dolu bir ifadə ilə Nəsirova əmr etdi. – Qandalla!
Heyrəti təəccübünə qarışan Azəri hiddət dolu bir gülüş sardı:
– Bu qədər də yox, ala!
Əməliyyatçı onu dinləmək belə istəməyib kobud şəkildə qollarını arxaya burdu. Nəsirov hazır saxladığı qandalı vaxt itirmədən Azərin qollarına taxdı.
– Otur maşına! – Əməliyyatı icra edən şəxs yenidən sərt tonda üstünə bozardı.
– Niyə? Neyçün?
– Otur maşına deyirəm! Əmrə tabe ol!
Bununla kifayətlənməyib, zor tətbiq edərək ondan maşına minməyi tələb etdi.
Qollarına qandal vurulmuş Azərin artıq deyilənə əməl etməkdən başqa yolu qalmadı.
Bütün bunları kənardan seyr etməklə kifayətlənməli olan Vüqar maşın uzaqlaşandan sonra sanki özünə gəldi.
Durmayıb içəri qayıtdı. Studiyaya gəlib, sarsılmış halda xəbər verdi:
– Uşaqlar, Azəri tutdular!
Xəbər şok effekti yaratdı, kimsənin səsi çıxmadı. Vüqar onu saran narahatlıqla ixtiyarsız olaraq həmkarlarına səsini qaldırdı:
– Nə donub qalmısız, ala? Azəri tutdular deyirəm! Heç nə edə bilmədim! Buna imkanım da olmadı! Təcili bir iş görmək lazımdır!
Ceyhun ayağa qalxdı.
– Kim? Harda?
– KQB. – Vüqar udqunub stula çökdü. – Burda, qulağımızın dibində.
***
Kabinetində var-gəl edən Kazımov bir yerdə qərar tuta bilmirdi. O, günlərdir belə dilxor idi.
Dünən gecə də gözünə yuxu getməmişdi. Elə bil yerinə od ələnmiş, yumşaq yorğan-döşək sanki zəhərli tikan çənbəri olub ona batmışdı.
Gözlərini tavana zilləyib elə hey fikirləşmiş, bugünkü görüşün mətnini zehnində cızıb qaralamışdı.
Telefonun zəng çalması ilə fikirdən ayrılan Kazımov yerində qanrılıb əlini cəld dəstəyə atdı. Bu zəngi o, saatlardır gözləyirdi. Tamam ciddi səslə:
– Bəli, eşidirəm, – dedi.
Xəttin o üzündən zəng vuran şəxs həyəcanla xəbər verdi:
– Əhmədovu götürdülər!
Kazımovun sarı bənizi pörtdü. Qaşının biri ixtiyarsız olaraq alnına qalxdı:
– Nə vaxt?
– Bir saat olar. KQB-dədir, dindirilir.
Aldığı cavabdan sonra Kazımovun nəzərləri bir nöqtəyə dikilib qaldı. Çiyinlərindən ağır yük götürülübmüş kimi özündə müdhiş bir yüngüllük duydu. Dərindən nəfəs aldı. Üzündəki təbəssümü boğa bilmədi, dodaqları qeyri-ixtiyari bu sözü pıçıldadı:
– Mükəmməl!
Birdən telefon xəttində onu gözlədiklərini xatırlayıb, təkrar ciddi səslə:
– Gəlirəm, – dedi.
Dəstəyi üstünə qoyub, belindəki kəməri
sıxıb bərkidərək
razılıqla başını tərpətdi:
– Bu da belə!
Dövlət Təhlükəsizlik Komitəsi
…Başının üstündə dayanmış əməliyyatçılardan Qəniyev təkidlə ondan şəxsən lentə aldığı və bütövlükdə Yanvar hadisələrindən bəhs edən videokasetləri harada gizlətdiyini, kimlərə ötürdüyünü soruşurdu.
Suallarına cavab tələb edən əməliyyatçının zəhmli ifadəsi hər keçən dəqiqə bir az da sərtləşir, səsinin tonu get-gedə yüksəlirdi. O özünə xas əda ilə çiyinlərini oynadıb:
– Bir də soruşuram, – deyə Azərin başı üzərində gəzinə-gəzinə sualını təkrar edirdi, – səndə olan məlumatları kimə satmısan? Kasetlər haradadır?
Azərin sükutunu görüb qarşısında dayandı. Başqa üsula əl atdı. Tamam başqa sualla onu başdan-ayağa zəndlə süzdü:
– Tank bu ayağının üstündən keçib?
Azərin düyünlənmiş qaşlarının altından qanlı-qanlı ona baxdığını görüb, eyhamla gülümsündü. Öz sualını özü cavablandırdı:
– Bayaq gətiriləndə fikir verdim sənə, aydın görünür, bu ayağındır, – dedi. Və yaxınlıqdakı stulu göz qırpımında götürüb Azərin ayağına çırpdı.
Zərbədən huşunu itirəcəyini zənn edən Azər dəhşətli ağrıdan ikiqat qaldı. Səsini çıxarmamağa çalışsa da üzünün əzələləri əsəbdən səyridi. Əməliyyatçı ona özünə gəlməyə macal verməyib, iki əlli yaxasından yapışdı. Gözlərinin içinə baxa- baxa hiddətlə bağırdı:
– Kimin xəfiyyəsisən? Kimlərlə iş görürsən?
Son iki saat ərzində bu onun azı yüz
dəfə eşitdiyi sual idi.
Azərin inadla susmağa davam etməsi onun səbrini tamamilə qırdı. Bir işarəsi ilə
sanki döyüş başlandı.
Xüsusi təlim keçmiş iri cüssəli bir neçə nəfər birdən hücuma keçdi. Hardan və necə gəldi vurub, təpikləməyə başladılar. Bu dəqiqələrdə kamerdən gələn şappıltı, guppultu səsləri dəhlizdən də eşidilirdi. Zərbələr son dərəcə sərrast və fasiləsiz idi. Əli qandallı olduğundan özünü müdafiə etmək, müqavimət göstərmək imkanı belə yox idi.
Canının ağrısını bir-birinə kip sıxılan dişlərinin arasında əridir, ufultusunu içərisinə vurmaqla kifayətlənməli olurdu.
Qəniyevin əmri ilə bu dəfə rezin dəyənəklər hərəkətə keçmişdi. Dəyənək səsinə qarışmış yağış seli kimi yağan söyüş, təhqir dolu bu qarışıqlıqda Qəniyevin qəzəbli əmrləri ara vermirdi:
– Vurun! Ağlı başına gələnə kimi vurun!
Bir qədər tamaşa edəndən sonra nəticəni öyrənmək məqsədilə əyilib Azərin saçlarını çəngələdi. Onun qan yuyub aparan üzünə baxa-baxa sual verdi:
– Nə qərara gəldin?
Azər partlamış qaşından, dodağından qan süzülə-süzülə boğuq səslə dilləndi:
– Çox gözləyəcəksən!
– Deməli belə! Nə deyirəm ki! – Üzünü digərlərinə tutdu. – Nəfəsi kəsilənə kimi vurun it balasını! Özü yalvaranadək əl saxlamayın! – dedi. Keçib öz yerində əyləşdi. Oturduğu yerdən soyuqqanlılıqla: – Sonra buraları təmizlətdirin! – Yerdəki qan izlərinə işarə etdi.
Qoluzorlular yenidən təpiyə-yumruğa güc gəldilər.
Bu vurhavurda gözlük açıldı. Kazımov nəticəni öyrənmək üçün şəxsən gəlmişdi. Əlləri cibində, sinəsini qabağa verib böyük məmnuniyyətlə tamaşa edirdi. Onu müşayiət edən əməkdaşına arabir xəbərdarlıq etdi:
– Bilirsiniz də, heç bir güzəştdən söz gedə bilməz! Güzəşt olunmasın!
– Aydındır!
Gözləri nifrət qığılcımı ilə parlayan Kazımov qəzəbi coşub daşa-daşa yenidən dilləndi:
– Bunların nəslinə bələdəm mən! Bunları məhv etmək istəsən yumruğuna güc vermə, qürurunu sındır, mənliyini alçalt, ləyaqətini tapdala, necə deyərlər, kişilikdən sal. Yalnız belə öldürə bilərsən!
(Ardı var)