Reportyorlar (60)
- 12 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Günlər sonra
Fikri aydınlanıb, nisbətən özünə gələndən sonra Azərə məlum olmuşdu ki, aldığı zərbə nəticəsində ayağı dizdən aşağı bir neçə yerdən sınıb və bir neçə damarı qırılıb. Ağır əməliyyat keçirmişdi.
Həkimlər ona deşilmiş paltosundakı güllə yerini göstərmiş, gəldikləri qənaəti söyləmişdilər. Əgər o əsnada kamera olmasaymış birbaşa onu hədəf almış güllə beynini dağıdacaqmış. Hansı möcüzədənsə güllə qolunu sıyırıb keçmişdi. Hər kəsə görə bu möcüzə ölümdən yaxşıydı, amma Azərə görə səsini çıxarmadan bu ağrılara tab gətirmək, uzun müddət yataq rejimində qalmaq, tavana baxa-baxa günü başa vurmaq elə məzarda yatmaq kimi bir şeydi. Üstəlik, yadından çıxarıb ata bilmədiyi, gözü önündən getməyən o dəhşətli mənzərələr, üstünə gələn tankın xəyalı bu ağrılara ağrı qatan dözülməz bir işgəncə idi. Özünü heç cür toplaya bilmirdi.
Bu günlər ərzində ona baş çəkməyə gələn xalasından öyrənmişdi ki, Fazil tapılıb. Ayağından güllə yarası alıb, xətəxanadadır.
O
qanlı gecə Fazili küçədə yaralı vəziyyətdə tapıb evinə aparan ailə həmin günlər
silahlı əsgərlərin müdaxiləsi nəticəsində onu vaxtında xəstəxanaya çatdıra
bilməyiblər. Ayağında qanqrena başladığından həkimlər onun sol ayağını buddan
aşağı kəsməli olmuşdular.
Qaldı ki, dostları…
Vüqar və Rəşid qırğın başlayandan bir qədər sonra əsgərlərin əlinə keçmiş, onları digər tutulanlarla birgə Salyan kazarmasından içəri – zirzəmilərdən birinə salıb günlərlə fiziki və mənəvi işgəncələrə məruz qoymuş, əzab vermişdilər. Hər ikisi hazırda xəstəxanalardan birində müalicə alırdı.
…Xəstəxanaya onu ziyarətə gələnlərin arasında Telman Həsənov da vardı. Gəldiyi dəqiqədən söz ürəyini deşirdi.
Agah olduğu sirdən onu xəbərdar etməyi bu dəqiqə hər şeydən çox istəsə də Azərin vəziyyətini nəzərə almaq məcburiyyətində qaldı. Lakin sözarası:
– Dolaşıq bir düyünü demək olar ki, çözmək üzrəyəm. İnşallah, sonuna çıxım, doğruluğuna əmin olum, sənə deyəcəklərim var, – dedi.
Azər sual dolu nəzərlərlə dostunu süzdü:
– Maraqlıdır, nə barədə?
Telman onu sıxıb-boğan məcburiyyət qarşısında köks ötürdü:
– Danışarıq, qardaşım. Özü də mütləq. Amma bu gün, burada yox!
– Niyə ki? Vaxtın varsa, elə bu gün də danışa bilərik. Mənim də vaxtım gedər beləcə. Dilxorçuluqdur.
– Yormayım səni. – Telman zorla gülümsündü. – İnşallah, sağal, qalx ayağa, özüm gələciyəm. Danışarıq ətraflı. Uzun söhbətdir.
Azər düşüncəli göründü. Baxışlarını dostunun üzündən çəkmədən:
– Söhbət dedün, yadıma bir məsələ düşdü, – dedi. – Əslində, mənim də sənə deyəcəklərim, səndən soruşacaqlarım var, atam.
– Necə yəni? – Telman qəribə baxışlarla ona baxdı.
Azər dostunun sualına cavab verməyə hazırlaşdığı bu məqamda palatanın qapısı açıldı.
Ceyhun idi. Salam verib, içəri keçmək üçün izn istədi. Telman getmək üzrə olduğundan daha söhbətə qayıtmadı. Xudahafizləşib palatadan ayrıldı.
Ceyhun bu dəfə olduqca qanıqara, dilxor gəlmişdi. Sözlü adama bənzəyirdi. Diqqətlə Azəri süzüb, nəhayət, dilə gəldi:
– DTK-dan gəlmişdilər. Səninlə, səndə olan kasetlə maraqlanırdılar.
Azər təəccüb etmədən tamam sakit tonda:
– Gördüyün kimi mən buradayam. Sadiqi də hələ ki, görməmişəm. Deməli, bu məntiqlə məndə kaset ola bilməz, – dedi.
– Mən də belə dedim. Sənin xəstəxanada müalicə aldığını. Əvəzində bir daha gələcəklərini bildirdilər. Srağagün də Ali Sovetin istintaq şöbəsindən gəlmişdilər. Bizi də dindirdilər. Sözlərindən belə çıxdı ki, biz ekstremistik. Özümüz özümüzə güllə atmışıq. Hətta əsgərləri də vurmuşuq. Sözə bax da! Dediyim odur, bunlar sənin yaxanı buraxana oxşamırlar.
Nəzərləri bir nöqtəyə ilişib qalan Azərin səsi çıxmadı. Ceyhun eyni narahatlıqla sözlərinə davam etdi:
– Barəndə məlumat toplamağa başlayıblar. Xəbərin olsun ki, həbsə atılacaqsan.
Azər sözün bu yerində dözmədi. Boğa bilmədiyi hiddətinə gücü çatmadı:
– İndi nə məsləhət görürsən?
Ceyhun narahatlığını gizlətmədi:
– Sənin aqibətinçün narahatam, a kişi! Niyə başa düşmürsən?
– Narahat olmaginən. – Azər qəti səslə dedi. – Mən 19-u yanvardan sonra narahatlıq kəlməsi ilə ümumiyyətlə vidalaşmışam. Çünki bu yola çıxanda məni nələr gözlədiyini əvvəlcədən gözə almışdım.
Həmin gün Ceyhun Azərdən ayrılıb dəhlizə çıxanda çoxdan tanıdığı bir adamla rastlaşdı. Yanından ötüb keçsə də bir qədər gedib qəfil ayaq saxladı. Onu saran təəccüblə dodaqları öz-özünə həmin qadının adını pıçıldadı. Qeyri-ixtiyari çevrilib, çiyninin üstündən geriyə baxdı.
O, bir neçə addım irəlidə dayanıb səssizcə ağlayır, çiyinlərinin titrəməsindən üzündəki yazıq, kədərli ifadədən çəkdiyi əzabın, üzüntünün nə qədər dərin olduğu anlaşılırdı. Başdan-ayağa qara geyinmiş, başına qara rəngli norka papaq qoymuşdu.
Zehninin qıvraqlığı, çevikliyi ilə Ceyhun xatırladı ki, bir az əvvəl Azərlə söhbət əsnasında bir ara qapı açılıb, örtüldü. Amma kim olduğu bilinmədi. Söhbətin gərginliyi ilə heç onlar da buna əhəmiyyət vermədilər.
İndi Ceyhun onun burada nə gəzdiyini öz-özlüyündə aydınlaşdırmağa çalışırdı ki, qadının Azərin yatdığı palatanın qapısına yaxınlaşdığını gördü. Kənara çəkilib, gözlədi. Qadın qapıya yaxınlaşsa da açmadı. Xeyli tərəddüddən sonra fikrindən daşınıb qapının ağzından ayrıldı. O qədər pis halda idi ki, gəlib yanından keçərkən belə Ceyhunu tanımadı. Bəlkə də tanıdığını büruzə vermədi.
Ceyhun hələ də yerindən tərpənmədən onun dalınca baxırdı.
İki ay sonra
Azər uzun və yorucu müalicədən sonra ilk dəfə idi açıq havaya çıxırdı. Aylardır dörd divar arasına qapanıb qalmaq sözün əsl mənasında dəhşət idi. Bəzən özündəki bu səbrə, bu hövsələyə özü də təəccüb edirdi. Bakıda Bakı üçün qəribsədiyini xəstəxanadan çıxıb maşına əyləşəndə, şəhərə üz tutanda bir daha hiss elədi.
Aradan günlər, həftələr ötmüşdü, amma o, hələ özünü o qətl gecəsində olduğu kimi hiss edirdi.
Ayağında ara-sıra şiddətli ağrılar baş qaldırdığı üçün sərbəst addım atmağa çətinlik çəkir, qoltuq ağacının köməkyilə gəzirdi. İndi dostu Ceyhun da bir tərəfdən qoluna girib ona xiyabana qalxmağa yardım edirdi.
Azər xəstəxanadan çıxanda maşını birbaşa bura – Şəhidlər xiyabanına sürdürmüşdü. Ürəyinin səsi onu gətirmişdi bura – əbədi ziyarətgaha. Yüngülləşmək istəyirdi…
Çünki özünü hələ də vətən qarşısında borclu sayırdı…
…Böyük bir ailənin övladları kimi bir-birinə sığınan, sıralanmış məzarları seyr elədikcə için-için ağlamaq keçirdi könlündən. Aylardan bəri dolub qabarmış ürəyini utanıb sıxılmadan boşaltmaq istəyirdi bu gün. Sinəmizə çəkilən dağa, başımıza gətirilən bu müsibətə, şəhidlərin yarımçıq ömrünə, onlardan biri ola bilmədiyinə, oyuncaqları məzarlarını bəzəyən günahsız balalara ağlamaq, özü də doyunca ağlamaq istəyirdi. “Kişi ağlamaz!” deyənlərin təəccüblü, irad dolu baxışlarını saya saymazdı bu an.
Kişinin yurduna soxulub gözünün önündə millətini qanına boyayanda, qeyrətini-namusunu tankların tırtılları altında qoyub xıncımlayanda, üstəlik, ona bu qisası almağa imkan verməyəndə kişi acizliyinə, gücsüzlüyünə ağlamasın, neyləsin?
Kişi ona güllə dəyəndə ölmür, kişi o zaman ölür ki, heysiyyətinə, namusuna, qeyrətinə sataşsınlar. Bizə, biz dirilərə bunu eləmişdi o gecə inandığımız Qırmızı Ordu. Amma bu millətin mübarizə əzmini qıra bilmədi.
19-dan 20-nə keçən gecə bizim üçün əsarətdən azadlığa doğru uzanan Sirat körpüsü idi. Biz o körpünü Vətən adlı ən şərəfli imtahanı verərək şəhidlərimizin canı, qanı bahasına keçib azadlığa yol açdıq. Beynimizə, şüurumuza qazınıb işlənmiş “sovet”, “sosializm” möhürlü 70 illik nəhəng zənciri nəhayət ki, qırıb atdıq o gecə!
***
Biz artıq Mərdəkandaydıq.
Evimiz demək olar hər gün qonaq-qaralı olurdu. Dostları da vaxt tapdıqca Azərə baş çəkməyə gəlirdilər.
Azərin müalicəsi davam etsə də, əsəbləri hələ sakit deyildi. Keçən aylar onun vücudundakı yaraları qismən sağaltsa da, hafizəsindəki zədələr sağalmaq bilmirdi. Hələ də gecələri o dəhşətli anların kabusuyla oyanır, meyitxanalarda gördüyü ölülərin siması gözlərini hər yumduğunda xəyalında yenidən canlanırdı.
…Azər oğlumuza AZAD adını vermişdi. Azadlıq uğrunda mübarizəyə qalxdığımız günün şərəfinə!
Balaca Azad kədərə məhkum olan, qəm möhürü vurulmuş qəlblərimizi aydınlatmış, gülməyi unudan üzümüzü güldürmüşdü. O da atası kimi hələ müalicə alırdı. Bu günə şükür edirdim. Yalvarışlarımı, ahımı, naləmi duyan, dualarımızı qəbul edən Tanrım hər ikisini mənə yenidən bəxş etmişdi.
Fazil dayı ömürlük qoltuq ağacına məhkum olmuşdu. 20 Yanvar ona ömrünün sonuna kimi o dəhşətli gecəni xatırladacaq, ayağına hər baxdığında həmin əzabları yenidən yaşadacaq mənəvi işgəncə bəxş eləmişdi. Amma yenə də şükür edirdik. Allah-təala onu sevdiklərindən ayrı salmadı. Bacı qədər sevdiyim Dilarəmi atasız buraxmadı. Çox şükür!
Təqvimdə günlər bir-birini qovur, ömür cığırını tapmış su kimi axıb gedirdi. Parçalanmış yaddaşların bərpa olması uzun çəksə də, həyat yaxşısı və pisi ilə davam edirdi. Başımızın özümüzə, öz dərdimizə qarışması bəzilərinin əlinə fürsət vermişdi. Qəfil zərbə endirmək üçün pusquda dayanıb ən zəif, köməksiz anımızı gözləyir, gecə-gündüz öz planları üzərində baş sındırırdılar. Çox təəssüf ki, buna müvəffəq olmaqları uzun çəkməyəcəkdi…
Bir neçə gün idi ki, cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Telman Həsənovun yoxa çıxması barədə söz-söhbət gəzirdi. Bu xəbər itkin düşmüş orqan işçisinin yaşadığı ərazidəki milis idarəsinə ailəsinin müraciətindən sonra ortaya çıxmışdı. Faktla bağlı araşdırma aparılırdı.
Bir həftə sonra barəsində axtarış elan edilmiş Telman Həsənovun ölüm xəbərini aldıq. Xəbəri Kazımov gətirmişdi. Qanıqara, əsəbi idi. Havanın soyuq olmasına baxmayaraq tərləmişdi. Pərt ifadə ilə qızarıb pörtmüş üzünün tərini silə-silə dəhlizdəcə qayınatama baş verənləri nağıl edirdi:
– Başından aldığı güllə yarasından dünyasını dəyişib. Meyitini dünən axşam şəhərdən xeyli kənarda su kanalından tapıblar. – Sözünə bu yerdə bir neçə saniyə ara verib, sonda təəssüflə başını buladı. – Nə deyək? Heyif! Yaxşı oğlan idi. İki körpəsi qaldı. Allah ailəsinə səbir versin!
Qayınatam zəndlə Kazımovu süzüb, gizli bir eyhamla:
– Son vaxtlar ancaq bəd xəbərlərlə gəlirsən, Kazımov. Heç sevmirəm belə gəlişi! Heç!. – dedi. Üzünə bir anda qəm ələndi.
Kazımov sözlərin arxasında yatan mənanı göydə tutsa da, adəti üzrə özünü sındırmadı:
– Haqlısan, qardaşım. Üzümüz gülməyi unutdu. Sanki fələk də üz döndərib bizdən.
Xeyli söhbət edəndən sonra çıxıb getdi.
…Bu xəbər Azəri sarsıtmışdı, özünə gələ bilmirdi. Atasının etirazına baxmayaraq Telmangilə getdi.
Heç kəs bu xəbərə inanmaq istəməsə də, təəssüf ki, bu bir həqiqət idi…
***
Üzümüzə gələn günlərin bizə nələr gətirəcəyindən bixəbər halda günləri başa vurmaqda idik.
Aradan təxminən iki həftə keçdi.
Həmin gecə Azad çox narahat idi. Durmadan çığırıb ağlayır, heç cür sakitləşmirdi.
Dərmanlarını içirib, bir qədər sakitləşəndən sonra onu atasının yanında qoymuşdum. Xeyli sonra mən otağa qayıdanda hər ikisini yuxuya getmiş gördüm.
Azərin qolunun üstə yuxuya dalan Azad xırda barmaqlarını atasının barmağına dolayıb bərk-bərk yapışmışdı. Sanki açılan sabahın xeyrə açılmayacağını körpə qəlbi ilə hiss edib duyubmuş kimi atasını buraxmaq istəmirdi.
Bu məqamın hər yadıma düşəndə məni yandırıb-yaxacağını ağlıma belə gətirmədən taxtın kənarında əyləşib bir xeyli onları seyr elədim. Elə şirin yatmışdılar ki, oyatmağa qıymırdım.
Ertəsi gün Azər səhər yeməyindən sonra otağa keçib əynini dəyişdi. Harasa getmək fikrində olduğunu sezdiyim üçün bunu normal qarşılamadım. Baxışlarımı görsə də, halını pozmadı. Azadı qucağına alıb bir xeyli öpüb qoxuladı. Eyni zamanda da mənə:
– Uşaqlarla görüşüm, görüm neynirlər? Axşam qayıdacam, – deyə izah etdi. Uşağı mənə qaytarandan sonra da kifayətlənməyib onu təkrar öpdü.
– Ana sənə əmanət a, muğayət ol, kişi! – deyə uşağın əlindən tutdu. Azad buna bənd imiş kimi adəti üzrə xırda barmaqlarını cəm edib onun barmağından yapışdı.
O, hələ sağalmış sayılmazdı. Müalicə alırdı. Üstəlik, bundan belə səhhətinə daha diqqətli yanaşmalı idi. Bütün bunları nəzərə almaması ürəyimcə olmadığı üçün dözməyib dilləndim:
– Azər…
O, uşaqla maraqlandığı halda baxışlarını qaldırıb zəndlə üzümə baxdı.
– Həkim dedi axı, sənə hələ bir müddət gəzib dolanmaq, uzun müddət ayaq üstə dayanmaq olmaz. Səbirsizlik etmə.
– Narahat olmaginən. Hər şey öz qaydasındadır. – Bunu deyib, saçlarımdan öpdü. – Qayıdıram da.
Narazılıqla onu süzsəm də, daha nəsə deməyin yersiz olduğunu bilib, susmalı oldum. Və o, qapıya üz tutdu.
Otaqdan çıxmaq istəyəndə çevrilib bir neçə saniyə elə qəribə baxışlarla gözlərimin içinə baxdı ki, bu baxış ürəyimə izah olunmaz hisslər gətirdi. Unutmağa çalışdığım qorxu və təlaşı yenidən oyatdı. Lakin dərhal bütün pis fikirləri beynimdən qovub uzaqlaşdırdım. Amma o son baxışı gün ərzində gözümün önündən getmədi.
(Ardı var)