Reportyorlar (59)
- 05 Fevral 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Qəlbimə dəf etməkdə aciz qaldığım dəhşətli bir sıxıntı çökmüşdü. Onsuz da qara günlər yaşamaqdaydıq, kimsənin üzü gülmürdü, amma bu, ad verə bilmədiyim nəsə, tamam başqa bir hiss idi. Rahatlıq tapmırdım.
Artıq üç gün idi Azəri görmürdüm. Xəbər-ətər yox idi. Səadət xala və anam yanıma gəlsələr də Azər barədə söz salmamışdılar. Bu isə nigaranlığımı birə-beş artırmışdı.
Üstəlik, doğulan gündən körpəmin üzünü də görməmişdim. Bu isə ayrı bir dərd olmuşdu mənə.
Gözüm qapıda idi ki, desinlər həyat yoldaşın gəlib. Desinlər, səni soruşurlar. Desinlər, körpəni gətirdik, yedirt.
Mənimlə bir palatanı bölüşən ana olmuş qadınlar körpələrini qucağına alıb, yedirib, qoxusunu duyduqları halda mən hələ yol gözləyirdim. Nə baş verdiyini bilmədən, qorxu, təlaş, şübhə içində. Eləcə gözləyirdim. Əlimdən gələn yalnız dua etmək idi. Tibb bacıları isə heç bir sualıma dəqiq cavab vermir, üzümə baxmadan yubanmayıb palatadan çıxırdılar. Bu gün artıq dözməyib, körpəmi tələb etmişdim.
Tibb bacısı israrımı görüb məni körpəmin yanına aparmışdı. Daha qucağıma ala bilmədiyim, yedirə bilmədiyim balama ürəyim parçalana-parçalana baxmışdım. Necə çətin nəfəs alığını gördükcə çəkdiyim əzab ölçüyə gəlmirdi.
19
yanvar öz yerini 20 yanvara təhvil verdiyi o qanlı gecədə doğulan hər 10
körpədən 9-u oğlandı. Bu da Allahın hikməti idi. Şəhid olmuş qəhrəman oğulların
yeri boş qalmamışdı. O gecə bizim də oğlumuz dünyaya gəlmişdi. Adını belə
qoymağa fürsətimiz olmayan oğlumuz.
Dünyanın ən məsum varlığını, ciyərparamı – onun kömür qarası saçlarını, xırda
ayaqlarını, əllərini, barmaqlarını sığallayıb, öpüş qondurur, dua edirdim.
Varlığını hiss etdiyim gündən mənimlə bir duymuşdu kədəri, qəmi-qüssəni. Ona
ancaq bunları hiss etdirmiş, ilk tərpənişinə belə sevinə bilməmişdim. Dünyaya
gəlişi də qəmli bir günə təsadüf etdi övladımın. Yer-göy qan ağladığı o gecədə
həyata göz açmaq yazıldı qismətinə. İndi tək istəyim, pənah yerim olan Allahdan
balamı mənə çox görməməsi, ona şəfa əta etməsi idi. Çünki o acı günlərimdən
sonra artıq tək təsəllim idi körpəm.
Tibb bacısının təkid və xəbərdarlığından sonra istəməsəm belə balamdan ayrılmaq məcburiyyətində qaldım.
Yarı yolda qəlbimə hökm edən qəm-qüssənin acısına tablana bilmədim. Məni ağlamaq tutdu. Daha yoluma davam edə bilmədim.
Tibb bacısı məni belə görəndə nə deyəcəyini bilmədi. Kədərli baxışları gözlərimə tuşlandı.
– Yaxşı, özünü ələ al. Hər şey yaxşı olacaq. Balan da sağalacaq, qucağına alıb evinə gedəcəksən.
– Mən bais oldum. Tərslik eləməsəydim, həkimi dinləsəydim, o indi belə əziyyət çəkməzdi. Mənim ucbatımdan bu vəziyyətdədir.
– Kim nə bilərdi ki, bu hadisələr baş verəcək? Üzmə özünü, möhkəm ol!
Sakitləşməyə çalışaraq palataya yollandım. Palatanın qapısı ağzında baxışlarım qeyri-ixtiyari dəhlizin sonundakı giriş qapısına sataşdı. Yola dikilən gözlərim sevdiyim insanı aradı. Kimsənin duymadığı fəryadlı bir səslə onu harayladım:
– Azər! Gəl artıq! Məni sənsiz buraxma! Gəl!
Tibb bacısının səsinə özümə gəldim.
– Keç yerinə, həkim gəlib səni burada görməsin. Gələn olsa, mən sənə xəbər edəcəm.
Gözlərimin yaşını silib palataya keçdim.
Mərdəkan
Şənbə gecəsindən sonra aradan keçən hər dəqiqə, hər an nigaranlıq, qorxu və təşvişlə ötürdü. Övladından nigaran qalan bütün ailələr kimi onlar da qulağı səsdə, gözü yolda idilər.
Az əvvəl evə gələn telefon zəngindən sonra Ənvərin sanki nitqi batmışdı. Gözlərini bir nöqtəyə dikib, dərin sükuta qərq olmuş, stula çökdüyü kimi də qalmışdı. Az əvvəl qulaqlarında mərmi kimi partlayan sözlərin mənasını ağlında, şüurunda çözələyib, dərk etməyə çalışırdı. Sanki beyni qurumuşdu. Zehni kütləşmişdi. Dəyişə bilmədiyi, danmaqda aciz qaldığı acı həqiqəti ağlı heç cür almırdı.
Birdən-birə alt-üst olmuş əhvalı sualı dolu kimi onun üstünə yağdıran Dilbərin narahat qəlbinə bir ovuc od ələmişdi. Nə billah edirdisə özünü ələ ala bilmirdi.
– Ənvər, kim idi zəng vuran? Azər idi?
Ənvərin səsi-səmiri çıxmadı. Udqundu. Daxilindəki ağrı-acını bəlli etməmək təlaşı ilə o, ömür-gün yoldaşının üzünə baxa bilmirdi.
Bunu sezən və təlaş içində Rənaya baxan Dilbəri qorxu sardı.
– Nə xəbər aldın? Qurban olum, dillən, danış, bir kəlmə deginən, onsuz da bərbad haldayam.
Ənvər dolmuş gözlərini qaçıraraq köksünü söküb talayan bir ah çəkdi. Amma bütün cəhdi ilə bunu Dilbərə hiss etdirməməyə çalışdı. Dilbər kövrək duyğular içində çırpına-çırpına, təxminindən əmin olmaq istəyi ilə bir də maraqlandı:
– Uşaqlar barədə nəsə dedilər ki? Salamatdırlar? Səadətlə də danışa bilməmişəm, uşaqlardan xəbər tutum. O, qaragünün də başı özünə qarışıb.
Ənvər Dilbəri dinlədiyi müddətdə var qüvvəsiylə masanın kənarından yapışmışdı. Bu minvalla əlinin titrəməsini ört-basdır etməyə çalışırdı. Müvəffəq ola bilmədiyini görüb heç bir suala cavab vermədən ayağa qalxdı. Telefona sarılaraq Səməndərə zəng vurdu. Öz aralarında olduqca və üstüörtülü şəkildə danışdılar. Ənvər Səməndərin məsələdən artıq xəbərdar olduğunu və xəstəxanaya getdiyini onun ilk cümləsindən anladı.
Dəstəyi yerə qoyub, Rənadan ona dərman gətirməsini istədi.
Çox keçmədən Rəna bir bardaq su və bir neçə həblə qapıda göründü. Həyəcanlı addımlarla Ənvərə yaxınlaşıb:
– Buyurun, – dedi.
Səməndərin gəlib çıxması uzun çəkməsə də Ənvərin ömründən qalan illərini də aldı. Ruhunu əsir almış dəhşətli sıxıntının pəncəsində ölüb-ölüb dirildi.
Vüsət onun gəldiyini Ənvərə xəbər verəndə maşından enən Səməndərin üzündəki ifadə ürəyinə şübhə dolan, narahatlıqdan özünə yer tapa bilməyən Dilbəri güclü təkan kimi silkələdi. Səməndər adətinin əksinə evə qalxmadı. Üzünə qəm ələnmiş bir əhval-ruhiyyədə dostunun evdən çıxmasını gözlədi.
Bütün bunları diqqətdən qaçırmayan Dilbər rəngi ağarmış, dolub-doluxsunmuş halda ərinin qarşısına keçdi.
– Ənvər, məndən nə gizlədirsən belə? Balalarımızın başına nə iş gəlib?
Ənvər ayaq saxlamadan:
– Sakit ol, – dedi. Birbaşa qapıya üz tutdu. – Qayıdıb gəlim, danışarıq. Uşaqları evə gətirmək üçün gedirəm.
Bu sözlər də Dilbərin narahatlığını aradan götürmədi.
– Bəs, Azər özü neyçün gətirmir?
– Dilbər! – Deməyə söz tapmayan Ənvər narazılıqla başını bulayaraq tez evdən çıxmağa can atdı.
Dilbər daha özü ilə bacarmadı. Hönkürtülü bir səslə:
– Mənə düzünü deginən! Nə baş verib? Oğluma nə olub? Azərimə nə olub, Ənvər? Nə isə bir bədbəxtlik baş verib, hə? Sən əbəs yerə bu əhvalda olmazsan.
– Ay qız, nöşün israr edirsən? – Ənvər Dilbəri şübhəyə salmamaq üçün geri çevrilib bilərəkdən sərt cavab verdi. – Görünür, işi çıxıb gələ bilməyib də! Görürsən ki, mən gedirəm də! Qayıdıb gəlim, səni nə maraqlandırırsa o barədə də danışarıq.
Sözünü bitirməsi ilə ikinci sualı duymamaq üçün dərhal evdən çıxdı. Maşına əyləşməzdən əvvəl Vüsətə:
– Evdən göz-qulaq ol. Bilmirəm nə vaxt qayıdacam. Vəziyyətinin necə olduğunu bilmirəm. Tank dedi, güllə dedi… Heç nə diləmirəm, bircə nəfəsi üstündə olsun… – Ənvərə sözünün davamını gətirə bilmək olduqca ağır gəldi. Nə qədər güclü dayanmağa cəhd etsə də bacarmadı, dodaqları səyridi. Bir neçə saniyəlik sükutdan sonra özünü toplayıb, təkrar dilləndi. – Bu barədə sorğu-sual edərsə səni, gəlinbacına bir kəlmə də. Eşidirsən? Tək bir kəlmə də demirsən.
– Narahat olmayın. – Vüsət məyus nəzərlərlə Ənvəri süzdü.
– Mən gələnə qədər idarə et. Qayıdıb gələ bilsəm əgər. Partlamasa, tab gətirsə… – Əlini ürəyinin üstünə qoydu.
– Allahın rəhmi çoxdur. Darıxdırmayın özüvüzü.
Ənvər minnətdarlıq əlaməti olaraq Vüsətin qoluna vurub, maşına əyləşdi.
Səməndərin sürücüsü qapını qapayıb sükan arxasına keçdi.
Maşın yola düşəndən sonra Dilbər eyvana çıxdı.
Pilləkəndə dayanıb Vüsəti hüzuruna çağırdı. Xanımın onu çağırdığını görən Vüsət ayrı yolunun olmadığını bilərək irəli gəldi.
– Nə buyururdunuz?
Dilbər qızarmış gözlərini Vüsətin üzünə dikib şübhə ilə:
– Ənvər başı alovlu hara getdi belə?
– Bilmirəm, xanım. – Vüsət Ənvərin tapşırdığı kimi həqiqəti gizlətdi.
– Necə yəni, sənin nə baş verməsi barədə xəbərin yoxdur ki?
Vüsət çətin vəziyyətdə qalsa da özünü itirmədi.
– Evdən muğayət olmamı tapşırdı. Başqa heç nə.
Dilbərin gözləri yol çəkdi.
– Ayrı vaxt olsaydı bu yalanlara asanlıqla inanardım. Amma indi, əsla. Şəhərdə milləti qanına qəltan ediblər. Hər saat bir xəbər eşidirik. Siz isə mənə narahat olmayın deyirsiniz.
Dilbər irad dolu baxışlarla Vüsəti, Rənanı süzdü. Vüsətin nəzərləri Rənaya tuşlandı. Baxışlarını yerə dikib daha dinmədi.
– Üçündən birinin başına bir iş gəlib… Bilmirəm, oğlumdur, gəlinimdir, yoxsa körpədir. Amma dəqiq bilirəm ki, nəsə olub. Səadətə zəng vururam, iki gündür mənə cavab vermir.
– Xanım, ürəyinizə pis heç nə gətirməyin. – Rəna Dilbərin qolunu sığalladı. – Bax, görərsiniz, hər üçü bu qapıdan sağ və səlamət girəcəklər içəri.
– Təki sən deyən kimi olsun! Təki! Mənim ikinci zərbəni dəf etməyə daha gücüm qalmayıb. Allahım, rəhm etginən! Kimsəyə bala dağı göstərmə, mənə də həmçinin!
Rəna:
– Amin! – deyib, Dilbər xanımı ovutmağa, təlaşlanacaq bir səbəb olmadığına inandırmağa çalışdı.
Bu dəqiqələrdə şəhərə doğru yol gedən Ənvər Bakıya çatıb oğlunu öz gözləri ilə görə bilmək üçün Allahdan möhlət istəyirdi.
***
Azər gözlərini açıb özünə gələndə başının üstündə ağ xalatlı həkimlər dayanmışdı. Onlardan biri ona tərəf əyilib sual verir, onu danışdırırdı.
Azər başının içində saysız-hesabsız səslərdən və uğultudan başqa heç nə eşitmirdi.
Ona nə olduğunu aydınlaşdırana kimi otağın mənzərəsi və həkimlərin bulanıq surəti gözləri önündə dalğalanmağa başladı. Ətraf yenə zülmətə qərq oldu.
Təkrar özünə gələndə atasını başının üstündə gördü. Kişi hər an yağmağa hazır olan bulud kimi dolub-durmuşdu. Oğlunun gözlərini açıb özünə gəldiyini görəndə sevinci kədərinə qarışan Ənvər istədi ondan özünü necə hiss etdiyini soruşsun, amma nə billah etdisə danışa bilmədi. Pəncərənin önünə keçib cib dəsmalını gözlərinə sıxdı. Sinəsindən sızıltılı bir ah, dilindən isə bu kəlmələr qopdu:
– Şükür sənin qüdrətinə, ya Rəbb!
Mərdəkan
Aradan keçən bu ağır günlər ərzində Dilbərin gecəsi gündüzünə qarışmışdı. Bir an belə olsun dinclik tapmırdı. Narahatlıqdan ürəyi partlamaq həddində idi. Oğlunun yaralanıb xəstəxanaya düşdüyünü öyrənməsi isə onu dəliyə döndərmişdi.
Ənvər oğlu əməliyyatdan çıxandan, gözünü açıb özünə gələndən sonra məsələni açıb Dilbərə danışmışdı. Üstəlik, nəvəsinin vəziyyətini də nağıl etməli olmuşdu.
Ard-arda duyduğu bəd xəbərlər Dilbərə tab gətirə bilmədiyi ağır zərbə olmuşdu. Özündən getmiş, həkim müdaxiləsi ilə özünə gəlmişdi.
Səhəri dirigözlü açıb, saatları güclə ötürüb erkəndən geyinib hazır dayanmışdı. Ənvərin etirazına rəğmən o, inadla oğlunu görmək istəyir, xəstəxanaya getməyə hazırlaşırdı. Ənvər həyat yoldaşının nə hisslər keçirdiyini gözəl başa düşür, bu səbəbdən ona qarşı çıxa bilmirdi.
Sübh tezdən idi. Qapı zənginin səsinə Vüsət darvazaya doğru tələsdi. Və çox keçmədən yanında cavan bir oğlanla evə doğru gəlməyə başladı. Bu, Azərin tanışı Sadiq idi. Oğlan ədəb-ərkanla salam verib:
– Üzrlü hesab edin belə erkəndən gəlməkdə, məcbur qaldım. – Açıq-aşkar narahatlıq hiss olunan baxışlarla Ənvəri və Dilbəri süzdü.
– Eybi yoxdur, oğlum. Təki salamatlıq olsun. – Ənvər zahirən sakit görünsə də sabahın bu vədəsində qəfil qonağın gəlişinin məqsədini öyrənmək üçün səbirsizləndi. Xeyir olması üçün ürəyində Allaha səsləndi.
Sadiq sözü uzadıb onları təşvişə salmamaq üçün əlində tutduğu çantanı göstərib:
– Dayı, mən Azərin tanışıyam. Həmin gün hadisə baş verəndə biz bir yerdəydik. Kazarmanın önündə…
Dilbərin göz yaşlarına boğulması oğlanın sözü yarıda kəsməsinə səbəb olsa da Ənvərin “davam elə” işarəsindən sonra o, qaldığı yerdən davam etdi.
– Hadisə baş verən gün bunu Azər mənə verdi ki, etibarlı bir yerdə gizlədim. Ələ keçməsin deyə.
– Nədir o elə?
Sadiq çantanı masanın üzərinə qoyub kameranı çıxardı. Ənvərin ifadəsi o andaca dəyişdi. Sadiq bunu görüb dərhal izah etdi.
– Xahiş edirəm etibarlı bildiyiniz bir yerdə gizlədin. Mən Azərə söz vermişəm. Evimdə saxlaya bilməzdim, çünki gəlib axtarış ediblər, özümü də çağırıb dindirdilər. Uşaqlar kasetin üzünü köçürüb göndərdilər bir neçə ölkəyə. Yəni əlimizdən gələni etməyə çalışdıq. Düşündüm ən etibarlı yer sizin ev ola bilər. Ən azından Azər qayıdana kimi nə edəcəyinizi məndən yaxşı siz bilərsiniz.
Dilbər gəlib masanın önündə dayandı. Kameranın üzərindəki qan ləkələri nəzərindən yayınmadı. Yaralı ürəyini yandırıb yaxdı.
– Balamın qanıdır? – Hönkürtülü bir səslə Sadiqə sual verdi. Sadiq verilən sual qarşısında çətin vəziyyətdə qalıb baxışlarını yerə dikdi.
– İstəməzdim bunu görəsiz, ana! Silməyə çalışdım…
Dilbər titrək barmaqlarını qan ləkəsinin üzərində gəzdirib dodaqlarına apardı. Göz yaşları içində nalə etdi.
– Allah bəlasını versin onları bura göndərənin!
Ovqatı təlx olmuş, dünyası yıxılmış Ənvər Vüsətə kameranı götürüb aparmasını işarə etdi. Vüsət dərhal masaya yaxınlaşdı. Deyilənə əməl elədi.
Sadiq bundan sonra məyus halda Ənvərə baxaraq:
– Mən gedim, dayı. Allah şəfa versin qardaşa, – dedi.
Ənvər onunla birlikdə evdən çıxdı. Danışa-danışa qapıya üz tutdular.
(Ardı var)