Reportyorlar (58)
- 29 Yanvar 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Ertəsi gün
…Azər dünəndən bu günə hadisə baş vermiş nöqtələrdə, ən təhlükəli sahələrdə olmuş, o qanlı gecədən geriyə qalanları, dəhşət saçan mənzərələri çılpaqlığı ilə necə vardısa eləcə, şahidlərin öz dilindən lentə almışdı. Getdiyi hər yerdə eyni təəssüratla üzləşirdi – gərilən, qırıq-qırıq olan əsəblər…
Nəmi qurumayan ağlar gözlər… Vahimə cizgili, dərd yüklü çöhrələr… Bir gecədə yaşlanan ruhlar…
Bıçaq sümüyə dayanmışdı. O müdhiş gecənin dəhşətini yaşayan, ölümün soyuq üzünü hər addımbaşı hiss edən millətin bir tələbi vardı; Vicdanı, qeyrəti olan hər kəsi bu qanı yerdə qoymamağa çağırırdı. Əksəriyyəti də xalqın başına gətirilən müsibətə səbəb olanları – Moskvada, Bakıda oturub xalqın qanına susamış rəhbərləri, sovet əsgərlərini söyür, onlara qarğış edirdi.
Üzünü Azərin kamerasının obyektivinə tutub: “Bunu bütün dünya görməli, bilməlidir. Bəsdir bu qədər dözdük! Bakını bir gecədə al qana boyayan, tırtıllar altında əzib xıncımlayan, günahsız, əliyalın milləti qırğına verənlər cavab verməlidir!” deyənlər, Kommunist Partiyasının biletlərini tullayıb yandırmaqla etiraz səsini ucaldanların sayı az deyildi.
…Xəstəxanaların birinin həyətində şüşələri qırılıb tökülmüş, güllədən dəlik-deşik olmuş təcili yardım maşınını lentə alan zaman ona dedilər ki, əsgərlər maşının sürücüsünü, həkimi və yaralını da öldürüblər.
Hər kəs dünən gecə faciədən əvvəl şəhərin içində görünüb qeyb olan nömrəsiz maşınlardan danışırdı. Həmin maşınlardan kimliyi bilinməyən naməlum şəxslər xalqı bir qədər sonra gülləbaran edəcək ordunun qarşısına çıxmağa təhrik edirlərmiş…
…Həmin gün heç bir məlumat əldə edə bilməyib, məcburən geri qayıtmalı oldular. Azər maşının açarlarını Xəlilə verib, videokameranı da onunla xalası evinə yolladı. Özü isə Ceyhunla qərara gəldi ki, Rəşidin atasıyla görüşsünlər. Onun uşaqlar barədə məlumatı ola bilərdi.
21 yanvar 1990-cı il
Azər həmkarlarından ayrılandan sonra kameranı götürüb göynərtili əhval-ruhiyyədə Dağüstü parka yollandı. Sabahdan bu məkan müqəddəs and yerinə çevriləcək, Şəhidlər xiyabanı adını daşıyacaqdı. 1918-ci il qurbanlarının ruhu 1990-cı il qurbanlarının ruhu ilə bir məkanda qovuşacaqdı. Burada bir dəstə cavan havanın şaxtasına, soyuğuna baxmayaraq şəhidlər üçün məzar qazırdı.
Ağsaqqal kişilər buranın əvvəllər də məzarıstan olması, lakin bədxah rəhbərlərin tarixi silmək qəsdi ilə burada park saldırmaqları barədə maraqlı söhbətlər edirdilər.
Baxışlardakı hüzn çoxdan nifrətə bürünmüşdü.
Azər qayıdanda yolunu XI Qızıl Ordu meydanından saldı. Hər yerdə iri hərflərlə “Qanlı meydan” yazılmışdı.
“… Axşam hərbi dənizçilər tərəfindən ilk atəş açıldı. Hədəf Bakı buxtasına lövbər atmış “Çiləkən-1” kran gəmisi oldu. (*Mənbə: “Şahidlər” kitabı, müəllif: Hidayət).
Azər bu anları əcnəbi müxbirlə görüşmək üçün getdiyi mehmanxananın eyvanından lentə alırdı. Mehmanxanaya tərəf də güllə atılırdı.
O, hər şeyi gözə alıb, obyektivdən görünən mənzərəni böyük həyəcanla kameranın yaddaşına həkk edirdi. Bu bir neçə dəqiqəlik video kadrlar iri metrajlı filmə bərabər idi. Qaniçən ordunun qışın zülmət gecəsində bu yaşlı şəhərə növbəti “atəşfəşanlığı”nı əks etdirən, iç üzlərini açıb göstərəcək əyani sübut, tutarlı fakt idi.
22 yanvar 1990-cı il
Şəhər matəm libası geyinmişdi. Uca binaların daşında, ağacların budaqlarında, elektrik dirəklərində, maşınların antennalarında, gəmilərin göyərtələrində asılan qara bayraqlar hüzn əlaməti olaraq başı aşağı dalğalanırdı.
Bakının üzərinə qırmızı güllələrlə birlikdə həm də qərənfil yağışı yağmışdı. Bu sanki göylərin yerdə edilən zülmə fəryadı, ah-naləsi, göz yaşları idi. Müqəddəs qayə uğrunda şəhid olmuş vətən övladlarının torpağa qarışan qanından rəng almışdı.
Bu gün Bakı azadlıq uğrunda canlarından keçən şəhid oğul və qızlarını son mənzilə yola salırdı. Böyük insan izdihamı Dağüstü parka doğru hərəkət etməkdəydi.
O da digər həmkarları kimi ucu-bucağı görünməyən matəm karvanını, bir azdan başlanacaq dəfn mərasimini lentə almaq üçün Dağüstü parkda artıq öz yerini tutmuş, kameranı işə salmışdı.
Çox keçmədən ilk cənazələr – qərənfil selində irəliləyən qara-qırmızı örtüklü tabutlar göründü. Ağı deyən, sinə döyən anaların ağlaşma səsi meydanı bürümüşdü. Sanki Dağüstü parka doğru nəhəng bir kədər, qəm dalğası gəlirdi.
Bakı buxtasına yan almış gəmilərin qulaqları batıran ətürpərdici fiti haqsızlığa etiraz səsi ilə bu mübarizədə insanları sanki cihada çağırırdı. Bu müsibəti, bu vəhşiliyi dünyaya bəyan etmək vaxtı idi.
Bu gün hamının dərdi bir idi.
Bu gün bu məkanda toy və yas sanki əl-ələ vermişdi. Xeyir və şər qoşa gəlirdi. Qara bağlamalı xonçalar bir-birinin ardınca gələn tabutlarla qoşa addımlayırdı. Kədərin qucağında yasa bürünmüş, puç olmuş arzular, xəyallar gəlirdi…
Burada nələrə şahid olmadı ki…
Ana fəryadına! Bacı naləsinə! Sınan qardaş qamətinə, bükülən ata qəddinə! Ata axtaran körpələrin ümidsiz baxışlarına! Məzara gömülən gənc məhəbbətə!
…Bütün günün ağırlığını öz çiynində gəzdirən Azər dincəlməyi də unutmuşdu. Şəhidlərin dəfn mərasimindən qayıdarkən həyat yoldaşını görmək, körpəsindən xəbər bilmək üçün xəstəxanaya baş çəkmək qərarına gəldi. Oradan qayıdıb gələndə yolda Xəlilgillə rastlaşdı. Onlar Fazil barədə hələ də bir məlumat əldə edə bilməmişdilər. Onlarla birlikdə xəstəxanalardan birinə baş çəkəndə təzə meyitlərin gətirildiyini, amma meyitlərin üstündə sənəd olmadığını dedilər.
Nigaranlığa son qoymaq üçün ölüxanaya girdilər. Xəlil onu tək qoymamış, Azərlə getmişdi. Fazilə bənzəyəni tapmayıb geri qayıtdılar.
Yolda Azər onunla qonşu blokda yaşayan Fərhada rast gəldi. O, pıçıltılı ilə Azərə:
– Gedək mənimlə, – dedi. – Bir şey göstərəcəm.
Fərhadın nişan verdiyi binalardan birində bloka girib pilləkənlərlə yuxarı qalxmağa başladılar. Binanın damına çıxanda Fərhad Azərə əyilib diqqət cəlb etməməyi tapşırdı.
Buradan bütün şəhər, eləcə də dəniz əl içi kimi görünürdü. Divarların dibinə qısıla-qısıla Fərhadın işarə etdiyi istiqamətə – şəhərin cənub tərəfinə gəldilər. Fərhad dənizdəki gəmilərdən birini Azərə göstərib dedi:
– Onu görürsən? Deyilənə görə, meyitlə doludur. Adamları öldürüb gəmilərə yükləyirlər. Biri aradan çıxıb, digərini dənizdəki mülki gəmilər üç gündür ki, mühasirədə saxlayır.
Azər gəmilərin üstündə uçan hərbi vertolyotlara baxa-baxa kameranı işə saldı. Fərhad eşitdiklərini böyük həyəcanla nağıl edirdi:
– Eşitmişəm ki, Bakının kəndlərində ölüləri köhnə neft quyularına atır, ya da yandırırlar. Şəhərdə ölənləri isə… – Sözünün davamını gətirə bilməyib dodaqlarını bir-birinə sıxdı. Xeyli sükutdan sonra: – Bilmirəm nə dərəcədə doğrudur, amma adam dəhşətə gəlir! – dedi.
Azər çəkiliş aparıb Fərhadla birlikdə gəldiyi qaydada damdan aşağı endi. Sözarası ona Salyan kazarması tərəfə gedəcəyini eşitdirəndə Fərhad etirazını bildirdi:
– Məsləhət görmürəm, brat. Onsuz da əliboş qayıdacaqsan. Bizim də yaxınlarımız itkindir. Getmişiksə də heç nə əldə edə bilməmişik. Bilmirik ölüblər, yaralıdırlar. Yaxınlaşanı vururlar.
Lakin Azər fikrindən dönmədi.
– Uşaqlardan bir xəbər bilməliyəm…
Fərhad da onunla birlikdə yola düzəldi. Yolda Ceyhun, tanışı Sadiq və televiziyada fotomüxbir kimi çalışan İntiqam adlı digər həmkarı da onlara qoşuldu. Şəhərdə artıq komendant saatı elan olunmuşdu.
Baxmayaraq ki, komendant saatının ayın 19-u tətbiq edilməsi barədə qərar qəbul olunmuşdu, lakin xalq bu barədə qırğından sonra xəbərdar edilmişdi.
Axşamüstü idi. Hava bərk soyuq idi. Kazarmanın hər tərəfi tanklar və silahlı əsgərlərlə əhatə olunmuşdu.
Azərgil rastlarına çıxan bir neçə adamdan dostlarını – Vüqarı, Rəşidi və digər uşaqları, eləcə də Fazili soruşdular, ad-familiyalarını, əlamətlərini sadaladılar. Amma gördüm deyən olmadı. Əksinə, onlara məsləhət gördülər ki, buralarda boş yerə vaxt itirməsinlər.
Bura gələrkən kameranı növbəti dəfə işə salan, çətinliyə rəğmən çəkilişi davam etdirən Azərin bütün diqqəti kameranın monitorundakı görüntüyə köklənmişdi. Obyektivdən tankın üstündə danışıb-gülən əsgərlərdən birinin ona baxması nəzərindən yayınmırdı. Ceyhunla İntiqamın arabir səsi gəlirdi qulağına.
– Ehtiyatlı ol!
– Getsək yaxşıdır, qaqaş. Söndür kameranı.
Bu səslərin içində diqqətini işinə verib özünü unutmuş Azər fərqində olmadan xeyli irəli getmişdi. Kimsə ona əzilmiş yük maşınlarının altında meyit olduğunu xəbər vermişdi. O, obyektivdə yaxaladığı görüntünü nizamlamağa çalışırdı ki, bu andaca sağından, solundan vıyıltı ilə keçən güllə səsinə duruxdu. Mühərrikin uğultusu, tırtılların səsinə başını qaldırdı. Tankın hərəkətə gəldiyini görəndə səhvə yol verdiyini anladı. Barrikadalarla tankın arasındakı məsafə elə də çox deyildi. Əsgərlər kameranın qırmızı işığını onlara tuşlanmış “təhlükəli silah” sanmışdılar. Və dərhal “ekstremisti” zərərsizləşdirmək əmri verilmişdi.
Avtomat qatarının şaqqıldamasıyla adamlar bir-birini ayaqlayıb qaçmağa başladılar. Atəş səsləri hələ canlarından vahimə çıxmayan, ora-bura qaçan adamların səs-küyünə qarışdı.
Azər
gözü nərildəyə-nərildəyə birbaşa üstünə gələn tankda sanki yerə mıxlanmışdı.
Yerindən tərpənməyə taqəti yox idi. Bu vaxt sağ qolunu nə isə sancdı. O, nə baş
verdiyini aydınlaşdırana kimi çaxnaşma düşdü.
Sağ qolunda duyduğu istilik bütün vücuduna yayılmağa başlamışdı. Kameranı
çiynində saxlaya bilmədiyini hiss edən Azər aparatı çiynindən götürəndə
barmaqları arasından süzülən qan kameranın üzərinə damladı. Vurulduğunu başa
düşdü. Bu vaxt yanından ötüb keçən tanımadığı bir nəfər qolundan yapışıb onu
bir həmlədə kənara atdı. İradla:
– Ala, canıva qəsdün var sənün? – dedi.
Azərin yerdən qalxmağa vaxtı qalmadı. Hər şey bir neçə saniyədə baş verdi.
Yolunun üstündəki dəmir maneəni vurub yıxaraq tırtıllarına ilişdirib sürükləyə-sürükləyə irəliləyən tankın ona çatması ilə üstünə bir ağırlıq çökdü.
Üzərinə aşan dəmir barmaqlı barrikadanın altında sıxılan ayağında duyduğu dəhşətli ağrıdan yer-göy gözündə qaraldı.
Sağa-sola güllə ata-ata yoluna davam edən tank ötüb keçəndən sonra dostları çevik tərpənib onu sürüyərək kənara çəkdilər. Ələ keçəcəyi təqdirdə nələr baş verəcəyini təxmin edən gənclər yaralanmış dostlarını təcili ərazidən çıxarmağa can atdılar. Təhlükəsizliyini təmin etmək üçün ayaqlarından, qollarından yapışıb yeyin addımlarla binalardan birinə daxil oldular.
…Onu blokda yerə uzadanda Azərin huşu hələ üstündə idi. Ufuldayırdı. Ayağındakı dözülməz ağrı qolundakı yaranı ona unutdurmuşdu. Dişləri bir-birinə kilidlənmiş halda üz-gözünü turşudub, sızıldayırdı:
– Brat… brat, ayağım! Ayağımı hiss etmirəm!
Beton döşəmə bir anın içində al qana boyanmışdı. Ceyhun Azərin ayağındakı botinkanı çıxaranda ayaqqabının qanla dolduğunu gördü. Zədələnmiş yerdən qan fışqırırdı. O, ağrıdan qıvranan dostuna toxtaqlıq verə-verə çevik tərpənib paltosunu soyundu. Əynindəki köynəyi çıxarıb paralayaraq yaralanmış nahiyələri sıxıb qanı kəsməyə cəhd etdi. Eyni zamanda da təlaş içində gənclərə səsini qaldırdı:
– İntiqam, maşını gətirün də, ala! Sadiq, cəld olun! Nə quruyub qalmısız, xəstəxanaya çatdırmalıyıq!
Gözünü al qana boyanmış dostundan çəkməyən İntiqamın donu sanki açıldı. Özünü toplayıb tez-tələsik blokdan çıxdı. Amma geri qayıtması xeyli uzun çəkdi. Bunu görəndə Sadiq bir neçə mənzilin qapısını döyüb, kömək istədi. Sakinlərdən təcili yardıma zəng vurmalarını xahiş etdi. Buna əməl ediləcəyinə söz verildi.
Ceyhun həyəcandan ölüb dirilə-dirilə durmadan Azəri dindirib-danışdırır, həyəcanlanmağa qoymurdu.
Bayırda atışma səsləri hələ səngiməmişdi. Səs-küy idi.
Sadiq gəlib onun başı üzərində dayanmışdı. Aradan daha bir neçə dəqiqə keçdi.
Azərin nəzərləri bu məqamda ona tərəf yayındı. Ufultuya qarışmış boğuq səslə:
– Sadiq… qardaşımsan, bunu bir yerdə gizlət, ələ keçməsün. – Kameranı göstərdi.
Sadiq gözucu Ceyhunu süzdü. Ceyhunun üzündə əzab dolu ifadəni görüb, dolub-doluxsunmuş halda başını tərpətdi. Qətiyyət yağan bir səslə:
– Baş üstə, qaqaş! Necə deyirsən, elə edəcəm, narahat olmaginən.
– Əhsən! – Azər onu saran ağrı-acıya rəğmən gülümsündü.
Sadiq bundan artıq güclü dayana biləcəyinə inanmayıb, qalxıb kameranı götürdü. Nə edəcəyi barədə zehnində götür-qoy etməyə başladı. Narahatlıqdan özünə yer tapa bilməyən Ceyhunu əsəb sardı.
– Harda qaldı bu İntiqam?!
Sadiq onun gəlib-gəlmədiyini öyrənmək üçün qapıdan çıxıb ətrafa boylandı. Lakin onu görmədi. Dəqiqələr bir-birini əvəz etdikcə Azərin qüvvəsi tükənirdi. Ceyhun isə onu bu vəziyyətdə burada qoyub getmək istəməsə də buna məcbur idi. Ayağa qalxmaq istəyəndə Azərin onun qolundan yapışması ilə o, dostuna sarı çevrildi. Üzündəki talan olmuş ifadəni ondan gizlətməyə çalışaraq mülayim səslə:
– Həri, brat. Nə demək istəyirdin? – maraqla üzünə baxdı.
Azər gücünü toplayıb dilə gəldi:
– Atama zəng vur… – Xeyli susdu, sözünün ardını gətirə bilmədi.
Ceyhun həyəcanla dostunun fikrini tamamlamasını gözlədi. Saniyələr sonra Azərin yenidən boğuq səsi duyuldu:
– Gəlsün… uşaqları xəstəxanadan götürsün. Onların dalınca getməliydim…
– Necə uşaqları, brat?
– Gəlinini, nəvəsini…
Ceyhunun bu an duyduğu hissin ağırlığı ölçüyə gəlmədi. Bunu belə bir məqamda öyrənməsi onu bir daha talan etdi. Azərdə günlərdir ona müəmmalı görünən qəribə narahatlığın səbəbini o, indi anladı. Qarmaqarışıq hisslər içində çırpındı.
Bilmədi bu xəbərə sevinsin, yoxsa… Bununla belə əməl edəcəyinə Azəri əmin etdi.
Sən yorma özüvü, qaqaş. Nə lazımdırsa edərik.
İntiqamın dalınca getdiyi maşın xeyli sonra gələndə Azər artıq huşsuz vəziyyətdə idi.
Daldalanmaq üçün girdikləri binanın blokunda Sadiqin pilləkənin altında gizlətdiyi, üzərinə qan damlamış videokamera isə daha bir neçə gün orada qalacaqdı…
(Ardı var)