Reportyorlar (57)
- 22 Yanvar 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Saatlar sonra
…Səhər açılırdı.
Azər bir az olardı qapının ağzında, divara söykənib xəbər gözləyirdi. Aydandan hələ bir səs-soraq yox idi. O isə aradan keçən bu müddətdə xəstəxananın içərisinə artıq sayını belə unutduğu yaralıların daşınmasında kömək etmişdi.
Nədənsə ürəyi heç rahat deyildi. Qəribə bir hiss varlığına hakim kəsilib onu məngənə kimi sıxırdı.
Doğuşda iştirak etmiş tibb bacılarından biri dəhlizə çıxıb kənardan oğrun baxışlarla arabir onu süzsə də yaxınlaşmağa ürək etmirdi. Çətin vəziyyətdə qalmışdı. Bəhanə ilə bir neçə dəfə gəlib yanından keçdi. Azərin üzündəki ifadəni izlədi. Bu gecə kifayət qədər yaralanmış ruhuna bir yara da vurmaq istəmirdi.
Sonradan bunun mənasız olduğunu dərk edib, dilə gəldi:
–
Bağışlayın, cavan oğlan, dünən gecə gətirilən xəstənin sahibi sizsiniz, elədir?
Azər dərhal özünü yığışdırıb, duruşunu düzəltdi, həyəcanla gözlərini tibb
bacısının üzünə dikdi:
– Bəli, mənəm. – Boğazını arıtlayıb, təkrar dilləndi. – Necədir vəziyyəti?
Tibb bacısı köks ötürüb dedi:
– Vəziyyəti deyəndə, o, hələ bir müddət həkim nəzarətində olmalıdır. Nəzərə almalısınız ki, xəstə bura gətiriləndə çox kritik vəziyyətdə idi.
Azərin səbri daraldı.
– Uzatmayın, xahiş edirəm. Açıq danışın.
Tibb bacısı Azərin üzündəki ifadəni görüb, birbaşa mətləbə keçdi:
– Bilirsiniz, doğulmaq üzrə olan döldə bu proses gecikdiyi üçün, uzun müddət oksigensiz qaldığı üçün asfiksiya – boğulma baş verib.
– Yəni… – Azər tibb bacısının ona dediklərini başındakı uğultudan güclə duyurdu.
– Doğulandan sonra körpədə tənəffüs aktı demək olar yox dərəcəsində idi. Buna baxmayaraq həkim əlindən gələn yardımı göstərdi. Nəfəs alıb-verməsi zəif olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Ümid edirik…
Tibb bacısını dinlədiyi bu müddətdə Azəri don vurmuşdu sanki. Gözlərini qırpmadan tibb bacısının üzünə baxırdı. Sözün bu yerində nəyə uğradığını sanki indi anladı. Onun sözünü kəsib:
– Anası necədir? Onu görmək istəyirəm, – dedi.
Tibb bacısı buna icazənin olmadığını bildirsə də Azər onu dinləməyib içəri keçdi. Palataları bir-bir gəzib Aydanı aradı. Nəhayət, palataların birində, küncdəki çarpayıda tapdı onu. Dərhal yaxınlaşıb əlindən tutdu. Lampanın alatoran işığında onun saralmış, solğun üzünə yanıb yaxıla-yaxıla baxdı. Gözlərini açıb heysiz, yorğun halda Azərə baxan Aydanın səsi-səmiri çıxmadı.
Bu vaxt tibb bacısı Azərin başı üzərində yenidən iradla:
– Cavan oğlan, olmaz axı belə. Dərhal buranı tərk edin, – deyə tələb etdi.
– Həkimi çağırın, danışmaq istəyirəm.
– Burda yoxdur, çağırışa getdi. Məgər görmürsünüz vəziyyət nə yerdədir? Bu qarışıqlıqda başını itirib, ona söz demək olmur. Xahiş edirəm palatanı tərk edin.
Azər yenidən Aydana tərəf çevrildi:
– Maşını götürməyə gedirəm, gəlib səni aparacam burdan, – deyə xəbərdarlıq edib məcbur qalaraq ondan ayrıldı.
…O, xəstəxananı tərk edib küçəyə çıxarkən gözlərinin önündə acınacaqlı bir mənzərə canlandı. Doğma şəhərini tanımaqda çətinlik çəkdi.
Bakı fəlakətdən geriyə qalan xarabalığı andırırdı. Sanki odlu-alovlu qasırğa qəfil gəlişiylə şəhəri qarsıb-sovurub keçmişdi. Hərbi texnika, hərbçilər şəhəri əsarət altına almışdı.
Həmin məhəlləyə gəlib çatanda hava artıq işıqlanmışdı. Maşını oradaca atıb getdiyi kimi dururdu. Dünən gecə burada yaşananlar gözləri önündən gəlib keçdi. Sükan arxasına keçib yola düzəldi. Biləcəriyə xalası evinə yollandı. Burada da vəziyyət eyni idi.
Qapını üzünə xalası Səadət açdı. O, dünən gecədən ürəyinə dolan qorxu və təlaşla bacısı oğlunu qarşısında sağ-salamat gördüyünə bir yandan sevinib, bir yandan kövrəldi:
– Allahım, sənə çox şükür! – deyib, Azəri bağrına basdı.
Səsə Dilarə də dəhlizə çıxdı. Azəri görən kimi ağlamaqdan qızaran gözlərini böyük-böyük açaraq irəli yeridi. Gözləri dolmuş halda:
– Qaqaş! Nə yaxşı gəldin! – dedi.
Salona keçdilər. Azər Fazili xəbər aldı. Səadət gözlərinin yaşını silib, dedi:
– Toplaşanların arasında idi. Evə gəlib əynini dəyişdi. Çox keçmədi ki, qəflətən səs-küy eşitdik. “Görüm bu nə səsdir, nə baş verib, qayıdıram” dedi. Qapıdan çıxanda mənə “Çay dəmləginən, gəlib qızımla bir çay içim, doyunca söhbət edim” deyib getdi. Hələ də bir xəbər yoxdur.
Azər xalasına toxtaqlıq verib, səbirli olmağa çağırdı. Maraqlanacağına söz verdi. Yaxşı xəbərlə qayıdacağına onları inandırmağa, əmin etməyə çalışdı. Xalasına demək istədiyi sözü ürəyində götür-qoy etməkdə idi ki, Dilarə Aydanı xəbər aldı. Səadət də qızının sözünə haqq verdi:
– Doğrudan a, bəs, gəlin hardadır? Vəziyyəti necə oldu? Ana gəlib çıxdı ki? Gəl, əyləş, danış görüm. Onsuz da səhərədək ölüb-ölüb dirilmişəm. De görüm, sən hardan gəlirsən?
Azər sözü uzatmadı:
– Xəstəxanadan gəlirəm.
Səadətin ifadəsi dəyişdi. Təlaşlanmış halda qızı Dilarəyə baxaraq Azərə sual verdi:
– Salamatlıqdır?
Azər sıxıla-sıxıla dilləndi:
– Gəldim sənə xəbər verim ki, nəvəniz dünyaya gəlib.
Səadətlə Dilarə eyni anda əllərini dodaqlarına aparıb bu xəbərə kövrək təbəssümlə cavab verdilər. Lakin bu sevincləri uzun sürmədi.
– Balacanın vəziyyəti yaxşı deyil. – Azər dodaqlarını bir- birinə sıxdı.
– Necə yəni, ay Azər? Qorxutma məni. – Səadət narahat oldu.
– Gedərik, danışarsan da həkimlə. Özü izah edər. – Tez də əlavə etdi. – Anası bilmir vəziyyət nə yerdədir. Xəbəri olmasın. Sonrası bilmirəm, day, necə olacaq. – Azər dilxor halda başını əllərinin arasına aldı. – Lap başımı itirmişəm! – Sözlərinə qısa ara verib, sonra fikrini tamamladı. – Amma razı deyiləm orada qalmaqlarına. Bu dəqiqə ora çox təhlükəlidir.
Səadət kövrəldi. Bununla belə dua etməyə başladı. Dilarə xalası oğlunun boynunu qucaqlayıb:
– Qaqaş, bacı qurban olsun sənə, ürəyinə pis heç nə gətirmə. Allah möcüzə göstərər, inşallah! Bu da bir sınaqdır! İnşallah, hər ikisini sağ-salamat götürüb gətirəcəyik evə.
– İnşallah! – Səadət gözlərinin yaşını sildi…
Azər atasıyla telefon əlaqəsi saxlayıb valideynlərinə onlardan nigaran qalmamalarını desə də, körpənin vəziyyəti barədə hələ ki, heç nə bildirmədi.
Səadət
belə bir gündə onun bu qərara gəlməsini müsbət qarşıladı.
Onlar yenidən xəstəxanaya qayıdanda həkim gəlib çıxsa da, burada vəziyyət
acınacaqlı idi. Yaralılar və ölənlər iki dəfə artmışdı.
Dəhlizlərdə, pilləkənlərdə iynə atsan yerə düşməzdi. Öz yaxınlarını axtaran insanların həyəcanı, təlaşı yerə-göyə sığmırdı. Dünən gecədən gətirilən yaralılara nəfəs dərmədən tibbi yardım göstərən, əməliyyat edən həkimlər artıq çatdıra bilmirdilər.
Bütün bu çətinliyə baxmayaraq Azər həkimlə danışıb, ona öz qərarını çatdırdı. Lakin həkim körpənin həyatına təhlükənin hələ qaldığını, onun həkim nəzarətində olmasının vacibliyini bildirib evə buraxılmasına razılaşmadı.
Səadət uzun xahişdən sonra Aydanı görə bilmək üçün yalnız beş dəqiqə izn ala bilmişdi.
Xəstəxanadan çıxdıqdan sonra Azər Səadəti evinə ötürüb, yolüstü yaşadığı evə baş çəkmək qərarına gəldi. Burada vəziyyət hələ də öz gərginliyini qoruyub saxlamaqda idi. Mənzilinin prospektə baxan pəncərələrində bir neçə yerdə güllə izlərinin olması Azərin hələ küçədə ikən diqqətini cəlb eləmişdi.
Döşəmənin
üstündə ucu şişmil pulemyot gülləsi və 5,45 mm kalibrli “Kalaşnikov” tipli
avtomatdan atılmış işıqsaçan güllələr var idi. Qurbanını tapmayan bu güllələr
azğınlaşmış əsgərlərin dünən gecə törətdiyi vəhşiliyin nişanəsiydi. Rastlarına
çıxan günahsız insanları öldürməklə kifayətlənməyib, binaları da atəşə
tutmuşdular. Fikirləşəndə ki, bu güllələr nələr ala bilərdi ondan, Azəri soyuq
tər basdı.
Vaxt itirmədən evdən çıxdı.
Maşına əyləşəndə bir istədi Mətbuat prospektinə – Ceyhungilə getsin. Onu, Vüqarı, Rəşidi tapsın. “İndi yəqin ki, bir yerdədirlər” düşündü. Amma qəlbinin dərinliklərindən qopan bir haray onu fikrindən daşındırdı. Dövlət Teleradio Komitəsinə yollandı. Bu yolda ona maneə törədəcək şəxslərin ola biləcəyini gözəl bilsə də fikrində qəti idi.
…Komitənin həyətində əsgərlər var idi. Hətta komitə ilə üzbəüz Ali Sovetin, “Moskva” mehmanxanasının üstündə şəhərə nəzarət edən hərbiçilər də onun nəzərindən yayınmadı.
Telestudiyanın dəhlizində Ceyhunla rastlaşdı. Ceyhun onu görən kimi irəli yeridi, dostuna sarıldı.
Azər onu heç vaxt belə kövrək, belə qüssəli görməmişdi. Çöhrəsi solğun, gözləri kədərli idi. Qəddi əyilmişdi. Səsinin ahəngindən matəm havası duyulurdu.
Daha bir neçə gün əvvələ kimi meydanda, barrikadalarda havanın şaxtasına, soyuğuna, aclığa, yorğunluğa zərrə qədər əhəmiyyət verməyən, hünər göstərən bu gənc indi gücsüz, aciz, yetim uşaq kimi boynunu bükmüşdü. Dünən gecə mənəvi dünyasını güllələmişdilər onun. Millətinin qanını töküb, belini qırmışdılar. Ruhən şikəst, iflic olmuşdu.
– Görürsən də başımıza gələnləri! Gülləyə düzdülər qeyrətli oğullarımızı!
Azər təəssüfünü, məyusluğunu gizlətmədi.
– Mən də inanmazdım ordu Bakıya girə, əliyalın xalqa güllə ata! – dedi. Kədər çökmüş üzündən hüzn əskik olmayan bu gənc başını önünə əyib baxışlarını dostundan qaçırdı. Ürəyini didib parçalayan dərin bir köks ötürdü.
Gözlərinin
dolduğunu hiss etdirmək istəməsə də mümkün olmurdu.
Yer-göy kədərdən nalə çəkdiyi, hüzn zəbanə qalxdığı bu vaxtda söhbət etməyə,
danışmağa həvəs də yox idi.
Bir neçə dəqiqə sonra Azər studiyadan xidməti videokamerasını götürüb Ceyhunla birlikdə şəhərə çıxdı. Yolda Vüqarı, Rəşidi, Təbrizi xəbər aldı. Başqa tanış uşaqlardan söz saldı. Ceyhun da düzgün bir məlumata malik deyildi:
– Atışma başlayandan on beş dəqiqə sonra onları Salyan kazarmasının önündə itirdim. Sonra nə qədər axtarsam da tapa bilmədim. Ölümün bizi harada haxlayacağını bilmirdik. Projektoru salırdılar, gördüklərini vururdular. Qansızlar imkan da vermirdilər yaralıları xəstəxanaya çatdıraq. Təcili tibbi yardım maşınını atəşə tutmuşdular. Özüm şahidəm ki, heç yaralını maşına da qoya bilmədilər… Əsgərlər ya spirtli içki içmişdilər, ya da narkotik maddə çəkmişdilər. Qabaqlarına çıxanı qarışqa kimi əzib keçirdilər. Mən belə vəhşiliyi nə görmüşdüm, nə eşitmişdim. Sözün əsl mənasında dəhşət idi. Hələ də özümə gələ bilmirəm, qonşumun oğlu qollarımda keçindi. Yolda önümüzü kəsdilər, xəstəxanaya çatdıra bilmədik! Dünən gecəni ömrümün sonunadək unutmayacam!
Azər dostunun sözünə təsdiq olaraq köks ötürüb dedi:
– Mümkün deyil.
Yollarda nələr, nə dəhşətlər yox idi ki…
“Yol qırağında əzik-üzük olmuş iki “Qaz-24” asfalta yapışmışdı. “Zil” in sürücüsü kabinədə güllələnmişdi. Buradakı iri güllə izləri qətliamın necə qəddarlıqla, hansı vəhşiliklə həyata keçirilməsindən xəbər verirdi. Bundan başqa əzilib pis kökə düşmüş “Kamaz”ın təkcə qabaq şüşəsində otuz iki güllə yeri vardı. “İkarus” avtobusunun güllədən salamat şüşəsi qalmamışdı.
Binaların divarlarındakı güllə yerlərinin sayı-hesabı yox idi”. (*Mənbə: “Şahidlər” kitabı, müəllif: Hidayət).
Amma bunlar hələ son deyildi…
Bu ağrılı mənzərələr dərd içində onsuz da boğulan Azərin ürəyini parça-parça etdi. Yolda Vüqarın atası Xosrov da onlara qoşuldu. Birlikdə xəstəxanaları, təcili yardım stansiyalarını gəzməyə başladılar.
Xəstəxanalarda siyahıda nə yaralananlar, nə də ölənlər arasında onların adı yox idi. Bu səbəbdən Azərin narahatlığı birə-beş artmışdı. Xalasının, Dilarənin ürək sızladan pərişan halı gözlərinin önünə gəldikcə onlara nəyi, necə izah edəcəyini düşünüb qanı qaralırdı. Beləcə, həm dostlarını, həm də eyni təlaşla Fazili axtarır, nə qədər dəhşətli olsa da burada gördüklərini kameranın gözüylə gələcək nəsillər üçün tarixin yaddaşına köçürürdü.
Burada o, müxbirlərə, radio-televiziya əməkdaşlarına, xaricdən və başqa respublikalardan olan reportyorlara, fotomüxbirlərə rast gəlirdi.
Şəhərin küçələrində, xəstəxanalarda, ölüxanalarda gördükləri və görə-görə lentə aldığı kadrlar onun psixologiyasında növbəti dərin sarsıntılara səbəb olacaqdı.
Hər gün hal-əhval tutduğu, salamlaşdığı, yaxından-uzaqdan tanıdığı gəncləri palatalarda yaralı, küçələrdə, meyitxanalarda əbədi yuxuya dalmış gördükcə orduya nifrəti bir az da artırdı.
…Ölüxanaların birində üzləri eybəcər, qorxunc şəklə düşmüş, əzilib qaralmış naməlum meyitləri çəkərkən dəhşətə gəldi. Özünü nə qədər tox tutsa da tab gətirə bilmədi. Ürəyi sıxıldı. Dözmək mümkün deyildi. Dəhlizə çıxıb, kameranı necə söndürdüyünü bilmədən özünə gəlmək üçün divara söykəndi. Boğulurdu. Paltosunun yaxasını genişləndirib nəfəs almağa çalışdı. Özünü tamam unutmuşdu.
Bu zaman qara örpəkli yaşlı bir qadının onun bükülən qəddini, qüssəli ifadəsini görüb “Can bala!” deyən yanıqlı səsini duydu.
Azərin içəridə ikən çəkdiyi əzablar üzünün ifadəsində əksini tapmışdı. Gördükləri gözlərinin önündən getmirdi.
“Orada bir kişinin üzünü tank əzdiyindən sifəti yastılanmışdı. Dəhşətli idi. Başqa birinin meyitini tapa bilmədiklərindən təkcə qolunu gətirmişdilər. Cavan bir oğlanın sifətini güllə iki hissəyə bölmüşdü. Ağlasığmaz dərəcədə qorxunc mənzərə idi”. (*Mənbə: “Şahidlər” kitabı, müəllif: Hidayət).
… Axşam xalası evinə qayıdıb gələndə hamı hələ də narahatlıq içindəydi.
Bir qədər sonra Dilarənin həyat yoldaşı Xəlil də gəldi. Azərlə birlikdə qonşu otağa keçdilər. O, qapını içəridən bağlatdırıb bu gün şəhərdə lentə aldıqlarını Xəlillə birlikdə əlüstü gözdən keçirdi. Kaset izləndiyi müddətdə qadınlara otağa keçmək qadağan olunmuşdu.
Xəlil ekranda gördüklərini əli üzündə, donuq gözlərlə izləyirdi. Burada onun heç görmədikləri, eşitmədikləri daha ağrılı faktlar da vardı.
Faciənin böyüklüyünü, dəhşətini o, bədəndə açılan yaranın isti-isti yox, soyuduqca insana verdiyi dözülməz ağrısı, əzabı kimi indi bir daha tam aydınlığı ilə dərk edirdi. Başının tükləri biz-biz durmuşdu.
Onlar sabah hansı nöqtələrə baş çəkəcəklərini dəqiqləşdirib, gecəni bu mövzuda davam edən söhbətlərlə başa vurdular.
(Ardı var)