Reportyorlar (55)
- 08 Yanvar 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Azər həmkarı Yusiflə birlikdə xarici ölkələrdən birində ezamiyyətdə idi.
Çəkiliş aparıb, material topladıqdan sonra səhər Rusiyaya yola düşməli idilər. Otelə qayıtmazdan əvvəl yaxınlıqdakı restoranların birinə şam yeməyinə getdilər.
Yusif aradan keçən bu müddətdə Azərin diqqətini bir yerə cəm edə bilmədiyini, fikrinin darmadağın olduğunu görür, onunla söhbət etmək üçün uyğun bir zaman arayırdı. İndi fürsətdən istifadə edib sözü onun əhval-ruhiyyəsindən salıb söhbətə başlamışdı.
– Sən o studiyanı yaratmaq üçün nələrdən, necə təhlükələrdən keçibsən. Əməyin var orada, dağılıb getməsinə imkan vermə. Uşaqlar indi bir yerə yığılır, işə can yandırırlar.
Azər durğun əhvalda həmkarını dinləyir, dinib-danışmırdı.
– Çalış bütün fikrini işinə verəsən. Bu səni yenidən dirçəlməyə sövq edəcək. Səni belə görmək mənə necə ağır gəlir bir bilsən.
Azər baxışları bir nöqtəyə zillənmiş halda ahənginə hüzn çökən bir səs tonu ilə nəhayət dilə gəldi.
– Onlar mənim ruhumu öldürdülər. Çox şey aldılar məndən. Nə vaxtsa təsəvvürümə gətirə bilməyəcəyim çox şey. Həyat eşqi, yaşamaq, yaratmaq həvəsi deyilən bir məfhum var, məndə bunu məhv etdilər. Əqidəm uğrunda qurban verdim onu. Mübarizəm uğrunda. Buna görə özümü bağışlaya bilmirəm. Bu yolda biri ölməli idisə o, mən olmalıydım, günahsız körpə deyil. Əgər bu yoldan çəkinsəm udduğum hava, gəzdiyim torpaq mənə haram olar. Bütün bu dediklərinə əməl etmək deyildiyi qədər asan olmasa da, çalışıram. Heç nəyin əvvəlki kimi olmayacağını bilsəm də, hər halda çalışıram.
Yad məmləkətdə iki azərbaycanlı gəncin arasında gedən bu söhbəti qarşı masaların birində əyləşmiş daha iki nəfər eşidirdi. Bu iki nəfərdən biri Saleh idi. O, sağalıb ayağa qalxandan sonra daha vətənə qayıtmamışdı. Həmin hadisədən sonra özünü toplaması xeyli sürmüş, uzun müalicələr və psixoloq görüşləri nəticəsində normal həyata dönmüşdü.
Əməliyyat olunub yaraları sağalsa da, sol qolu sinir zədələnməsi nəticəsində hissiyyatını itirmişdi. Tanınmamaq üçün o, saqqal buraxıb, xeyli arıqlamış, görkəmini tamamilə dəyişmişdi.
Azər də onun iki il əvvəl gördüyü Azər deyildi. Üzünü saqqal basmış, çöhrəsinə qəm-kədər ələnmişdi. Əvvəlki gümrahlığından əsər-əlamət qalmamışdı. Saleh onunla üzbəüz əyləşən agentin çiyninin üstündən bütün diqqəti ilə Azəri süzürdü.
Bu günü o, aylardır gözləyirdi. Agenti Azərin izinə salıb, bu xəbəri ona çatdırmaq üçün fürsət aramışdı. Nəhayət, tale yolları Azəri Salehlə ağla gəlməyən uzaq bir ölkədə üz-üzə gətirmişdi.
Agent Salehin üzündəki ifadəni izləyir, onun nə hisslər keçirdiyini dəyişən rəngindən, əhvalından görürdü. O, nəhayət, özündə güc tapıb əlinin altında hazır saxladığı zərfi agentə tərəf sürüşdürdü. Bir gözü Azərdə astadan pıçıltıya bənzər bir səslə:
– Şəxsən özünə təqdim et. Sonra dərhal buranı tərk elə, – dedi. – Sonrasını o, özü həll edəcək.
– Oldu.
Bunu deyib, agent masadan qalxdı. Qarşı masaya – Azərgilin yanına yaxınlaşdı. Və rus dilində salam verib, Azərə müraciət etdi:
– Sizə çatacaq. – Zərfi onun qarşısına – masanın üzərinə qoydu.
Azər gözucu zərfə baxıb, kimdən gəldiyini soruşdu. Agent yenə rus dilində cavab verdi:
– Mən zərfi sizə çatdırmaq tapşırığı almışam. Başqa məlumata sahib deyiləm. – İkinci sualı eşitməmək üçün tapşırıldığı kimi masadan ayrıldı. Tamam soyuqqanlı ifadə ilə Salehin yanından ötüb keçərək çıxışa doğru tələsdi.
Saleh qaşları düyünlənmiş halda bütün diqqətini cəmləyib Azərin zərfdə nə gəlməsi ilə maraqlanmasını gözləməyə başladı.
Lakin Azər zərfi həmin anda açmağa tələsmədi. Bunu görən Saleh səbri tükənmiş halda yerində qurcalandı. Dodaqlarını bir-birinə sıxıb, fısıldadı.
Həmin axşam Azər olduqca ləng tərpəndi.
Xeyli sonra, Yusiflə danışdığı ərəfədə bir əli ilə könülsüz-könülsüz zərfi açmağa başladı. Saniyələr sonra baxışları zərfdən çıxan kağıza dikildi. Üzünün ifadəsi görünməmiş bir sürətlə dəyişdi.
Zərfdən çıxan kağızda bu cümlələr vardı: “Övladınız həyatdadır, yaşayır. Böyük ehtimalla hələ də Rusiyada saxlanılır”.
Azər cümlənin tamamında özü də hiss etmədən yerindən dik qalxdı. Ürəyi şiddətlə vura-vura, sarsılmış halda kağızda yazılanları bir daha nəzərdən keçirdi. Gözlərinin onu yanıltmadığını anladı.
Yusif dostundakı qəribəliyi görüb, təəccüblə ona baxdı:
– Nə oldu, brat? – Baxışları qeyri-ixtiyari digər masalardakı insanların üzündə gəzdi.
Azərin dili söz tutmadı. Nəzərləri məchul bir nöqtəyə zillənmiş şəkildə alt-üst olmuş fikirlərini toplamağa çalışdı. Qaşları düyünləndi.
Yusifi maraq götürdü. Onun masanın üzərinə atdığı kağızı götürüb nəzərdən keçirdi. Rəngi-ruhu dəyişdi. Gözucu Azəri süzdü. Dodaqlarını bir-birinə sıxdı. Azər baxışlarını restoranın geniş və işıqlı zalında dolandırıb zərfi ona gətirən adamı aradı, heç yerdə gözünə dəymədi. Diqqətsizliyi üçün özünü qınadığı bu anlarda gözünün önündə əyləşib nəzərlərini ona zilləmiş Salehi görmədi.
Yenidən stula çökdü. Yusifə müraciətlə:
– Bu nədir, brat, ələ salıblar məni? Zarafat desəm, heç yeri deyil. Yəni bu qədərmi asandır bir insanın yarasına toxunub ona əzab vermək? Bunun nə demək olduğunu dərk edirsən?
Yusif gözlərini kağızdakı sətirlərdən çəkmədən ağzını nırçıldatdı:
– Zənn etmirəm. Belə zarafat olar, səncə? Əlbəttə ki, yox. Kim əmin olmadan buna cəsarət edər ki?
– Səncə, doğrudur? Necə fikirləşirsən? – Azər həyəcanla dostuna baxdı. Ümid etmək istədi. İynənin ucu boyda bir ümid.
Yusif üzərindən ata bilmədiyi çaşqınlıqla dedi:
– Araşdırmaq lazımdır. Araşdırıb məsələnin yerinə çatmaq. – Dərindən ah çəkdi. – Bax, buna deyərəm möcüzə!
Saleh bütün bunları göz qırpmadan, gözlərini Azərin üzündən çəkmədən səbirlə izləyirdi. Onun reaksiyasını, ifadəsini, mimikasını… Hiss və həyəcanını… Dilindən çıxan hər kəlməni duyurdu. Amma qüruru imkan vermirdi ki, qarşısına çıxıb “Doğrudur!” desin, aylar əvvəl baş verənləri bir-bir nağıl etsin. Qüruru yol vermirdi.
Yusif baxışlarını çevirəndə gözləri Salehin gözlərinə sataşdı. Qəribə bir hiss doldu qəlbinə. Şübhələnən kimi oldu. Saleh də ehtiyatsızlıqla özünü ələ verdiyindən duruxan kimi oldu. Bununla belə özünü itirmədi. Heç nə olmayıbmış kimi nəzərlərini Yusifdən çəkib, olduqca soyuqqanlı göründü. Yusif hələ də ona baxır, oğlanın cizgiləri ona nə vaxtsa gördüyü bir adamı xatırladırdı. Buna əmin olmaq üçün onun hər cizgisini öyrənmək, araşdırmaq istəyirdi.
Azər masadan qalxıb təmiz havada gəzişmək istədiyini bildirdi.
Yusif onu tək buraxmamaq üçün yanına düşəndə Azər tək qalmaq istədiyini vurğuladı. Yusif onun onsuz da düzəlməyən əhvalının bu xəbərdən sonra daha da bərbad olacağını bilirdi. Odur ki, narahatlığını gizlətmədi. Xəbərdarlıq etdi:
– Otelə qayıt, eşidirsən? Səhər aeroportda olmalıyıq, gecikməyək.
Azər arxaya baxmadan əliylə ona “oldu” işarəsini verdi. Restoranı ağır duyğular içində tərk elədi. Bu xəbər varlığını gözləmədiyi anda qəfil silkələyən güclü bir təkan olmuşdu. Nəyə uğradığını ayırd edə bilmirdi.
Yusif həmkarını baxışları ilə yola salıb geri çevriləndə Salehi yerində görmədi. O, artıq çıxıb getmişdi.
Bu şansı əldən verdiyinə qanı qaralan Yusifin üzündə narazı ifadə dolandı.
…O axşam Azər şəhərin küçələrində ağlı başından çıxmış, özünü unutmuş halda necə gəzib-dolandığını bilmədən vaxtın, zamanın keçdiyini də hiss etməmişdi. Parklardan birində skamyaya çöküb oturmuşdu. Yer-göy başına fırlanır, dəli-dəli düşünürdü. Ağlında, şüurunda yüzlərlə sual dolanır, israrla öz cavabını arayırdı.
Kağızda
yazılanları azı bəlkə yüz dəfə nəzərdən keçirmişdi. Şübhəsi bu anlar ümidi ilə
açıq-aşkar mübarizə aparırdı.
Birdən Yusifi xatırladı. Qol saatına baxdı. Gecədən ötürdü və o, otelə
qayıtmalı idi. Taksiyə əyləşib yola düzəldi.
Ünvana çatmamış taksidən enib, həmişəki kimi kəsə yolla, bir ucu otelin önünə çıxan dar küçələrin biri ilə yoluna davam elədi.
Sakitlik idi, kimsə gözə dəymirdi. Gecənin bu səssizliyində sükutu pozan təkcə addım səsləri idi.
Azər bir qədər getdikdən sonra ayaq saxlayıb dayandı. Bayaqdan arxasınca gələn, onu kölgə kimi izləyən adamın gözləmədiyi anda geriyə döndü. Və bu zaman bir neçə addım geridə ona tuşlanmış silahı aydın gördü.
Yarıqaranlıq küçədə ona atəş açmaq üçün saniyələri sayan adamın üzünü görməsə də alıb-verdiyi nəfəsin dumana çevrilib havaya qalxdığını aydın görürdü.
O, Azərin diqqətini cəlb etdiyini biləndə barmaqları tətiyin üzərində hövsələsizliklə açılıb yumuldu, özünü sonuncu dəfə topladı. Bütün bunlar cəmi bir neçə saniyə ərzində baş verərkən bu anda gözlənilmədən arxada duyulan səs işin gedişatını dəyişdi:
– Azər…
Azər qeyri-ixtiyari səsə çevrildi. Yusif idi. O, hər şeydən xəbərsiz halda Azərə yaxınlaşdı.
– Harda qaldın?
Bu an daxilində aləm bir-birinə dəydiyi üçün Azər baş verənləri aydınlaşdırmağa çalışırdı. Bir yandan övladının sağ olduğu xəbərini almış, bir yandan ona qarşı sui-qəsdə cəhd edilmişdi.
Bütün
bu həngamənin tən ortasında çaşıb qaldığından dostuna cavab verə bilmədi. Təkrar
geri çevrildi. Həmin adam bir az əvvəl dayandığı yerdə yox idi. O, Yusifin
səsini duyar-duymaz bir neçə addım geri çəkilib birdən götürülmüş, qaçaraq
uzaqlaşıb qaranlıqda qeyb olmuşdu.
Azər Yusifin səsinə özünə gəldi. Həmkarı səhər təyyarəyə gecikməmək barədə ona xəbərdarlıq
edirdi.
Birlikdə otelə qayıtdılar.
O, yol uzunu Yusifi dinlədiyi halda ürəyində öz mülahizələrinin izahını arayırdı. Həmin adamı onun izinə kimin saldığı, qətlinə kimin fətva verməsi Azərə qaranlıq qalmışdı.
Bakı
Azər qayıdıb gələndə Bakı çalxalanırdı. Şəhərdə tətillər başlanmışdı. Mitinqlər gedirdi. O, vəziyyətin dəyişdiyini hələ Rusiyada, aeroportda öyrənmişdi.
Evə gələndə atası sözarası ona:
– Telman gəlmişdi, səni soruşurdu, – dedi. – Mühüm bir məsələ barədə danışmaq istədiyini dedi. Səninlə mütləq görüşmək istəyir.
Azər ani olaraq fikrə getdi.
– Niyə? Neyçün?
– Niyəsini bilmirəm, özüylə danışmalıyam dedi.
– Hmm… – Azər daha üstünü vurmadı. – Görüşərəm.
…Saleh Azərə göndərdiyi məktubun bir nüsxəsini artıq Telman Həsənova göndərmişdi. O, baş verənləri məktubda təfərrüatı ilə qeyd etmiş, bu işdə əli olan şəxslərin adlarını da vurğulamışdı. Telman məsələni araşdırıb gözləmədiyi nəticə ilə qarşılaşanda sirr pərdəsi aradan qalxmış, onun özünün də aldadıldığı məlum olmuşdu. Hər şeyi yerli-yataqlı danışmaq və işə yenidən baxılmasına dair məsələ qaldırmaq üçün günlərdir Azəri axtarırdı…
Aydan
…Azər ezamiyyətdən qəribə əhval-ruhiyyədə qayıtmışdı. Səbəbini açıb söyləyə bilmədiyi bir sıxıntısı vardı sanki. Amma bunu kimsə ilə bölüşməyə cəsarət etmirdi. Bir nöqtəyə dikilən düşüncəli baxışları bunu deyirdi.
Arabir, mənasını aydınlaşdıra bilmədiyim dərin nəzərlərlə oğrun-oğrun məni süzür, lakin dinib-danışmırdı.
Davranışları da dəyişmişdi. Daha mülayim və qayğıkeş olmuşdu. Eynən ilk tanıdığım Azər kimi.
…Yenidən ana olacağım günə artıq sayılı günlər qalırdı. Ara-sıra tutan sancılar doğumun yaxınlaşdığına bir xəbərdarlıq idi. İki gün sonra sonuncu müayinə üçün ginekoloq Nüşabə xanımın qəbulunda olmalı idim. Dilbər xanımın da razılığı ilə qərarla aldıq ki, Azər səhər məni də özü ilə aparsın. Gecəni evimizdə qalıb səhər Mərdəkana qayıdacaqdıq. Belə də etdik.
Ertəsi gün yanvarın 18-i idi.
Müayinədən sonra Nüşabə xanım:
– Balacamızın gəlişi təxminən bir həftə çəkər, – dedi. – Amma hər an sürpriz ehtimalı var bizimçün. Məncə, sən burda qalsan məsləhətdir, qızım. Nəzarətim altında olarsan.
Razılaşmadım. Xəstəxana mühiti heç sevmədiyim bir mühütdir. Burada günləri başa vurmaq, vaxtın yetişməsini gözləmək mənə daha çox həyəcan və narahatlıq verəcəkdi.
Evə gəldik. Azər anası ilə danışdı, onu şəhərə gətirəcəyini söylədi mənə.
Dilbər xanım doğulacaq körpəsi üçün evdə artıq hazırlığa başlamışdı. Və bir-iki günə şəhərə bizim yanımıza gələcəkdi. Azərin bir ayağı studiyada, bir ayağı evdə idi. Şəhərdə vəziyyət ürəkaçan deyildi. Açıb deməsə də halından, tövründən anlayırdım.
(Ardı var)