Reportyorlar (54)
- 24 Dekabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Vüqar və Fatimə xeyli vaxtdır görüşürdülər.
Vüqar ürəyindən keçənləri, nəhayət, qıza açıb söyləmiş, sevgisini etiraf etmişdi. Fatimə isə oğlana biganə olmadığını hiss etsə də, hisslərini dilinə gətirməyə hələ də cəsarət etmir, susurdu.
Vüqarla olan münasibətini o, təkcə Aydanla bölüşüb, ürəyini bacısına açmışdı.
– …O, çox yaxşı oğlandır. Sadə, səmimi. Zarafatcıl. Onunla darıxmıram. Bir sözlə, maraqlı insandır. Üstəlik… məni bacısı ilə tanış etmək istəyir. Yəni fikri ciddidir. Mənimlə evlənmək istəyir.
– Hətta… – Aydan təəccüblə bacısını süzmüşdü.
– Bilirsən, hələ cavab verməmişəm. Çünki mən özümü ailə həyatına hazır hiss etmirəm. Həm də… dəqiq bilirəm ki, dünya dağılsa da, anam bu işə razılıq verməz. Sizin məsələdə yadında deyil bəgəm? Qaldı ki, mənim ona olan hisslərimə… Əmin deyiləm. Amma onu görəndə əlim-ayağım bir-birinə dolaşır, həyəcanlanıram. Başa düşürsən? Amma bunu dilimə gətirə bilmirəm. Yəni bu sevgidir, səncə?
Aydan diqqətlə bacısını süzüb, köks ötürmüşdü. Fatimə bunu görüb fikrini daha aydın şəkildə izah etməyə çalışmışdı.
– Necə başa salım e, səni… Qorxuram ki, sonra əzab çəkərəm.
– Sevirsənsə əzab çəkməyi də gözə almalısan. Əzabsız sevgi olmur.
– Problem təkcə bu deyil. Problemin ən böyüyü mən elə özüməm. Mən sənin kimi, Türkan kimi deyiləm. Xasiyyətim batsın, pisdir də xasiyyətim. Bələdəm özümə. Qorxuram ki, dil tapa bilmərik. Qorxum birdir, ikidir bəgəm? Sevmək, bağlanmaq qorxusu, Şahnaz xanımın qorxusu. Hisslərimi ifadə edə bilməmək qorxusu.
Aydan onu diqqətlə dinləyib sonda gəldiyi qənaətlə:
– Fatya, – demişdi, – sənin nə özünü, nə də oğlanı aldatmağa haqqın yoxdur. Yalan danışmağa məcbur deyilsən. Əgər hisslərindən əmin deyilsənsə, oğlana bunu açıq deginən, daha onun sənə olan sevgisindən istifadə edib uşağa ümid vermə. – Fatimənin susduğunu görüb sözlərinə davam etmişdi. – Vüqar Azərin yaxın dostudur, bunu gözəl bilirsən. Özü də uşaq deyil. Bu səbəbdən atdığın hər addımı ölçüb-biçib, düşünüb-daşınıb sonra qərar ver. Zorla məhəbbət olmur. Sual verdin mənə. Bu səncə sevgidir? Belə cavab verə bilərəm sualına. Eşq sənin özünü onda tapmağın, onu görəndə ayaqlarının yerdən üzülməsi, onunla nəfəs almağındır. Eşq izah etməkdə aciz qaldığım daha çox şey deməkdir. Sən bu saydıqlarımı hiss etmirsənsə, məncə, bütün bunlar lüzumsuz bir bəhanədir.
…Bu gün görüşə gedərkən bu söhbət gəlib düşmüşdü yadına.
Vüqarı görən kimi bacısının ona dediklərini unutmuşdu. Xeyli gəzib dolanandan sonra sahilə enmişdilər.
…Bir qədər sonra Fatimə getmək istədiyini Vüqara eşitdirəndə oğlanın kefi pozuldu. İxtiyarsız olaraq əlini qızın əlinin üstünə qoyub, soruşdu:
– Bir də nə vaxt görəciyəm səni?
Fatimənin üzü tutqun ifadə aldı. Sıxıla- sıxıla:
– Bilmirəm, – dedi.
– Bilmirsən, yoxsa görüşmək istəmirsən?
Fatimə sualı cavabsız qoyub, inadla susdu.
– Belə çətindir yəni cavab vermək? – Vüqar sınayıcı nəzərlərlə qızı süzdü.
Fatimə baxışlarını qaldırıb Vüqarın gözlərinin içinə baxaraq fikrinə aydınlıq gətirdi:
– Cavab vermək deyil, evdən çıxa bilmək çətindir. Olduqca çətin.
– Başa düşdüm. – Vüqar gülümsünüb, başını tərpətdi. – Yaxşı, bəs, neyniyək biz?
Fatimə köks ötürərkən Vüqar sualına davam etdi:
– Necə olacaq bu işlərin axırı?
– Bilmirəm.
– Bunu da bilmirsən. – Vüqar gizlətməyə çalışdığı gərginliklə yenə başını tərpətdi. – Əla!
Vüqarın ciddi dediyi bu sözə Fatimənin üzündə təbəssüm dolandı. O isə baxışlarını ətrafda dolandırıb qızın üzündə saxladı. Tamam ciddi halda:
– Münasibətimiz hara gedir bu gedişlə?
Fatimə bu sualı gözləyirmiş kimi:
– Bir-birimizi yetərincə tanıdığımızı sanmıram. Mənə elə gəlir ki, gələcəyi düşünmək, bu münasibətə bir ad vermək üçün hələ çox tezdir, – dedi.
Vüqar bu cavabdan sonra da zəndlə qızı süzməyə davam etdi. Fatimə isə bu baxışlardan sıxılan kimi oldu.
– Neyçün elə baxırsan?
– Dəqiqləşdirmək istəyirəm.
– Nəyi?
– Gözlərində nəyi görürəmsə onu. Hər üçü var. Qərarsızlıq, tərəddüd, inamsızlıq. Əhsən.
Fatimə iztirablı baxışlarını oğlanın üzünə zillədi:
– Belə deyil.
– Ümid edirəm ki, belə deyil. – Vüqar daha dinib-danışmaq həvəsində olmadı. Qanıqara göründü.
Qısa sükutdan sonra Fatimə yanaqları allanmış halda:
– Mən… – dedi, lakin sözünün ardını gətirə bilmədi.
Vüqar həmin anda baxışlarını qaldırıb zəndlə Fatiməyə baxdı. Qız bu baxışlar qarşısında davam gətirməyib bir az da pörtdü. Onun fikrini izah etməkdə necə çətinlik çəkdiyini görən Vüqarın korlanmış əhvalına rəğmən dodağı qaçdı.
– Eşidirəm.
Fatimə dodağını dişlərinin arasında sıxıb, nəhayət, özündə güc tapdı, etiraf etdi:
– Səni sevirəm!
Uzun zamandır eşitmək istədiyi sözlərə Vüqarın ifadəsi o andaca dəyişdi. Gözlərinin içi güldü. Qızı danışdırmaq üçün şeytani təbəssümlə:
– Anlamadım, – dedi.
– Sevirəm dedim. – Fatimə eyni həyəcanla sözünü təkrar etdi.
Vüqarın gözlərində həyat öz rəngini dəyişdi. Üzü nurlandı. Fatimənin əlini dodaqlarına aparıb busə qondurdu.
***
Bu aylar ərzində Türkanın ailə həyatında dəyişən heç nə yox idi. Tək bir məsələdən başqa. Aylar əvvəl Şahin valideynləri ilə mübahisə edərkən öz xəstəliyindən xəbərdar olduğunu özü etiraf etmişdi. Türkanın yanında gərginliklə ağzından qaçırdığı bu sirr ona daha bir zərbə vurmuşdu.
Bu hadisədən sonra hər keçən gün daha da gərgin və dözülməz olurdu. Hər fürsətdə Türkanı yaralayıb könlünü qırır, qurtulmaq üçün məqam gəzirdi.
Hər axşam olduğu kimi geyinib-kecinib, ətirlənib, qapıya üz tutdu.
Türkan artıq Salehdən ümidini hər mənada üzmüşdü. Geriyə yol olmadığını gözəl bilirdi. Üstəlik, atası bu vəziyyətdə ikən onun boşanıb ata evinə qayıtması kişiyə ikinci ağır zərbə ola bilərdi. Bütün bunları düşünərkən ona edilən təkliflə razılaşmaqdan başqa çarəsi olmadığını da anlayırdı. Uzun götür-qoydan sonra ayrı əlacının olmadığını bilib taleyi ilə barışmağı qərara almışdı.
Şahinin də fikrini öyrənmək üçün:
– Uşaq məsələsilə bağlı nə qərara gəldin? – deyə maraqlandı .
Şahin çiyninin üstündən soyuq baxışlarla Türkana baxdı:
– Necə?
Ərinin ailə həyatına qarşı günü-gündən artan biganəliyinə tablana bilməsə də təmkinini qorumağa çalışdı:
– Danışmışdıq səninlə bu barədə. Aygün özgəsi deyil, bacındır. Onun övladı da bizə doğma olacaq. Özünün də ürəyincə oldu bu fikir. Əks halda bu hamiləliyi istəmir.
– Tədbir görməyə başlamısan? – Şahin coşmağa başlayan qəzəbini güclə boğdu.
– Tədbir görmürəm. Anangil bu təklifi irəli sürdülər, mən də razılaşdım.
– Sən nə ixtiyarla mənim adımdan kiməsə razılıq verirsən?
– Məsələni qəlizləşdirmə. Mənə deyil, atana-anana rəhmin gəlsin. Çıxıb gedərik buralardan. Aygün də bizimlə gedər. Uşaq doğulandan sonra qayıdarıq. Kimsə də şübhələnməz. And içirəm ki, bu barədə doğmalarıma bir kəlmə də deməyəcəm. Sənin ailəndən qeyrisi o körpəni övladlığa götürdüyümüzü heç vaxt bilməyəcək. Yetər ki…
Şahin söhbət uzanmasın deyə üz-gözünü turşutdu:
– Bekarsan deyəsən.
Söz Türkanı yaralayıb, incitdi:
– Elədir, mən bekaram! Tənhayam! O qədər bekar və tənhayam ki, tənhalıqdan bezmişəm! Sevgisizlikdən! Diqqətsizlikdən! Biganəlikdən bezmişəm! Sıxılıram! Boğuluram! Yüz adam içində özümü kimsəsiz, tək-tənha hiss etməkdən! Haqlısan, bekaram! Sənsə hər gün məşğulsan. Həyatının bir saniyəsi belə boş keçmir. Yəqin ki, bu gün də gecədən keçmiş sərxoş vəziyyətdə qayıdarsan da. Əgər qayıtmaq fikrin olsa.
– Bunun sənə dəxli yoxdur. – Şahin rəng verib, rəng ala-ala tərs-tərs onu süzdü.
– Dəxli var, çünki məhv elədiyin həyat mənim həyatımdır!
– Bəs belə de… – Şahin qaşlarını düyünləyib qapını qapadı, Türkana tərəf döndü. – Sən nə karəsən ki, mənim işlərimə qarışırsan? Nə haqla?
Türkan dolub-doluxsundu.
– Biz evliyik. Həyat yoldaşın kimi haqq sahibiyəm.
Şahin istehzalı təbəssümlə başını tərpətdi:
– Həyat yoldaşım… – Birdən ciddiləşdi. – Bizim müştərək bir həyatımız yoxdur ki, yoldaşlıq da edək. Bunu ikimiz də dəqiq bilirik. Əbəs yerə özümüzü aldatmayaq.
Sözün bu yerində Türkan onun qolundan yapışıb hirslə özünə doğru çevirdi. Gözlərini gözlərindən çəkmədən üsyankar bir səslə:
– Eynən! – dedi. – Təəssüf ki, eynən! Bunu özün bilərək, istəyərək mənə hiss etdirmisən! Buna rəğmən qurmaq məcburiyyətində qaldığım ailəni dağıtmamaq üçün cəhd edirəm! Sənə dözmək məcburiyyətində qalıram! Bilmirəm, sən bu fədakarlığa dəyərsən, yoxsa yox. Əmin deyiləm. Əmin olmadığım halda belə sənə daha bir şans vermək istəyirəm.
– Vaxtım yoxdur. – Şahin laqeydliklə dilləndi. – Getməliyəm.
Üzünü çevirib getmək istədi. Son anda deyəcəyi sözü xatırlayaraq geri çevrildi. – Bir də bu mövzuya qayıtsan, ya da atamgilin yanında bu söhbət açılsa məndən inciməginən. Məsləhət olsaydı Allah-təala övladı özümə verərdi, ona-buna əl açdırmazdı. Demək, bir bildiyi var ki, lazım bilmədi.
…Cəmi üç gün sonra Şahin qəfil evə gəlib kimsə ilə kəlmə kəsmədən birbaşa yataq otağına keçdi. Qəribə əhvalda idi.
Türkan ərinin üzündəki ifadədə gizlətməyə çalışdığı müəmmanı sezib otağa gələndə Şahin geyimlərini taxtın üstündəki ağzı açıq çamadanlara yığırdı. Türkan çamadanlara, içərisindəki geyimlərə gözucu nəzər salıb, sınayıcı tərzdə
sual verdi:
– Səfərin var?
Şahin cavab verməyə lüzum görməyib öz işinə davam etdi. Bu müddətdə zahirən tamam sakit görünən, yanında dayanıb onu izləyən Türkan səbrini basmağa cəhd etsə də müvəffəq ola bilmədi. Çünki ərinin səfər hazırlığı deyil, birdəfəlik yığışıb getmək fikrində olduğunu anladı. Tutqun çöhrəsi bir az da tutuldu. Cavabını bildiyi halda növbəti sualı ünvanladı:
– Bu qədər geyim nə üçündür?
Şahin çamadanların ağzını qapadığı bu anda çiyninin üstündən buz kimi soyuq baxışlarla Türkana:
– Hər ikimiz üçün doğru olanı edirəm, – dedi. Eyhamla vurğuladı. – Sənin də istədiyin bəyəm bu deyil ki? Çəkilirəm də yolundan, muradına çatarsan beləcə.
Bu sözlər Türkanın bağrına sancılan xəncər kimi kəskin, səbrini daşıran son damla oldu.
– Bu qədər iyrənc olma! Özünə, öz əməlinə bəraət qazandırmaq üçün belə tikanlı sözlər danışmana gərək yoxdur! – dedi.
Şahin çamadanları götürüb qapının ağzına yığdı. Türkana müraciətlə dedi:
– İki yanlış insan yanlış ünvanda bir araya gəlmişik. Nə mən səni xoşbəxt edə bilərəm, nə də sən məni. Yaşaya bilmirəm. Əzab çəkirəm. Sənin də əzab çəkdiyini bilirəm. Nə qədər ki, bağışlanmaz səhvlərə imza atmamışıq, bəri başdan bitsin bu zülm.
– Sənin problem həll etmək anlayışın, düşüncən deməli budur! Məndən qurtulmaq üçün haqqımda yanlış fikrə düşüb, məni şərləməkdən belə çəkinmirsən.
– Səni şərləmirəm. Təkcə bunu bilməyini istəyirəm ki, mən sənin sandığın qədər də axmaq deyiləm.
O, qapıdan çıxmaq istəyəndə Türkan onun qarşısına keçdi. Titrəyə-titrəyə gözlərinin içinə baxdı:
– Deməli, hər şey bu qədər asandır səninçün. Həyatımı korlayıb, sonra da sevmirəm deyib çıxıb getmək. Üstəlik, məni ittiham etmək. Bu qədər asandır, hə?! Niyə bədbəxt elədin məni? Niyə, nə üçün? Niyə alınmayan həyatının qisasını məndən aldın? Cavab ver!
Şahin durğun baxışlarla Türkana baxaraq xeyli sonra dilləndi:
– Səni mən bədbəxt etmədim. Böyüklərin böyüklərimlə razılığa gəliblər.
Türkan acı istehza ilə güldü:
– Əcəbdir! Özündən başqa hər kəsi günahkar bilirsən! Hər kəsi ittiham edirsən! Valeh etdin məni bu istedadınla!
Şahin durmayıb otağı tərk elədi. Əli hər yerdən üzülən Türkan taxtın kənarında əyləşib hönkür-hönkür ağlamağa başladı. Çox keçmədən qayınatasının sərt tonda Şahinə dediklərini eşitdi:
– Əsli-kökü bilinməyən bir rus vələdinə görə ailəni dağıdıb gedirsənsə, eşit və bil: bu qapıdan çıxsan, sən adda oğlum yoxdur mənim. Silirəm bu andan səni. Yoxsan mənimçün!
Bir anda qopan səs-küy bir anda da sükutla əvəz olundu. Qapının çırpılmasından Şahinin getdiyini anlayan Türkanın üzündə əzablı ifadə yarandı. Yenidən göz yaşlarına boğuldu. Çox keçmədən aramla açılan qapıda qayınanası göründü. Qadın müqəssir baxışlarla bir anlıq Türkanın üzünə baxıb, əlindəki çamadanı qapının küncündə yerə qoydu. Sinəsini odlayan dərin bir ah çəkib otaqdan çıxdı.
Yaşlı gözləri çamadana dikilən Türkanın çəkdiyi əzab yerə-göyə sığmırdı…
***
…O gecə Nadirin evində hamı oyaq idi. Darvazanın önündə təcili tibbi yardım maşını gözləyirdi.
Həkim müdaxiləsi ilə Şahnaz nisbətən sakitləşsə də, donuq baxışlarla boşluğa baxırdı. Əzablar girdabında boğulan qadının bu anlar daxilən necə bir işgəncə çəkdiyindən kimsənin xəbəri yox idi.
Aylardır gözlərinin önündən getməyən bir cüt qara göz onun dincliyini əlindən almış, yuxusunu ərşə çəkmişdi. Gündüzləri normal həyat sürən qadın gecə düşəndə yatağa uzanıb gözlərini yuman kimi eyni kabusu görürdü. Artıq heç bir dava-dərman da ona bu işgəncədən qurtulmağa yardım etmirdi.
Həkim dəhlizə çıxan kimi Məqbulə Şahnazın yanına getdi. Onunla maraqlandı. Lakin Şahnaz heç o halda deyildi.
Həkim Fatimə ilə birlikdə salona enib onu maraqlandıran bir neçə sual verdi. Söhbətin sonunda gəldiyi qənaətlə qoyduğu diaqnozu açıqladı. Sözlərinə bu cümlə ilə yekun vurdu:
– Ruhi-əsəb dispanserində müalicə almalıdır.
…Bir qədər sonra Fatimə Fərrux kişiyə həkimi yola salmağı işarə edib, qəm-qüssə içində geri çevrildi. Gözləmədiyi şəkildə atasını qarşısında gördü. Onun həkimin dediklərini eşitdiyini üzündəki ifadədən, baxışlarındakı qüssədən anladı. Onsuz da ağlamamaq üçün özünü zorla tutub duran Fatimənin belə kövrək məqamda üstəlik atasını da əlil arabasında görməsi kədərinə kədər qatdı. Hisslərinə hakim ola bilməyib, kövrələrək atasının boynunu qucaqladı.
Nadir dillənə bilmək üçün özündə güc aradı. Dilindən bircə bu sözlər qopub düşdü:
– Belə ciddidir ki, vəziyyəti?
Atasının tutqun səslə, narahat və nigaranlıqla ona verdiyi suala Fatimə talan oldu. Bununla belə göz yaşlarını silib özünü topladı. Qəhər boğazında düyünləndi. Kəlmələr dilinə dolaşa-dolaşa dedi:
– Sən özüvü üzmə, ata. Hər şey yaxşı olacaq. Keçəcək bu günlər. Elə ciddi bir problem yoxdur, əsəbləri gərgindir. Müalicə ilə yoluna düşəcək. – Atasının üzündən öpdü. – Mən ananın yanına gedim, tək qaldı.
Bunu deyib pilləkənə üz tutdu. Əslində atasına yalan danışıb qarşısında kiçilməmək üçün ondan qaçdı. Hər zaman dağ bilib söykəndiyi, gücünə arxalandığı atasını nə vaxtsa belə köməksiz vəziyyətdə görəcəyini heç vaxt ağlına gətirməyən Fatimə indi onun bu vəziyyətinə baxdıqca ürəyi dağlanır, bu dərdə dözə bilmirdi.
Dəhlizdə Məqbulə ilə üz-üzə gəldi, ondan anasını soruşdu. Məqbulə Şahnaz xanımın tək qalmaq istədiyini, onu otaqdan çıxarıb qapını içəridən bağladığını xəbər verdi. Fatimə anasına səslənib qapını bir neçə dəfə döysə də, Şahnaz bunu sükutla qarşıladı. Bütün bunlar Fatimənin tükənməkdə olan gücünü tamamilə qırdı. Otağına keçib qapını arxasınca örtdü. Qapıya söykənib sonsuz acı içində:
– Allahım! – deyib, sızladı. – Allahım, bitsin artıq bu müsibətlər! Bitsin, yalvarıram! Son olsun!
Bu qədər yükü tək daşıya bilməyəcəyini anlayan qız səhər əmisi Oqtaya zəng vurub məsələni danışmaq qərarına gəlmişdi.
…Həmin anlarda Şahnaz öz otağında soyuqdan donan adam sayağı titrəyirdi. Gözləri önündə həmin yay səhəri bağ evinə gələn çağırılmamış qonaqla aralarında keçən söhbətin mövzusu canlanmışdı.
Görkəmcə alman zabitlərini andıran sarışın simalı, sərt və olduqca ciddi baxışları, arıq görkəmi olan mülki geyimli bu adam sözü uzatmadan birbaşa mətləbə keçmişdi.
– Dünən nə baş verdiyindən xəbərdaram. Xəbər gözlədiyinizi də bilirəm. Deyəcəklərimə diqqətlə qulaq asın, xanım. Çünki ərinizin aqibəti sizin dilinizdən çıxan bir kəlməyə bağlı olacaq.
Bütün səyi ilə bunu gələn adama bəlli etməməyə çalışsa da Şahnazı təlaş sardı. Bununla belə özündə qüvvə tapıb söhbətin ardını dinləməyə başladı. Gələn adam üzündə buz kimi soyuq, rəsmiyyət yağan ifadə ilə sözlərinə davam etdi:
– O, hal-hazırda DTK-nın izolyatorundadır. DTK-ya məxsus məxfi məlumatın kənara sızmasında şübhəli bilinir. Uzun sözün qısası, işi dolaşıqdır. Geri dönmək ehtimalı yox dərəcəsindədir. Amma çıxış yolu hər zaman var. Yetər ki, buna can atasınız.
Şahnaz həyəcanını boğmağa çalışsa da müvəffəq ola bilmədi:
– Siz kimsiniz?
– Mənim kim olduğum elə də vacib deyil. Nadiri gözəl tanıyıram, belə deyək, məsələ qapansın.
Şahnazın qaşları çatıldı:
– Xeyr, sizin Nadiri tanımanız məsələnin həlli demək deyil. Gəlişinizin səbəbini açıqlamadınız. Və mən kiminlə danışdığımı hələ də bilmirəm.
Gələn adamın dodağı xəfifcə qaçdı. Amma bu xəfif təbəssüm belə onun ciddiliyini pozmadı:
– Ağıllı qadınları sevirəm. Xüsusilə də öz məqsədləri üçün vuruşan, mübarizə aparan qadınları! Sizdə bu məziyyətlərin demək olar ki, hamısı var. Haqqınızda məlumat topladığımız zaman axtardığımız adamın məhz siz olduğunuza qətiyyətlə inanmışdıq.
Düşdüyü çətin vəziyyət Şahnazın səbrini, dözümünü tamamilə qırdı:
– Məni bu saat Nadirin aqibəti düşündürür, ondan savayı heç nə. Boş söhbətlərə isə bu dəqiqə ayıracaq vaxtım ümumiyyətlə yoxdur.
– Mən həyati vacib bir məsələ ilə bağlı sizin vaxtınızı alıram, xanım. Vacib və elə o qədər də mühüm.
Şahnaz onun fikrinə aydınlıq gətirməsi üçün dayanıb gözlədi. Gələn adam tələsmədən təmkinlə sözə başladı:
– Çox güman, mənimlə razılaşarsınız ki, bizimlə razılığa gəlməyiniz həm Nadirin müqəddəratını həll edəcək, həm də sizin. Əks halda onun həbsi sizin fəlakətiniz deməkdir. Təkcə sizin deyil, yaxınlarınızın həyatına da mənfi təsiri olacaq. Əmlakınız müsadirə olunacaq, yaxın qohumlarınızın, hətta kürəkənlərinizin həbsi, ən yaxşı halda isə sürgün həyatı qaçılmazdır. Yəqin ki, bu cah-calalı heç bir şəkildə səfil həyata dəyişmək istəməzsiniz. Düz anladım?
Şahnaz xanım rəngi ağarmış halda:
– Məndən istədiyiniz nədir? – soruşdu.
Elçi razılıqla gülümsündü:
– Afərin! İndi gəldiniz mətləbə. Deməli, bir-birimizi gözəl başa düşürük. – Şahnazı intizarda saxlamaqdan zövq ala-ala tənbəl-tənbəl dilləndi. – Bu çox sadədir.
– Necə sadə? İzah edin!
– Nadirin əvəzinə istədiyimizi bizə verəcəksiz. Vəssalam.
– Tələbiniz, istəyiniz nədir? Nə desəniz, mən razı. Amma Nadirin başından bir tük əskik olsa….
– Narahat olmayın, biz deyənə əməl etdiyiniz təqdirdə hər şey yolunda gedəcək, xanım. Sizin hal-hazırda əlinizdə elə qiymətli bir əmanət var ki, qızıldan qat-qat dəyərlidir.
Bu ana qədər tamam başqa fikirdə olan Şahnazın sonuncu cümlədə ifadəsi dəyişdi. Fikri dolaşdı:
– Anlamadım.
– Çox gözəl anladınız. – Elçi sifəti ilə gəlmiş adam əmin halda başını tərpətdi. – Məlumat almışıq ki, Əhmədovun nəvəsi buradadır, bu evdə.
– Yanlış məlumatdır. – Şahnaz nə qədər səy etsə də bu sözü dilinə gətirərkən səsi titrədi. Rəngi ağardı.
Gələn adamın üzü sərt ifadə aldı. Sınayıcı nəzərlərlə, zəndlə qadının gözlərinə baxaraq:
– Hər halda mənimlə razılaşarsınız ki, sizin bu oyuncaqlarla oynayan vaxtınız çoxdan keçib, – dedi. – Haqlıyam?
Şahnazın oğrun baxışları bir neçə saniyəliyə həyətdə taxtın üstündəki uşaq oyuncaqlarının üzərində gəzdi. Ehtiyatla gözlərini ona zilləmiş adama baxdı. Bu sözlərin qarşısında nə deyəcəyini bilmədi. Bundan istifadə edən adam öz tələbini açıq şəkildə ortaya qoydu:
– Uşağı bizə verirsiniz, bu məsələ kökündən həll olunur. Və heç kim sizdən şübhələnmir. Bu qədər sadə.
Araya sükut çökdü. Gələn adam yenidən dilləndi:
– Nadirin qayıtmaması ilə siz çox şeydən vaz keçirsiniz. Nəvəni isə istənilən vaxt əldə etmək olar. Düzgün qərar verəcəyinizə ümid edirəm. Sizin nəzərinizdə hansının çəkisi daha ağırdır? Yəqin ki, Nadirin həyatı bir körpədən ucuz deyil, elədir?
Şahnaz susmağa davam edərkən elçi onun verəcəyi qərarı gözləməyi lazım bilməyib qəti və kəskin səslə dedi:
– Gecə saat 4-də biz qapının arxasında sizi gözləyəcəyik. Əliboş gəlməyin. Gəlsəniz…
Şahnaz həmin adamın nə qədər ciddi olduğunu səsinin tonundan, nüfuz edən baxışlarından oxudu, haldan-hala düşdü. Dinib-danışmağa taqəti olmadı.
…O gecə Şahnaz yatağa uzansa da oyaq idi. Gözlərini tumbanın üstündəki saatdan çəkmədən vaxtın yetişməsini gözləyirdi. Evdə hamı çoxdan yuxuya dalmışdı. Nəriman kişinin də həyətdə səsi-səmiri gəlmirdi. Dəqiqələr sonra Şahnaz dönüb bir də saata baxdı. Gecədən keçirdi. Yerindən qalxdı. Pəncərənin önünə keçib narahat baxışlarla küçəyə nəzər saldı. Çox keçmədən əynini geyinib otaqdan çıxdı. Dəhlizdə dayanıb ətrafı dinlədi. Kimsənin oyaq olmadığına əmin olduqdan sonra Aydanın otağına doğru addımladı. Qapını səs salmadan açmağı bacaran Şahnaz şeytanın kölgəsi kimi içəriyə süzüldü.
Aydan da, körpəsi də şirin yuxuda idilər. Aydan onu öz yanında yatırtmışdı. Dayanıb bir xeyli onları seyr edən Şahnaz qərarlı bir şəkildə irəli getdi.
Bir qədər əvvəl Məqbulənin Aydan üçün süzüb apardığı su bardağını yarı yolda ondan almış, xidmətçini mətbəxə göndərmişdi. Bir qədər dəhlizdə yubandıqdan sonra Aydanın otağına yollanmışdı.
Anasının ona necə bir quyu qazdığından xəbərsiz halda dəqiqələr sonra Aydan suyu son damlasına qədər susuzluqdan yana-yana içmişdi.
Dərman artıq öz təsirini çoxdan göstərmişdi, oyanması uzun çəkəcəkdi.
Şahnaz buna əmin-arxayın bir şəkildə ilk əvvəl qızının boynundakı boyunbağını açıb götürdü. Növbə körpəyə çatanda bir anlıq əl saxlayan Şahnaz sanki tərəddüd etdi. Üzündə əzablı ifadə dolanan qadın seçim etməli olduğunu bir daha anlayaraq bütün cəsarətini toplayıb körpəni dərin yuxuya getmiş anasının yanından götürdü. Boyunbağını körpənin sinəsində gizlədib beşikdən götürdüyü örtüklə onu bükdü. Əməlinə haqq qazandıran əda ilə:
– Atan mənim arzularımı puç etdi. Qızımı əlimdən aldı. Düşmən elədi bizi yaxınlarımızla. Sənin də damarlarında onların qanı axır, – deyə nifrətlə pıçıldadı, yubanmadan qucağında körpə otağı tərk elədi. Öz məqsədinə doğru dəhlizdə irəlilədikcə gözləri nifrətlə parlayan Şahnaz bu anlar heç kimdən və heç nədən qorxmurdu. Hər zaman arzusunda olduğu güclülük hissini bu anlar o, tam mənası ilə duyurdu.
Pilləkəni səssiz addımlarla enməkdə idi ki, Nərimanı həyətdə gördü. Gözləri kəlləsinə çıxdı. Ürəyi yerindən oynadı. Onun gecənin bu aləmi çoxdan yuxuya getdiyini sandığı halda Nəriman kişi həyətdə var-gəl edir, ətrafa göz qoyurdu. Son bir neçə pilləni də birnəfəsə enib, kişinin gözünə görünmədən eyvan dirəyinin arxasına qısıldı. Arxa həyətə keçməyi planlaşdıraraq ürəyində götür-qoy edib vaxtı hesablayırdı ki, ikinci bir əngəl çıxdı meydana. Körpə sanki özgə qollarında olduğunu duyubmuş kimi narahat oldu, oyanmaq istədi. Şahnaz Nərimanı duyuq salacağından ehtiyatlanıb körpəni qucağında yüngülcə yırğaladı. Və buradan ayrılmaq üçün münasib məqam gözlədi. Nəriman kişi bir qədər sonra kətillərdən birini götürüb həyətin tən ortasında əyləşdi. Siqaret çıxarıb alışdırdı. Aram-aram çəkməyə başladı. Gözləri bir nöqtəyə dikilib qaldı. Onun fikrə getdiyini fürsət bilən Şahnaz daha gözləmədi. Eyvan dirəyinin arxasından çıxıb, yeyin addımlarla arxa həyətə keçdi. Buradan küçəyə açılan qapı vardı. Qapını azacıq aralayıb bir gözü evin pəncələrində ehtiyatla küçəyə baxdı. Qara rəngli avtomobil artıq qapının ağzında gözləməkdə idi. Şahnaz vaxt itirmədən küçəyə çıxdı. Avtomobilin arxa qapısı açıldı. Qaranlıq salondan şəxsiyyəti təkcə Şahnaza məlum olan bir kişinin hər iki əli ona doğru uzandı. Körpə artıq oyanmışdı. Şahnaz səsi çıxmasın deyə əmziyi onun dodaqları arasına keçirəndə körpə ani bir reflekslə onun barmağından yapışdı. Və xırda toppuş barmaqlarının hamısını nənəsinin barmağına dolayıb öz gücü ilə sıxdı. Onun bu hərəkəti Şahnazı güclü bir təkan kimi silkələdi. Sanki vücudunun bir yerində qəlbinin var olduğunu bu an hiss elədi.
– Nəyi gözləyirsiz?
Bu zəhmli səs onu diksindirib özünə gətirdi. Körpəni maşının içərisinə – əllərini irəli uzadıb onu gözləyən kişiyə verdi.
– Bizi görməmisiz! Heç nədən xəbəriniz yoxdur. Elə bilirəm, bir daha xatırlatmağa ehtiyac yoxdur.
– Ona nə edəcəksiniz? – Şahnaz özü də hiss etmədən maraq içində dilləndi. Bu zaman səsinin titrədiyi aşkar sezildi.
– Artıq sual verməyin. – Kişi səsi ironiya ilə soruşdu. – Nədir, yoxsa vicdanınız sızladı?
– Bircə öldürməyin! – Şahnazın duyduğu peşmanlıq səsinə çökdü.
– Bunun sizə dəxli yoxdur! Gedə bilərsiniz!
Şahnaz köks ötürüb məcburən həyətə keçdi. Burada yubanması Nərimanı duyuq sala bilər, şübhə oyadardı. Qapını örtdükdən cəmi bir neçə saniyə sonra uzaqlaşan maşın səsi onu sanki qəflət yuxusundan oyatdı. Dəhşətli bir hiss ağır bir qaya kimi üstünə çöküb, qəlbini sıxdı.
Necə böyük bir günaha batdığının fərqinə indi vardı. Hövlnak geri çevrilib küçəyə çıxmaq, maşını saxlamaq istədi.
Amma artıq gec idi. Daha burada durmayıb tinə-bucağa qısıla-qısıla evə qalxdı. Kimsəni oyatmadan birbaşa otağına üz tutdu. Addımlarını güclə atan Şahnazın yer ayağının altından qaçırdı. Dəhlizə keçəndə ixtiyarsız olaraq Aydanın otağının qapısına doğru baxdı.
Nə iş tutduğunu düşündükcə titrədi. Yataq otağının qapısını üstufca aralayıb, özünü içəri salan Şahnaz əynini soyunmadan yatağa uzanıb, bərk-bərk mələfəyə büründü.
(Ardı var)