Reportyorlar (53)
- 18 Dekabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Rusiya, uzaq Sibir
…Salehin huşu qayıdanda özünü əl-ayağı bağlı qalın qar üstündə gördü. Alatoranlıq idi. Bura atıldığı nə qədər olmuşdu, bilmirdi. Soyuq artıq canına işləmişdi. Vücudunu demək olar hiss etmirdi. Arxası üstə çevrilmək istədi. Bacarmadı.
Dəqiqələr sonra tükənməkdə olan son gücünü toplayıb, üzüqoylu vəziyyətdəcə min bir əziyyətlə, nəhayət, əlinin birini kəndirin dolağından çıxara bildi. Nəfəsini dərib davam etmək fikrində idi ki, bu dəm qulağının dibində mırıltıya bənzər hənirti duydu. Hətta bir deyil, bir neçəsini. Ətrafında dolanıb qolunu, ayağını dartışdıran, kürəyinin üstündə gəzib iyləyən və hər biri ayrılıqda tapdığı şikarı öz qənşərinə çəkməyə çalışan yırtıcıların əhatəsində qaldığını anladı. Lakin qaralmaqda olan havada bunun qurd, yoxsa köpək olduğunu ayırd etməyə vaxtı qalmadı.
Bu
zaman qolunu kəskin, azı dişlərin arasında hiss edib canına yayılan ağrının
şiddətindən üz-gözünü turşutdu. Müqavimət göstərməyə taqəti olmadı. Ufultusunu
bir-birinə sıxılan dişlərinin arasında əritməkdə ikən soyuqdan keyimiş,
hissiyyatı itmiş barmaqları yerə kilidləndi. Lakin torpağa çatmadı. Ovucladığı
qar barmaqlarının arasında xırtıldayıb dağıldı.
Əzələsi dördayaqlı vəhşinin dişləri arasında idi. Və Salehin ondan qurtulmaq
üçün heç bir şansı yox idi.
Yırtıcı heyvan güclü pəncəsi ilə onun kürəyindən basıb tərpənməyə qoymur, qolunu didişdirir, parçalamağa cəhd edirdi. Başqa biri dişlərini ayağına batırmışdı.
Bəyaz qar Salehin parçalanmış qolundan və ayağından axan qanla qırmızıya boyanmışdı. Qanın iyini, tamını dadıb azğınlaşmış heyvanlar onu parçalamaqda ikən Saleh can hövlü ilə digər əlini kəndirdən çıxarmaq hayına qalmışdı. Boğuşma, mırıltı səsləri bir-birinə qarışmışdı.
Artıq qurtuluşunun olmadığını qəbul etmək istədiyi bu anda haradasa yaxınlıqda atəş açıldı və it hürdü.
Kürəyində dayanmış yırtıcı kəsik səslə yalnız bir dəfə zingildəyib onun üzərinə sərildi. Bir-birinin ardınca daha iki atəş açılandan sonra digərləri pərən-pərən oldu. İti addımlarla qara bata-bata ona doğru gəlməkdə olan bir qaraltı və yanında iri it gördü.
Onu xilas edən adam yaxınlaşıb çoxdan ölmüş heyvanı onun üstündən kənara atdı. Saniyələr sonra əlcəyini çıxarıb Salehin boğazına toxundurdu və heyrət dolu bir səslə xaç çevirib:
– İsa və Məryəm eşqinə! O, yaşayır! – dedi.
Saleh bundan sonrasını duymaq, qavramaq iqtidarında olmadı. Yenidən özündən getdi. Gözlərini açıb özünə gələndə balaca, uçuq-sökük bir daxmada idi. Dili söz tutmurdu. Nitqi batmışdı.
Daxmanın sahibi Salehin özünə gəldiyini görəndə ona bir neçə sual vermiş olsa da sualları cavabsız qalmışdı.
Kimi-kimsəsi olmayan, güzəranı ovçuluqdan çıxan bu adamın yanındakı itdən başqa bir həyanı yox idi. Bu darısqal daxmada onlar artıq bir neçə ili geridə qoymuşdular.
Həmin axşam o, Salehi xizəyə qoyub bura gətirmiş, bildiyi təbabət üsulu ilə məlhəm qoyub yaralarını sarımışdı.
Artıq üç gün idi Saleh bu daxmada idi, lakin vəziyyəti ürəkaçan deyildi. Huşu gedib-gəlirdi.
Növbəti gün
Bayırda çovğun idi. Qarı sovurub daxmanın nəfəsliyə bənzər kiçik pəncərəsinə çırpan külək vıyıltı ilə əsirdi. Belə bir havada ovçu səhər erkəndən yola çıxmış, buralara yaxın olan qəsəbələrdən birinə həkim dalınca getmişdi.
Bir qədər vardı ki, Salehin zəif, xırıltılı iniltisi duyulurdu. Şaxta vurmuş, çatlamış dodaqları arasından sınıb düşən kəlmə bu idi:
– Su…
Onun hənirtisinə qulaqlarını şəkləyib başını yerdən qaldıran, yerində dikələn it kəsik-kəsik hürürdü.
Bir xeyli keçdi. Saleh yenə zarıyırdı.
Bir qədər sonra gələn olduğunu hiss edib duyuq düşən it yerindən sıçradı. Qapıya baxa-baxa hürməyə başladı. Önünü qar tutmuş qapını zorla açan daxma sahibi yanında həkimlə içəri daxil oldu. Onların hər ikisi papağını başından götürdü. Əlcəklərini soyunub, üst-başlarının qarını çırpıb təmizlədikdən sonra sobanın yanında nəfəs dərməyə çalışdılar. Həkim soyuqdan keyimiş əllərini bir-birinə sürtüb:
– Soyuqdur, – dedi.
Daxmanın sahibi gülümsündü:
– Buralar hər zaman soyuqdur, həkim. Tanrı sizi qorusun! – Əllərini şaxtadan qızarmış burnuna tutdu. Nəfəsi ilə isitməyə çalışdı. İt daxmanın bir küncündəki çarpayıya tərəf hürüb sahibinə işarə verməyə başladı.
Ovçu Salehin yanına getdi. Və elə o dəqiqə həkimi çağırdı. Həkim paltosunu soyunub onlara yaxınlaşdı. Salehin rənginə-ruhuna baxıb əlini onun alnına toxundurdu. Qaşları çatıldı:
– Qızdırması var. Yüksəkdir. – Yarasını açıb baxanda üzünün ifadəsi bir daha dəyişdi. – Aman, Tanrım!
Ovçuya baxıb onun harada, hansı şəraitdə yaralandığını sual etdi.
– Meşənin içində canavarlar hücum etmişdi. Çox güman, buralara nabələd imiş, yolunu azıb. – Salehi tapanda əl-qolunun kəndirlə bağlı olduğunu həkimdən gizlətdi. Hətta Salehi tapdığı günün səhəri naməlum, nömrəsiz bir avtomobilin buralarda dolandığını, oğlanın əlamətlərini söyləyib ovçudan onu görüb-görmədiyini xəbər aldıqlarını da açıb-ağartmadı. Həmin adamların şübhəli danışığı və oğlanın sağ qalıb-qalmadığını israrla öyrənmək tələbi ovçuda Salehin həyatının təhlükə altında olmasına şübhə oyatmışdı. Və gələn adamlara onu görmədiyinə dair yalan məlumat verib oğlanı gizlətmişdi.
Həkimin səsinə fikirdən ayrıldı.
Həkim məzəmmətlə:
– Yara dərin və ciddidir. Əməliyyata ehtiyac var. Belə ciddi yara ilə onu burada saxlamağın özü cinayətdir. Necə təhlükəli bir iş gördüyünüzü başa düşürsünüz? O ölə bilərdi.
Ovçu rəngi-ruhu dəyişmiş halda izah etməyə çalışdı:
– Mən xəbər vermək istədim, amma məlum məsələ, qar yağıb yolları bağlayıb. Bu gün çox çətinliklə gedib çıxa bildim. Mənim pis niyyətim yox idi, mən ona yalnız kömək etmişəm.
– Çantamı gətirin. – Həkim ciddi səslə onun sözünü ağzında qoydu.
Ovçu dərhal əməl elədi.
– Onu burada saxlamaq olmaz. Vəziyyəti ciddidir. – Həkim çantasından tibbi ləvazimatları çıxarıb ilkin yardım göstərməyə başladı.
Salehin ara-sıra təkrarladığı sözlərə qulaq verən ovçu həkimə baxdı:
– O, nəsə deməyə çalışır, amma təəssüf, dili anlamıram.
– Fənəri yandırın. – Həkim Salehin yaralarını açıb nə vəziyyətdə olduğunu görəndə narazılıqla başını buladı. – Çox pis. Belə yaramaz.
– Çölün[1] düzündə ancaq bu qədəri mümkündür, həkim.- Ovçu fənəri yandırıb işığı həkimin göstərdiyi nahiyəyə tuşladı. Digər əli ilə yenidən xaç çevirdi. – Tanrı yardımçınız olsun. Daha pisi, ölmüş də ola bilərdi.
Həkim bütün diqqətini işinə cəmləyib, daha dinmədi, köks ötürdü.
***
Salehdən bir xəbər çıxmayınca agent ən pis ehtimalla onu xəstəxanalarda arayıb-soraqlayır, lakin məsələnin daha da böyüyüb açığa çıxmaması üçün hələ ki, milisə bu barədə məlumat vermək istəmirdi. Az da olsa ümidli idi.
…Xəbəri alan kimi özünü xəstəxanaya çatdırmışdı. Gəlib Salehi təsəvvür etdiyindən də ağır və acınacaqlı vəziyyətdə görmüşdü. Və dərhal Bakıya, Zakirə zəng vurub məsələdən xəbərdar etmişdi.
Zakir evdə bu barədə bir kəlmə belə deməsə də yubanmayıb ilk reyslə Rusiyaya uçmuşdu. O, gəlib çatanda Saleh əməliyyatdan yeni çıxmış, narkozun təsirindən hələ ayılmamışdı. Oğlunu gəlib bu vəziyyətdə görməsi Zakiri göydən yerə vurmuşdu. Agenti sorğu-sual edir, məsələnin əslini-kökünü öyrənmək istəyirdi.
Oğlunu götürüb buradan aparmaq tələbini irəli sürəndə həkimlə aralarında ziddiyyət yarandı. Buna rəğmən Zakir sözündən dönməyib xəbərdarlığından da qalmadı:
– Bu məsələ ilə bağlı ən kiçik detal belə nə milisə, nə də mətbuata sızmalıdır. Nə demək istədiyimi, çox güman, başa düşdünüz.
Həkim bu tələb qarşısında tərəddüdünü gizlətməyib bu addımın həm özünün, həm də xəstəxananın adına qanunsuz əməl kimi yazılacağını söylədi. Ehtiyatlandığını gizlətmədi. Həkimin sözləri belə bir məqamda bütün bunlara vaxt ayırmağa həvəsi və zamanı olmayan Zakirin səbrini büsbütün tükətdi. O, kim olduğunu təsdiq edən sənədləri masanın üstünə atdı. Həkimin nəzərləri KQB möhürünə tuşlananda üzünün ifadəsi dəyişdi. Baxışlarını qaldırıb tutqun ifadə ilə Zakirə baxdı. Zakir istəyinə nail olan adam sayağı razılıqla:
– Artıq bir-birimizi şəkk-şübhəsiz anladığımıza ümid edirəm. – Bunu deyib ayağa qalxdı. – Göstəriş verin xəstəni hazırlasınlar.
Həkimin daha səsi-səmiri çıxmadı. Beləcə, Saleh həmin xəstəxanada bir gecə belə qalmadı. Zakir oğlunun həyatının təhlükə altında olduğunu yəqin edən kimi onu gecə ilə aradan çıxarıb, izini itirdi. Xarici ölkələrdən birinə ötürdü.
Oğluna bunu edənin kimliyi barədə günlərlə düşünüb, bu məsələ ilə bağlı araşdırma aparırdı ki, ünvanı məlum olmayan bir mənbədən ona bir zərf gəldi. Zərfdən çıxan fotoşəkillərdə oğlunu əl-qolu bağlı, üst-başı qan içində görüb sarsılan Zakir kasetdəki səs yazısını dinləyəndə Kazımovu səsindən tanıyıb, təlatümlə kreslodan qalxmışdı. Keçmişini sərt şillə kimi sifətinə çırpan, günahını yadına salıb onu hədələyən bu səs yazısı, üstəlik, Kazımovun oğluna dedikləri Zakirin dünyasını tar-mar etmiş, hiddətindən əlindəki qələmi ikiyə bölüb sındırmışdı.
İllərdir güclü bir əl olub xirtdəyinə yapışan, onu hər xatırlayanda boğan bu keçmişdən Salehin artıq xəbərdar olması Zakirə hər şeydən çox yer eləmişdi. Oğlunun gözündə artıq bir qatil, istəmədiyi halda olsa belə cinayət törətmiş cinayətkar idi. Bunun düşüncəsi belə Zakiri yıxmışdı. Özünə gələ bilmirdi. Kazımovun onu illər sonra belə dalana sıxışdıracağını, dilini kökündən kəsəcəyini o, bu qədər vaxtda ehtimal belə etməmişdi. Çünki məsələnin illər əvvəl həll olunduğu əminliyi, arxayınlığı ilə Kazımovu ciddiyə almayıb, demək olar, unutmuşdu. Çünki bu günədək ona bu fürsəti, bu şansı verməmişdi. İndi isə… indi isə ummadığı zamanda, ummadığı yerdən zərbə almışdı.
Kabinetin qapısını içəridən bağlayıb səs yazısını dəfələrlə dinlədi. Hər dəfəsində eyni hissləri keçirib gərildi. Bu anlar onu saran qəzəbdən kaseti ona göndərənin kimliyi Zakiri düşündürmürdü. Bu ona heç maraqlı da deyildi. Öz gücünü, varlığını ona sübut etmək üçün bu işi təşkil edən Kazımovun özü də ola bilərdi. Amma hər iki halda bu heç nəyi dəyişmirdi. Dəyişən tək şey bu günədək gizli saxladığı, keçmişin tozlu səhifələrində qapayıb bağladığı həqiqətin bu gün ağlına gətirmədiyi bir məqamda aşkara çıxması idi.
Aylar sonra
…Payız öz yerini çoxdan qış fəslinə təslim etmişdi.
Bir-birini əvəz edən fəsillər sadəcə təqvimdə dəyişən rəqəmlər idi, bu evdə bu insanlar üçün əslində heç nə dəyişməmişdi. Yüz belə qış yola salsaq belə bu dərd, bu qəm əbədilik bizimlə idi.
Azər evə vaxt tapdıqca gəlirdi. Son vaxtlar ölkədə vəziyyətin gərgin şəkil alması onun bütün diqqətini öz işinə ayırmasına gətirib çıxarmışdı.
Oğlumuzu
itirdiyimiz gündən sonra o, hələ də özünü toplaya bilməmişdi. Bütün fikrini
işinə verib başını qatsa da, nə ağlından çıxara bilirdi, nə unudub əvvəlki tək
yaşaya. Mən isə…
Yara isti-isti hiss olunmaz deyərlər.
Hər açılan sabahda, günəş qürub edəndə mənim dərdim təzələnir, Arazın yoxluğunu bətnimdəki körpəmin hər tərpənişində ilikləriməcən hiss edir, bir daha sarsılırdım. Hər kəsin isti geyinib soyuqdan qorunduğu bu havada körpəmin soyuq torpaqda yatdığını düşünmək məni talan edirdi.
Ürəyimin odu az da olsa xəfiflər deyə məzarını öz gözlərimlə görüb yoxluğuna inanmaq üçün dəfələrlə Azərdən məni qəbiristanlığa aparmasını xahiş etmişdim. O isə buna razı olmamışdı. Amma duyduğuma görə, Mərdəkana hər gələndə oğlumuzun məzarını ziyarət edir, xeyli sonra evə dönürdü.
Dilbər xanım mənim üçün hələ də narahat idi. Otaqdan bayıra çıxmamağım üstündə hər gün danlaq eşidirdim:
– Ay qızım, olmaz axı belə, balamsan. Bütün günü bu otağa qapanıb qalıbsan. Sənə təmiz hava gərəkdir. Həkim nə deyib sənə? Neyçün belə edib məni üzürsən?
Evin hər guşəsi, həyətin hər qarışı mənə Arazı xatırladırdı. Dərdimi təzələyirdi. Bu evi onsuz təsəvvür etmək mənə ağır gəlirdi. Qulaqlarımdan onun qığıltılı, şirin gülüşü, yanıqlı ağlamaq səsi hələ də çəkilib getməmişdi. Hara baxırdımsa balamı görürdüm. Bunun qorxusu canıma necə yer eləmişdisə, özümü ətraf aləmdən təcrid etmişdim. Süfrəyə də Dilbər xanım üzülməsin deyə əyləşirdim.
…Bir səhər aynanın qarşısında ikən sanki yuxudan ayıldım. Əlimi boğazıma aparıb duruxdum. Boyunbağı boğazımda yox idi və mən bunun fərqinə indi varırdım. Otağı ələk-vələk etsəm də, heç yerdə tapmadım.
Arazımın son fotoşəkili də özü kimi mənə qismət olmadı.
Günlər durmadan ötürdü…
Bu müddətdə Dilarə gəlin köçmüş, Azərin dostu Ceyhun evlənmişdi.
Qayınatam sağalıb ayağa qalxsa da, daim həkim nəzarəti altında idi.
Atam isə yerimək qabiliyyətini itirdiyi üçün əlil arabasına məhkum olmuşdu.
Mən artıq aylardır onu görmürdüm. Atamla görüşməyi, ona sarılmağı çox arzulasam da, bunu evdə heç kəsin, xüsusilə də Azərin yanında açıb-ağartmırdım. Düşünürdüm ki, daha bunu ondan istəməyə haqqım yoxdur.
Eşitdiyimə görə, son vaxtlar anamın da səhhətində ciddi problemlər yaranmışdı. Doğmalarımla bağlı belə xəbərlər almağım məni hədsiz üzürdü, lakin əlimdən heç nə gəlmirdi.
…Bir gecə yatağa uzanıb məni nə vaxt yuxu tutduğunu bilməmişdim. Otaqda hənirti duyub gözlərimi açdım. Azəri gördüm. Günlərdir üzünü görmürdüm, sanki tükənməkdə olan nəfəsimə öz gəlişi ilə nəfəs qatdı.
Üzərimə yenicə sərdiyi adyalı kənara atıb boynuna sarıldım. Onu buraxmadan gözlərim dolmuş halda şikayətləndim:
– Məni özündən məhrum etmə, demişdim sənə! Demişdim! Belə insafsız olduğunu bilmirdim!
Bu sözlər qarşısında o, sadəcə yorğun və yuxusuz halda üzümə baxıb, narazılıqla başını bulamaqla kifayətlənmişdi.
Səhər o, otaqda yox ikən geyimlərini yuymaq üçün çantadan çıxarırdım. Balaca bir kitabça düşdü xalının üzərinə. Yerə düşməsiylə açılan səhifədə iş tapşırığı ilə bağlı apardığı qeydlərini gördüm. Ona bitişik səhifədə isə üç rəngli, ay-ulduzlu bayrağımızın eskizi və onun aşağısında öz dəst-xətti ilə iri hərflərlə yazılmış “Araz” adı yarama duz basdı sanki. Gözlərimin nə vaxt dolduğunu hiss etmədim.
Dərdi ürəyini yandıranda oğlumuzun adını kağıza köçürməklə özünü ovundurmaq istəməsi məni kövrəltdi.
Qapının açılması ilə kitabçanı dərhal qapayıb, özümü toplamağa çalışdım.
Azər idi.
Qapıdan içəri atdığı ilk addımda kitabçanın əlimdə olması nəzərindən yayınmamışdı. Yaxınlaşıb heç bir söz demədən onu məndən aldı. Neylədiyini görmədim, çünki öz hayımda idim.
(Ardı var)