
Oktyabrın 10-da İsveç Akademiyası 2018 və 2019-cu illərin ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.
Novator.az-ın məlumatına görə, 2018-ci ilin Nobel mükafatına polşalı şairə Olqa Tokarçuk, 2019-cu ilin Nobel mükafatına isə avstriyalı yazıçı Peter Handke layiq görülüb.
İsveç Akademiyası bəyan edib ki, 1962-ci il təvəllüdlü Olqa Tokarçuk “sərhədləri aşmağı həyat forması kimi nağıl edən ensikplopedik şövqlü təxəyyülünə”, 1942-ci il təvəllüdlü Peter Handke isə “insan həyatının ucqarlarını, özəl cəhətlərini incələyən təsirli işlərinə” görə bu mükafata layiq bilinib.
Mükafatın məbləği 9 milyon İsveç kronudur (1,5 milyon manat).
2019-cu ilin fiziologiya və tibb üzrə Nobel mükafatını Uilyam Kelin, Qreqq Semenza (hər ikisi ABŞ) və Peter Ratkliff (Böyük Britaniya), fizika üzrə Nobel mükafatını Ceyms Piblz (Kanada və ABŞ), Didye Keloz və Mişel Mayor (hər ikisi İsveçrə), kimya üzrə Nobel mükafatını Con Qudenaf (ABŞ), Stenli Uittinqhem (Böyük Britaniya) və Akira Yoşino (Yaponiya) alıb.