Firuzə Davudqızı
***
Zamanın karvanı kimsəni gözləmədən öz axarı ilə ötüb keçməkdə idi.
Bir müddət əvvəl elçilərə hərisi verilən Dilarənin tezliklə nişan mərasimi olacaqdı.
Onun Xəlil adlı bir oğlana könül verdiyindən xəbərim vardı. Bir-birilərini çox sevirdilər.
…Və nəhayət, bu gün, bu eşqi bir ömür yaşatmaq üçün ilk addım atılırdı.
Dilarəni indiki qədər məsud görməmişdim. Gözlərində heç zaman rastlaşmadığım bir işıltı vardı. Həyəcandan yanaqları allanmışdı.
Bu hisslər mənə artıq tanış idi.
Məclis təntənəli keçdi.
Nişan üzükləri taxıldı, xeyir-dua verildi.
Hər şey ürəyincə olan Dilarənin kefini pozan təkcə o idi ki, Azər onun bu şad günündə iştirak etməmişdi.
Azər isə işləri ilə əlaqədar yenə də Bakıda deyildi. Bu da Dilarəni olduqca məyus etmişdi.
Nişan mərasimi bitib qonaqlar dağılandan sonra evdə təkcə yaxın qohumlar və qonşular qaldı. Onlar da çox keçmədən iki bir, üç bir evlərinə dağıldılar.
Dilbər xanımla qayınatam çoxdan getmişdilər.
Dilarə uzun xahişdən sonra nəhayət ki, xalasından icazə ala bilmiş, məni yanında saxlamışdı.
Bu gözəl gündə sirdaşımla bir yerdə qalıb onun sevincini bölüşmək məni həddən ziyadə məmnun etmişdi.
…Çox keçmədən axşam düşdü. Biz salonda Dilarə ilə danışıb gülməkdə idik ki, qapı zəngi çalındı.
Fazil dayıdır, sandıq. O, bir qədər əvvəl həyətə enmişdi. Səadət xala qapıya getdi. Çox keçmədən onun sevinc dolu bir səslə:
– Xoş gördük, xala qurban sənə, nə yaxşı gəldin! – deməsi ilə Dilarə ilə bir-birimizə baxdıq. İkimiz də eyni ehtimalı təxmin etdiyimiz üçün gözlərimiz heyrətdən böyüdü.
Dilarə yerindən sıçrayıb özünü dəhlizə çatdırdı. Elə o anda da incik tərzdə:
– Nəhayət! – dediyini duydum.
Araz arabada idi, əlində tutduğu oyuncağa başı yaman qarışmışdı. Bundan istifadə edib, qapıdan dəhlizə boylandım. Həyat bir anda gözümdə işıqlandı. Varlığımı sevinc sardı.
Gələn Azər idi.
Bu əsl sürpriz olmuşdu bizimçün. Halbuki onun bu gün qayıdacağını güman etmirdik. Amma o, gəlmişdi. Bu isə Dilarəni nə qədər çox sevdiyinin dəlil-sübutu idi.
Azər ayaqqabılarını soyunub xalasına sarıldı. Elə bu dəmdə məni gördü, üzü qəribə bir ifadə aldı. Baxışları mənə izah olunmaz bir həyəcan gətirdi.
Xalası ilə hal-əhval tutandan sonra kənarda dayanıb onun çantasını saxlayan və qaş-qabağını tökən Dilarəyə baxdı.
– Xeyirdir, inşallah?
– Yaxşı qardaşsan da, gözüvün ağı-qarası bir bacın var, heç yadına da düşmürük. Vacib bilmirsən.
– Bərəkallah! – Azər narazılıqla onu süzdü. Qolundan tutub özünə çəkdi, bağrına basdı. Saçlarından öpüb: – Vacib bilməsəm gələrdim ki? – dedi.
– Hmm… buna da şükür. – Dilarə qaşlarını düyünləyib onu süzdü.
Xalası qızının giley-güzarına, bu ədalarına vərdiş etmiş Azər qızın üzünün ifadəsini görəndə gülməyini zorla boğdu.
– Bəli də! – Əlini yellədi. Onu təkrar sinəsinə sıxdı, alnından öpdü. Və səsinin ahənginə xüsusi təmtəraq verib: – Xoşbəxt olasan! – dedi.
Dilarə bu sözə bənd imiş kimi bir anda özünü yığışdırıb, doğmalıqla:
– Qardaşımmm! – deyə Azərin boynuna sarıldı. – Bacı sənə qurban olsun elə!
Bir xeyli ayaqüstü söhbət etdikdən sonra Azər adəti üzrə Dilarəyə həmişəki sualını həmişəki ədası ilə verdi:
– Çayın var sənün?
– Var-var! – Dilarə həvəslə dilləndi. – Əlbəttə, bu saat!
Mən qapıya söykənib bayaqdan onları seyr edirdim. Azər Dilarə ilə danışsa da bir gözü məndə idi. Mənə baxa-baxa ona müraciətlə:
– Bir çay süzginən, qardaşın yoldan gəlib, sənin şərəfinə çayımızı şirin edək, – dedi.
Dilarə mətbəxə keçən kimi o, mənə doğru gəldi. Ürəyimin çırpıntısı daha da artdı. Həyəcanım ölçüyə gəlmədi. İki il əvvəl məhz bu evdə onunla üz-üzə gəldiyim gün keçirdiyim hisslər bu gün də eyni idi, heç dəyişməmişdi.
Azər gələn olmadığına əmin olandan sonra məni yüngülcə özünə sıxıb üzümdən öpdü:
– Necəsən?
Gözlərimi gözlərindən çəkmədən məsud ifadə ilə cavab verdim:
– Səni gördümsə, deməli, yaxşı sayılıram.
– Ürəyimi oxuyursan a, xanım qız! – deyə gözləri təbəssümlə qıyıldı. İkinci öpüşü tez-tələsik dodaqlarıma qondurub, dərhal arabaya yaxınlaşdı. Arazı arabasından götürdü. Və həmişəki kimi onu dindirib, məzəli-məzəli:
– Eyibdür, ala, eyübdür, yekə oğlansan, adam da atasını belə qarşılayar? – deyə uşağı öpüb, onu tək əli üstündə havaya, başının üzərinə qaldırdı. Bu vəziyyətdə bir xeyli saxladı. Amma sakit də dayanmadı. Uşağın qarnını bütünlüklə qucmuş barmaqları ilə onu qıdıqlayıb güldürməyə başladı. Hər iki yumruğunu ağzına salıb adəti üzrə şirin-şirin sovuran Araz bu həmlədən qığıldayıb güldükcə özünü yığıb ikiqat qalırdı.
Mən isə hər dəfəsində diksinib əlimi dodaqlarıma aparırdım. Azərin uşağı əlindən salacağı qorxusu məni təlaşlandırırdı. Həyəcanımı görən Azər gözünü Arazdan ayırmadan:
– Narahat olma, əmin əllərdədir, – deyə mənə eşitdirdi.
Bu vaxt əlində məcməyi salona gələn Dilarə mat-məəttəl güldü. Bir gözü Azərgildə çayları süfrəyə düzməyə başladı. Onun ardınca içəri daxil olan Səadət xalanı isə gördüyü mənzərədən təlaş sardı:
– Amandır, oğlum!
Azər yalnız bundan sonra Arazı yerə endirdi, Dilarəyə verdi.
– Ekstrimi sevir bu oğlan, vərdişkardır.
– Yox-yox, qətiyyən. Körpə ilə zarafat olmaz, balamsan. – Arazı Dilarədən alıb oxşayıb əzizləyə-əzizləyə salonu tərk elədi.
Dilarə dərhal keçib Azərin yanında əyləşdi. Başını onun çiyninə qoydu:
– Qaqaş, ay qaqaş…
Azər çaydan bir qurtum alıb, dilləndi:
– Eşidirəm.
Dilarə ondan xəbərsiz mənə göz vurub uşaq sayağı bir səslə Azərin könlünü ələ almağa çalışdı.
– Səndən bir xahişim var. Amma, bax, sözümü yerə salma da.
– Baxır nə xahişdir? – Azər ciddi səslə dedi.
Dilarə fürsəti əldən verməyib dərhal dilləndi:
– Qalın da bu gün bizdə, nə olar ki. Arazı doyunca oynadım. Bacımla doyunca söhbət edim. Xahiş edirəm.
Azərin səsi çıxmadı. Dilarə başını qaldırıb şübhə ilə ona baxanda Azərin bütün diqqəti ilə məni süzdüyünü görüb, özündən çıxdı:
– Eyy, sənləyəm mən!
Azər çaşqın nəzərlərlə ona baxdı. Pərt halda rəng verib, rəng alaraq tez-tələsik cavab verdi:
– Başqa bir vaxt.
– Eee, həmişə belə deyirsən. Təxminən nə vaxt?
– Araz böyüsün də bir balaca. Ağlayıb səs-küy salacaq, yaxşı alınmaz.
– Necə? – Dilarə mat-məəttəl güldü. – Bəhanəyə bax da. Əcəb yaxın zaman oldu.
Azər bilmədi nə desin, daha nə bəhanə gətirsin ki, Dilarə onu anlasın. Vəziyyətdən çıxmaq üçün Dilarənin saçlarını qarışdırdı, bic-bic gülümsündü.
Onun bu hərəkəti Dilarəni həmişəki kimi qıcıqlandırıb özündən çıxardı:
– Bəsdir də, gör bir nə hala saldın. – Düzümü pozulmuş saçlarını hirslə yenidən qaydaya salmağa çalışdı.
Azər bunu vecinə almayan bir tövrlə:
– Eybi yoxdur, belə də pis deyil, aldanan onsuz da aldanıb. – deyə Dilarənin nişanlısını nəzərdə tutaraq güləş ifadə ilə ağzını əydi. Çayını içməyə davam etdi.
Mən bu sözə gülməyimi saxlaya bilməyib əlimlə ağzımı qapadım.
– Aaa, belə oldu? – Dilarə tərs-tərs xalası oğlunu süzdü.
– Olmadı, əvvəldən belə idi.
Dilarə deməyə söz tapmayıb acığından Azərin qoluna vurdu. Və gözləmədiyim halda mənə irad tutdu:
– Ağez, sən də gülməkdənsə bu ərivə bir söz deginən də.
Naəlac qalıb Azərə gözümü ağartdım. O isə iradıma cavab olaraq:
– O bilir də mən zarafat edirəm, – dedi.
– Əcəb zarafatdır. – Narazılıqla gülümsündüm.
– Onun məndən inciməyə ixtiyarı yoxdur. Bəlkə düz demirəm? – Qıyğacı baxışlarla Dilarəyə baxdı.
Həqiqətən də çox keçmədən Azər Dilarənin könlünü alıb, onu bağrına basmışdı.
Bu an biri gəlib mənə bu günlərin bizim üçün yaşanan son xoşbəxt günlər olacağını söyləsəydi, inanmazdım. Amma təəssüf ki, doğrudan da belə imiş…
Kazımovun bağ evində
Vüqar ambulator müalicə almaq üçün xəstəxanadan evə buraxılmışdı.
Azər hər gün ona baş çəkməyə gedirdi. Növbəti gün Vüqarın yanından qayıdanda şəhərdə Cəmillə rastlaşdı. Cəmil onu gördüyünə məmnunluq duyaraq:
– Təsadüfə bax da, mən də sənin dalınca gəlmişdim, – dedi, gəlişinin məqsədini açıqladı və dostunu bağa dəvət etdi.
Azər bu dəvəti yarıkönül qarşılayıb, getməkdən boyun qaçırmaq üçün işləri bəhanə gətirsə də Cəmil israr edincə dostunun sözünü yerə sala bilmədi.
– Əminin xasiyyətinə bələdsən də, – Cəmil atası Kazımovu nəzərdə tutdu. – Sonra giley-güzar etməsün. Yola çıxanda mənə Azərsiz gəlmə deyib. Bir də ki, kişi dünyagörmüş adamdır, yaxçı düşünüb də, çoxdandır bir yerə yığılmırıq. Ala, nə qədər iş olacaq ki, bir balaca da özümüzə vaxt ayıraq da. Bəlkə düz demirəm?
Azər dostunun sualına xəfif təbəssümlə cavab verdi. İstəmədiyi halda onunla Şüvəlana – Kazımovun bağ evinə yollandı.
Kazımovla son söhbətdən sonra Azər onunla aşkar surətdə həmsöhbət olmaq istəmir, gen gəzirdi. Bunu Kazımov özü də hiss edir, lakin həyata Azərin baxdığı gözlərlə baxmadığı üçün üzə vurmurdu.
Azər yol boyu bu haqda düşünməkdə idi ki, Cəmilin səsinə fikirdən ayrıldı:
– Nə fikrə getdin, brat?
– Heç, elə-belə. – Azər əsl səbəbi gizlətdi.
– Araz bala necədir?
– Allah razı olsun, pis deyil.
– Allah bütün balaları saxlasun, onlar üçün yaşayırıq da. Onlar olmasa a, bu həyatın nə mənası.
Azər Cəmilin fikri ilə razılaşdığını ifadə edən baxışlarla yola baxa-baxa başını tərpətdi.
Bir qədər sonra bağ evinin darvazası önündə maşından yerə endilər.
Azər ləng bir hərəkətlə maşından enib Cəmildən xeyli arxada könülsüz-könülsüz həyətə daxil oldu.
Ağacların altında naz-nemətlə dolu iri masa açılmışdı. Cəmilin kiçik qardaşı Ramildən başqa anası, həyat yoldaşı və bir yaşlı qızı da daxil olmaqla bütün ailə üzvləri burada idilər.
Kazımov nəvəsi qucağında manqal başında kabab bişirən kababçıya göstərişlər verməkdə idi. Cəmili Azərlə birlikdə gələn görüb kefi kökəldi. Gözlərinin içi gülə-gülə xüsusi təntənə ilə ucadan:
– Bəh- bəh! Görün bir kim gəlib! – dedi. Nəvəsini həyat yoldaşının qucağına verib Azəri qarşılamaq üçün irəli yeridi.
Azər üzünə zorla xoş ifadə verib görüşmək üçün əlini Kazımova uzatdı.
– Yığışdır, ala, əlivi, bu nə rəsmiyyətdir? – Kazımov təbiətinə xas danışıq tərzi ilə gülə-gülə qollarını yana açıb Azərə sarıldı. – Qardaş balası dögül e, oğuldur, oğul! Fəxrimdir!
Azər sıxıla-sıxıla xəfifcə gülümsündü. Sonra Lətafət xanım və gəlini ilə salamlaşdı. Lətafət xanım Azərin valideynlərini xəbər alıb, hal-əhval tutandan sonra:
– Dilbər bacını, gəlin qızımızı da gətirərdin də, oğlum, nə gözəl hamımız bir yerə yığılardıq. Çoxdandır görmürəm, – dedi.
Kazımov bunu duyanda şəstlə əlini xanımına tuşlayıb, Azərə işarə etdi:
– Di cavab verginən.
Azər evdən gəlmədiyini bildirdi. Kazımov bu cavabdan sonra üstüörtülü eyham vurdu.
– Xanım, ağlın bizim dövrə getməsün. Biz bir gün görüşməyəndə nə isə itirmişik sanırdıq. Boğazımızdan su keçməzdi dostlardan biri olmayanda. İndiki gənclər… ehh. İndi nə dostluğun dəyəri qalıb, nə dost sözünün. İnsanlarda bir-birinə qarşı biganəlik, laqeydlik hökm sürür. Bilmək olmur dəyişən zəmanədir, yoxsa insanlar. Sənə bir söz deyim, qardaşoğlu, incimə. – Azərə baxdı. – Qardaşım sənin tayın deyil. O bir başqa aləmdir. Sənün vəfan yoxmuş, a kişi. Heç səni belə bilməzdim. Nə qədər ki, uşaq idin, qapıdan içəri girəndə bir əmi deyib üstümə qaçmağın vardı ki. İndi maşallah başın necə qarışıqdırsa heç yadına da düşmürük.
Azər dodaqlarını bir-birinə sıxıb, başını aşağı saldı.
– Dedim də sənə. – Cəmil güləş ifadə ilə astadan Azərə eşitdirdi. – İndi buyur, dinləginən.
– Qurban… – Lətafət xanım narazılıqla ərini süzdü. – Heç yeridir, aa… Hərədə bir nöqsan axtarırsan. Vərdiş etmisən nədir?
– Başa salıram da, dostluğa, qardaşlığa önəm versünlər. Biz bu dünyanı tutub gedəcəyik bəgəm? Bizdən sonra da bağlı olsunlar bir-birilərinə . Böyükləriyəm də, hər halda onların ziyanına danışmaram. Elə dögül, atam? – Əlini Azərin çiyninə qoydu.
Azər başını yüngülcə tərpətdi. Ürəyində isə burada nə gəzdiyi üçün özünü bir xeyli söyüb, qınadı.
– Buyur, ürəyin istəyən yerdən əyləş.
Azər masa arxasına keçdi. Kazımov masanın başında, Cəmil dostu ilə üzbəsurət əyləşdilər.
Lətafət xanım çeşid-çeşid yeməkləri süfrəyə düzəndən sonra evə qalxdı. Cəmil qulluq etməyə başladı.
Kazımov Azərə müraciətlə:
– Danış görüm necəsən, işlər necə gedir?
– Pis sayılmaz.
– İzləyirəm hər həftə verilişini. Qürur hissi keçirirəm. Əhsən!
Azər razılıq etdi. Kazımov yeni bir sualla Azərə baxdı.
– Söz gəzir ki, “Reportyor TV” fəaliyyətinə son verir, düz söhbətdür?
Azər bu an danışmaq həvəsində olmasa da nəzakət xətrinə cavab verməyə məcbur oldu.
– Təxribat xarakterli xəbərlərdir bunlar, əhəmiyyət verməyə dəyməz.
Kazımov diqqətlə Azəri süzüb, dedi:
– Əmi sənə bir söz desün, yadından çıxartma, el üçün ağlayan kor qalar. Bunu mən demirəm a, atalarımız deyib. Hərdən bir özünü də düşün. Bu dünya onsuz da düzələn deyil. Özüvü oda-közə vurmağa dəyməz. Öz çərxi ilə fırlanır ruzigar, sən istədin, ya istəmədin.
Azər bu sözləri üzündə istehzalı bir təbəssümlə qarşıladı.
Bu vaxt kababçı əlində şiş kababla masaya yaxınlaşdı. Kazımovun işarəsi ilə qulluğa başladı.
Kazımov Azərin qədəhinə içki süzmək istəyəndə Azər əli ilə qədəhin ağzını qapadı:
– Sizə qoşula bilməyəcəm, üzrlü sayın.
Kazımovun ifadəsi dəyişdi.
– Burada kənar adam yoxdur və bu gün buna mən izn verirəm. Kef elə.
Azər fikrini dəyişmədi. Kazımov məzəmmətlə onu süzdü:
– Xətrimə dəyməyə davam edirsən, qardaşoğlu. Vururam hesaba.
– Qətiyyən belə düşünmə. Özümü yaxşı hiss eləmirəm, bu səbəbdən.
– Deməli, lazımdır da. İçmək üçün bir səbəb var.
– İncimə, əmi. Heç o halda deyiləm. Həqiqətən. – Azər bu arada onun nimçəsinə şişdən kabab sıyırıb çəkməyə davam edən kababçıya əlinin bir həmləsi ilə mane olub: – Bəs edər, – dedi.
Kazımov bunu gördüyü üçün narazılıqla:
– Eee, olmadı da bu səninki, qardaş balası. Yemirsən, içmirsən, – dedi, başını buladı.
Azər deməyə söz tapmayıb Cəmilə baxdı. Cəmil:
– Bax, burda atama haqq verməli olacam, dost, incimə, – dedi.
Bu məqamda Kazımov qədəhini qaldırıb barmağının işarəsi ilə Azərə onu dinləməyi bildirdi. Xüsusi ahəng və pafosla:
– Üç günlük ömründə iç yaqut şərab,
Ömür dönməz geri, çəkmə iztirab.
Görürsən ki, dünya hey xarablaşır,
Sən də gecə–gündüz mey iç, ol xərab.
Cəmil Azərə göz vurub, gülümsündü. Kazımov incik tərzdə:
– Görürsən də, Ömər Xəyyam da mən fikirdə olub. Sən isə məni dinləmirsən.
Azər narazılıqla gülümsünüb, başını buladı.
Söhbət əsnasında Kazımov sözü qərəzli şəkildə Nadirdən saldı:
– Qayınatanı gördüm ötən günlərin birində. Bilirsən də, məxsusi hörmətim var ona. Nadir yaxçı oğlandır. Qohumcanlıdır. Belə kişi ilə qohum olmaq hər adama nəsib olmur a. Əminəm ki, sənə çox köməyi toxunur. O qədər mərdimazar var ki.
Azər zəndlə Kazımova baxdı. Və onun gözləmədiyi şəkildə:
– Yüksək insani keyfiyyətləri olduğu mənə də məlumdur. Əsas odur ki, çürük insan deyil, Allah canını sağ eləsün. Lakin mənim qayınata dəstəyinə, himayəsinə heç bir şəkildə ehtiyacım yoxdur, əmi, çünki mən qayınata şotuna yaşamağı özümçün şərəf saymıram. Onunla qohum olmazdan əvvəl də Ənvər kişinin oğlu idim, indi də Ənvər kişinin oğluyam. Yəni dəyişən heç nə yoxdur, – dedi.
Söz Kazımovu tutdu. Sarı bənizi qızarıb bozararaq min rəngə çaldı. O, bu günlərə yüksək vəzifə sahibi olan qayınatasının sayəsində gəldiyi üçün Azərin nəyə işarə vurduğunu göydə tutdu. Bununla belə, özünü toplamağı bacardı. Özünü sındırmayıb sözlər ona ləzzət edibmiş kimi gümrah səslə ürəkdən güldü. Top kimi yuvarlaq qarnı qalxıb-endi, yırğalandı. Qədəhini Azərin masada hələ də boş duran qədəhinə vurub:
– Əhsən, qardaşoğlu! Bax belə də cavab gözləyirdim səndən. Halal olsun sənə qardaşımın çəkdiyi zəhmət! Gözümdə daha da ucaldın.
Azər Kazımovun gözlərinin içinə şax baxaraq eyhamla gülümsündü:
– Həqiqət belədir.
Cəmil altdan-altdan iradla atasına baxdı. Onun yerinə özü sıxılıb, xəcalət hissi ilə rəng verib, rəng aldı.
Daxilən sözlər onu xəncər kimi doğrasa da Kazımov zahirdə kefi kökəlibmiş kimi göründü.
Azər Kazımovdan xəlvət barmaqlarını dodaqlarının üstündə cütləyib işarə ilə Cəmilə siqaret çəkmək istədiyini bildirdi. Və icazə istəyib masadan qalxdı. Əslində Kazımovun çənəsinin altından çıxmaq, onun atmacalı sözlərini duymamaq üçün bu bir bəhanə idi.
Cəmil də onunla eyni anda masadan qalxdı. Lakin bu anda atasının üzündəki qəzəbli ifadəni görmədi. Azərin sərt cavabı, ondan gözləmədiyi sərt reaksiyası Kazımovun yatmış qəzəbini bir anda oyatmışdı. Özünü zorla ələ alırdı. Qanlı-qanlı onun arxasınca baxaraq:
– Yaxçı, küçük! Bu sözləri sənə yedirəcəyim günə bir şey qalmayıb! – deyə ürəyindən keçirdi. Düyünlənən yumruğu hiddətlə sıxılıb-açıldı.
(Ardı var)