Hikmət Nazim
Azərbaycan elə ölkədir ki, burada tənqidçinin tənqid hədəfi olması bir göz qırpımında baş verir. Gözünü açıb-yumursan ki, seksistləri top atəşinə tutan şəxs özü cinsi ayrı-seçkiliklə məşğul olur, homofobları qınayan şəxs özü eyni ritorikadan istifadə edir. Yəni burada sabah kimin nə cür insan olacağını təxmin etmək müşkül məsələdir, çünki adamlar başqasına məsləhət bildiyini özünə rəva görmür; ya vəlvələdən, ya zəlzələdən yazdıqları statusun, yazının “qəhrəmanına” çevrilirlər.
Eləcə də bu gün Azərbaycan teleməkanında yayımlanan “bayağı” deyə qiymətləndirilmiş verilişləri uşaqdan-böyüyə hamı tənqid edir. Tənqid edə-edə də sanki qarşısına “hər gün bu saatda erkan başında olacaqsan” deyə öhdəlik qoyulmuş kimi izləyir. İzləyənləri hardasa başa düşmək olar. Əvvəlki yazılarımda dediyim kimi, texnologiya inkişaf etməkdə olsa da, bəziləri bu inkişafla ayaqlaşa bilmir, müasir dünyadan geri qalırlar. Yəni kompüteri, müasir telefonları biri işlədə bilir, on beşi işlədə bilmir.
Yazımda haqqında söz açmaq niyyətində olduğum adamlar isə o adamlardır ki, əlində hər cür alternativi ola-ola axşam mazoxistcə televiziya verilişlərinə baxıb əsəbləşir, yaxud hansısa qonağın sözünə, yanaşmasına gülür, səhər də bir telefon zəngi və ya vatsap mesajına eyni adamın durumuna düşürlər. Yəni bəyənməyə-bəyənməyə baxdığı verilişin ələ saldığı qonağının yerində oturmağa razı olurlar.
Axşam hansısa qonağın qarasınca yağdırdıqları söyüşlər, atmacalar yaddan çıxır, onlar da eyni qaydada kütləyə xitab etməyə çalışırlar. Yuxarıda dediyim fikrə qayıdıram, beləcə-beləcə öz yazılarının, statuslarının “qəhrəmanına”, daha doğrusu, qurbanına çevrilirlər. Status müəlliflərini ona görə vurğuladım ki, bu gün şəxsi profillərdə paylaşılan yarım səhifəlik paylaşımlar saytlarda yayımlanan palaz-palaz yazılardan daha çox oxunur, paylaşılır.
Televiziyaların verilişə dəvət elədiyi bu cür intellektual görünməyə meyilli tiplər uzağı bir verilişdə kim olduqlarını bəlli edirlər; bu da ondan irəli gəlir ki, kamera önündə danışmaq klaviatura arxasında tuşları döyəcləməklə eyni şey deyil. Monitorun o üzündə özünüzü istənilən şəkildə kamufulyaj edə bilərsiniz, ağzınızı açıb danışanda tanıyacaqlar.
Bu cür insanları efirə çağırmaq, təbii ki, televiziya kanallarının səhvidir. Ola bilsin, onlar bunu uzaqdan baxıb danışan, ömrü boyu televiziya üzü görməyən – səndən, məndən daha yaxşı bilirlər. Hətta daha yaxşı bildiklərinə adım kimi əminəm. Di gəl, neyləsinlər ki, şou yaratmaq lazımdır. Neyləsinlər ki, kimsə kiminsə sözünü kəsəndə, kimsə kiməsə yüngülvari də olsa hədyan deyəndə verilişin reytinqi qalxır.
Üstəlik, bu günə qədər bu yolla nə qədər insan məşhurlaşdı, iş tapdı, indi də ailə saxlayır. Məsələyə bu cür baxanda vəziyyət o qədər də pis deyil. Efir qaydaları pozulsa da, bu şouların vasitəsilə kimlərsə məşhurlaşıb əlini çörəyə çatdıra bilirsə, prodüserlərin, aparıcıların günahından keçmək olar.
***
Bir neçə gün qabaq bir dostumuz şəxsi “Feysbuk” profilində efirlərdən yığılmayan sosial şəbəkə fenomenlərinə belə bir sual ünvanlamışdı: “Dostlar, inciməyin, amma bu “El bizim-sirr bizim” verilişində bayağı mövzularda ciddi-ciddi danışırsız e, hər dəfə baxanda gic gülmək tutur məni. Siz Allah, nə ağılla çıxırsız o verilişə?”
Bu sualın cavabı çox sadədir: televiziyada görünmək ehtirası.
Elədir ki var. Ölkənin ziyalısından tutmuş çobanına qədər hər kəsdə televiziyaya çıxmaq istəyi var. Danışa bilən də, danışa bilməyən də, bir balaca savadı olan da, olmayan da efirdə fikir söyləmək ehtiyacı hiss edir. Bunu görən prodüserlər, türklər demiş, “krizi” fürsətə çevirirlər.
Başına gələn başmaqçı olar. Gəlməsə, bu qədər əminliklə danışmaram.
…Onda ANS televiziyası bağlanmamışdı. Bakıda idim. Dostum dedi məni “Beş barmaq” verilişinə dəvət ediblər, sən də gəl, qonaq çatışmazlığı var. Mövzunu soruşdum, bu barədə studiyada məlumat veriləcəyini bildirdi. İndikindən fərqli olaraq o vaxtlar şeir yazırdım. Bir az tərəddüd eləsəm də, dostumun yazı-pozu adamı olduğunu düşünüb “yəqin mövzu da bizə uyğun olar” deyə razılıq verdim. Axı o verilişə bütün kəndimiz baxacaqdı…
Studiyaya çatanda öyrəndim ki, sığorta haqqında danışacağıq. Hərçənd burdan o yana heç nə yazmasam da olar, amma bunu xüsusi olaraq deməliyəm: o gün studiyadakı çıxışımla özümü o təhər biabır elədim ki, studiyadan çıxanda kəndə qayıtmağa ürək eləmirdim. Elə bilirdim üzümü danlayacaqlar. Demə, söhbətin nədən getdiyinin fərqində belə olmayıblar, sadəcə məni görüb seviniblər.
Çox zaman belə olur: dost-tanış tərifləyir, qarşısındakı da buna inanıb özünü təkrar-təkrar biabır edir. Məsələ biabır olmaqda deyil, bunun fərqində olmamaqdadır. Təəssüf ki, bu gün efirlərdə “bayağı” mövzularda anadil kimi ötən adamlar elə tamaşaçıları kimi bunun fərqində deyillər. Eləcə də eyni mövzuda danışmağa çalışıb sözü kəsilənlər, aparıcı tərəfindən üzü danlananlar…
Efirlər o zaman düzələcək ki, sözü kəsiləndə buna etiraz edəcək, aparıcı tərəfindən üzü danlananda verilişi tərk edəcək cəsarətdə adamlar dəvət olunacaq. Bir də… efirlər o zaman düzələcək ki, nə danışdığının, nə danışıldığının fərqində olan – məsuliyyətli adamlar dəvət olunacaq. Əks təqdirdə efirə çıxanların ağzına gələni danışdığını görən hər kəs buna can atacaq.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?